Multimədəniyyət: ədəbiyatımızda
dünyaya
inteqrasiya və sivilizasiyalararası dialoq
Qlobal kulturoloji tələbat
Yaşadığımız
yeni yüzillik Azərbaycan ədəbiyyatının
çağdaş mürəkkəb proseslərini dəyərləndirərkən,
uğurlu və problemli tərəflərini qiymətləndirərkən,
dünya ədəbi-bədii söz sənətinin
çağımızdakı tələblərindən ortaya
çıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji
standartlarından - kulturoloji qəliblərdən yararlanmaq
mütləq lazım gəlir: yoxsa qloballaşan, inteqrasiyaya məruz
qalan planetar düşüncənin səviyyəsindən,
kulturoloji-mədəni hadisələrin inkisafından geri
qalacaq, milli ədəbiyyatımızın
gedişatını, istiqamətini yanlış səmtə
yönəldəcəyik. Bu mənada çağdaş ədəbiyyat
hadisələrinin arasında elə nümunələri
seçib qiymətləndirmək lazımdır ki, o,
yalnız milli estetik-bədii düşüncə məhsulu
olaraq dəyər kəsb etməsin, əksinə, həm də
dünya mədəniyyətinə, günümüzün bədii
söz sənətinə yeniliklər qatsın, keyfiyyət və
kəmiyyət dəyişikliklərinə aparıb
çıxartsın, qlobal kulturoloji tələbata çevrilsin.
Son illər yaranan ədəbiyyat nümunələrinə,
bir-birindən maraqlı əsərlərə diqqət
ayıran araşdırıcılar, sözsüz, sıravi qələm
adamlarını deyil, peşəkar yazarların
yaradıcılığına daha çox diqqət
ayırırlar ki, bu hal da anlaşılandır. Biz qapalı - rusdilli mədəni
mühitdən qurtulub, dunya miqyaslı kulturoloji meydana qədəm
qoyanda, elə ədəbi-bədii nümunələrlə, sənət
hadisələri ilə çıxış etməliyik ki, elə
ilk addımımızdan mədəniyyətimizi, ədəbiyyatımızı,
humanitar-yaradıcı düşüncəmizi tanıtmaq əvəzinə,
"qara siyahı"ya düşüb,
özümüzü "yandırmayaq"...
Bu
baxımdan çağdaş Azərbaycan ədəbi-bədii
düşüncəsində özünəməxsus yeri ilə
seçilən, hər yeni əsəri ilə peşəkar
filoloqlardan tutmuş, adi oxuculara qədər ölkə
ictimaiyyətinin müxtəlif təbəqələrini
yaradıcılıq uğurlarıyla maraqlandırmağı
bacaran, tənqidçilər, mədəniyyət
yazarları, filoloqların bilimsal müzakirələrinə rəvac
verən, əsərləri respublikamızın müxtəlif
ali təhsil ocaqlarının ədəbiyyat proqramlarına
daxil edilən, bir sözlə, fərqli dəst-xəttilə
yaşıdlarından seçilən istedadlı
yazıçı-dramaturq, publisist-naşir, tərcüməçi
Elçin Hüseynbəylinin bir sıra romanlarını
nümunə kimi araşdırmaya cəlb etmək tədqiqatçıya
xüsusi filoloji zövq verir.
Elçin Hüseynbəylinin yaradıcılıq
uğuru sayılan "On üçüncü Həvari - 141-ci
Don Juan" roman-ekskursu ətrafında düşüncələri
bölüşmək üçün ənənəvi ədəbi-tənqidi
metodlardan yararlanmaq lazımi effekti vermədiyinə görə
tədqiqatçıya daha geniş imkanlar verən
kulturoloji-estetik düşüncə texnologiyalardan bəhrələnmək
vacibdir ki, həm bu maraqlı, oxunaqlı bədii nəsr əsəri,
həm də çağımızın ədəbi-fəlsəfi
problemləri haqqında fikirləri bölüşmək asan
olsun.
Əslində,
bu, bir yaradıcı intellektual olaraq E.Hüseynbəylinin sənət
uğurudur ki, qələmə aldığı hər bir əsər,
sadəcə, sükutlə qarşılanmır, əksinə,
dövrün bir çox ciddi problemlərinin
araşdırılması üçün ictimai-mədəni
polemikalara təkan verir...
Multimədəniyyət - multiədəbiyyat,
yaxud qloballaşmanın poetikası
Hər
çağın öz dəbləri olur: bir müddət
özünə ictimai şüurda yer edən bu ümumilik
istər geyimdə, istər estetik düşüncədə,
istərsə də mədəniyyət və ədəbiyyatda
öz diktəsini yeridir. Başqa sahələrlə işimiz
yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin
estetik-kulturoloji dəbləri barədə bilgilər,
düşünürük ki, Azərbaycanın
yaradıcı intellektuallarını da
düşündürməli, çağın tələblərinə
uyğun ədəbi-mədəni nümunələr
yaratmağa həvəsləndirməlidir...
Məşhur
oxşatma var: tarlada yalnız lalələr gül açsa,
başqa çiçəklər olmasa, çöl gözəl
görünərmi? Bir ağızdan cavab vermək
mümkündür ki, yox! Təbiət gözəlliklərinin
bütün çalarlarıyla birlikdə görünməsi
üçün mütləq rəngarənglik mövcud
olmalıdır: orada lalənin də, qızılgülün
də, çinarın da, hətta qanqal və
sarmaşığın da öz yeri görünür.
Əgər özündə varolmanın bütün incəliklərini
gizlədən bu sadə fəlsəfəni estetik-bədii
texnologiyaya çevirsək və ondan multimədəniyyət
- multiədəbiyyat anlayışlarının izahı kimi
istifadə etsək, əlavə şərhlərə ehtiyac
qalmaz.
Son illər dünya estetik-kulturoloji məkanında səs
çıxarmış sənət nümunələrinə
diqqətlə nəzər salanda, maraqlı müşahidələr
əldə etmiş oluruq. Kulturoloqların,
filosofların, filoloqların, ən çox da mədəniyyət
yazarlarının - humanitaryönümlü jurnalistlərin həvəslə
ictimai düşüncəyə gətirdikləri yeni
anlayışlar məhz multimədəniyyət, multisənət,
multiədəbiyyat ifadələridir. Qloballaşan
dünyada müxtəlif mədəniyyətlərin, fərqli
millətlərin, yad xalqların, hətta bir-birinə rəqib
- uzaq sivilizasiyaların ən dəyərli tərəflərindən
bəhrələnərək yaradılmış ədəbi-mədəni
sənət əsərləri multimədəniyyət - multimədəniyyət
məhsulları sayılır.
Sözsüz,
bəşər sivilizasiyası tarixində müxtəlif
xalqların bir-birinin mədəni-estetik düşüncə
texnologiyalarından - mədəniyyətlərindən, ədəbiyyatlarından
bəhrələnməsi, yaxud sintez formasında Şərq və
Qərb yaradıcılıq poetikalarının birləşdirməsi
hadisələrinə aid minlərlə misal göstərmək
mümkündür: dahi alman mütəfəkkiri
İ.Hötenin "Şərq-Qərb" divanını,
yaxud böyük Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"
operasını yada salmaq kifayətdir. Fəqət bizim
haqqında məlumat verdiyimiz multimədəniyyət - multiədəbiyyat
anlayışları daha geniş kulturoloji prosesləri
özündə ehtiva edir ki, onu da, əslində,
dövrün estetik dəbindən çox, bəşər
sivilizasiyasının indiyə qədər
qazandıqlarının inkişaf etdirilərək yeni mərhələyə
çevrilməsi - qlobal ictimai-mədəni hadisə kimi dəyərləndirmək,
qəbul etmək vacibdir.
Qloballaşan
dünyada özündə mədəniyyətlərin
inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli
tərəflərini cəmləyən estetik-ədəbi
nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə
çatdırmaq işində yaradıcı intellektuallara
elmi-texniki tərəqqinin son nailiyyətləri -
yazılı və elektron KİV, İnternet, elektron informasiya
daşıyıcıları, mobil rabitə vasitələri
böyük yardımçı olur. ABŞ-da yaşayan
soydaşlarının həyatından yazan yapon
yazarının romanını, yaxud da İstanbulda sərgisi
açılmış Azərbaycan rəssamının
yaradıcılıq uğurları barədə
dünyanın hər yerində yaşayan insanlar sürətlə
xəbər tuturlar: yetər ki, maraq və həvəs olsun.
Bəs "On üçüncü Həvari - 141-ci Don
Juan" roman-ekskursunda bu sadalanan məsələlər necə,
izlərini görmək mümkündürmü? Gəlin, əsərin ilkin
qatına nəzər yetirək: elə ilk səhifələrindəcə
Şərq və Qərb dünyasının paralel müqayisəsini,
bir-birindən fərqlənən, eyni zamanda biri digərini
tamamlayan bu sivilizasiyaların arasında sıxılan
bütöv Azərbaycan məsələsində
yazıçı çox polemik, maraqlı nəticə,
mülahizələr irəli sürür. Ola bilsin ki, bu, təhtəlşüurdan
irəli gələn fikirlərdir, bəlkə də bizim əsərin
alt qatından çıxartdığımız qənaətlərimiz
kimi də qəbul etmək mümkündür: bir sıra
tarixçilərin, alimlərin irəli sürdüyü elmi
nəticələrə rəğmən, o taylı, bu
taylı Azərbaycan 1813-1828-ci illər Rusiya-İran
arasında bağlanan məşhur bölüşmə
müqavilələrindən sonrakı proseslərin məntiqi
sonu kimi deyil, yəni Mirzə Fətəli Axundovdan üzü
bu yana, maarifçilərin apardığı ictimai-mədəni
hərəkat nəticəsində Avropaya istiqamətlənməyib,
əksinə, Xətainin dövründən üzü bəri
Qərb dünyasının bir parçasına çevrilməyə
başlayıb. Romanda bu mürəkkəb
prosesin başlanğıcı oxunaqlı formada izlənilir.
Müəllif özü tarixi qəhrəmanın səfərinin
marşrutu ilə demək olar ki, üst-üstə
düşən bir məsafəni qət edir və romanda
tarixiliklə çağdaşlığın vəhdəti
kimi paralel olaraq hər iki "yürüşü" oxucuya
nəql etməklə həm çağdaş, həm də
sırf tarixi roman texnologiyasının ortaq sintezini yaradır.
Bakı-Lənkəran-Astara-Ərdəbil-Təbriz-Zəncan-İsfahan-Kaşan-Qum-Qəzvin-Rəşt-Ənzəli-Astara-Lənkəran-Bakı-Paris-Madrid-Valyadolid-Valensiya-Madrid-Paris-Bakı
marşrutu əslində Azərbaycanın Avropaya
qovuşduğu uzun, böyük yoldur: qərbləşmək
üçün biz İrandan bir neçə əsrlik
"ayrıldıq", Səfəvilər İmperiyası
yaratdıq, xaçpərəstlərin təsiri ilə
Osmanlı dövləti ilə mübarizə apararaq Şərqi
zəiflətdik, xanlıqlara bölündük, Güney,
Quzey, Qərbi (indiki Dərbənd, Borçalı, İrəvan,
Anadolu, Türkman və b. torpaqlarımız) Azərbaycana
parçalandıq, bir hissəmiz çar Rusiyanın əsarəti
altına düşdük, bir tərəfimiz İrana, digər
bölümlərimiz isə Ermənistana, Gürcüstana,
İraqa peşkəş edildik, daha sonra sovetləşməli,
sonda isə şimal tərəfimiz dövlət müstəqilliyini
əldə edərək Avropa Şurasına daxil oldu.
Romanın əvvəlindəki Şərq mistisizmi,
etnoqrafik rəngarənglik əsərin sonunda Avropa
rasionallığı, Qərb multimədəniyyəti ilə
əvəzlənir. Yazıçı həm İslam, həm də
xaçpərəst dini bilikləri, həm Azərbaycan -
İran, həm də Avropa - İspaniya tarixini dərindən
bildiyini tarixi və müasir ictimai-siyasi hadisələrə,
mənəvi-milli proseslərə qlobal ponoramatik
baxışlarını əsərdə əks etdirməklə
sübut edir. Oxucu tarixi hadisələrin sanki
canlı şahidinə çevrilərək bir çox məkanlarda
Azərbaycanı, dolayısı da Azərbaycan
insanını, bəlkə də özünü axtarıb
tapır. Ən yeni ədəbiyyatımızın
azarına çevrilmiş sözbazlıq, dil oyunları ilə
məşğul olan bəzi yazarlarımıza rəğmən
müəllif özü də qeyd edir: "Professoru dinlədikcə,
onun orta əsr saray dilinin xeyli çağdaş olduğunu
düşündüm. Amma qınanılası
da deyildi. Üstündən əsrlər
keçdikdən sonra əcdadlarımızın necə
danışdığını təsəvvür və təkrar
eləmək çətin idi. Mən buna
o zaman da, ondan sonra da çox çalışdım. Nəhayət, anladım ki, mənim
üçün ən əsası düşüncədir.
Həmin insanların düşüncəsi, məişəti,
yaşam tərzi, ruhu. Ruha qovuşmaq gözəldir...". Bu cür dil rəvanlığı,
sadəliyi 370 səhifəlik romanı XXI əsrin - sürətli
zəmanənin oxucularını usanmadan həvəslə
oxumasına stimul yaradır.
Multiədəbiyyat - ədəbi-bədii
dəb
və ya yeni estetik dünyagörüşü?
Multimədəniyyət
- multiədəbiyyat hadisəsi müxtəlif dəyərlərdən
yeni, daha qiymətli dəyər yaratmaq texnologiyasıdır:
bu, gündəlik tələbat mallarından tutmuş, ədəbiyyat
və mədəniyyət nümunələrinə kimi hər
şeyi özündə birləşdirən bir mürəkkəb
prosesdir. Məsələn, hər hansı bir azərbaycanlı
ana dilində əsər yaradır, onu Çində istehsal
edilmiş kompüterdəki Amerika proqram təminatı məhsulunda
latın şriftləri ilə yığır, ingiliscəyə
çevirir, Rusiya İnternet resurslarındakı fərdi
saytında yerləşdirir: əgər həmin şəxs
yaratdığı dəyərli ədəbi-bədii
nümunəni dünya oxucusuna çatdırmaq fikrinə
düşübsə, o, yalnız Azərbaycan insanını
düşündürən məsələlərə
toxunmamalıdır, əksinə, planetimizin bütün sakinlərini
narahat edən, özü də çoxları tərəfindən
rahatlıqla qavranılan problemləri qabartmalıdır. Son illərin düşüncə - əksetdirmə
dəbinə çevrilmiş və get-gedə də
mövqeyini möhkəmləndirməkdə olan multimədəniyyət
- multiədəbiyyat texnologiyasının poetikası bunu tələb
edir.
Əlbəttə, multimədəniyyəti qloballaşmanın
ideologiyası, yaxud kütləvi mədəniyyətin yeni
forması kimi də qəbul etmək olar, amma geniş mənada
o, planetar düşüncənin ən maraqlı istiqaməti,
çağımızın dəbdə olan kulturoloji qatı
sayıla bilər. Onsuz da bütün dövrlərdə ictimai-estetik
düşüncənin elitar, ortabab və diletant nümunələri
yaranıb: qlobal hadisə sayılan multimədəniyyətin
- multiədəbiyyatın da kütləyə, ciddi sənətə
və əbədiyyətə ünvanlanmış məhsullar
ortaya çıxarar...
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin
"On üçüncü Həvari - 141-ci Don Juan"
romanı-ekskursu bu baxımdan ilk çağdaş
"milli" multimədəniyyət - multiədəbiyyat
nümunəsi saymaq olar. Sonda fikirlərimizi daha geniş ifadə edəndə bu
mülahizəmizin arxasında hansı məntiqin durduğu -
nə demək istədiyimiz aydınlaşacaq...
Maraqlıdır,
E.Hüseynbəyli nə italyan intellektual
yazıçısı Umberto Eko (Qızılgülün
adı, "Saatsaz Fuko"), yaxud türk nobelçisi Orxan
Pamuk ("Qara kitab", "Mənim adım
Qırmızıdır") kimi yüksək sənət -
estetik zövqə malik ədəbiyyatsevərlərə
ünvanlanmış intellektual postmodern roman, nə də
braziliyalı bellestrik nasir Poelo Kualo ("Kimyagər",
"Zair"), ya da dəbdə olan ingilis yazarı Den Braun
("Da Vinçinin kodları") kimi orta səviyyəli
oxucular üçün nəzərdə tutulmuş art-modern
macəra əsərlər formasında deyil, məhz
onların ortaq dəyərlərini, eyni zamanda Şərq ədəbiyyatının
və Qərb romanının poetik-kulturoloji
texnologiyalarının sintezini yaradaraq əsl multiədəbiyyat
nümunəsini ortaya qoya bilmişdir. Əslində, bu
romanı sevgi, tarixi, modern, postmodern, sərgüzəşt, səyahət,
etnoqrafik, sənədli, neomemuar və s. janrlı əsərlərin
həvəskarları eyni maraqla mütaliə edə bilərlər.
Müəllif sözün yaxşı mənasında,
ustalıqla hər cür oxucunun mütaliə həvəsini
bu romana yönəldə bilir, hamını "aldadaraq"
ciddi bir əsərə dövrümüzün bütün sənət
dəblərindən estetik-poetik "don" geydirə bilir.
Şərq - sufi fəlsəfəsi, tarixin sirləri, səyahət
- səfər sərgüzəştləri, Güney Azərbaycan
etno-mədəni dəyərləri, Avropa saray intriqaları,
"Don Juanlıq" sirləri, İspaniya mədəniyyəti,
sivilizasiyaların toqquşması, Qərb incəsənəti,
qadın-kişi münasibətlərinin psixoloji tərəfləri,
insani münasibətlər, daha başqa mətləblər əsərin
iki qəhrəmanı - Oruc bəy və müəllif tərəfindən
intellektual süzgəcdən keçirilir...
İnteqrasiya çağının ədəbiyyatı
Dünya
kulturoloji-fəlsəfi çevrələrində
yaşadığımız çağ müxtəlif
xalqların və fərqli mədəniyyətlərin,
başqa sözlə, İslam, xristian, yəhudi, buddizm - Asiya,
Şərq, türk, Avropa, Amerika, ərəb, Afrika
sivilizasiyalarının inteqrasiyası dövrü kimi şərh
olunmağa başlanıb. Ayrı-ayrı sahələrin
mütəxəssislərinin, dünyanın aparıcı
intellektuallarının, yaradıcı şəxslərinin,
müxtəlif nüfuzlu düşüncə
adamlarının fərqli - rəngarəng sivilizasiyaların
qaynayıb-qarışdığı mərhələ kimi səciyyələndirdikləri
bu dövr artıq özünün çiçəklənmə
mərhələsinə qədəm qoyub. Lokal formatda, yəni ictimai-siyasi, sosial-mədəni,
kulturoloji-fəlsəfi forma şəklində Avropa
Şurası və Avropa Birliyi, bir qədər də poetikləşdirsək,
Avropa Evi ideyası məhz bu baxımdan gerçəkləşdi.
Bir qədər tarixə nəzər salsaq, görərik
ki, imperiya, xilafət, Sovetlər Birliyi, qloballaşma adlanan bu
planetar hadisələrin - beynəlxalq proseslərin indiyə qədər
müxtəlif variantları mövcud olub. Amma dini
basqıların, böyük millətlərin
hökmranlığının, totalitar ideologiyaların məhsulu
sayılan və şəxsiyyətin - fərdin
azadlığından çox, fövqəlgücün diktəsi
ilə gedən bu tipli inteqrasiyalaşma heç də
uzunömürlü olmayıb - bəşəri xarakter
daşımayıb deyə, dünya tarixinin arxivinə
köçüb.
Yaşadığımız
çağlarda dünya ölkələrinin - müxtəlif
xalqların birləşməsinin iki forması
özünü büruzə verməkdədir: Avropanın təklif
etdiyi inteqrasiya və ABŞ-ın ortaya qoyduğu
qloballaşma. Daha çox mənəvi-mədəni dəyərlərə
söykənən birinci forma - müxtəlif mədəniyyətlərə
məxsus fərqli sivilizasiya daşıyıcılarının
qarşılıqlı münasibətlər əsasında
yaxınlaşaraq birləşməsi ideyası öz fəlsəfəsinə
görə daha dayanıqlı, dərin və intellektual
sayılır ki, son nəticədə Avropa Birliyinin
yaradılması, həm də genişlənməsi bunu əyani
sübut edir. Əksinə, iri kapitalın diktəsi,
birqütblü güc mərkəzinin
hökmranlığı və ictimai-siyasi, hüquqi-demokratik
prinsiplərə söykənən, daha liberal proseslər,
geosiyasi çevikliklər tələb edən qloballaşma
prosesi Yaxın Şərqdə, Balkan ölkələrində,
postsovet respublikalarındakı regional münaqişələr
meydana çıxdığına, dünya dövlətlərini
birinci, ikinci və inkişaf etməkdə olan ölkələrə
böldüyünə görə hələ ki uğur
qazanmayıb. Baxmayaraq ki, ikinci format
özünün fəlsəfəsinə görə daha
qlobal, geniş və əhatəli sayılır. Amma son
illərin qlobal maliyyə böhranının nəticələri
də bir daha sübut edir ki, ABŞ-ın təklif etdiyi
variant hələ "kiy" sayılır...
Bayaq qeyd etdiyimiz kimi, bu proseslərin başında həmişə
düşüncə adamları, yaradıcı şəxslər
durub.
Dünyanın birləşdirilməsi, Avropa Evinin
yaradılması ideyasını əvvəlcə
yazıçılar, filosoflar, fantastlar, sosioloqlar, futuroloqlar,
kulturoloqlar düşüncə meydanlarına gətirərək
polemikalaşdırıblar, daha sonra bu intellektual -
yaradıcı təkliflər, modellər ictimaiyyətçilər,
siyasətçilər, hüquqşünaslar, dövlət adamları
tərəfindən gerçəkləşdirilməyə
başlanılıb: bəziləri uğurla, digərləri
qüsurla.
Özünün
coğrafi mövqeyinə, etno-kulturoloji düşüncəsinə,
yaşam tərzinə görə Azərbaycan son beş əsrdə yaradılmasında fəal
iştirak etdiyi Avropa məkanına daxil olan məmləkətlərdən
sayılır. Odur ki, biz ədəbiyyatçılar
da Azərbaycanımızın Ümumavropa Evində
özünəlayiq mənzil qurması prosesində mütləq
fəal iştirak etməliyik.
Bu mənada yazıçı-dramaturq Elçin
Hüseynbəylinin "On üçüncü Həvari -
141-ci Don Juan" romanı qlobal məsələlər barədə
düşünmək, ictimai-kulturoloji polemika aparmaq
üçün maraqlı faktlarla zəngindir. Həmin dəyərli ədəbi-bədii
əsərin filoloji təhlilinə dərindən varmadan, təkcə
onu bildirməyi lazım gördük ki, bu roman inteqrasiya
dövrünün ədəbiyyat nümunəsi kimi milli
söz sənəti tariximizdə artıq öz yerini tutub!
E.Hüseynbəyli
Azərbaycanın Avropaya üz tutduğu çağlarda - 400
il bundan əvvəl baş vermiş tarixi
hadisənin işığında Azərbaycan - Avropa
münasibətlərini milli ədəbiyyata gətirməyə
müvəffəq olur və dünya söz sənətində
yeni tendensiyalara cavab verən bir ədəbi nümunəylə
oxucuları düşünməyə vadar edə bilir. Dövlətçilik tariximizin şərəfli
çağlarında Oruc bəy Bayatın avropalı Don Juana
çevrilməsi labüd idimi?!
Roman müəllifi özü şəxsən əsərini
qəhrəmanının - Oruc bəy Bayatın o zamankı səfər
marşrutu ilə üst-üstə düşən bir səyahətə
çıxaraq (həm də bu paralel yolu öz əsərində
göstərməklə) çağdaş Azərbaycan
ictimaiyyətini illər boyu düşündürən bir
çox problematik-fəlsəfi suallara kulturoloji-ədəbi
cavablar axtarır. Çağdaş Azərbaycan Şərq,
yaxud Qərb, Avropa və ya Asiya ölkəsidir? Bizə Ümumuavropa Evində yer varmı? Tariximizdən necə yararlanmalı və
keçmişimizdən nələri öyrənməliyik?
Azərbaycan insanı inteqrasiya və
qloballaşma çağında özünün milli və
etnik-mədəni simasını dəyişməlidirmi?
Elçin Hüseynbəylinin romanının alt
qatlarında bu kimi cavabı mürəkkəb suallar
çoxdur, hətta oxucuya elə gəlir ki, müəllif bir
çoxlarına cavab da tapıb. Fəqət, bu əsərin,
ümumiyyətlə isə inteqrasiya çağının dəyərli
ədəbiyyat nümunələrinin əsas uğuru
ondadır ki, oxucuya analitik-kulturoloji biliyini artırmaq və
ictimai-mədəni polemikalara qoşulmaq üçün
böyük enerji verir...
Bir
neçə il bundan əvvəl Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
birbaşa iştirakı ilə Beynəlxalq Düma - Qafqaz
Turizm layihəsinə start verilib.
Bəli, dünya turizm sənayesi artıq əyləncə
hadisəsi funksiyasını dəyişərək, qlobal mədəniyyətlərarası
mübadilə - tanışlıq prosesinə çevrilir. Aydın məsələdir
ki, münaqişə bölgəsi sayılan, turizm
infrastrukturları hələ də beynəlxalq
standartlarına cavab verməyən Güney Azərbaycanı
dünyanın müxtəlif ölkələrindən
axışan turistlərdən ötrü sivilizasiyaların
qovuşduğu ecazkar, qədim mədəniyyət məkanı
kimi daha çox maraqlıdır.
Elçin
Hüseynbəylinin roman-ekskursunu - "On üçüncü
Həvari - 141-ci Don Juan" kitabını oxuyandan sonra oxucu
haqlı olaraq düşünür: nə üçün də
Oruc bəy Bayatlı kimi Azərbaycanımızın
keçmişini Avropa və dünya tarixinə calayan hadisələrlə
bağlı qlobal turist marşrutlarını böyük mədəni-biznes
layihəsi şəklində gerçəkləşdirilməsin?
Bununla isə Azərbaycan özünün mədəni sərvətlərini
maddi zənginliyə çevirərək əcnəbi səyahətçilərinin
axışdığı kulturoloji turizm məkanına
çevrilə bilər...
Qayıdaq
ədəbi-filoloji məsələlərə: müasir
dünya bədii söz sənətində gedən prosesləri
izləyən oxucular gözəl bilirlər ki, son illər
yaranan əksər dəyərli əsərlər məhz
millilikdən çox, bəşəri, qlobal əhəmiyyət,
dünyəvi mahiyyət kəsb edir. X.L.Borxes, X.Kortasar,
İ.Brodski, U.Eko, P.Züskind, R.Bax, X.Murakami, O.Pamuk, P.Kuelo,
V.Pelevin və başqa intellektual yazıçıların əsərləri
ilə tanış olmaq kifayət edir ki, ədəbiyyatın
yalnız milli əhəmiyyət
daşımadığını, daha çox bəşəri
məna kəsb etdiyini, xalqlararası yaxınlaşmaya
yardımçı olduğunu, mədəniyyətlər
arasında dialoq, sivilizasiyaların qarşılıqlı bəhrələnməyə
çağırdığını görə bilək. Bu
mənada Elçin Hüseynbəylinin "On
üçüncü Həvari - 141-ci Don Juan"
roman-ekskursunu - qısqanmadan o sıraya daxil edə bilərik...
Aydın Xan ƏBİLOV
Ədəbiyyat qəzeti.- 2022.- 23
aprel.- S.14-15.