"Reallığı dərk eləsək,
daha uğurlu olacağıq"
"Fikir bucağı" layihəsinin
qonağı gənc yazar Ülvi Bahadırdır
- Ülvi bəy, xoş gördük. Gənclər arasında müasir ədəbi, mədəni prosesləri daha yaxından izləyirsiniz. Ümumiyyətlə, ədəbiyyata, incəsənətə marağınız necə yarandı?
- Xoş gördük. Açığı, bu sualın dəqiq cavabı yoxdur. Necə oldu şeir yazmağa başladım? Necə oldu ədəbiyyata, sənətə sevgi yarandı? Bir də ayıldım ki, məktəbli dəftərlərinin arxasına şeirlər yazıram və onlar artıq dəftəri tam tutub. Gedib dərs üçün başqa dəftər alırdım. Ədəbiyyata marağın kökü isə böyük ehtimalla, evimizdəki kitab şkafı olub. Əslində, kitab üçün yox, qab-qacaq üçün idi, 2 rəfinə də kitab yığmışdı anam. Kənd şkafı idi. Divarı oyub düzəltmişdilər. Təbii ki, hamısı kirilcə idi. Mən kirilcəni latınca ilə paralel öyrəndim. Sonra rayon kitabxanası və uzun bir yol. Ədəbiyyat, kino, musiqi zövqümü oyadan, tərpədən anam olub. Onun oxuduqları, dinlədikləri mənim üçün bünövrə olub. Mən də davam etdirmişəm.
- Sanki sizin imzanız bir az kənarda qalıb, belə demək mümkündüsə, müəyyən qruplaşmalardan uzaqsınız. Ancaq istedadınız göz önündədir. Bunu qeyd etməmək olmaz. Ədəbi qruplaşmalar və ədalətsiz yanaşmalar, təqdimatlar haqqında nə deyə bilərsiniz?
- Paytaxtdan uzaqda yaşadığıma görə təqdimatlara gedə bilməmişəm. Açığı, paytaxtda yaşasaydım da getmək istəməzdim. İnkubator kitab təqdimatları çox gülünc görünür. O təqdimatların videoyazısını dalbadal qoysan, şairin, yazıçının adını çəkməsələr bilməzsən ki, ayrı-ayrı adamların təqdimatıdır. Bir qəlib var hazır, hamı gəlir mikrofonu götürüb bəytərifi deyir, vəssalam. Nəyə lazımdır? Eyni adamlar... Eyni simalar... "Gərək gedəsən ki gələlər" prinsipi ilə keçirilən məqsədsiz, amalsız təqdimatlar. Sonra da deyirlər ki, kitaba maraq yoxdur. Var. Gərək yaradıcı adamın özü də maraqlı olsun. Sovet rəsmiyyəti, gülünc, iyrənc ciddiyyət... Azərbaycanda maraqlı qələm adamı barmaqsayıdır. Təkcə şeir yox, dediyim kimi, özü də maraqlı olan. Söhbət qalmaqaldan getmir. Bilirsən, maraqlı adam ağzından çıxan ilk cümlədən bilinir. Bir cümləsi ilə yapışır hulqumundan. Bizdə necədir? Hələ də fotoşopla üzü dağlara şəkil düzəltdirib kitabın arxasına vururlar. Hətta fotoşop olmasa belə, yenə də bayağıdır, dayazdır. Üz qapağının dizaynı çox önəmlidir. Oxucunu çəkməlidir. Təkcə üz qapağı yox, ümumiyyətlə kitabı əlinə alanda onun enerjisini hiss eləməlisən. İlə bir şeir kitabı necə yazırlar, onu mən necə ciddi qəbul eləyim? Problemlər çoxdur. Qruplaşmalar isə hər yerdə olub. Bundan qoxmayaq. Qarşısını almağa yox, doğru istiqamətə yönəltməyə çalışaq. Qruplaşmalar həm də düşüncə fərqliliyidir. Onsuz da nə çəkiriksə, monotonluqdan, birrənglikdən çəkirik. Məqsəd ədəbiyyatdırsa, qruplaşmaların olması mütləqdir, vacibdir. Necə deyərlər, yoxdursa da, yaratmalıyıq.
- Bir az da iddia...
İddiası özündən böyük gənc
"yazar"lara sözünüz. Yaxud bu bir qaydadı, ya
iddialı olmalısan, ya da unudulacaqsan?!
- İddia hər bir yaradıcı insan üçün çox vacibdir. Bəli, istedadsız adamlar da bəzən çox iddialı ola bilər, ancaq bu, iddialı olmağın pis olması demək deyil. İddia yaradıcı insanı diri saxlayır, əgər, doğrudan da, istedadlıdırsa, onu digərlərindən fərqləndirir. İddia yekə-yekə danışmaq deyil. Məsələn, tutarlı bir əsər yazırsan və bununla iddia eləyirsən ki, ədəbiyyatda varsan və olacaqsan. Əsərin sənin iddiandır. İstedadsız adamlar həm də iddiasız şairləri, yazıçıları sevir. "Onun iddiasız şeirlərini çox sevirəm" filan deyirlər. Bu da istedadsızların tələsidir. "Çox sevirəm"lə səni ələ alırlar və səni qeyri-ciddi biri kimi təqdim eləyirlər. Bununla bəslənirlər. Vay o gündən ki, qarşı tərəf də təvazökar ola. Onu cəmiyyətin gözündə bihörmət eləməsələr, əl çəkmirlər. Nə ilə? Təbii ki, "çox sevirəm"lərlə. Cəmiyyətə hər şey pis-yaxşı, xeyir-şər formatında təqdim olunub deyə, insanların da beyni buna uyğunlaşıb. İddia da beynimizin "şər" bölməsində qərarlaşıb. Çünki biz özümüz də xalq olaraq iddiasız olmuşuq həmişə. Müstəmləkə altında yaşadığımıza görə qərarlarımızı həmişə başqaları verib. İddialarımızın çərçivəsini də işğalçı cızıb, "bura qədər iddialı ola bilərsən" deyib, biz də başımız üstümüzdə qalsın deyə, "baş üstə" demişik. Belə formalaşmışıq. Ona görə də iddialı adamlara yekəxana kimi baxırıq. Çünki iddianın əslində nə olduğunu bilmirik. İddiaçı özü də tam olaraq dərk eləmir bunu.
- Bir az da
yaradıcılığınız haqqında danışaq.
Nə yazırsınız, nə oxuyursunuz?
- Hazırda daha çox oxuyuram. Uzun müddətdir ki, bədii ədəbiyyat oxumuram. Gördüm ki, bədii ədəbiyyat mütaliəsi məni digər mövzulardan uzaqlaşdırıb. Açığı, özüm də yoruldum. 3 ildir ki, ancaq fəlsəfə, sosiologiya, psixologiya, antropologiya, paleontologiya və sənətin digər sahələri ilə bağlı kitablar, məqalələr oxuyuram. Xüsusilə də sosiologiya və antropologiya diqqət mərkəzimdədir. Bir də kino və musiqi. Hər yazıçı, şair sosiologiyanı bilməlidir. Yaradıcılıq baxımından, hazırda bir neçə şeir yazmışam. Üzə çıxarmıram. Hekayələr də var, ancaq nəsrə daha həssas yanaşdığıma görə ona hələ var deyə düşünürəm. Belə məqalələr, esselər var. Zamanla üzə çıxacaq.
- Yazmaq üçün hər
hansı bir sistem varmı?
- Konkret
bir sistem yoxdur. Daha çox gecələr
yazıram. Bir də sübh
çağı. Elə olub ki, qəfildən
bir misra ağlıma gəlib, heç yerə yaza bilməmişəm.
Daşla divara cızmışam. Sonra görmüşəm itib-gedib. Belə şeirlərim çoxdur.
- Bir gənc kimi Azərbaycan ədəbiyyatının
bugünkü durumunu necə təsvir edərdin?
-
Maraqlı əsərlər yazılır. İnsanlar
nələrsə eləməyə çalışır.
Təbii ki, mövzu və işləniş
problemləri, zamanla ayaqlaşmaq məsələləri var,
ancaq bu tip problemlər aşağı-yuxarı hər yerdə
var. Nəşriyyat sistemi yoxdur. Nəşriyyat
yazıçısını yetişdirmir. Onsuz da tanınan müəlliflərin
materiallarını çap eləyir. Bu
şəkildə ədəbiyyat inkişaf eləyə bilməz.
Yazıçının məişət
problemi olmamalıdır. O, supulu düşünməməlidir.
Evə çörək almağı filan
düşünməməlidir. Bilirəm,
o dəqiqə neçə əsr əvvəl
yaşamış yazıçını misal çəkib
deyəcəklər ki, filankəs acından ölüb.
Cem Yılmaz demiş, bizdə sənətçinin
sürünməyini istəyirlər. Sanki
bundan həzz alırlar. Sən də
sürün, alçaq. O neçə əsr əvvəl
acından ölən yazıçının ölkəsində
bu gün yazıçılar bəy balası kimi
yaşayır. Niyə onu görmürsən?
Çünki sərf eləmir. "Aclıq"ı yazan Hamsunun ölkəsi bu
gün dünyanın ən xoşbəxt ölkələrindəndir.
Bunu heç vaxt dilə gətirməzlər.
Çünki dediyim kimi, sərf eləmir.
Yazıçı ancaq sürünsün, bunlar
da başını bulayıb, pəjmürdə
görünsünlər. Ədəbiyyatın
əsas tələbi azad mühitdir. O mühiti yaratmadan
heç nə eləmək mümkün deyil.
- Bir qism qələm əhli, yaxud sənət
adamları intellektual görünmək üçün
bir-iki rejissor adını əzbərləyir, kinolardan
danışır, özünü daha müasir təqdim etməyə
çalışır. Ancaq ortada bir ciddi iş yoxdu. Bu haqda nə deyə bilərsiniz?
- Var elə
adamlar. Ancaq əgər söhbət kinodan gedirsə,
bu, komanda işidir. Mən ssenarimi
yazdım, vəssalam. Bununla olmur. Uzun
müddət iş gedir. İllər və vəsait
tələb olunur. Gənc rejissorlar
çox maraqlı işlər görürlər. Bəziləri, hətta təəccübləndirir.
Sadəcə, bunların mütləq əksəriyyəti
festival filmi olduğuna görə gözə dəymir. Kommersiya filmləri isə ciddi maliyyə tələb
eləyir. Pulsuz mümkün deyil. Nəticədə, eyni adamlarla bəsit komediyalar
çəkildi və xalqın komediya tərəfi zəli
kimi soruldu. Di gəl ki, "Oğlan evi
1"dən savayı bir dənə də normal komediya ortaya
çıxmadı. Çünki pul
qazanmaq vasitə yox, məqsəd oldu. Pul məqsəd
olanda faciə ilə nəticələnir. "Pərdə" trilogiyası göstərdi ki,
bizdə dram daha yaxşı alınır. Təbii ki, problemləri çox idi, ancaq başlanğıc
üçün yaxşı idi. O ki qaldı
tamaşaçı sayına, azsaylı istisnaları
çıxsaq, dünyanın hər yerində komediya dramdan
daha çox baxılır. Ancaq o filmlərin
"Yutub"dakı izlənmə sayına baxsaq, görərik
ki, xalqın, insanların drama ehtiyacı var. Sadəcə
insanlarda maraq yaratmaq lazımdır. Məsələn,
"Zəhər tuluğu" ilə Taleh Yüzbəyov bunu
bacardı. Tam dram deyil, ancaq
tragikomediyadır. Bunun da diqqət çəkməkdə
böyük payı var. Tamaşaçı
"Yutub"dakı o qısa filmlərdə tanış
məqamlar gördü, sonra da əsas filmə gedib
baxdılar. Necəsə eləmək
lazımdır. Pisləməklə, alçaltmaqla
heç nəyə nail ola bilmərik.
- "Getmə dedin... getdilər...
ömürdəki adamlar...". Yaşınıza görə ağır deyilmi bu
cür ifadələr?
- O
şeiri 19 yaşımda yazmışam. O şeir ovqat yox,
yaşantı şeiridir. Mən, ümumiyyətlə,
çox nadir hallarda ovqat şeiri yazmışam. Çoxunu da cırıb atmışam. Əsas yaşın çoxluğu yox, onu dolduran məqamlardır.
90 il yaşayarsan, ancaq mənasız, məzmunsuz
bir ömür olar. Özün belə geriyə
baxanda iyrənərsən, təəssüf hissi boğar səni.
Mən xoşbəxtlikdən, bəlkə də
bədbəxtlikdən dolu-dolu yaşamışam. Bu doluluğu büruzə verməmişəm
heç vaxt. Bu da xarakter məsələsidir.
Mən maddi cəhət də
paylaşımcılam, ancaq mənəvi olaraq deyiləm.
Xüsusən də həyatımla
bağlı. Qorxuram ki, paylaşsam,
çirklənər, zədələnər. Axı mənim onlardan savayı heç nəyim
yoxdur.
- Mütaliə, araşdırma,
maraqlar... Müasir dövrün də öz tələbləri
var. Məsələ yazmaqla bitmir, hətta yaxşı yazmaqla
da işi bitmiş hesab etmək doğru deyil. Nələr etməliyik,
nələri dəyişməliyik, dünya ədəbi, mədəni
axınına qoşula bilək?
- Əvvəlcə düşüncələrimizi dəyişməliyik. Dünyanı
sosrealist yox, müasir imkanlarla müşahidə eləməliyik.
Hər şey düşüncədən
başlayır. Sən dünyanı necə
görürsənsə, elə də işıqlandırsan.
Bayaq da dediyim kimi, nəşriyyat sistemi
olmalıdır. Yazıçıya
yaxşı qonorar verilməlidir ki, get, əsər yaz, rahat
ol. Yazıçının beyni, qəlbi
rahat olmalıdır. Əsərinə
köklənməlidir. Bu əsərləri oxuyanda da
hiss olunur. Elə bil ki, 45-ci səhifədə
yazıçının işığını kəsiblər
o da şam işığında yazıb əsəri. Bəli, həssas oxucular bunu hiss eləyir. Şam işığı romanlarının ruhu fərqlidir.
Ya da soyuq, rütubətli evdə yazılan romanlar... Yazıçının rahatlığını təmin
eləyəndən sonra ondan ciddi nələrsə gözləmək
olar. Tələb eləmək yox ha,
gözləmək. "Rahatlığını
təmin eləmək" deyərkən dövlətin nəsə
eləməyini nəzərdə tutmuram. Yazıçının
kitabları alınsa, o da rahat, problemsiz yaşayar. Kitabları ilə, yazıları ilə dolanmaq
yazıçının qürurudur.
- Yazıçıların dil
bilgisizliyi. Çoxu doğma dilində yaza
bilmir. Əsərləri orijinaldan oxumurlar.
Bütün bunların fonunda mükafatları da eyni imzalar
alır... Buna münasibətiniz necədir?
- Bəli,
bu barədə bir dəfə də yazmışdım. Bizdə yazılan mətnlər elə bil ki, tərcümədir.
Azərbaycan dilinin ruhu yoxdur o mətnlərdə.
Bu da ölkəyə yox, xaricə hesablanmasına
görədir. Yeri gəlmişkən, bizdə
tərcümə sahəsi də ürəkaçan deyil.
Çox-çox az səviyyəli,
axıcı tərcümə var. Burda tərcüməçiyə
ödənən qonorarın azlığının da
böyük payı var. Necə deyərlər, ucuz ətin
şorbası olmaz. Olsa da elə bizdəki kimi
olar. Müasir ədəbi tendensiyaları
izləmək lazımdır. Bizdəki mətnlərdə
mən bir köhnəlik sezirəm. Elə
bil ki, hansısa Sovet yazıçısı yazıb. Bunun olması üçün də kefiyyətli tərcümələr
olmalıdır ki, gənclər dünya ədəbiyyatı
nümunələrini rus və türk dillərində yox,
öz dilimizdə oxusunlar.
- İsmayıllıda
yaşayırsınız. Bölgələrdə
ədəbiyyatla bağlı vəziyyət haqda nə demək
olar?
- Digər
bölgələr barədə danışa bilmərəm. Çünki bələd deyiləm. İsmayıllıda isə ədəbiyyatla
bağlı ciddi heç nə yoxdur. Gənclik
ya Bakıdadır, ya da tamamilə başqa işlərlə məşğuldur.
Çünki ədəbiyyat heç bir gəlir
gətirmir. Şeirlər şablon, nəsr
isə ümumiyyətlə yoxdur. Bir
sözlə, ədəbiyyat yoxdur mən gəldiyim yerdə.
Təbii ki, bölgələrdə də ədəbiyyatın
inkişafı üçün nələrsə eləmək
olar. Həm də çox şey. Bilirsiniz, bayaq nəşriyyatlarla bağlı dediyim
şeylər, bölgə üçün də keçərlidir.
Sən bölgənin yaradıcı
adamını tanımalısan. Onu necəsə
tapmalısan. Dəstək olmalısan,
şərait yaratmalısan. Biz elə istəyirik ki,
şair, yazıçı dilənçi kimi qapı-qapı
gəzsin, "siz Allah, mənə kömək eləyin
kitabımı çıxarım" filan desin. Xeyr! Doğulduğun, yaşadığın yerdə səni
axtarıb tapmalıdırlar. Ta onu da yaradıcı adam eləyəcəksə, o qurumlar, idarələr
nəyə lazımdır? Sən bölgənin
düşüncə adamlarını tapmalı, onlarla
görüşməli, həmin şəhərin, rayonun gələcəyi
ilə bağlı fikirlərini bölüşməyə
şərait yaratmalısan. Onların mədəni
sahə ilə fikirlərini ümumiləşdirib onun əsasında
hərəkət etməlisən. Merkantil
təfəkkürlü adamlarla mədəniyyət çox
qabağa gedə bilməz. Mədəni,
estetik duyumu olmalıdır o adamların. Bizdə
rəsmi sahədə çalışanların çoxu
yaradıcı adamlara üstdən-aşağı baxır.
Bunlar kimdir ki? Arada
toylarına çağırıb bir-iki ağız şeir
oxutmaq olar. 5-10 manat da cibinə basırsan
elə ordaca, göstərə-göstərə. Vəssalam. Çox olsa,
qudurarlar. Belə bir nadan yanaşma var
yaradıcı adamlara. O gün bir dostum
danışır ki, məni qonaqlığa
çağırıb neçə yüz manat hesab verdilər,
ancaq kitabımı almadılar. Baxın, bizim hər
şeyimiz belə dayaz və səthidir. Elit
təbəqə yoxdur. İmkanlı
adamlarımızın çoxu bilgisizdir. Ancaq
pulu var, vəssalam. Ona görə də
bizdə sənət, ədəbiyyat inkişaf eləmir.
Elit təbəqəsi olmayan ölkədə mədəniyyət
və incəsənət inkişaf edə bilməz. Müasir dünyada sənətin inkişafı
böyük maliyyədən keçir. Reallığı
dərk eləsək, daha uğurlu olacağıq.
- Dünya ədəbiyyatından
kimləri oxuyub özünüzə nümunə bilirsiniz?
- Sırf
nümunə bildiyim müəlliflər yoxdur, ancaq sevdiyim
müəlliflər var. Tolstoyu çox sevirəm. Tez-tez qayıdıram ona. Bir də
tez-tez qayıtdığım Kunderadır. Təəssüf ki, ölkəmizdə istənilən
səviyyədə tanınmır. Rünöskeni,
Hesseni, Böllü, Folkneri, Tomas Manı, Tomas Vulfu da çox
sevirəm. Vulf da ölkəmizdə, demək
olar ki, tanınmır. Halbuki mütləq
tanıdılmalıdır.
- Son olaraq oxuculara
sözünüz...
- Ədəbiyyatla
qalın...
Söhbətləşdi: Tural CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.-23 aprel.- S.16-17.