Şeytan dili
Hekayə
Heç nə alındıra bilmirdim... Bu da məni
çox məyus edirdi.
Anam da ki, məni lap hövsələdən
çıxarırdı. Fitil Fatmanın
oğlunu mənə misal göstərəndə çox
üzülürdüm. "Vaxt var idi,
fitil Fatmanı saya salan yox idi, a bala. İndi
baxsan, gör necə forslanır. Elə
bil dədəsi şah Abbasın mehtəri olub. Nədi, nədi oğlu qaz vurub, qazan doldurur".
-
Heç onun ali təhsili də yoxdu. Hardan olacaqdı, küncdə-bucaqda qalanın biri
idi. Təhsil almaq yadına
düşürdü?! Məni yandıran
o idi ki, sənin kəsinti dırnağın deyildi. Elə bil gədənin qəflətən bəxti
açıldı. Sən də
qıraqda, bucaqda qalanın biri oldun.
Arxasınca
da, ofuldanıb atamın qarasınca gileylənərdi:
"Kişi sağ olsaydı çoxdan sənə bir gün
ağlamışdı" - deyirdi. Başını
bulayıb:
- Vaxt var
idi, rəhmətlik hamının hoyuna yetirdi. Gör
hansı vəziyyətə gəlib
çıxmışıq, indi onun oğluna əl uzatmaq əvəzinə
dil uzadırlar.
Anam orasını çox düz deyirdi, hərənin
ağzından bir avaz gəlirdi. Kimi deyərdi,
çox soyuqsan, adamlara isinişmək lazımdı.
Başqa birisi deyirdi, dilini bir az şirin elə.
Ha fikirləşirəm,
özümdə nə soyuqluq duyurdum, nə də dilimdə
bir acılıq hiss edirdim. Bəs insanlar bunu
hardan çıxarır? - fikirləşirdim.
Başqa
biri deyirdi:
- Gərək
adamın qabağa çəkəni olsun, ondan sonra hər
işin öz qaydasında gedəcək.
Özüm haqqında çox
daşınıb-düşünürdüm, axırda bu qərara
gəldim ki, "yox, vallah, mənimki bəxt gətirməməkdi".
Son günlər təzə fikrə
düşmüşdüm. Başqaları necə, mən də
elə, düz olmaq mənə qalmayıb ki...
Hələ
üstəlik, o söz də yadıma düşəndə,
lap dilxor olub cinləndim. "Düz olan,
düzdə qalar". Vallah, kim deyibsə
lap yerində deyib.
Mənim
də görüb-götürdüyüm az
deyildi, həyat mənə çox şey öyrətmişdi.
Hələ üstəlik, bir neçə dil
bilirdim. Özü də sərbəst
öyrənmişdim.
Öyrənmək üçün heç bir problemim
yox idi, amma bu zəhrimar başıma girmir ki girmirdi. Axşamdan səhərə
kimi deyəcəyim sözü əzbərləyirdim, üstəlik,
güzgünün qarşısında dayanıb necə deyəcəyimi,
hərəkətimi güzgüdə baxıb bəyənirəm.
Deyirdim, bircə yadımdan çıxmasın.
Elə ki, səhər oldu, sözümü deyəcəyim
adamı görən kimi hər şeyi unudurdum. Nə qədər içimi, çölümü ələk-vələk
eləsəm də, heç nə tapa bilmirdim. Sonra da
düşünürdüm, görəsən, bu adam mənim haqqımda nə fikirləşəcək?
Vallah, nə fikirləşsə düz fikirləşir, adam öz-özünü nə qədər
danlayar.
***
Şərif müəllim anamın dos-doğma xalası
oğlu idi. Mən də həmişə ona dayı deyə
müraciət edirdim. Atamla yaxşı
münasibəti var idi. Arada gedib-gəlişimiz
də olurdu. Atam rəhmətə gedəndən
sonra ayağımız kəsildi.
Bilmirəm təsadüf idi, yoxsa anam nəsə
demişdi, zəng edib məni yanına dəvət elədi.
Öz-özümə
fikirləşdim, "bundan çıxmayan iş, nə əcəb
zəng edib?".
Könülsüz də olsa işdən sonra yanına
getdim. Hal-əhvaldan sonra, işimi-gücümü
soruşdu. Mən də olanı-qalanı, hamsını
dedim.
Başını bulayıb gülümsündü.
- Ə, bacoğlu, eşitmişəm universiteti əla
qiymətlərlə bitirmisən, hələ üstəlik,
dörd dil də bilirsən?
- Hə,
- dedim.
- Sən
o boyda şirkətdə işləyirsən, kiminləsə
dil tapa bilməmisən? - dedi.
"Yox" demək istəyirdim, sanki dilim tutuldu,
başımı buladım.
Şərif müəllim dodaqaltı
qımışdı. Öz hərəkətim özümə
də qəribə gəldi. Utandığımdan
başımı yerə dikdim.
- Bəs
mənə niyə yaxınlaşmırsan? Məgər
biz yadıq, özgəyik?
Nə deyəydim? Üzünə baxdım.
-
Qabağa getmək istəyirsən?
Anidən verilən sual məni çaşdırdı. Özümü qəribə
hiss etdim.
- Narahat
olma, ölümdən başqa hər şeyə bir çarə
var, - dedi.
Sözü
olmayan adam kimi o danışırdı mən
yazıq-yazıq ona baxırdım.
Üzümə
baxıb gülümsündü:
- Əvvəlcə səni tanıtmaq lazımdı. Tanınmayan
adamın sözünə o qədər də əhəmiyyət
vermirlər. İndi zəmanə belə tələb
edir, - dedi.
Dərindən
nəfəs alıb:
-
Yaxşı, səni çox yubatmayım. İşdən
çıxmısan, yəqin, yorğunsan. Get dincəl,
amma dediklərimi unutma, mənimlə əlaqə saxla, - dedi.
Yol boyu olan söhbətləri başımda
saf-çürük edirdim. Bu söz mənə
daha qəribə gəlirdi. "Səni
tanıtmaq lazımdır". Məni necə
tanıdacaq? - düşünürdüm.
Heç inanmağım gəlmirdi. Arada fikirləşirdim, "yox, deyəsən,
dayım bacoğlu ilə əməlli başlı məzələndi".
Axırda belə fikrə gəldim, "bunu da gözləyərik,
onsuz da mənimki gözləməkdən gəlib".
***
Aradan iki
gün keçmişdi, mənə zəng elədi, hal-əhval
tutduqdan sonra:
- Ə, bacoğlu, bizim qəzeti heç alıb oxuyursanmı? - soruşdu.
Dillənmədim.
- Nə əcəb
alıb oxumursan? Sən ki, hər şeyə
maraq göstərirsən?!
Düşündüm, yəqin, maraqlı bir şey var,
ona görə mənə sevincək zəng edib xəbər
edir.
Gülərək:
- Onda
çox şey itirmisən, - dedi.
-
İşdən çıxanda alıb baxaram, - dedim.
-
Yaxşı-yaxşı, qəzetimizi oxumursan, oxumursan, saytda
da bir gözəl yazı gedib, aç ordan oxu. Qəzetin
adı ilə eynidir. Xalqınsəsiqazeti.az
saytı.
Sayta baxdım. Çox əla başlıq vemişdi.
"Dünyaya gənc mütəxəssisin
gözü ilə baxış".
Hələ üstəlik, mənim haqqımda geniş məlumat
da verilmişdi. "Amarol" Holdinqin nəzdində fəaliyyət
göstərən "Amara" şirkətinin,
"sertifikatlaşdırma və standartlaşdırma"
üzrə baş mütəxəssisi, tanınmış
iqtisadçı, Amerikada, Fransada magistr təhsili
almış, dörd dildə sərbəst danışan,
özünün yeni iqtisadi yönümlü konsepsiyası
olan Adşirin Bəndalaşoğlu Bədirbəyli ilə
geniş müsahibə.
Oxuduqca gülümsünürdüm, "bu məqalədə
təsvir olununan gerçək mənəmmi?" - düşünürdüm.
Özümə də təəccüblü gəlirdi. Axırda belə qənaətə
gəldim:
- Yəqin,
bildiyi bir şey var. Görək axırı necə olacaq.
Müsahibəni oxuyub işimə başladım. İşin
axrına yaxın şirkətin direktoru məni öz
otağına çağırdı. Şirkətimiz
haqqında gözəl fikirdə olduğuma görə minnətdarlığını
bildirdi. Yuxarıdan da mənə
böyük maraq göstərildiyini söylədi. Hələ
üstəlik, onu da dedi ki, "mənim həmişə sənə
qarşı böyük diqqətim olub".
Səhəri
yenə Şərif müəllim mənə zəng edib:
- Qəzetimizin
bugünkü sayına baxmısanmı? - dedi.
- Yox! -
dedim.
Gülüb:
- Hə,
yenə çox şey itiribsən, - dedi. - Oxu görəcəksən.
Arxasınca
yenə bərkdən gülüb:
-
Direktorun sənin haqqında çox yaxşı fikirdə
imiş, xəbərin yoxmuş. Onunla geniş
müsahibədi, oxu, çox şeydən xəbər
tutacaqsan.
Onu da çatdırdı ki, dünən bir neçə
yerdən redaksiyaya zəng edib səni soruşublar. Mən də
lazımi məlumat vermişəm.
Danışdıqdan sonra müsahibəni oxumağa
başladım. İlk sualdan məni gülmək tutdu.
- Sizin
Holdinqdə işləyən gənc mütəxəssisin
bildirdiyinə görə, Holdinq yeni layihələrə start
verib. Onu da qeyd edib ki,
planlaşdırırsız ki, yaxın gələcəkdə
Çindən, Dubaydan xammal almağa ehtiyac olmayacaq. Özünüz xammal tədarükü ilə məşğul
olacaqsınız?
Direktorda deyir ki, "gənc mütəxəssis nə
deyibsə düz deyib, biz dünyanın ən böyük
Holdinqləri ilə rəqabətdəyik. İnanıram
ki, yaxın günlərdə səmərəsini görəcəyik.
Qaldı ki, o gənc mütəxəssisə,
çox savadlı və dünyagörüşlüdür.
Bildiyiniz kimi, Amerika və Fransada magistr təhsili
almışdır. Bu da bizim dünyaya
inteqrasiyamıza kömək edəcək.
Başımın üstündə uğur küləkləri
əsməyə başlamışdı. Çox çəkmədi
ki , mən Holdinqin direktor müavini təyin
edildim. Çox məsələlər mənimlə
hesablaşılırdı. Deyilənə
görə, yuxarıda mənə qarşı bir simpatiya var
idi.
Sonra mənə müəyyən təkliflər gəlirdi. Sən demə,
mənim subay qalmağım Holdinq üçün o qədər
də yaxşı sayılmır. Yaxşı
vəzifən varsa, ailə də mütləq vacibdi.
Gənc
mütəxəssis kimi ev verildi. Hətta, şirkətimizin rəhbəri bir əda
ilə, bir naz ilə elə təqdim elədi ki, bəs deməzsənmi,
"bizim savadlı, qabiliyyətli gənc mütəxəssislərə
qayğı göstərmək mənəvi borcumuzdur".
Gənc mütəxəssisin savadı, qabiliyyəti kimi
yaşadığı evi də müasir standartlara cavab verməlidir. Qoy həmişə
zövqü yenilənsin. Gələcək nəsil bizim
qayğımızı hiss etsin, millətimiz üçün
bir örnək olsun.
***
Bir görüşümüzdə Şərif müəllimin
söhbət əsnasında dediyinə görə sevimli qəzetimizin
maliyyə resursları xeyli çoxalmışdı.
- Bu, sənin
hesabına oldu, - dedi.
Təəccüblə:
- Necə
yəni? - dedim.
- Hə,
bəs necə, indi zəmanə dəyişib, gərək
bir güllə ilə iki dovşan vurmağı bacarasan. Gərək,
adam iş görəndə, birtərəfli
yox, hərtərəfli iş görə bilsin. Narahat olma, hələ səni çox vəzifə
pillələri gözləyir. Daha sənə
qorxu-qadağa yoxdu. Dil öyrətməkdə
çox mahirsən. Qəzetimizdə
dörd dil bildiyini yazmışdıq, birini də mən
öyrətdim.
- O
hansı dildi? - dedim.
- Sənin
üçün ən vacib dil odu. İndi zəmanə
dəyişib. O dili bilməsən baş çıxara
bilməzsən.
Ciddi-ciddi
üzümə baxıb güldü:
- Şeytan dili.
Qalib ŞƏFAHƏT
Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.17.