Ömrümü, günümü uzatmağa gəl

 

Taleyim tərəfdən çıxdın qarşıma,

Bir zaman hər yerdə ötən dilim lal.

Söz tapa bilmirəm deyim yaşıma,

Ürəyim deyir ki, qadasını al.

 

Gözümü sən gələn yola dikmişəm,

Sevgi dəftərimdə varağımsan.

Sənə ürəyimdə saray tikmişəm,

Qəlbimin işığı, çilçırağımsan.

 

Sən elə bilirsən yatıb qalmışam,

Sənsiz ötüb-keçən bircə anım yox.

Qara gözlərində batıb qalmışam,

Hamı baxıb keçir, çıxaranım yox.

 

Kəsəmməz yolumu boran, qar mənim,

Bağlı qapıları açıb gələrəm.

Görsəm ki, qolumda zəncir var mənim,

Qıraram, yanına qaçıb gələrəm.

 

Hissimə, duyğuma yaraşıq verən,

Göz yaşın sevincdən, qurutmaq olar?

Ay mənim gözümə nur, işıq verən,

Səni bu dünyada unutmaq olar?

 

Sənnən bitən deyil sözüm, söhbətim,

Mürgülü ruhumu oyatmağa gəl.

Sən mənim son eşqim, son məhəbbətim,

Ömrümü, günümü uzatmağa gəl.

 

Çörək haqqı

 

Bala, gəl çörəyi qonşuyla bölək,

Qalıb qulağımda anamın səsi.

Bizim evimizdə ən gözəl dilək,

Çörək təknəsiydi, çörək təknəsi.

 

Evi tərk edərdi, qızaranda dan,

Tənbəl adamlara baxıb gülərdi.

Çörəyin dalınca gedən atamdan,

Qeyrətin qoxusu, ətri gələrdi.

 

Adamın üzünə gülən çörəyin,

Üstündə zər dolu, naxış-naxışdı.

Zəmidən süfrəyə gələn çörəyin,

Anası torpaqdı, atası xışdı.

 

Alnım da açıqdı, başım da dikdi,

Sınayan sınasın, hər saat, hər an.

Adam tanıyıram akademikdi,

Kəsilib duz-çörək imtahanından.

 

Duz olub çörəyə şərik babalar,

Biliblər varını hara qoyanda.

Uzağı görüblər müdrik babalar,

Qonağı çörəklə qarşılayanda.

 

Dünya tüstülənir, odlar içində,

Ölməsin, axırın kaş görək haqqın.

Mənim xoşladığım andlar içində,

Bir ana südüdü, bir çörək haqqı.

 

Altımışın

 

Meyxoş Abdullahın 60 illiyinə

 

Məgər həyat elə qəmdi, kədərdi,

Alnına yazılan yazı qədərdi.

Demə ki, bu dünya puçdu, hədərdi,

Hər səhər üzünə gül altımışın.

 

İlhamın öz dayın, öz əmin, şükür,

Ruzudu sarıtel söz zəmin, şükür.

Yaşadın kişitək, şükür, min şükür,

Düşmədi üstünə xal altımışın.

 

Su ver, sevgi tağı solar, sən Allah,

Həsrət saçlarını yolar, sən Allah.

Meyxoş, unutmuşam, noolar, sən Allah,

Yadıma tamını sal altımışın.

 

Ömrün keçən günü, ayı gözəldi,

Məncə, əmidən çox, dayı gözəldi.

Tanrımın bəxşişi, payı gözəldi,

Qədir-qiymətini bil altımışın.

 

Bəlkə tapılacaq, itmişi gözlə,

Bəhərin verəcək, bitmişi gözlə.

Çap ömür atını, yetmişi gözlə,

Əsməsin yanından yel altımışın.

 

Sənə az demirəm, çoxsan, bəsindi,

Nə yaxşı binadan toxsan, bəsindi.

Yüzü neyləyirsən, doxsan bəsindi,

Deyirəm mübarək, bal altımışın.

 

Sevgi qanunu

 

Qocalıq mişardan, qolumu kəsir,

Yağıbdır ömrümə illərin qarı.

Hara gedirəmsə yolumu kəsir,

Ağaran saçımın qadağaları.

 

Həsrətdən payımı almışam elə,

Mən nə birinciyəm, nə axırıncı.

Qovrula-qovrula qalmışam elə,

Sevgimə cavabım yaşın qaxıncı.

 

Elə bil zəhərdir çörəyim, suyum,

Nə qədər adama yaş tənə olar.

Gərək gözlərimə gözətçi qoyum,

Baxsam bir gözələ görən nə olar?

 

Mənim qəm dostlarım, ələm dostlarım,

Sevgi cığırında azaq təzədən.

Yığışın başıma qələm dostlarım,

Bir sevgi qanunu yazaq təzədən.

 

Ölümün gözünə

baxan kişisən

 

Doxsan birlərdən biri olan

dostum Tahir Taisoğluna

 

Etibar dərsindən beş almaq asan?

Hər kəs ola bilməz bütöv sözünə.

Deyirlər sədaqət kursu açmısan,

Məni də müavin götür özünə.

 

Toxumdu, varaqda əkilən sözlər,

Amandı, deməyin söz dəmi deyil.

Sənin qələmindən tökülən sözlər,

Məgər ürəklərin məlhəmi deyil?

 

İnsana məhəbbət əyarım olub,

Bükməsin belini dərd adamların.

Əzəldən kişilik meyarım olub,

Vurğunu olmuşam mərd adamların.

 

Dəyişər dünyanın çöhrəsi, rəngi,

Hamının zəhməti, haqqı ödənsə.

Ümid işığıdı hər gələn zəngin,

Könlümdən yaşamaq keçir nədənsə.

 

 Dünyaya gəlmisən, yoxsan bir dəfə,

Qeyrəti sinənə taxan kişisən.

Ölüb dirilmisən doxsan bir dəfə,

Ölümün gözünə baxan kişisən.

 

İzimə tərəf

 

Dərə nə karədi, çəndən incisin,

Torağay zəmidə dəndən incisin.

Sevmirəm bir kimsə məndən incisin,

Çəkmişəm düşməni özümə tərəf.

 

Həsrətim qönçədi, yaraşığı var,

Qəlbimi görsənir, yar işığı var.

Səbrimin sönməyən gur işığı var,

Səmtim əzəl gündən dözümə tərəf.

 

Görən isinibmi kimsə istimə?

Həyat diş qıcadıb, durub qəsdimə.

Tanrının kölgəsi düşüb üstümə,

Əsib ümid yeri üzümə tərəf.

 

Vaxt, vədə gələcək, heyhat köçərəm,

Sönər gözlərimdə həyat, köçərəm.

Dünyadan, mən elə rahat köçərəm,

Bilsəm, kimsə gedir izimə tərəf.

 

Ağac dili

 

Öz tamı, dadı var hər baharımın,

Külək yarpaqların silir tərini.

Tanrım, dilini aç ağaclarımın,

Axşamlar dinləyim söhbətlərini.

 

Arzu ağacımın budaq əliyəm,

Külək şeştər kimi kəssə, neylərəm?

Adam inciyəndə öyrəncəliyəm,

Bəs ağac incisə, küssə, neylərəm?

 

Daha nə şaxta var, nə də ki, ayaz,

Budaqlar başını əysin barından.

Dayanım xurmanın tuşunda bir az,

Danışsın sarışın yuxularından.

 

Ağac bitirməkdi qəlbimin kamı,

Bir yarpaq solanda ölür, desinlər.

Qoy məni barmaqla göstərsin hamı,

Ağac dilini də bilir desinlər.

 

Gəlmişəm üstünə

günahlarımla

 

Bir də pəncərədən daş gəlməyəcək,

Boğçaydın, bilmədim nə var içində.

Mən elə bilirdim qış gəlməyəcək,

Keçər ömrüm, günüm bahar içində.

 

Axı xoşa gəlmir hər cığır, hər iz,

Eyib axtarırdım hərəsində mən.

Səni qoyub getdim səndən xəbərsiz,

Həsrətin, hicranın dərəsində mən.

 

Ümidin nə gözəl səhəri varmış,

Nisgilin köynəyin geyib gəlmişəm.

Taleyin qəribə işləri varmış,

Yenə də adını deyib gəlmişəm.

 

Qəlbimə təzədən günəş kimi saç,

Qoy qalım baş-başa öz ahlarımla.

Sən ki, mən deyilsən, dur, qapını aç,

Gəlmişəm üstünə günahlarımla.

 

Gözün gülür, a qönçəm

 

Bu qönçənin dərdi məni götürüb,

Belə getsə, açılana oxşamır.

Öz hökmünü payız qışa ötürüb,

Günəş daha saçılana oxşamır.

 

Yağan yağış, əsən külək qəsdində,

Mayasında sevgi olan güclüdü.

Göz dağıdı gül kolunun üstündə,

Elə bil ki, sirlə dolu mücrüdü.

 

Ümid axı sonda ölür, a qönçəm,

Könlünü ver pərvazına baharın.

Könlün gülür, gözün gülür, a qönçəm,

Qoşa çıxaq pişvazına baharın.

 

Mən sənə güllərin

şahı deyirəm

 

Çiçəklər qız kimi silir tərini,

Sən ki, yaraşıqsan bağçaya, bağa.

Küləklər döysə də ləçəklərini,

Çıxmısan baharı qarşılamağa.

 

Yazın gəlişindən çağlayır ürək,

Misraya dönürəm, sətirlənirəm.

Gedib ətir almaq nəyimə gərək,

Yanından keçəndə ətirlənirəm.

 

Buta gözlərində bəlkə iz qoyub,

Sərt qışın, şaxtanın ahı deyirəm.

Görəsən, adını kim Nərgiz qoyub?

Mən sənə güllərin şahı deyirəm.

 

Axtarış

 

Qardaş, mənə bir də demə hardasan,

Harda olduğumu bilsəm, deyərəm.

Məgər ömür sürmək, yaşamaq asan?

Çox yox, bircə dəfə gülsəm, deyərəm.

 

Demə ki, ömrümün baharındayam,

Kədərin daşını atmamışam ki.

Hələ bu dünyanın kənarındayam,

Hələ ortasına çatmamışam ki.

 

Gözümü özümə dikirəm elə,

Yerimi dəyişik salmamaq üçün.

Daş qoyub evimi tikirəm elə,

Qaranquşdan geri qalmamaq üçün.

 

Mən bahar deyərəm qarlı qışıma,

Ömrümə heykəllik sözümü tapsam.

Çıxmışam özümün axtarışıma,

Xəbər tutacaqsan, özümü tapsam.

 

Qadın

 

Taleyin işidi açılmamağın,

Yarı qönçə qadın, yarı gül qadın.

Qaş-qabaq tökürsən adam görəndə,

Hanı təbəssümün, bir az gül, qadın.

 

Əsmədi üzündə yeli həsrətin,

Dəymədi saçına əli həsrətin.

Bilmədin dadını dəli həsrətin,

Gözləri can alan, qara tel qadın.

 

Neçə qış gedəcək, yazlar gələcək,

İşvələr gələcək, nazlar gələcək.

Dünyaya hələ çox qızlar gələcək,

Səndən olmayacaq bir də bil, qadın.

 

Hələ közün qalıb külünün altda,

Ümid yetim qalıb əlinin altda.

Gərək bal qoyaydın dilinin altda,

Hər kəlmən zəhərdi, acı dil qadın.

 

Sevgi pəncərədi, baxıb getmisən,

Ulduza dönmüsən, axıb getmisən.

Özün öz evini yıxıb getmisən,

Ağlama, gözünün yaşın sil, qadın.

 

Həsrətin nişanı

 

İlahi, nə gözəl duyğudu sevgi,

Gözə işıq gəlir, cana can gəlir.

Heç vaxt görmədiyin yuxudu sevgi,

Ürəyə qəribə həyəcan gəlir.

 

Yüz dəfə özümə deyirəm fərsiz,

Elə bil heykələm, ya da müqəvva.

Bəlkə də dünyanın əvvəliyik biz,

Birimiz Adəmik, birimiz Həvva.

 

Ürəyim sevgimi qönçə bilir ki,

Yuxuda gördüm ki, bizə gəlmisən.

Sevəndə, adama elə gəlir ki,

Dünyaya anadan təzə gəlmisən.

 

Nə olar, qoy öpüm gül yanağından,

Gözlərin tamaşa, boyun tamaşa.

Qorxub çəkinməsəm el qınağından,

Deyərəm köç eylə, gəl bizdə yaşa.

 

Sən alın yazımsan, saçı yosunum,

Ruhum gecə-gündüz əriyən bir şam.

Çal-çağır alacaq bu eşqin sonu,

Səni həsrətimə nişanlamışam.

 

Fəxrəddin TEYYUB

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.18-19.