Çağdaş ədəbiyyatımızın
görkəmli siması
Firuz Mustafa-70
Firuz Mustafanın yetmişi gəldi; bilmirəm tezmi gəldi,
gecmi? Bir onu bilirəm ki, yetmişinə bir
yazıçı, dramaturq və bir sənət adamı kimi
fenomenal yaradıcılıqla gəlib. Elə
bir yaradıcılıqla ki, əsərləri ədəbiyyat
tariximizin daimi sakini kimi həmişəlik yaşamaq haqqı
qazanıb. Lakin bu bir yubiley yazısı
deyil, burada səssiz kezən yubileyindən yox, ədəbiyyat
tariximizdəki profilindən yazmaq istədim.
Altmışıncılardan sonra ədəbiyyata gələn
yeni nəsilin ən məhsuldar və görkəmli nümayəndələrindən
biri Firuz Mustafa bədii nəsr, dramaturgiya, poeziya, esse, tərcümə
və elm sahələrində zəngin bir
yaradıcılıq yolu keçib. 80-ci illərdə ədəbiyyata
gəlməsinə rəğmən,
yaradıcılığının ən zəngin
dövrü müstəqillik illərinə düşür.
Onlarca dram əsəri Azərbaycanın,
Türkiyənin, Rusiyanın və başqa ölkələrin
teatrlarında tamaşaya qoyulub. O, həm də filosof
kimi fəlsəfə elminin problemlərini öyrənib, bir
çox elmi məqalələr və tədqiqat əsərləri
yazıb.
F.Mustafa bədii yaradıcılığa 80-ci illərin
əvvəllərində başlamışdır. Müstəqillik
illərinə qədər onun iki - "Güyəm
kolları" (1985), "Dğnyanın rəngi" (1989)
hekayələr kitabları nəşr edilmişdi. Elə ilk hekayələrindən başlayaraq
yazıçı yeni qəhrəmanları, süjet xətləri,
təhkiyəsi ilə "kiçik janrda" böyük mətləbləri
ifadə etməyə çalışdı.
"Haray", "İşıq", "Ağır
yük", "Qeyri-kafi", "Yay sazağı",
"Küçə nəğməsi", "Göyəm
kolları. Çisək" hekayələrində
yazıçı gerçəkliyə eləcə də həyat,
insan və zamana olan münasibətini özünəməxsus
şəkildə ifadə edirdi. V.Şukşinin xatirəsinə
həsr etdiyi "Qeyri-kafi" hekayəsində müharibə
iştirakçısının illər sonra əlli
yaşında tələbə olmaq üçün instituta
imtahan verdiyini, burada gənc abituriyentlərin istehzası və
gənc müəllimin onun müharibə haqqında
danışdıqlarına ümumi mülahizələr, yaxud
nağıl hesab edərək "qeyri-kafi"
yazmasını real cizgilərlə təsvir edir.
İlk kitabında dərc edilən "Göyəm
kolları. Çisək" hekayəsi də təsvir
orijinallığına və bədii bitkinliyinə görə
ən yaxşı hekayələrdən biri idi. Hekayədə gənc Qaranın - lal və
danışa bilməyən oğlanın daxili aləmi
açılır. O, lal olsa da, ətrafında baş
verən haqsızlıqlara biganə qala bilmirdi, buna görə
də otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi.
Kənddə yaşayan Qaranın şəhərdən gələn,
dodaqları çiyələyə bənzəyən
qızla bağlı düşüncələrini olduqca
orijinal verilirdi: "Qara belə hesab eləyirdi ki,
qızın dodaqları nə qədər qızarsa da,
ömründə çiyələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin
necə qızardığını, əzəlki rənginin
get-gedə necə yox olduğunu, dadının necə
şirinləşdiyini öz gözləri ilə görər,
dili ilə yoxlaya bilərdi; elə çiçəklər də
çiyələklər kimi onun gözü qabağındaca
yavaş-yavaş böyüyər, rəngdən-rəngə
düşərdi; yağış, şeh nə də
çiçəklərin rəngini soluxdurmazdı;
damcıların altında rənglər daha da əlvanlaşardı".
F.Mustafanın
"Dünyanın rəngi" kitabında dərc edilən
"Bəyaz rəqs", "Marsdan telefon zəngi",
"Alın yazısı", "Dərman şüşəsi",
"Nəmişlik", "Bu yol hara gedir" və s. hekayələrində
də cəmiyyət hadisələri, insanların mənəvi-daxili
aləmi bütün ziddiyyətləri, təzadları ilə
göstərilir. Bu hekayələrdə süjetlərin
struktur sadəliyi, obrazların psixologiyasının detallarla
çatdırılması, təhkiyə
orijinallığı, dil zənginliyi və s.
yazıçının yeni bir mərhələyə daxil
olduğunu göstərirdi. Ən əsası
isə onun hekayələrində dərin bir həyat
müşahidəsi var idi.
F.Mustafanın "At günü" hekayə-triptixi isə
klassik və çağdaş hekayəçiliyimizin ən
yaxşı nümunələrindəndir. Təsadüfi
deyil ki, hekayə azərbaycanca və rusca çap olunduqdan
("Ulduz", 2004, №1, "Literaturnıy Azerbaydjan", 2008,
№11) sonra oxucuların, yazıçı və tənqidçilərin
böyük marağına səbəb olub, haqqında məqalələr
yazılıb və təhlillər aparılıb. Yazıçının bir çox nəsr əsəri
kimi, bu hekayənin də orijinal strukturu ideyanın təsvirində
mühüm rol oynayıb. Hekayə-triptix
üç hissəyə - "Qaçış",
"İntihar" və "Son" bölümlərinə
ayrılıb. Özünəməxsus təhkiyə
orijinallığı və zənginliyi, simvollaşdırma,
insanla-təbiətin harmoniyası və s. bu əsərin də
başlıca xüsusiyyəti olaraq səciyyələnir.
"At günü" hekayə-triptixində
yazıçı ləyaqətsiz insanlarla canlıların
(konkret olaraq dayçanın) mənəviyyatını
qarşı-qarşıya qoyaraq atın sahibini və
qonşunu ittiham hədəfi edir. Yazıçı
"tamaşa"nı ətrafdan seyr edən
cəmiyyətin bu hadisəyə münasibətinə,
laqeydliyini də ittiham aktına çevirir. Onların
dayçanın intiharına susqunluğu, səsini
çıxarmaması, yalnız müşahidə etmələri,
əslində cəmiyyətin susqunluğuna işarə kimi mənalanır.
Xüsusilə dayça sahibinin qonşunun
ağlına gələn fikrə qarşı müqavimət
göstərməməsi, insanların bu hadisəni sakitcə
seyr etməsi cəmiyyətin müqavimətsizliyini göstərir.
Dayçanın və onun anasının həyata,
mühitə baxışında insana xas əlamətlərin
olması canlılar arasında sədləri aradan
götürür. Dayçanın baş
verən hadisəyə intiharla cavab verməsi isə dərketmənin
insanlarla heyvanlar arasındakı fərqliliyini göstərir.
Bu hadisənin təsviri fonunda
yazıçı həm də dayça sahibinin ana atla
dayçanı birləşdirmək istəyinə
"yox" deyə bilmədiyi qonşusunun vaxtilə sevdiyi
qızı da əlindən alması süjet xəttini də
qoyur. Belə bir qənaət hasil olur ki, əgər
dayça sahibi vaxtında ona "yox" desəydi, sevdiyinə
qovuşar, sonrakı hadisələr də olmazdı.
F.Mustafanın bir çox hekayələrində
("Gözü yaşlı ağaclar", "Matəm
musiqisi", "Kiçik" və s.) satirik istiqamət
başlıca yer tutur. Yazıçı bu hekayələrində
cəmiyyəti içindən qurd kimi yeyən mənəvi-əxlaqi
problemlərə psixoloji deyil, satirik mövqedən
yanaşaraq cəmiyyət üçün böyük təhlükə
törədən yaltaqlıq, rüşvət,
yalançılıq kimi keyfiyyətləri özünəməxsus
satirik dil və ifadə vasitələri ilə təsvir edir.
Yazıçının satirik olmayan hekayələrində
də satirik, komik ifadə vasitələri, yumoristik dialoqlar
obrazın daxili aləmini açmaq üçün işlətdiyi
vasitələrdəndir. Bu istiqamət getdikcə
genişlənərək onun dramaturgiyasında komediya, fars, məzhəkə, monokomediya formalarında
özünü daha qabarıq şəkildə göstərməyə
başlayır.
F.Mustafanın
"Dəniz küzğ" (2006), "...Qapı..."
(2008), "13 hekayə" (2008), "Monohekayələr"
(2009), "Hekayələr" (2009), "At günü"
(2009), "Monopyeslər" (2010), "Ölü dildə sevgi
məktubları" (2014), "Hekayələr" (2015) və
s. kitablarında nəsr yaradıcılığı
çağdaş nəsrimizin real faktına və hadisəsinə
çevrilir. Yazıçının "Dəniz
köçü" povest-pritçası,
"...Qapı..." romanında bədii düşüncə
sərhədləri genişlənir. Yaradıcılığının
bu mərhələsində yazıçı təbiət və
cəmiyyət hadisələrinin fəlsəfi dərkinə
çalışır və yaratdığı obrazlar insan-təbiət
harmoniyasını əks etdirir. "Dəniz
köçü" povestində insanla təbiətin
harmoniyası və birliyi bədii-fəlsəfi cəhətdən
təsvir edilir. Əsəri həm də bədii-fəlsəfi,
poetik pritça adlandırmaq mümkündür. Povestin dili, struktur və süjet sadəliyi, poetik
obrazlar zənginliyi, mətnaltı fəlsəfi dəriniyi
çağdaş oxucunu sehrləyir və öz təsiri
altına alır. Yazıçı
C.Əlibəyov əsəri E.Hemenqueyin "Qoca və dəniz"
əsəri ilə müqayisə etməkdə tamamilə
haqlıdır. Bunu yalnız C.Əlibəyov
yox, yazıçının çoxsaylı oxucuları da
müşahidə etmişlər. Buna səbəb
hadisələrin yalnız dənizdə baş verməsi
deyil, həm də insanın təbiətlə
harmoniyasının, vəhdətinin əks etdirilməsindədir.
Povestdə yaşlı balıqçı ilə
balıq ovuna gedən Tuğayın bir gün ərzində
başına gələn hadisələr təsvir edilir; dənizdə
qopan fırtına nəticəsində yaşlı
balıqçı və avarın biri dənizə
düşür ki, bu da gənc Tuğayın işini çətinləşdirir,
hətta bir müddət ümidsizliyə də qapılır.
Bir azdan dəniz sakitləşdikdən sonra dəniz
canavarı akula Tuğayın qayığına hücum edir.
Akula ilə Tuğayın mübarizəsi və
balıq, qartal və alabaşın Tuğaya kömək etməsi
olduqca realist cizgilərlə göstərilir. Bu mübarizədən Tuğay və onun dostları
(balıq (Yaqut), qartal (Ayqut), alabaş (Qayut) qalib
çıxır. Beləliklə, əsərdə
Tuğayın həyatı fonunda insanla təbiətin vəhdəti
verilir. Su-torpaq-səma-insanın vəhdəti
həm də planetin vəhdətini yaratmış olur. Yazıçı bununla oxucuya yeni bir dünya təqdim
edir. Yeganə oğlunun geri
qayıtması üçün ananın "Tuğay,
oğlum hardasan?" nidası əsərin leytmotivini təşkil
edir. Ananın yeganə əlacı dənizə
dua etmək olur və bununla insanın xeyirxahlığa olan
bütün inamını özünə qaytarır.
Ana dənizə canlı kimi müraciət edir, ona "sən
də anasan dəniz... Sənin də
balaların var. Mənə yazığın gəlsin, dəniz,
qıyma mənim Tuğayıma", - deyə fəryadını
anladır.
Yazıçı demək istəyir ki, bütün
canlıların həyatı bir-birinə oxşayır, yer
üzündə yaşayan hər bir canlı
üçün yaxşılıq etmək lazımdır. Belə bir nəticə
çıxır ki, sən yaxşılıq et,
nə zamansa tale o yaxşılığı sənin
qarşına çıxaracaqdır. Tuğay
da etdiyi xoş əməllər sayəsində sağ
qalır, xeyirxahlıqları onun öz qarşısına
çıxır. Dostları Yaqut (balıq), Ayqut (qartal)
və Qayuta (alabaş) etdiyi yaxşılıqların əvəzini
görür. Tuğayın sağ qalmasında,
sağalmasında onlar da əsas rol oynayır. Yazıçı zülmətlə
işığı (Xeyirlə Şəri) üz-üzə gətirərək
qələbəni işığa verməkdə tamamilə
haqlı idi.
F.Mustafanın "...Qapı..." romanı 30-cu illər
repressiyasına fərqli və yeni bədii
baxışdır. Əsərdə repressiya sunamisi, diktatura
rejimi və bütün siyasi hakimiyyətlərdə cildini dəyişən
insanların obrazı orijinallıqla yaradılır. Əsər 80-ci illərin sonlarında yazılsa da,
o zaman yenidənqurma və demokratiya şəraitində belə
onu çap etdirmək mümkün olmamışdı. Hətta 90-cı illərin sonlarında belə roman
"Azərbaycan" jurnalında "rəndələnmiş"
halda işıq üzü görüb. 2009-cu
ildə isə "...Qapı..." roman-kantatası (B.,
"Araz", 2009) bütöv şəkildə dərc
olundu. Halbuki romanın
yazıldığı dövrdən xeyli əvvəl bu
mövzuda rus yazıçıları Bulqakov, Platonov və
Rıbakovun əsərləri oxuculara təqdim olunmuşdu.
Azərbaycan ədəbiyyatında isə bir qədər
əvvəl Y.Səmədoğlunun "Qətl
günü", Elçinin "Ölüm hökmü"
əsərləri dərc edilmişdi. Bütün
bunlardan sonra yazıçının "...Qapı..."
romanında hadisələrin özünəməxsus təsviri,
kütləvi terror hadisəsinə fərqli baxışı
olduqca maraq doğururdu. Roman strukturu (proloq,
başlanğıc, xor, reçitativ, ariozo, birinci
görüş (dindirmə), məktub, kavatina və s.) və
fabulası ilə də son dərəcə orijinaldır.
Hadisələr həqiqət içində
nağıl, nağıl içində həqiqət
formasında çatdırılır; həqiqətlə
nağıl iç-içə təsvir olunur. Əslində o illərdə baş verən hadisələrin
özü məhz bu mahiyyətdə idi və buna görə
də yazıçının bu üslubu hadisələri təsvir
etməkdə ən yaxşı vasitə olur. Romanda fantaziya, ironiya və simvollardan istifadə
olunmasının əsas nədənlərdən biri də məhz
buradan irəli gəlirdi. Yazıçı
əsərdə kimisə hərəkətlərinə
görəsə ittiham etmək yolunu tutmur,
bütövlükdə repressiyanın anatomiyasını
yaratmağa çalışır. Təsvir
olunan mühitdə yalan, qorxu, şübhə,
satqınçılıq hakimdir. Təsadüfi deyil ki,
əsərdə cəllada yazıçı ad belə verməmiş,
"O" kimi qələmə verməklə onu Sistemin,
Diktaturanın bir vintciyi olaraq göstərmək istəyir:
"O, güllələdiyi adamların sayını
çoxdan yaddan çıxarmışdı. Əvvəllər
sayardı: bir, iki, üç, on, əlli... Deyəsən,
yüzü keçəndən sonra hesabı unutdu. O,
işə gələndən bir az əvvələcən
adamları dəstə-dəstə, sallaqxanadakı qoyun
sürüsü kimi qırıb-çatır, güllələyirmişlər.
Onda atəş də sürəkli olurdu. Amma bu qanun sonra, nədənsə, ləğv olundu.
Mədən adlanan yerdə gəmirilmiş adam
kəllələrinə, qol-qıçlarına tez-tez təsadüf
olunurdu".
Yazıçı bu əsərində 30-cu illərdə
baş verən hadisələrin təsvirindən daha
çox, bu dövrün psixoloji məqamlarına nəzər
yetirir. Zülmətə, ölümə açılan
Qapı obrazı da məhz bunu ifadə edir. Zülmətə açılan Qapının həmin
anlarda Tanrının göz yaşları ilə
islanmış qurbanları qəbul etməkdən yorulması
ideyası əsərin başlıca motivi kimi səslənir.
Əsərdə "Mədən" kmi təsvir
olunan yerdə (Gədəbəydə) baş verən hadisələr
əsas götürülür. Vaxtilə
almanların qızıl çıxardığı bu "Mədən"in
sovet dövründə boş qalmış quyularına, eləcə
də buradakı kahalara, mağaralara repressiya illərində
minlərlə günahsız insanlar basdırılmış,
güllələnərək buraya atılmışdır.
Burada yazıçının özünün
müəyyən tərcümeyi-hal materialları da vardır
və bir çox hadisə və epizodlar, adlar olduğu kimi
saxlanılır. Qohumlarının bir
qisminin, o cümlədən babası Mehrəli Mustafa
oğlunun "sinfi düşmən" kimi güllələnib
"Mədən"ə atılması
yazıçının tərcümeyi-hal faktlarıdır.
Lakin əsər sırf bədii təxəyyülün
məhsuludur. Yazıçı bu
dövrü təsvir etməklə qalmır, həm də
qlobal faciələrin zaman-zaman lokal formalarına da diqqət
çəkir. Yazıçı əsərində
müharibələrdən daha dəhşətli laqeydlik,
etinasızlıq məsələsinə də diqqət
çəkir və yalnız fərdlərin deyil,
bütöv xalqların belə laqeydliyin,
yaddaşsızlığın qurbanına çevrildiyini
göstərir. Yazıçı mətn
boyu onu deməyə çalışır ki, insan təkcə
zaman daxilində yaşamır, həm də özündə
zamanı yaşadır.
F.Mustafanın zəngin və polifonik dramaturgiya
yaradıcılığı janr, struktur və məzmun
baxımından milli dramaturgiyanı zənginləşdirir. "Ağıllı
Adam" , "Qəfəs", "Tabut", "Vida
marşı", "Qara qutu", "Su pərisi",
"Mğqəvva", "Ağıllı Adam",
"Musiqili məktublar", "İlğım",
"Sevməsən ülərəm", "İfritə",
"Əqrəb bğrcğ", "Ayı təbəssümü",
"Dəhliz", "Adsız", "Sənə
sözüm var", "Qarışqa tələsi",
"Neytral zona", "Tələ", "Tıxac",
"Pələng ili" və s. əsərləri
dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar
baxımından deyil, həm də janrın struktur zənginliyi,
yeni forma, dialoq və monoloq cəhətindən inkişaf
etdirmiş, zənginləşdirmişdir. "Zəhrayı
tunel" (1999), "Teatr meydanı" (2001),
"Adsız" (2001), "Sifət" (2002),
"Komediyalar" (2004), "Qara qutu" (2006), "Müqəvva"
(2009), "Monopyeslər" (2010), "Ölü dildə
sevgi məktubları" (2014) və s. kitabları dramaturji mətnlər
teatr hadisəsi olmaqdan çıxaraq geniş oxucu kütləsinin
estetik idealını formalaşdırır. Əsərləri
Azərbaycan Dövlət Gənclər, Naxçıvan
Dövlət Musiqili Komediya, Şuşa Dövlət Musiqili
Komediya, Lənkəran Dövlət Dram, Ağdaş Dövlət
Dram, "Yuğ" Dövlət, Tədris, Mingəçevir,
Qazax və s. rayonların Dövlət Dram teatrlarında
tamaşaya qoyularaq geniş tamaşaçı kütləsi
toplamışdır.
F.Mustafanın məhsuldar, çoxşaxəli,
çoxformalı və janrlı dramaturji
yaradıcılığını ədəbi növün
inkişafında yeni mərhələ hesab etmək olar. Onun
dramaturgiyası Elçin yaradıcılığı ilə
birlikdə, demək olar, milli teatrı tənəzzüldən
çıxarmış və dövrün ədəbi
faktına çevrilmişdir. Bu dövrdə
yazdığı dram, faciə, komediya, məzhəkə,
fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-absurd komediya,
antikomediya, mənzum komediyaları, monodramları və s.
janrı struktur cəhətdən daha da zənginləşdirir.
Bu əsərlər yalnız forma cəhətdən
deyil, məzmun, ideya, struktur, personajları ilə də
dramaturgiyanı yeniləyir. Bu yenilik bir
çox cəhətdən özünü göstərir.
Hər şeydən əvvəl personajların
təqdimatı zamanı dramaturq onlar haqqında xarakteristika
(onların kimliyi, yaşı, görünüşü və
s.) məlumat vermir. Əvəzində
dramaturq remarkaya çox böyük üstünlük verir;
özü də bu remarkalar pərdə əvvəlində
verilməklə yanaşı, səhnə daxili mizanlarda da
böyük rol oynayır. Remarkaların həcmi
də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri
ilə məhdudlaşmır, fabuladaxili prosesləri tənzimləyir.
Bəzi əsərlərdə bu remarkalar bir səhifə
boyu davam edir, bəzən isə hadisələrin zamanı və
məkanı dəyişir. Onun
dramaturgiyası fərqli model əsasında qurulur; burada
dövrün reallıqları "oyun içində
oyun", "səhnə içində səhnə",
obrazın ikiləşməsi kimi vasitələrdən istifadə
edir.
Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqiddə
yetərincə araşdırılmasa da (tənqid heç də
həmişə ədəbi prosesdə baş verən hadisələri
vaxtında görmür və onun bu səhvini düzəltmək
missiyası zaman-zaman ədəbiyyatşünaslığın
boynuna düşür), dramaturgiya və teatr aləminin ən
böyük hadisəsi və faktı hesab etmək olar. F.Mustafanın dramaturgiya
yaradıcılığını janr baxımından
üç hissəyə bölmək olar: dramlar
("Adsız", "Alın yazısı", "Su pərisi",
"Əqrəb bürcü", "Dəhliz",
"Ayı təbəssümü",
"İlğım", "Tıxac" və s.);
komediyalar ("Sevməsən ölərəm", "Vida
marşı" və s.); monodramlar ("Musiqili məktublar",
"Müqəvva", "Sifət", "Məruzə",
"İfritə" və s.). Ancaq bu şərtidir, ona
görə ki, bu bölgü içində milli
dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif
formalı dramaturji mətnlər var; mənzum komediya, fars, antikomediya və s.
F.Mustafanın "Müqəvva" monodramı ictimai məzmunu,
rəmz zənginliyi, ideyası və problemin dramaturji həlli
ilə diqqət çəkir. Əsərdə bir
iştirakçı olmasına rəğmən, dramaturq
bütün cəmiyyət hadisələrini fabulanın əsasına
qoyur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus
həyat fəlsəfəsi olan qadın evinə kişi müqəvvası gətirərək
ona "ərə gedib". Cəmiyyət hadisələri
də məhz bu kontekstdə açılır; hərənin
bir şey istədiyi (iş, pul, çörək və s.) bu
cəmiyyətin özünü müqəvvaya
oxşadır. Hamı onun gözlərində
müqəvvadır. Onun müqəvva ilə
dialoqundan və evinin pəncərəsindən baxdığı
cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaşmış
insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istəyirlər. Lakin
"azadlıq haradan başlayır?" sualını verir və
onun öz nəfsimizdən, daxilimizdən və xaricimizdən
başlandığını bildirir. Onun
fikrincə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha
sonra isə bütün bədənimizi azad etməliyik.
O, müqəvvanı da buna inandırır, onun və
özünün tam azad, xoşbəxt olduğunu təlqin
edir. Sona çatan son dərəcə dramatik kulminasiyada
qadın müqəvvaya (qadın müqəvva), müqəvva
isə canlıya (canlı kişi)
çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-tamaşaçını
müəyyən dilemma qarşısında qoyur və
"azadlıq", "sərbəstlik" haqqında
düşünməyə vadar edir.
Dram F.Mustafa yaradıcılığının əsas və
aparıcı janrlarındandır. O, ikipərdəli "Adsız"
dramında bütün zamanlar üçün mövcud
problemləri - ailə, həyat, əxlaq, yaşayış
uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi 5 obraz - (Adsız Qadın, Qız,
İbil və Tərxan) iştirak edir. Müəllif
qadınla qıza ad qoymamaqla obrazı daha da ümumiləşdirmək
istəyib. Adsız (lal) obrazı müəllifin
tamaşaçılara çatdırmaq istədiyi əsas
ideyaların daşıyıcısıdır. O, lal və
kar olmasına baxmayaraq, hadisələri diqqətlə
müşahidə edir, onu daha düzgün qiymətləndirir.
O, çox həssasdır, tərbiyəlidir, hiylə və
riyanın nə olduğunu bilmir, hər şeyi dərk edir,
İbilin qıza qarşı süniliyini, onu ələ
keçirmək üçün dəridən-qabıqdan
çıxdığını da görür. Lakin o, istəmir ki, bu cür saf, təmiz qız
İbilə qismət olsun. İbilin isə
Adsızdan xoşu gəlmir, oğlanın (lalın) hər
şeyi çox həssaslıqla gördüyünü
anlayır. Buna görə də onunla
yaxşı rəftar etmir, qızın bu etirazına isə
"təbiət özü kiminlə necə rəftar etməyi
bizdən yaxşı bilir", - deyə təbiətin ondan
(laldan) əsirgədiklərinə haqq qazandırır. Dramaturq bu obrazla demək istəyir ki, nə qədər
cəmiyyətdə İbil kimiləri var, həmişə
haqsızlıqlar, ədalətsizliklər də olacaq.
"Əqrəb bürcü" dramında F.Mustafa cəmiyyətə
başqa bir prizmadan baxır. Cəmiyyətdə əksər
insanların ikrahla baxdığı, peşəsinin
adını insanların dilə gətirə bilmədiyi,
qalanların həyat tərzini və onun cəmiyyətdəki
yerini təsvir etməyə çalışır. Müəllifin yaradıcılığına xas
olan mücərrədlik bu əsərdə də
özünü göstərir. Öz obrazlarının
(qadın, kişi, qonşu qadın,
qonşu kişisi, polis, oğlan) heç birinə xüsusi
olaraq ad verməməklə, cəmiyyət üçün
ümumiləşdirməyə çalışır. Əsərdəki yazıçı obrazı əsərin
ideyasını açmağa xidmət edən əsas
komponentlərdəndir. Yazıçı
qadınlar haqqında kitab yazır; burada ayrı-ayrı
adamların ehtiraslarına qurban gedən, təhqirlərinə
məruz qalan, söyülən, döyülən
qadınların taleyi əks olunmalardır. O öz
çörəyini namusunu, bədənini satmaqla
çıxaran peşə sahiblərinə də xüsusi
yer ayırır.
Cəmiyyətdəki mənəvi aşınmanın təsviri
F.Mustafanın "İlğım", "Ayı təbəssümü",
"Tıxac" dramlarında da davam etdirilir. F.Mustafanın
monopyesləri müasir dramaturgiyamız zənginləşdirən
əsərlərdəndir. Dramaturqun əsəsləri
həm məzmun, həm də forma, janr baxımından tamamilə
yenidir, hətta burada eksperimentçilik də axtarmaq olar, hər
bir eksperimentçilikdə isə yaddan çıxarmaq olmaz
ki, yaradıcılıq axtarışları əsas yer tutur.
Dramaturq F.Mustafa "Musiqili məktublar", "Müqəvva",
"Sifət", "Məruzə", "İfritə"
monopyeslərində yaşadığımız, şahidi
olduğumuz mənəvi-əxlaqi, siyasi-ictimai problemlərə
müasir forma və məzmun baxımından nəzər
salır. Ümumiyyətlə, cəmiyyət və
həyat hadisələrinə fəlsəfi baxış onun
bütün əsərlərini birləşdirən amillərdəndir.
F.Mustafanın dramaturgiya yaradıcılığında
komediyaları (eləcə də mənzum komediya, antikomediya və
s.) başlıca yer tutur. Gülüş, komizm, satira və
yumor tarixin müxtəlif mərhələlərində ədəbi-bədii
fikrin janr və növlərində dominant (bəzən az, bəzən çox) rolunda
çıxış etmişdir. Ancaq
"komediyanın atası" Aristofandan tutmuş bu
günümüzə qədər çox az-az hallarda faciə
ilə komediya, gülüşlə ciddiyyət bir sənətkarın
bədii təfəkküründə müxtəlif janr və
formalarda ifadə olunmuşdur. Əlbəttə, komik,
tragik süjetləri ilə dünyanı dolaşan, həm
faciə, həm də komediyalar müəllifi V.Şekspir
yaradıcılığı istisna olmaqla! Onun
"Kral Lir" faciəsinin gülüşlə, komizmlə
başlaması isə bütün dövrlərin tədqiqatçılarının
diqqətini çəkmişdir.
Tragizm və komizmin sintezi F.Mustafa
yaradıcılığında uğurla həll olunur. Komedioqrafın
yaradıcılığı bizim diqqətimizi yalnız bu
keyfiyyətinə görə cəlb etmir, onun oxuculara on
komediya təqdim etməsi bu janrda uğurlarının
yalnız statistik göstəricisidir. Müəllifin
komediyaları həm də janr, struktur, ideya-məzmun,
dünya ədəbi prosesi ilə uzlaşma baxımından ədəbiyyatımızın
ciddi faktlarından biridir. Əlbəttə,
komedioqrafın janr yenilikçiliyi ilə bağlı daha bir
neçə sanballı faktorları da bura daxil etmək
mümkündür. Təkcə bunu demək kifayətdir
ki, müəllifin komediyalarından ("Qəfəs",
"Ağıllı adam", "Qarışqa tələsi",
"Safari", "Kişiləri qoruyun",
"Oxşarlar", "Senatda toy", "Vida
marşı", "Lampa məsələsi",
"Küsənlər barışanda") heç biri
mövzu, problem, janr və struktur baxımından bir-birini təkrarlamır.
F.Mustafanın
komediya arenasında avanqardçılığı bununla da məhdudlaşmır:
bədii materialı daim ictimai məzmunun müşayiət
etməsi, bədii təfəkkürü və
düşüncə tərzinin orijinal özünüifadə
formalarının zənginliyi onun komediya
yaradıcılığına özünəməxsusluq gətirir.
Antikomediya, komik faciə, qrotesk, absurd komediya, fars,
ekzotik komediya, mənzum komediya, mini-fars və s. janr və
formalar yalnız müəllifin deyil, eləcə də Azərbaycan
komediya amalının ilk daimi sakinləri hüququnu məhz
F.Mustafa yaradıcılığında qazanmışdır. Bütün bu keyfiyyətlər komedioqrafın
komizm, gülüş üsullarının
çoxçalarlılığı, ifadə vasitələrinin
orijinallığı ilə paralellik təşkil edir. Ən əsası isə bu komediyalarda boy verən sənətkarlıq,
yenilikçilik gülüşün bu formada yeni mərhələdə
olduğunu deməyə əsas verir.
Gülüş, komizm, satira, hər şeydən əvvəl,
həyata, cəmiyyətə baxış olmaqla yanaşı,
idrak və mənəviyyat problemlərilə
bağlıdır. Bu cəhətdən F.Mustafa
komediyalarında cəmiyyət hadisələrinin ən dərin
qatlarına nüfuz edilir, gülüşündə mənəviyyat
problemləri, idrak, mühakimə, fəlsəfi
düşüncə tərzi başlıca yer tutur. Onun komediyalarında hadisələrin cərəyanında
məkan və zaman koordinatları dəyişə bilir,
peşəkarlıqla verilmiş müəllif
dekorasiyaları, mizanlar xüsusi status qazanır, remarkalar isə
ideyanın açılmasında xüsusi rol oynayır.
Müasir həyat hadisələrindəki
ictimai, siyasi, mənəvi, əxlaqi ziddiyyətlər komik
mübarizənin əsasını təşkil edir. Burada ənənəvi komik mübarizə
üsulları, istehlakçılıq, qondarma süjet xətti,
obrazların bir-birinə qarşı zahiri cəbhə təşkil
etməsi və s. yoxdur. Müsbət-mənfi qütblərinə
də rast gəlmək çətindir, bunun müqabilində
müasir həyat və "əxlaq qanunlarının təntənəsi"ni (V.Q.Belinski) seyr etmək mümkündür.
"Qəfəs" komik faciəsi və
"Ağıllı adam" qroteskində
bu təntənə daha qabarıq hiss olunur. Birinci
komediyada insanla heyvanın təbiətən
yaxınlaşması prosesi simvolika ilə
çatdırılırsa, ikinci komediyada qroteskin gücü
ilə cəmiyyət hadisələrinin dərinliklərinə
nüfuz edilir.
Ağıllılıq və dəlilik cəmiyyətin ən
aktual problemi olaraq daim ədəbiyyatın tədqiqat obyekti
olmuşdur.
Ağılın insani cəmiyyətdə problemlər
girdabına sürüklənməsi,
ağıllılıqla dəliliyin sərhədlərinin
qarışdığı məqamların təsviri
F.Mustafanın "Ağıllı adam"
komediyasının məğzini təşkil edir. Dramaturq klassik dünya dramaturgiyasının əsas
mövzularından biri "dəlilik-ağıllılıq"
psixologiyasını əsas mövzuya çevirib. C.Məmmədquluzadənin "Dəli
yığıncağı" tragikomediyasında da eyni
problem səhnələşdirilib. Dramaturq
yeni dövrün "ağıllılıq-dəlilik"
problemini və cəmiyyətdəki xəstəliyi orijinal
şəkildə dramaturji fabulanın əsasına qoyur.
Hadisələr xəstəxanada cərəyan
edir; belə ki, buraya gələn jurnalist kimin
ağıllı, kimin dəli olmasını müəyyənləşdirə
bilmir. Məsələ burasındadır
ki, bu "xəstə"lərin çoxu əslində
burda olmamalı idi. Lakin nazirliyin xəstəxanadan
tələb etdiyi hesabatında son zamanlar xəstələrin
azalması ilə bağlı irad bildirilmişdi. Belə çıxır ki, nazirlik xəstəxanada
xəstələrin ("dəli"lərin) olmasında
maraqlıdır. Jurnalist, həkim, müstəntiq
məsələnin kökünə endikcə cəmiyyətdəki
problemin mənəvi-əxlaqi, ictimai-siyasi tərəflərini
ortaya çıxarırlar. "Xəstələr"
içində müxtəlif adamlar var; hakimiyyətdə
olanlar, "qırmızı generallar", həqiqət
aşiqləri, namuslu adamlar və b. əsərdəki kəskin
qrotesk dövrün, cəmiyyətin reallıqlarını
üzə çıxarır. Müəllif psixoloji təsvir
və detallarla müasir cəmiyyətdə ən
ağıllı adamın belə potensial olaraq
fırıldaqçı psixiatrların pasienti ola
biləcəyi ehtimalını komizm obyekti edir. Jurnalist,
həkim, müstəntiq obrazları ilə müasir cəmiyyətin
reallıqlarının tragizmi sənətkarlıqla ifadə
olunur.
"Kişiləri qoruyun", "Qarışqa tələsi",
"Safari" komediyalarında yeni ictimai-siyasi, mənəvi-əxlaqi
münasibətlər sistemi komik, satirik araşdırma mənbəyi
kimi diqqəti çəkir. "Oxşarlar",
"Vida marşı" komediyalarını da milli
dramaturgiyamızın ən yaxşı nümunələrindən
biri hesab etmək olar. Şübhəsiz,
bu komediyalar içərisində "Senatla toy" əsərini
xüsusi fərqləndirmək lazım gəlir. Həcminə görə kifayət qədər
böyük olan bu komediya Azərbaycan ədəbiyyatında
ilk mənzum komediya olmasına görə də maraq
doğurur.
F.Mustafanın dramaturgiya yaradıcılığında
diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən
biri də onun gülüşünün, komizmin ictimai məzmunu,
sosial dərinliyi, habelə həyatı ziddiyyətlərin,
komik vəziyyətlərin reallığı oldu. Bu komediyalarda
həyat həqiqətləri ilə yanaşı, bədii həqiqətlər
də mövcuddur. Ola bilsin ki, baş verən
hadisələr müasir həyat həqiqətlərinə
uyğun gəlməsin, ancaq məkanından, zamanında
asılı olmayaraq hər hansı bir cəmiyyətin, həyat
hadisələrinin bir parçası olsun. F.Mustafa az bir zaman içərisində ədəbi
prosesdə "komediya bumu" yaratmaqla gülüş, komizm
arenasında yeni bir mərhələnin əsasını
qoymuş olur.
F.Mustafa orijinal düşüncə tərzinə və
hadisələrin özünəməxsus fəlsəfi, magik,
sürrealist, romantik, postmodernist yozum çalarlarına malik
bir dramaturq, yazıçı, şair və esseistdir. Firuz Mustafa
yaradıcılığının sirrini, əsasən, onun əsərlərinin
orijinallığında, qəhrəmanlarının
müasirliyində və obrazlarının intellektual təfəkküründə
axtarmaq lazım gəlir. Bütün bu
amillər Firuz Mustafanı çağdaş ədəbiyyat
tariximizin görkəmli simasına çevirən və onun ədəbiyyat
tarixindəki profilini müəyyənləşdirən ciddi
faktorlardandır.
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.24-26.