"Özgə
adam"
Bu axşam ürəyim köksümdə deyil,
Bilmirəm, canlıyam, ya cansızam mən.
Hardan atılmışam bu yer üzünə,
Adı bilinməyən
ünvansızam mən.
Nə bu yer tanışdı,
nə ağac, nə daş,
Nə göyün
ulduzu səsləmir məni.
Nə məni qəlbində sevən çatmaqaş,
Nə əyri
döngəmiz gözləmir
məni.
Küləyin əli də yaddı saçıma,
Yolların qüssəsi dizə gələcək.
Alın
yazılarım sığıb
ovcuma,
Bu heykəl duruşum gözə gələcək
Çöldə qurd ulayır, içimdə sükut,
Nə bu əl mənimdi, nə də ki, ayaq.
Başımın üstündə daş
olub bulud,
Bu özgə adamı kim tanıyacaq?
Bu axşam özümdən
uzağam, nəyəm,
Bəlkə üzr istəyim
yanlışlıq üçün
Özgəyə bənzəyən solğun
kölgəyəm,
Sabah görüşərik tanışlıq
üçün!
Ömür də saatla...
İşıq da saatla, su da saatla,
Ömür də saatla verilər bizə.
Uçuruq arzudan doğan qanadla,
Saatla qovuşar
sevgilər bizə.
Avtobus saatla keçir küçədən,
Saatla çıxırıq
evdən işəcən.
Saatla sürüşüb uzun gecədən,
Gedirik bir qızın görüşünəcən.
Bəzər ömrümüzü payız toyları,
Dəvətlər qapıdan girib tövşüyər.
Saatı
gözləyər toy adamları,
Zamanın əlinə girəvə düşər.
Hər anın hökmü var, bu yalan
deyil,
Əqrəblər izləyir bizləri hər an.
Hər kəsi taleyi uyudan deyil,
Saatı soruşur yuxudan duran.
Mən divar oxşayan bənna kimiyəm,
Zaman məngənədi
məndən ötəri.
Saatı
soruşma, bilən deyiləm,
Ölürəm zamansız gündən ötəri.
Efirdə bir adam
İçimdə ümid var, canı sıxıram,
Şirin arzulara yol qurmuşam
mən.
Qüssəli könüllə çölə
baxıram,
İşığın altında oturmuşam mən.
Xırda
pəncərədə solğun
işıq var,
Dəhlizi kim atıb kölgəmin altda.
Ötən xatirələr "doqquzdan"
baxar,
Özüm oturmuşam "birinci"
qatda.
Səsini
kim alıb
ötən çağların,
Ağ-qara şəkillər kölgəli,
solğun.
O vaxtkı dəlisov, tərs uşaqların,
Alnı
şum yeridi, baxışı yorğun.
Yollar cin düyünü, qoynu qüssəli,
Kimi gözləyirəm, kim olur gələn.
Günləri zəhrimar, eşqi
təsəlli,
Bir adam qayıdır
ilk gəncliyindən.
Bu dünya buludlu, axşamında çən,
Ürəyə sevgilər köçəri
gəlmir.
İşığın altında oturmuşam mən,
Qaranlıq utanıb içəri
gəlmir!
Axşam tənhalığı
"Çoxunun yadından çıxdım bu axşam,
Susur telefonum
qara daş kimi.
Sükutun əlindən möhkəm
tutmuşam",
Qırıq xətt cızıram karandaş kimi.
Yolların səs-küyü azalıb
bir az,
Quşlar da kiriyə-kiriyə qalıb.
Özgə vaxt səsindən
dayanmaq olmaz, -
Saatın zamanı geriyə qalıb.
Ürəyin əlində can əsir
olub,
Kim idi taleyi əyilən, əyən?!
Bu nə sükunətdi ömrümə dolub,
Nə bir çağıran var, nə qapı döyən.
Kimlər
ürəyində kimi
çağırır
Dağların qar dolu yaşmağı
düşüb.
Böyük pəncərədən yollar bozarır,
Buludun dirsəyi
aşağı düşüb.
"Tənhalar adası" axşamın adı,
Uzaqda işıq
var, yaxında zülmət.
Deyəsən, yol tapıb gələn olmadı,
Gərək unutmağı unudum,
əlbət!
Melodiya
Günəş qürubdadı, torpaq
mürgüdə,
Uzaqda dağların
boz görüntüsü.
Bulud nə gözəldi bəyaz hörgüdə,
Dindirsən, dinəcək qız hönkürtüsü.
Bu çayın səsində
neçə nağıl
var,
Bu cığır o yolun
görüşündədi.
Bir az bərk
danışsan dünya
"dağılar",
Təbiət bir xəyal yerişindədi.
Pıçıltı ələnir çılpaq budaqdan
Xırda yuvalarda quşlar sarı sim.
Mahnı
dinləyirəm durub bayaqdan,
Görən bu nəğmənin
bəstəkarı kim?
Uzaqdan bir qüssə dumanı gəlir,
Bir səs sükunəti kəsib əridir.
Dünyanın üstünə qaranlıq
enir,
Axşamlar səhərin xatirəsidir.
Arabir işıqlar közərir
tək-tək,
Yuxuya çəkəcək
dünyanı axşam.
Bir günün seyrindən doymayıb ürək,
Sabahın yolunun üstdə durmuşam.
Məndən incidi
Yaxınlara salam dedim,
Uzaqlar məndən
incidi.
Saqqalı dağların qarı,
"uşaqlar" məndən incidi.
Söz göndərib söz aldığım,
Xəyalına yazıldığım.
Yuxusundan
asıldığım,
Dodaqlar məndən incidi
Bəxt
dediyin çilik-çilik,
Kimə düşdü bu elçilik.
Gözəlləri gəzməmişik,
Yığnaqlar məndən incidi.
Ay dediyin - döngə, dalan,
Ürək tutan -unudulan.
Badəsi
bayrama qalan,
Sağlıqlar məndən incidi.
Bu beşdi, bu da altıdı,
Cənnət qələmin altıdı.
Bir-iki sözüm dadlıdı,
"varaqlar" məndən
incidi.
Sevgi vaxtı
Baxışlar sarılar biri-birinə,
Səslər düymələnib əl-ələ
gələr.
Bu anda dünyanın bəxtiyarlığı,
Bir qıza yellənə-yellənə
gələr,
Sevgi vaxtı.
Titrəyir qəlbinin incə
simləri,
Göyərçin gülüşü qanaq-qanaddı.
Qəlbinin kəpənək döyüntüləri,
İçində çiçəkli dünya
yaratdı.
Sevgi vaxtı.
Sualsız, cavabsız həzinliyə
bax,
Göz deyir, əl deyir dil
dediklərin.
Sinədən üzəklər qalxıb
uçacaq,
Bir "qorxunc"
öpüşdü gözlədikləri.
Sevgi vaxtı.
Oğlanın titrəyir səsi
tel kimi,
Önündə dünyanın sərt imtahanı.
"Sevirəm" sözünü
böyük sirr kimi, -
İçində saxlayıb, üşüyür
canı,
Sevgi vaxtı.
Qızın yanaqları bir cüt lalədi,
Gözləri ox kimi sancılıb yerə.
Az qalır eşqini "tərcümə"
üçün -
Yüyürüb özünə dilmanc gətirə.
Sevgi vaxtı.
Neylədim, sən məni...
Salıb
itirdiyin ömür yazı var,
Röyanda yoxamsa, nə murazın var?!
Həsrətin yuxuna etirazı var.
Neylədim, sən məni sevə bilmədin.
Gözlərim yoldadı, qulağım
səsdə,
Mən korun ocağam, sən su həvəsdə.
Boğazım kəndirdə, canım
qəfəsdə,
Neylədim, sən məni sevə bilmədin.
Bir solğun çiçəkli
hər üzgün səhər,
Yolumuz buludlu, döngəmiz qəhər.
Mən səni canıma çəkdiyim qədər,
Neynədim, sən məni sevə bilmədin.
Ömrümüz zamanın ağuşundadı,
Tale səhər-axşam savaşındadı.
Nömrən telefonun yaddaşındadı,
Neynədim, sən məni sevə bilmədin.
Bir dərin axşamda əriyən neyəm,
Yuxulu torpağam,
yeriyən göyəm.
Az qala min dəfə özümü
döyəm,
Neynədim, sən məni sevə bilmədin.
Rizvan NƏSİBOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
23 aprel.- S.28.