Dünya mələkdən xali deyil  

 

Mələklərinə səcdə etməli olduğumuz dünya elə iblisdən xali deyil. İqlim dəyişmələri, müharibələr, yanğınlar, sellər ilə sarsılan dünyamıza, bizi əhatə eləyən aləmə COVID-19 iblis xisləti ilə daxil oldu, gözlənilən gözlənilməz dəyişmələrinə, mürəkkəbliklərinə ayaq uydurmağa çalışdığımız dünyanın ritmini alt-üst elədi. Əvvəl-əvvəl bu bəlanın tez keçəcəyinə inanmışdıq. Ancaq təxminən iki il bəşəriyyət ölüm təşvişi içində yatıb-durdu...

Dünyanın üstündən COVID buludu çəkildikcə istər-istəməz sual da yaranır: insanların həyat tərzini, dünyanın nizamını kökündən dəyişən bu bəla sənətdə hansı izlərini qoydu?..

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu bəla ilə mübarizənin ən qaynar yerində həkimlər oldu. COVID virusunun yayılmasının qarşısını almaq üçün tətbiq olunan tədbirlər çərçivəsində həkimlər Vətən keşiyində dayanan əsgərlər kimi səfərbərliyə alındı, xüsusi rejimdə işlədilər. Xəstəlik təzə yayılmağa başlayanda həkimlər arasında virusa yoluxanlar, həyatını itirənlər az olmadı ki, onların xatirəsini ehtiramla yad etmək borcumuzdur.

Səfərbərliyə alınan həkimlərdən biri Bakı şəhərindəki 11 saylı poliklinikanın terapevt həkimi, ədəbi ictimaiyyətin müxtəlif janrlı nəsr əsərlərinin müəllifi kimi tanıdığı Məlahət Hümmətqızı idi.

Səfərbərlik zamanı xüsusi rejimdə fəaliyyət göstərən Məlahət xanımın vaxt tapanda yazıb sosial şəbəkədə paylaşdığı statuslar isə ona görə böyük maraqla qarşılandı ki, insanlarda zəmanənin amansız bəlasının fəsadları, virusun təsirləri, eləcə bu xəstəlikdən necə qorunmaq barədə məlumat almaq istəyi çox güclü idi informasiya "aclığının" aradan qaldırılmasına ciddi ehtiyac var idi...

Doktoru öz müşahidələri əsasında kitab yazmağa təşviq edənlərdən biri mən oldum. Hər halda, şayiələrlə, şəhər kənd "əfsanələri" ilə doldurulmuş informasiya boşluğu şəraitində qaranlığın üzünü görməyin, səsini eşitməyin, o qaranlıq aləmdəki reallıqda insanın nələr yaşadıqları ilə yazıçı təqdimatında tanış olmağın daha maraqlı olduğunu düşünürəm.

Məlahət Hümmətqızının " libaslı mələk" kitabına topladığı hekayələr xəstəlik zamanı təcrid edilmiş, özünün mələkləri iblisləri, qəhrəmanları qurbanları olan, rəngləri hələ durulmamış qarışıq bir mühitdən isti reportajlar toplusu təsiri bağışlayır. Bu mətnlərdə oxucuya gözəgörünməz ölümün, qorxunc virusların əhatəsində çalışan həkimin həyəcanlı müşahidələri çatdırılır. Hekayələrdə müəllif öz yaşadıqlarını bədiiləşdirməyə çalışaraq bizə ekstremal şəraitin ortaya gətirdiyi insan mənzərələrinin yaratdığı qarışıq cizgiləri təqdim edir.

Kitabdakı hekayələr ölümlə həyat arasında özünü bəzən çarəsiz, bəzən əcələ qalib gələcəyinə inanan qəhrəman kimi aparan insan duyğularının çılğın rənglərlə verilmiş hələ tamamlanmamış tabloları təəssüratını yaradır.

COVID xəstələrinin müalicə olunduqları xəstəxana isə hərbi əməliyyatların getdiyi müharibə meydanı kimidir: buranın da "ön" "arxa" cəbhələri var. Ön cəbhədə olan həkimlər fədakar əsgər kimi ölümün üstünə yeriyən, ölümlə təmasın həyəcanını yaşayan, ölümlə üz-üzə dayanan qəhrəmanlardır. Onlar gözəgörünməz düşmənlə üz-üzə, nəfəs-nəfəsə gəlirlər.

Məlahət xanımın skafandrın içində təqdim etdiyi həkim obrazının emosiyalarını, yaşadıqlarını isə kənardan görmək mümkün deyil. Bu obrazın özü çox vaxt ətrafı tor görür: gözündəki xüsusi təhlükəsizlik eynəyi tərləyəndə dünyanı, insanları seçmək çətinləşir. Ona görə təsvir zahirdən daxilə "köçürülür", skafandrın içindəki insanın yaşantıları böyüdülüb ön plana gətirilir, gözümüzün qarşısında həyatını insanlara fəda etmək məcburiyyətində olan, xəstəsinin ağrısına ortaq olmağı bacaran mələk obrazı canlandırılır...

Bu kitabın oxucularında istər-istəməz bir sual da yaranır: Azərbaycan səhiyyə sisteminin insanların etibarını itirdiyi indiki şəraitdə həkim obrazının ideallaşdırılması, mələk kimi təqdim edilməsi dərəcədə inandırıcıdır ya lazımdır? Ümumiyyətlə, lazımdırmı?

Mənə elə gəlir ki, zəmanəmizin ən böyük paradokslarından biri elə bu sualın başındadır. COVID xəstəliyinin tüğyan etdiyi zamanda bir yandan həkimlər, tibb işçiləri öz müqəddəs andlarına sədaqət göstərir, vəzifələrini vicdanla yerinə yetirib canlarını fəda eləyirdilər, vəzifə başında həlak olanlar var idi. Bir yandan da müasir bir tibb mərkəzinin rəhbəri, yüksək təhsilli səhiyyə məmuru can hayında olan insanlardan rüşvət yığarkən kabinetində həbs olundu, yaxud saxta peyvənd pasportu verib sosial təhlükə yaradan ağxalatlı canilərə prokurorluq cinayət işi qaldırdı. Bunlar da cəmiyyətimizi sarmış ictimai xəstəliyin ağır simptomlarıdır çox təəssüflər olsun ki, yaşadığımız, şahidi olduğumuz gerçək tarixdir. Belə görünür ki, bu viruslarla mübarizə aparmaq hələ aktuallığını saxlayacaq...

Kitablarda olduğu kimi, həyatda da iblislə mələk üz-üzə gəlir. Məlahət xanımın " libaslı mələk" kitabındakı hekayələri oxuyanda bütün zamanların sınaqlarından çıxmış bir həqiqət bir daha özünü təsdiqləyir: iblislə mələyin mübarizəsi əbədi olduğu kimi, mələyin qələbəsinə, dünyanı xilas edəcəyinə inam da sarsılmazdır! 

Şübhəsiz ki, Məlahət xanımın əsər boyu təqdim etdiyi aparıcı qəhrəman - libaslı mələk onun öz portretidir. Mən kitabı oxuyarkən hekayələrdə daha çox üç obrazı izləməyə çalışdım: yazıçı (müəllif) obrazı, həkim obrazı, qadın obrazı...

Hələlik müəllifin üstünlük verdiyi həkim obrazıdır...

Mənə elə gəlir ki, bu, başlanğıcdır. Daha çox sənədli nəsr təsəvvürü yaradan bu ilkin təəssüratlar əsasında gələcəkdə iblislə mələyin mübarizəsini əks etdirən ciddi bir roman da yazıla bilər...

 

Məti OSMANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.31.