"Altmışıncılar və son
altmış ilin
ədəbi həyatı"ndan səhifələr
Üzərində bir ildən
artıq işlədiyim 1000 səhifəlik
"Altmışıncılar və son 60 ilin ədəbi həyatı"
kitabını bitirmişəm. Əsərdən
bəzi fəsillər "525-ci qəzet"in bir neçə
sayında (7-13 aprel) dərc olunub. Kitabın bir
parçasını da "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.
ANAR
Azərbaycan Yazıçılar İttifaqının
Birinci katibi, Xalq yazıçısı İsmayıl
Şıxlı səhhətiylə əlaqədar vəzifəsindən
istefa vermişdi. 1987-ci il iyunun 17-də
Yazıçılar İttifaqının Plenumunda bu məsələ
müzakirə edildi. Plenum
iştirakçılarının əksəriyyəti, o
cümlədən mən İ.Şıxlının vəzifəsində
qalmasını təklif etsək də, İsmayıl müəllimin
israrlı təkidindən sonra istefa ərizəsi qəbul
olundu, səmərəli fəaliyyətinə görə ona
təşəkkür bildirildi. Mən
yekdilliklə İttifaqın Birinci katibi seçildim. Mənim namizədliyimi ilk olaraq Əkrəm
Əylisli irəli sürdü. İsi Məlikzadə,
Tofiq Bayram, İsa İsmayılzadə və İsmayıl
müəllim özü bu təklifi dəstəklədilər.
Sonda çıxış edərək mən
bu yüksək etimada görə Plenum
iştirakçılarına və ilk növbədə
İsmayıl müəllimə dərin minnətdarlığımı
bildirdim.
Bir
neçə aydan sonra İttifaqın katiblərindən
Elçin "Vətən" cəmiyyətinin sədri
seçildiyinə görə vəzifəsindən istefa verdi və onun yerinə mənim təklifimlə
Əkrəm Əylisli seçildi.
Yazıçılar İttifaqında Əkrəmlə
tam anlaşıqlıq şəraitində işləməyə
başladıq. Əkrəmin məndən yüngülvarı
narazılığı yalnız ondan ibarət idi ki, mən
yaşlı yazıçılar, məsələn, Mirzə
İbrahimov, Süleyman Rüstəm iş otağıma gələndə
onları hörmətlə qarşılayıram. Onun fikrincə,
(bu fikri "Yazıçı" nəşriyyatına
müdir təyin olunandan sonra həyata keçirməyə
başladı) - yaşlı yazıçıları tamamilə
ədəbiyyatdan silib atmaq lazımdır.
Doğrudur, Sovet vaxtında "Azərbaycan"
jurnalının redaktoru işləyərkən ona bu istəyini
həyata keçirməyə imkan verə bilməzdilər. Daima
qürurlanır ki, redaktor işləyərkən bir neçə
istedadlı gənci çap edib. Bu
düzdür. İlk olaraq Rəsul
Rzanın xeyir-duası və himayəsiylə mətbuata
çıxarılan bir neçə gənc şairi sonra
Əkrəm də "Azərbaycan" jurnalında çap
edirdi. Amma onun redaktorluğu dövrünün "Azərbaycan"
jurnallarını vərəqləsələr, aydın olar
ki, gənclərin yazıları hər nömrənin
ümumi həcmində olsa-olsa on-on beş
faiz yer alır. Qalan səksən beş -
doxsan faiz isə sonralar "antiədəbiyyat" adlandırdığı
mətnlər, bəyənmədiyi "canlı klassiklərin"
əsərləri və onlara həsr olunmuş şit təriflərdir.
Bununla belə Əkrəmin "Azərbaycan"
jurnalında fəaliyyətini ədəbiyyatımız
üçün önəmli sayıram.
Sonralar "Yazıçı" nəşriyyatında,
artıq başının üstündə nəzarət olmayanda
qəzetdə elan dərc etdi ki, filan-filan müəlliflər
- yəni yaşlı və orta nəslə mənsub olan xeyli
yazıçı - gəlib əlyazmalarını nəşriyyatdan
aparsınlar, onların kitabları çap olunmayacaq.
Yadımdadır,
rəhmətlik Mirvarid xanım Dilbazi mənə telefon etdi,
ağlaya-ağlaya: - axı sənin dostun niyə məni belə
biabır edir - deyirdi - kitabımı çap etmir etməsin,
amma bu barədə qəzetdə niyə elan verir?
Nə isə...
Bütün xırda-para narazılıqlara baxmayaraq
seçildiyim ilk dövrdə əvvəlki kimi məhrəm
münasibətlərimiz vardı. Elə həmin il
1997-ci ilin dekabrında Əkrəmin 50 yaşı tamam olurdu və
mən bu yubileyi çox yüksək səviyyədə
keçirmək istəyirdim, bu barədə o vaxt Əylisdə
olan Əkrəmə məktub da yazmışdım, Əkrəmin
cavab məktubu isə beləydi:
Anarı, bu beş-üç kəlməni tez təcili
yazıb göndərirəm ki, mənim mənfur
"yubileyim"lə bağlı olan narahatlıq
yükünün bir qismini sənin çiynindən imkan
daxilində tez götürüm.
Heç bir Azdrama - filan tədbiri lazım deyil,
dadaş. Qrilbar tədbirinə etirazım yoxdur. Bir də havalar yaxşı olsa, könlümüzə
məhrəm adamlardan bir ikisini də götürüb
yaxın rayonların birinə "yubiley" sərəfinə
çıxarıq. İ fisyo! Yaxud belə bir variant:
Yuxarıdan Nurəddin Mustafayevə (o vaxt Naxçıvan
Partiya Komitəsinin rəhbəri - A.) göstəriş verirlər
ki, mənim 50 yaşımı Naxçıvanda - Azərbaycan
Yazıçılar İttifaqı ilə birgə qeyd eləsin.
Onda yenə yaxınlarımızdan
beş-üç nəfərini götürüb gəllik
bura.
Cənabınız Naxçıvan teatrında nitq irad
eləyər.
Sonra yığışıb gəllik Əylisə ev görüşünə. Bu
olar həm yubiley, həm də bir növ zarafat. Yoxsa get
duzsuz-duzsuz otur Azdramanın səhnəsində ki, nə var, nə
var mənim 50 yaşım tamam olub.
Şöylə-boylə
işlər!
Evdə
son işlər gedir: suvaq.
Bakıya gəlmək istəyirəm, ancaq işi
yarımçıq qoymaq istəmirəm. Güman ki,
5-10 günə gəlləm. Şəkkül
müəllim (Ordubadın partiya rəhbəri - A.) məzuniyyətdədir.
Bu günlərdə təzədən
"flyus" olmuşdum, indi düzəlirəm. Sən də inşallah, mənim bu məktubumu
alanacan soyuqdəymə (ya gözdəymə) ilə
haqq-hesabı çürütmüş olacaqsan. Əhli-əyala
səmimi salamlar! Bir bənd qəzəl
yazacaqdım. Heyif ki, kağız
qurtardı.
Əki
16.12.87
Əkrəm Əylislinin adını ilk dəfə Həsən
Seyidbəylidən eşitmişdim. Bir görüş zamanı mənə
dedi ki, "Literaturnaya qazeta"dan ona üç gənc
yazıçı haqqında məqalə yazmağı
sifariş ediblər - Yusif Səmədoğlu, Anar və
Əkrəm Əylisli haqqında. - Yazıb göndərmişəm
- dedi - bəyəniblər, yaxın nömrələrin birində
dərc olunacaq.
Nədənsə, bu yazı heç vaxt çap
olunmadı, amma mənim Əkrəmə ilk marağım
bundan başladı. Yusifin hekayələrini oxumuşdum,
çox bəyənirdim. Əkrəmdən
isə o vaxtacan xəbərim yoxdu. Həsənin
sözündən sonra kitabını tapdım, oxudum və
onun da nəsrini çox bəyəndim. Sonra - qəribə
təsadüf - indi elə Həsən Seyidbəylinin
adını daşıyan küçədə tanış olduq. O vaxt Vaqif küçəsiydi,
bir tərəfində Yusifin, Maqsudun, Fikrət Qocanın, Fikrət
Sadığın, Elçinin, Cabir Novruzun, Əli Kərimin,
mənim yaşadığımız "Vaqif, 30"
ünvanlı ev, qarşıda elə Həsən Seyidbəylinin
yaşadığı bina. Tinin başında -
divarında "Bu evdə Yusif Vəzir Çəmənzəminli
yaşayıb" xatirə lövhəsi olan binada isə
Əkrəmə mənzil vermişdilər.
Yadımdadır, o vaxtkı Vaqif küçəsində
Əkrəmlə məni rəhmətlik Çingiz Ələkbərzadə
tanış etdi (Çingiz də burda,
Yazıçılar evində, atası Əbülhəsənlə
bir yerdə yaşayırdı). Nədirsə
qısa müddətdə Əkrəmlə bir-birimizə
isnişdik. Çox illər sonra Əkrəm
özü etiraf edirdi ki, Anarın evinə istədiyim vaxt gələ
bilirdim.
Düz deyir. Bir dəfə iri bir ağacın
budağını qoparıb gətirmişdi ki, istədim sənin
evində yaşıllıq olsun.
Mənzilimin əlavə yaşıllığa
ehtiyacı yox idi nə hərfi, nə məcazi mənada. Həm də
qoparılmış budaq evə nə yaşıllıq gətirə
bilərdi, olan qalan yarpaqları da solub töküləcəkdi.
Amma Əkrəmin o vaxt dediyi sözləri də
unutmamışam. - Bu şəhərdə mənim iki
dostum var, sən və bu ağac. - Bəs bir dostunun
budağını niyə qırıbsan? - dedim.
Demə, bu sözləri sonralar dəfələrlə,
ayrı mənada öz-özümə təkrar etməli
olacağammış.
Əkrəm
Əylisliylə altmış il bundan əvvəl
qurulan və müxtəlif mərhələlərdən
keçən münasibətlərimizin uzun və təzadlı
bir tarixçəsi var. Bu tarixdə çox xoş, isti məqamlar
da, dost, silahdaş olduğumuz dövrlər də olub,
bir-birimizdən incidiyimiz günlər, aylar da. Mən
heç bir vaxt Əkrəmə qarşı heç bir naqis
hərəkət etməmişəm.
1987-1988-ci
illərə qədər, ləkəsiz, qara buludlarsız
münasibətlərimiz mən Yazıçılar təşkilatının
rəhbəri seçiləndən il
yarım - iki il sonraya qədər davam etdi. Təxminən
elə bu vaxtdan mənə qarşı şifahi və mətbuatda
yazılı iradları, tənqidləri, get-gedə şiddətlənən
hücumları başladı. Mən bu həmlələrin
bəzisinin üstündən üstünü vurmadan,
cavablandırmadan keçirdim, amma bəzisinə cavab verməli
olurdum. Həmişə hücuma birinci
Əkrəm başlayıb, onun yazdıqlarının şiddət
dərəcəsindən asılı olaraq mən də ona
mülayim, yumşaq cavablar vermişəm, təhqirlərə,
böhtanlara keçəndə isə konkret faktlarla, məntiqlə,
dəlillə sərt, kəskin ifadələr də işlətməli
olmuşam.
Münasibətlərimiz
pozulduqdan sonra da 1998-ci ildə mənim 60 yaşım tamam olan
günlərdə "Mədəniyyət" qəzetində
(14-17 mart 1998) belə bir yazı dərc
etmişdi:
Anara və özümə 90 yaş arzulayıram. İnanıram ki, biz bu 90
yaşı mütləq yaşayacayıq və deməli, təmasda
olmağımızçün irəlidə hələ 30 il var.
Yazıçılar Birliyinin yerdə qalan üzvlərinin
hamısına (yəni hərəsinə) azı 95 yaş
arzulayıram.
Ondan ötrü ki, Anarla mən bu dünyadan
birdəfəlik köçüb gedəndən sonra da istəyirəm
Birlik üzvlərinin bizim münasibətlərimizdən
danışmağa heç olmasa beşcə il
"çisti" vaxtı qalsın".
Əkrəmin
bu xoş arzusuna mən də qoşularaq istəyirəm ki,
Allah ikimizə də uzun ömür versin. Amma
şər deməsən xeyir gəlməz. Allah eləməmiş Əkrəm dünyada
olmasaydı mən indi bu yazdıqlarımı yazmazdım.
Mərhumların dalınca
danışmağı, onlara cavab verə bilməyəcəyi
iradları yönəltməyi ən böyük namərdlik
sayıram.
O biri tərəfdən,
mən dünyayla daha əvvəl vidalaşsam, mən gedəndən
sonra Əkrəmin olub keçənləri öz bildiyi kimi
yozmasını və qələmə verməsini də istəmirəm.
Bir də
mənə elə gəlir ki, Əkrəmlə mənim, həm
də tək mənim yox, bir sıra başqa
çağdaş yazıçılarımızla münasibətləri,
mübarizəsi, münaqişəsi hər birimizin şəxsi
işi deyil, ədəbi mühit, yazıçı
davranışı, ziyalı əxlaqı baxımından da
önəmlidir.
Ona görə də son altmış ilin ədəbi
proseslərinə və şəxsiyyətlərinə
işıq saldığım kitabda Əkrəmə bu qədər
yer ayırmağıma təəccüblənməsinlər. Mənim həyatımda
da, ədəbi mühitdə də müəyyən yeri olan
adamla münasibətləri olduğu kimi indiki və gələcək
nəsillərə çatdırmağı vacib və özəlliklə
ibrətamiz vəzifə hesab edirəm.
Yazdıqlarımı ancaq konkret faktlara və mətbuatdan
gətirdiyim sitatlara əsaslanaraq qələmə alıram. Kiməsə
qəribə, bəlkə də pis görünə bilər
ki, mən illər uzunu Əkrəmlə bağlı qəzetləri
saxlamışam. Məsələ ondadır ki,
Yazıçılar Birliyinə rəhbər seçiləndən
il yarım, ya iki il sonra Əkrəmin mənimlə
mübarizəyə girişdiyini gördüm və odur ki, bərayi-ehtiyat
onun mənə mətbuatdakı hücumlarını
"Əkrəmnamə" adlandırdığım qovluqa
yığmağa başladım. Ürəyimə
dammışdı ki, bir gün məlum faktlar anılanda
onları yalnız konkret sitatlarla bərpa və sübut etmək
olacaq. Əfsus ki, illər keçdikcə
"Əkrəmnamə" qəzetləri dörd-beş
qovluğa da sığmadı.
Tam obyektivliyə riayət edərək bəzi məsələlərə
aydınlıq gətirmək istəyirəm.
Tək mənim yox, Yusifin, Vaqifin, Elçinin də -
"şəhər uşaqları" kimi Əkrəmə
xoş və qayğıkeş münasibətində onun
istedadına hörmətlə yanaşı, bir himayədarlıq
çaları da vardı. Bu çalar onun
ömürlüyüylə (bioqrafiyasıyla) bağlı
idi. Bilirdik ki, Əkrəmin uşaqlıq
illəri bizimkindən qat-qat ağır keçib, şəhərdə
kimsəsi yoxdur, yoldaşlıq borcumuz ona hayan və dayaq
olmaqdır. Uzaq dağ kəndindən
böyük şəhərə gəlmiş, atadan yetim bir gəncin
yad mühitdə özünü tənha, kimsəsiz hiss etməsini
istəmirdik.
O vaxt hələ
də ona yad olan şəhərdə duyduqlarını
Əkrəm təsirli bir şeirində ifadə etmişdi:
Mənim
o yerlərə dönməyim gəlir
Allah, yol
ver gedim: əhd eyləmişəm,
Bu yolu bir
dəfə geri dönməyə
Bəlkə milyon dəfə cəhd eyləmişəm.
Gəldim
bu şəhərin hər üzün gördüm,
Domsovetin
gördüm, dənizin gördüm,
Anarın,
Mövludun, Ramizin gördüm,
Mənim o yerlərə dönməyim gəlir.
Mənə
əl eləyir əli Əylisin,
Yağışı,
yağmuru, seli Əylisin,
İliyimdə
əsir yeli Əylisin
Mənim o yerlərə dönməyim gəlir.
O vaxtlar
bizim nəsil nasirləri arasında ən üzdə
olanları Əkrəm və mən idik. Hər
yerdə, hər imkanda özümü geri çəkib
Əkrəmi qabağa verməyə
çalışırdım. Eybəcər ədəbi
"əxlaqa" görə mən "rəqibimi"
kölgəyə itələməkdənsə,
özümün hələ məhdud, atamın nisbətən
geniş imkanlarından istifadə edərək Əkrəmi hər
cür "irəli çəkməyə", nadanlardan,
cahillərdən, paxıllardan qorumağa
çalışırdım.
Rəsul Rza Yazıçılar İttifaqında indiki təbirlə
desək, bir "master-klass" təşkil etmişdi,
istedadlı cavan şair və nasirlərlə
görüşlər keçirir, yazılarını
müzakirə edir, məsləhətlər verirdi. İki Fikrətlər
(Sadıq və Qoca), İsa İsmayılzadə, Ələkbər
Salahzadəylə, Arif Abdullazadəylə bir yerdə Əkrəm
də bu görüşlərdə iştirak edirdi. Yadımdadır, atam deyirdi ki, cavanların yazıları
müzakirə ediləndə Əkrəmin
çıxışlarında iti müşahidələri və
dəqiq mühakimələri diqqətini çəkib.
Az sonra
başqa şairlər Rəsul Rzanın bu "dərnəyinə"
qısqanmağa başladılar, bunu belə qələmə
verdilər ki, guya Rəsul Rza başına havadarları
yığır, öz "ədəbi məktəbini"
yaratmağa çalışır. Atam həmişə deyərdi:
Mən "ədəbi məktəbimdən" yalnız o gəncləri
saya bilərəm ki, özləri bunu deyir. O vaxt ədəbiyyatşünaslıqda
qorxa-qorxa işlədilən "Rəsul Rza məktəbi"
ifadəsi atamın çağdaşları arasında ciddi
etiraz doğurmuşdu. Bunun səbəblərini təxminən
belə ifadə etmək olar: filankəsin ordeni,
mükafatı olduğu kimi, mənim də bunlardan
varımdı, amma niyə filankəsin "məktəbi
olsun" mənim yox?
Əlqərəz. Əkrəmə diqqət və
qayğı göstərməyə
çalışırdıq. Bunu o vaxtlar özü
də etiraf edirdi.
"Əylisdən
Əylisəcən" kitabında yazırdı:
"Qonşu
evdə gedib Anara baş çəkdim, dedi ki, Cəfər Cəfərov
(o vaxt Cəfər müəllimi lap təzəliklə Mərkəzi
Komitənin ideoloji katibi qoymuşdular) səninlə
maraqlanır. Rəsul (Anar atasına sadəcə "Rəsul"
deyirdi) iş barəsində (yəni mənim haradasa qulluq
işinə düzəlməyim barədə) səninlə
söhbət eləmək istəyir. Havaxt deyirsən,
bir yerdə gedək yanına. Bir sözlə, məlum
oldu ki, Anar da elə həmişəki Anardır: mənim
yolumda özünü fəda etməyə yenə
can-başla hazırdır...
...Bir də
görünür, əvvəlcədən ürəyimə
dammışdı ki, mən o nəşriyyatda çox
işləyə bilməyəcəm.
(Rəsul Rzanın təklifiylə və Cəfər Cəfərovun
dəstəyilə Ə.Əylisli "Gənclik" nəşriyyatının
Baş redaktoru vəzifəsinə təyin edilmişdi - A.)
Buna görə də orda işləyəcəyim
müddətdə heç olmasa ən istedadlı gənc
yazıçılardan bir neçəsinin kitabının nəşr
olunmasına yaman tələsirdim. Və bu işdə
çox vaxt Rəsul Rza dadıma çatırdı,
çünki nəşriyyatın direktoru mənim fikrimlə
hesablaşmağa hərdən məcbur olsa da, hər halda Rəsul
Rzanın sözünə qarşı çıxmağa
heç vaxt cəsarət etmirdi".
O ki
qaldı Əkrəmə, təəssüf ki, vaxtilə
yazdığı bu vicdanlı və obyektiv sözlərə
baxmayaraq sonrakı illərdə mənimlə münasibətləri
pozulandan sonra Rəsul Rza haqqında da ən nalayiq şəkildə
danışmağa başladı.
Əkrəmin xahişilə və mənim vasitəçiliyimlə
atam ona Yazıçılar İttifaqına üzv olması
üçün zəmanət vermişdi. Atamın vəfatından
çox illər sonra isə Əkrəm "Rəsul
Rzanın minnəti olsun ki, mənə zəmanət verib"
kimi heyvərəliyi özünə rəva bildi (Əkrəmin
çox sevdiyi və tez-tez işlətdiyi "heyvərə"
sözünü ona qaytarıram).
Mənə qarşı dediyi və yazdığı rəzalətləri
ona bağışlayardım, amma atama aid bu nankorluğu və
nanəcibliyi bağışlaya bilmərəm. Bu barədə
gələcək səhifələrdə ətraflı
danışacam. İndi isə hadisələrin
xronoloji ardıcıllığına qayıdıram.
Moskvadan mənə
göndərdiyi 20 oktyabr 1968-ci il tarixli məktubunda
yazırdı:
"Anarıç, mən çox güman ki, ancaq
ayın axırlarında gəlib çıxa biləcəyəm. Burada iki məsələ
var - biri bizim Naxçıvana səfərimiz. Gecikməyimin buna dəxli yoxdur. Gələn
ayın əvvəllərində səfərə
çıxa bilərik. O biri məsələ komsomol
mükafatı məsələsidir. Qorxuram Cəmil
(Cəmil Əlibəyov - A.) mənə badalaq gələ.
Bu məktubu da, düzü, elə bu məsələyə
görə sənə yazıram. Çünki orda mənim
bu məsələ ətrafında bir söz deyə biləcəyim
ikinci adam yoxdur. Nəsirli (Yasif
Nəsirli - A.) söz verib ki, xəbər eləsin, ancaq
qorxuram aldada.
Anarıç, bilirəm ki, səni çətinə
salıram. Ancaq başqa əlacım yoxdur. Mümkünsə,
bir az göz-qulaqda ol. Mən istəyirəm
o mükafatı alım, get-gedə daha çox hiss edirəm
ki, lazımdır! Dəqiq bilirəm ki, əgər
Cəfər kişinin xəbəri olsa, məsələ mənim
xeyrimə həll olunacaq. Ancaq çox
mümkündür ki, məsələni ondan yan
ötürsünlər. Onda gərək sən
Rəsul müəllimə deyəsən, onu da zəhmətə
salasan - zəng eləsin. Anarıç,
bütün bunların, bu zəhmətin nə olduğunu mən
başa düşürəm. Daxilən xəcalət
çəkirəm və ancaq bir şeyə ürəklənirəm
- o da taleyimi sizinlə birləşdirməyimdir. Bilmirəm - nə dərəcədə buna
haqqım var, ancaq mənə elə gəlir ki, bütün
bunları sənə yaza bilərəm. Nə
isə... mirzə, bu qədər. Özünə
eşq olsun. Sağ ol.
Sənin
Əkrəmin
20.10.68.
Məktubu alandan sonra Cəfərovun yanına getdim
(atamın yaxın dostu Cəfər Cəfərov həm də
mənim universitet müəllimim və diplom işimin rəhbəri
idi) və israrla Komsomol mükafatının Əkrəmə
verilməsini xahiş etdim. Cəfər əmi: - bəs istəmirsən
sənə verək bu mükafatı? - deyə
zarafata saldı - Yox - dedim, əgər mənə verilsə
imtina edəcəm. - Lap Pasternak Nobel mükafatından imtina edən
kimi, - deyə yenə zarafat etdi, amma
sözümün tam ciddiliyini görüb: - Yaxşı,
mükafatı sənin Əkrəminlə Fikrətinə verərik
- dedi.
Fikrət Qoca özü mənə bu barədə
heç nə deməsə də, onun üçün də
xahiş etmişdim.
Sonra Cəfərov
bu əhvalatı atama da danışıb:
-
Anarın da qəribə xasiyyəti varmış - deyib - belə
xasiyyətlə çətin yazıçıların
içində baş çıxara.
Uzaqgörən
adam imiş və "yazıçı əxlaqına"
yaxşı bələd imiş.
Atam da bu mükafatların Əkrəmə və Fikrətə
verilməsini xahiş etmişdi Cəfərovdan.
Mükafatı aldıqları gün axşam Fikrətlə
Əkrəm bizə gəldilər, böyük sevinclə bu
işi birlikdə qeyd etdik.
Düzünü deyim ki, o vaxtlar Əkrəmdən də
bizə qarşı səmimi münasibəti duyurduq. Yusif də,
Əkrəm də, mən də əlyazmalarımızı mətbuata
verməkdən öncə bir-birimizə oxuyardıq. Mənim
Vaqif küçəsindəki yarızirzəmi mənzilimdə
Əkrəmin Yusifə və mənə oxuduğu povestləri,
hekayələri, həmin mənzildə mənim də ilk dəfə
"Ağ liman"ı Fikrət Qocaya, Fikrət Sadıqa,
Əkrəmə, İsa İsmayılzadəyə, Ələkbər
Salahzadəyə oxumağım (Yusif daha əvvəl əlyazmasıyla
tanış olmuşdu) unudulmazdır. O
vaxt Elçinlə hələ elə yaxınlığım
yox idi. Elçinlə qonşu və tanış idik əlbəttə,
amma sıx ünsiyyətimiz "Ağ liman"
"Kommunist" qəzetində şiddətli tənqidə
məruz qalanda və bu münasibətlə
Yazıçılar İttifaqında keçirilən iclasda
Elçinin məni müdafiə edən
çıxışından sonra başladı.
Mənə
göndərilən ən mühüm məktubları və
özümün yazdığım bəzi məktubların
surətini saxlamaq şakərim var. Yuxarıda bəhs etdiyim
olaylardan çox-çox illər sonra Əkrəmə
axırında: "7-12 yanvar, beş yuxusuz gecə, 1992"
tarixi yazılmış 25 səhifəlik məktubumdan bir
parça:
"Dostluğumuzun
bəlkə də gələcəyi yoxdur, amma hər halda
keçmişi olub və bu keçmişdə
Bakıdakı saysız-hesabsız görüşlərimiz,
söhbətlərimiz, Moskvada, Leninqradda, Türkiyədə
olduğumuz vaxtlar, rayonlarımıza getməyimiz, Kür boyu
gəmiylə səyahətimiz, Mövludun maşınında
bütün Azərbaycandan, Gürcüstandan keçərək
Mövludgilin Ermənistan ərazisində yerləşən kəndlərinə
səfərimiz unudulmazdır. Eyni cür
Əylisdə sənin evin tikilməmişdən əvvəl
və tikiləndən sonra keçirdiyimiz xoş günlər
kimi".
"Qoy gələcək tədqiqatçılar - sənin
tədqiqatçıların - qəzetləri, jurnalları vərəqləsinlər,
görsünlər, mən sənin barəndə nə qədər
və nələr (təriflər!) yazmışam və
nə yaxşı ki, sən heç vaxt mənim barəmdə
mətbuatda xoş bir söz yazmamısan, çünki
boğazdan yuxarı söz mənə gərək deyil.
Mən həmişə sənin haqqında səmimi
yazmışam, ürəyimdən gələnləri
demişəm.
Dəqiqləşdirməyə məcburam: "əvəz-əvəz"
prinsipinə, "mən səni müdafiə etmişəm,
sən də gərək məni müdafiə edəsən"
davranşına nifrət bəsləyirəm. Sən də
yaxşı bilirsən ki, həmişə bir devizə sadiq
olmağa çalışmışam: "Balığı
at dəryaya, balıq bilməsə də, xaliq bilər".
Qurultaydan sonra sənin çap etdiyin yazıda mənə
qarşı əsas iradın o idi ki, mən "hamıya
yaxşılıq etmək istəyirəm". Bəli, bir daha bu qəbahətimi
təsdiq edirəm: mən hamıya yaxşılıq etməyə
çalışıram, ən azı, heç kəsə
pislik etmək istəmirəm. Əgər bu
günahdırsa, Allah keçsin günahımdan. Sənə
isə bu təəccüblü gəlir, heyrətlə
"bizə yaxşı adam olmaq
lazımmış? - deyə heç
cür bu müşgülü anlaya bilmirsən. Bir vaxtlar mənim də, sənin də xəlvət
oxuduğumuz bir kitab - Oruelin "1984" kitabı yadına
düşürmü? Orada totalitar quruluşun
şüarları belə idi: "həqiqət - yalandır,
yalan - həqiqətdir, müharibə - sülhdür, sülh
- müharibədir". İndi sən bu şüarlara birini
də əlavə edə bilərsən:
"Yaxşılıq - pislikdir! Pislik -
yaxşılıqdır".
Çox sonralar Əkrəm yazdı ki, Anarla aramızda
çat mən "Azərbaycan" jurnalının redaktoru
olduğum zaman onun "Beşmərtəbəli evin
altıncı mərtəbəsi" romanını bəyənmədiyimdən
başladı.
Düz demir.
Onun romanım haqqında konkret dedikləri və mənim
cavablarım barədə "Ədəbiyyatın yalan
janrı" adlı yazımda ətraflı bəhs etmişəm.
Əylislinin yetişdiyi mühitin mənimkindən
çox fərqli olduğunu, həyat təcrübəmizin,
zövqlərimizin bir-birindən çox
ayrıldığını dərk etdiyimçün Əkrəmin
romanıma mənfi münasibətindən zərrə qədər
incimədim. Halbuki inciməyə ciddi əsasım vardı.
Əsəri bəyənmədiyinə görə
deyil, başqa səbəbdən. Ona göndərdiyim və
yuxarıda bir parçasını verdiyim 1992-ci il yanvar tarixli məktubumda bu barədə də
yazmışdım:
"Bəyənmədiyin (buna heç bir etirazım yoxdur. Hər
hansı əsəri bəyənib bəyənməmək sənin
redaktor haqqındır) "Beşmərtəbəli evi"
mənə qaytarmaq əvəzinə, jurnalda çap etdin,
amma mətbəəyə göndərməmişdən əvvəl
redaksiya işçiləri yanında lağa, şəbədəyə
qoyub xeyli nəşələndin. Bunu mənə
öz işçilərin danışıb və sübut
üçün sənin öz əlinlə mənim mətnimin
kənarında yazdığın "bunu Turaşa
yazıb" sözlərini göstərirdilər (Turaşa
- o vaxt lap kiçik yaşlarında olan oğlum Turaldır -
A.). O vaxt mənə elə gəlirdi ki, əsəri bəyənməməyinin
əsas səbəbi özünün dediyin sözlərdir:
"Bu əsər əl-əl gəzəcək". Axı
sənin ən çox can atdığın və nail
olmadığın, ona görə də başqalara
qısqandığın şey populyarlıq, oxucu
marağıdır. Buna görə də
geniş xalq məhəbbətini heç kəsə
bağışlamırsan. Nə Bəxtiyar Vahabzadəyə,
nə Xəlil Rzaya... ona görə yeri gəldi-gəlmədi
onlara sataşırsan".
Bu zəif
damarını Əkrəmin özü də boynuna alır:
"Beşmərtəbəli evi"n ədəbi taleyini əvvəlcədən
nəzərə alaraq etiraf edir: "Deyə bilərlər
ki, mən Anarın populyarlığından çəkinirdim.
Bəlkə də elədir". "Obozrevatel" qəzeti 13-19 yanvar 2006.
Bir söz, əlli ildən artıqdır ki, bu
romanın populyarlığını özünə dərd
eləyib. Hər söhbətdə, hər fürsətdə
imkan düşən kimi döşəyir bu əsərin
ünvanına. Başqa müasirlərini - İsa
Hüseynovu, Sabir Əhmədovu, Elçini haqlı olaraq
yüksək qiymətləndirdikdən sonra mənim
haqqımda belə deyir:
"Anar isə daha çox soyuq təfəkkürlü
adamdır. Onun "Təhminə və Zauru"nu ("Beşmərtəbəli
evin altıncı mərtəbəsi") heç bəyənməmişəm.
Ona görə ki, orada bayaq dediyim özündən
gələn informasiya yoxdur. Əsas odur ki, kim özündən, Allahla öz arasında
olan söhbətdən nələri ədəbiyyata gətirir.
O əsəri ilk dəfə oxuyanda bəzi qeydlər
etmişdim. Anar da çox əsəbiləşdi.
Dedi, çap etməsən incimərəm. Mən də dedim
ki, çap edəcəm və bu əsər əldən-ələ
gəzəcək (! - A.). Oxucumu
tanıyıram axı. Ancaq bunu ədəbiyyatımızın
ciddi nailiyyəti saymaq şəxsən mənlik iş deyil.
"Təhminə və Zaur"un guya
poetik yerləri var. Əslində, bu poeziya uydurma poeziyadır.
Mənimçün o "postel
poeziyası"dır.
Əkrəmin
qəzetdə dərc edilmiş bu sözlərini "Beşmərtəbənin"
çapından çox-çox illər sonra oxuduğum
"Ətirşah Masan" povestiylə tanış olandan
sonra daha yaxşı dərk etdim. Romanımı
qəbul etməməyinin səbəbi yalnız popuyarlıq məsələsi
deyilmiş, həm də məhəbbətə münasibətlərimizlə
bağlı imiş. Romanımda "özümdən
gələn informasiyanın olmamasını" deyir, "əsas
odur ki, kim özündən, Allahla öz arasında olan
söhbətlərdən nələri ədəbiyyata gətirir"
- deyir.
"Ətirşah
Masan"la tanış olanda bildim ki, Əkrəmin nəzərdə
tutduğu "əsərdə müəllifin özündən
gələn informasiya" nədən ibarət imiş və
Allahla arasında olan söhbəti ədəbiyyata nə sayaq
gətirmək olarmış, "Ətirşah Masan"dan
sitat:
"Hələ
lap uşaqlıq çağlarından kəndin ən qəşəng
qızlarını xəyalda tutub aktiv onanizmlə məşğul
olan və bu son 10-15 ildə qızdan-qadından almaq istədiyi
ləzzətin əvəzini dişi atlardan, ulaqlardan
çıxmağa vərdiş eləyən Yədulla indi
gözləmədiyi bir hala düşdüyü vəziyyətin
pərt ovqatı içində çaşıb
qalmışdı".
Əsərdən
daha bir sitat:
"Ağ dayça məsələsini Masan əlbəəl
başa düşdü, çünki bir çox kişilərin
dişi atlarla, ulaqlarla, hətta keçilərlə də
cinsi əlaqədə olması o zaman bizim kənddə
böyükdən kiçiyə, hamıya məlum idi. Düzdür,
keçi ilə cinsi əlaqə hələ əyyami-qədimdən
bir mahalda haram sayılırdı, ancaq atla ulağın haram
olması haqqında hələ ki heç kəs heç nə
demirdi. Və madam ki, demirdilər, bundan belə
bir nəticə çıxarmaq olardı ki, kəndin seksual tələbatının
tarazlaşdırılmasında bu işin özünəməxsus
rolu və əhəmiyyəti vardı. Başqa
sözlə, kənddəki qadın potensialı kəndin
kişi qisminin seksual tələbatının tam ödənilməsinə
bəs eləmirdi".
Göründüyü
kimi, "seksual tələbatlar" və "onların
ödənilməsi", ümumiyyətlə, kişiylə
qadın arasında normal "postel poeziyasıyla" Əkrəmin
qələmə aldığı poeziya - "KEÇİ
MƏCNUNLUĞU" arasında əsaslı fərq var.
Xeyr, Əkrəmlə aralanmağımız
"Beşmərtəbə" məsələsindən
başlanmadı. Buna ən bariz sübut odur ki, Əkrəmin
romanıma bu münasibətinə rəğmən bu söhbətimizdən
sonra yazdığım yazılarda, o cümlədən "Nəsrin
fəzası"nda Əkrəmin
yaradıcılığını yüksək qiymətləndirmişəm.
Yazıçılar təşkilatının rəhbəri
seçilən kimi Əkrəmi İttifaqa katib gətirdim.
Əkrəmlə
aramızda doğrudan da, ilk dəfə çat yaranması isə
Qarabağ məsələsindən başlandı. Bu barədə dəfələrlə
yazmışam. Bir daha təkrar edim ki, Akademik
Aqanbekyanın Parisdə Qarabağın Ermənistana verilməsi
barədə məsələ qaldırması xəbəri
Bakıya çatan kimi Yazıçılar İttifaqında
yığışdıq və mənim
hazırladığım məktubu Mirzə İbrahimovun,
Süleyman Rüstəmin, Hüseyn Abbaszadənin, Elçinin
və mənim imzamla Qorbaçova göndərdik. Bundan başqa, Elçinlə mən dərhal
Bakı televiziyasıyla çıxış etdik. Məsələnin mahiyyətini açdıq və
erməni iddialarını rədd etdik.
"Qarabağla bağlı əsassız erməni
iddiaları başlar-başlamaz Azərbaycan
Yazıçılar Birliyi xalqımızın haqq səsini
dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyətə
keçir. AYB-nin sədri Anarın təşəbbüsü
ilə Azərbaycan yazıçıları Sovet
İttifaqının o zamankı rəhbəri Mixail
Qorbaçova ilk müraciətləri ünvanlayırlar.
Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP Mərkəzi
Komitəsinin Plenumlarında, SSRİ Ali Sovetinin iclaslarında,
Xalq deputatları qurultaylarında, Moskva və Türkiyə mətbuatında,
yerli və xarici TV kanallarında dəfələrlə
çıxış edən Anar Qarabağla bağlı həqiqətləri
əsaslı arqumentlərlə dünya ictimaiyyətinə bəlli
edir. 1990-cı ilin Qara Yanvar faciəsi, Xocalı
soyqırımı haqqında Moskva və dünya mediasına
ilk xəbərlər Azərbaycan Yazıçılar Birliyi
tərəfindən çatdırılır. Qərb paytaxtlarında dəstək qazanan və
Moskvanın çaşbaş qalmasından istifadə edən
ermənilərin tarixi ədalətə zidd mövqeyini
anlatmaqdan ötrü Anar şəxsən Qorbaçovla
görüşür və bu məsələləri onunla
müzakirə edir. Anarın dünyanın bir çox
ölkələrində keçirilən ədəbi,
ictimai-siyasi tədbir və toplantılarda xalqımızın
üzləşdiyi problemlərlə bağlı
çıxışları, siyasi mövzularda məqalələri,
müsahibələri, ədəbi-publisistik yazıları,
Amerika Universitetində oxuduğu mühazirə "Azərbaycançılıq
haqqında düşüncələr" ölkəmizin bədxahlarına
cavabları, həbs edilənlərin müdafiəsinə aid
məktub və müraciətləri "Əsrin əsiri"
və "Plennik veka" kitablarında toplanaraq çap
edilir".
Rahid
Ulusel. "Vətən müharibəsi və ədəbiyyatda
Milli özünüdərk problemi" kitabı. (Səh.
27-28)
Fransanın "Fiqaro" qəzetinin müxbiri
Bakıya gələrkən onu qəbul etdim. Ona dedim ki, İrəvanda
mitinqlərdə "Biz əsgərləri məcbur edəcəyik
ki, bizə güllə atsın", yaxud "biz
rus-türk-tatar-yəhudi qanına qəltan
olacağıq" qəbilindən
çağırışlar mazoxistcəsinə səslənir.
Qəzet isə bu sözlərimi belə başlıqla
vermişdi - "Azərbaycan yazıçısı Anar: ermənilər
mazoxistdirlər".
Elə həmin vaxtlarda kitabımın təqdimatıyla
bağlı Qərbi Almaniyada olarkən Frankfurtda türkcə
çıxan qəzetdə Qarabağ məsələsiylə
bağlı müsahibə verdim. Qəzet müsahibəni
"Ermənilərə tokat (şillə)"
başlığıyla dərc etmişdi. Mən dərhal təkzib yazdım ki, heç bir
vaxt heç bir xalqı təhqir etməmişəm. "Fiqaro"ya göndərdiyim məktubda da
mazoxist sözünün bütün xalqa aid edilməsinə
etiraz etmişdim.
Amma
bütün bunlar kifayət imiş ki, erməni ictimaiyyəti
məni ən qatı düşmənləri kimi qələmə
verməyə başlasınlar... Moskvada
Qorbaçovun Azərbaycan və Ermənistandan olan deputatlarla
görüşü oldu. Mən o vaxt
SSRİ deputatı deyildim. O vaxt SSRİ deputatı olan
Ermənistan Yazıçılar İttifaqının sədri
Vardqes Petrosyan Qorbaçova danos vermişdi ki, Azərbaycanda
ermənilərə qarşı nifrəti, düşmənçiliyi
qızışdıran millətçi Anardır.
Sovet dövründə millətçilik ittihamı ən
ağır suç idi. O vaxt SSRİ deputatı olan Mirzə İbrahimov
V.Petrosyana cavab vermiş, məni müdafiə etmişdi.
Çox sonralar işi-peşəsi Anarı
"ifşa" etmək olan bir köşə yazarı məni
məzəmmət edirdi ki, niyə o vaxt Vardqes Petrosyana cavab
verməmişəm. Fikrət Qoca onun yalanını çıxardı: o
vaxt Anar SSRİ deputatı deyildi və Qorbaçovla
görüşdə iştirak etmirdi, Vardqes isə deputat idi
və bu görüşdə iştirak edirdi. Anar
SSRİ deputatı olanda isə V.Petrosyan artıq deputat deyildi.
Elə bilirsiz bu yalanı söyləyən üzr istədi,
bağışlayın, səhv etmişəm - dedi? Əsla! Əksinə ayrı bir yalan uydurdu ki, guya mən
"tərbiyəmə görə Moskvada
çıxış etmirəm" demişəm. Bu da yalan idi. Bir dəfə mən
Ali Sovetin iclasında çıxış edərkən Sero
Xanzadyan yerdən mənə söz atdı. Nə
dediyini eşitməsəm də bildim ki, nə isə
yaxşı söz deməz, tribunadan Xanzadyana "bu
toplantıya hörmət etdiyim üçün sizin kimi tərbiyəsizlik
edə bilmərəm" dedim.
Ali Sovetin sessiyalarında, SSRİ Xalq Deputatları
qurultaylarında, Moskva televiziyasıyla dəfələrlə
çıxışlarımda Qarabağla bağlı haqq
mövqeyimizi ifadə etdiyimə görə erməni millətçiləri
məni ən böyük düşmənləri elan etdilər. Erməni
yazıçısı Perç Zeytunsyan Ermənistan KP
MK-nın orqanı - "Xorurdai Hayastan" qəzetinin iki
nömrəsində mənim əleyhimə föhş və
təhqir dolu iri məqalə çap etdirdi. Məqaləni rus dilinə çevirib SSRİ
Yazıçılar İttifaqının rəhbərliyinə,
oradan mənə də göndərmişdilər. Mən öz mətbuatımızda ona sərt cavab
yazdım.
Ermənistan
Yazıçılar İttifaqının V.Petrosyandan
sonrakı rəhbəri Raçiya Ovanesyan da Moskvaya
Yazıçılar İttifaqı rəhbərliyinə məktub
yolladı ki, Anar ermənilərin və ümumiyyətlə,
erməniliyn qatı düşmənidir, odur ki, onu inzibatı
yolla və partiya xəttilə cəzanlandırmalısınz.
Ermənistanın bir çox qəzetlərində,
müxtəlif toplantılarında mənim əleyhimə ən
murdar yazılar çıxır, sözlər deyilirdi. Ermənistandan
və Dağlıq Qarabağdan ünvanıma gələn məktublarda
məni yalnız təhqiq etmir, ölümlə hədələyirdilər.
Belə bir şəraitdə Əkrəm Əylisli
Moskvaya "Drujba narodov" jurnalının redaktoru Sergey
Baruzdinə məktub yazmışdı və redaksiya bu məktubu
məmnuniyyətlə dərc etmişdi. Məktubda Əkrəm iddia
edirdi ki, burada (yəni Azərbaycanda) hamı millətçidir,
bunların arasında özünü yalqız hiss edir və
ümumiyyətlə, ta uşaqlıqdan başqa millətlərə
öz xalqından daha çox inanır.
Bu, Azərbaycan ictimaiyyətinə,
yazıçılarına, Yazıçılar
İttifaqına və bu təşkilatın rəhbəri
kimi şəxsən mənə arxadan saplanan bıçaq
idi.
Təbii ki, bu jurnal Bakıya çatanda bomba kimi
partladı. Əkrəm özü bu vaxt Moskvada idi. Mənə çox sayda məzəmmət dolu məktublar
gəlirdi ki, niyə Əkrəmin xəyanətinə
münasibət bildirmirik, niyə onu cəzalandırmırıq.
Onsuz da Əkrəmdən xoşu gəlməyən
bir çox yazıçılar onun nəinki katiblikdən, hətta
Yazıçılar İttifaqından
çıxarılmasını tələb edirdilər.
Belə
bir şəraitdə mən məhz Əkrəmi xilas etmək
üçün onun sonralar uydurduğu kimi Plenum yox, iş otağımda (yəni orda Plenum
üzvlərinin yarısı da yerləşməzdi) xudmani
bir toplantı keçirdim və yazıçılar
çıxış edib ürəklərin
boşaltdılar. Bu çıxışlar
"Ədəbiyyat və incəsənət" qəzetində
(28 aprel 1989) dərc olunub. Əkrəmə qarşı
kəskin təkliflərə yol verməyərək onun
yaradıcılığını xeyli tərifləyib
"biz burda istedadlı yazıçı Əylislini deyil,
onun bir yanlış məktubunu müzakirə edirik" -
dedim və bu replika da qəzetdə dərc edilib.
O vaxt
Əkrəm onun sözlərinin jurnalda təhrif olunduğunu
deyirdi və mətbuat səhifələrində ("Ədəbiyyat
və incəsənət" qəzeti, 26 may 1989) bir növ
üzrxahlıq edirdi:
"Drujba narodov" jurnalının həmin nömrəsinin
çapdan çıxması biz - bir qrup Azərbaycan
yazıçının bu ilin mart ayında keçirilən
plenumunda iştirak etməkdən ötrü Moskvaya getdiyimiz
vaxta təsadüf eləmişdi. "Drujba narodov"
jurnalının redaksiyasından götürdüyüm
3-cü nömrəni oxuyandan sonra mənim nə hala
düşdüyümü bir çox yazıçı
yoldaşlarım öz gözü ilə
görmüşdü, əhvalımın nə yerdə
olduğunu mən onların hamısına demişdim. Jurnalı oxuyan zaman keçirdiyim
sarsıntının səbəbi - Sergey Baruzdinə
yazdığım məktuba mənə xəbərdarlıq
edilmədən yol verilmiş bir sıra ixtisarlar və dəyişikliklər
idi. Bu haqda mən öz kəskin
etirazımı redaksiyaya elə o vaxt bildirmişdim".
Mətləbi uzatmamaq üçün qeyd edim ki, Əkrəm
bu etiraf (ya tövbə) yazısında bildirir ki, Baruzdinə
məktubunda Zori Balayan və başqa millətçi erməni
yazıçılarına kəskin etirazını redaksiya
ixtisar edib.
Yazır:
"Məktubda irəli sürülən bir sıra
fikirlərin redaktə zamanı "rəndələnib-ütülənməsi"
məktubun ümumi ruhuna bu və ya digər dərəcədə
təsir etmişdir. S.Baruzdinin mənim məktubuma
qarşı irəli sürdüyü əks müddəaların
ümumən birtərəfli və ədalətsiz olduğuna
mənim də zərrə qədər şübhəm
yoxdur. Elə məsələ də burasındadır
ki, həmin müddəalar mənim məktubumdakı fikirləri
təsdiq etmək deyil, əksinə - təkzib etmək məqsədi
daşıyır və mənim məktubumda aparılan ixtisar
nəticəsində S.Baruzdinin özünün də bir
sıra mülahizələri, necə deyərlər, havadan
asılı qalmış, professional jurnalist qələminə
yaraşmayan gülünc vəziyyətə
düşmüşdür".
Köhnə
dostu S.Baruzdini Azərbaycan dilində çıxan "Ədəbiyyat
və incəsənət" qəzetində, necə deyərlər,
"baqaja qoyan" Əylisli, nədənsə, həmin o
millətçi erməni yazıçıları haqqında
guya ki, yazdıqlarını Azərbaycan mətbuatında bir
dəfə də olsun çap etmədi. Nə onda, nə sonra...
Əvəzində Anara, Fikrət Qocaya
döşədikcə döşədi və "Daş
yuxular" povestini Moskvada çap etdirdi.
Etiraf
yazısında Əkrəm daha sonra yazır:
"Mənim S.Baruzdinə yazdığım məktubdakı
"ümumxalq qəzəbinə" səbəb olan
cümlə barədə. O cümlənin ruscadan hərfi yox,
həqiqi tərcüməsi belədir: "İndi də Sizi
möhkəm "heyrətləndirəcəyəm": mən
hələ lap uşaqlıq çağlarımdan BAŞQA
XALQLARIN (altını mən cızdım - A.) nümayəndələrinə
"özümüzünkülərdən" də
çox etiqad bəsləmişəm, - yəqin, ona görə
ki, körpə xəyalımla göylərə qaldırdığım
və görünür, öz əhatəmdə tapa bilmədiyim
İnsanın haradasa başqalarının arasında
olduğuna ümid etmişəm.
Rus dilinə azacıq yiyələnən hər kəs
bilməlidir ki, burada söhbət azərbaycanlıdan, ermənidən,
rusdan, yaxud belarusdan getmir. Böyük hərflərlə
yazılan İnsandan, yəni uşaq təsəvvüründəki
ideal insandan gedir".
Kimi çaşdırmaq istəyir Əkrəm? Hansı dilə tərcümə
edirsən et, hərfi, ya qeyri-hərfi mənada məsələ
belə qoyulur ki, BAŞQA (yəni öz xalqından başqa)
xalqlara "özümüzünkülərdən" daha
cox etimad bəsləyib, Azərbaycan
yazıçılarını, ictimaiyyətini
qıcıqlandıran, qəzəbləndirən də məhz
elə bu milli dönüklükdü. Həm də elə bir
vaxt idi ki, bütün SSRİ və dünya mətbuatı
bizə qarşı yönəldilmişdi, səsimizi, həqiqətimizi
heç yerə çatdıra bilmirdik, buna az-çox nail
olanda da dərhal millətçi, irqçi, nə bilim
turançı kimi damğalanırdıq. Hətta
bu "peşmançılıq" yazısında da
Əkrəm özünə qarşı iradları
başqalarına yönəltməyə
çalışır. Yazır ki, "məndə olan
tam səhih məlumata görə, Yazıçılar
İttifaqında keçirilən müşavirədə
yekdilliklə qəbul olunmuş və mətni "Ədəbiyyat
və incəsənət" qəzetində 18 may 1989-cu il
tarixinəcən "Drujba narodov" jurnalının
redaksiyasına, şəxsən S.Baruzdinə, yaxud
Moskvanın hər hansı bir digər mətbuat orqanına
çatmamışdır. Üstəlik, belə
təcili surətdə qəbul olunan həmin məktubun
müşavirədən sonrakı taleyilə heç kəs
maraqlanmamışdır. "Ədəbiyyat
və incəsənət" qəzetini söz yox ki, almayan və
oxumayan Sergey Baruzdinə məhz bu qəzetin vasitəsilə təsir
göstərməyin görəsən nə mənası
vardı".
Əkrəm haqlıdır, məktubun öz qəzetimizdə
dərc olunmasının Azərbaycan cəmiyyətini məsələdən
agah etməkdən başqa bir mənası yoxdur. Baruzdin də
Azərbaycan dilində "qəzet oxumur", nə bizim
yazdığımızı, nə Əkrəmin
yazdığını. Amma Əkrəm
onu demək istəmir ki, mənim rus dilində
yazdığım həmin məktub məhz mənim təkidimlə
"Drujba narodov" jurnalının növbəti nömrəsində
dərc olundu. Əkrəm bu məsələdə
S.Baruzdinin dalından qaçdısa, mən Baruzdinin bir nəcib
hərəkətini etiraf etməliyəm. Məktubumda
Baruzdinə qarşı da ciddi iradlar vardı. Mən
Moskvada redaksiyada olarkən redaktorun müavini Rudenko-Desnyak belə
bir məktubun, yəni jurnalın Baş redaktoruna qarşı
yönəlmiş məktubun "Drujba narodov"
jurnalında çap olunmasına qəti etiraz edirdi. Baruzdin isə:
- yox - dedi, - bir sözünü də dəyişmədən
çap edəcəyik.
Doğrudan
da, çap etdi və jurnalın mənə göndərdiyi
nömrəsiylə bərabər, kiçik məktub da
yazmışdı: "Əziz Anar, axı biz niyə
dalaşmalıyıq".
Bu, doğrudan da, Baruzdinin kişiliyi idi.
Əylisdə
olduğum zaman Əkrəmin böyük qardaşı Cavidlə
tanış olmuşdum və
qarşılıqlı rəğbətimiz vardı, məktublaşırdıq.
Mənə yazdığı bir neçə
çox səmimi məktublarını saxlamışam.
Hamısını eyni səmimiyyətlə
cavablandırmışam. Lap son günlərdə
Əkrəmin yazısından Cavidin vəfat etdiyini bildim. Çox kədərləndim. Allah
rəhmət eləsin, çox işıqlı insan idi.
"Drujba narodov"la bağlı hadisələr
başlayanda Cavid - əlbəttə, qardaş ürəyidir
- mənə həyəcanlı bir məktub göndərmişdi.
Yazırdı:
Əziz
Anar, salam.
Belə bir çətin, dolaşıq vaxtda
üzümü Sizə tuturam. Əkrəmi məndən
yaxşı Siz tanıyırsınız, illər uzunu
yoldaşlıq eləmisiniz. Döyülən
zamanlarda ədəbi cəbhədə onu buynuzlayanları
hamıdan tez Siz görmüsünüz. O məktubun ədəbi
aləmdə nə kimi rəy doğurduğundan xəbərim
yoxdur. Haqlı tənqid, qərəzsiz iradlar
öz yerində Məni Əkrəmə qarşı
haqsız möhtəkir - alverçi hücumları narahat
edir.
Əkrəm də, Siz də öz əsərlərinizlə
öz sözünüzü demisiniz. Həmin məktubu
Naxçıvanda tərcümə eləyib yayanlar ancaq
yazıçını gözdən salmaq istəyirlər.
İnanın, çoxunu nə məktub, nə
də milli münasibətlər maraqlandırır. Əkrəmin sosial-ictimai əsərləri belələrinin
daş tərəzisində yüz qram qoz ləpəsindən
ucuzdur.
Dükan-bazarlarda, çayxanalarda, avtobuslarda - hər yerdə
Əkrəmə, onun şəxsiyyətinə yaraşmayan rəng
verir, olduğu kimi yox, bildikləri kimi hallandırırlar. Bizə də
şübhəylə baxırlar. Deyirəm, 37-ci ildə
tutulan bir yana, onların qohumlarının
nə müsibət çəkdiyini mən indi daha aydın
görürəm. 37-ci ilin provokatorları bu dəqiqə
hazır dayanıb fürsət axtarırlar. Uşaq məktəbdən
gəlib soruşdu: "Əmimi tutacaqlar".
Uşağın bu sözündə 37-ci il
göründü.
"Kür qırağının meşələrində"
millətçi kimi ittiham edilən Əkrəm indi
xalqına, millətinə yad oldu? Ömrü boyu
xalqın dərdindən, düşdüyü ağır vəziyyətdən
yazan Əkrəm birdən öz xalqını unutdu. Bu heç bir məntiqə uyğun deyil. Hadisələrin indiki vəziyyətində
yazıçı yaradıcılıq böhranı
keçirir. Olsun ki, Əkrəm bir
yazıçı kimi gələcək əsərlərindən
birində öz sözünü deyəcəkdir.
İndi mənəvi atmosferi korlayanlar daha çoxdur. Ürəkdən
ağlayanlarla, zorla gözdən yaş çıxaranlar bəlli
deyil. Yazıçı üçün ən
dürüst güzgü gələcəkdir. Yazıçı və şair üçün
milli məhdudluq yoxdur. Dar milli çərçivədə
nə Nizami var, nə Sabir, nə də Rəsul Rza.
Görəsən, Sabir bərabəri şairimiz Rəsul
Rza sağ qalsaydı belə vəziyyətdə necə elərdi?
Əziz Anar, dünya ölüm-itimdir. Məktubum barədə
Əkrəmə heç nə demə, xəbəri
olmasın. Moskvaya gedəndən məktub
da yazmır. Bir tikə halal çörəyimizi
zəhər elədilər. Vallah,
düzü bilmirəm, niyə belə elədi, başa
düşəmmirəm. Bəlkə elə
dünyadan, həyatdan bezib, küsüb, iyrənib, nə
bilim? Sizin böyük və təmiz ailənizə həmişə
dərin hörmət bəsləyən
Cavid.
Tarix
qoymasa da məktub 1989-cu ilin mayında yazılıb,
çünki mənim ona yazdığım cavab məktubumun
altında 18 may 1989 tarixi var. Əlbəttə, Cavidin
xahişini nəzərə alaraq, bu məktub və Cavidə
yazdığım cavab barədə Əkrəmə heç
nə demədim. Cavabım isə belə idi:
Əzizim
Cavid! Məktubunu bu gün aldım və dərhal
cavab yazıram. Təbii ki, sənin istədiyin
kimi Əkrəmə bu barədə bir şey deməyəcəm.
Keçirdiyin hisslər mənə tamamilə
aydındır və inan ki, Əkrəmlə bağlı
bütün hay-küy sənin qədər məni də
ağrıdır, incidir, neçə vaxtdır ki,
rahatlıq vermir. Əlbəttə, əqidə
möhtəkirləri, saxta millətpərəstlər,
Əkrəmin paxıllığını çəkən,
ondan hayıf çıxmaq istəyənlər var və əllərinə
girəvə düşdüyü üçün onun
adını bədnam etməyə çalışırlar.
Amma tam səmimiyyətlə demək istəyirəm
ki, bu işlərin əsas səbəbi Əkrəmin
özünün anlaşılmaz hərəkətləridir.
Mənim
Əkrəmə və Sizin ailənizə
münasibətimi yaxşı bilirsən. Əkrəmlə
dostluğumuz çətin illərin sınağından
çıxıb və... bağışla, əgər
qeyri-təvazökar söz deyirəmsə, mən həmişə
Əkrəmə etibarlı dost olmuşam. Amma
Əkrəm necə rəva bildi ki, belə ağır, gərgin
bir vəziyyətdə bizə arxadan bıçaq vursun.
Söhbət tək-tək adamlardan yox,
bütün xalqa verilən ittihamdan gedir. Yəni
Əkrəm "Drujba narodov"da Baruzdinə bizim
hamımızdan gileylənir ki, burda məndən başqa
internasionalist yoxdur. Birinə, beşinə
yox, min, yüz min, neçə yüz min adama necə başa
salasan ki, niyə görə Əkrəm "mən
özümüzkülərdən çox, başqa
xalqların nümayəndələrinə
inanmışam" - deyir.
Əkrəmin
özünə gələn məktublar, edilən telefon zəngləri
bir yana dursun. Son vaxtlar elə
gün yoxdur ki, mənə azı dörd-beş məktub gəlməsin
və telefon zəngi edilməsin, hamısında Əkrəmə
görə təhqirlər və söyüşlər.
Niyə axı. Nə təqsirim
var mənim ki, Əkrəmin razı olmadığım
sözlərinə və hərəkətlərinə
görə söyülüm? Hər cür təhqirə
də, tənqidə də dözmək olar, biləsən ki,
haqq iş yolunda dözürsən. Amma axı
Əkrəmin son vaxtlar etdiyi çıxışlar,
yazdığı məqalələr, nəhayət, Baruzdinə
məktubu - haqq işi deyil, Cavid, qardaş, vallah haqq işi
deyil. Məgər Əkrəm bu bədbəxt xalqın
başına nə müsibətlər gəldiyini
görmür ki, yaraların üstünə bir az da duz basır. Əkrəmin Mərkəzi mətbuatda
özünün də işlədiyi Yazıçılar
İttifaqına Baruzdinin çaxır atması
üçün verdiyi imkan bizi bir az da
başıqapazlı edir axı... Axı nə
günah işlətmişik ki, Əkrəm bizi bu cür qələmə
verir bütün ölkə qarşısında. Yazıçılar İttifaqında bərabər
işlədiyimiz bütün bu müddətdə Əkrəm
ən ərköyün katib olub və bunu dönə-dönə
mənim başıma vurublar. İstəyəndə
gəlib, istəyəndə gedib, aylarla Bakıda işdə
olmayıb, gah Əylisdə, gah Moskvada dincəlib,
yazıb-yaradıb. Olsun, sözüm yox, mən o fikirdəyəm
ki, Əkrəmin yaradıcılıq ezamiyyətində
keçirdiyi vaxt da ədəbiyyatımız
üçün səmərəli ola bilər
- yeni, istedadına, adına layiq əsərlər yazar. Yazıçıya bundan da vacib nə var, bu imkandan
şəraitdən yaxşı nə var? Əkrəm
gözəl bilir ki, bütün bu müddətdə mənim
nə gecəm var, nə gündüzüm, minlərlə
evsiz-eşiksiz qalmış, yerindən-yurdundan didərgin
düşmüş adam məhz
Yazıçılar İttifaqına pənah gətirir, bizdən
imdad diləyir. Bacardığımızı
edirik, bacarmadığımızın ağrısını
çəkirik. Əkrəm bu işlərə
qarışmır, kömək etmək istəmir, özü
bilər, amma heç olmasa 37-ci il
sayağı danoslarla bizi istəməyənlərin əlinə
dəstavüz verməsin.
Cavid, əzizim, mən çox gözəl bilirəm ki,
Əkrəmin bu düşünülməmiş bəyanatlarının
təpiyi mənə dəyməklə bərabər, ailəsinə,
yaxınlarına, Əylisdəkilərə dəyir. Naxçıvandan, o
cümlədən Ordubadın kəndlərindən kollektiv
imzalarla gələn məktubların içində,
şübhəsiz, qərəzlə, hayıf çıxmaq,
gözügötürməzlik ruhunda
yazılmışları da var. Amma axı Əkrəmin
Baruzdinə məktubunda tutduğu mövqeyi müdafiə edən
bircə adam da tapılmaz, onun ən yaxın dostları, onu
istəyənlər belə bu möveyi izah etməkdə
acizdirlər.
Bilirsən ki, mən heç vaxt millətçi
olmamışam, yalançı saxta, riyakar millətçiliyi,
xal yığmaqçün qaldırılan hay-küyü
nalayiq bir şey hesab edirəm. Milli məhdudluğa da qapanan adam deyiləm. Amma xalqımızın bu qədər
ədalətsiz, həyasız hücumlara məruz
qaldığı zaman, həm də hayanlı-havadarlı
düşmənlərimizə qarşı tək-tənha
qaldığı bir zaman kiminsə gözündə beynəlmiləlçi
görünməkçün ağa qara demək də
yazıçıya, ziyalıya, kəndliyə, ümumiyyətlə,
heç kəsə yaraşan iş deyil. Niyə
Əkrəm belə edir, nədən qorxub, kimin təsirinə
düşüb, harda çaşıb, dolaşıb, fikirlər
qarışığında azıb, itirib özünü -
bilmirəm, çox düşünürəm bu barədə
yuxusuz gecələrimdə, cavab axtarıram, tapa bilmirəm.
Bu son ildə neçə dəfə bəzən
ciddi, bəzən zarafata salıb sözümü demişəm
ona, eşitmir, ya eşitmək istəmir. Elə
bil höcətə düşüb camaatı özündən
daha çox incitmək, daha çox narazı salmaq istəyir.
Camaatın hamısı da axı möhtəkir,
yalançı, saxtakar deyil... Əgər
bütün xalq belədirsə daha onda sən,
yazıçı, kiminçün yazırsan?
Yazıçılar İttifaqının Rəyasət
Heyətində başqa məsələlərlə bir
sırada Əkrəm-Baruzdin yazışması barədə
söhbət qaldırmaqla biz əslində Əkrəmi
adamların qəzəbindən, hiddətindən, ən kəskin
tələblərindən xilas etmək istədik. Əkrəmin
konkret bu məktubundakı bəzi fikirlərinə mənfi
münasibət bildirməklə bərabər, bir daha onun
namuslu yazılarını, ədəbiyyat
qarşısında böyük xidmətlərini qeyd etdik, məktubun
müzakirəsini Əkrəmə qarşı kampaniyaya
çevirmək istəyənlərin cavabını verdim.
- Biz burada Əkrəmi müzakirə etmirik, onun məktubunu
müzakirə edirik - dedim. Mənim mövqeyim
bundan sonra da belə olacaq, heç vəchlə Əkrəmə
qarşı kampaniya aparılmasına yol verməyəcəm.
Amma çox şey (bəlkə də hər
şey) Əkrəmin özündən asılıdır.
Nə isə bir yol, bir vasitə tapıb adamlara
öz mövqeyini izah etməlidir. Söhbət
üzrxahlıqdan, ya səhvini boynuna almasından getmir. Söhbət bu xalqın dilində bu xalqın ədəbiyyatını
yaradanlardan birinin öz xalqıyla dil tapmasından gedir.
Mirzə Cəlil kimi xalqın eyiblərini deyən, onu tənqid,
məzəmmət edən ikinci bir yazıçı tapmaq çətindir,
amma yeri gələndə Mirzə Cəlil xalqının qeyrətini
də çəkirdi, onun mənafeyinə toxunan heç bir məsələdən
özünü kənara çəkmirdi.
Bilirəm,
Əkrəm yəqin, məndən də inciyib, halbuki mənim
ondan inciməyə daha çox əsasım ola-ola, mən
ondan incimirəm, bir dost, yoldaş, silahdaş kimi onu itirmək
də istəmirəm. İstəyim odur ki, tərs
damarı tutmasın, höcətliyinə salıb haqqa nahaq,
nahaqqa haqq deməsin, əlinin, alnının zəhmətiylə
qazandığı təmiz adını özü ləkələməsin,
heç bir düşmənin bacarmayacağı bir işi
özü görməsin - özünü hörmətdən
salmasın. Mən iki gündən sonra
Moskvaya gedirəm, yəqin, ayın axırında qayıdacam
və o vaxtacan Əkrəmi görüb danışa bilməyəcəm.
Deyirlər, MK-ya, Vəzirova bizdən şikayət
teleqramı vurub, canı sağ olsun, vaxt gələr dostunu,
düşmənini ayırd eləyər, bir özünü
haqlı, hamını haqsız hesab etməz.
Əziz Cavid, məktubum uzun çıxdı, ürəyim
doludur. Və
Əkrəm sarıdan ürəyimi boşaldacağım bir adam da yoxdur. Ailənizin bu işlə
bağlı düşdüyü çətinlikləri
yaxşı başa düşür və buna ürəkdən
acıyıram. Allaha təvəkkül.
Allah eləsin bütün bu qəmli,
ağrılı səhifələr ötüb keçsin, əvvəlki
ürək açıqlığıyla görüşə,
danışa, dərdləşə bilək. Mən buna
inanmaq istəyirəm, inanmasan necə yaşayasan axı...
Söz-söhbətləri ürəyinə salma, hər
şey keçib gedəcək, haqq öz yerini tapacaq. Əkrəm də
bu müvəqqəti düçar olduğu xəstəlikdən
(çünki mən bunu yalnız xəstəlik adlandıra
bilərəm) tezliklə sağalıb, ötənləri
qara bir yuxu kimi xatırlayacaq. Amin.
Sənə və ailənə səadət, xoş
günlər arzulayıram.
Anar
18 may 1989.
Dediyim
kimi, bu hadisədən sonra təxminən iki il
Əkrəm katib qaldı və birlikdə normal işləməyə
davam etdik.
Amma illər keçdikcə hamının
yaddaşının skleroz olduğunu düşünərək
hadisələri tamam başqa cür yozmağa, hətta öz
çap olunmuş üzrxahlıq etirafının ziddinə uydurmalar
yaymağa başladı. Mənim onu əslində qoruyub xilas etməyimi
ona qarşı qəsd kimi qələmə verməyə
çalışdı.
Mətbuatda,
əsasən də məsələdən bixəbər rus qəzetlərində:
"Anar məni məhv etmək istəyirdi" kimi
sayıqlamalar çap etdirdi. "O gündən mən
Yazıçılar İttifaqından üz döndərib
getdim" - deyə yalan satdı. Halbuki bu hadisədən sonra
dediyim kimi düz iki il
Yazıçılar İttifaqının katibi vəzifəsində
qaldı, IX Qurultayda çıxışına görə
nümayəndələrin nifrətini qazanıb katiblikdən
getməyə məcbur olana qədər.
Bu hadisələr haqqında rus qəzetlərində
ötürdüyü uydurmalara biz də elə həmin qəzetin
səhifələrində cavab yazdıq.
Vot,
çto qovorit A.Aylisli, otveçaə na
postavlennıy po dannoy teme vopros:
"Moə jiznğ oçenğ oslojnilasğ posle toqo
kak moy davniy druq Anar bez moeqo vedoma sobral v Baku plenum i obğəvil
menə vraqom naroda. Ə emu gtoqo ne prostil i ne prohu nikoqda, tak kak eqo deəniə
v 1989 qodu çutğ ne poqubili menə, daje na
fiziçeskom urovne. V gto vremə menə i
moö semğö podverqali mohnomu davleniö. V dome, v
kotorom ə jil, vse otnosilisğ ko mne
neqativno. Ot paradnoy do moey kvartirı na stenax çernoy kraskoy
bılo napisano: "Ubiraysə otsöda!".
Ravno polovina iz skazannoqo v gtom abzaüe - otkrovennaə
lojğ. Naçnem s toqo, çto nikakoqo plenuma po stolğ
nikçemnomu povodu Anar ne sobiral. Dostatoçno
perelistatğ qazet toqo vremeni, çtobı ubeditğsə v
gtom. Nikto i nikoqda ne obğəvləl
Aylisli vraqom naroda. Anar ne imeet nikakoqo
otnoşeniə k eqo vzaimootnoşeniəm s sosedəmi po
domu".
Qazeta "Mir literaturı"
ноябрь-декабрь, 2007
Bu hadisələrdən
deyildiyi kimi iki il sonra da katib işlədi
və guya ki, "onu öldürmək istəyən" və
onun bağışlamayacağı Anarla normal münasibətləri
davam etdi. Demə, altdan-altdan başqa yöndə
çalışırmış.
IX Qurultay ərəfəsində əvvəl gizli, sonra
açıq şəkildə mənimlə mübarizəyə
girişibmiş, daha doğrusu, məni devirmək əməliyyatına
başlayıbmış. Qurultaya bir gün
qalmış otağıma gəldi, İdarə Heyətinə
Səfər Alışarlını salmağı xahiş
etdi. Xahişinə əməl etdim, Səfəri
İdarə Heyəti üzvləri siyahısına daxil etdik.
Elə bu vaxt divarın o tərəfində (iş
otaqlarımız qonşu idi) Əkrəmlə Səfər məni
yıxmaq planları hazırlayırmışlar. Bundan azı otuz il sonra xəbər tutdum. Rəhmətlik
Sabir Əhmədlinin xatirələrini oxuyanda. Sabir
90-cı illərin əvvəlləri barədə yazır:
"Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə
yaxındı.
İstəyirdilər ki, Yazıçılar
İttifaqının üstündən qələm çəksinlər.
Anarı eşiyə salsınlar və yeni, Xalq
Cəbhəsinə uyarlı bir təşkilat - Xalq Cəbhəsinə
sədaqətli bir yaradıcılıq birliyi yaratsınlar.
Bu işi Əkrəmgil
başlamışdılar. Məni də
qoşmaq istəyirdilər. Yazıçılar
İttifaqına hücum çəkir, Anarı, Çingiz
Abdullayevi hədələyir, ultimatum verirdilər:
"Çıxıb getsinlər burdan! Getməsələr,
avtomat silahla gəlib əzəcəyik!".
Bir kərə Əkrəmin otağında, o da
Yazıçılar İttifaqının katiblərindəndi,
amma ittifaqı dağıtmaq istəyirdi, hə, onun necə
bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini
öyrənmək istədim. Sonra təklif etdim:
"Bizim sayılan, hörmətli ədiblərimiz də orda
olsunlar" İsmayıl Şıxlının, Bayram Bayramovun,
İsa Hüseynovun adlarını çəkdim. Onda yeni
Yazıçılar ocağı yaratmaq istəyən cavan
Alışarlı incik halda mənə bildirdi: "Siz o
adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq
istəyirik". Aydın oldu kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri.
Dəlisov, çılğın
oğlanlarmı, bir sanballı əsəri, yazısı
olmayan xalqçılarmı? Hər
hansı yaradıcılıq ocağının
başçısı hər şeydən qabaq,
adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi
yazıçı olmalıydı, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin
yeni Birlik, İttifaq yaratmaq istəkləri baş
tutmadı".
Sabir Əhmədli.
"Yazılmayan
yazı" xatirə romanından.
Bundan əvvəl
küçə adamlarının müxtəlif idarələrə
soxulub idarə başçılarını avtomatla hədələyərək
vəzifəsindən uzaqlaşdırmışdılar.
Bundan ilham alaraq "mənim üstümə
tankla da gəlsəydilər Anarın əleyhinə getməzdim"
deyə bəyan edən Əkrəm Əylisli tankı
olmadığı üçün məni avtomatla vəzifəmdən
uzaqlaşdırmağa hazırlaşırmış.
2021-2022
Sözardı. Rusca yazdığım "Svet v okne"
adlı məqaləm 1969-cu il yanvarın 21-də
"Komsomolğskaə pravda" qəzetində dərc
olundu. Bu, Əkrəm Əylisli haqqında
Moskva mətbuatında çıxan ilk yazı idi. Bu yaxınlarda həmin yazını
"İşıqlı pəncərə"
başlığıyla dilimizə çevirdim, "Azərbaycan"
jurnalında çap olundu. Yazının ardında belə
bir qeyd vermişdim:
"Eh Əkrəm! Nə mənim sənə münasibətimin,
nə bu məqalənin qədrini bildin. Çətin
ki, sənin haqqında bir də belə səmimi yazı
yazılıb və haçansa yazılacaq".
Əkrəmin mənim ünvanıma atmacalarına cavab
verməli olduğum yazılarımdan başqa, hər məqaləmdə,
hər müsahibəmdə onun haqqında yalnız pozitiv
fikirlər söyləmişəm. Yeni kitabımın
"525-ci qəzet"də, bu gün "Ədəbiyyat qəzeti"ndə
çap olunan hissələrində, eləcə də həmin
kitabın başqa səhifələrində Əkrəmin
60-cı illər ədəbiyyatında böyük rolu
dönə-dönə qeyd olunur. Amma...
Amma ən son müsahibələrində belə Əkrəm
yenə məndən əl çəkmir. Rəhmətlik Rüstəm
İbrahimbəyovla yüz dəfə cızbız yeməyi
haqqında məlumat verəndən sonra Moskvada nasir kimi
Rüstəmdən az
tanınmadığını xüsusi qeyd edir. "Moskvada çap olunan kitablarının sayı
Rüstəmin kitablarının sayından bir neçə dəfə
çoxdur" - yazır.
Kitablarının sayını meyar hesab edə-edə
Moskvada və müxtəlif ölkələrdə
kitabları əkrəminkilərdən yüz dəfə
artıq çıxmış Çingiz Abdullayevin
yazıçı olmadığıyla razılaşır. Çingizi
aşağılayır, ələ salır. Elə həmin müsahibədə mərhum İsa
Hüseynovu dəli adlandırır, Mövlud
Süleymanlını Anarın lehinə
danışdığı üçün, Məmməd
Orucu Anarın əleyhinə danışmadığı
üçün suçlayır. Bundan sonra keçir
yaradıcılığının son 20-25 ildə daimi
mövzusuna:
"Deyə bilərlər ki, axı sənə nə
düşüb. AYB-dən əl çəkmirsən.
Sən ki, AYB üzvü deyilsən. Siz nəyə desəniz and içərəm, AYB və
onun rəhbərliyi artıq illərdir ki, məni qətiyyən
maraqlandırmır".
And
içməyinə içir, amma elə həmin səhifədə
Yazıçılar Birliyinin bütün işlərini
yamanlayır, şit-şit lağa qoyur və
ömrünün əbədi nisgilini bir daha etiraf edir:
"Özlərinin
dediyinə görə, bu il AYB-nin
qurultayı keçiriləcək, Anar yenidən sədr
"seçiləcək". Anarın yaxşı adam və
yaxşı yazıçı olması onun
Yazıçılar Birliyinə 40 il rəhbərlik etmək
istədiyinə nə dərəcədə haqq
qazandırır?".
Bu
cavabsız suallardan sonra keçir ikinci ədəbi
mövzusuna:
"Guya
mən AYB-ni ona görə tənqid edirəm ki, orada "onun
yerini" tutmaq istəyirəm və mənim "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ni bəyənməməyimin
yeganə səbəbi bu əsərin populyarlığına
qısqanmağımdır".
Şübhəsiz, bu yeganə səbəb deyil. Elə bu barədə
Əkrəmin indiki müsahibəsi ilə tanış
olmağımdan çox-çox əvvəllər
yazmışdım. Həmin səbəb
haqqında qəzetin qarşınızdakı səhifələrində
oxuyacağınıza görə heç bir əlavə etməyə
ehtiyac yoxdur.
"Beşmərtəbə"
haqqında yüzüncü dəfə ürəyini
boşaldandan sonra deyir:
"Anarın
bundan əvvəlki əsərlərini yada salın:
"Ağ liman", "Dantenin yubileyi", "Macal",
"Əlaqə", "Uşaqlığın son gecəsi",
"Yaxşı padşahın nağılı" - 60 illik
tanışlığımız, keçmiş dostluğumuz
və təmaslarımız ərzində Əkrəmin mənim
hansı yazılarımı qəbul etdiyini axır ki, bildim. Amma təəssüf ki, "Uşaqlığın
son gecəsi" mənim əsərim deyil, Maqsud İbrahimbəyovun
ssenarisidir.
Privet,
Əkrəm!
16 aprel
2022
ANAR
Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.2-6.