"Ədəbiyyatda romantizm"
Mir Cəlalın
yeni əsəri tapıldı
Mir Cəlal
Paşayevin - bu böyük yazıçının XX əsr
Azərbaycan ədəbiyyatında yeri və mövqeyi
haqqında çox yazılıb. O, ustadları hesab etdiyi Cəlil
Məmmədquluzadə və Əbdürrəhim bəy
Haqverdiyevdən sonra Azərbaycan hekayəsinin ən gözəl
nümunələrini yaratdı, nəsrin "kiçik"
janrında xarakterik obrazlar yaratdı, yığcam bir süjet
daxilində gerçək həyat lövhələrini
canlandırdı. O, 30-cu illər Azərbaycan romanına da
yeni nəfəs gətirdi, "Bir gəncin manifesti",
"Dirilən adam" romanları böyük
yazıçı-tənqidçi Mehdi Hüseynin təbirincə
desək, ədəbiyyatımıza həqiqi mənada bədii
pafos, mübarizə ruhu gətirdi.
Mir Cəlal
həm də böyük alim-tədqiqatçı idi və
onun bu sahədəki fəaliyyəti onun elmi təfəkkürünün
bədii təfəkkürü ilə qoşa
addımladığına dəlalət edir, alim Mir Cəlalla
nasir Mir Cəlal qoşa qanad timsalında onun
yaradıcılığında iki qütbü təmsil edir. Mir Cəlal necə olub tədqiqata meyil edib? Deyirlər ki, otuzuncu illərin ortalarında Mir Cəlal
küçədə böyük ədib Hüseyn Cavidlə
rastlaşır. Kəmali-ədəblə Cavidə salam verir. Böyük ədib Mir
Cəlaldan soruşur ki, nə işlə məşğulsan.
Mir Cəlal deyir ki, Azərbaycan qadın
şairlərinin yaradıcılığı barədə
elmi mövzu götürmək istəyirəm, bununla
bağlı xeyli material toplamışam. Cavid
gülümsünür və əlini Mir Cəlalın
çiyninə vurub deyir: "Sən qadınlar haqqında yox
- bunu hamı yaza bilər -Füzuli sənəti barədə
elmi iş yaz. Dəryada axtar, damlada dərya yox!".
Və Mir Cəlal "Füzulinin
poetikası" mövzusunda elmi işə girişir. 1940-cı ildə o, həmin mövzuda namizədlik
dissertasiyası müdafiə edib filologiya elmləri namizədi
alimlik dərəcəsini qazanır. Sonralar
bu əsər daha da təkmilləşir, "Füzuli sənətkarlığı"
monoqrafiyası həm Azərbaycanda, həm də xaricdə
(xüsusilə Türkiyədə) dahi şairə həsr
edilən ən sanballı əsərlərdən biridir.
Mir Cəlalın namizədlik dissertasiyası ilə
doktorluq dissertasiyası arasında cəmi yeddi illik bir zaman məsafəsi
var. 1947-ci ildə o, "Azərbaycanda ədəbi məktəblər"
adlı doktorluq dissertasiyası müdafiə edir. Bu əsəriylə
o, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının
görkəmli mütəxəssislərindən biri
olduğunu təsdiq edir. Lakin Mir Cəlalı
təkcə namizədlik və doktorluq dissertasiyalarına
görə bir ədəbiyyatşünas alim kimi təqdim etmək
doğru olmazdı. O, klassik və müasir ədəbiyyatımızın
müxtəlif problemlərinə aid yüzdən artıq məqalənin
müəllifidir: "Cəlil Məmmədquluzadə realizmi
haqqında", "Gülüş bədii silah kimi" tədqiqatları,
Nizamiyə, Füzuliyə, N.Nərimanova, Ə.Haqverdiyevə,
H.Cavidə, S.Vurğuna, M.İbrahimova, S.Rüstəmə,
M.Hüseynə, S.Rəhimova, Əbülhəsənə,
İ.Əfəndiyevə həsr etdiyi portret yazılar, ədəbiyyatımızın
60-cı illər gənc şair və nasirləri haqqında
böyük icmal məqaləsi, həmçinin rus ədəbiyyatı
klassikləri ilə bağlı araşdırmaları da Mir Cəlalın
geniş elmi erudusiyasından xəbər verir. Hələ onun
"Ədəbiyyatşünaslığın əsasları"
dərsliyi (illər kesir, bu kitab neçə nəsil tələbənin
bilik silahı olaraq qalır)…
Mir Cəlalın ədəbiyyatşünaslıq fəaliyyətinin
başlanğıcını onun Füzuliyə həsr etdiyi
- 1940-cı ildə nəşr olunan "Füzulinin poetik
xüsusiyyətləri" kitabından götürürlər. Zatən, bu
vaxta qədər bu fikir doğru idi. Amma sən demə,
Mir Cəlal müəllim 1928-ci ildə "Ədəbiyyatda
romantizm" adlı bir elmi əsər yazır və bu əsəri
Dağıstanın Mahaçqala şəhərində nəşr
olunan "Maarif yolu" jurnalında dərc etdirir. Əlbəttə, 20 yaşında bir gəncin belə
bir mövzuda elmi tədqiqat əsəri yazması onun gələcəkdə
böyük ədəbiyyatşünas alim kimi fəaliyyətinin
başlanğıcı idi. Gədəbəydə
müəllimlik edən, sonra bir müddət Gəncə ədəbi
mühitində görünən Mir Cəlalın belə bir əsər
yazması onu sübut edir ki, Mir Cəlal müəllim elə
cavan ikən geniş mütaliə edirmiş, rus, Avropa və
türk ədəbiyyatını, həmçinin bizim ədəbiyyatı
mütəmadi izləyirmiş. Bu zaman hələ
Mir Cəlal müəllim bədii yaradıcılıq
yollarında təzə addımlar atırdı
("Sağlam yollarda" adlı ilk kitabı 1932-ci ildə
çap olundu). Ancaq 20 yaşlı bir gəncin
elmi təfəkkürü çevik və dinamik idi. Bir də ki, yaradıcılıqda ilkin olaraq
hansı janra müraciət etmək müəllifin
özündən asılıdır. Məsələn,
gənc Mehdi Hüseyn hələ ilk hekayələrini dərc
etdirməmiş 1926-cı ildə "Bizdə futurizm cərəyanı"
adlı məqaləsi ilə mətbuatda
görünmüşdü.
Mir Cəlalın "Ədəbiyyatda romantizm" əsəri
o dövr üçün çox vacib bir problemə həsr
olunmuşdu. 20-30-cu illərdə romantizm ədəbi cərəyanı
barədə sanballı bir əsər ortada yox idi. Yalnız H.Cavidin yaradıcılığına həsr
olunan bir sıra məqalələrdə (A.Şaiqin,
H.Zeynallının, C.Cabbarlının) kəsik-kəsik də
olsa, müəyyən mülahizələr söylənilirdi.
Xatırladaq ki, Azərbaycan ədəbiyyatşünaslığında
romantizmlə bağlı tədqiqatlar keçən əsrin
80-ci illərindən başlayaraq ədəbi dövriyyəyə
daxil oldu (Məmməd Cəfərin "Hüseyn Cavid,
"Azərbaycan ədəbiyyatında romantizm", Əziz
Mirəhmədovun "Məhəmməd Hadi", Yaşar
Qarayevin "Romantizmin Cavid yaddaşı", Məsud
Əlioğlunun "Hüseyn Cavidin romantizmi", Vəli
Osmanlının "Azərbaycan romantizmi" və digər
müəlliflərin romantizmlə bağlı
araşdırmaları).
Deməli, Mir Cəlar müəllimin "Ədəbiyyatda
romantizm" əsəri ədəbiyyatşünaslığımızda
bu mövzuda yazılan ilk sistemli araşdırmadır. Mir Cəlal müəllim əsərin
giriş hissəsində yazır: "Ədəbiyyat həvəskarlarımızın
ən çox bildigi və ən çox bilmədigi ədəbi
cərəyanlardır: klassisizm, romantizm, realizm... kibi kəlmələri
eşitməyən həvəskarlarımız həman yox
kibidir. Öylə də bu adamların mahiyyəti
barədə dəgərli izahat və məlumat verə bilən
ədəbiyyat maraqlılarımız azdır. Ədəbi cərəyanlar maraqlılığı
ilə nə qədər vəqti cəlb edirsə də,
türkcə məxəz və material yoxluğu o qədər
də həvəs qırır və gənclər istədikləri
məlumatı ala bilmirlər". Məhz
bu zərurətdən yaranır "Ədəbiyyatda
romantizm" əsəri.
Mir Cəlal müəllim romantizm haqqında bilgi verərkən,
ilk növbədə, onun mahiyyətini və
yaranmasının ədəbi-tarixi şəraitini şərh
edir. Yazır ki, romantizmi təkcə xəyala
qapılmaq, xülyaya dalmaq, eşq və sevgi səhnələri
yaratmaq kimi təhlil etmişlər, amma bu cür
düşünmək yanlış yoldur. Çünki
xəyalatın iştirak etmədiyi sənət əsəri ola bilməz. Mir Cəlal müəllim
romantizmin Avropa ölkələrində - təxminən bir əsr
müddətində klassisizmin dar çərçivəsini
qırıb ədəbiyyatda "bir hürriyyət" əmələ
gətirmişdir. Hər hansı bir
romantizmi doğuran müəyyən ictimai amillər və səbəblər
vardır.
Mir Cəlalın bu əsərində yeddi kiçik və
yığcam hissə var ki, bunlar romantizmin xüsusiyyətlərini
(səciyyəvi cəhətlərini)
aydınlaşdırır. Birincisi: mədəniyyəti inkar hər
romantikə görülə bilən haldır. Elmlər
və ümumiyyətlə mədəniyyət cəmiyyət
əxlaqı üzərinə fəna təsir edir. V.Hüqonun "Səfillər", Tolstoyun bir
sıra əsərləri mədəniyyətə
qarşıdır. Təbii ki, Mir Cəlal
müəllim türk ədəbiyyatından Hamidin, Əhməd
Hikmətin və bizim ədəbiyyatdan Cavidin əsərlərinə
müraciət edir. İkincisi: romantiklər ümidi ən
çox "kirli, yapma mədəni həyatdan uzaq" ibtidai
həyatda və ana təbiətin qoynunda görürlər. Onlar qəza mənbəyi olan fabrika və zavodlardan,
qələbəlik şəhərlərdən
uzaqlaşır, sahillər, ormanlar, bağlar, çiçəklərdə
yaşayan qəhrəmanlar yaradırlar. Üçüncüsü:
romantiklərin təbiətə olduğu kimi, xəlqə xəlqi
tiplərə hüsn-təmayülü vardır. Romantiklər xəlqdən çıxmış qəhrəmanlara
daha çox meyil göstərirlər.
Dördüncüsü: romantizmdə hakim hisslər və
duyğular önəmli yer tutur. "Hissiyyat romantizmin can
damarıdır" - Mir Cəlal buna daha çox yer
ayırır və yazır ki, hissiyyat sərbəstliyi
gözəl səhnə əsərlərinin, sevgi - sevda,
eşq mövzularına yeni rənglər, boyalar
artırır, o, Ə.Hamidin "Məqbər" əsərindən
söz açır, Cavidin məhşur misralarına üz
tutur:
Bənim tanrım gözəllikdir, sevgidir.
Sevgisiz
bir könül məzara bənzər
Sevdasız bir başda əqrəblər gəzər.
Beşincisi:
romantiklər əski mədəniyyəti
ideallaşdırır, onu itirilmiş cənnət həyatı
kimi xəyallaşdırırlar, hətta bütün
qabalıqlarına göz yumurlar. Buna misal yenə
Caviddən gətirilir - "Peyğəmbər",
"Topal Teymur", "Şeyx Sənan".
Altıncısı: romantiklər cəmiyyət həyatında
səfalət, rəzalət görür, yeni cəmiyyət
qurmaq istəyirlər. Mir Cəlal Tolstoyun
"Biri-birinizə məhəbbət ediniz" mülahizəsini,
Hamidin "Düxtəri Hindi" əsərindəki məqamları,
Cavidin "Azər" poemasından "Kölgə"
parçasını misal gətirir. Nəhayət,
yeddincisi: romantiklər həm də üsyankardırlar. Bütün romantiklərdə
inqilabçılıq ruhu var. Məsələn, Məhəmməd
Hadinin əsərlərinin çox qismində üsyankar və
mübarizə mövqeyi duyulur.
Biz
qısaca da olsa, Mir Cəlalın hələ 94 il
bundan öncə ədəbiyyatda romantizmlə bağlı
fikir və mülahizələrini şərh etdik. Amma əsər romantizmə xas olan xüsusiyyətləri
izah etməklə bitmir. Mir Cəlal müəllim
alman, fransız və türk romantizmi haqqında da
yığcam məlumat verir. Təbii ki,
bunlar o dövr ədəbi gənclik üçün müəyyən
bilgi idi. Özü də müəllif bu
romantizm məkanlarının hər birinin özünəməxsusluğunu
nəzərə çarpdırır. Alman
romantizmində dinə bağlılıq daha möhkəm idisə,
fransız romantizmində ictimai məsələlər
aparıcı idi. Türk romantizminə gəlincə,
Mir Cəlal bu romantizmin fransız romantizmindən təsirləndiyini
qeyd edir. Məşhur tədqiqatçı
İsmayıl Hikmətin fikirlərinə istinad edir.
Nəhayət, belə bir fikir irəli sürür ki,
romantizm realizmə də təsirsiz qalmamışdır.
"Ədəbiyyatda
romantizm" əsərini üzə çıxaran, Azərbaycanda
axtarıb tapmasa da, onu Moskvada ezamiyyətdə olarkən
aşkarlayan Axundov adına Milli
Kitabxanamızın direktoru, professor Kərim Tahirova
böyük alqış düşür. O, bu əsəri
dörd dildə çap edərək oxucularımıza
çatdırmaqda böyük ədibimiz Mir Cəlal
Paşayevsevərlərə yetirib. Eşq olsun deyirik!
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.2-3.