Laokoon bürcü altında sevgi
dastanı
Xalq yazıçısı Kamal
Abdullanın "Laokoon... Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"
romanı üzərinə qeydlər
Mən heç
vaxt romanabənzər mətn oxumamışdım. Xalq yazıçısı Kamal
Abdullanın "Laokoon... Laokoon... yaxud bir
romanın "gerçək" yazılma tarixçəsi"ni
oxuyanda qəfildən hiss etdim ki, tamamilə fərqli struktura
malik bir mətnin dolanbaclarında vurnuxuram.
Özünü sirli bir şəbəkənin içində
hiss edirsən, ruhsal aura səni gerçək dünyadan
alıb kitabın içindəki dünyaya çəkir. Mifologiya ilə reallığın
qovuşağında oxucunun beyninin hansısa küncündə
sir sayrışmaqdadır və bu sirr içində sirrə
vaqif olmaq üçün gərək əsərin əsas
obrazı Vaqifi dərindən tanıyasan, onun daxili aləminə
bələd olasan. Biləsən ki, o, nəylə
nəfəs alır və nəhayət,
"Yarımçıq əlyazma" bu mətndə
tamamlanırmı? Roman
sanki oxucunu idarə edir; "burda dayan,
düşün, mətnin əvvəlinə qayıt, əlini
uzat, "Yarımçıq əlyazma"dakı
unutduğun məqamları yenidən oxu. Keçmişə
dön, Troya müharibəsini xatırla, Dədə Qorqud qəhrəmanlarının
həyatına bir də nəzər sal. Sirlər
xəzinəsi səni orada gözləyir. Bəs səni
ora kim aparacaq? Səbr et.
Səbr edən muradına yetir. Oxucu
üçün bundan gözəl və mükəmməl
intellektual istirahət ola bilərmi? Kamal
Abdulla usta qələmiylə bizə bu zövqü
yaşadır.
Mətnin əvvəlindən sonuna qədər olan məsafəni
cümləbəcümlə qət edən oxucu (mən) əsərin
bitməsini heç vəchlə istəmir, min bir bəhanə
ilə mütaliə prosesini uzadır, eləcə kitabın
içində yaşamaq istəyir, kitabın
çölündəkilər, nə varsa, ona maraqsız
görünür. Əsərdə az qala, hər
cümlə bir funksiya daşıyır.
Uzun illər bundan öncə Kamal müəllimin
"Yarımçıq əlyazma" romanı haqqında
"Yarımçıq əlyazma və ya
dağılmış miflər" adlı bir yazı
yazmışdım. O yazıda təxminən belə bir cümlə işlətmişdim
ki, məncə, postmodern mətn yazmaq istəyənlər
mütləq bu romanı oxumalıdırlar. Doğrudanmı,
bu romanda yazıçı mifləri dağıtmaq niyyətindədir?!
Bəlkə məqsəd bu deyil, əksinə,
mifləri xilas etməkdir? Mifoloji obrazların bir növ,
damarına yeni qan köçürməklə onları təzədən
həyata qaytarmaq, mimesisdən xilas etmək, müasir
insanın yaddaşına qaytarmaq, daşlaşmış təsəvvürləri
alt-üst etməklə onları çağın
paradiqmalarıyla süsləmək... Kamal
Abdullanın yazıçı missiyası mənim
düşüncəmə görə, məhz budur.
Hələ uzun illər bundan öncə, lap yeniyetməlik
vaxtlarımda "Gizli Dədə Qorqud"u oxuyanda aşkar və
gizli Dədə Qorqud arasındakı fərqlər haqda
çox düşünmüşdüm. Dastanı bir də
oxumuşdum... Çox-çox illər sonra anladım ki,
dastanı oxumaqla iş bitmir, bunun üçün intuitiv təfəkkür,
mətnə, mifologiyaya fərqli yanaşma bacarığı
gərəkir. Və bunun üçün də
uzun bir yol qət etməlisən. "Laokoon... Laokoon...
yaxud bir romanın "gerçək" yazılma
tarixçəsi" intertekstual romandır və Kamal müəllim
özü də bu romana qədər uzun bir
yaradıcılıq yolu keçib... "Gizli Dədə
Qorqud"dan "Casus"a, "Yarımçıq əlyazma"ya
qədər "Kitabi-Dədə Qorqud"un personajları da
zaman-zaman yazıçı tərəfindən bir növ,
"istintaqa" cəlb olunub. Beyrəyin
ölümü özlüyündə çoxlu suallar
doğurur. Kamal Abdulla bu əsərlərdə
və sonuncu romanında bu sualların axtarışına
çıxır və hər dəfə də bu
axtarışlar yeni bir əsərin yaranmasıyla nəticələnir.
Yazıçı
hələ uzun illər bundan öncə yazdığı
"Gizli Dədə Qorqud" kitabında qeyd edir: "Suallar
çoxdur və onlar indicə qeyd edilən kimi bəlkə
ilk baxışda qəribə səslənsələr də əslində
daha dərin bir qanunauyğunluqdan doğur. Elə
buna görə də Dastanın üzdə olan, görünən
hissəsində onların cavabı yoxdur. Cavab
Dastanın dərin qatındakı müqayisədən
doğur. Bu müqayisələr həm
boylararası münasibətlərə, həm də boydaxili
münasibətlərə əsaslanır. Hər bir halda ilk baxışda mənasız, əsası
olmayan, məntiqdən məhrum məqamlar incə bir dəqiqliklə
öz əsl səbəblərinin işığında
üzə çıxa bilir. Səbəb
isə açıldımı, onun nəticəsini daha dəqiq
və daha məntiqli şəkildə müəyyənləşdirmək
artıq asanlaşır". ("Gizli Dədə
Qorqud", Yazıçı, 1991, səh.11).
Beyrək,
Odissey, Laokoon... Kamal Abdullanın yeni əsəri
bu üç qəhrəmanı birləşdirən məqamlar
müstəvisində strukturlaşıb. Onların
üçü də hiyləgərdir, lakin bu hiyləgərliyin
fərqli nüansları var, ağıl və idrakdan, insan təbiətinin
qaçılmaz xüsusiyyətlərindən qaynaqlanan (hər
kəsin içinnin dərinliklərində heç vaxt
üzləşmədiyi sirrin impulsiv
sıçrayışları) hərəkətlər
kriminal süjetlərin yaranmasına nədən olur. Yazıçı məlum və məşhur
dastandakı gözdən qaçan detalları Vaqifin sevgilisi
Firəngizin dilindən oxucunun yadına salır. Vaqif romanın hərəkətverici qüvvəsidir,
o mənada ki, Firəngizə agah olan mətləblər məhz
onun vasitəsilə gerçəkləşir.
Onların dəniz kənarında görüşdükləri
restoranın adı "Şəbəkə"dir. Bu ad təsadüfi
seçilməyib, sevgililər arasındakı ruhi, mənəvi,
məhrəm bağlılıqlar məhz burada, bu məkanda
baş verir. Axı Vaqif üçün daha bir məhrəm
varlıq var: Laokoon.
"Laokoon, sən gəl, bundan sonra mənim
talismanım ol! Heç kim də olmasa, mən sənə
inanıram. Mən bilirəm, sən mahiyyətin
içinə nüfuz edə bilirsən. Başqalarının
görə bilmədiyini görə bilirsən. Əşyanın o biri tərəfindəkilər sənin
üçün gizli deyil. Sənin
üçün sirri-xuda yoxdur. Sən sirdən
azadsan. Bu, ən böyük xoşbəxtlikdir.
Amma həm də bunun dəhşətli bədəli
var".
Əlbəttə, insan qəhrəmanlığın bədəlini
ödəyir.
Necə ki, nəhəng ilanlar Laokoon və
oğlanlarının bədəninə sarılıb
onları həyatdan ayırırlar... Sirdən
azad olmağın cəzası budur. Bu miflər
ierarxiyasının konsentrində yenə bir nöqtə
parlayır - Əbədi Sirr.
Əsərdəki obrazlar arasında ünsiyyət
körpüsünü quran da həmin o Sirdir. Bu ünsiyyət
şəbəkəsi Laokoon bürcünün ulduzlarına qədər
bütün kainatı əhatə edir. Kainat
sanki bu bürc altında dövr edir.
İnsanın düşüncə tərzi məntiq və
bilgi ilə xarakterizə olunur. Lakin bəzi hallarda
düşüncəmizdə düyünlü nöqtələr
əmələ gəlir, məntiq bəzən insanı
çaşdırır, bilgi yetərsiz olur. Bu günün məntiqi keçmişin məntiqini
qəbul edə bilmir. "Kitabi-Dədə
Qorqud" haqqında roman yazmaq istəyən Vaqifə məhz
Firəngiz (özü də bilmədən) istiqamət verir.
Və bu yerdə "Yarımçıq əlyazma"ya
yenidən nəzər salmaq zərurəti yaranır. Romanın energetik cövhərini və süjet xəttini
müəyyənləşdirən duyğuların xəritəsi
"Yarımçıq əlyazma"dadır. Bu əsəri iki bitkin romanın kəsişməsi
kimi də qəbul etmək olar. Çevik
kompozisiya Oğuzun qəhrəmanları ilə müasir
dövrün obrazlarını bir səmanın altına
toplaya bilir, dövrlər arasındakı fərqi ideya, ictimai
məzmun aradan götürür.
Dastandakı
sirr içində sirr Firəngizin sadə oxucu təəssüratlarıyla
faş olunur! O, dastanın dərin qatlarına vara bilib, Vaqifin
nəzərindən qaçan xırda, eyni zamanda böyük
mətləbləri özündə ehtiva edən detalları
tutub. Hərçənd, Firəngiz heç də
hazırlıqlı oxucu deyil. Amma müstəsna
oxucudur. Onları xarakterlərindəki fərqlilik
ayırsa da dastan, yaxud tanış və
sonsuz lüğət birləşdirir. Onlar bu
lüğət vasitəsilə bir-birilə dil tapa bilirlər.
Dastan həm də onların münasibətlərinin
dərinləşməsinə, aydınlanmasına xidmət
edir. Onlar dastan leksikonunda danışırlar.
Bu, həm də yazıçının spesifik
yazı tərzidir. Kamal müəllim Azərbaycan
romançılığına həm də yeni üslub gətirmiş
yazıçıdır. Öz təbirincə
desək, əyyami-qədimdə işlək olan sözlər
öz mənalarına qovuşub xoşbəxt olur. Unudulmuş, dildən
perik düşmüş qərib sözlər sanki öz vətəninə,
öz stixiyasına qayıdır. Bu sözlər
"romanabənzər" mətndə özlərini suda
balıq kimi hiss edir.
Dastan, eləcə də mifoloji mətnlər oxucuya
ucu-bucağı görünməyən həqiqətləri
təklif edir və Kamal Abdulla bu həqiqətləri həm
elmi, həm də bədii təfəkkürün süzgəcindən
keçirmiş bir qələm adamıdır. O, dastanın
inersiyasını alt-üst edir. Laokoon niyə o
atın qarnını nizə ilə deşə bilmədi?
Troyalılar niyə ona inanmadılar? Ola
bilər ki, bu həqiqət Laokoonun qarnını yarmaq istədiyi
atın qarnında gizlənir, Beyrəyin Banuçiçəyə
xəyanətində sayrışır... Bu, doğrudanmı
xəyanət idi? Əsərdə Beyrək mifi
dağıdılır, onun üçün biçilmiş
ideal igid zirehi paramparça olur. Əsərdəki
işıqdan qaranlığa və qaranlıqdan
işığa keçidlər insani münasibətləri,
mahiyyəti üzə çıxarmaq üçün bir
yazıçı fəndidir.
Səmadakı ulduzlar kompozisiyası prinsipcə yerdəki
obrazları ehtiva edir. Mifologiya ilə reallıq bir-birilə
qovuşur və bir-birini tamamlayır. Bu,
prozada post-narrativ istiqamətdir. Ədəbiyyat
nəzəriyyəçiləri Kamal Abdullanın əsərlərini
postmodernist platformada tədqiq edirlər. Hərçənd,
bu əsəri metamodernist aspektdə də təhlil etmək
mümkündür. Metamodernizmi postmodernizmdən zərif
bir cizgi ayırır: yenidən dəyərləndirmə. Metamodernizmin nəzəri əsasları dekonstruksiya
deyil, rekonstruksiya üzərində yaranır. Kamal Abdullanın "Laokoon..."u özündə
dağıdıcı deyil, qurucu missiyanı
daşıyır. Vaqifin və Firəngizin
dastana, yaxud mifologiyaya skeptik yanaşmaları bir növ,
restavrator yanaşmasıdır. Hüseyn Cavid əbəs
yerə demirdi: "Şübhədir əsl həqiqətin
babası". Bütün həqiqətlər
şübhə toxumlarından cücərir.
Oxucu tez-tez heyrətlənir, qayıdıb dastanı yenidən vərəqləyir, on iki boyu yenidən oxuyur. Dastanın dərinliklərində gizlənmiş sirləri, süjetdən kənar olayları axtarır, axtarır, axtarır... Cidd-cəhdlə sirrə vaqif (Vaqif!) olmaq istəyir. Beləliklə, yazıçı oxucunun da düşüncəsinə, təfəkkürünün künc-bucağına şübhə toxumları səpir, onu da sirr axtarışına cəlb edir. Oxucu sirrin (sirlərin) ətrafında dolaşır, hər vəchlə ona yaxın düşməyə can atır. Obrazlarla empati qurur və özü də hiss etmədən mətnin içində əriyib itir. İtirmi?! Mütaliənin fövqəladə zövqü insanı kənara deyil, öz iç dünyasına yönəldir. Düşünürəm ki, Kamal müəllim onun üçün doğma olan bu mövzuya yenə qayıdacaq. Çünki...
Cavabını gözləyən suallar tükənmir...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 30
aprel.- S.4.