Yorğunam.
Yaralıyam.
Qorxuram.
Yaxşı ki, bu mağaranın
yerini unutmamışam.
İllər əvvəl tərk edib getdiyim kimidir.
Heç
nəyi dəyişməyib,
divarlarındakı cızıqlar,
həmin qaranlıq ab-hava.
Axırıncı dəfə gələndə
isinmək üçün
qaladığım ocağın
izləri də hələ qalıb.
Onda elə bilirdim ki, bura
bir daha dönməyəcəm.
Yanılmışdım.
Hər insan kimi.
Çünki bir gün hamı
öz mağarasına
geri qayıdır.
Çünki ora bizim əbədi
sığınacaq yerimizdir.
Özümüzlə baş-başa qaldığımız və
yaralarımızı
sağaltmaq üçün
qaçıb gizləndiyimiz
yer.
Ətrafa
göz gəzdirirəm:
divardakı şeirə
sataşır gözüm.
Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:
Hər fırtına gəlməmişdən
əvvəl
öz sakitliyini göndərir
və
bəzi yaralar ən çox sağalandan sonra
göynədir...
Qorxma, balaca, uzat əllərini,
mən səni aparmağa gəlmişəm,
Biz sənin saçlarını
uzaq diyarların torpaqlarına əkərik.
Saçlarının ətri yayılar evlərə,
insanlar qucaqlarında dəstə-dəstə saçlarını
apararlar
sevdiklərinə.
Sonra əllərini uçurarıq
səmaya
qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.
Dünyada savaşlar oldu,
balaca;
insanlar savaşdılar...
Yaxşı dost olacaq ikən,
sevgili olacaq ikən,
qarşı-qarşıya dayandılar.
Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb
birlikdə qorunmuşdu
təhlükələrdən.
Əcdadları bir mağaraya sığan insanlar
nəhəng bir dünyaya sığışa
bilmədilər.
Sığışdıra bilmədilər
təkəbbürlərini bapbalaca qəlblərinə...
Heç
vaxt onların olmayacaqlar üçün
dayanmadan didişdilər...
Onda balaca bir mamont
balası
gülümsəmişdi istehzayla:
həyatda hər şey vərdişdir,
ovlamağa bir şey tapmayanda
özünüzü ovlamağa
başlayacaqsınız
özünüzə çevriləcək
silahlarınız.
Bu nağıl deyil,
balaca.
Mamont balaları da gülümsəyə bilir,
inan...
Dünyadakı bütün canlılar
ağlaya bildikləri
kimi,
gülümsəyə də bilir...
Mən bapbalaca bir saman
çöpündən də
yapışardım, balaca.
Böyüdərdim, böyüdərdim,
dünyanın ən
nəhəng çinarı
edərdim onu gözümdə,
əgər getməsəydin...
İndi
isə
özündən ağır
yükü aparmağa
çalışan
balaca qarışqayam
həm də bir az başqayam.
Pişiklərlə danışıb,
çiçəklərə gülürəm,
insanlardan daha çox
ağacları sevirəəəəmmmm.
Gözlərimi dikirəm
Günəşin gözlərinə
Soruşuram: İnsanın
bu dünyayla dərdi nə?!
Özümü maşınların önünə
Parkda gəzişən insanların
qarşısına atıb
Qışqırmaq istəyirəm:
Anidən
baş verəcək hər şey,
anidən.
Birinin ağlında xatirəyə
çevriləcəksiniz,
birinin evində əşyaya.
Bir də gəlmək şansınız olmayacaq
dünyaya
Onunçün də gec olmadan
qollarınızı açın
səmaya
qucaqlayın Günəşi,
Yaşayın doya-doya!
Cahan SEYİDZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
30 aprel.- S.5.