Uşaq dünyasının şeirləri:
işıqlı və
rəngarəng
Kamil Arazın şeirləri əsasında
Son vaxtlar uşaq ədəbiyyatına göstərilən diqqət bu sahənin nə qədər gərəkli olmasının əməl göstəricisinə çevrildiyinin əyani sübutudur. Ard-arda keçirilən kitab təqdimatları,
ötən il Bakı Ekspo Kitab Mərkəzində
keçirilən uşaq sərgiləri, yaxud bu yaxınlarda təşkil
olunan I Uşaq Kitab Festivalı uşaq ədəbiyyatının
mənzərəsini görməyə imkan yaratmaqla bərabər,
bu sahənin qayğı və problemlərini də mərkəzə
gətirir.
Bu sərgi və festivalların digər önəmli cəhəti
bundadır ki, yalnız paytaxtda yaşayanları deyil, Azərbaycanın
rayonlarında məskunlaşan uşaq yazarlarını da cəlb
edir. Bu yazarlar uzun yol qət edib sərgilərə
qatılmaqdan zövq alırlar. Biz də bu imkandan
yararlanıb həmin yazarlarla tanış
olmaq şansı qazanırıq. Naxçıvanda
yaşayan uşaq şairi Kamil Arazı ötən həftələrin
birində, elə Uşaq Kitab festivalının
yaratdığı şəraitdə tanıdıq.
Kamil Araz Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna, Uşaq ədəbiyyatı şöbəsinə
təşrif buyurmuşdu. Ədəbi mühitdə imzası
çoxlarına tanış olmasa da,
uşaq poeziyasının gözəl incilərinin müəllifi
saya bilərik Kamil Arazı. Bu gün artıq
tükənməkdə olan iddiasizlıq kimi mənəvi
keyfiyyətin daşıyıcılarındandır Kamil Araz.
Şəxsini tanıdıqca onun bu sahədə
niyə önə çıxmaması ilə bağlı
sualıma da cavab tapmış oldum. Təbliğ,
təqdimat məsələləri özü demiş, onluq
deyil. Əsl yaradıcı insanlara
lazım olan istedadına güvənib şeirlərini
yazır, onları kitab şəklində sistemləşdirib
oxucu ixtiyarına verir, vəssəlam. Ədəbiyyatın,
qalıcı sənətin dəyişməz və əbədi
düstürü.
Azərbaycan ədəbiyyatının inkişafında
Naxçıvan ziyalılarının, düşüncə
sahiblərinin, milli münəvvərlərinin böyük
rolu olmuşdur. Elm və sənət məxəzi
sayılan Naxçıvandan Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin formalaşmasına xüsusi intellektual
çəki qatmış böyük şəxsiyyətlər
çıxmış, fikir həyatımızda müstəsna
iz salaraq doğulduqları yerin qürur və şərəf
ünvanlarına çevrilmişlər. Kamil
Araz da belələrindəndir, müəyyən ənənələr
üzərində yetişmiş uşaq poeziyasının
müasir dövrdə davam tapmasında xidməti olan şəxslərdəndir.
Kamil
Arazın uşaq şeirlərini məzmunundan asılı
olaraq, bir neçə istiqamətdə qruplaşdırmaq
olar: azadlıq, müstəqillik, azərbaycançılıq
duyğularının tərənnümünə, müharibə
amili, Qarabağ problemi, yurd sevgisinə, Naxçıvanın
gözəlliyi, eləcə də tarixi yerlərimizin
tanıdılmasına, uşaqların təbiətə və
heyvanlar aləminə, cəmiyyətə və əməyə
məhəbbətini ifadə edən şeirlər. Bu şeirlərdə önəmli olan əsas cəhətlərdən
biri məfkurə, amal məsələlərinin uca
tutulmasıdır. Bilirik ki, uşaqlarda
yurda məhəbbət, sevgi hissi kiçik yaşdan formalaşmalıdır.
Onların ayıq-sayıq böyüməsi,
torpağı yadlardan qorumaq əzmini hasilə gətirmək
üçün ilk növbədə, doğulduğu yurd
yerinin, baba ocağının sevgisini ötürmək, vətənin
hər dağı, daşı ilə öyünmək, onu
göz-bəbəyi kimi qorumaq mübarizliyi
aşılanmalıdır. Balacalar
üçün yazılmış şeir onlarda həm də
məfkurəvi hissin tərbiyəsinə xidmət etməlidir.
Bu baxımdan, Kamil Arazın poetik mətnləri
ilə tanışlıq göstərir ki, milli amalin ifadəsi
onun prioritet yaradıcılıq istiqamətinə
çevrilmişdir. Vətən,
azadlıq, əsgər marşı, bayrağın vəsfi,
torpağın işğalçıdan azad edilməsi əsas
motiv kimi diqqəti cəlb edir. Bütün şeirlərdə
vətənin, eyni zamanda şairin yaşadığı
Naxçıvanın tərənnümü daim öndədir,
Bu poetik nümunələrdə Naxçıvanın vəsfi
vətənin bir parçası kimi mənalanır, təbiiliyə,
saflığa, doğmalığa səslənişin əsas
rəmzinə çevrilirlər.
Kamil Arazın son illərdə çap etdirdiyi "Xəzinə",
"Göydən üç alma düşdü" və
"Tapmacalar" kitablarındakı şeirlərin
hamısı uşaqlar üçün qələmə
alınmış, məna aydınlığı ilə
seçilən nümunələrdir. Şairin
yaradıcılığı ilə bağlı mərhum
professor, filologiya elmləri doktoru Hüseyn Həşimli qeyd
edir ki, "Kamil Arazın uşaqlar üçün
yazdığı şeirlər mövzuca müxtəlif
olduğu kimi, həm də janr, bədii təsvir və ifadə
vasitələri baxımından da rəngarəngdir. Şair balaca oxuculara vətənvərpərlik tərbiyəsinə,
həmçinin təbiət haqqında biliklərinin dərinləşməsinə
xüsusi fikir verir. Məsələn, Kamil Arazın
"Qarabağ marşı", "Vətənə
andım", "Mənə uşaq deməyin",
"Baş endirək" və başqa bu kimi şeirləri
uşaqlarda vətənə, xalqa, müstəqil dövlətimizə
və onun atributlarına məhəbbət hissinin qüvvətləndirmək
məqsədi daşıyır".
Hüseyn Həşimli həssas məqama vurğu
salıb. Doğrudan da, Kamil Arazın şeirlərinə diqqət
yetirdikdə onların sırf müstəqillik dönəminin
ardınca gətirdiyi mövzuların uşaq ədəbiyyatı
üçün işləkliyinin zəruriliyindən hasilə
gəldiyini görürük. Bu
mövzular içərisində ən funksional olanı
Qarabağdır. Aydın məsələdir
ki, Qarabağsız bir nəsil yetişmişdi və yeni
yetişən uşaqlara, formalaşan gəncliyə
Qarabağ həqiqətlərini çatdırmaq bəlkə
yazıçıdan əvvəlkindən daha həssas, daha məsuliyyətli
olmağı tələb edirdi. Bu
mövzuda dönə-dönə, eyni zamanda daha yaxşı
yazmağı şərtləndirirdi. Ona
görə də xüsusilə, uşaq ədəbiyyatı
yönündə qələm işlədən şair və
yazıçılarımızın adı keçən
mövzuları diqqətdə saxlamaları, uşaqların
fikir səviyyələrinə uyğun yazmağa
çalışmaları çox önəmli bir hadisə
sayılmalıdır. Kamil Araz bu mənada,
vətənlə bağlı poetik mövqeyini daim qoruyan, bu
mövzunu mətnlərində ön sırada saxlayan şairlərdən
biridir. Onun vətən, bayraq, yurd sevgisi ilə
bağlı şeirləri uşaqlarımızın
zamanın tempinə uyğun olaraq müasir, ləyaqətli
bir vətəndaş kimi yetişməsində mütləq
bir funksiya daşıyır. "Mənə uşaq deməyin"
şeirinə diqqət edək:
Adımı
bilən belə
Ay
uşaq deyir mənə,
Deyin məgər
uşaq da
Soruşarmı
özündən
Nə vermisən vətənə?
Axı sənin
vətənə
Necə dəyər köməyin?
Səsləyirəm
hər kəsi
Nə qədər
ki sinəmdə
Var
Qarabağ qüssəsi
Mənə uşaq deməyin.
Bəli, sinələrində "Qarabağ qüssəsi"
gəzdirən uşaqlar Qarabağı ermənilərdən
xilas edib tarixi zəfərə imza atdılar. O qeyrətli nəsli
yetişdirən həm də uşaq poeziyasının bu
cür siqlətli gücü oldu. Digər bir şeirə
baxaq:
Öyünməyi
öyrədib,
Mənə
böyük qardaşım
Ucadadır
bayrağım
Demək ucadır başım.
Yarır
dərin göyləri,
Bayraq saxlayan dirək.
Qardaşımla
gəlmişik
Bayrağa baş endirək.
Professor
Rüstəm Kamalın Naxçıvan ədəbi mühitinə
məxsus nitq janrları haqqında maraqlı fikirləri var:
"Y.Lotman deyirdi ki, hər bir xalqın mədəniyyət
tipini, yaddaş tipini müəyyən nitq janrları şərtləndirir.
Məsələn, xalq deyimləri nitq
janrları kimi Naxçıvan türklərinin yaddaş və
təfəkkür tipinin bərpasını mümkün
edir".
Bu fikri nümunə gətirməyim əsassız deyil. Naxçıvan
uşaq şairlərinin yaradıcılığında deyimlərə
müraciət mühüm yer tutur. Bu rəvayətlərdə
uşaq və gənclərə daha çox vətənpərvərlik
duyğuları təlqin olunur. Bəli,
"vətənpərvərliyin, yurd sevgisinin mənbəyini
əfsanələrdə və rəvayətlərdə
axtarmaq lazımdır. Kral Arturla
bağlı əfsanələr Böyük Britaniyada ingilis
aristokratiyasının neçə nəslini
formalaşdırıbdır. Kral Artur
obrazı ingilis uşaqlarında kral hakimiyyətinə
sayğı hissini tərbiyə edibdir. Bu
gün qazax xalqı milli özünüdərki, dövlətçilik
yaddaşını ucsuz-bucaqsız yovşanlı
çöllərdə, yurtalarda söylənilən əfsanələrin
hesabına bərpa edir".
Naxçıvan uşaq şairlərinin mətnlərində
əfsanə, rəvayətin mühüm yer tutması iki məramdan
irəli gəlir. Həm şairlər bununla hər
hansı rəvayət və əfsanənin qaynağına
varır, nədən hasilə gəlməsini uşaq
üçün aydınlaşdırırlar, digər tərəfdən
onlara vətəni sevmək, onun hər parçası ilə
öyünmək hissi aşılayırlar. Kamil Arazın da şeirlərində bu çalar
qabarıqdır. Süjetli şeir, hər
şeirin arxasında dayanan hadisə fonu uşaqlara şeirdəki
əsas ideyanı aşılamağa yardımçı olur.
Bu, bəlkə də şairin seçdiyi ədəbi
priyomdur. Çünki yaxşı bilir ki,
istənilən fikir süjetsiz, bilavasitə nəsihət
şəklində verildikdə təsirsiz olur. Nəsihəti isə Belinski demiş, "heç
böyüklər də sevmir".
Kamil Arazın şeirləri uşaqların vətənpərvərlik
ruhuna bağlılığını gücləndirməklə
bərabər, onların təbiət haqqında biliklərini
dərinləşdirməkdə də mühüm rol oynayır. Nəcib hisslər
formalaşdırmağa xidmət edən bu şeirlər
ideya-bədii məziyyətləri, səlisliyi, təbiiliyi və
yığcamlığı ilə seçilir, eyni zamanda
uşaqların estetik baxımdan zövqlərinin
dolğunlaşmasına, dünyagörüşünün zənginləşməsinə
imkan yaradır. Digər bir məqam, Kamil
Arazın şeirləri üçün yumoristik ovqat hakimdir
ki, bu da uşaqların şeirləri həm tez mənimsəməsinə,
həm onların dünyalarının maraqlı olmasına
hesablanmışdır. Şairin "Şikayət",
"Hüseynin doğum günü", "İki
uşaq", "Gəlməyib", "Mıx dəymişdi
gözümə", "Hadisə" və onlarla bu tip
şeirlərində yumoristik ab-havanı duymaq xoş hisslər
yaradır:
Anam deməkdən
doymur,
Uşaqlarla dalaşma.
Atam
yanına qoymur,
Əl-ayağa dolaşma.
Qonşu
deyir:
"Ağaca nə üçün
dırmaşırsan?
Qapınız
yoxdur bəyəm,
Sən hasardan aşırsan?"
Nənə
nəsihət verir,
Əmi,
dayı və xala
Hamı deyir dinc otur.
Şuluq etmə, ay bala.
Mən də
şikayətimi
Gedib
babama dedim:
"Axı
hələ uşağam,
Bəs nə vaxt şuluq edim?"
Kamil
Arazın 2015-ci ildə çap olunan "Xəzinə"
kitabına "Vətən eşqi" adlı ön söz
yazmış AMEA-nın müxbir üzvi Əbülfəz
Quliyev doğru qeyd edir ki, "O, kiçik yaşlı məktəblilərin
estetik zövqünə uyğun həyati hadisələri qələmə
alır". Adətən, uşaq ədəbiyyatı
ilə bağlı klişeləşmiş bir fikir var ki,
uşaq ədəbiyyatını uşaq yerinə qoymaq olmaz.
Yəni uşaqlar üçün yazılmasına baxmayaraq,
onların zövqünə, dünyagörüşünə,
ali dəyərlərinə xidmət edən
məqamları mətnləşdirmək əsas qayə
olmalıdır. Bu baxımdan Kamil Arazın
şeirləri doğrudan da, düşüncə,
axtarış təriqi ilə yazılan şeirlərdir.
Məsələn, onun vətən şeirlərindən
bəhs etdik. Bu şeirlərin digər əhəmiyyəti
budur ki, onlar eyni zamanda maarifçi xarakteri daşıyır,
uşaqlara yeni sözlərin mənasına varmağı
öyrədir. "Xəzinə" şeirində
olduğu kimi:
Babam
söyüddən şivləri yığdı,
Bir
şey toxudu, dedi ki: cığdı
Dedim
neynirik cığı: - de görək?
Dedi:
üstündə sulanır çörək.
Bu məqamda Kamil Arazın şeirlərindəki dilə
həssaslığından da ayrıca bəhs etmək yerinə
düşər. Azərbaycan dilinə münasibət, onun
saflığının keşiyində dayanmaq amalının
bir çox şairlərimizin əsas sənət kredosuna
çevrilməsi məlumdur. Kamil Araz da
balacalar üçün yazdığı şeirlərdə
bədii-konseptual əsaslarla bu amaldan çıxış
edir. Çünki dil şairə görə
tarixi yaddaşa sədaqətdir, xalqın və dövlətin
böyük xilas yolunun, yaşamaq haqqının mühüm
tərkib hissəsidir.
İstəmirəm
mən daha,
Qələmə "ruçqa" deyək.
Çəkməyə
niyə "sapoq",
Çəlləyə "boşqa" deyək?
Dostum
yazır lövhədə,
Təbaşir var əlində.
Ancaq ona
"mel " deyir,
Yadellinin dilində.
Arxamıza
"sumka" yox,
Gəlin biz çanta asaq.
Dilimizi
korlayan,
Sözləri edək yasaq.
Torpağı
da, dili də,
Müqəddəs varlıq sayaq.
Hər
birimiz bir əsgər,
Dilimizi qoruyaq.
Kamil
Arazın şeir, mənzum təmsil, nazlama, tapmaca və s.
janrlarda yazdığı mətnlərdə heyvanlara,
çiçəklərə, məktəbə,
bağçaya, dostluğa həsr olunmuş şeirlər də
önəmli yer tutur. Bu şeirlərdə əsas
məqsəd gənc nəslin estetik və əxlaqi tələblərini
təmin etmək, onlara böyük zövq
aşılamaqdır. Təbiət
onların ən yaxın dostlarıdır, məktəb gələcəkdə
faydalı insan kimi yetişmələrinə aparan yolun
başlanğıcıdır, müəllim, valideyn ən
böyük dəyərlərdir. Bu
şeirlərdə sözçülüklə
rastlaşmırıq, mündəricə zəifliyi hiss
olunmur, rəngin və səsin uğurlu qovuşuğunu verən,
sözlərdəki məna tutumu ilə seçilən həmin
poetik mətnlər məzmun cazibərdarlığı ilə
dil, ifadə təbiiliyinin vəhdətini yaradan nümunələr
kimi yadda qalır.
Kamil Araz sadə və mənalı misralar, canlı
poetik lövhələr yaradır, fikirlərini ritorik tərzdə
deyil, səmimiyyət və ilhamla nəql edir. Düzdür,
bu şeirlərin içərisində bəzən qafiyəyə
zorən otuzdurulan misralar da nəzərdən qaçmır.
Bu məqamda şair uğursuz görünsə
də, fikrin ibrətamizliyi, uşaqlar üçün tərbiyəedici,
öyrədici funksiya daşıyıcısı
olmasının qayğısına qalması ona forma mükəməlliyi
yarada bilməməsi qüsurunu hardasa bağışlanan
edir. Amma bəzən əksinə olur.
Forma baxımından uğurlu yaradılan
şeir uşaqların yaş senzinə uyğun
yazılmadığından ideya-bədii cəhətdən
özünü doğrultmur. "Necə dolanır"
şeirində olduğu kimi:
Baba,
dünən bir qoca
Məni görüb sevindi.
Dedi baba
özünü
Necə
hiss edir indi?
Çoxdandır
görüşmürük
Düşmüşük biz aralı.
Bəs nə
yeyir, nə içir
Necədir kefi, halı?
Dedim
çıxmır küçəyə
Çox soyuqdur çöl, bayır.
Elə
evdə oturub
O, bizimlə
oynayır.
Başqa
nə iş görəcək?
Yavaş-yavaş qocalır.
Pensiyası
yaxşıdır,
Onu da atam alır.
Zənnimcə, o yerdə ki, uşaq öz təbii vəziyyətindədir,
hadisələrə və insanlara öz münasibətini
bildirir, o yerdə şeirlər də təbii və qüdrətli
alınır.
Lakin o yerdə ki, Kamil Araz uşağı öz təbii vəziyyətindən
çıxardır, onun hərəkətlərini,
düşüncəsini müəyyən çərçivəyə
salır, onu böyüklər kimi danışmağa məcbur
edir, o yerdə poetik mexanizm bütün gücü ilə
işləmir, inandırıcılıq öz qüvvəsini
itirir. Uşaq ədəbiyyatı ilk növbədə,
uşağın psixoloji durumunu, mənəvi-tərbiyəvi
cizgilərini səciyyələndirməlidir, təxəyyül
hüdudlarını aşmalı, emosional vəziyyətini sərgiləməlidir.
Onu böyüklər üçün
yazılan əsərlərdən fərqləndirən də
məhz budur.
Kamil Araz daha çox məişət həyatını
detallaşdırmağa çalışır və bu cəhət
şeirlərə özünəməxsus bir kolorit
aşılayır. Mətnlərini oynaq ritm və
emosionallıqla yazması, hər mövzuya uyğun ifadə tərzi,
təsirli, dinamik obrazlar tapması, yaratdığı lövhələrdə
rənglərin təbii, təravətli olmasına
çalışması Kamil Arazın uşaq şairi kimi
seçilməsinin əsas göstəricisinə
çevrilmişdir. Bir də ruhsal-mənəvi
baxımdan saf qala bilmək. Onunla bağlı məqalələrin
birində oxuyuruq: "Mənə görə ən çətini
əlli yaşında olub uşaqların dünyasını
görə bilməkdi. O dünyaya daxil olub, o dünyanın nə
istədiyini duymaqdı. Bəlkə də
tanıdığımız yüzlərlə ən
güclü, ən məhşur şair var. Lakin onların
çox azı uşaqlar üçün şeir yaza bilər.
Pedaqoq, psixoloq, müəllim, valideyin, şair, ən
əsası isə içindəki uşağı
öldürməyən şairlər uşaq ədəbiyyatı
yarada bilər" (Rəhim Vahid).
Bəli, uşaq ədəbiyyatı ən saf, ən təmənnasız
sahədirsə, bu yolda uğurlu olmanın bir şərti də
müəllifdən öz dünyasını təmiz saxlamaq
çabası tələb edir. Kamil Araz bəlkə həm
də bunu bacardığı üçün
işıqlı və rəngarəng uşaq dünyasına
vaqifdir, uşaqlar üçün yaratmaq, sözü, sənəti
uşaqlara sevdirmək şövqünə malik olduğunu
özünün mənəviyyat göstəriciliyi ilə də
sübut etməkdədir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.8-9.