Vasif Əlihüseynin özüylə söhbəti  

 

...Hətta qəzetdə işləyəndə (!) elə bilirdim ki, radiodakılar səsdi, adam deyillər. Ora dəvət alanda çox təəccüblənmişdim, fikirləşdim, yəqin, özüm işə getmərəm, hardansa xəttə qoşulub danışmalıyam...

Vasif Əlihüseyni həyatda görüb-görmədiyimi xatırlamıram, hər həftə zəng edib məndən iləsə bağlı açıqlama alır, bir azdan da moderator.az-ın linkini yollayır; sayta girib baxıram: Vasifin günə üç-dörd yazısı gedib, əksəri qısa müsahibə. Bu adam özüylə vaxt danışır? - elə düşünəsiydim, Əlihüseyn  aman vermədi, bir qalaq şeir esseni emailimə yolladı.

Açıb oxudum: bunlar Vasif Əlihüseynin özüylə müsahibələridi, Vasif sual verib - Əlihüseyn cavab. Amma ikisinin susduğu anlar var bu yazılarda, Vasifin , Əlihüseynin , lap elə üçünün - Vasif Əlihüseynin qaldıra bilmədikləri bir ağırlıq: onun adı İtkidi! Vasifin çapa hazırlanan kitabı müxtəlif bölümlərə ayrılır, amma onların hamısını birləşdirən mövzu eynidi.

 

Müharibə şeirlərində güllə əsgərə dəyir,

amma ana şəhid olur,

sevgidən yazanda atılan oğlandı,

ancaq özünü iztirabdan həlak edən anadı,

ataya həsr etdiyi nəzmdə

            anadan söhbət gedir -

duaları düşməni

            cavab atəşiylə susduran anadan!

 

Vasif anasını erkən itirib, onu bu yazılarında təzədən yaşatmaq istəyirmiş kimi gəldi mənə. "Ən çox bir il davam edir XX əsrlərdə ölüm ağrısı" - deyirdi  Nazim Hikmət. XXI əsrlərdə Vasif Əlihüseyn belə demir...

Saytdakı yazılarına baxanda səliqəsizliyinə əsəbləşirdim, kitabının əlyazması ondan da pintiymiş, nöqtə-vergülü gərək döşəmədən yığıb yerinə düzəsən. Vasifin yazı-pozusu anasız evi xatırlatdı mənə. Bunu kitabı oxuyanda anladım. Tör-töküntü evdə yerbəyerində olanlar da az deyil:

 

Məsələn, göz yaşı,

məsələn, iztirab,

məsələn, ...

 

Yazdıqlarım sizi qorxutmasın, kitabda oxunacaq başqa mətləblərə rast gələcəksiniz:

 

Metro keçidindən keçən uşaq kimi

əyilib ömrün altından keçirəm

qocalmamaq üçün...

 

Hətta yumora da:

 

Kəndimizdə əsgər gedən oğlanların

yolunu gözləyən qızlardan daha çoxdu

            universitet oxuyan qızların

yolunu gözləyən oğlanlar;

Oturub fikirləşirəm,

yaxşı sevdiyim qızın anası

məni bu küçənin tinindən

            qovdu...

 

2022-ci ildə "Ulduz" jurnalı "Mücrü" nəşriyyatıyla birgə yeni layihəyə başladı. Elçin Hüseynbəylinin hekayələri yanvarda, Əflatun Amaşovun romanı martda işıq üzü gördü. Bu ay üçün Vasif Əlihüseynin "Azmış kimi..." şeir esselər kitabını planlaşdırırıq.

Vasif Əlihüseyn bu kitabı iki daşın arasında macal tapıb yazıb. Sayt işini bilirəm, nəfəs dərməyə imkan vermir. "Azmış kimi..." istedadlı gəncin "dizüstü" yaradıcılığıdı. Oturub yazdıqlarını oxumaq ümidi ilə.

 

12 aprel 2022

 

 P.S. Niyə "Azmış kimi..."? Qələm adamının bu dünyada azarı var, gəzir -azmış kimi? O mənadamı? Ya insan niyə nəsə yazsın - alın yazısı azmış kimi? Bəlkə bu mənada? Sən düşünürsən, Oxucu?..

 

Qulu AĞSƏS

 

Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.11.