İslamın qəbulundan sonra
formalaşan
ortaq türk ədəbiyyatının
gəlişmə yolları
X
yüzildə Karluq türkləri Şərqi
Türkistanı, Orta Asiyanın və Tyan-Şan
dağının cənubunu əhatə edən böyük ərazidə
yeni türk dövlətini yaradır və Qaraxanlılar
sülaləsini hakimiyyətə gətirirlər (927-1212). Qədim dövrdəki gələnəyə görə,
yeni yaranan dövlətlərə xaqanların, sultanların,
ya da onların sülalələrinin, boylarının
adları verilirdi. Bu səbədən karluqların
qurduqları məmləkətin adı Qaraxanlılar Dövləti
olmuşdur.Türk boyları arasında islam
dinini ilk qəbul edənlər də məhz Qaraxanlı
türkləri olmuşdur.
Qaraxanlılar Dövlətinin şərqdə
Qaşqar, qərbdə isə Balasaqun şəhərləri
olmaqla iki mərkəzi vardı. Bu iki şəhər
ölkənin siyasi və mədəni həyatında olduqca
önəmli rol oynayırdı. Qaraxanlıların
hökmranlığı dövründə Türkistan iqtisadi
və mədəni baxımından özünün ən
parlaq çağını yaşamışdır. Akademik V.V.Bartoldun fikrincə, "Qaraxanlılar
başqa istilacılardan fərqli olaraq şəhərləri
dağıtmır, insanları torpaqlarından qovmur, şəhər
həyatının mərkəzi sayılan tacir və sənətkarların
toplaşdığı məhəllələri qoruyub
saxlayırdılar. (Bartolğd V.V.
İstoriə kulğturnoy jizni Turkestana.\\ Soç. M., 1963, t.2, ç.1). Bu səbəbdən
Türkistanı ziyarət edən səyyah və geoqraflar
imperiyanı "cənnət ölkə"
adlandırırdılar.
Qaraxanlılardan
sonra İslam dinini qəbul eden Səlcuklular
(1037-1194) və başqa türklər üçün yeni bir
dövr, islamın dini-fəlsəfi, maddi-mənəvi və
estetik dəyərlərinin mənimsəmə sürəci
başlayır. İslam dünyasına daxil olarkən
türklər yavaş-yavaş tanrıçılıq (tənqriçilik)
dinindən, qədim türk əlifbasından, ədəbiyyatından
uzaqlaşaraq, islam dini və fəlsəfəsini,
"Qurani-Kərim"in dili olan ərəbcəni, yüksək
poeziyanın dili olan farscanı aktiv şəkildə öyrənməyə,
mənimsəməyə başlayırlar. Türklərdə
ərəb dili daha çox dini, elmi və diplomatik sahələrdə,
fars dili isə poeziya dili kimi istifadə
olunurdu. Bir çox farsdilli şairlər
Qaraxanlı və Səlcuklu hökmdarlarının
saraylarına dəvət olunur, burada yaşayır və
yaradırdılar. Bəzi
hökmdarların özləri də bəzən farsca
şeirlər yazmağa cəhd edirdilər. Bu arada,
İslam dinini yenicə qəbul etmiş türk dövlətləri
- Qaraxanlılar Dövləti, özəlliklə də
Böyük Səlcuklular Dövləti qısa vaxtda
islamın "qılıncına" çevrilir, bu dinin
başqa torpaqlara da yayılmasında önəmli rol
oynamağa başlayırlar.
XI-XII
yüzillərdə ərəb-fars mədəniyyətinin
türk ədəbiyyatına, kültürünə təsiri
getdikcə qüvvətlənir və bunun soncunda da ədəbi-mədəni
prosesdə keyfiyyət dəyişiklikləri başlayır,
bu da, öz növbəsində, türk ədəbi-mədəni
sisteminin tarixi dəyişiminə gətirib
çıxarır, ədəbiyyatda, mədəniyyətdə
yeni bədii düşüncə anlayışı
formalaşır və işlərlik qazanır. Beləliklə, XI yüzildə türklərin ədəbiyyatlarında
yeni bir dövr başlamış olur. Bu yeni ədəbi-fəlsəfi
sistemdə və islam mədəniyyətinin
etkisiylə türklərin meydana gətirdikləri ilk
türkcə əsər böyük şair Yusifin Has Hacib
Balasaqunlunun (1015-1071?) "Kudatku bilik" -
"Qutluluq (Xoşbəxtlik) elmi" kitabı olmuşdur.
Onu da qeyd etmək lazımdır ki, əruz vəznində, məsnəvi
janrında türkcə yazılmış 6500 beytlik bu əsər
bütün türklərin ortaq ədəbi, mədəni və
fəlsəfi mirası olan ilk abidədir.
Yusif
Balasaqunlu iki il üzərində
çalışdığı bu kitabı
Qaraxanlıların xaqanı Abu Əli Həsənə təqdim
etmişdir. Şairin bu quvvətli və orjinal əsərini
təqdir edən xaqan ona sarayda böyük hörmətə
sahib olan has-haciblik rütbəsi vermişdir. Balasaqunlu
Yusifin "Kudatku bilik" didaktik-fəlsəfi əsərində
toplum və dövlətin istiqrarlı, qutlu, bəxtəvər
ola bilməsi, insan həyatının mənası,
anlamı, insanın dövlət qarşısında vəzifəsi,
dövlətin toplum qarşısında sorumluluğu, məsuliyyəti
toplum və dövlət fəlsəfəsi kimi konular öz
poetik ifadələrini tapmışdır. Bundan başqa, o,
bir çox beytlərində "ədalət"
anlayıcının dövlət ilə toplum birliyinin təməl
daşı olduğuna diqqəti çəkməkdə,
dövlətin ağıllı, kamallı, əxlaqlı,
bacarıqlı insanlar tərəfındən və adil
qanunlarla idarə olunmasının vacibliyini dilə gətirmişdir.
"Kudatku
bilik", həyatın dört əsas təməlini təşkil
edən və kitabın qəhrəmanlarına çevrilən
Küntoqdı (Gündoğdu) - Ədalət, Aytoldı
(Aydoğdu) -Mutluluq, Xoşbəxtlik, Ögdülmüş
(Öyüd-nəsihət) - Ağıl, Özgurmuş
(Özgürlük) - Azadlıq arasında gedən söhbətlərin,
görüşlərin dartışmaları əsasında
yazılmış fəlsəfi-didaktik bir əsərdir. Bu kitabı ilə Balasaqunlu Yusif gələcək nəsillərə
min ildən sonra da aktuallığını itirməyən
müdrik məsləhətlər, nəsihətlər,
ağıllı tövsiyələr verməkdədır.
"Kudatku bilik"in bir özəlliyi də ondadır ki, əsərdə
ərəb-fars sözlərindən çox az
istifadə olunmuşdur.
Balasaqunlu
Yusifin bu əsərinin araşdırmacısı, rus alimi
M.S.Fomkinə görə, "Kudatku bilik" islam
kültürü etkisiylə yaranmış ümumtürk
şeirinin ulu böyük abidəsidir və o, orta əsr
dünya ədəbiyyatının ən qiymətli əsərləri
ilə eyni cərgədə durmağa layiqdir.
Avstriyanın
Vena şəhərinin arxivində saxlanılan "Kudatku
bilik" haqqında ilk çalışma 1825-ci ildə bir
xarici alim tərəfindən aparılmış, ən ciddi
araşdırmalar isə XX yüzildə Türkiyədə Rəşit
Rahməti Arad, Rusiyada M.S.Fomkin, Amerikada R.Dankoff və
başqaları tərəfindən gerçəkləşdirilmişdir.
Ünlü rus türkoloqu və şairi
S.İvanov tərəfindən ruscaya çevrilmiş bu kitab
1990-cı ildə Leninqradda çap olunmuşdur.
Balasaqunlu
Yusifin həmyerlisi və çağdaşı olan Mahmud
Kaşğari (1008-1102) isə 15 il türklərin
yaşadıqları torpaqları dolaşaraq, onların
folklorunu - dastanları, lirik mahnıları,
nağılları, rəvayətlərı, 400-ə qədər
atalar sözləri və deyimlərini, eyni zamanda türk
boyları, onların tarixləri, ləhcələri
haqqında geniş bilgilər toplamış və iki il
onların üzərində çalışdıqdan sonra
1085-ci ildə "Kitab-i lüğat-it türk" əsərini
yazmışdır. Xəlifə əl-Muktədiyə
həsr edilmiş bu kitab, həqiqətən, qədim türk
ləhcələri və ədəbiyyatlarının ilk
böyük ensiklopediyasıdır. XI
yüzil türk ləhcələrindən bəhs edərkən
Mahmud Kaşğari Qırğız, Uyqur, Qıpçaq,
Yağma, Çıqıl və başqa ləhcərin
"təmiz və vahid türk dili olduğunu"
yazırdı. Onun düşüncəsinə
görə, öyrənilməsi "ən asan ləhcə
isə oğuz ləhcəsidir".
Mahmud Kaşğarinin "Kitab-i lüğat-it
türk"ü yazmaqda əsas məqsədi türk ləhcələri
və ədəbiyyat örnəklərinə dayanaraq
türklərin gəlişmiş ədəbi dilləri və
ədəbiyyatları olduğunu dünyaya göstərmək
idi. Yusif
Balasaqunlunun "Kudatku bilik" didaktik-fəlsəfi məsməvisi
və Mahmud Kaşğarinin "Kitab-i lüğat-it
türk" ensiklopedik əsəri gerçək sosial-siyasi, ədəbiyyat,
dil, fəlsəfə tariximizi araşdıran türkoloqlar, filoloqlar, tarixçilər
üçün olduqca qiymətli qaynaq olmaqdadır.
Yusif
Balasaqunlunun "Kudatku bilik" və "Kaşğarlı
Mahmudun "Kitab-i lüğəti-t türk" əsərlərini,
bir baxıma, qədim türk ədəbiyyatından qədim
dövr klassik türk ədəbiyyatına keçid
dövrü kimi də dəyərləndirə bilərik. Türklərin bir dini, fəlsəfi, ədəbi,
kültürəl sistemdən başqa bir sistemə keçmə
və onu mənimsəmə sürəci haradasa bir əsri
ihtiva etməkdədir. Yalnız bundan sonra, XII yüzildən
başlayaraq türk şair və alimləri əsərlərini
daha çox fars və ərəb dillərində
yazmağa başlayırlar.
Maraqlıdır
ki, bu proses Oğuz türklərinin qurduqları Böyük Səlcuklu
Dövlətində daha da sürətlənmişdir. Bu prosesi sürətləndirən amillərdən
biri də Mərkəzi Asiya, Volqaboyu, Qafqaz və Kiçik
Asiyada yaşayan türklərin qədim türk runik əlifbasından
ərəb qrafikasına keçmələri olmuşdur.
Böyük
Səlcuklu Dövlətində Qaraxanlılar Dövlətində
olduğu kimi, fars dili dövlət və mədəniyyət
dili olmuş, paytaxt İsfahandan uzaq yerlərdə məskunlaşan
oğuz-türk boyları ana dillərini qorumuş və
türk halk ədəbiyyatının gözəl nümunələrini
yaratmışlar. Qaraxanlılar kimi, Səlcuklular
da ölkənin idarəsində daha çox etnik farslara, mədəni-elmi
aspektdə isə ərəb-fars mədəniyyətinə
üstünlük verirdilər. 1071-ci ildə
Malazgirt savaşında Səlcuklular Bizans ordusunu
darmadağın etdikdən sonra oğuz-türk qəbilə və
tayfaları Şərqi Anadoluda yerləşməyə
başlayır və çox keçmədən onlar bu
bölgədə əhalinin əksəriyyətini təşkil
edir. Böyük coğrafıyada - Anadolu, Güney
Qafqaz, İraq, Orta Asiyanın batı hissəsində yerləşən
və nəhəng dövləti idarə edə bilmək
üçün Rum (Konya), Bağdad və Dəməşq
sultanlıqları yaradan Böyük Səlcuklular Dövləti
islam mədəniyyətinin, fars və ərəb dilli ədəbiyyatların
gəlişməsinə böyük önəm verirdilər.
Anadolu Konya Sultanlığında da məmurlar,
saray şairləri, alimlər ancaq ərəb-fars dillərində
yazıb-yaradırdılar.
Məhz XII yüzildə, yeni kültürəl-ədəbi
sistemin hakim olduğu bir dövrdə türklərin
arasından Nizami Gəncəvi (1141-1209) və Cəlaləddin
Rumi (1207-1273) kimi dünyaca ünlü iki dahi şairi
yetişmişdir. Bu da İslam mədəniyyəti çərçivəsində
olduqca yüksək bədii səviyyəli, eyni tipli fars-ərəb
dilli türk ədəbiyyatlarının yaranmasına səbəb
olmuşdur.
Səlcuklular dövründə yaşayan Nizami Gəncəvinin
həyat və yaradıcılığını
araşdıran alimlər onun etnik oğuz türkü
olduğunu, əsərlərində türklüyü tərənnüm
etdiyini sübut etmişlər. Nəslinin, soykökünün
türk olduğunu bəyan edən, türklərin Xəzərdən
Çin dənizinə qədər böyük bir
coğrafiyada yaşadıqlarını, hökm sürdüklərini
şeirləşdirən Nizami Gəncəvinin türk
olmasını sübut edən əsərlərdən birini -
M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami"
adlı monoqrafiyasını araşdırman Siracəddin
Hacı haqlı olaraq müəllifin Nizaminin
türklüyünü faktlarla sübut etdiyini yazır.
M.Ə. Rəsulzadəyə görə, "heç bir yerdə,
farsca yazılmış heç bir əsərdə
"türk" məfhumu Nizamidə olduğu qədər
sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir,
"türk" sözü Nizamidən əvvəl həqiqi
mənada, nadir hallarda "ağlıq" və "gözəllik"
mənasında işlənmişsə də, məcazi olaraq
yalnız onun dövründə "yüksəklik",
"paklıq", "gözəllik" mənalarını
kəsb etmişdir. Nizami "türk" deyir, gözəl, mərd,
qəhrəman, döyüşçü, sərkərdə,
bilici, ər, rəhbər, başçı nəzərdə
tutur, "türklük" deyir, gözəllik,
yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq,
sərkərdəlik, başçılıq demək istəyir,
"Türküstan" deyir, vəfa, doğruluq, vüsal nəzərdə
tutur. Nizamidə "türk" gözəl deməkdir,
o,"dilbər" sözünün yerinə çox zaman
"torke-delestan", "torke-tənnaz", "torke-nazənin
əndam" ifadələrinə yer verir, Nizami gözəl
gözə "türk gözü", canalıcı
gülüşə "türk gülüşü"
deyir, bu gülüş o qədər şirindir ki, "şəkər
belə ona həsəd aparır". Şair "Yeddi gözəl"
poemasındakı gözəllərin hər birini türk
gözəlinə bənzədir: "Rum şahzadəsi rum nəslindən
olan türkdür", "kürd qızının gözləri
bir türk gözü qədər gözəl idi", "ərəb
gözəli türkə bənzəyirdi", "Leylinin ətrafındakı
ərəb qızları Ərəbistanda yaşayan türklər
idi", "ərəb əndamlı türklər
hamını məftun edirdi", gözəllərin
yaşadığı sarayın adı Türküstandır,
zərif bədənli "türk kraliçasının
adı Türknazdır". Nizaminin üslubunda
türklük gücün rəmzidir, şairin lüğətində
türk başçıdır, İskəndər "rum
papaqlı türk"dür, peyğəmbər merac gecəsi
bir türk kimi at çapır. Nizamiyə görə,
türk ədalətin simvoludur... (sitat:
"525 -ci qəzet". 30.03.2017).
Konyada
yaşayan Şərq və türk poeziyasının dahilərindən
biri və Mövləvi təriqətinin banisi olan Cəlaləddin
Rumi də "Məsnəvi" əsərində qürurla
türklüyündən bəhs edərək yazırdı:
"Əsləm
Tork-əst əgərçe hindu guyəm"
"Əslim
türkdür, hərçənd ki,
hinduca (yəni
farsca) yazıram".
Az da
olsa Ruminin türkcə şeirləri də mövcuddur.
Onlardan biri Sulatan Alparslana həsr olunmuşdu:
Okçılardur gözləri,
Hoş
nişandur qaşları,
Öldürür
yüz su əri,
Kimdir ol Alparslan?
Akademik Vinoqradov haqlı olaraq yazırdı ki, öz dili
yerinə, yabançı dilin yazılı-ədəbi dil səviyyəsində
istifadə olunması, milli ədəbi dillərin
formalaşmasından, yaranmasından öncəki dövrə
xas olan tarixi olaydır. Qərbi Avropada latın dili, müsəlman
şərqində - ərəb-fars dilləri, cənubu və
şərqi slavyanlarda - qədim bolqar dili, Yaponiya və
Koreyada - Çin dili uzun illər yazılı-ədəbi dil
funksiyasını oynamışdır.
Bu səbəbdən,
müsəlman mədəniyyəti dünyasına daxil
olduqdan və zəngin bədii-təsviri sistemə dayanan ərəb-fars
poetik gələnəyini mənimsədikdən sonra orta əsr
Şərqinin iki dahi türk şairi - Nizami Gəncəvi
Böyük Səlcuklu Dövlətinin Gəncə şəhərində
(Azərbaycanda) və Cəlaləddin Rumi Konya Səlcuklu
Sultanlığında (Anadoluda) öz dahi əsərlərini
fars dilində yaratmaları ədəbi-tarixi dövrün tələbi
idi. Fasca yazmaqlarına baxmayaraq, Nizaminin
yaradıcılığı Azərbaycan
coğrafiyasındakı oğuz türklərinin, Ruminin
yaradıcılığı isə Anadolu oğuz türklərinin
etnik, milli, türklük düşüncə sistemini
formalaşdırmış və bunun sonucu olaraq da Nizami Gəncəvi
milli Azərbaycan ədəbiyyatının, Cəlaləddin
Rumi isə Anadolu türk ədəbiyyatının təməl
daşlarına cevrilmişlər. Bu səbəbdən Qərb
ölkələrində Nizami Gəncəvi və Cəlaləddin
Ruminin fars şairi kimi göstərilmələri
həm elmi, həm də tarixi və siyasi baxımdan
yanlışdır və qəbuledilməzdir.
Bu da bir həqiqətdir
ki, XII yüzildə ortaq türkcədə poetik əsərlər
yazan şairlər də az deyildi. Sufi Yəsəvilik təriqətinin
banisi, öz dini-fəlsəfi düşüncələrini
cağatay türkcəsinə yaxın sadə bir dildə və
heca vəznini xatırladan bir poetik sistemdə şeirləşdirən,
Türkistanın mənəvi böyüyü anlamına gələn
"Həzrət-i Türkistan" mərtəbəsinə
yüksələn Xoca Əhməd Yəsəvinin (1093?-1166),
Türkistan qəsəbəsi, Qazaxıstan) sufi
yəsəvilik təriqəti yalnız Türkistanda, Orta
Asiyada deyil, eyni zamanda İran, Azərbaycan və Anadoluda da
geniş yayılmışdı. Anadoludakı Bektaşilik,
Babailik, Heydərilik Yəsəviliyin təsirilə meydana gəlmişdi.
Xoca Əhməd Yəsəvi, sufizmin əsas
postulatları olan - nəfsini önləmək, dünya
malına xor baxmaq, dinindən və soykökündən
asılı olmayaraq insanları bərabər görmək
kimi düşüncələrini özünəməxsus məntiq
və inam gücüylə mənimsəyərək şeirləşdirdiyi
Hikmət - nəsihətləri xalqın arasında
böyük rəğbət görmüş və geniş
yayılmışdı. Hikmətlərinin birində
Xoca Əhməd Yəsəvi belə deyir:
Kayda
körseng köngli sınuk merhem bolğıl,
Andaı
mazlum yolda kalsa hemdem bolğıl,
Ruzı
mahşer dergahığa mahrem bolğıl
Ma u menlik halayıkdın kaçtım mena.
Harda
görsən könlü sınıq mərhəm ol,
Əgər
məzlum yolda qalsa həmdəm ol,
Məhşər
günü dərgahına məhrəm ol,
Mən-mən deyə bağıranlardan qaçdım
belə.
Əhməd Yəsəvinin "Divan-ı Hikmət"i
bu gün də müxtəlif ölkələrdə
yaşayan onun müridlərinin baş kitabıdır. Yəsəvinin dini-fəlsəfi
görüşlərini əks etdirən Hikmətlər və
o hikmətlərin şeir strukturunun incələnməsi
problemi, ümumtürk milli-mədəni dəyərlərinin,
sufizmin qədim türk inansları, o cümlədən
şamanizm ilə bağlılığının öyrənilməsi,
mentalitetimizin formalaşmasında yəsəviliyin təsirinin
araşdırılması, türk xalqlarının dini-fəlsəfi,
ədəbiyyat və mədəniyyət tarixlərinin
obyektiv bir şəkildə yazılması baxımından
olduqsa böyük önəm daşımaqda və
türkologiyanın əsas problemlərindən biri
olmaqdadır.
Şəriətin
tanınmış bilicilərindən olan şair Əhməd
Yuqnəki XXII yüzildə türklər üçün
yeni olan islam dini-fəlsəfi
yaşayış qaydalarını özündə birləşdirən
şəriəti türklərin arasında yaymaq məqsədilə
türkcə "Xibat-ul xakdnık" əsərini
yazmışdır.
Anın
oş çıxardım bu türkçə kitab
Keçək
qıl dəp, ay dost, kepək qil atab.
Onun
üçün çıxartdım bu türkçə
kitabı
İstərsən
qəbul et, ey dost, istərsən inkar.
Maraqlıdır ki, monqol istilası və Böyük Səlcuklu
Dövlətinin süqutundan sonra türklərdə tədricən
milli dəyərlərə, milli dilə dönüş
görülməyə başlayır. Cəlaləddin
Ruminin oğlu, şair Sultan Vələd monqol istilasından
sonra əsərlərini ancaq Anadolu türkcəsində yazaraq
milli ədəbi dilin gəlişməsində önəmlı
rol oynamışdır. Səlcuklu dövlətinin
dağılmasından sonra yaradılan türk dövlətlərində
- Qaraqoyunlu, Ağqoyunlu, özəlliklə də Osmanlı və
Səfəvilər dövlətlərində türkcə həm
dövlət, həm də ədəbi dil olaraq yeni inkişaf
mərhələsinə qədəm qoyur və çox
keçmədən ana dilində gözəl əsərlər
yazan böyük türk şairləri milli ədəbiyyatlarımızı
gəlişdirməyə başlayırlar.
Tofiq
MƏLİKLİ
Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.10-11.