Keçib gedirəm

gecələrin yanından...

 

Sabahların ortasından

tozlanır ömür yolları.

Gözəl getmək var,

gözəl dönüşə inanaraq

amma sonda zərrəcə mutluluq yox.

 

Xırda quş balasıdır ümid

çırpınır axşamdan sabaha

uçmaq üçün.

Gün gələr

ya uçub azadlıq bulur,

ya qurda-quşa yem olur.

Onun təşvişi

mənim tənhalığıma bənzər

axşamla gündüzün qovuşuğunda.

 

Yağmura düşüb

çətir axtarmaq var.

Günəşdə isinib

çovğunu unutmaq var.

Can sağ ikən

acı bir sonluğa inanmaq

insanın heç ağlına gəlməz.

Barmaqlar soyuqda donmadan

əldəki qələm qırılmadan

bir-iki xatirə yazmağa

fürsət tapmışam:

mən də yaşadım

günləri saya-saya

mən də keçinərəm

gecələrin birində.

 

Keçir soyuq qış günütək

yaşamanın vədəsi.

Buzlu çaylar kimi

axıb-axıb quruyur

bu dünyada

mənə ayrılan zaman.

Susuz qalan bozqurd kimi

ulayır ruhum...

 

Yağış yağar,

sonra gün doğar

ömrün üstünə.

Sonra yollar buz bağlayar

bir daha buzum açılmaz.

Və qış yaman sərt keçdi deyə

ölümü etiraf etməmək

bəhanə olmaz...

 

Saat tələsir gələcəyə

keçmişi döyə-döyə...

 

Boşuna keçirdiyim günlər,

üzümə baxıb deyinir:

Nəyin var sənin

gizlədim tarixin bir küncündə...

qürur duymaq üçün

hərdənbir qaldırıb baxasan.

Həyatdan təsəlli bir-iki xatirə

bəs olmaz

bu qədər uzun-uzadı

anılarda yaşamağa.

 

Sabah açılır maneəsiz

baş verən

gözlənilməz olaylar

ömrün ortasında

döyükən taleyə

ümid vermədən istehza edir:

ey yolcu

hara aparım səni

bir cüt qocalmış

təngnəfəs ayağın var

zamana ilişib qalar.

Bir də qanla dolu

ufacıq ürəyin var

qəfil xəbərdən çatlaya bilər.

Elə heey ağrıyanda

ölümün rəhmsizliyində

səbr axtarar.

Bir də xeyir-şər üçün

alıb sandıqda saxladığın

bir cüt qara tuflin var

gor yoluna tab gətirməz.

 

Yaşamaq çətindir,

ölmək arzuolunmaz...

dünyadan doyub gözlərim

sevgisi tükənib qəlbimin.

Məni çox yordun fələk

artıq-əskik söyləmə

bir keçmişi bəlli qürurum var

bir kimsədən

haqsız söz götürməz.

 

Saat yatıb,

inildəyir qaranlıq...

 

yuxuda bir itiyimin izindən

əliboş

            kor-peşman

qayıdan kimiyəm.

Qara bayraq yelindən qorxan tək

sarsılır sabahkı gün.

Yaxınlaşır səs-küylə otağıma

tənhalıqlar izdihamla

nəfəsi üzümə vurur

keçmiş və məsum günahların.

Qaranlığın ulduzlu üzü

ulduzlu budaqları ağacların

ölü nəğmələr tək

sükut etməyində

gecikir sabah

kimsə can üstədir deyəsən...

 

Belə olurmuş

qorxu adamı təkləyəndə

kar gecələrin ağuşunda

qorxunc məzarlıqdı dəniz...

Saat yatıb

laap uzaqdan qatar keçir

dənizin qaranlığı tüğyan edir

qulağımın dibində.

 

Budur, hirsindən

ulduzları sahilə çırpdı Xəzər,

qanlı gölməçələrdə

böyüdü balıqlar.

Qoy sabah açılsın deyirəm

geçikir sabah

inildəyir qaranlıq

yavaş

            asta tərpən

kimsə can üstədir deyəsən

cəmi həsrətlər qovuşur yavaş.

İnildəyir qaranlıq

daha tələsik döyünür gecə

belə olurmuş qeybə çəkilmək

hər şeyi duydum

sevginin başı üstə tabutlar sıralanıb

laylalarla ağılar bir-birinə sarılıb

başdaşına yazılıb istəkli sözlər

sən məni məhv etdin könül.

 

Ulduzlara vətən həsrətilə baxdım

cəmi həsrətlər qovuşan gün

gecənin gözlərini ovur ruhum

deyirəm

vaxt gələr

        əcəl yetirər

mən can üstə olanda

sən də təsəlli vermədən

izdiham kimi uzaqlaşarsan.

 

Anamdan məktub

gəldi

 

göz yaşı qoxuyur vərəq...

Yazır ki,

başına dönüm

deyəsən ağrılarım azalır

səni düşünürkən

gecələrin sonunda yuxuma

özün gəl imkan olsa...

Yuxumdan üzüm bağları keçir,

payızın içində

sıra-sıra

gilə-gilə aydınlıq

qocalığım ölüb itənlərə acıyır.

 

Sonradan xatirələr

çəkilib gedəndə

ağrıların ürəyimdəki yerində

ruhumun necə

sevindiyinin şahidiyəm.

Sən gedən yollar

çoxlarını apardı

yolçular qaralıb kömürə döndü

amma kimsə götürə bilmədi

Tanrının üzündəki niqabı.

 

Pəncərəmi qar dənələri döyür

diksinib baxıram həyətə

səni görmək umudum olmasa da.

Qışı gözləməkdən solan

qocaman payızın son nəfəsində

kimsənin sevgisindən yarımadan

əriyib hopacaqsan

əllərimin qabarına...

İl ildən qəzəbli gəlir,

tut ağacıtək silkələyir

istəkliləri

            dostları

tökülür sevinc və kədər

xəzəl kimi

tərk etdiyimiz yerlərdəki izimizə.

 

Başına dönüm

özünü sevgidən qoru

amansız və səbirsizdi

sənsə cansız-cəsədsiz.

Amma axır itirəcəksən

sənin olan hər şeyi

heç bilməyəcəksən

özünəmi ağlayasan

yoxsa doğma itkilərəmi...

 

Uşaqkən kölgəsində

evcik-evcik

oynadığımız...

 

dartışıb barışdığımız

ağaclar yaddaşımda

yağmura düşdü.

O yerlərdən

ayrı-ayrı insanlar kimi uzaqlaşanda

uzaqlaşıb bir-birimizə yadlaşanda

kölgələrimiz nə çəkdi

bildinmi...

 

Orda səni

ürəyimdən salıb itirdim

özüm istəmədən

qəlbimin qanında boğuldun

əcəl köməyin olmadı.

Ömür boyu

zorla çəkdiyim xiffətsən

deyim ki, keçmişə toxunmasın

ulu göyün yağmurları

islatdı sənə ithaf etdiyim sözləri.

Gün işığı

qurudunca o sözləri

ömür də bitdi.

Mən öz qəzama

mübarək ağı borcluyam

özümdən savayı

kim eşitsə üzülməsin.

 

Bizi ölümə

hazırlayan...

 

yetənəkli və soyuqqanlı

bir usta təlimçidir həyat.

İnsan nə üçün

var olduğunu anlamadan

özündən ömürlük küsən

nadinc bir öyrəncidir.

Ölüm ucuz

            zəfər baha...

 

Tanrı səbrli öyrətmənimiz...

dostların diliylə

möminlərin dəngəsər səbriylə

ümid bəkçilərinə

sonda hər şey

gözəl olacaq deyə

təsəlli verir Tanrı.

O son və gözəl qəza

ölümlə görüş anıdır

hər kəs qaçar

qaçar nəfəsi kəsilincə.

Və yenə də hər olaya

şükür deməkdən savayı

havayı bir şans bulamaz.

 

İrəli can atırkən

əzab çəkməsin deyə

ayaqlarımı ustufca basdım

torpağın sağ üzünə.

 

Sürpriz həvəskarıyam

sürprizlər üçün

hətta hər şeydən keçərəm

acımadan-ağlamadan.

Bir addım geridə

sözləri qaxac olmuş

bir neçə xatirə

bir də yazısı islanmış

duruşu hüznlü baş daşı

arxamca gileylənər...

 

Şər qarışıq...

 

qab bulaşıq

            it havlayar

                        ip dartınar

dalıyca sahibin sürütlər.

Bəzən də it ipli-zadlı

qəlblərə girmək istər.

Getdiyin yerdə

hətta son mənzildə

səni gözlər.

Kimliyini

            məsləyini

içindən gəmirmək istər.

 

Burda başyeyənlər

dost-tanışın yasında

bir süfrə arxasında

amansız kədərə şükr edər.

Və səbəbsiz qəmlənib

diz üstə çörək kəsər.

 

Cənab molla,

dünənki ehsandan sonra

məscidin qapısı açıq qalıb.

İki dünya arasında

zəvvarların yaddaşında

cənnətin yolu dolaşıb.

 

Burası son məkandır

 

deyib əbədi dayanmaq...

məskən salmaq üçün

özümə bir yer tapmıram.

Yüyrək atım

özümdən də həsrətli

o uzaqlardan xəfifcə eşidilən

azadlığın imdadına

qaçırıq nəfəs dərmədən.

 

Bir çox illər keçir

ruhumla ayrılığın üstündən.

Köçəri quşların gətirdiyi

orda şəhid oldu

xəbərinə ağlarsınız.

Orda qaranlığı

ay kimi titrədib oyadan

qos-qoca bayrağam

köhnələn həsrətlə

əllərimi yellədib vətənə sarı

meydan oxuyuram faniliyə.

 

Sən varsan deyə...

 

qardaşım,

kəndimiz yazıq olur axşamlar.

Sən tanıdığın o viranə ürək

bir az da talandı sevdalarla.

Günahlar yiyəsiz qalıb

yağışın

            küləyin

                        qaranlığın altında

təzədən qayıda bilsəm

yığardım ayrıca bir tabuta...

Unutdum ayrılığı və səni

yağışın

            küləyin

qaranlığın altında

ürəyimdə

günahlar bəraət almayıb hələ.

 

Ölüm su kimi axır

Tanrının əziz göyündən

yuyub-yuyub aparmır

günahların qaysaq bağlamış izini.

Bəlkə indi

keçmişi xatırlayıb ağlayırsan

yaşamanın xiffətini çəkirsən bəlkə.

Bir də məni özləsən

daha günlər qurtarmaz...

Tanrı yaşayan yerdə

ürək yox dönməyə sözə.

 

Tökülür ilğım-ilğım istilər

quşların qanadlarından.

Amma ərimir bir divanənin

oxuduğu duaların buzu.

Qar çiçəyi tək

sabah ertədən xəfifcə

həyəcandan titrəyir hər təzə gün

nağıla dönürəm xatirəndə.

 

Gözlədim

Novruz bayramında

gələsən səməni kimi.

Asdım tapa bilmədiyim şəklini

susqun süfrəmizin başından.

Gözəl keçirdik bayramı

sən varsan

            sən varsan

fərqi yox harda...

 

Gedək, dostum,

gün qurtardı...

 

şər qarışdı

daha işıq da düşmür

ömrün bacasından

nağıl oxuyaq bir-birimizə,

bağladım kitabımı...

 

Eyyy, gözəlim dünya,

dərd-azarına alışdım,

bəlkə də sənsiz darıxacam.

Çəkilib gedər dostlar-doğmalar

çəkilib gedər

acılı-şirinli günlər.

Kimi ölümə qoşulub gedər

kimi dəyişər yurd yerini...

vecsiz

xəbərsiz dəyişər rüzgarlar

üzümün ifadəsi tək.

Tanrıdı mənim həmdəmim

heyf ki o da qocadı.

Qocadır vətənin dərdi

böyük xocadı vətən,

namaz qılınar ətəyində...

 

Dəyanət OSMANLI

 

Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.14-15.