“Əli bəy Hüseynzadənin Azərbaycan
İstiqlal Muzeyində
qorunan irsi” kitab-albomu
ictimaiyyətə təqdim edildi
Milli
İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və
Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında
çap olunmuş “Əli bəy Hüseynzadənin Azərbaycan
İstiqlal Muzeyində qorunan irsi” kitab-albomunun təqdimat mərasimi
keçirilib.
Tədbirdə
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli
çıxış edərək kitab-albomunun əhəmiyyətindən
söhbət açıb. O bildirib ki, kitab Əli bəy
Hüseynzadənin qızı Feyzavər Turanın Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinə – Azərbaycan
İstiqlal Muzeyinə hədiyyə etdiyi, şəxsi təşəbbüsü
ilə atasına, qardaşına və özünə məxsus
161 ədəd maddi mədəniyyət nümunəsindən
ibarət kolleksiyanı əhatə edir.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov deyib: “Əli bəyin bu kitab-albomda bizlərə təqdim olunan şəxsi əşyalarına baxarkən
biz bir daha o böyük mütəfəkkirin
nə qədər kübar, alicənab və milli mənsubiyyətinə
yüksək dəyər
verən şəxsiyyət
olduğunu görürük.
İnanıram ki, MİMTA Fondunun
və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş bu nəfis kitab Əli bəyin həyat və fəaliyyətini araşdıranlar
üçün faydalı
bir tədqiqat materialı olacaqdır”.
Həmçinin “Füyuzat” jurnalının
baş redaktoru Mübariz Yunus bildirib ki, kitab-albom
“Füyuzat” dərgisinin
15 illiyinə gözəl
töhfədir: “Bu kitab-albomda
XIX əsrin sonu – XX əsrin əvvəllərində
Azərbaycanın böyük
mütəfəkkiri, milli
məfkurənin yaranmasında,
milli maarifçilik hərəkatının tərəqqisində
böyük xidmətləri
olan Əli bəy Hüseynzadənin mirası toplanmışdır.
İnanırıq ki, bu kitab xalqımız və ziyalılarımız
tərəfindən rəğbətlə
qarşılanacaq”.
Türkiyə-Azərbaycan ortaq tarixində Əli bəyin xidmətlərini diqqətə
çatdıram Bakı
Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç
Ə.Hüseynzadənin yaradıcılığına
toxunaraq onun fikirlərinə nəzər
salmağın vacibliyini
vurğulayıb.
Tarix elmləri doktoru, professor Solmaz Tohidi çıxışında
Əli bəyin düşüncə tariximizdəki
roluna diqqət çəkib, onun irsinə sadiqliyin vacibliyini vurğulayaraq ərsəyə gətirilən
işi yüksək qiymətləndirib.
Akademiyanın müxbir üzvü,
professor Könül Bünyadzadə də Əli bəy ideyalarının yaşadılmasını
milli şüurun müasir nəslə aşılanması baxımından
mühüm hesab edərək kitabın hazırlanmasına görə
MİMTA Fonduna və İstiqlal Muzeyinə minnətdarlığını bildirib.
Çıxış edən digər qonaqlar da Əli bəy
Hüseynzadənin Azərbaycan
milli məfkurəsinin
formalaşmasında böyük
rolundan bəhs ediblər, Əli bəy irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması
baxımından kitab-albomun
Azərbaycan mədəniyyətinə
və elminə gözəl töhfə olduğunu bildiriblər.
Ədəbiyyat qəzeti.- 2022.-
30 aprel.- S.17.