Çağdaş Cənubi Azərbaycan şairi Əziz Səlami

 

Zəminə Zeynalovanın "Qərib külək" kitabı haqqında

 

Əziz Səlami mühacirətdə yaşayan Cənubi Azərbaycan yazıçılarındandır. Miyanə şəhərində doğulan, pedaqoji təhsil aldıqdan sonra bir neçə il Cənubi Azərbaycanın müxtəlif kəndlərində müəllimlik edən, özünün dediyi kimi, "milli nağıllarımızla" - "Dədə Qorqud"la evləri dolduran", ilk şeirlərini farsca yazan Əziz Səlami İran İslam İnqilabından sonra ölkəni tərk etməyə məcbur olmuş, hazırda Almaniyada mühacir ömrü yaşamaqdadır.

Doğma Azərbaycan türkcəsindən başqa, fars və alman dillərini də mükəmməl şəkildə bilən, bu dillərdə bir çox bədii və elmi əsərləri dilimizə çevirən Əziz Səlami həm şair, həm də nasir kimi kifayət qədər tanınmış, "Yol üstündə ağac", "Susmaz mahnı", "Öldürməyin bu daşı", "Uçanlar", "Anamın kəndi uzaqlardan", "Axar kitab" adlı kitabların müəllifidir.

Zəminə xanımın "Qərib külək" adlı kitabından məlum olur ki, Əziz Səlaminin şeir və hekayələrində baş mövzu Azərbaycan xalqının həyatı və tarixinin tərənnüm və təsviridir. Bu əsərlər ideyasına görə daha çox xalqın milli-demokratik mübarizə əzmi və arzuları ilə səsləşir. Müəllifin bu kitabında o da aydınlaşır ki, yazıçı fantaziyalarına deyil, həyat həqiqətlərinə əsaslanmaqla yazıldığından xalq həyatının bədii salnaməsi təsirini bağışlayır.

Tədqiqatçının belə bir fikri maraq doğurur ki, "Əziz Səlaminin əsərlərini oxuyarkən bir həqiqətin şahidi oluruq ki, mövzular nə qədər rəngarəng olsa da, həmişə təsvir və tərənnüm obyekti insandır. Çünki yer üzündə nə baş verərsə, istər yaxşılığa, istərsə də pisliyə doğru bunların hamısı insan beyini və insan əli ilə həyata keçirilir.

Əziz Səlaminin yaradıcılığında işlək mövzulardan biri də milli dil məsələsidir. "Gözləyirəm", "Xanım dərsinin gözlərində", "Ölümsüz bulaq", "Məni aparan mahnı" və s. əsərlərində bu məsələni qabardan, "millətin doğma dilində danışmaq haqqı yasaq edilibsə, bundan böyük zülm və cinayət olmaz", fikrinə gələn Əziz Səlami "Qəfəs", "Adam olmaq", "Quraq torpağın ağacları" əsərlərində vətəndən uzaqlarda yaşayan vətən həsrətli insanların duyğu və istəklərini, iztirablarını dilə gətirir.

"Qərib külək", "Sahildə", "Mən də", "Xoruz banı", "Keçili", "Səhərəcən", "Narın yağış", "Qar ətri" və b. əsərlərində vətən həsrəti ilə alışıb-yanan müəllifin duyğuları ilə baş-başa qalırıqsa, "Həyat", "Həyat davam edəcək", "Yamaq", "Mən də bir dalğayam", "Ey könül", "Bilmədilər" kimi əsərlərində xalqı mübarizəyə səsləyən sənətkarın millətinə xitabları ilə tanış oluruq.

Tədqiqatdan aydın olur ki, istər şeirlərində, istərsə də hekayələrində hər bir xalqın öz müqəddəratını həll etmək hüququ mühüm yer tutan Əziz Səlami yenilikçi, modern sənətkarlardandır. Lakin millilik və kökə bağlılıq bir an olsun belə bu sənətkarı tərk etməmiş daha çox milli ruh və düşüncə onun əsərlərinə hakim kəsilmişdir. "Uzaq koma", "Bir ot olmaq", "Bizim ölkədə", "Ağ dumanlı dağlar", "Hələ günəşlərimiz olacaq" və s. bu kimi əsərlər sərbəst vəzndə yazılıb, formaca Avropa modellərinə uyğun olsalar da, ruh etibarilə tamamilə millidir və bu şeirlərdə millətin mübarizə əzmi öz əksini tapmışdır.

Əziz Səlaminin "Yuxu", "Sən gəl", "Lalə", "Aşıq heykəli" və b. əsərlərində vətən həsrətlərinin iç dünyası ustalıqla qələmə alınmışdır.

Şimali Azərbaycanda şairin yaradıcılığı ilə tanışlıq, demək olar ki, onun İnternet saytı vasitəsilə mümkün olmuş, poeziya nümunələrindən seçmələri toplayaraq Zəminə xanım "Qərib külək" adlı kitabını nəşr etdirmişdir.

İlk dəfə Əziz Səlaminin yaradıcılığı ilə Şimali Azərbaycanda maraqlanan və onu araşdıran f.e.d. Sabir Nəbioğlu olmuşdur. O, Ə.Səlaminin bədii fəaliyyətinə həsr etdiyi "Tənha ağacın nəğmələri", "Dan yerinə dikilən gözlərin intizarı", "Gerçəkliyin bədii təfəkkürdə inikası", "Səsin gəlsin, Əziz" və b. məqalələrlə çıxış edərək, şairin yaradıcılıq xüsusiyyətləri haqqında yazırdı: "Ə.Səlami Cənubda sərbəst şeirin çox uğurlu nümunələrini yaradan, məhz çox ciddi mətləblərin təqdimində şairdir. O, gerçək aləm haqqında özünün poetik kəşflərini ifadə etmək üçün tapdığı incə və ağıllı formalarla şairdir. Adama elə gəlir ki, o, "Qatil gecəyə", "Tüfəng və qocaman dağlıq", "Mumlanmış ölü", "Şəhid kargərin sözləri" kimi şeirlərini bu iddiaları təsdiq üçün qələmə almışdır".

F.ü.f.d. Esmira Fuad "Güney Azərbaycanda çağdaş ədəbi proses" adlı kitabında" şairin "Ahu kimi gözlərin" və "Bir qadındı Şamxat" adlı müxtəlif mövzulara həsr edilmiş əsərlərinin təhlilini vermişdir.

Zəminə Zeynalova Əziz Səlaminin şair, yazıçı, tərcüməçi və publisist kimi fəaliyyətinə məqalələr həsr etmişdir: "Əziz Səlaminin poetik tərcümələri", "Əziz Səlaminin publisistikası", "Əziz Səlaminin yaradıcılığında dil məsələsi", "Əziz Səlaminin tərcüməçilik fəaliyyəti" və s.

Əziz Səlami şair kimi "Yollar boyu dostumuz", "Susmaz mahnı", "Torpaq duyur addımını", "Qanadlar" və "Anamın yurdu uzaqlardan" adlı 5 şeir, bundan başqa "Axar kitab", "Altun"un son anları" kimi nəsr, eləcə də dünya poeziyasından dilimizə çevrilmiş 6 şeir kitabının müəllifidir. Adıçəkilən kitablar illər öncə Almaniyada müəllifin İnternet saytında nəşr olunmuş, 2015-ci ildə isə "Amazon" tərəfindən yayılmışdır. Bu səbəbdən əlifba fərqliliyi ilə bağlı bəzi kitabların adı dəyişdirilmişdir. Beləliklə, həmin kitablar "Yol üstündə ağac", "Yollar boyu dostumuz", "Uçanlar" - "Qanadlılar", "Öldürməyin bu daşı" - "Torpaq duyur addımını" adları ilə Almaniya və digər Avropa ölkələrində, eləcə də ABŞ-da təkrar nəşr edilmişdir. "Qanadlılar" kitabı isə "Lieder der lüfte - küləyin mahnıları" adı ilə almancaya çevrilmiş və orada yayılmışdır.

Əziz Səlaminin şeir və hekayələrində əsas mövzu Azərbaycan xalqı və tarixinin tərənnümüdür. Bu əsərlər ideyasına görə daha çox xalqın milli-demokratik mübarizə əzmi və arzuları ilə səsləşir. İllərdir ki, mühacir həyatı yaşayan şairin yaradıcılığında yer alan vətən həsrəti, ana dili, eləcə də publisistik məqalələrində bədii ədəbiyyatın tərcüməsindəki qeyri-peşəkarlıq məsələləri diqqət çəkir. Üzdə görünən deyil, reallığın mövcud təzahür formasını aşkarlayaraq onu qınaq obyektinə ötürmək şairin yaradıcılıq xüsusiyyətlərindən sayıla bilər. Əziz Səlaminin əsərlərindəki mövzular rəngarəng olsa da, həmişə təsvir və tərənnüm obyekti insandır.

Əziz Səlami şair olmaqla yanaşı, maraqlı nəsr əsərlərinin müəllifidir. Onun "Parçalar" adlandırdığı hekayələri "Axar kitab" və "Altun"un son anları" adlı kitablarda toplanmışdır. Bu əsərlər mövzu baxımından müxtəlif, məzmun və ideya cəhətdən aktualdır. Burada xalqının ictimai-siyasi haqsızlıqlarla, ana dili kimi problemlərlə üz-üzə qalması ifadəsini tapmışdır. "Səs" adlı hekayədə söz azadlığı məsələsi önə çəkilir. Əziz Səlami səsi insanın həyatında psixoloji durumunu - sevincini, kədərini, düşdüyü vəziyyətdəki anları ifadə edən bir vasitə kimi səciyyələndirir.

Ə.Səlami ana dilinə edilən sayqısızlıqla heç bir mənada barışa bilmir. Bütün xalqların doğma dilinə aid olan hüququn, qanunun onun da xalqına şamil edilməsini istəyir. Müəllifin bu problemi ortaya qoyan "Bəs mən niyə dözüm?", "Göylər, məni it elə", "Məni aparan mahnı" və s. hekayələri bunu isbatlayır. Hətta "Məni aparan mahnı" hekayəsində qəhrəmanının məktəb illərində Səməd Behrənginin "Parə-parə" kitabını gizli oxuyarkən məktəb müdirinin görməsi səbəbindən hədə-qorxuya tuş gəlməsini etiraf edir.

Əziz Səlami ədəbiyyatşünaslığa dair maraqlı yazıları və publisistik əsərləri ilə də xalqına xidmət etməkdədir. Onun məqalələri mövzu etibarilə müxtəlifdir.

Məlihə Əzizpurun "Kiçik hekayələr"inə münasibət bildirən "Az sözlərin çox sözləri", Səkinə Purhəsənin bir neçə şeirinin təhlil olunduğu "Analar südündə donan dodaqlar", Lida Əhmədiyə həsr olunmuş "Dənizləşən irmağın ilk dalğaları" kimi bədii nümunələri təqdim edir.

Yazıçının cənublu yazıçı Məlihə Əzizpurun 15 hekayəsi daxil olan topluya həsr etdiyi "Az sözlərin çox sözləri" adlı məqaləsində bu xanımın sənət dünyasının kiçik bir bölümünü araşdırmağa çalışmışdır. Yığcam miniatür hekayələrdə yazıçının bir xalqın acı, həsrət, işgəncə, fəlakətlərlə müşayiət olunan həyatları əks olunur.

Əziz Səlami hekayələri təhlil etdikcə öz heyrətini gizlədə bilmir. "Bəzi hekayələrin dərin məna kəsb etməsini yazıçının sənətindəki peşəkarlığı ilə əlaqələndirir".  Onu, Məlihə Əzizpuru az söz ilə çox söz demək bacarığı olan yazıçı kimi qiymətləndirir.

Əziz Səlaminin ədəbi fəaliyyətində tərcüməçilik işi mühüm yer tutur. Şair alman dilini mükəmməl mənimsəmişdir. O bu haqda belə deyir: "Almancanı dünya və alman ədəbiyyatını oxuya bilmək həddində öyrənə bilmişəm və bütün tərcümələrim də bu dildəndir".

O, Çin, yapon, ispan, alman və qızıldərililərin ədəbiyyatından olan şeir nümunələrini almancadan dilimizə çevirmişdir.

Şairin ədəbiyyatın tərcümə sahəsinə çox ciddi münasibətinin səbəbi onun çevrilmiş şeirlər və dilimizin problemlərinə həsr etdiyi "Kəndimizin aşığıymış Höte" adlı tənqidi yazısında yer alır. Burada şair tərcümə ilə məşğul olanların bu işə qeyri-professional yanaşmalarından söz açır.

Tədqiqatçı, tərcümə ilə bağlı fikirlərini Hötedən bir misal gətirməklə tamamlayır:

"Höte, onun şeirlərini pis çevirmiş olan bir adama: "Mənim cismim öləcəkdi, sən mənim ruhumu da öldürdün" - demişdir.

Sənətkarın daha bir tərcümə işi, çap etdirdiyi "Sönməz ulduzlardır sözlərim" kitabıdır. Burada həm keçmiş, həm də dövrümüzdə yaşayan qızıldərililərin mahnı və dualarında təbiətlə, onun varlıqlarıyla bağlılıq duyğuları, ağdərililərin əliylə uçulub dağılmış dünyalarına dərin həsrət əsas motiv kimi verilir. Toplanmış şeirlər XVIII-XX əsrlərdəki bir dövrü əhatə edir.

Əziz Səlaminin alman mənbələrinə əsaslanaraq tərcümə etdiyi kitabların ünvanları dünya xəritəsinin məsafə etibarilə çox fərqli nöqtələrində - Almaniya, İspaniya, Çin, Yaponiya və Amerika qitəsində yerləşir.

Dilimizə çevrilən bədii sənət nümunələri müxtəlif dilli xalqlara məxsusdur. Bədii ədəbiyyatın çox çətin və məsuliyyətli bir şaxəsi olan tərcümə işinə nail olmaq bacarığı şairin öz təfəkkürünə güvənərək bu sahədəki xüsusiyyətləri nəzərə alması və dəyərləndirə bilməsindən irəli gəlir.

Cənubi Azərbaycan torpağının yetirməsi olan şair, yazıçı, publisist, tərcüməçi Əziz Səlami mühacir həyatı yaşamasına baxmayaraq, vətəninə bağlılığı, xalqının taleyinə yanğısı hər sətirdə özünü büruzə verir.

Modern üslubda yazan Əziz Səlami qələmə aldığı hər bir şeir nümunəsində öz fikirlərini sərbəst vəzndə, müxtəlif ifadə vasitələrindən, sətiraltı mənalardan istifadə etməklə lakonik şəkildə əks etdirir. O, yenilikçi, modern sənətkarlardan olsa da, onun əsərlərində milli dəyərlərə və kökə bağlılıq güclü müşahidə olunmaqdadır.

Zəminə xanımın Əziz Səlami haqqında əldə edilməsi zəhmət tələb edən mənbələrdən toplayaraq sistemə saldığı orijinal əsərlərin, həm də bu əsərlərin tədqiqinə həsr olunmuş "Qərib külək" kitabında, sətiraltı fikirlərini açmağa çalışmış və buna nail olmuşdur.

Mahmizər Mehdibəyova

 

Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.19.