Əyyub Qiyasın yeni
kitabı –
"Qara
işıq" fonunda düşüncələr
Əyyub Qiyasın növbəti dəfə nəşr olunan "Qara işıq" romanını
oxudum. Roman ilk dəfə 2003-cü ildə
nəşr olunub,
2004-cü ildə "İlin
romanı" ədəbi
kulturoloji mükafatına
layiq görülüb.
Artıq
öz dəyərini Arif Əmrahoğlu kimi böyük ədəbiyyatşünaslar tərəfindən
almış, müəllifinə
uğur gətirmiş,
mükafat qazandırmış
əsər haqqında
fikir söyləməyə
ehtiyac olub-olmasa da, təəssüratımı
qələmə almaq
istədim.
"Qara işıq"
ağır, psixoloji romandır. Əsəbləri
zəif olanlara bir az da ağır olar bu əsəri
oxumaq. Ağ və qara dünyanın qaranlıq tərəflərində oluruq
"Qara işıq"da.
Yazıçının üslubu
ilə artıq illər öncə tanış olsam da ("Sonuncu büt", "İtvuran"), məncə,
bu əsər Əyyub Qiyasın ən ağır psixoloji təsirə, mürəkkəb süjetə
malik əsəridir. Bunu roman janrının yazıçıya
verdiyi sərhədsizlik
imkanı ilə də əlaqələndirə
bilərik. Yazıçı təxəyyül imkanlarını
məhdudlaşdırmaq məcburiyyətinin
olmamasından səmərəli
istifadə edib. Əsərdəki fantastik, mistik
epizodlar, obrazların psixoloji yaşantılarının
təsviri, məhz insan olaraq zəif
və həmişə
problemli - nəfsani suallarını masaya - səhifəyə çıxarması
yazıçının oxucunu
kitab içindəki fərqli dünyaya çəkib apara bilməsinə səbəb
olur. Əsas qəhrəman - Rüfətin
kabinetinə qar yağdığını, evinə
yağış yağdığını
təsviri, kağızdan
düzəltdiyi quşun
qanadlanması, yenicə
doğulmuş iki dişli körpənin təsvirləri, yuxular - qara işığın göründüyü hər
epizod çox təsirlidir. İfadə tərzinin
sadəliyinə görə
də oxu prosesinin axıcılığı
oxucuda məmnuniyyət
yaradır. Mütaliə zamanı gərəksiz sözlər dığırlanmır
"ayağımızın" altına - sətirlər səhifənin, səhifələr
kitabın axırına
gedib çıxmağımıza
çətinlik yaratmır.
İşıqdan danışmaq gözəl
və həzzverici olduğu qədər qaranlıqdan danışmaq
ağrılı və
yorucudur, düşünürəm. Hələ-hələ o qaranlıqda qalmağa və oraları gəzməyə məcburiyyətimiz
yoxkən. Amma bu kitabı oxumağa başlayan və sona qədər gedib çıxa bilən hər kəs əslində içindəki qaranlıqla
üzləşir. Və görmək,
bilmək, haqqında düşünmək belə
istəmədiyi, görməzdən
gəldiyi qara işıqla nəhayət,
qarşılaşmağı başqa vaxta saxlamır.
"...işıq yoxdu dünyada. Ancaq rəng var, işıq da rəngdir... Yer də, Göy də..."
- bu qənaət
dünya gözü ilə bütün rənglərini itirmiş
işığını itirmiş
adama məxsusdur.
Yazıçının "Qara işıq" romanındakı
Rüfət, Leyla, Könül, Tükəz,
Gülalı, Cəbrayıl,
Süleyman, Əziz, Zümrüd, Hasan, Gülsüm, körpə
kimi obrazları ilə yanaşı, bir müstəvi obrazı da var düşünürəm.
Hər bir müstəvi Rüfət üçün
qapı və ya pəncərə rolunu oynayır. Baxdığı tablo, açdığı pəncərə,
xəstə olarkən
yatdığı palatanın
tavanı belə Rüfət üçün
qara işığın
iç üzünü
göstərən müstəvidir:
gerçəklər müstəvisi,
əxlaq güzgüsü.
Rüfət obrazı yazıçının
"Sonuncu büt"
əsərində də
var. Bu, həmin obrazla
yazıçının sanki
"dost"luğa sədaqəti,
obrazın aqibətini
düşünməsi, onun
sonrakı taleyini yazmaq istəyi kimi də qəbul
oluna bilər. Hər halda maraqlı faktdır. Rüfətin onun yaradıcısı
- yazıçısı ilə
"münasibəti"ndən başqa, əsərdəki
digər obrazlarla münasibəti də maraqlıdır. Anasını
"Qocalar evi"nə
göndərməsi içində
boğulan xoşbəxt
ola bilmək
arzusunun qisası kimi anlaşılır. Amma qisas da
insanı xoşbəxt
edə bilməzdi: anadan qisas almaq
ağıl qoyarmı
adamda?! Atdığı hər bir yanlış addımla o, dünyasının işığını
söndürə-söndürə yalnız qaranlığın
işığı ilə
həyatına davam etmək məcburiyyətində
qalır. Zamandan-zamana,
bədəndən-bədənə, adamdan-adama dəyişən
reallıqların iki tərəfi var: xeyir və şər,
ağ və
qara, işıq və zülmət. Rüfətlərin ulu babalarının
nəfs davası, xeyir-şər mübarizəsi,
dünyəvi gözləntiləri,
illər sonra heç bir mahiyyət dəyişikliyi
olmadan yenidən yaşanır. Bu dünyada sonuncu insan son nəfəsini verənədək nəfsi
ondan nələrisə
almaqda davam edəcək. İşıqla
zülmətin davasında
döyüşçü İnsandır! Nəfsinə
yenik, qalibiyyətə
həris, məğlubiyyətə
az qala
məhkum İnsan!
Dünyanın rəngləri arzularımızdır. Reallaşdıra bilmədiyimiz hər arzuda bir rəngini
itiririk dünyanın.
Dünyanın işığı isə sevdiklərimizdir.
Hər itirdiyimiz bir sevgi ilə ürəkdəki işığımızdan
bir ovuc itiririk. Və həmin sevdiklərimizin
ünvanı olan qəlb beləcə yavaş-yavaş qaranlığa
qərq olar. Sevgi ilahi məkanlarda
ola bilər.
Sevgi itirmək - ilahilik mərtəbəsindən yıxılmaqdır.
Sevgi itirmək - qanadlarının
sınmasıdır mələkmisal
insan övladının.
Ən böyük itkini bu mənada Adəm yaşadı - Yaradıcısının sevgisini
itirmək təhlükəsi
yaşadı. Amma
bir xoş xəbər də var: tövbə imkanı. Günahsızlıq insana xas deyil. Bu üzdən
də Allah kəlamı
"Qurani-Kərim"i gözəl
təfsir edən filologiya üzrə fəlsəfə doktoru Hacı Siracəddin əfəndimiz "Günahsız
gəl - deyilmədi.
Tövbəsiz gəlmə
- deyildi", - deyə
izah verir "kitab"dakı müjdə
dolu ayələrə...
Əsərdə İnsan övladının
içindəki o qara
işığın təkcə
özü ilə bağlı olmayıb, əsli-kökü, nəsil-nəcabəti
ilə qanına-geninə
daşındığı da vurğulanır. Amma yenə də son qərarı yaşadığın bu anda məhz sən özün verirsən: nəfsinə qul və ya
hakim olmaq seçimi sənindir.
Əyyub
Qiyasın "Qara işıq" romanı dünya ədəbiyyatşünaslarının
da diqqətini çəkib: alman tənqidçisi Marsel Rayx-Raniski, gürcü yazıçısı Serqo
Tsursumiyanın əsər
barədə yüksək
fikir bildirmələri
təbiidir. Çünki
əsərin ideyası
bəşəri səciyyə
daşıyır: İnsan
mənəviyyatı. Və yazıçı
işinin - hadisələri,
düşüncə və
duyğuları sözə
çevirə bilməyin
peşəkarıdır. Nəticə
uğurlu olmalı idi. Belə də oldu.
Əyyub Qiyasa yeni-yeni uğurlu kitablar yazmağı, dünya səviyyəli mükafatlar
qazanmağı və
bütün hədəflərinə
çatmağı diləyirəm. Azərbaycan
ədəbiyyatına bəxş
etdiyi töhfələrə
görə bir oxucu olaraq yazıçıya
təşəkkür edirəm!
Aygün CƏFƏROVA
Ədəbiyyat qəzeti.- 2022.-
30 aprel.- S.21.