Arxa cəbhə
Hekayə
Ana səhərdən bağ-bağçanı dörd dolanmışdı. Düşündükcə, olanları, olacaqları, sabahları fikirləşdikcə hövüllənir, dəli olmaq dərəcəsinə gəlirdi. Sonra da dərindən nəfəs alıb sakitləşirdi. Bütün bunlar onun və ailəsinin qədəri idi. Qədərdən qaçmaq, ona qarşı getmək mümkün deyildi ki... Çünki sən bu sonsuz kainatın, dünyanın, cəmiyyətin, yaşadığın mühitin bir parçasısan... Onların planlarını sən cızmırsan... O ümumi axınla yalnız üzə bilərsən. Hardasa bata da bilərsən, boğula da bilərsən... Təbiətdən də asılısan, cəmiyyətin yaratdığı qanunlardan da... Başqa yol özünümüdafiədi. Bəzən bu da işə yaramır...
Həyətdə, tut ağacının altındakı stolun arxasında əyləşdi. Bu stol-stulları oğlu hazırlamışdı. Onun əl işləri idi. Əlləri ilə oğlunu sığallayırmış kimi stolun üstünə sığal çəkdi. Gözlərindən yuvarlanan yaş damlaları sığal çəkdiyi yerdə əriyib itirdi... Sonra başını qaldırıb ulu göylərə baxdı. Günəş batmaq üzrə idi. Al-qırmızı üfüq bir böyük qan çanağına bənzəyirdi. Günəşi dövrələmişdi... Axşamın həzin, qərib küləyi onun ruhunu üşütsə də, daxilən o qədər gərgin idi ki, cismən heç nəyi hiss eləmirdi.
Oğul nəvələri darvazanın ağzını kəsdirmişdilər. Atalarının işdən gələn vaxtı idi. Hər axşam bu iki oğul balaya ataları mütləq nəsə alıb gətirirdi. 3-4 yaşlı uşaqlar hələ də ata yolu gözləyirdi. Halbuki şəhid atalarının qırxı da çıxmışdı. Ana yenə dərindən nəfəs alıb özünü sakitləşdirdi. Gəlin eyvanda göründü:
- Axşama nə bişirim, nənə?
Oğlu ona nənə dediyinə görə gəlin də nənə deyirdi. Ana gözlərinin yaşını silib gülümsədi:
- Uşaqları çağır evə, onlara
şirniyyat bişir, başlarını qat... Sonra da lobya supu bişirərsən. Mən
qonşu Səlim kişiyə söz deyib gəlirəm.
-
Yaxşı, nənə.
Ana neçə gündür düşündüklərini kəndin ağsaqqalı Səlim kişiynən bölüşmək, onunla məsləhətləşmək istəyirdi. Başsız qalmış ailəsinin sabahını bir düzənə salmalı idi. Əri çoxdan dünyasını dəyişmişdi. Bir oğlunu tək böyütmüşdü... O da meylini hərbi işlərə saldı, yaxşı hərbçi oldu. Müharibə başlayanda ön cəbhədə idi. Çox döyüşdü, yaxşı döyüşdü... Amma müharibə yarış meydanı deyildi axı... Onun ölümü-itimi vardı... Şükür, iki oğlu yadigar qalıb... Atalarını əvəz eləmək üçün onlar böyüməlidirlər... Bunun üçün də evə aylıq maaş lazımdır. Həyətyanı sahələri vardı, əkib-becərə bilmirdilər. Çünki suvarma suyu yox idi. Heç çöldəki əkin yerlərini suvarmaq üçün də yayda su tapılmırdı. Su üstündə hər yay neçə-neçə adam bir-birini gizli, aşkar öldürürdü.
Örüş olmadığından mal-qara da saxlaya
bilmirdilər.
Bir sözlə, kəndin problemləri bitib-tükənən
deyildi... Çünki onları həll edəcək
kimsə yox idi. Baxmayaraq bu kəndin də
bələdiyyəsi, icra nümayəndəsi vardı. Bu kəndin tabe olduğu rayon vardı, onun icra
sturukturu vardı, icra başçısı, təsərrüfat
üzrə müavini vardı. Hər şey vardı,
amma əslində heç nə yox idi...
Ana Səlim
kişi ilə söhbət edib, sabah onunla
rayon icra başçısının qəbuluna getməyə
razı saldı:
- Mən
heç vaxt başçının qəbulunda
olmamışam, o tərəflərə yolum düşməyib.
İndi istəyirəm bizim gəlinin işləməsi
üçün kömək etsin. Kitabxana
işinin təhsilini alıb.
- Olar,
anam, sən heç darıxma, hər şey yaxşı
olacaq... - Səlim kişi ona xeyli ürək-dirək
verdi.
...Onlar
İcra Hakimiyyətinin qarşısına çatanda saat on
idi. Həyətdə insanlar
qaynaşırdı. Səs-küydən
ağız deyəni qulaq eşitmirdi. Hamı
dolanışıqdan, işsizlikdən, bahalıqdan şikayətlənirdi.
Xeyli gözlədilər. Qəbuldan
düşənlər üzünü binaya çevirib ya
söyürdü, ya da qarğayırdı. Sanki hər şeyin günahkarı bu bina idi. Hələ ki ordan gələnlərdən kimsə
razı görünmürdü. Amma ana yenə
də ümidlə öz növbəsini gözləyirdi.
Nəhayət, onu da çağırdılar.
Otağa girəndə bir az
çaşdı. Bura böyük zal idi. İşıqlı, hündür pəncərələr
günəşi əks etdirirdi. Yuxarı
başda bir dəstə cavan, orta yaşlı, qara kostuyumlu
kişilər əyləşmişdi.
- Hə...
Gəl, gəl, xala, burdan əyləş.
De görək sən nə istəyirsən?
- Kişilərdən kimsə yuxarıdan aşağıya
saymazyana dilləndi. Ana bu kobud sorğudan
alındı, özünü itirdi, qızarıb
pörtdü. Elə bil küçədə
idi... dilənirdi. Ovcuna on qəpik qoyanlar
ona həqarətlə baxırdı. Güclə
özünü ələ aldı:
-
Oğlum, evimizin yeganə kişisini, yəni oğlumu şəhid
verdik vətənə, torpağa. Yəqin, bu da onun qisməti
imiş... İndi iki övladı qalıb.
Onlar böyüməlidi. Anaları
kitabxana işini oxuyub. Dedim, ona
kitabxanaların birində... münasib iş verəsiniz...
- Xala, sənin
dünyadan xəbərin yoxdu? Kitabxanaların,
xüsusilə kənd kitabxanalarının əksəriyyəti
ixtisara düşdü, ləğv olundu. Kəndinizdə
kitabxana var?
- Var idi. Bağladılar. Binasını
maqazin eləyiblər. Amma məktəbdə
var.
-
Oranın da öz işçisi var axı. Onu işdən
çıxara bilmərik...
-
Yaxşı... onda mənim üçün bir münasib
iş olarmı? Hələlik mən işləyərəm...
Sonra imkan olanda gəlinimə də bir iş verərsiz.
- Olar. Səni o məktəbə süpürgəçi
göndərə bilərik. Düzdü, oranın da
öz süpürgəçiləri var. Amma məktəbin həyətini
təmizləmək üçün ştat açmaq olar, -
başçı dedi.
Ananı qəhər boğdu. Boğazında
düyünlənən bu acı qəhər ona
danışmağa, nəsə etiraz etməyə imkan vermədi.
Bir az da qalsaydı hönkürəcəkdi.
Tez qalxıb zaldan çıxdı.
Koridorda onu gözləyən Səlim kişi
ananın vəziyyətindən işinin düzəlmədiyini
anladı. Özü qapını döyüb
işəri keçdi.
- Gəl,
dədə. Yəqin, sən də iş istəyirsən? -
Gülüşdülər.
- Yox, bu vəzifə
istəyir! - Gülüş qəhqəhəyə
çevrildi. Səlim kişi sakitcə gəlib
qarşılarında olan boş stulda əyləşdi:
- Yox,
bala, mənim işləyən vaxtım keçib ta. Arxayın olun. Cavanlar olan yerdə
mənim kimisinin işləməsi günahdı. Altmış ildi işləyirəm... bəs deyilmi?
Sizi də başa düşürəm. Hər qəbulda onlarca, yüzlərlə işsizə
cavab vermək çətin məsələdi. - Səlim
kişi qəbul üşün toplaşan
heyətə nəzər saldı. Başçı, onun
müavinləri, rayon polis rəisi, prokuror, məhkəmə
sədri... polislər...
- Hə,
dədə, gələn ancaq iş, vəzifə
istəyir...
- Bəs
nə istəməlidi, oğlum? Sizdən
çörək, yemək istəmir ki? İş
istəyir ki, işləsin, ailəsini dolandırsın.
- Biz
hardan alaq o işi? Rayonda yüz əlli min əhali
yaşayır! - Deyəsən, polis rəisi idi. Səlim kişi çönüb bu gövdəli, boynu
dönməz kişiyə diqqətlə baxdı:
- Hə...
İş olsa, hər kəs işləyib başını
dolandırsa, rəis, sizə iş qalmaz. - Bu dəfə
acı-acı gülümsədi. - Keçən ay bizim kənddən
Novruz adlı birini mağazadan ərzaq
oğurladığı üçün tutub həbsə
göndərdiz... İndi özü orda bir
parça çörəklə, o
"sığınacaqda" - dəmir "raşotkada"
yaşayır. Dövlət bir oğrunu
çörək verib orda saxlayacaq. Bəs
burda qalan üç uşağı, arvadı nə
yeyib-içəcək? Heç
düşündünüzmü? Dünən
axşam onun oğlunun birini bizim hində tutmuşam. Toyuq oğurlamaq istəyirdi. Dedi ki, anam xəstədi,
hər gün ağlayır, evdə yeməyə heç nəyimiz
yoxdu... noolar, ya toyuğu ver aparım bişirim anam yesin, ya da
məni də ver polisə, gedim atamın yanında
çörək tapıb yeyim. - Rəis nəsə etiraz etmək
istəyirdi, amma fısıldayıb susdu. Səlim kişi açıq-aşkar hücuma
keçmişdi. - On ildən sonra bu cür uşaqların
qarşısını almaq çətin olacaq. Böyük nəzarəti olmayan, məktəbə
getməyən, cahil, savadsız, hər kəsə
qarşı kin-nifrətlə böyüyən bu uşaqlar
ya cibgir, oğru olacaq, ya da "qanun oğrusu" adı
altında kriminalist, narkoman, kimlərinsə təsir dairəsində
saxladığı muzdlu qatil. Ən
ağırı odur ki, bu tip başsız, böyüksüz,
kişisiz ailələr kəndlərimizdə çoxdur.
Biz onlara başqa seçim yolu
qoymamışıq.
-
Yaxşı, nə təklif edirsən, ağsaqqal? İşi hardan alaq? - Başçı idi. Yenə
də saymazyana, bir az da dilxorcasına
danışırdı. Sanki demək istəyirdi ki, əşşi,
çıx get, biz də gedib istirahətimizi edək. Günortadı. Yəni ən azından
"İsti fətir, kabab gətir!".
- İşi almaq yox, yaratmaq lazımdır, oğulbala.
- Elə
olsun. - Başçı halını pozmadı.
- On ildir
bu rayonda başçısız. Komandanızla
birlikdə. Düzdü, ilk vaxtlar bəzi
işlər gördünüz. Rayon mərkəzinin
qala divarlarını ağartdınız, küçələrində
gül-çiçək əkdiniz. Əhali
ilə görüşdünüz. Sonra da
çəkildiniz bu hücrəyə. Yüz əlli min
əhalisi olan bir rayonda iş qurmaq, yeni iş yerləri
açmaq olmazdımı? Amma indi rayonda o qədər
əhali qalmayıb. Cavanlar iş üçün
başqa ölkələrə səpələnib, bilirsiz
ki... Qısa danışım. Əhalinin doxsan faizi əkin-biçinlə məşğul
olur. Əkin üçün nə
lazımdı? - Qara torpaq, su, yaxşı toxum və onu
becərən insan qüvvəsi. Torpağımız
var, işçi qüvvəmiz var. Qalır su və
yaxşı toxum. Heç
düşündünüzmü su olmayan yerlərə su
çəkməyi? Mənim
yadımdadı, bizim deputat seçki qabağı caamata
söz vermişdi ki, Tərtər, Kür çaylarından
rayona mütləq kanal çəkiləcək. İstədiklərinizi əkin, biçin. Elə bil Qaf dağını külünglə
yarıb Aran düzünə su çəkəcəkdiniz.
O vaxtdan on beş il keçib. Üç dəfə deputat seçilib. Amma gözə görünmür. Eşitdiyimə
görə rayon mərkəzində şadlıq sarayı,
restoranlar, mağazalar açıb... Yaxşı... Kanal olmasın, başqa vasitələrlə də
su çəkmək olardı. Məsələn,
artezian quyuları. Vaxtilə rayonda
onların sayı iyirmi-otuzdan çox idi. İndi
beş-altısı qalıb. Motorlarla da
çaylardan su çəkmək olardı. Təki istək
olsun, işləmək olsun...
-
Ağsaqqal, qısa elə! - Yəqin ki, onun sözləri
başçının xoşuna gəlmədi.
-
Yaxşı! Şəfəq kəndiynən Dəmirçilər
kəndi arasında yüz hektar boş sahə var. Su
olmadığından əkib-biçən yoxdu. Kol-kos basıb. Orda qaz-ördək-toyuq
ferması açmaq olmazmı? Yanında
da kəsim sexi? Bir artezian quyusu
qazırıq və oranı su ilə təmin edirik. Və ya Dəmirçilərnən Hacılar kəndi
arasında iki yüz hektar boş sahə var. Orda inək-camışlardan
ibarət ferma açmaq, yanında da südçülük,
yağ-pendir zavodu tikmək olmazmı?
- Söhbət
uzanır... acından öldük... - Müavinlərdən
idi. Səlim kişi söhbətinə ara
verdi.
-
Oğlum, mən bir də bura gəlməyəcəm, rahat
olun, ürəyimi boşaldıb gedirəm. Məndən
demək, sizə xatırlatmaq. Nə
götürərsiz xeyrinizədi. Bu qədər dövlət
qurumu olduğu halda kəndli çölün düzündə
torpaqla üzbəüz tək qalır, nə əkib-becərəcəyini
bilmir... Əkdiyi də sonda əlində
qalıb çürüyür. Nəticədə
torpaqdan əl çəkib şəhərlərə fəhləliyə
gedir... Bakı əhalinin
sıxlığından partlayır. Kənd adamı ailəsini,
isti ev-eşiyini atıb Bakının küçələrində
niyə iş axtarmalıdır? Bizim rayon mərkəzində
tikiş fabriki vardı, xalça fabriki vardı, dəmir-beton
zavodu vardı. Taxta-şalban sexləri
vardı, daş-çınqıl karxanaları vardı?
- Bizdə
fermer təsərrüfatları var ki...
- Amma bir
rayon üçün onların sayı azdı, həm də
saxladıqları mal-qara da azdı. Tələbatları
ödəmir. Onlar ailə təsərrüfatıdı.
Bütün ailələr də təsərrüfat
qura bilməz axı.
- Kəndlinin
əkdiyi taxıl da cücə yemindən başqa bir işə
yaramır. - Müavin güldü.
- Düz
deyirsən, oğlum. Günah kimdədi? Kəndlidəmi? Nə əkərsən,
onu da biçərsən də. Daxili
bazardan aldığı toxum qara buğdadırsa, nə
gözləyirik? Kəndliyə toxumluq pul əvəzinə
niyə dövlət səviyyəsində toxumluq sarı
buğdanı xaricdən alıb verməyək? O
sarı buğdanı yetişdirən torpağı Aydan,
Marsdan gətirməyiblər ki... O torpaqdan bizdə də var
axı...
-
Ağsaqqal, çox danışdın. Düz
danışdın. Amma bunlar bizlik deyil.
Bu dediklərin üçün pul lazımdır... O da yoxdur.
- Başçı yenə saymazyana, əhəmiyyətsiz bir
işdən danışırlarmış kimi əlini yelləyib
əsnədi. Gənc prokuror
başçını gözaltı süzdü. Rayona təzə gəlmişdi. Lakin
hər kəsi tanıyırdı. Başçı
prokurora da, məhkəmə sədrinə də, polis rəisinə
də öz əlaltısı kimi baxırdı. Çəkinəcəyi, qorxacağı bir kəs
yox idi. Özünü hakimi-mütləq
sayırdı rayonda. Kimsəni
eşitmirdi, kimsə ilə məsləhətləşmirdi.
Öz işini ətrafı ilə birgə
qurmuşdu. Gəlir mənbəyini hər
kəs bilirdi. Bütün mağaza, kafe-restoranların
vergi, əlavə vergisi, iş adamlarından
yığılan vergi və "könüllü" ianələr,
büdcədən maliyyələşənlərin
maaşının iyirmi-otuz faizi, büdcədən silinmələr,
satılan torpaqlar, obyektlər... Niyə başını
işlədib, ağrıdıb camaat üçün də
nəsə eləməliydi ki...
Səlim kişi ayağa qalxdı. Sözün
bitdiyi an idi. Danışmağın mənası
yox idi. Sakitcə otaqdan çıxdı.
Arxasınca polis rəisinin "cəngavər",
"hünərli" səsini eşitdi:
- İndi yeməyə hansı restorana gedirik?
- Bəlkə
deputatın restoranına gedək? Deyirlər, orda ceyran
kababı verirlər!
- Əla!
Onda getdik ey!..
Bahar BƏRDƏLİ
Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.22.