Ağdam
Əzizinəm, Ağdama,
Qara dama, ağ
dama.
Səni
viran qoyanın
Gözlərinə ağ dama.
Əzizim,
yollar məni,
Uzağa yollar məni.
Otuz ildir gözləyir,
Ağdamda yollar məni.
Əzizim,
bağrı yanar,
Düz yanar, doğru yanar.
Mən biraz da geciksəm
Ağdamın bağrı yanar.
1
Yuxu getmir gözümə,
Qəribə təhərim var.
Səhər açılan kimi,
Ağdama səfərim var.
Bir dəfə getməmişəm,
Görməmişəm Ağdamı,
Dağlar
səs-səsə durub,
Torpaq çəkir
adamı.
Vətən belə olurmuş,
Həyəcandan əsirsən,
Ayağın dəymədiyi,
Yollara tələsirsən.
Tələsirsən özünə,
Tələsmək yedi məni,
Dualarla gözləyir,
Cümə məscidi məni.
Pənahəli tikdirən,
Xan sarayı gözləyir,
Vətənin ruh şəhəri,
Can sarayı gözləyir.
Gözləyir, ya gecikəm,
Ya tələsəm, yaxşıdır?!
Hələ səhərə qalıb,
Mürgüləsəm yaxşıdır.
2
Az qalıbdır, birazdan
Söküləcək dan yeri.
Orda bizi gözləyir
Qarabağın can yeri.
Hamıdan tez oyanıb,
Gəldim
vədə yerinə,
Bura vədələşmişik,
Xəzərin sahilinə.
Hələ ki, yoxdur gələn,
Gözüm yolları çəkir,
Biraz mən tələsmişəm,
Biraz onlar gecikir.
Odur gəlir bir nəfər,
Yolu Ağdam
yoludur.
Dayan, dayan, qoy
baxım,
Bu ki, Vüsal Nurudur.
Bir-birinin
dalınca,
Bacı-qardaşlar gəlir.
Şairlər, bəstəkarlar,
Heykəltəraşlar gəlir...
Artıq
saat yeddidir,
Yoxdur vədinə
xələf.
İndicə qalxar maşın,
Üzü Ağdama tərəf.
3
Bəlkə hamıdan qabaq,
Aparsın külək məni.
Yollar boyu izləyir,
İki kəpənək
məni.
İstəmirəm heçnə ta,
Bu gözəl adamlarla,
Gözəl səfər bəsimdi,
Şair,
bəstəkar, rəssam,
-
Sözdü, səsdi, rəsmdi.
Birimiz şeir yazar,
Birimiz rəsm
çəkər.
Bu ağ kəpənəkləri,
Ovucuma kim çəkər?
Kim çəkər, hansı rəssam?
Yollara izimizi.
Ağdamın dağlarına,
Zəfər tariximizi.
Çəkməyə gərək də yox,
Şuşadan üzü bəri,
Düşmənlərə dağ çəkdi,
Azərbaycan əsgəri.
Çəkə-çəkə çəkmişik,
Sərhədləri, almışıq.
Nəisə, mən gedirəm,
Ağdama
az qalmışıq.
4
Qarşımda dayanıbdır
Cəsarət kompleksi.
Pənahəli şahımın,
İmarət kompleksi.
Qulağıma səs gəlir,
Obaların köçündən,
Kimlər
keçib görəsən,
Bu qalanın içindən?
İndicə xatirimə
Gələn hər kəs qayıdır.
Xudu Məmmədov gedir,
Qulu Ağsəs
qayıdır.
Qayıdır divarlardan,
Üstümə haqqın özü,
Yazılıb hər daşına,
Tarixin vətən
sözü.
Bu qalanın tarixi,
Məni hara yollayır?!
Güllər təbəssüm edir,
Çiçəklər əl yelləyir.
Daşa
dönmüş tarixdir,
Ölkədə hər qalamız.
Bu da tarixin özü,
Pənahəli xan evi,
Ağdam zəfər qalamız.
5
Vətən şəhid qanıdır,
Şəhid vətənin canı.
İndi
ziyarətimiz,
Şəhidlər Xiyabanı.
Hamı
ziyarət edir,
Ocaq kimi, pir kimi,
Allahverdi
Bağırov
Öndə komandir kimi.
Hər kəsin iç dünyası,
Göz yaşından
bilinir.
Ruhların şad olması,
Başdaşından bilinir.
Biri körpə uşaqdır,
Biri yaşlı anadır,
Daşlar
çiyin-çiyinə,
Məzarlar yan-yanadır.
Bu məzarın adı
yox.
Vətən mənasıdır bu.
Bəlkə də bir ananın,
İtkin balasıdır bu.
Hər kimdirsə şəhiddir,
Başımızın tacıdır.
Zəfər savaşının da,
İtgiləri acıdır.
Acılarla böyüyür,
Analara tən olur.
Tökülsə şəhid qanı,
Torpaq da vətən olur.
6
Bu yerləri gördüm ya,
Buna görə Tanrıya,
Min dəfə şükür
düşür.
Məni
bura göndərən
Şair
Rəşad Məcidə
Böyük təşəkkür düşür.
7
Burda mənə ən gözəl
Hissləri Ağdam verir.
Şəhərin baş planı,
Adama ilham verir.
İşlər çoxdan başlayıb,
Lil sular durulacaq.
Ağdam
ağ şəhər
kimi,
Yenidən qurulacaq.
Bu dağılmış evlərin,
Ağrıları keçəcək,
Yüz
min ev tikiləcək,
Yüz min ailə
köçəcək.
Köçəcək öz yurduna,
Ağdamlı soydaşımız,
Qalmayacaq
evindən,
Uzaq vətəndaşımız.
Bu sökülmüş evin
də,
Yerində ev tikilər.
Həyətində ağaclar,
Gül-çiçəklər əkilər.
Qayıdar Səməd kişi,
Toy edər nəvəsinə.
Qollarını qaldırar,
Oynayar beləsinə.
8
Vətənin yaşı olmur,
Amma ki, abidələr,
Göstərir əsrimizi.
İndi
də qarşılayır,
Şahbular qəsri bizi.
Bu nə səsdir, ilahi,
Qala divarlarına,
Sanki çiçək toxuyur,
Sanki Arif Babayev,
Bizə muğam oxuyur.
Çiçəklər pıçıldaşır,
Gül danışır
gül ilə.
Sanki şeir oxuyur,
Şahmar
Ələkbərzadə,
Çiçəklərin diliylə.
Hərdən mən də coşuram,
Bir şeir oxuyuram,
Çayın şırıltısından,
Mənsum
İbrahimovun,
Muğam səsin duyuram.
Duyuram ayrılığın,
Qovuşmağın səsini,
İlhamla Fərizənin,
Məhəbbət nəğməsini.
9
Durun öpək yolların,
Daşını, yola düşək,
Qədir
dayı, işə sal,
Maşını, yola düşək.
Zaman quş kimi uçdu,
Su kimi axdı gəldi.
Qayıdırıq Bakıya,
Ayrılıq vaxtı gəldi.
Sağ ol, Cümə məscidi,
Pənahəli xan evi,
Sağ ol, Şahbulaq, sağ ol, -
Ağdamımın can evi.
***
Mən aşiqəm salınır,
Torpaq belə alınır,
Ağdamın sinəsində,
Yeni şəhər
salınır.
Mən aşiqəm olacaq,
Hər iş yerin alacaq.
Ağdam
öncəki kimi,
Gözəl şəhər olacaq.
Mən aşiqəm Ağdama,
Dərə, təpə, dağ dama.
Doymadım havasından,
Bir də gedək Ağdama.
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2022.-
30 aprel.- S.23.