Bir parça kağız və ya
qürbətdə ümidlə əriyən
ömür
Azərbaycan mühacirətinin ikinci dalğasının
qürbət ölkəyə atdığı fəal, vətənsevər
şəxsiyyətlərdən biri də Məcid Musazadə
olmuşdur. Məcid Musazadə haqqında yazmaq çoxdankı
istəyim olub. Onunla yanaşı neçə-neçə
mühacirimizin toz basmış talelərinə, vətəndən
uzaqlarda daim onun istiqlalı, azadlığı uğrunda
mübarizə aparan məsləkdaşların həyat və
fəaliyyətləri haqqında məlumat bir tərəfdən
itmiş bir nəslin taleyinə işıq tutmaq, digər bir
tərəfdən isə başqa məmləkətlərdə
yaşasalar da daim qəlblərində Azərbaycan sevgisi
yaşadan insanları tanıtmaq yönümündə mənəvi
məsuliyyət və vətəndaşlıq borcu daim aktual
olaraq qalmaqdadır.
Görkəmli
ictimai xadim, Qərbi Avropada məskunlaşan
soydaşlarımızın taleyi, fəaliyyəti ilə
yaxından tanış olan, Azərbaycana aid qiymətli
materialları arxivlərdə üzə çıxaran,
sanballı tədqiqatların müəllifi Ramiz
Abutalıbovun ölümündən sonra dəyərli
mühərrir Azər Turanın bu işıqlı insan
haqqında maraqlı yazısını oxudum. Məqalədə
diplomat, mühacirətşünas alim Ramiz müəllimin
şəxsiyyətini hərtərəfli şəkildə
işıqlandıran Azər Turan onun gördüyü
işlər haqqında da söhbət
açmışdır. Bir qeyddə isə
Ramiz müəllimin Məcid Musazadənin Almaniyada,
Nyu-Yorkdakı həyatı, fəaliyyəti barədə məlumatlı
olduğu bildirilir. Ramiz Abutalıbov Məcid
Musazadənin Münhendə qonağı olmuş, onu
istedadlı publisist adlandırmış, millətimizin mədəniyyəti
və incəsənəti haqqında dəyərli məqalələrin
müəllifi kimi tanıtmış, yazılarında onun zəngin
arxivindən, "Əli və Nino" əsərinin tərcüməçisi
olduğundan söhbət açmışdır (əfsuslar
olsun ki, onunla görüşmək mənə nəsib
olmamışdır - G.Q.). Qeyd olunan məqamlar,
Məcid müəllimlə bağlı əldə etdyim məlumatlar
ömrünün yarım əsrdən çox hissəsini
qürbətdə yaşayan ziyalımız haqqında yazmaq
marağımı yenidən zərurətə çevirdi.
Məcid Musayev (Qərsələli və ya Qərsalani)
kimdir? Məcid
Musazadə 1914-cü il oktyabrın 10-da İsmayıllı rayonunun
Yeniyol (Nüyədi) kəndində doğulmuşdur. Ulu
babası ağır övliya olmuş, yaşadığı məkan 7-8 evdən ibarət
kiçik Qərsələ kəndi indi də müqəddəs
ocaq, ziyarətgah yeri kimi tanınmaqdadır (hal-hazırda həmin
kənddə Hacalı baba ziyarətgahı da var - G.Q.). Orta məktəbi bitirdikdən sonra bir müddət
İsmayıllı rayonunda əmanət kassasında
mühasib işləyir. Bakı
Universitetinin Ədəbiyyat və tarix fakültəsinə
daxil olur, hələ tələbəlik illərində məqalələri
qəzetlərdə dərc olunur. Bununla
yanaşı, Məcid Musayev bir neçə əcnəbi dil
də öyrənir. Məcidin atası Abdullətif kişi ticarətlə məşğul
olmuş, 1920-ci illərdə ailəsi ilə birgə 32
otaqdan ibarət mülkdə yaşamışdır. 1930-cu illərdə mülkü müsadirə
olunmuş, könüllü olaraq evini hökumətə təhvil
verərək ikiotaqlı evdə məskunlaşmışdır.
Məcid ali məktəbi bitirdikdən
sonra Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində
elmi işçi kimi fəaliyyətə
başlamışdır. Ailə həyatı
qurduqdan iki həftə sonra, 1941-ci ildə cəbhəyə
yollanmışdır. Məcid Musazadənin
Azərbaycanla bağlı olan 27 illik həyatı bu dönəmdən
sonra qürbətdə davam edir. 1942-ci ildə
Rostov şəhərində almanlara əsir düşən Məcid
bütöv bir alayın zabit və əsgərləri ilə
birgə Berlinə aparılır. Bir
müddət Berlindəki "İrtibat qərargahı"nda,
sonra isə "Azərbaycan" qəzetində
çalışmış, mühərrirlikdən baş
redaktor vəzifəsinə qədər yüksəlmişdir.
Həmin dərgidə 1945-ci ilə qədər
fəaliyyətini davam etdirmişdir. Ömrünün
çox hissəsini Almaniyanın Münhen şəhərində
keçirmiş, 26 il
"Azadlıq" radiosunun Azərbaycan şöbəsində
çalışmışdır. O, yarım əsrə
yaxın qürbət ölkədə yaşamış,
ömrünün sonuna qədər həyatı nisgil, həsrət
içərisində keçmişdir. Özü
ilə qürbətə daşıdığı milli adət-ənənəni,
qonaqpərvərliyi itirməyən Məcid müəllim
ömrünün axırına qədər vətən
ağrısını unuda bilməmişdir. Azərbaycanlı müxbirin 1980-ci illərdə
Almaniyada məskunlaşan "xain", "satqın
damğası" ilə günahlandırılan
soydaşlarımız ilə görüşündə bu həsrətin
dərinliyini, ağrısını görmək o qədər
də çətin deyil. "...Məcid
yenə ah çəkdi və dəhlizə
çıxdı. Düzü, şübhələndim
və dərhal arxasınca yeridim. Gördüm
ki, ağlayır, özü də ürəkdən
ağlayır. ...Sənə deyiləsi sözüm
çoxdur. Əgər Münhenə gəlməsən, ya
Avstriyaya, ya da Bolqarıstana gəl, görüşək,
dedi. Məcid qəhərlənmişdə, danışa
bilmirdi"...
Məcid Musayev haqqında ilk məlumata 1988-ci ildə
"Ulduz" jurnalında dərc olunan "Satqınlar
yuvasında" başlıqlı yazıda rast gəlinir. Bu məqalədə
məlumatlar təhrif olunmuş, dövrün ideoloji tələblərindən
irəli gələrək qiymətləndirilmişdir. Təbii ki, bu zamana qədər Məcid Musazadə
ailəsi ilə əlaqə saxlamış, "vəfadar, əziz
anacığına" məktublar
ünvanlanmışdır. 1980-ci ilin əvvəllərində
Məcid Mucazadə vətəndə yeganə yadigarı,
oğlu Nemətlə də görüşmüşdür.
Müharibədən Məcidin itkin xəbəri
gəldikdən bir müddət sonra atasına onun ölüm
xəbəri verilir. Bir müddətdən sonra atası
Abdullətif kişi dünyasını dəyişir.
Anası Fatma gəlini Nazlı və Məcidin
yeganə yadigarı nəvəsi Neməti də
götürüb Kürdəmirə, qohumlarının
yanına köçür. Ailəsi əvvəlcə
Məcid Musazadənin itkin xəbərini alsa da, sonradan onun
sağ olması və Münhendə yaşaması,
"Azadlıq" radiosunda çalışdığı
barədə xəbər alır. Ali məktəbi
bitirib işə başlayan oğlu Nemət toya
hazırlaşdığı zaman iş yerində bir nəfər
çağırıb ona kiçik bir bağlama verir. Təəccüb içində bağlamanı
açan Nemət atasından aldığı məktubla onun
sağ olduğunu bilir. Bağlamada məktubla
yanaşı, atasının oğluna toy hədiyyəsi olaraq
göndərdiyi qızıl medalyon və qızıl zəncirli
kişi saatı da var idi. Məlum olur ki,
atası sağdır, Almaniyada Münhendə yaşayır.
Məcid Musazadə əsir düşdükdən
sonra uzun müddət ailəsi haqqında məlumatı olmasa
da, mütəmadi olaraq onlarla maraqlanır. Ölüm düşərgələrinə gətirilənlər
arasında tez-tez azərbaycanlı
olub-olmadığını soraqlayır. Həmin
düşərgədə təsadüfən əslən
Kürdəmirdən olan bir nəfərdən yoldaşı
Nazlını tanıyıb-tanımadığını
soruşduqda həmin şəxs onlarla qohumluq əlaqələrinin
olması, söhbət əsnasında Məcidi
tanıdığını, onun cəbhəyə yola
düşdükdən sonra bir oğul övladı olduğu
xəbərini verir. Bununla yanaşı, Qərbi
Avropada səfərdə olan tanınmış maestro Niyazi əmisi
Ceyhun Hacıbəyli ilə görüşür. O zaman
Ceyhun Hacıbəyli ilə Məcid Musazadə arasında isti
dostluq, ailə münasibətləri vardı. Ceyhun
Hacıbəyli yaxın dostu Məcid Musazadənin Azərbaycanda
qalan ailəsi ilə bağlı məlumat almaqda Niyazidən
kömək istəyir. Maestro onun
xahişini yerinə yetirir. Vətənə
qayıtdıqdan sonra Məcid Musazadəyə ailəsi
haqqında məlumat verir. Onu
babasının adını daşıyan bir oğul
övladının varlığı və anasının
sağ olması hədsiz sevindirir. Bundan sonra ailə ilə
uzun müddət qırılmış bağlar bərpa
olunur, tez-tez anasına, övladına məktublar ünvanlayan
Məcid Musazadə 1982-ci il 8 noyabr tarixində
"Vəfadar, əziz anacığım"
başlıqlı anasına ünvanlanmış latın əlifbası,
türk ləhcəsində sevgi hissləri ilə dolu məktubunda
anasının sağ olmasına sevindiyini və onun yolunu
Münhendə səbirsizliklə gözlədiyini qeyd
etmişdir. Əfsuslar olsun ki, nə Fatma
ananın oğlunun yanına getməyi, nə də Məcid
Musazadənin vətənə gəlməyi baş tutur.
1969-cu ildən başlayaraq Məcid Musazadə ailəsi
ilə əlaqə qurmağa, məktublaşmağa
başlayır. Ailəsi ilə görüşmək istəsə
də icazə verilmir. Nəhayət,
1987-ci ildə cəbhəyə yola düşdükdən
sonra dünyaya gələn, atasının üzünü 45
ildən sonra görmək nəsibi olan oğlu Nemətlə
görüşə müvəffəq olur.
Bir neçə dil bilən Məcid Musazadənin ən böyük
xidmətlərindən biri uzun müddət müəllifi ilə
bağlı mübahisə doğuran "Əli və
Nino" əsərini almancadan Azərbaycan dilinə tərcüməsidir. O, alman dilini sonralar deyil, tələbə
vaxtlarında öyrənmişdi. 1972-ci ildə bu əsəri
almancadan Azərbaycan dilinə tərcümə edən və onu
"Azadlıq" radiosunda səsləndirən Məcid
Musazadənin haqqı yeyilmiş, "Əli və Nino" əsərinin
tərcüməsi Almaniyada yaşamış,
"Azadlıq" radiosunda çalışmış Mirzə
Xəzərə aid edilmişdir. Hətta M.Ə.Rəsulzadənin
adına təsis edilmiş mükafata Mirzə
Xəzər layiq görülmüşdür. Nyu-Yorkda
yaşayan, Amerika-Azərbaycan "Vətən" Mədəniyyət
Mərkəzinin prezidenti olan Rufa Odyurdlu 1990-cı illərdə
yerli mətbuata xaricdə diasporanın,
soydaşlarımızın apardıqları əməli
iş və mücadilələri haqqında məlumat verərkən
Məcid Musazadəni də xatırlamış, onun
haqqında "qeyrətli bir azərbaycanlı ziyalı"
kimi söz açmışdır. Məcid
Musazadə qürbətdə yaşamasına baxmayaraq vətəninə,
xalqına, məsləkinə, əqidəsinə, milli adət-ənənəsinə
bağlı insan olmuşdur. Almanlara əsir
düşdükdən və faşizmin məğlubiyyətindən
sonra bir müddət Amerikada, Türkiyədə
yaşamış, "Amerikanın səsi" radiosunda və
"Vətənin səsi" qəzetində
çalışmış, SSRİ-yə, sovet Azərbaycanına
qarşı çıxışları ilə Mərkəzi
Kəşfiyyat İdarəsinin nəzarətində
olmuşdur. Mühacir soydaşlarımızın
dəstəyi sayəsində əsirlikdən qurtaran Məcid
Musazadə müharibə dövründən Almaniyada nəşr
olunan "Azərbaycan" dərgisində adi jurnalistdən
redaktor vəzifəsinədək yüksəlmişdir. Məcid Musazadə ictimai-siyasi, publisistik fəaliyyəti,
Qarabağ hadisələri zamanı "Azadlıq"
radiosundan alovlu çıxışları ilə fərqlənən
legionerlərdən biri kimi tanınsa da, onun Almaniyadakı fəaliyyəti
tam şəkildə öyrənilməmişdir. O, mətbuatda
çıxışları, publisistik yazıları ilə
daha çox seçilmişdir. II Dünya
müharibəsindən sonra Azərbaycan mühacirlərinin
istiqamətlənməsində, azərbaycanlıların
diaspora fəaliyyətində publisistika sahəsi daha aktiv idi.
Azərbaycanın istiqlalı məsələsi
legionçuları daim düşündürən, onların
diqqət mərkəzində olan aktual, ədəbi-ictimai fəaliyyətlərinin
prioritet məsələlərindən idi. 1943-cü ildə legionçuların keçirdikləri
konqresdə "Milli Birlik Məclisi" yaradılmış
və Azərbaycanın istiqlalı orada əsas məsələlərdən
biri kimi qoyulmuşdur. 1954-cü ildə
Nyu-Yorka köçən Məcid Musazadə bir müddət
"Amerikanın səsi" radiosunda
çalışmış ilk azərbaycanlılardan
olmuşdur. Legionçuları bir araya gətirən
milli birlik, vəhdət onların ideyalarının əsas
qaynağına çevrilmiş suverenlik, mücadilə,
istiqlal mövzusunu aktuallaşdırmışdır.
Fikir, ideya
ideologiyadan öncə ədəbiyyatda, söz sənətində
doğulur, müəyyən zamandan sonra təkrarlanaraq əsas
ideya, məfkurə qaynağına çevrilir. Məcid Musazadə 1956-cı
ildə ilk dəfə Azərbaycanın üçrəngli
bayrağını Nyu-Yorkda ucaldıb. Həmin
dövrdə macar xalqı üsyana qalxır. Məcid
Musazadə haqları qırılmış, hissiyyatları
tapdalanmış xalqların cərgəsində Azərbaycanın
da haqq səsini duyurmaq üçün üçrəngli Azərbaycan
bayrağını necə ucaltdığı haqda 1989-cu ildə
Münhendən Azərbaycana göndərdiyi məktubunda qeyd
edir: "O zaman Amerika Birləşmiş Ştatlarında Azərbaycan
adında bir məmləkətin mövcud olduğunu çox az adam bilirdi. Bu səbəbdən dükanda
hazır Azərbaycan bayrağı yox idi... Sifariş
vermək lazım idi. Fəqət vaxt da
çox dar idi. Dükan sahibinə dərdimi anlatdım,
məsələni qavradıqdan sonra onu iki günə hazırlayacağına
söz verdi. Üçüncü
gün bayrağı alıb oradan da toplantı yerinə
getdim. Yığıncaqda məndən
başqa 10-12 azərbaycanlı mühacir də var idi. Beləliklə, toplantının rəyasət heyətində
müxtəlif xalqların milli bayraqları ilə
yanaşı, bizim milli bayrağımız da
asılmışdı". İctimai fəaliyyətlə
də məşğul olan Məcid Musazadə Nyu-Yorkda
Amerika-Azərbaycan cəmiyyəti (Ənvər Sultanzadə ilə
birgə) yaratmışdır.
Tarixçi,
mühacir və legionerlərin həyatı, ictimai fəaliyyəti
ilə bağlı ardıcıl araşdırmalar aparan Nəsiman
Yaqublu Məcid Musazadəni mətbuat fəallarından biri
kimi əməli iş və fəaliyyətini yüksək
qiymətləndirmişdir. Məcid Musazadənin 26 il fəaliyyət
göstərdiyi "Azadlıq" radiosunun
dalğalarından səslənən "Azərbaycanda
Qızıl Ordunun qurulması", "Stalin terrorunun
qurbanları", "Azərbaycanın Şaumyan fitnəkarlığından
qurtulması münasibətilə" məqalələri
millətimizi narahat edən məsələlərdən biri
kimi daim onu düşündürmüşdür. "Dağlıq Qarabağ" məsələsi,
Böyük Ermənistan xülyasına kəskin münasibət
bildirmiş, onların torpaq iddialarına qarşı sərt
çıxışlar etmişdir.
Ömrünün
ahıl çağlarında elmlə, xeyriyyəçiliklə
məşğul olan
Məcid Musazadə 1990-cı il iyulun 20-də
yaşadığı Münhen şəhərində vəfat
etmiş, Nordfriedhof qəbiristanlığında dəfn
olunmuşdur. Ömrünün yarıdan
çox hissəsini mühacirətdə yaşayan, qəlbi və
qələmi daim vətən sevgisi ilə alovlanan Məcid
Musazadənin dəfn mərasimi böyük izdihamla
keçmişdir.
1990-cı
il mayın 28-də Türk Dünyası Araşdırma Vəqfinin
Kayseri şəhərində təşkil etdiyi Birinci Beynəlxalq Millətlərarası Konqresdə filologiya elmləri
doktoru Kamal Talıbzadə Məcid Musazadə və
yoldaşı ilə görüşünü xoş xatirələrlə
yada salaraq qeyd edirdi: "....Nümayəndələr
arasında sakit, nəcib ər-arvad hamının diqqətini
cəlb edirdi. Kişi Abdulla Şaiqə
çox oxşayırdı. Bir gün
özümü saxlaya bilməyib ona yaxınlaşdım,
qucaqlayıb öpdüm, Şaiqin oğlu olduğumu bildirdim.
Arvadı İrena ilə məni tanış
etdi... Gözəl insanlar idilər...".
Məcid
Musazadənin ədəbi, publisistik fəaliyyətinə də
ciddi təsir göstərmişdir. Bu cəhətdən Məcid
Musazadənin Məhəmməd Əmin Rəsulzadə ilə
yaxınlığının kökləri yalnız
sonrakı tanışlıq, yaxınlıq deyil, hələ
böyük mücahidin mərkəzdən uzaqlaşaraq bir
müddət Lahıcda olması, Maçaxıda gecələyərək
Kürdəmirə getməsi ilə bağlanır. Məcid
Musazadənin atası Abdullətif kişi,
yuxarıda qeyd etdiyimiz kimi, ticarətçi olub. Sonralar onun Bakıdakı mülkü əlindən
alınır. Çox güman ki, Abdullətif kişi
M.Ə.Rəsulzadə ilə tanış olub və onun
Lahıca gedərkən və oradan geri döndükdə
Maçaxıda, Nüyədidə Məcidin ata
qohumlarıgildə olması, sonra Abdullətifin qohumu nüyədili
Abdulcabbarın onu Kürdəmirə kimi müşayiət
etməsi (o zaman Məcid Musazadənin Kürdəmirdə də
yaxın qohum və tanışları vardı) bunu söyləməyə
əsas verir.
1943-cü ildə Münhendə yaradılmış
"Azərbaycan Milli Komitəsi" 1972-ci ilə qədər
fəaliyyət göstərmişdir. Həmin komitəyə ilk olaraq mayor
Fətəlibəyli, Həsənbəy Kərbəlayi,
sonralar Süleyman Təkinər, Əli Həsənzadə
(Əli Aran), İsmayıl Əkbərov, Səmran Məmmədzadə
rəhbərlik etmişdilər. Məcid Musazadə
erkən yaşlarında Azərbaycandan, öz doğma
yurdundan ayrılsa da, sonralar orda qurduğu ailə,
sürdüyü həyat tərzi ilə bağlı
olduğu ənənələrə hər zaman sadiq
qalmışdır. O, milli ruhlu alman kimi
yaşamışdır. Bunu Məcid Musazadənin
Münhendə Şərq üslubu ilə bəzədilmiş
dəbdəbəli evində qonaq olan jurnalistlər dönə-dönə
qeyd etmişdilər. Məcid Musazadənin dəvətini
qəbul edən müxbirlərdən biri yazır:
"Günlərin bir günü Məcid məni və həyat
yoldaşımı evinə qonaq dəvət etdi. Məmnuniyyətlə razılaşdıq. Məqsədim
onun həyat tərzi ilə tanış
olmaq idi... Məcidin arvadı İrena, qızları Süsən
və Yasəmən bizi olduqca səmimi
qarşıladılar...
Almaniyada
yaşayan legionerlərlə dəfələrlə
görüşlər keçirən, onların həyat tərzi,
ictimai-siyasi baxışları ilə bağlı silsilə
müsahibələr hazırlayan müxbir "Münhenlə
tanışlıq", "Satqınların xam xəyalları",
"Vətən xainləri", "Satqınlar
yuvasında" məqalələrində ziddiyyətli fikirlər
yürüdür, hər bir cəhətdən onları
alçatmağa, müstəqil, suveren Azərbaycan dövləti
qurmaq ideyalarına qarşı kəskin mövqedən
çıxış edirdi. "Vətən
xainləri" məqaləsində İsmayıl Ələkbərov,
Məcid Musayev, Əli Aran antisovet təbliğatda suçlandırılır,
Azərbaycan redaksiyasında çalışanlar haqqında həqiqətə
uyğun olmayan mülahizələr irəli
sürülürdü. Məqalədə "Azərbaycan"
redaksiyasında çalışanlardan Qulam Qurbanoğlu, Murad
Muradlı, Süleyman Məmmədov, Fərman Məmmədov
haqqında da məlumat verilir, ünvanlarına müxtəlif
böhtanlar yağdırılırdı. Məcid
Musazadəni oradakı azərbaycanlılardan ən
savadlısı olduğunu qeyd etsə də, "antisovet
materiallar hazırlamaqda çox usta" olduğunu
vurğulayırdı. "Satqınların xam xəyalları"
adlı eyni silsilədən olan məqalədə ikitərəfli,
əks cəbhələrdə duran şəxslərin
bir-birinə qarşı gərgin, sərt
çıxışlarına aydınlıq gətirən Məcid
Musazadə dillənir: "İnanın ki, Azərbaycanı bəlkə
də sizin qədər sevirik, qəlbimiz daim oradadır. Amma Vətən tam azad olandan sonra oraya qayıdacağıq".
Vətənin nə vaxt azad olacağı sorğusuna
qarşı Məcid Musazadə deyir: "- Vaxtını deyə
bilmərəm, amma o gün mütləq gələcəkdir"
- dedi.
Müstəqil ölkənin vətəndaşı olmaq
xaricdə məskunlaşan legionçuların əsas
amalları idi.
Heyif ki, onların çoxu həmin günün
uzaqda olmamasını bilsələr də, bu sevinci yaşamaq
onların çoxuna qismət olmadı. Məcid Musazadə
kimi...
Günay QARAYEVA
Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.24-25.