Livanlı yazar Amin Maaluf: "Şərqdə
ümidi həmişə ümidsizlik izləyir"
Amin Maaluf 15 fevral 1949-cu ildə
Livanda, paytaxt Beyrutda doğulub. Ailədə
4 uşaqdan ikincisi olan yazarın valideynləri fərqli mədəniyyətlərə
sahib olublar. Anası türk kökənli misirli,
atası Melkite katolik icması üzvü olub. Livanda
vətəndaş müharibəsinin başladığı
1975-ci ilə qədər jurnalist kimi qəzetdə işləyib.
1976-cı ildə Fransaya köçüb,
hazırda da Parisdə yaşayıb fəaliyyət göstərir.
Fransızca yazır və əsərləri
40-dan çox dilə tərcümə olunub.
Müxtəlif nəşriyyatlara
rəhbərlik edən və köşə yazıları
yazan Maaluf vaxtının çoxunu kitablarını
yazmağa ayırır. Dünyada
tanınmasına səbəb olan il
kitabı "Ərəblərin gözüylə xaç
yürüşləri" ("Les Croisades vues par les
Arabes") 1983-cü ildə çap edilib. Bu
kitab, demək olar ki, çevrildiyi bütün başqa dillərdə
də böyük uğur qazanıb. 1986-cı ildə
çap olunan ikinci kitabı və eyni zamanda ilk romanı olan
"Afrikalı Leo" ("Leon l'Africain") əsəri
"Fransız - Ərəb Dostluq Mükafatı"na layiq görülüb.
Yazarın 1988-ci ildə
çap edilən ikinci romanı "Səmərqənd"
("Samarcande") də dünyanın bir çox dillərinə
tərcümə edilib. Bu
roman yazara ən çox şöhrət gətirən əsəridir.
Yazarın 1991-ci ildə "İşıq
bağçaları" ("Les Jardins de lumiere"), 1992-ci
ildə isə "Beatrisdən sonra birinci 100 il" ("Le
Premier Siecle apres Beatrice") kitabları yayımlanıb.
Amin Maaluf 1993-də çap edilən "Tanios Qayası"
("Le Rocher de Tanios") romanına görə Fransanın məşhur
"Qonkur Akademiyası Ədəbiyyat Mükafatı"na layiq görülüb. 1996-cı
ildə "Şərqin limanları" ("Les Echelles du
Levant") adlı romanı, 1998-ci ildə isə
"Ölümcül şəxsiyyətlər" ("Les
Identites meurtrieres") adlı esselər kitabı
satışa çıxıb. Yazar 2000-ci
ildə "Yüzüncü Ad - Baldasarın səyahəti"
("Le Periple de Baldassare"), 2004-cü ildə isə
"Yolların başlanğıcı" adlı
romanını çap etdirib.
2010-cu ildə yazar Ədəbiyyat
üzrə İspaniya Asturiya Şahzadəsi
Mükafatını alıb. 23
iyun 2011-ci ildə Fransa Akademiyasının üzvü
seçilib. Amin Maaluf bu şərəfə
layiq görülən Livan əsilli ilk şəxsdir.
2016-cı ildə 1 milyon dirhəm (təxminən
272.000 ABŞ dolları) mükafat fondu olan Zayed Kitab
Mükafatlarında "İlin Mədəni Şəxsiyyəti"
mükafatını qazanıb.
2020-ci ildə Fransa hökuməti
tərəfindən Milli Xidmətlərə görə ordeni
ilə təltif edilib. 2021-ci
ildə Kral Ədəbiyyat Cəmiyyətinin Beynəlxalq
Yazarı seçilib.
Məşhur yazar eyni zamanda
bir neçə librettonun da müəllifidir.
Koronavirus epidemiyasının
bütün dünyanı cənginə alıb pik həddə
çatdığı 2021-ci ildə türkiyəli jurnalistin
yazardan onlayn şəkildə aldığı müsahibəni
təqdim edirik.
- Son
zamanlar bu mövzudan danışmaq qaçılmazdır.
Koronavirus epidemiyası dönəmində günlərinizi necə
keçirdiyiniz barədə bir az
danışmaq istəyirəm. Çoxumuz son
bir ilin böyük hissəsini evimizdə keçirmişik.
Bilirəm ki, bu dövrdə bir çox yazar
yazmaqda çətinlik çəkir. Bunu
sizdən soruşmaq istəyirəm; Son bir ildə yazmaq sizin
üçün daha çətin olub? Bu
günlərdə nələrdən ilham alırsınız?
- İşləmək çətin oldu deyə bilmərəm. Çətin
olan o idi ki, pandemiyanın başlanğıcından bəri
çoxlu dostumu itirmişəm. İki
gün əvvəl yenə çox yaxın bir dostumu itirdim.
- Bunu eşitdiyimə
üzüldüm.
- Bu,
çox kədərli və rahatsızedici hadisəydi. Ancaq
iş mövzusuna gəldikdə, mənim üçün
çox şey dəyişməyib. Çünki
mən onsuz da çox çölə çıxmıram.
Evdə qalıram, sakit mühitdə işləyirəm.
Təbii ki, pandemiya dövründə ətraf
daha səssiz, sakitdi. Dostlarımın
çoxunu görmədim, hətta uşaqlarımı, nəvələrimi
belə görmədim. Ona görə də
yazmaq üçün daha çox vaxtım, sakit mühitim
vardı. Amma eyni zamanda, ətrafa nəzər
salanda gərgin dövrdə
yaşadığımızı, çox çətin
günlər keçirdiyimizi görə bilirdim.
- Türkcədə çox
klişe bir deyim var; Bilirəm ki, başqa dillərdə də
var: "Xoşbəxt yazar yoxdur". Bu
mövzuda sizin fikirlərinizi öyrənmək istərdim.
Sizcə, ədəbiyyat ən çox məhrumiyyətdən,
kədərdən və ağrıdan ilhamlanır?
- Məncə,
ikisinə də ehtiyacımız var. Bizə həm xoşbəxtlik,
həm də kədər lazımdır. Həyat
bizə bunların hamısını verir. İnsan həyatın ona verdiyini qəbul etməlidir.
Ümidli olduğumuz vaxtlar var, çarəsiz
hiss etdiyimiz anlar var; ağrı hiss etdiyimiz anlar var; xoşbəxt
hiss etdiyimiz anlarla bərabər, kədər hiss etdiyimiz anlar
da var; xəstə olduğumuz vaxtlar var, aşiq olduğumuz
vaxtlar da. Bütün bunlar yazara və onun
yazdıqlarına ilham verir. Bu gün
dünya çox qarışıq, mürəkkəb və
anlaşılması çətin haldadır. Bunun gətirdiyi
stress də yazıçı üçün çox
faydalıdır, məncə. Çünki
dünyadakı hər şeyi ətraflı öyrənmək
lazımdır. Bir şeyi yalnız kənardan
necə göründüyünə görə mühakimə
edə bilməzsiniz, dərinə enməlisiniz. Məncə, tarixin əla nöqtəsindəyik,
amma təbii ki, eyni zamanda həm də çox stresli bir
dövrdür.
- Hisslərin verdiyi ilhamdan
danışdıq, bir az da
coğrafiyanın verdiyi ilhamdan danışaq. Bilirəm ki,
Livanın Beyrut şəhərində doğulub
böyümüsünüz. Biz şərqlilərin
bölgəsində həmişə böhran, mübahisə
və münaqişə var. Biz bu müsahibəni Suriyada vətəndaş
müharibəsi başlamasının 10-cu ildönümündə
edirik. Sizin məmləkətinizdə keçən il böyük partlayış oldu. Gəldiyiniz yer yazdıqlarınıza necə təsir
edib?
- Tarixi həmişə
sevmişəm; Dünyanı kəşf etməyə
başlayanda, yəni 14-15 yaşımda
düşünürdüm ki, bütün tarixi hadisələr
artıq baş verib, mən çox gecikmişəm və
artıq heç bir ciddi hadisə olmur. Məsələn,
mən İkinci Dünya müharibəsi və İspaniya vətəndaş
müharibəsi haqqında çox oxuyurdum. Bütün
bunlar tarixi sevən adam üçün
çox maraqlıdır. Sonra birdən mənim
yanımda, hətta çox yaxınımda böyük hadisələr
baş verməyə başladı; Həyatıma birbaşa təsir
edirdilər. Yaxın Şərqdəki
müxtəlif münaqişələri xatırlayıram.
İlk böyük münaqişə 1967-ci ildə baş verdi, mən bu dövrü
yaşadığım üçün çox aydın
xatırlayıram. Bundan sonra çoxlu münaqişələr
baş verdi. Əlbəttə ki, Livan vətəndaş
müharibəsinin başlanğıcı... Mən
şəxsən müharibənin ilk böyük hadisəsinin
şahidi olmuşam. Son 60 ildə bölgəmizdə
baş verənləri izləyirəm. Təbii
ki, mən bütün dünyanı izləyirəm, amma
Yaxın Şərq çox maraqlıdır. Təbii ki, Yaxın Şərqdə həddindən
çox kədər, məyusluq var. Biz hamımız istərdik
ki, bu region fərqli şəkildə inkişaf etsin;
Müasirliyin və ümidin beşiyinə çevrilməsini
istərdik. Çoxlu imkanlar vardı.
Mənim ölkəm üçün də vəziyyət
eynidir; Beyrut vaxtilə yazarların, mətbuatın və
medianın mərkəzi olub. Bütün
bunlar məhv edildi. Livanın məhv
edildiyini öz gözlərimlə gördüm. Bunun belə təsvir edilməsini xoşlamıram,
amma bir çoxları kimi mən də "Ərəb
baharı" ilə bağlı həyəcanlı idim.
Tunis, Yəmən, Suriya, Liviya və Misirdə eyni vaxtda ictimai
hərəkatlar gedirdi. Çarəsiz səslənəcək,
lakin bu bölgədə ümidi həmişə
ümidsizlik izləyir. Nə vaxt nəsə
gözləsək, ümid etsək, görürük ki,
ümid etdiyimiz şeylər məhv olur. Sonra
da ah-nalə edib deyərik ki, "fürsəti əldən
verdik". Bu yaxınlarda bir dostum mənə belə
dedi: "Dünyanın bu bölgəsində fürsəti əldən
vermək üçün heç bir fürsəti əldən
vermirik!". Bu, müəyyən
mənada çox kədərlidir. Bu
ölkələrdə dəyişiklik ümidi çox ədalətli
idi. Məncə, kədər və
müharibə əvəzinə, real dəyişiklik
mümkün idi.
- Məncə, bu, Yaxın Şərq
üçün çox yaxşı izah idi: "Əvvəlcə
ümid, sonra ümidsizlik...". Bu ictimai hərəkatların "Ərəb
baharı" kimi qələmə verilməsini niyə bəyənmirsiniz?
- Mən
uzun müddət jurnalist olmuşam, atam da jurnalist olub. Biz jurnalistlər bir ad tapıb onu tez-tez istifadə
etməyə meyilliyik. Əvvəl
"Praqa baharı" oldu, sonra hər ictimai hərəkatda
eyni ifadələri işlətməyə başladıq.
Buna baxaq; bahar nədir? Bahar
bir fəsildi. Mən daha dəqiq
xarakteristikalardan istifadə etməyə üstünlük
verirəm. Sadəcə poetik sözlərə
deyil, onların nə olduğunu daha yaxşı ifadə edən
təsvirlərə üstünlük verirəm. Təbii ki, mən də bəzən poetik sözlərdən
istifadə edirəm. Bunun nə olduğunu
başa düşməliyik; Biz başa düşməliyik
ki, insanlar niyə üsyan edir, bu qiyamın mənası nədir.
Adamlar "yaxşı" bir səbəb
olmadığı müddətdə üsyan etməzlər.
Həmçinin, iki ayrı ictimai hərəkat heç vaxt
eyni ola bilməz. Praqa, Pekin və
ya başqa yerlərdə baş verən üsyanlar Tunis, Səna,
Dəməşq və Hələbdəkilər kimi deyil.
Hər vəziyyət digərindən çox fərqlidir.
Ona görə də mən klişelər yerinə
situasiyaya uyğun ifadələrə üstünlük verirəm.
- Gələcək və ümid
kimi üzərində dayanmaq istədiyim iki
anlayışı qeyd etdiniz. Bunlardan əvvəl
Türk ədəbiyyatı haqqında fikirlərinizi bilmək
istərdim. Ən çox sevdiyiniz türk
yazarlar kimlərdir?
- Mən
böyük türk ədəbiyyatı mütəxəssisi
deyiləm. Bir neçə kitab oxumuşam, amma
fikir bildirəcək qədər məlumatlı deyiləm.
Bir neçə türk yazarı ilə tanış
olmaq imkanım olub. Eyni zamanda Yunus Əmrə
kimi çox böyük yazarları da kəşf etmək
imkanım olub. Çox yaxşı ədəbiyyata
sahib olduğunuzu düşünürəm. İstər müasir, istərsə də qədim
bir çox ədəbi əsəri zövq alaraq oxudum. Amma bu mövzuda biliklərim məhdud olduğu
üçün daha dərindən qiymətləndirmə
apara bilmərəm.
- "Sivilizasiyaların
batışı" adlı əsərinizdə
"Dünyanın yolunu azdığını" deyirsiniz. Sizcə, koronavirus pandemiyası oyanış zəngi ola bilərmi?
- Belə
ümid edirəm. Şübhəsiz ki, qeyri-adi
vaxt keçiririk. Məncə, bu pandemiya
mütləq bir dönüş nöqtəsidir. Buna əminəm. Pandemiyadan sonra
çox şey əvvəlki kimi olmayacaq. Bununla
belə, hazırda vəziyyətin hara gedəcəyini görə
biləcəyimiz nöqtədə deyilik. Məncə,
oyanış zəngi ola bilər;
olmalıdır da. Bundan əvvəl heç
vaxt bütün insanların eyni vaxtda evə qapanması
lazım olmamışdı. Eyni zamanda,
bütün bəşəriyyətin eyni reallığı
yaşayaraq eyni ağrını çəkdiyi bir dövr də
olmayıb. Ona görə də
dönüş nöqtəsindəyik. Qeyd
etdiyiniz kitabda təsvir etdiyim kimi, fəlakətə doğru
getdiyimizi dərk edəcəyimizə ümid edirəm. Gəmimizə su çıxır. Son bir ildə baş verənlərdən faydalansaq və
niyə bu istiqamətdə getdiyimizə, necə yol dəyişdirə
biləcəyimizə baxsaq, məncə, mükəmməl
olar. Yəni biz bunu edəcəyik? Bunu bilmirəm. Ümid edirəm
ki, edəcəyik. Bir çox insanın gələcək
haqqında düşündüyünü, yolunu dəyişdirməyi
düşündüyünü bilirəm. Onlar liderlərin böhranı necə idarə etdiklərini,
nəyin səhv getdiyi haqqında düşünürlər.
Çox maraqlı situasiyalar var və mən
bilirəm ki, insanlar bu mövzularda düşünürlər.
İqlim dəyişikliyi, irqçilik
mövzusunda problemlər və ya itirilmiş dünya
nizamı haqqında, çünki artıq nizam yoxdur, biz
meşədə yaşayırıq. Bu
kimi misallarda ehtiyac duyduğumuz həyəcan siqnalını
yaymaq üçün bu mövzularda düşünənlər
kifayət edəcəkmi? Ətraflı
düşünüb gələcəyi sakitcə müzakirə
etsək, olsa bilsin ki, nələrisə dəyişə bilərik.
- Bir az da yeni
kitabınız, "Empedoklun dostları" haqqında
danışaq. Kitablarınız çox vaxt tarixdən ilham
alır, lakin siz bu kitab üçün mövzu olaraq gələcəyi
seçmisiniz. Sizi belə qərar verməyə
nə vadar edib?
- Əvvəla, kitabdakı hadisələr çox uzaq gələcəkdə
baş vermir.
Hətta sabah səhər belə ola bilər!
Kitabda baş verən hadisələr hər an
baş verə bilər. Dediyiniz kimi, dünya fəlakətin
astanasındadır, dağılmaq ərəfəsindədir.
Mən uzun müddətdir belə hiss edirəm, onsuz
kitablarımın adları da bunu açıqca göstərir.
Ona görə də kitablarımda batan gəmilərdən,
nizamsız dünyadan, cinayətə meyilli şəxsiyyətlərdən
bəhs edirəm. Mən fəlakətə
doğru getdiyimiz fakt ilə bağlı mövzuları
çox işləyirəm. Sonra bunu fikirləşməyə
başladım: Bəs bizi son anda, fəlakətin
astanasında yıxılmaqdan xilas edəcək bir şey
olsaydı? Bu, təbii ki, bənzətmədir.
Bəlkə də, son anda insan macərasının
ən dərin anlarından nəsə çıxar. Mən insanların bəşəriyyət
haqqında çox əhatəli anlayışa malik
olduğu, insanların fəlsəfəni avtomatik olaraq elmdən,
tibbdən və siyasətdən ayırmadığı, hər
şeyin insan biliyi hesab edildiyi bir dövrdən
danışıram. Bəlkə də bu məqama
qayıtmalıyıq. Kitabda Empedokl bu
anın simvoludu. Onun şəxsiyyəti mənə
həmişə maraqlı gəlib. Bildiyiniz
kimi, o, 34 əsr əvvəl Siciliyada yaşayan bir filosofdur.
Filosofluqdan əlavə, həm də şəfaçı
kimi tanınıb. İnsanlar onu yarı əfsanəvi,
yarı da ilahi varlıq olaraq görüblər. Bir gün Etna dağında vulkan püskürüb.
Vulkana tərəf gedib və gözdən itib.
Onun vulkanın içinə
tullanıb-tullanmadığını heç kim
bilməyib. Başqa açıqlaması nə ola bilər, bilmirəm. Lakin onun
yoxa çıxması onun haqqında əfsanə yaradıb.
Əfsanəvi və ya mifoloji dünyalarda
baş verən hadisələr məni həmişə valeh
edib. "Empedoklun dostları" bu iki
element üzərində qurulub.
- Siz buna bir az
toxundunuz və kitabdakı hadisələrin çox da uzaq gələcəkdə
baş vermədiyini söylədiniz. Romanınızda
dünya çox da fərqli görünmür. "Empedoklun dostları"nda dünya fəlakətin
astanasındadır, dəhşət yaşanır, Şərq
ilə Qərb yenidən bir-birinin boğazındadır; Kitab
gələcəyi qaranlıq kimi təsvir edir deyə bilərik.
Sizcə, bu gələcək
qaçılmazdır? Daha yaxşı gələcəyi
necə qura bilərik?
- Tarixdə
heç bir şey qaçılmaz deyil. Məncə,
gələcəkdə baş verə biləcək fəlakətin
qarşısını almaq çox səy və möcüzə
tələb edir. Biz birbaşa fəlakətə
doğru gedirik. Əvvəlki kitabımda
demişdim ki, Titanik kimi düz aysberqə doğru gedirik.
Hələ də yanlış yolda olduğumuzu
düşünürəm, aysberqlə toqquşa bilərik,
amma bu, qaçılmaz deyil. Dediyiniz kimi, bu il baş verənlər insanları
dayandırıb yolu dəyişdirmək barədə
düşünməyə vadar edə bilər. Ancaq indi getdiyimiz yolda davam etsək, yeni
qarşıdurma ilə üzləşəcəyik. Şərqlə Qərbdən danışdın,
yenə Şərqlə Qərb arasında olacaq; lakin bu,
keçən əsrdə gördüyümüz
qarşıdurmadan fərqli olacaq. Çox
güman ki, bu, Qərblə Çin və qonşularından
ibarət Konfutsi dünyası arasında olacaq. Bu qarşıdurma digərlərindən daha fərqli
olacaq, çünki artıq texnologiya istənilən silahlanma
yarışını bəşəriyyət
üçün intihara bərabər edəcək səviyyəyə
çatıb. Bu gün silahlanma yarışının
meydana gələcəyini düşünmək
ağlasığmazdır. Bu, bir neçə
onilliklər əvvəl Sovet İttifaqı ilə ABŞ
arasında olduğu kimi olmayacaq, çünki indi kiber
müharibə, bioloji müharibə və atom silahları ilə
məhv olma ehtimalından daha yüksəkdir. Əgər
yeni soyuq müharibə dövrünə girsək, bu, bəşəriyyətin
sonu ola bilər. Buna görə
də yolu dəyişməliyik və yeni münaqişələrdən
qaçmalıyıq. Bu, həmişə
yazılarımın əsas mövzularından biri olub. Biz fərqliyik, amma fərqli olduğumuz
üçün döyüşməyimizə, bir-birimizi təcrid
etməyimizə, bir-birimizi qırmağımıza ehtiyac
yoxdur. Birlikdə yaşaya biləcəyimiz
bir dünya qurmalıyıq. Əlbəttə ki, biz
bir-birimizdən fərqliyik, amma birlikdə nəhəng insan
milləti ola bilərik. Biz fərqli mədəniyyətlərə,
dillərə, inanclara, dəri rənglərinə malik olan,
lakin birlikdə yaşaya bilən bir xalq ola
bilərik. Beləliklə, cəhalət, xəstəlik
və ölüm kimi həqiqi düşmənlərlə
mübarizə apara bilərik.
- Bu yaxınlarda sizin heyranınız
olan köşə yazarlarımızdan biri ilə söhbət
edirdim. O mənə sizin bir fikrinizi xatırlatdı:
"İnandığım sabahlar dünəndə qaldı
və bir daha geri qayıtmadılar". Ümid
kitablarınızda tez-tez rast gəlinən bir
anlayışdır. Ümid sizin ədəbiyyatınız
üçün necə bir vasitədir? Bu
gündən ümidinizi tamamilə kəsmisiniz?
-
Heç bir şəkildə kəsməmişəm. Məncə, bir yazarın iki vəzifəsi (məsuliyyət
- tərc.) var. Birincisi, reallığa sadiq qalma vəzifəsidir.
Yazarlar həqiqəti gizlətmək
üçün hadisələr uydurmamalıdırlar. İkinci vəzifə isə ümidsiz
olmamalıdırlar. Yazarlar həmişə
düşdüyümüz çətin vəziyyətdən
çıxış yolu axtarmalıdırlar.
Çıxış yolu tapmaq çətindirsə, yenidən
cəhd edin! Oxuculara "Neyləyək, ümid
yoxdur" demək üçün yaza bilməzsiniz. Mən bunu heç vaxt etmərəm. Görsəm ki, ümid yoxdur, yazmayacam. Yazmağı dayandıraram və ümid
üçün səbəb axtararam. Həyat
ümid yaratmalıdır. Ümid də həyat
yaradır. Həyat möhtəşəm
bir şeydir. Biz böyük gərginlik və
kədər yaradan, tarixin yorucu dövründən
keçirik. Bununla belə, müasir
texnologiyanın bizə verdiyi vasitələrlə tarixin bizə
öyrətdiyi hər şeyə evdə çata bilir, evimizdən
dünyanın hər yerindən insanlarla ünsiyyət qura
bilirik. Bu bizim nəsil üçün
xüsusi bir imtiyazdır. Bizdən əvvəlki
heç bir nəsildə belə alətlər yox idi. Bizdən əvvəlki nəsillər bunu xəyal
belə edə bilməzdi. İllər əvvəl
Fransaya gələndə də fərdi kompüterlər, mobil
telefonlar və ekranda yazmağa imkan verən proqramlar yox idi.
Hər şey çox fərqli idi, mənim həyatım
o vaxt eləydi. Daim nələrsə dəyişir.
Həyat heyrətamiz şeydir. Ona görə də "ümid yoxdur" deməyə
haqqımız yoxdur. Biz bu gün
dünyada gözəl olanı qoruyub saxlamalı və məhv
olmaması üçün əlimizdən gələni etməliyik.
Bunu edə bilərik, çünki bir-birimizlə
danışa bilirik; Məsələləri müzakirə edə
bilərik, insanların dünyada baş verənlərdən
xəbərdar olmasını gözləyə bilərik,
lakin onların fərqinə varmalarına və yol dəyişdirmələrinə
kömək etməlisiniz. Buna görə
inanılmaz andayıq, indi ümidsizliyə qapılmaq
vaxtı deyil.
- Mövzudan kənara
çıxıb sizə bir az daha şəxsi
sual vermək istəyirəm. Həyatınızda
verdiyiniz ən böyük qərar nə olub?
-
Çox vacib qərarlar vermişəm. Ən
vaciblərindən biri Fransaya gəlmək idi. Deyə bilərəm ki, bu qərarı vermək məcburiyyətində
qaldım. Mən bir gün Livandan
köçmək arzusunda olan insanlardan deyildim. Gəncliyimdə əmin idim ki, bütün həyatımı
öz ölkəmdə keçirəcəyəm. Amma sonra müharibə başladı və mən o
müharibənin ilk hadisəsinə şahid oldum. Bu hadisə mənə çox təsir etdi və
başa düşdüm ki, başqa yerə getməliyəm.
Bu mənim üçün çox vacib qərar
idi.
Qəbul
etdiyim digər mühüm qərar, Fransaya
köçdükdən 8 il sonra,
1984-cü ildə həyatımı yazıya həsr etmək
oldu. Bu çətin bir qərar idi,
çünki dünyamı və ailəmi arxa plana
keçirməli, bütün vaxtımı yazmağa həsr
etməliydim. İlk romanım
"Afrikalı Leo" (1986) idi. Çox
riskli qərar idi, amma riskə getməyə qərar verdim,
çünki o vaxt "Afrikalı Leo"nu yazırdım və
bütün vaxtımı buna həsr etməsəm peşman
olacağımı başa düşdüm.
- Bu, oxucularınız və
bütün dünya üçün nə qədər
gözəl qərar olub. Beyrutun sizin həyatınızda
böyük rol oynadığını bilirəm, elə
hazırda yaşamağa davam etdiyiniz Fransanın da. Mənim gördüyümə
görə, "kimlik" (şəxsiyyət - tərc.)
kitablarınızda həmişə mühüm mövzu olub.
Sizcə, heç Fransaya köçməsəydiniz və ya əvvəllər
köçsəydiniz, başqa bir insan olardınız?
- Tamamilə.
Məncə, aldığımız hər bir qərar
çox şeyi dəyişir. Livanda
qalsaydım, yəqin ki, çox fərqli həyatım
olardı. İlk dəfə ərəb
dilində işləməyə başladığım
üçün yəqin ki, ərəbcə yazardım.
Böyük ehtimalla siyasətə daha çox
vaxt ayırardım, çünki orada yaşayanda bu
mövzularla maraqlanırdım və siyasi işlərlə məşğul
olan çoxlu dostlarım vardı. Bəlkə
də parlamentə girərdim, bilmirəm. Bir
ölkədən başqa ölkəyə getməsəydim
bu vaxta qədər yaşadığım şeylər
baş verməzdi. Seçim etməliydim.
Ağlıma bir çox başqa məsələlər
gəlir. Eyni kitabları müxtəlif
dillərdə yaza bilməzsiniz. Yazdığınız
dil yazdıqlarınıza ilham verir. Həyatımda
hər şey çox fərqli olardı. Amma
həyatınızı nəinki böyük qərarlar dəyişdirə
bilər, hətta çox kiçik qərarlar da həyatınızın
gedişini dəyişə bilər. Bəzən
bir gün çölə çıxmağa və ya
çıxmamağa qərar verirsən. Çölə
çıxanda kiminləsə tanış
ola bilərsən, qəza törədə bilərsən. Həyatda hər şey bir saniyədə dəyişə
bilər. İnsan bütün bu dəyişikliklərə
açıq olmalıdır. Pandemiya
yaşadığımız bu günlərdə ətrafa
baxanda baş verənlərə nifrət edirəm, amma eyni
zamanda maraqlı da gəlir. Çünki
bizdən əvvəl heç bir nəslin
yaşamadığı bir şeyi yaşayırıq. Odur ki, insanlar baş verə biləcək hər
şeyə açıq olmalı, həyatda baş verən hər
şeyi yazmalı və bu vəziyyətdən ən
yaxşı şəkildə istifadə etməlidirlər.
2021
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.30-31.