Fraqmentlər
Yeniyetmə
yaşlarında, sonra ilk gənclik çağında
Füzulinin divanını oxuyursan, sonra üstündən illər
keçir, yenə oxuyursan, sonra yazdığın yazılarda
sitatlar verirsən qatladığın divan səhifələrindən,
bir əsaslı fərqi həmişə hiss edirsən və
bilirsən ki, ədəbiyyat məhz bu fərqin içindədir,
onun sərhədləri daxilindədir, yaxud bu sərhədlərin
aşıldığı məqamdadır, sən o fərqin
gücünə hələ də nələrisə
çözə bilirsən...
Nədir məsələ?
Bunu izah eləmək o qədər də asan deyil.
İlk
oxuduğunda bütün ruhuna hörülər,
sarmaşıq kimi qoxusu səni dünyanın dörd bir
yanından vurar, qəzəl bənd-bənd
açıldıqca təzə dünyalar kəşf edərsən,
gözlərin, onun içindən keçən yollar
böyüyər, sözlər arasındakı bağ, məna
silsiləsi, qəfildən zühur edən, səni
sarsıdan mənaları həqiqət kimi qəbul edərsən.
Janr kimi qəzəlin, orta əsr şeirinin ruha təsiri,
insanla oynadığı oyun ilğım kimidir, qəlbinin
dibinə oturar və sən onun yox olduğunu zənn edərsən,
ancaq... Bəlkə ömrün sonunda bu hisslər qəfil
baş qaldırar, uşaq vaxtı, yeniyetmə, sonra gənclik
illərində qəfil məna uçqunlarından niyə
sarsıldığını anlarsan... Ancaq məsələ
bu deyil.
İndi,
yaş üstünə yaşlar gəlib, o qəzəlləri
daha asan oxuya bilsən də o mənaları, o qəfil
keçidləru tuta bilməzsən, çünki sən artıq
o adam deyilsən. Oxuduğun nədirsə, o
özünü bir adama tapşırar, təslim edər, sən
o adamdan çox fərqlisən, ona heç bənzəmirsən
də, illər keçib, yadlaşıb
başqalaşıbsan. Bir janr kimi qəzəl ilk
oxunuşunda bütün sirrini sənə verər, son qətrəsinə
qədər könlünə hörülər, qəzəldə gerçəklik
ancaq və ancaq estetikadır, bu ərazidən reallıq elə
qovulub ki, sənin əlacın bu qovulan və unutdurulan nəsnəni
yenidən yaratmağa çatar, orta əsrlərdən, qədimdın
qədim əyyamlardan bu günə insanlar təklik
düşən kimi yalnız bununla məşğul olar, diqqət
edin: hər şeyini, əsası da ümidini itirmiş insan
xəyal içində məhz olmayan şeylərdən
reallıq inşa etməklə məşğul olur. Füzuli necə deyir: eşqin
qılıncı cismimdə deşiklər açıb,
gözümdən axan yaşlar zənn etməyin ki,
qandır, onlar dəlilik bağının solmayan gülləridir.
Çaklar
cismimdə tiğ-i eşqdən, eyb etməniz // Kim, cünun
gülzarının bunlar gül-i xəndanıdır...
Müasir şeirdən fərqli olaraq burda nəfəs
aldığımız, tamaşa etdiyimiz və buna görə
də, yəni yaddaşımıza ilişib
qaldığından vaz keçə bilmədiyimiz nəsnələr
yoxdur. Sanki
müasir insanın görə, tamaşa edə biləcəyi
şeylər qəzəl mətnində yoxa
çıxıb, it-bata düşüb, burdan çıxan
nəticələrdən biri bu ola bilər
ki, klassik qəzəldə bütün estetik işarələr
məhz könül evinin qurulması, onun duyğu,
ağrı, iztirab və ani sevincinin real nəsnələrə
çevirmək cəhdindən başqa bir şey deyildir.
Müasir şeirdə, həm Avropa, həm Şərq
poeziyasında o it-bata düşmüş şeylər
perspektivsiz şəkildə axtarılır və deyək ki,
Nazim Hikmət, yaxud Novalis şeirini də əlçatmaz edən
məhz bu keyfiyyətdir, tapa bilməyəcəyin nəsnəni
kərratla, usanmadan və tapa bilməyəcəyini unutmadan
axrarmaq... Yəni reallığı son qətrəsinə qədər
irreal aləmə dönüşdürmək...
O ki
qaldı müasir dövrdə bizim bəzi şairlərin qəzəllərinə...
Onlarda bütün gediş və gəlişlər (həm
də nə qədər cəhd edilsə də, klassik poetik
terminologiyadan yan keçə bilməmək-!) surroqatdan başqa
bir şey deyildir. Şübhəsiz
ki, bütün qəzəl mətnləri nəzərdə
tutulur. Burdan bir sual meydana çıxır: ilham, yoxsa
janr mətnin tipini müəyyənləşdirir? Zənnimizcə, hər ikisi, özü də birlikdə,
əl-ələ tutaraq və heç bir əlavə şərhə
yol vermədən. Əlavə şərh
cüzi biçimdə olsa da bədii mətni getdiyi yolda
saxlayır, onun hərəkətini, dinamikasını yox, məhz
bunların zahiri görüntüsünü yaradır.
Ənənəvi poetik janrlarda (qoşma, gəraylı və
sair) ilham bir poetik-ruhani kateqoriya kimi nə qədər
güclü və yeni olsa da, ənənənin hər
şeyi öz rənginə, öz ovqatına bələmək
ehtirası sonda həlledici ola bilir, bir sıra müasir
şairlərdə o təzə-tər və güclü
ilhamın sehri deyək ki, hər parçada bircə misrayla məhdudlaşır,
bu şeirlərdə mətləbə dəxli olmayan və
köhnə lisanla desək, lirik qəhrəmanın daxilinə
heç uyuşmayan sufiyanə gedişlər hər şeyi
korladıqca korlayır. Bu bucaq altında
müasir şairin sufiyanə şeirlər yazması
janrı, ənənəni istismardan başqa bir şeyə
yaramır. Çünki, belə deyək,
köhnə terminologiya şeirə nəfəs kimi verilməli
olan yaşantını rədd edir, uzaqlaşdırır və
sən dərindən dərinə aldanırsn. Şeirə
çəkilməli olan hiss və duyğular sanki gözə
görünməyən bir dəzgahın ağzında
xırçıltıyla kəsilib-doğranır, sənə,
oxucuya sarı gələn səs yarıyolda it-bata
düşür, janr özünü, öz məramını
sözə çevirə bilmir, hər şey adiləşir...
Təsəvvür
edin, hansısa şair dostuna qəzəl həsr edib: dostum,
dünya köhnə dünyadı, fanidi, göz yaşı
tökməyə dəyməz, sən dünyanın
insanı hansı faciələrlə üz-üzə
qoyduğunu bildiyin halda bu nə ah-vaydı və sair. Sən bu iki adamı tanımasan da, şeirin nə
münasibətlə qəlbin arakəsmələrindən yol
tapıb çıxmasına vaqif olmasan da o intonasiya, o
istismarçılıq dərhal vurur səni.
***
Ədəbi tənqidin təhlillərində nəsrlə
bağlı keçmişə nostalgiya. Bu xətt ədəbi
prosesi mexaniki şəkildə izləməkdən və fəhm
etməkdən yaranır. Yeri gəlmişkən, tənqid ədəbi
gedişatın ən süst vaxtında yox, bəlkə ən
qaynar dövründə "ölə" bilir. Ədəbi tənqid
estetikası tənqidçidən əlahiddə müvazinətin
(balansın) qorunmasını, proses təmayüllərinə
qarşı müqavimətin daxili qabarma/çəkilmələrin
xarakterinə yiyələnməsini tələb edir. Tənqidlə
ədəbi proses arasında şəffaf və çox incə
keçidi hifz edən bir qırmızı xətt var,
ayağını basdınmı bütün dünya səs-küy
içində inləyəcək və sözün hərfi
mənasında tənqidçi olacaqsan, belədə, yəni
sözün hərfi mənasında qara tənqidin sıravi,
nizəli-oxlu üzvü oldunmu, nəyə xidmət eləməyin
daha bir mənası qalmır, qayə, ideya, tapınma... bu kimi
şeylər yer üzündən silinib gedir. Tənqidçi
deyəndə ki bu gün nəsrimizdə 60-cı illər
nasirlərinin tapıntıları, bədii mətnləri səviyyəsində
əsərlər yoxdur, düşünməli oluruq. Hə, o əsərlər səviyyəsində bədii
mətnlərin olmamasını yox, məhz tənqidçinin
estetika ərazisindən çıxıb donkixotluq etməsini.
Adıkeçən dövrün ("yeni
dalğa") mətnləri, doğrudan da, şiddətlə
tənqid edilirdi, ancaq bu şiddət həm də o əsərlərin,
o yeni estetikanın qavranılmasına da yol
açırdı. Bir yalançı,
saxta mətni "tərs üzündən oxuma"
strategiyası da var və dünyada bu prinsip bütün
totalitar rejimlərdə mövcud olub. Tərs
üzündən oxuyanda həmin qara tənqidin üzərindəki
pərdə qalxır, sən bütün fəhminlə o yeni
estetik sistemin bütün komponentlərini özün
üçün bərpa edə bilirsən. Dünya ədəbiyyatında
hər bir yeni poetik sistem, estetik kredo dərhal, vaxt itirmədən
ötürülmə "ağrısına" tutulur,
özündən sonra gələn illərin bədii məhsullarına
da bu "infeksiyanı" yoluxdurmaq istəyir, yəni ilkin
olaraq, tənqiddə başlayan qovğa artıqca artır və
bununla da ədəbi prosesin dərinliyində gedən, ordan
axan sular üzə çıxır. Həmin
illərin ənənələrinin axışı bitibmi?
Fikrimizcə, yox, hərəkət, dinamika yeni
qovğalar yaradır. Buna görə də
məsələn, indinin nəsr mətnlərini İsi Məlikzadənin
"Quyu" povesti ilə müqayisə edib yuxarıdakı
nəticəyə gəlmək elmi cahillikdən başqa bir
şey deyildir.
Başqa bir nüans. Ədəbiyyat tarixi məsələsi. Bu anlayışı, bu məsələni yaddan çıxarmış, unutmuş qələm əhli ilə yanaşı, onu gecəbəgündüz beynindən çıxarmayan insanlar var. Nə olur-olsun, onun özü üçün, öz düşüncəsinə görə düzüb-qoşduğu, yaratdığı harmoniya pozulmamalıdır. Ancaq və lakin ədəbiyyat tarixi kiminsə beynində düzüb-qoşduğu ardıcıllıq və stixiyaya qətiyyən tabe olan bir nəsnə deyildir. Amma ildən-ilə, illərlə yazılan, "cildlənən" ədəbiyyat tarixləri də bir-brini o qədər təkrar edir ki, lap həmin "qəhrəmanımızın" beynində düzüb-qoşduğu sxemdən bir elə fərqlənmir: məmzun var, "ideya-məzmun" tipli sözlərin sürəklə işləndiyi semantik çevrələr var, amma analitik baxış yoxdur. Həm də nəzəri ümumiləşdirmə. Bu da onu göstərir ki, tənqid və ədəbiyyatşünaslıq keçmişin və indinin ədəbi prosesləri arasındakı keçidləri, stixiya və dinamikanı qətiyyən fəhm etmək, fərqli, həm də kardinal şəkildə fərqlənən ədəbiyyat tarixini qələmə almaq gücünə malik deyildir.
Səməd Vurğunun
ömrünün sonunda yazdığı bir neçə
şeir (xüsusən "Mən tələsmirəm"
şeiri) özündən sonrakı gedişata necə təsir
etdi, zənnimizcə, bu nüansı ciddi şəkildə
araşdırmadan keçən əsrin
altmışıncı illərində nə baş verdiyini
tam anlamaq mümkünsüzdür.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 13
avqust.- S.7.