Apokaliptik dünyanın qəddarlığı:
melanxoliya
"Tarkovskinin
qadınları əsəbi və sehrlidirlər"
Lars von
Trier
Stanford
Universitetində bir qadın tədqiqatçı iş
dünyasındakı qadın və kişi
nisbəti ilə bağlı araşdırma aparıb. Məlum
olub ki, iş dünyasında
qadın-kişi nisbətinin bir qədər tarazlaşması
üçün 2159-cu ili gözləməliyik. Görəsən, elmi və texnogen inkişaf
çağında niyə arada bu qədər dərin bir
uçurum var? Elmi tədqiqatlar bu durumu kişi
hegemoniyası ilə əlaqələndirir və bir çox
sosial, mədəni səbəblər göstərirlər.
Şübhəsiz ki, kişi
hegemoniyası tarixi və mifoloji yaddaş kontekstində analiz
edilməlidir. Bəs bu mövzuya sənət
necə baxır? Xüsusilə də
vizual sənətlər.
Sənət öz təsvir gücü və xəyal
dünyasını itiribmi? Sənətə
maksimalist dəyərlərlə yanaşan sənətşünaslar
və sənətsevərlər belə
düşünürlər. Vizual sənətlər
Youtube platformasının təsir gücü və oyun
estetikasının aparıcı olduğu çağda
bayağılıq və elitarlığın arasındakı
qızıl ortanı tapmağa çalışırlar.
Müasir ədəbiyyat və kinoda oyun
estetikası ifrat dərəcədədir. Bəzən
bayağılaşır və ya özünü təkrarlayır.
Süni bir sumilyasiya prosesi baş verir. Başqa sənət adamlarının etdiklərini təkrarlama
və özününkü kimi göstərmə, təqdimetmə
halları normallaşır. Bu, modern sənətin
oğurluğudur? Hər nə qədər postmodern
terminlər və yarlıqlarla ifadə edilsə də…
Çağdaş kino sənətində ən çox
elitar sənət adıyla sənəti adiləşdirən
statik, süni simvollar, təsvirlər, miflərə eyhamlar
donuq və sıxıcı bir atmosfer yaradır. Bəzi filmlərdə
isə gərəksiz texnoloji ustalıqlar, xüsusi effektlər
və meqalomanyak yanaşma və klişelər
istehlakçıların zövqlərinə uyğundur.
Sənət mexaniki bir dövr yaşayır. Kinematoqrafik təhkiyə
texnologiyanın inkişafı ilə çoxqatlı və
çoxsəsli bir vizuallıq fonunda inkişaf etməkdədir.
Hətta hipertexniki və hipervizual sənət
inqilabı baş verməkdədir. Lakin bu proses estetik
illüziya gücü ilə sinxronlaşmır. Kinonun tamaşaçı beynində
yaratdığı illüziya gücü zəifləyir.
Artıq kino sənəti özünə xas
olan təsvir və məcaz xüsusiyyətlərini itirir.
Müasir kino daha çox televiziya və sosial
medianın kütləvi, manipulyativ cəhətlərinə
yaxınlaşır. Təsvirlər, vizual
effektlər qüsursuzlaşdıqca məzmunun dəyəri
aşağı düşür.
Çağdaş kino sənətində öz sənət
dünyasını yaradan rejissorlardan biri də Lars von Trierdir. O, kino sənətinin
illüziya gücünü itirmədiyini göstərən
filmlər çəkir. Lars von Trierin
"Antixrist" filmi ağ-qara bir səhnəylə
başlayır. "Qadın və kişi
sevişirlər" demək istəyirəm, deyə bilmirəm.
Çünki açıq, çılpaq səhnələr
və soyuq, mexaniki intim effektlər sevgidən doğan
ehtirası üstələyir. Səhnə
olduqca klassik, qotik məzmundadır. İntim
əlaqə getdikcə dərinləşir. Hamamda çiləkdən axan su ilə
kişi-qadın bədəni maddənin maye, buxar və su
halında birləşir. Çılpaq bədənlərdən
axan su kişi və qadını da maye
halına çevirir. Özlərindən gedirlər.
Ekstaz halı yaşayırlar. Paralel olaraq körpə uşaq beşiyindən
düşür, yaxınlaşır masaya və pəncərə
ilə üz-üzə dayanır. Nostalji
hisslər aşılayan ariyanın sopranoist səs tonu ilə
zirvəyə qalxması və uşağın pəncərədən
düşməsi filmin proloqunu tamamlayır.
Qadın ağır depressiv böhran yaşayır. Övladının
ölümündə özünü günahkar bilir. Psixiatr həyat yoldaşı qadını müalicə
etməyə çalışır. Modern
tibbin bütün imkanlarını səfərbər edir.
Xəstəxana mühiti depressiyanı daha da
artırır. Şəhərdən
meşəyə - təbiətə gedirlər. İlkinliyə qayıdış qadının
torpaqla birbaşa ünsiyyətinə səbəb olur. Ancaq vəziyyət daha da gərginləşir.
Çünki uşağın xəyalı
qadının gözü qarşısından çəkilmir.
Vəziyyətdən xilas yolunu sevişməkdə
görürlər. Qadının tək
qalmaq qorxusu baş qaldırır. Əsəbləri
gərilən qadın əlinə aldığı daşla
kişini zədələyir. Zərbədən
ürəyi gedən kişinin ayağına dəmir bir təkər
bağlayır. Artıq yeriyə bilməyən,
topal, şişayaq, modern Edip yaranır.
Edip (kişi) qadının əlindən
qaçıb bir mağaraya sığınır. Lakin mağaradakı yaralı qarğanın səsi
onu ələ verir. Elə bu vaxt kişi
qarğanın səsini kəsmək üçün
daşla onun başını əzir. Şiddət
səsi boğur. Trierin sənət dünyasında kişi və qadın yer dəyişir. Kişinin cinsi orqanından qan gəlir. Kişi menstruasiya olur. Düz xətlə davam
edən kişi cinsiyyəti qapalı dairədə
dövrə vuran qadın cinsində bütövləşir,
tamamlanır. Lakin Trierdə bu proses ölüm və şiddətlə
başa çatır. Çünki qadın uşağı
pəncərədən düşərkən
görmüşdü. Bədəni maye
halına çevrilib axmışdı. Orqazm
halı övlad sevgisini, analıq hissini üstələmişdimi?
Topoqrafiya insan həyatına, xoşbəxtliyinə,
fiziki və metafiziki sağlamlığna kömək və təsir
edə bilirmi?
Kişi qadını niyə öldürür?
Zahiri planda qadının cadugərləşməsi prosesi
baş verdiyi üçün. Orta əsrlərdə
inkvizisiya məhkəmələrində işgəncə
verilən və yandırılan qadınları
xatırladır. Qadını öldürməklə onu
içindəki "şeytandan" azad edirmi? Əgər
qadının daxilində şər bir qüvvə, pislik
varsa və onu xəbis varlıqlardan azad etmək istəyirsə,
bunu pislik etməklə, cinayətlə necə gerçəkləşdirə
bilər? Antixrist, dəccal kimdir? Qadınmı? Əsla. Bəs
kişi? Ola bilər. Daha çox Trierin özüdür sanki.
Bəzi kino tənqidçiləri belə
düşünürlər. Lakin bu fikirlə də
razılaşmıram. Lars von Trier modern bir təhkiyəçidir. Filmlərinin
ssenarisini yazır və sənətin dili ilə
vizuallaşdırır. Axı vizuallıq
bütün kommunikativ vasitələri üstələyib.
Kino sənətindəki səs, ritm, musiqi, bədən
və sözün plastikası vizuallıqla əvəzlənib.
Bəlkə də, kişi qadını
qısqanır. Axı qadın doğmaq,
çoxalmaq kimi qudsal bir naturaya sahibdir. Və
psixoanalitik təhlil aparsaq görərik ki, kişilər
qadınların bu cəhətini gizli şəkildə
qısqanıblar həmişə.
Xristian mifologiyasına görə, ata, oğul və müqəddəs ruhla bağlı bir günün, apokalipsisin, qiyamətin gəldiyini görürük. Antixrist də öz işini görür. Hətta filmin semantik mərkəzində dayanan "Üç dilənçi" hekayəsində bətnində ölü bala gəzdirən maral (Esxilin "Evmenidlər", Sofoklun "Antiqona" faciələri və Y.Lantimosun "Müqəddəs maralın ölümü" filminə yaxın və uzaq planda baxış) öz bağırsaqlarını yeyən tülkü və kişi tərəfindən öldürülən qarğa metaforları. Bu heyvanlar o qədər də qatı bir metafor və simvollar deyillər. Müasir insan reflektiv davranış və münasibətləri ilə heyvandan nə qədər fərqlənir? Təbii ki, fərqlənir. Yaxşı, mediatik manipulyasiya və texnogen nəzarət altındakı müasir insan heyvandan fərqlənirmi? Heyvanlarda şüuraltı yoxdur, ona görə də özlərinə məxsus topoqrafiyaları və yaşayış məskənləri (insanlar buna imkan verirmi?) var. İnsanlar öz təbii cənnətlərini, məskənləri olan təbiəti itirdikləri üçün şüuraltı ortaya çıxıb. Fərdi seçim, həyat tərzi, depressiv və eqosentrik durum meqapolisləri şüuraltından uzaqlaşan yeni insan-heyvan qəbilələrinin sığınacağı, mağarası edib. Lakin Trierin hədsiz dərəcədə simvollarla oynaması bir qədər sünidir.
Trier "Antixrist" filmində sənətlərarası əlaqəyə girir. Evripidin "Medeya"sı (Trierin "Medeya" filmi də) görkəm dəyişib. Medeya uşaqlarının qatili olur. Çünki əri Yasondan qisas almaq və ya övladlarını düşmənin əlinə buraxmamaq üçün onları öldürür. Nəticədə, "Antixrist"dəki qadın da, Medeya da hiss və duyğularına qapıldıqları üçün övlad qatili olurlar. "Antixrist"in qadını Trierin "Nimfoman" filmindəki Co ilə də qohumdur. (Maraqlıdır ki, hər iki rolu Şarlotta Gensbur canlandırır). "Nimfoman"ın qəhrəmanı Co nimfomaniya xəstəliyindən əziyyət çəkir. Cinsi doyumsuzluq və ya soyuq pornoqrafik effektlər (Yorqos Lantimosun ("Köpək dişi", "Müqəddəs maralın ölümü" və "Lobster" filmləri ilə eyni hiperseksual soyuqluğu bölüşür) bu iki qadının bədənini birləşdirir. Metafiziki bir qayğı görmürlər bu qadınlar. Bütün bu paralellərlə sinxronlaşan sənət əsəri Trierin "Melanxoliya" filmidir. Trierə görə, insanlar və Yer kürəsi dərin bir melanxoliyanın içindədir. "Melanxoliya", "Antixrist" və "Nimfoman" depressiya trilogiyasıdır.
Lars von Trierin "Doqvill" filminin finalını
xatırlayıram. "Doqvill" qəsəbəsindəki
(dünyanın kiçik modeli) itdən savayı bütün
insanları güllələyirlər. Apokaliptik
qətliam baş verir. Qiyamət qopur.
Lars von Trier təkcə mexaniki varlıq halına gələn
insanların üzləşdiyi lənətli durumu göstərmir,
fiziki və psixoloji
istismarların lənətini kafkaist bir formatda
vizuallaşdırır. "Antixrist"də
topoqrafiya əsasdır. "Doqvill"də
isə apokaliptik dünyanın qəddarlığı teatral
bir çılpaqlığa bürünür. Rejissor
yox olmaqla üzləşən bədənlərin
başına gələn vizual hadisələri
danışır. Həm ilahi, həm də
empirik narratoloji seleksiyaları kino sənətinə tətbiq
edir. Yaxın kadrlar və kubrikvari uzaq plan çəkilişləri
insan bədəninin estetikasının, naturanın
transestetikaya necə və nə şəkildə keçid
etdiyini göstərir. Andrey Tarkovskiyə həsr
edilən "Antixrist" filmində qadın öz cinsiyyətinə
zərər verməklə qadınlıqdan imtina edir. Mənasını itirən bədən və cinsiyyətin
qiyamətidir, bu. Trieri qadın düşməni hesab edirlər.
Lakin belə deyil. Əvvəldə
verdiyim və bir qədər ritorik səslənən suala
qayıdıram. Sənət öz təsvir
gücü və xəyal dünyasını itiribmi? İtirməyib. Çünki Lars von Trier filmin
sonunda yüzlərlə üzü görünməyən
qadın bədənlərini göstərir və qadına
verilən dəyəri sorğulayır. Xassəsiz
qadınları. Filmin qəhrəmanlarının
bir adı yoxdur. Kişi və
qadındır onlar. Antiqəhrəmandırlar.
Antiqəhrəmanlar olan bir dünyada isə
antixrist, dəccal hökm sürəcək və qiyamət
baş verəcək. Və bu dərin
melanxoliyadan insanları (yəni fərdləri) xilas edəcək
gözəllik kino sənətinin illüziya
gücüdür. Tarkovskinin bütün
qadınları kimi, Trierin də qadınları əsəbi və
sehrlidirlər. Onları bu qədər əsəbi
və sehrli edən nədir?!
Ülvi
BABASOY
Ədəbiyyat qəzet.- 2022.- 13
avqust.- S.8.