Yaradıcı kimdir? –
“Tanrılogiya” romanından.
- Gümüş 1: Bizi yetər izləməyin,
ay insan oğlu...
- Dünyama daxil olursunuz. Bütün gözəllikləri yox edirsiniz. Cadugərlər kimi məni
dartırsınız öz
dünyanıza.
- Gümüş 1: Biz cadugər
deyilik!
Gümüşlər arasında düşən
pıçapıç məni
şübhələndirmişdi.
Ucadan bağırdım.
- Hammurabi
qanununa görə (m.ə. 2000) əgər biri digərini cadugərliklə günahlandırarsa
və sübutu olmazsa, həmin adam müqəddəs
çaya gedər. Çay onu udarsa, onu günahlandıran
adam onun
evini götürməlidir.
Gedək
Hun çayına!
- Gümüş 2: Biz heç
vaxt axmaq insanın düşüncələri
ilə idarə olunmarıq.
- Gümüş 1: Evini ha.
- Evinizi bəli! Sizin cəsədlərinizi isə
üzü üstə
Gümüşlandiyaya basdıracağam.
Qoy içinizdəki bütün
nifrətlər torpağa
axsın.
- Gümüş 3: - Torpaq
ha! Torpaq təmizləyəndirmi!
Arındırandırmı!
- Tanrı da öncə
su, sonra torpaqla arındırmağa
başlamırmı?
- Gümüş 2: Sənin
dünyan gizli elmlərə bələddirmi?
Biz insan deyilik!
Hahah...
- İnsanı dayanmadan alçaldan sizlər, siz insan qədər
zərafətin tərənnümçüsü,
ağlın hakimi, Tanrının zərrələrinin
daşıyıcısı ola bilməzsiniz!
Böyük sehrbazların insanların
içindən çıxdığını
unutmusunuz, deyəsən. Orta Asiyadan dünyaya yayılan böyük bir güc! Turan qövmlərindən
dünyaya yayılan böyük sehr gücündən danışıram
mən.
Gümüş 3: İnsan simvol
yaradan heyvandır.
Elm qüdrətdir, sehr
də elmdir. Bu, paylaşılarsa itirilmiş
qüdrət olar.
Ey insan oğlu, əməldən çox,
dilinizə qüvvət,
güc vermədinizmi?
- Yəni siz akasadan
gələnlərsiniz?
- Gümüş 3: İnsan
oğlu bilmədiyi kəlimələri, nədənsə,
tələffüz etməyi
xoşlayır... Şeyx Nəsrullahı
xatırladınmı?
- Gümüş 1: Əlbəttə...
xatırladım... Mənə çox gülməli gəlirdi. Necə də axmaq idi?
- Etiraf edim ki,
əziz oxucu, bu dəfə özüm də, Gümüşlərə haqq
verdim. İnsan oğlu, nədənsə,
həmişə ciddi
qəbul olunmaq üçün terminologiyanın
vacib olduğunu düşünür.
Ancaq hər zaman mahiyyət önəmlidir. Mahiyyət hər şeyin
təməl daşıdır,
onu axtarmaq gərək?
Nədir insanın mahiyyəti? Hər dəfə
köhnələcək, əski
dünyanın bir parçasına çevriləcək
yeniliklər kəşf
etməkmi? Yoxsa sevgidirmi?
Sevə bilməmək çağın
vəbası, gerçək
axirəti deyilmi?
Sevə bilməmək insanın sonudur. Ən ağrıdıcı sonu. Nifrətin günbəgün rəsmiləşdiyi, ciddiləşdiyi
bir məkanda var olmağın hikmətini anlaya bilmirdim. Günbəgün
inkişaf edən bu ultra, meta modern dünyada özümü
tapa bilmirdim. Bəzən mənə elə gəlirdi ki, Tanrı da insanı
tərk edib qocalıb, pensiyaya çıxıb. Aldığı cuzi məvaciblə südlü kofesini yudumlayır.
Artıq
buraxıb başını
insanların, insanlığın...
Çünki heç bir
qavram könlümü
idarə edə, toxdada, doyura bilmirdi. Bircə yox olmaq... getmək istəyirdim.
Gümüşlandiyaya başıboş soxulmalarım bəlkə
də ölümə
arzum idi. Ruhumu sıxan bu vücud məngənəsindən
xilas həlldirmi?..
Hər şeyin
ən gözəlini dadan insan niyə
günbəgün uçuruma
yaxınlaşır? İnkişafla gələn ölüm, seksual ilham pərisi
Eratoya təslim olan roman qəhrəmanını
xatırladırdı mənə.
Həzz!
hər şey burda başlamırdımı?
Ölüm də ruhun həzzidir bəlkə də. Hər ruh ölümə can atmırmı?.. İnsan daxil bir çox
məxluqat şüurlu
və qeyri-şüuri
həzzin yaratdığı
orqanizm deyilmi? Həzzlə
yeniliklər edən Tanrının həzzi nədir? Ölümmü? Həzzə gedən stansiyalarda
yaşadığımız dostluq, sevgi, eşq, tanışlıqlar
Tanrını qıcıqlandırdımı?
Ya o da fərqinə vardı ki, insan ordusu günbəgün
çoxalır. Labüd sonun
gəlməsi üçün
Nifrət konsepsiyasını
omu göndərdi yerə. Nifrətizm konsepsiyası dünyanı
toruna salıb. Bubulular da fərqində olmadan sevginin, gözəlliyin qatilləri
yeni dəccallardır.
Ən pisi odur ki,
bunu xilas kimi görürlər.
Sevgizm nəzəriyyəsinin yox
edilməyə layiq olduğunu düşünürlər.
Gözəllikləri yox etməyi
insan oğlu Tanrılardan öyrəndi.
- Gümüş 2: Dünyana
qayıt! Olduğun yerə!
Düşünsəm də, onlara olduğum yerin hara olduğunu deyə bilmədim. Dünyana deyirdilər.
Hansı
dünyama? Hara məxsus olduğumu bilmirdim. Yaşadığım inkişaf etmiş
dünyaya görə
mənim ruhum azca köhnəlmişdi.
Hər iki bütünlüyü
bir vücudda daşımaq kimi idi mənimki. Bir növü,
Taoizmdəki İn Yan
kimi...
Bu, bir arada bütövlüyü tamamlayan
iki hissədir. İn sözü
"kölgəli tərəf",
Yan sözü isə
"günəşli tərəf"
mənasını verir.
İn
Yan bütövlüyü formalaşdıran
ikilik anlayışını
ruhumda daşıyırdım.
Bəlkə də gələn dəfə hardasa gizlənməliyəm. Bəlkə o zaman onların danışığını eşidə, gerçək
mahiyyətlərini duya
bilərəm.
- Gümüş 3: Bu barədə
düşünmək elə
tam da sənin mahiyyətini ortaya qoyur, insan oğlu!
- Gümüş 2: Halbuki, niyyətini etiraf etmək bəlkə də sənə daha gözəl enerjilər yükləyər.
Səmimiyyət əsasdır.
- Bunu sizlərmi söyləyirsiniz? Gizliliklərlə yaşayanlar. Bircə kəlmə
nə üçün
bunları etdiyinizi demirsiniz.
- Gümüş 1: Elə başdan bunu dedik. Dünyamıza soxulan sənsən.
Açıqlama tələb etmək
sənin yox, bizim haqqımızdır.
- Bəs yasəmənlər?
- Gümüş 2: Keçmişdə dünyanızı bəzəyən hər şey üçün mübarizəmi aparacaqsan?
- Dünyamız onlarsız çox rəngsizdir. Heç olmasa yasəmənləri geri verin mənə... İstəmirəm bu qəflətə siz də düşəsiniz? Texnologiya yasəmən kimi qoxmur...
- Gümüş 2: Qəflət uyqusundan bizi oyandırmağa insan gəlmiş!
- Gümüş 1: O uyqulardan ayılmaq istəməyən sizlər deyilmisiniz, ey insanlar!
Gözəllikləri məhv edilmiş
bir dünyada yaşamaqdan bezəcəksiniz. Sizin Tanrınız sizə bunumu əmr edir? "Dağıtmı" deyir?
Bizimki
"oxu" demişdi...
vəziyyətimiz ortadadır.
Bəlkə də, çox
oxumaq da zərərlidir. Nizami
adlı bir proqramist deyib ki, "Bir inci
saflığı varsa
da suda,
- Gümüş 2: Artıq
içiləndə dərd
verər o da"...
- Bunu eşitmişik. Bizim dünyamızda Nizami şair idi.
- Şair? Nizami heç vaxt
şair olmayıb.
Heç
vaxt. O axı süni-intellektlər yaradıcısıdır.
- Gümüş 1: Eyni şey deyilmi? Bizdə sözlə, sizdə proqramlarla yaradır.
- Haqlısınız, mahiyyət elə yaratmaq deyilmi? Elə lap Tanrı kimi... Bəli,
o da yaradıcı idi, məhz bu...
Nargis
Ədəbiyyat qəzeti.- 2022.- 13
avqust.- S.17.