Azad
Hekayə
- Azad! - komandir növbəti dəfə səsi gəldikcə
bağırdı.
"Azad"...
Bu dörd hərfli kəlmə hərbi xidmətdə
çoxlarına görə sadəcə rahatlıq gətirən
əmrdir, amma mənimçün yalnız söz deyil,
keçmişim... uşaqlığım... gələcəyim...
taleyimdir...
Komandirdən hər dəfə "Azad" əmrini
eşidəndə başqalarından fərqli olaraq içimdən
üşütmə keçirdi. Elə hiss edirdim ki, bundan əvvəl
bir dəfə də bu dünyada olmuşam, başqa bir həyatı
yaşamışam. Bəlkə də hamı
kimi. Ancaq heç kim əvvəlki həyatından
heç nə xatırlamadığı halda, mən
xatırlayıram və əzab çəkirəm. Bu, bir az da haqsızlıq kimi görünürdü
mənə.
Azadlıq duyğusunun necə bir duyğu olduğunu
anlaya bilmirdim.
Mənə elə gəlirdi, çiynimdə
yük var, ölənə qədər də ondan azad
olmayacam.
Nə çiynimdəki yükdən, nə də yada
düşdükcə əzab verən xatirələrdən
qurtula biləcəm.
Müharibə
vaxtı ermənilərin kəndimizin bağrına
sancdığı raketin yerində dayım hələ ev tikdirməmişdi. Orda adam
boyundan bir azca hündür təpəlik vardı. Kəndin uşaqları təpənin başına
dırmaşar, sürüşər, yaşıl çəmənlikdə
ağnaşardılar. Qışdasa, məktəbdən
qayıdanda portfellərimizi altımıza qoyar, xizək kimi təpənin
üstündən sürüşdürərdik.
Bir dəfə də əmim qızıyla o təpənin
üstündə sözümüz çəp gəldi,
qızla süpürləşəndə, qolu qanrılaraq
dirsəkdən çıxdı. Qızın ah-fəğanı
göylərə bülənd oldu. Uşaqlar anasına
xəbər uçurtdular, əmim arvadı Sərvinaz bibi
(bizlərdə əmiarvadına bibi deyilərdi)
balağını əlinə alıb üstümə gəldi:
- Azad,
görüm sənin ciyərin yansın! Səni erməni
gülləsinə tuş gələsən! Yenə
bu qızı nə günə qoymusan?
Əmim arvadı Sərvinazın gözü elə
qızmışdı, səsi bütün kəndi
başına götürmüşdü. Əmim
qızının hay-qışqırığına, əmim
arvadının səs-küyünə hamı
başımıza yığışmışdı.
Adamların arasında gözüm anamı gəzdi. Baxdım ki, arvada
çırtma vursan, qanı çıxmaz. Sərvinazın
da qarğışını eşidib abrına
qısılmışdı, dilinin altında söylənirdi,
amma ara qızışmasın deyə,
yaxına durub bir söz demirdi. Azad əminin anası Telli nənə
peyda oldu, Sərvinaz bibimin üstünə
şığıdı:
-
Ağzın qurusun! Dilin yansın elə! Sən
mənim acığıma bu uşağı söyüb
qarğayırsan? Mənim sinəmə
dağ çəkmək üçün? Gözün
Azaddaydı, sənə dönüb baxmırdı, onun
acığını çıxırsan məndən? Elə bilirsən, bilmirdim? Azad
erməni gülləsinə tuş gəldi, dincəlmədin?
Bəs olmadı? Ürəyin
soyumadı?!
Sərvinaz bibimin gözləri alacalandı, hikkəsindən
əl atıb saçlarını yoldu. İki əliylə
üzünü cırıb, saçlarını küləyə
verdi, Allaha, imama, peyğəmbərə
and içdi, üstümə yeriyib qolumdan yapışıb
silkələdi, qışqıra-qışqıra dedi ki, mənim
əlimdən yanıqlı olduğundan qarğış eləyib.
Onu yaman yandırıb-tökmüşəmmiş.
Özü də bu, birinci dəfə
deyilmiş. Yoxsa rəhmətlik Azadla nə
işi var?! Azad cənnətdədir! Cənnətdəki
ruhu narahat etmək onun nə həddinədir?
Telli nənənin acı dilinə bütün kənd
öyrəncəliydi. Hamı deyirdi: "Yazıq arvad neynəsin, o cür
oğul itirib. Dağlar qədər dərdi var.
Acığını kimin üstünə töksün?"
Nə desə, kənd camaatı qayıdıb
qabağında bir söz demirdi, fikir verməməyə
çalışırdılar. Ancaq indi
Telli nənənin sözləri Sərvinaz bibimin yeddi
qatından keçmişdi. Az
qalırdı özünü göydən götürüb
yerə çırpa.
Sərvinaz bibim ağlaya-ağlaya adamların içindən
çıxıb üzü kəndə sarı
qaçdı.
Elə bil yer yarıldı, atam içindən
çıxdı. Bir onda ayıldım ki,
qulağımın dibində sillə açıldı.
Burnumun qanı ağzımın qanına
qarışdı.
- Gedək
evə, səni ayaqlarından asacam, köpəyoğlu! - atam dodaqlarını çeynəyə-çeynəyə
dedi.
Telli nənə bu dəfə də atamın
üstünə atıldı.
- Niyə
vurursan, Azadı? Vurma, əlin qurusun! Balamın
adını vermisiz, gündə yüz yol adını
çağırıb yaramın qaysağını
qoparırsız, bəs deyil? Hələ
gözümün önündə gün vermirsiz də?!
Atam əlini saxladı, ürəyi yumşaldı, elə
udqundu, hulqumundan çıxan səs hələ də
qulaqlarımdadır.
Azad əmi həm ata-anamın, həm də Sərvinaz
bibimin sinif yoldaşı olmuşdu. Eyni yaşda bütün uşaqlar kənddə
bir-birinin sinif yoldaşıydılar, çünki kənd məktəbində
hər sinifdə ancaq on-on beş uşaq
oxuyurdu. Atamla Azad əmi yaxın dost olmuşdular. Adımı da Azad əminin xatirəsinə Azad
qoymuşdu. Ancaq buna peşman olmuşdu.
Neçə dəfə anama demişdi:
-
Azadı yeri gəldi-gəlmədi, ucadan haylama! Hiss eləmişəm
Telli xalaya pis təsir edir. Gərək arvada
məsləhət edəydik. Mənim
qanmazlığımdı, ağlım kəsmədi.
Anam da
başıyla razılıq bildirmişdi, məni göstərib
demişdi:
-
Oğluna de bir dəfə hayladım, səsimə səs
versin. İlim-ilim itməsin! Haylayıram, haylayıram, eşidir, qəsdən
cavab vermir. Adına ayama da qoşmağa ürək eləmir
adam.
Bir dəfə
atam anama göstəriş verdi:
- Həyətdə-bacada,
küçədə-zadda Azadı qucaqlamayasan,
başını sığallamayasan! Telli xala
görər, ürəyi təlx olar. Adamdı
da, gümanına başqa şey gələr, elə bilər
qəsdən eləyirsən.
Həmin
gün ki əmim qızının qolu altımda qalıb
çıxdı, atam məni silləylə vurdu, Sərvinaz
bibim ağlaya-ağlaya kəndə sarı qaçdı... Telli nənə atamın önünə
atılıb məni qorumağa çalışanda, portfelimi
də qoltuğuma vurub, adamların arasından sivişib aradan
çıxdım.
Həm qorxumdan, həm utandığımdan bir müddət
evə getməməyə qərar vermişdim. Ancaq hara gedəcəyimi
də bilmirdim. Sərgərdan, evsiz-eşiksiz,
"Avara" filminin qəhrəmanı kimi tək-tənha
hiss edirdim. Elə bil bütün qapılardan
qovulmuşdum.
Anam küçədən tapıb gətirdiyim iti
qovanda, yəqin, it də belə hisslər keçirmişdi. İtin bir
gözü görmürdü, uşaqlar daşla vurub
çıxartmışdılar. Ona
yazığım gəlmişdi. Nə qədər
ağladım, nə qədər yalvardım, xeyri olmadı,
anam dedi ki, iyrənirəm, iti qapıya qoymaram! Elə
bil iti qovan kimi qovmuşdular məni. Quyruğumu
dalıma qısıb çay boyunca gedirdim.
Çayın
kənarında iki kişi süfrə
salıb oturmuşdu. Yeyib-içir, arada suya
saldıqları qarmaqları yoxlayırdılar.
Onlardan azca aralıda üç-dörd yeniyetmə
oğlan çimişirdi. Hamısı yaşca
məndən böyük idi, mənim ikinci sinfi başa
vurmağıma on beşcə gün qalırdı. Yazın axırıydı, məktəblər
tezliklə bağlanacaqdı, havalar da təzə-təzə
isinirdi. Bilmirəm orda, çayın kənarında
nə qədər durub oğlanlara tamaşa elədim. Nə vaxt paltarımı soyundum, nə vaxt suya
atıldım. Hansı ağılla bunu elədim,
onu da bilmirəm. Ancaq başa düşəndə
ki, batıram, boğulmaq üzrəyəm, içimə qəribə
rahatlıq dolmuşdu. Nə
çığırır, nə kömək
çağırırdım. Taleyimə
quzu balası kimi boyun əymişdim. Qəribədir, həmin
anlarda qətiyyən qorxmurdum. Nəsə
ömrüm boyu bir də heç vaxt duymayacağım qəribə
bir rahatlıq içindəydim.
Deyəsən,
özümdən asılı olmadan, sövq-təbii
yaşama eşqiylə əl-qol ataraq, üçüncü dəfə
batıb-çıxırdım. Yeniyetmə
oğlanlardan biri məni göstərib haray saldı.
Artıq növbəti dəfə suyun üzünə
çıxmağa gücüm qalmamışdı, həmişəlik
suyun dərinliklərinə enirdim ki, möhkəm və
güclü bir əl qoltuğumun altından yapışaraq,
məni suyun üzünə dartdı. Bundan sonrasını
dumanlı xatırlayıram: məni
başıaşağı çevirib silkələyirlər,
üzümü-gözümü sillələyib
ayıltmağa çalışırlar, kimsə
ağzını ağzıma dayayıb süni nəfəs
verir.
Kəndə
qıy düşdü: "Azad çayda batıb!".
Anam saçını yolub. Eynən Azad əminin anası Telli nənə
kimi!
Atam sinəsinə
döyüb! Eynən Azad əminin atası Nüsrət kişi kimi!
Balaca bacım qorxusundan çığırıb
anamın qıçlarına sarmaşıb. Eynən Azad əminin
bacısı Xurma bibi kimi! Xurma bibi o vatdan qara
geyib, göy örtdü, qardaşının yasını
saxladı, ərə belə getmədi, xoşbəxt olmaq istəmədi.
Hardansa tapılan köhnə bir adyala
bükülmüşdüm, məni evə sarı
aparırdılar. Azadı da
belə gətiriblərmiş. Ancaq onu
üçrəngli bayrağa büküblərmiş. Atam ağrına-ağrına nağıl edərdi.
Anamın əlinə çatan kimi məni göydə
qapıb bağrına basdı. Naləsi hələ də
qulağımdadır. Məni isti
yorğan-döşəyə uzadıb, bürüb-büksələr
də tir-tir əsirdim. Hələ də bilmirəm
soyuqdan əsirdim elə, ya ölüm qorxusundan?!
Həmin axşam atamla anam fikrimi öyrənmədən
mənimlə bağlı çox ciddi bir qərar verdilər. Necə ki
çağa idim, soruşmadan adımı Azad qoymuşdular, -
düzdür, onda mənimlə məsləhət eləyə
bilməzdilər də, - ancaq indi də gəyişmədən
adımı dəyişmək fikrinə gəldilər.
Bəlkə də atam-anam bilmirdilər ki, adam
ən çox öz adını mehriban bir səslə
eşidəndə xoşbəxt olur. Ən
çox anamın adımı çağırmasını
sevirdim.
Bir
neçə gündən sonra anam pəncərəni
açıb, üzünü çöllüyə tutur,
adımı ayrı cür çağırırdı:
-
Özgür! Ay Özgür, balam, hardasan?
Telli nənə
də əvvəlki kimi, bəzi gecələri evinin yola baxan
pəncərəsini açıb, üzünü
boşluğa tutaraq, səsi yetdikcə haraylayırdı:
- Azad! Ay
Azad, balam, hardasan?
Sevinc
ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.5.