Nizami Gəncəvi dühasının
dünya şöhrəti
Leyla Quliyevanın
"Müasir ingilis ədəbiyyatşünaslığında
Nizami irsinin öyrənilməsi" monoqrafik işi
haqqında qısa mülahizələr
Nizami Gəncəvi dühası səkkiz əsrdən
çoxdur ki, dinindən, dilindən, milli kimliyindən asılı
olmayaraq, səxavətlə bütün yer üzünün əşrəfi
sayılan hər bir bəşər övladının
varlığına nur, zehninə zəka, qəlbinə sevgi
payı bəxş edir. "Xosrov və Şirin" poemasında
dahi şairimiz tək bircə "Eşqdir mehrabı uca
göylərin! // Eşqsiz, ey dünya, nədir dəyərin?!"
beytilə göyün-yerin, külli-kainatın yerini-yörəsini,
ayarını-dəyərini, məğzi-mahiyyətini elə
uca, solmaz və ölməz bir əbədi möhürbəndlə
möhürləyib ki, əsrlər bir-birinə calanıb
zaman irəlilədikcə bu qiymət daha artıq sanbal kəsb
edir.
Əbədiyaşar
Azərbaycan söz sərrafının özünün zəngin
sənət xəzinəsində israrla təlqin etdiyi əlçatmaz
humanizm ideallarının məğzi-mənası,
canı-cövhəri, tacı da eşqdir, sevgidir, məhəbbətdir:
dünyaya, insana, canlıya, cansıza, bəşər
övladına, zərrəyə, bütövə, yarıya,
müxtəsəri, ərşə-gürşə ilahi sevgi,
uca eşq, ölməz məhəbbət! Korifey şairin bədii
irsi yüklənmiş əbədi karvanı hələ
öz sağlığında qədim Gəncədən yola
çıxmış, bu gün də dünyanın
dürlü-dürlü məmləkətlərini gəzib-dolanmaqda,
aləmə vüsətli poetik ərməğan bəxş
etməkdə, müdrik kəlamları ilə insanları
kamilləşdirməkdə, millətimizə
başucalığı və şan-şöhrət gətirməkdədir.
Nizamişünaslığın bugünkü elmi qənaətlərinə
istinadən, mübaliğəsiz olaraq cəsarətlə deyə
bilərik ki, zəngin və qədim Azərbaycan
poeziyasının ən ünlü, ən uca, ən sevimli,
uzun sözün kəsəsi - bir nömrəli şairinin
poetik nəfəsinin yetişmədiyi bircə guşə belə
qalmayıb yer üzündə. Dünyanın
bütün sivil xalqları Nizami Gəncəvi adını
çoxdan eşitmiş, onun istedadının
azmanlığına təəccüb qalmış, belə təkrarolunmaz
poetik fenomen önündə daim heyrətlənməkdədir.
Ustad şairimizin könülləri riqqətə gətirən
lirik şeirlərinin, geniş epik nəfəsi və əsrarəngiz
aurası ilə insan mənəviyyatının bütün
incəliklərini ağuşuna alan, birər-birər nur
saçıb işıqlandıran ölməz "Xəmsə"sinin
dünyanın əksər aparıcı dillərinə tərcümə
olunması, yayılması, öyrənilməsi, sevilməsi
şanlı və qədim millətimizin adının
dünya mədəniyyət xəzinəsindəki ən
gözəgörümlü lövhə üzərində
altun dəst-xətlə yazılması, əbədi həkk
edilməsi deməkdir!
Nizami Gəncəvi sözün müstəqim mənasında
dəyəri heç bir ölçüyə sığmayan
milli sərvətimizdir. Hər zaman onun zəngin poetik irsinə
dünyanın hər yerində böyük maraq göstərir,
təbliğ edir, araşdırır, öyrənirlər.
Söylədiyimiz fikirlərin təsdiqi üçün AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda görkəmli şərqşünas, müasir
Azərbaycan nizamişünaslığının flaqmanı,
akademik Teymur Kərimlinin rəhbərliyilə gənc alim,
Bakı Slavyan Universitetinin müəllimi Leyla İbrahim
qızı Quliyevanın ərsəyə gətirdiyi
"Müasir ingilis ədəbiyyatşünaslığında
Nizami irsinin öyrənilməsi" adlı tədqiqat
işinə diqqət yetirmək kifayət edər. Bu əsər xarici ölkələrdəki
ingilisdilli ədəbiyyatşünaslıqda ulu şairimizin həyat
və yaradıcılığına, onun bədii
sözünün qüdrətinə həsr edilmiş bir
sıra elmi araşdırmalara ictimai fikir tariximizin müstəqillik
işığında yeni nəzərlə yanaşılan
vacib bir mövzunun əhatəli tədqiqindən ibarətdir.
Müəllif çox doğru olaraq,
araşdırdığı mövzu ilə bağlı
mövcud elmi məxəzlərin geniş mənzərəsini
səriştə ilə incələmiş, yeri gəldikcə
onlara özünün fərqli baxışlarını
bildirmiş, onları müasir
nizamişünaslığın əldə etdiyi yeni elmi qənaətlər
səviyyəsindən dəyərləndirmişdir. Tədqiqatçı mövzunun əhatəli və
dolğun işlənməsi naminə zaman genişliyindən
çəkinməmişdir; araşdırmaya cəlb olunan tədqiqat
əsərləri XIX əsrdən günümüzə qədər
gəlib çıxan bir dövrü əhatə edir. Haqlı olaraq əvvəlcə Azərbaycan və
rus dillərində elmi dövriyyədəki tədqiqatlar
araşdırılmış, onların vasitəsilə
mövzunun işlənmə dərəcəsi
aydınlaşdırılmış, əksər müəlliflərin
işlərinə tədqiqatçının
özünün bu və ya digər fərqli münasibətləri,
təqdiri, ya təkzibi bəlirlənmişdir.
Nizamişünaslığın aparıcı simaları
Aqafangel Yefimoviç Krımski (1871-1942), Yevgeni Eduardoviç
Bertels (1890-1957), Rüstəm Əliyev (1929-1994), Qəzənfər
Əliyev (1930-1984), Azadə Rüstəmova (1932-2006), Teymur Kərimli
(1953), Rafael Hüseynov (1955) və digər görkəmli alimlərin
fundamental elmi nəticələrinə söykənən gənc
tədqiqatçı Leyla Quliyevanın gəldiyi bir sıra
yeni elmi qənaətlər onun sistemli ümumiləşdirmə
bacarığına və səlis məntiqi hipotezlər irəli
sürmək məharətinə dəlalət edir. Daha bir mətləbi də xüsusi qeyd etmək
lazımdır ki, tədqiqatçının mövzu ilə
bağlı elmi araşdırmalardan səmərəli və
yaradıcı istifadə qabiliyyəti tədqiqatda
qarşıya qoyulmuş məqsəd və vəzifələrin,
onun əvvəlcədən müəyyənləşdirilmiş
əsas müddəalarının tam qənaətbəxş
həllində mühüm rol oynamışdır.
Monoqrafik tədqiqatın ən layiqli məziyyətlərindən
biri də odur ki, müəllif müasir ingilisdilli ədəbiyyatşünaslıqda
mövcud olan və az-çox elmi dəyər kəsb edən
əksər tədqiqat işlərini saf-çürük edərək
yeni təhlil süzgəcindən keçirmiş, onlara
sayqılı tənqidi münasibətini ortaya qoymuşdur. Bu araşdırmada Kristina
Van Ruymbeke, Culiya Skot Meysami, Kameron Kross, Alison Kanner-Botan, Alasdair
Vatson və digər aparıcı müasir ingilisdilli şərqşünasların
tədqiqatlarına geniş yer verilməsi
araşdırmanın çağdaşlıq
baxımından əhəmiyyətini artırır, əcnəbi
nizamişünasların lap yeni şərh və fikirlərinə
günümüzün elmi səviyyəsindən
yanaşmağa, münasibət bildirməyə xidmət edir.
Bütün bunlar gənc tədqiqatçının
kamil ədəbiyyatşünas kimi yetişə biləcəyinə
inamlı zəmanət verir. Leylanın doğma dilimizi,
ingilis, rus dillərini mükəmməl bilməsi, alman və
fars dillərinə bələdliyi elmimizə
müasir, müstəqil düşüncə tərzinə
malik dəyərli bir şərqşünasın gəlişi
müjdəsinin parlaq təzahürüdür.
Məxsusi qeyd etmək gərəkdir ki, haqqında
söz açdığımız bu monoqrafik tədqiqat
işi quruluş nöqteyi-nəzərindən müəllifin
qarşıya qoyduğu əsas məqsəd və vəzifələrə
tam uyğundur.
Əsər yığcam "Giriş"dən,
hərəsi iki paraqrafdan ibarət olan üç fəsildən,
qısa "Nəticə"dən və "İstifadə
edilmiş ədəbiyyat" siyahısından ibarətdir.
Fəsillər arasında məntiqi
bağlılığa, məzmun
ardıcıllığına, materialın fəsillərdəki
müvazi tarazlıq həcminə də qədərincə əməl
edilmişdir. Müəllifin bütün tədqiqat
boyunca özgə araşdırmaların məzmununu adi nəqletmədən
qaçması təqdirəlayiqdir.
Leyla
Quliyeva birinci fəsildə müasir ingilisdilli ədəbiyyatşünaslıqda
Nizami Gəncəvi haqda yeni tədqiqatları, ideoloji qütbləşmədən
sonrakı dövrdə onun həyat və
yaradıcılığının tədqiqindəki yeni
istiqamətləri sərf-nəzər etmiş, bu fəsildə
dahi şairimizin milli kimliyinə dair bəzi şübhəli
mülahizələri araşdırmış və mövcud
dəlillərlə Qərb alimlərinin bir sıra
yanlış nəticələrinə etiraz edərək,
yüksək vətənpərvərlik hisslərilə
onların sanballı təkzibinə nail olmuşdur.
İkinci fəsildə Nizami Gəncəvi əsərlərinin
ingilis dilinə tərcüməsinin özünəməxsusluqları
və şöhrətli şairimizin əsərlərinin
ingilis ədəbiyyatına təsir dairəsi səriştəli
şəkildə, inandırıcı örnəklərə
istinadən uğurla araşdırılmış və
sevindirici haldır ki, əldə olunan elmi nəticələr
tam anlaşıqlı, inandırıcı təsir
bağışlayır. Monoqrafik tədqiqatın "İngilis ədəbiyyatında
Nizami Gəncəvi irsinin tədqiqində yeni mərhələ"
adlanan üçüncü fəslində ingilis ədəbiyyatşünaslığında
şairin yaradıcılığının humanist-bəşəri
dəyərlər müstəvisindən tədqiqi və onun
elmi-nəzəri, sufi görüşləri
baxımından təhlili məsələləri yer
almışdır. İlk baxışda ikinci
paraqrafın həcm böyüklüyü - tam işin
üçdə biri, yəni 60 səhifə, sual doğursa
da, diqqətli tanışlıqdan sonra müəllifə haqq
qazandırmalı oluruq. Nədənsə, əksər əcnəbi
alimlər məhz şairin yaradıcılığında az əhəmiyyət kəsb edən sufizm məsələlərinə,
mistik məqamlara daha artıq diqqət yetirirlər. Araşdırıcı bu dırnaqarası hüsn-rəğbətin
səbəblərini, köklərini və qaynaqlarını
təmkinli, sübutlu təhlillərlə məharətlə
aydınlaşdıra bilib, Nizami Gəncəvi poetik irsinə
belə yanlış yanaşmaları ustalıqla təkzib
edib.
Ümumiyyətlə,
Leyla Quliyeva diqqətlə və sevə-sevə tədqiq elədiyi
"Müasir ingilis ədəbiyyatşünaslığında
Nizami irsinin öyrənilməsi" mövzusunu mükəmməl
işləyə bilib, materialın xarakterinə tam uyğun
olan tarixi-müqayisəli tədqiqat metodunu
araşdırmanın əvvəlindən sonunacan qoruyub,
lazım gəldikcə digər mövcud nəzəri fikir və
metodoloji meyillərdən, ədəbi əlaqələrin
araşdırılmasında geniş işlənən paralel
müqayisəli üsuldan da səmərəli şəkildə
bəhrələnib.
Gənc alimin dəyərli tədqiqat işilə ətraflı
tanışlıqdan sonra gəldiyim yekun qənaət belədir
ki, Leyla Quliyevanın elmi araşdırması yetərincə
uğurlu alınıb, müəllifin gəldiyi nəticələr
tamamən məntiqi və elmi baxımdan qənaətbəxşdir.
Bu tədqiqatın həm ədəbiyyatşünaslığımız,
həm də geniş oxucular üçün faydalı
olacağına inanır, müəllifə elmin keşməkeşli
inkişaf yollarında bolluca uğurlar diləyirəm. Son olaraq daha bir istəyimi,
tövsiyəmi istedadlı gənc müəllifin diqqətinə
çatdırmaq istərdim: peşəkar bir elmi redaktədən
sonra belə dəyərli araşdırmanızı ingilis
dilinə çevirərək monoqrafiya kimi nəşr etdirib,
yayılmasını unutmayın, Leyla qızım. Bu, ərsəyə
gətirdiyin layiqli elmi işin, çəkdiyin zəhmətin
dahi Nizami Gəncəvi irsinə şükranlıq örnəyinin
lazımlı və məntiqi yekunu olardı.
Abuzər BAĞIROV
Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.20.