Hüqonun sevgilisi
Adeleyə yazdığı məktuba ithaf
Məncə, dünya mavi rəngdədir və adamların hamısının
qanadı var. Bütün
adamlar uça bilir, məncə. Səncə?.. Hər kəsin içində
qoruyub saxladığı
bir qağayısı
var. Yerin cazibə qüvvəsinə tabe olan ölüm kimi onu da
qoruyub bir ömür dənizə atırıq. Dənizə atdığımız qağayılardır,
indi səmaya tərəf uçmaq istəyirlər. Heç fikir
verdinmi, onlar - qağayılar sadəcə
dənizin üzərində,
sahilə yaxın tərəfdə uçurlar.
Onları orada uçmağa
vadar edən hadisəyə mən ümid deyirəm. Qağayılar sahildən və
dənizdən ümidini
üzmür. Onlar bir
gün bu iki sevgilinin qovuşacağına inanırlar.
Lakin onlar çoxdan qağayılara aşiq oldu. Bilirsən, qağayı dənizin
uçmaq arzusudu.
Dənizin səmaya çatmaq
istəyi, həsrəti.
Sənə arzuların nə
qədər böyük,
nə qədər ağır, nə qədər xoşbəxt
edən halından danışmaq deyil fikrim. Sənə arzuların bir
gün qanadlana bilməsindən danışmaq
istəyirəm. Səninlə
mənim nə qədər böyük arzularımız ola
bilər ki..? Bir az sənin istədiyin həyat, bir az mənim bu
nəfəskəsici ağrılardan
qurtulmağım. Bir az sənin
bəyaz, çəhrayı
yuxuların, bir az mənim içində
özümü itirib-tapdığım
yazılar, yazılar.
Biz bu mavi planetdə ikiotaqlı, içi taxta qoxuyan, pəncərəsi
yaşıllıqlara, ya
da sarı yarpaqlarını yavaş-yavaş
torpağa əmanət
edən, ya da qar örtmüş
budaqlarını səssiz
çöllərin qucağına
verən ağaclara açılan balaca bir ev istəyirik. Nə qədər xəsis ola bilər
ki Tanrı? Ümid edirəm, sən də, mən də, lap elə küçənizin
tinində dayanıb siqaret çəkən dayı da, sən
universitetə gələndə
sənə baxıb öz qızını fikirləşən, əlində
süpürgə tutan
xanım da, onun balaca, yaşıl
gözlü qızı
da layiq olduğu, yaşamalı olduğu taleyi yaşayacaq. Hər kəsin bir
günah payı varsa, həm də bir ümid
payı var. Ümid etməlidi insan. Gözləməlidi. Dayandığı yerdən çoxdan
getmiş olsa belə, ümid edib gözləməli.
Bir gün bir qağayının,
nəhayət, şəhərə
tərəf uçduğuna
baxıb sevinməli, gülümsəməli. Bir gün
dənizin sahildən əl çəkib öz kiçik adalarının qayğısına
qaldığına tamaşa
etməlidir insan.
Saatlarla Xəzərin,
Narginin, bir də arxadakı Bakının rəsmini çəkməlidir ağlına,
yaddaşına. Yaddaş qocalmır
çünki. Qocalıb özümüzü
Tanrı amanına buraxdığımız vaxtda
yaddaş bizə parta arxasında oturub saçlarını
lentlə yığmış
qızın gülüşünü
xatırladır. Rəsm çəkmək
bacarığımızdan və ya bacarmamağımızdan
bizə saatlarla mühazirə deyir. Gözlərimiz yaşarır. Və biz islanırıq xatirələrin
ilıq yağışında.
Sağımız-solumuz çobanyastığı olan bir uşaqlıq
da yaşamadıq düzü. Amma olsun.
Kim arzu etməkdən
yoruldu ki..? Mən elə birisini xatırlamıram. Sən? Dünyanın ən asan işidi arzu tutmaq. Gözlərini yumub, əllərini
birləşdirib sakitcə
pıçıldayırsan və elə düşünürsən ki,
bu qədər uğultunun içindən
sənin pıçıltıların
Tanrıya daha aydın çatdı.
Bəlkə də ən
gözəl çağırışdı
arzularını birinə
pıçıldamaq. Sükutun içində dodaqlarının
arasından çıxan
iki cümlə kəpənək effekti kimi qarşındakı adamın ürəyinə
zəlzələ salır.
Onun içində səslər
qarışır bir-birinə.
Anlaşılmaz duyğudur. Mən yaşamışam. Yaşayıb qağayıları başa
düşmüşəm. Onların arzu halında olmaları qəribədi.
Heç
düşünmüsən, arzu halındasan? Kiminsə, nəyinsə arzususan.
Əllərini açıb dua
edirlər, sonra xəlvətcə sənin
də adını o duaya əlavə edib səmaya üfürürlər dualarını.
Kaş yaşamaq dua etməkdən və sevməkdən ibarət olaydı. Hər kəs salamlaşandan
sonra öz dualarının necə eşidildiyindən, öz
sevgilərini necə onları xoşbəxt etməsindən danışardı.
Məncə, bu dünyanın
elə bir halı olub. İndi inanmasam da, ümid
edirəm, ümid edirəm ki, yenə elə bir dünyada yaşamaq bizə hədiyyə olunacaq.
Saatların bir o qədər
önəmli olmadığı
bir həyat. Kitabların bir məktub halında ev-ev öz ünvanlarına çatdığı bir
şəhər. Və piano ilə
üzərində dolma
qələm, sarı kağız olan masanın yan-yana dayandığı fısdıq
yaşılı rəngli
otaq. Dəstələnib
ağ iplə
bir-birinə sarılan
çiçəklər, məktublar
və telefon nömrələrinin qeyd olunduğu balaca bir dəftər. İcazə ver sənə həmişə arzularımdan
danışım. Və icazə
ver sənə həmişə ümidlərimi
göstərim. Mən kədərin
arzulandığı adamam.
Sən gülüşün ümid
halı. Bir az müqəddəs
düşünək, biz necə
yaradardıq kosmosu?!
Neçə gündü səni üzgün və narahat hiss edirəm. Bu məni də eynən sənin qədər üzür. Yanından keçən o adamların üzündən bir az-bir az gülüş qoparıb sənin kirpiklərindən ağzına doğru sallamaq istəyirəm (yelləncək budaqdan asılan kimi). Yanaqlarını qulaqlarına tərəf dartmaq, sonra çənəndən iki barmağımla tutub başını yuxarı tərəfə qaldırmaq istəyirəm. Çünki sən ədalı bir xoşbəxtlik kimi görünməyə layiq olan adamsan... şeirsən. İçində ümid olan bir şeir. İçində oğlunun əlindən tutub məktəbə yola salan bir ana, əsgərlikdən xəbər gözləyən bir ata, sakinləri tətildən qayıdacaq bir ev, bu il yenə çəmənliyində qaça-qaça dilini çıxaran köpəyin gəlişinə hazır olan bağ, ya da payız üçün hazırlıq görən bir şair, ya da pianonun dillərinə toxunub biləyindəki acını hiss edib gülümsəyən bir qız olan şeirsən. Hər kəs bir az şeir olmalıdı, bilirsən..? Bir az musiqiyə çevrilməlidi Yer kürəsi, Mars və s. Əllərimizlə bərk-bərk tutub saxlamalıyıq çəhrayıları, sən, mən, o və s.
Küləyin həzin hənirtisində, maşınların asvalta toxunan şinlərinin uğultusunda, küçədə çiyələk satan ucqar dağ adamının özündənrazı çağırışında, binaların işıq yanan pəncərələrini sayan pıçıltılarımda, küçə pişiklərinin miyoltusunda, bir-birinə dəyən yarpaqların xışıltısında səsini eşitmək, sonra buludlara baxanda gözlərinin dolmasını xatırlamaq çətin olmur. Bir fincan çay, şirin peçenye və film fraqmanı kimi danışdığımız 20 yaşlarında bir həyatımız var idi masada. Bir şəhər bir qızı nə qədər çox kədərləndirə bilər ki..?! Bilmirəm. Bu sözdən sonra yekə bir üzgün smayliki kimi üzümün ifadəsi var.
Hər şeyin
günahkarı cazibə qüvvəsidi. Qanadı olanlar da buradan
uçub gedə bilmir. Məsələn, elə bilirsən,
dənizi sevdiyi üçün qağayılar
ancaq sahillərin, limanların, gəmilərin
üzərindən uçur?!
Başqasına duyduğun acıdan
digərinə sığınmaq
dünyanın ən böyük işgəncəsidi.
Bəs dünyanın ən böyük xoşbəxtliyi
nədir, kimdir, haradır, görəsən?
Hansı
evlərdə gizlənib
bizim uşaqlığımızın
eynisi, bilirsən?
Mən yox!
Düşünsənə...tapırıq o uşaqları. Onlara bir Nazim Hikmət
şeiri oxuyub pəncərədən yazın
gəlməyini müjdələyən
çiçəklərə və arılara baxıb gülümsəyirik:
"Güzel günler göreceyiz, güneşli günler
Motorları maviliklere süreceyiz"
İnanırsan? Mən inanıram.
Özünə yaxşı bax!"
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2022.-
20 avqust.- S.29.