Ziyalılıq zirvəsinin fatehi
Teymur bəy Bayraməlibəyov
– 160
...Bir
ixtiyar, müdrik qocaya bənzəyir bizim qədim yurdumuz. Dəmbəlov
ucalığı, Viləş çay coşqunluğu,
Yanardağ hərarəti yaşadır özündə... Ata misallıdır, ana timsallıdır cənnət
diyarımız. Ulu Tanrı dədə-babalarımızdan
miras qalan, taleyimizə yazılan bu yurdu Masallı adı ilə
bizə ərmağan edib. İllər, qərinələr
zaman-zaman bu yurdun tarixini, gözəlliklərini qələmə
alan, mübarək imzaları ilə onun
adını zirvələrə qaldıran ziyalı şəxsiyyətlər
yetişdirib.
XIX yüzilin sonu - XX yüzilin əvvəllərində
yaşayıb-yaratmış vətənpərvər
ziyalı - peşəkar pedaqoq, cəfakeş
diyarşünas, folklorşünas, tarixçi-etnoqraf,
araşdırmaçı-jurnalist Teymur bəy Bayraməlibəyov
da belə şəxsiyyətlərdən biri olub. Onun Azərbaycanda
maarifçilik hərəkatının inkişafında
misilsiz xidmətləri danılmazdır.
Bayraməlibəyovlar nəslinin kökü Azərbaycan
Səfəvi hökmdarı, I Şah Abbasın hakimiyyəti
dövrünə gedib çıxır. Tarixi qaynaqlara
görə, Bayraməlibəyovlar məşhur "Şahsevənlər"
nəslinə mənsub olmuş və XVI yüzilliyin sonunda
Muğana gəlmişlər. (Azərbaycan
tarixi, Bakı. 1970, s. 116). Bir müddət
Muğanda yaşayan Bayraməlibəyovlar XIX əsrin
ortalarında Lənkəran qəzasının Çakirli
(indiki Çaxırlı) kəndində maldarlıq və əkinçiliklə
məşğul olmuşlar. Bayraməlibəyovlar
4 qardaş olub. Böyük qardaş Məmməd bəy
(Teymur bəyin atası) mahalın Yeddioymaq kəndində 9
deyatin (təqribən 10 hektar) torpaq sahəsi alandan sonra, digər
qardaşları Qasım bəy, Cəfər bəy və Kərim
bəy də orada ev tikib məskunlaşırlar. Məmməd bəy Yeddioymaq kəndində ailə həyatı
qurmuş, 6 oğul və 3 qız atası olmuşdur.
Teymur bəy bu böyük ailənin kiçik
övladı idi. O, 1862-ci il avqustun 22-də dünyaya
göz açmışdı. 7 yaşına
çatanda ilk təhsilini əvvəlcə
Qızılağac, sonra Yeddioymaq kəndindəki mollaxanada
almışdır. Teymur bəy sonralar
"Tərcümeyi-hal" adlı xatirəsində
yazırdı ki, mollaxanada əvvəlcə "Quran"
oxumağı, sonra Sədinin "Gülüstan"
kitabını farca öyrənmişdir. Daha
sonra Teymur bəy atasının və böyük
qardaşı Cahangir bəyin təkidi ilə Lənkəranda
əsası 1852-ci ildə qoyulmuş üçillik iki sinifli
rus məktəbinə qəbul olunur. Pullu
təhsil verən və əsasən zadəgan
övladları üçün nəzərdə tutulan həmin
məktəbi 1875-ci ildə bitirən Teymur bəy Tiflisdə
yeni açılmış feldşerlik məktəbində təhsil
almağa göndərilir. 1879-cu ildə
tibb təhsilini başa vurduqdan sonra Qori Müəllimlər
Seminariyasının 2-ci sinfinə qəbul olur. O,
seminariyada təhsil alan ilk üç azərbaycanlı
tələbədən biri idi. Seminariyada
oxuduğu illərdə Tiflis ədəbi mühiti ilə əlaqə
saxlayan Teymur bəy müxtəlif ədəbi -bədii tədbirlərdə
iştirak etmişdir.
Teymur bəy Bayraməlibəyov 1881-ci ildə, yəni 19
yaşında seminariyanı bitirərək Lənkəran
şəhər rus məktəbində rus dili və hesab
müəllimi kimi əmək fəaliyyətinə
başlamışdır. Onun böyük zəhməti nəticəsində
dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı
4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya
çatdırılmış, sonrakı illərdə isə
bu artım təhsil alanların 90 faizini təşkil
etmişdi.
Maarif fədaisi
T.Bayraməlibəyov 1884-cü ildə yaratdığı
"Xeyriyyə cəmiyyəti"nin xətti
ilə şagirdlərə dərslik, yemək, paltar,
ayaqqabı verilməsinə, oxumaq haqqının ödənilməsinə
yardım etmişdi. Onun təkidilə 2 sinifli məktəbi
bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə
"Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və
digər köməkliklər edirdi. "Xeyriyyə
cəmiyyəti" şagirdlərin səhnələşdirdiyi
tamaşalara bilet satışından yığılan vəsaitlə
maliyyələşirdi. T.Bayraməlibəyovun
təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində
həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin
"Hacı Qara", N.Nərimanovun "Dilin bəlası",
N.B.Vəzirovun "Yağışdan çıxdıq,
yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin
"Kimdir müqəssir", S.M.Qənizadənin
"Axşam səbri xeyir olar" əsərləri
tamaşaya qoyulmuşdu. Belə teatr
tamaşaları gənclərdə estetik zövqü
inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə
sənəti haqqında təsəvvür yaradırdı.
Teymur bəy
1905-ci ildə istedadlı artistlər Cahangir Zeynalovun və
Hüseyn Ərəblinskinin başçılığı
ilə Bakıda fəaliyyət göstərən "Müsəlman
Artistləri Cəmiyyəti"ni Lənkərana
qastrola dəvət etmişdi. Onların
iştirakı ilə N.B.Vəzirovun "Müsibəti Fəxrəddin",
M.F.Axundzadənin "Lənkəran xanının vəziri"
pyesləri səhnəyə qoyulmuşdur.
Lənkəranda tez-tez qarşılaşdığı
maneə və müqavimətlərə sinə gərən
T.Bayraməlibəyovun təşəbbüsü ilə
1907-ci ildə "Behcət" adlı fars-türk ibtidai məktəbi,
1909-cu ildə isə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan)
məktəbi fəaliyyətə başlamışdı. Fəqət
"Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr
əsasında Bakı qubernatoru Alışevskinin qəzəbinə
tuş gəlmişdir. Onun əmri ilə
məktəb çar hökumətinin ideyalarının əleyhinə
təbliğat işi apardığına, şagirdlərə
pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu
oynadığına görə bağlanır.
Buna baxmayaraq Teymur bəy Bayraməlibəyovun savadı,
bacarığı, təşkilatçılığı
onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti
nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli
ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə
bu məktəb 3 sinifli gimnaziyaya çevrilir. Teymur bəy Lənkəranda işlədiyi müddətdə
Masallıda Mirabdulla bəy Talışxanovun dəstəyi ilə
yeni tipli məktəblər yaratmağa da müyəssər
olmuşdur. O, həmçinin 1883-cü ildən
başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o
zaman Bakıda rus dilində çıxan "Kaspi" qəzetində
Lənkəran qəzasının bölgə müxbiri kimi
çıxış etmişdir. "Teymur bəy", "Lənkəranlı",
"T.Əlibəyov" və satirik yazılarında
"Mozalan" imzaları ilə Əhməd bəy
Ağayev, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi
və digərləri ilə yanaşı yazıları
tez-tez bu qəzetdə dərc olunurdu. Onun qələmə
aldığı yazılar oxucular tərəfindən maraqla
qarşılanırdı. Eyni zamanda o,
topladığı şifahi ədəbiyyat nümunələrini
Tiflisdə nəşr olunan "Sbornik Materialov dlya opisaniya
mestnostey i plemen Kavkaza" (SMOMPK) məcmusuna da göndərirdi.
1911-ci ildə Lənkəran qəzasında Teymur bəy
Bayraməlibəyovun işıqlı ömür yolunun parlaq
səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin
30 illiyi təntənəli surətdə qeyd edilir. Yubiley tədbirinə
Teymur Bayraməlibəyovun Azərbaycanın, eləcə də
Qafqazın və Rusiyanın hər yerindən bütün
keçmiş şagirdləri gəlmiş, yerli ziyalılar
və hakimiyyət nümayəndələri iştirak
etmişlər. "Kaspi" qəzetində
həmin yubileylə əlaqədar geniş məqalə dərc
olunmuşdur. Lənkəranlı general, həm də
folklorçu kimi tanınan Mir Əsəd xan
Talışınski isə təbrik teleqramında onun şərəfli
əməyini belə dəyərləndirirdi: "Dərin
hörmət bəslədiyim, Teymur bəy!
Sizi - Vətənin şanlı oğlunu, qəzada
maarifin atası və hamisini, bütün həyatını
xalq maarifinə sərf edən vətənpərvər bir
insanı ürəkdən təbrik edir, Sizə bu
işıqlı dünyada uzun-uzun xoşbəxt illər
yaşamağı arzu edirəm. Qoy qüvvənizi,
sağlamlığınızı əsirgəmədən 30
il boyunca çalışdığınız müqəddəs
işiniz öz meyvələrini versin və Sizi daima
yaşatsın".
Teymur bəy qadınların təhsil almasına
böyük önəm verirdi. 1917-ci ildə onun ciddi
səyi nəticəsində Lənkəranda Ünas
(Qızlar) məktəbi açılmışdır.
O, xüsusi mülkü olan evinin alt mərtəbəsində
özü yaşayır, üst mərtəbəsini
şagirdlərin ixtiyarına vermişdi. Ona görə
də xalq bura "Bayraməlibəyov məktəbi"
deyirdi. Teymur bəy Bayraməlibəyovun
inqilabi hərəkatda fəal iştirakı bəhanə
göstərilərək, o, 1918-ci ildə Muğan Radası tərəfindən
həbs edilmiş və Bakıya göndərilmişdir.
Onun işini qızı Məryəm xanım
davam etdirmişdir. Məryəm xanım
Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində
Teymur bəyin maarif nurlu ocağında dünyaya gəlmişdir.
İbtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin
hesabına 1905-1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin
Tağıyevin qız məktəbində alan
Məryəm xanım təhsilini davam etdirmək məqsədi
ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar
məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin
8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa
böyük həvəs göstərən bu xanım ali təhsil almaq üçün Moskvaya gedir və
Tibb İnstitutuna qəbul edilir. Onun təhsil xərclərini
Bakı milyonçusu - xeyriyyəçi Murtuza Muxtarov öz
üzərinə götürmüşdü. Lakin Oktyabr çevrilişi (1917) ilə əlaqədar
vətənə dönmüş və müəllimlik fəaliyyətinə
başlamışdır.
Böyük
maarifpərvər Teymur bəyin səyi və qızı Məryəm
xanımın böyük əməyi sayəsində təşkil
edilən qızlar məktəbində ali təhsilli müəllimə
Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi
Rəhilə Bayraməlibəyova, Azərbaycan
Respublikasının Xalq artisti, Azərbaycanın ilk opera
müğənnisi Həqiqət Pzayeva, Əməkdar artistlərdən
Münəvvər Kələntərli və Cahan
Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad
Talışlı, Xanımcan Kərimova, Bacıxanım
Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə Qurbanova,
Sərvər Sakayeva və b. bu kimi tanınmış
qabaqcıl ziyalı qadınlar yetişmişlər. Məryəm
xanım əslən qarabağlı olan, 1919-1920-ci illərdə
Lənkəranın general qubernatoru vəzifəsində
çalışmış Cavad bəy Məlikyeqanovla ailə
həyatı qurmuşdu...
Teymur bəy mübariz və vətənpərvər
ziyalı idi.
Erməni polkovnik Avetisov müsəlman
xalqına qarşı cənub bölgəsində
qırğınlar törədəndə o, Bakıya gəlib
"Metropol" mehmanxanasında ingilis generalı Tomsonla
görüşmüşdü və ondan Lənkəran qəzasında
erməni silahlı dəstələrinin ləğv edilməsini
tələb etmişdi. Sonra ingilis
generalın məsələyə ciddi
yanaşmadığını görən Teymur bəy
türk qoşunlarının komandanı Nuru Paşadan kömək
istəmişdi. Nuru Paşanın göstərişi ilə
türk sərkərdəsi Camal Paşa beş
yüz əsgərlə Lənkəran qəzasındakı
camaatın köməyinə gəlmişdi. Tezliklə
quldurbaşı polkovnik Avetisov Göytəpədə
öldürülmüşdü.
...1918-ci
ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya
köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini
burada davam etdirir. Tədqiqatçı alimlər
mübarizələrlə dolu mənalı bir həyat
yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin
yaradıcılığını əsasən 2 dövrə
ayırırlar. Birinci dövr onun Qori
Müəllimlər Seminariyasını bitirdikdən sonra -
1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini,
ikinci dövr isə Bakıya köçdükdən
sonrakı 1918-1937-ci illəri əhatə edir.
Azərbaycanın
görkəmli ziyalısı T.Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat
etmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr
fondunda Teymur bəy Bayraməlibəyova məxsus bir neçə
sənəd və fotoşəkillərlə yanaşı,
onun "Lənkəran - Ərdəbil şose yolunun tikilməsi
layihəsi", "Böyük Aleksandır haqqında fars əfsanəsi",
"Şah Abbas haqqında türk əfsanəsi" və
"Azərbaycan qızlarının fala baxmaları" əlyazmaları
xüsusu maraq doğurur...
Lənkəran
Dövlət Universitetinin müəllimi, filologiya üzrə
elmlər doktoru, professor Yədulla Ağazadə əbəs
yerə Teymur bəyin mədəniyyət tariximizdəki coxcəhətli
fəaliyyətini "Qəhrəmanlığa bərabər
ziyalılıq" adlandırmır.
Yuxarıda qeyd etdiyimiz kimi, Bayraməlibəyovlar
tanınmış nəsil idi. Teymur bəyin böyük
qardaşı Cahangir bəy Bayraməlibəyov (1846-1920)
adına-sanına görə çox məhşur adam idi. Oğlu Fətulla bəy
Lənkəranda üçillik rus məktəbində təhsil
alandan sonra Tiflisdə hərbi məktəbi bitirmişdi.
Çar ordusunun artilleriya general-mayoru idi. Polyak dilini mükəmməl bilirdi. Teymur bəyin qardaşı qızı Züleyxa
xanım Cahagir qızı Bayraməlibəyova (1872, Lənkəran-1944,
Bakı) Bakıdakı "Müqəddəs Nina" qız
məktəbini bitirmişdi. O da əmisi qızı Məryəm
xanım kimi, müasir dünyagörüşlü qadın
idi. Bakı Şəhər Xeyriyyəçi
Qadınlar Cəmiyyətinin fəal üzvlərindən biri
olmuşdu. O, 1891-ci ildə Krakov şəhərində
hüquq təhsili almış, Əlisgəndər bəy
Axundovla ailə qurmuşdu. (Əlisgəndər
Axundov 1918-ci ilin dekabrında Azərbaycan Cümhuriyyətinin
Parlamenti qurularkən Şamaxı qəzası üzrə
deputat seçilmişdi).
Züleyxa xanım Bayraməlibəyovanın Aslan və Əjdər bəy adlı oğlanları, Sona, Ceyran və Leyla xanım adlı qızları dünyaya gəlib. Böyük oğlu Aslan bəy (1893-1957) Estoniyada Tartu Universitetini bitirib; Bakıda dəri-zöhrəvi xəstəlikləri üzrə tanınmış həkim idi. Böyük qızı Sona xanım Axundova-Qarayeva (1896-1970) sonralar professor Əbülfəz Qarayevin həyat yoldaşı və dahi bəstəkar Qara Qarayevin anası olub. Kiçik oğlu Əjdər bəy (1897-1963) AXC hökumətinin qərarı ilə Fransaya ali təhsil almağa göndərilib. Uzun illər fransız dili müəllimi işləyib. Leyla xanım (1904-1973) ali təhsilli ev xanımı idi. Ceyran xanım Axundova-Mirqasımova (1905-1985) akademik Mirəsədulla Mirqasımovun həyat yoldaşı, Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun anası olub...
Bayraməlibəyovlar nəslindən olan Şirəli bəy Ağababa bəy oğlu Bayraməlibəyov (1884-1933) Kiyevdə Müqəddəs Vladimir Universitetində təhsil almışdır. Lakin onun haqqında müfəssəl məlumat əldə edə bilmədik.
2012-ci ildə bu böyük nəslin nümayəndəsi, ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünas T.Bayarməlibəyovun anadan olmasının 150 illik yubileyi demək olar ki, ölkəmizdə səssizliklə qeyd olundu. Yalnız tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibçiliyi altında AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən Teymur bəy Bayraməlibəyovun seçilmiş əsərləri rus dilində işıq üzü gördü (Bakı, 2012).
Bu il - 160 illik yubileyi ərəfəsində "Masal Prodakşın"ın istehsalı olan "Nurlu yol" sənədli filmi ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyova həsr olunub. Filmin ideya və ssenari müəllifi jurnalist Cəfər Cəfərovdur. Quruluş və təsvir rejissoru Elsevər Əliyevə, montajı Faiq Mirzəyə məxsusdur. Sentyabr ayında sənədli filmin paytaxt Bakı şəhərində, eləcə də Lənkəran şəhərində, Masallı rayonunda təqdimat mərasimi və ölkə televiziyalarında yayımı nəzərdə tutulur...
Teymur bəy Bayraməlibəyovun xatirəsi əbədiləşdirilmiş, Lənkəran və Masallı şəhərlərinin küçələrindən birinə, Lənkəran şəhər 2 saylı və Masallı rayonunun Birinci Yeddioymaq kənd tam orta məktəblərinə adı verilmişdir. Bu il sentyabr ayında xeyirxah insan, millət vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi və təşəbbüsü ilə Birinci Yeddioymaq kənd tam orta məktəbinin həyətində Teymur bəyin büstü qoyulacaq və büstün təntənəli açılış mərasimi olacaq...
Son olaraq ümid edirik ki, böyük mütəfəkkir, folklorşünas, pedaqoq, maarifçi, tarixçi-etnoqraf, bir sözlə, Azərbaycanda ziyalılıq zirvəsinin fatehi olan Teymur bəyin 160 illik yubileyi Bakıda, Lənkəranda, doğulub boya-başa çatdığı doğma Masallıda adına layiq şəkildə qeyd ediləcək və Folklor İnstitutunda xatirəsinə həsr ediləcək elmi konfrans keçiriləcək...
Qeyd: Məqalədə Esmira Cavadovanın "...O həm də görkəmli etnoqraf idi"
(2009), Yadulla Ağazadənin "Teymur bəy Bayraməlibəyov
və folklor" (2013), müəllifin professor Fərahim
Sadıqovla birgə yazdığı "Masallı - cənnət
misallı" (2013) və M.Mərdanov, Ə.Tahirzadənin
"1920-ci ilədək ali məktəblərdə oxumuş
azərbaycanlılar" (2018) kitablarından istifadə
olunmuşdur.
Nurəddin
ƏDİLOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.18;19.