Bir dahinin tənhalığı
Tofiq Məlikli-80
Görkəmli
türkoloq Tofiq Məliklinin 80 yaşı tamam olur
"Fazil Hüsnü Dağlarca anadan şair
doğulmuşdu, onun istedadı Allah vergisiydi. Orijinal
düşüncə tərzi, dünyaya baxışı,
özünə məxsus üslubu onu fövqəladə dərəcədə
yeni, fərqli bir ədəbi dünya yaratmış unikal
şəxsiyyət və sənətkar kimi
formalaşdırmışdı".
Bu sətirlər
məşhur türkoloq, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin "Dahinin tənhalığı.
Fazil Hüsnü Dağlarca" roman
araşdırmasından götürülüb və biz bu
kitabı bütün elmi fəaliyyətini türk
xalqlarının ədəbiyyatına, dilinə, mədəniyyətinə
həsr edən bir alimin uğurlarından biri kimi qiymətləndiririk.
Doğrudan da, Moskvada yaşayan həmyerlimiz
klassik və müasir türk ədəbiyyatının ən
mötəbər araşdırıcılarından biridir.
Uzun illər Tofiq müəllim Moskvada - SSRİ EA Şərqşünaslıq
İnstitutunda, Dünya Ədəbiyyatı İnstitutunda,
Moskva Dövlət Linqvistika Universitetində, bir müddət
isə Türkiyədə, İstanbul Universitetində professor
kimi çalışmışdır. Yüz əllidən
çox elmi məqalənin müəllifi olan Tofiq Məlikli
"Yeni türk şeiri: təşəkkülü və
inkişafı", "Nazim Hikmət və Türkiyənin
yeni şeiri", "Türk ədəbiyyatı: Köklər
və budaqlar" "60-cı illərin əvvəli, 70-ci
illərin sonunda türk poeziyası", "Türkoloji
problemlər", "Türkiyə ədəbiyyatı
tarixi" və başqa sanballı monoqrafiyalar da nəşr
etdirmişdir. Tofiq Məliklinin əsərləri
dünyanın bir çox dillərinə (ən çox
Türkiyə türkcəsinə) tərcümə
olunmuş və sevindirici haldır ki, dünya
türkologiyasında da onu qəbul və etiraf edirlər.
Və bu sırada onun tərcüməçilik
fəaliyyətini də qeyd etsək, həmyerlimizin titanik fəaliyyəti
bizi heyrətləndirməyə bilməz. Yeri gəlmişkən
qeyd edim ki, bu il avqustun 31-də Tofiq müəllimin
80 yaşı tamam olur. Həyatı və elmi fəaliyyəti
Bakı, Moskva və Türkiyədə davam edən Tofiq Məlikli
- dünya türkologiyasında etiraf olunan bu görkəmli
alim harada yaşayır-yaşasın, bütün
varlığı ilə Azərbycana, Bakıya
bağlıdır.
Tofiq müəllimin XX əsr türk poeziyasının ən
görkəmli nümayəndələrindən biri olan Fazil
Hüsnü Dağlarca haqqında əsər yazması da təsadüfi
deyil. O, bu
böyük şairlə qırx il dostluq əlaqələri
saxlamış və təkcə onun
yaradıcılığını araşdırmaqla kifayətlənməmiş,
həm də canlı söhbətlərini dinləmişdir.
Fazil Hüsnü Dağlarca hərbçi ailəsində
dünyaya gəlmişdi, amma bu ailədə ədəbiyyata
xüsusi həvəs, maraq var idi. Atası istəmirdi
ki, o, Ədəbiyyat fakültəsində oxusun, Fazil də elə
bu səbəbdən hərbi məktəbdə oxudu. Şeir, poeziya isə onun canındaydı,
"qılınc və qələm" mübarizəsində
mənəvi qələbəni qələm qazandı və
Tofiq müəllim çiyinlərində türk ordusunun
ulduzlarını gəzdirən, amma ürəyi poeziya
eşqi ilə döyünən Fazilin ədəbiyyat sevgisini
əsl romançı kimi qələmə alır. Təbii ki, onun bu poeziya sevgisinin alovlanmasında bir
çox türk şairlərinin böyük rolu oldu. Tanınmış şair Yusif Ziya Ortac onun şeirlərini
bəyənib "Cümhuriyet" qəzetində bu şeirlər
haqqında məqələ ilə çıxış etdi.
Türk şeirinin böhran keçirdiyi bir vaxtda belə bir
istedadlı gəncin poeziyada nəsə yenilik yaratmağa cəhdi
Yusif Ziyanı çox sevindirir və o yazırdı ki:
"Bu gün Fazil Hüsnüdən danışmaq istəyirəm.
Onun adı hələ ki bir məktəbin hüdudlarından
kənarda tanınmır... Bu yaxınlarda Fazil Hüsnü mənə
qara üzlü bir dəftər verdi. Bu
qara üzlü dəftər də, bu gənc şair də
sanki xəbər verir: "Daş heykəlin gözləri
görməyə, dili açılmağa başlayır... Fazilin sayəsində türk poeziyası böhrandan
çıxa bilər". Beləliklə,
Fazil Hüsnü Dağlarca keçən əsrin otuzuncu illərində
istedadlı bir şair kimi məşhurlaşmağa
başlayır və ilk şeirlər kitabı da ("Havaya
sızılan dünya") 21 yaşı olanda işıq
üzü görür. Tofiq Məlikli yazır:
"Havaya sızılan dünya" kitabındakı
şeirlər yeni obrazlar, bənzətmələr, müqayisələrlə
çox zəngindir. Bu şeir toplusu gənc
şairin poetik hissiyyatını, geniş təxəyyülünü
nümayiş etdirirdi. Onun obrazları güclü daxili
enerji ilə yüklənmişdi və bu enerji üzə
çıxmağa can atırdı. Misal gətirir müəllif:
Yalqızlıq,
səhərlərin
yaşadığı
yalqızlıq
Suların içindəki işıqlar qədər
ilıq.
Hüzün,
o dodaqlarda qalan hüzün
Günorta
vaxtlarında
aydınlığı
gündüzün.
Yuxular,
ilk gəncliyin
gündüz
kimi yuxusu,
Vücudun balıq olub içində üzdüyü
su.
Səssizlik,
gecə vaxtı kimsəsiz yollarda
Sükut dağlarının ortasındakı ada.
Dodaqların
xəbərsiz söylədiyi mahnılar
Vücudun
ağaclardan öncə
duyduğu
bahar.
Otuzuncu
illəri türk ədəbiyyatının ən mürəkkəb
dövrü, həm də dönüş çağı
adlandıran müəllif yazır ki, bu illərdə türk
poeziyasında iki əsas cərəyan vardı: Yeni şeir və
milli poeziya. Milli poeziya nümayəndələrinin
yaradıcılığında müəyyən durğunluq
hiss olunurdu, odur ki, yeni şeirin təsiri daha artıq hiss
olunurdu. Tofiq müəllim sanki bu hadisələrin
içindəymiş kimi əsl bir tədqiqatçı
ehtirası ilə türk şeirində 30-cu illərin mənzərəsini
canlandırır. Xüsusilə, Nazim Hikmətin
ədəbi kəşflərinin yeni şeirin başlıca
faktoruna çevrilməsini, onun ardıcıllarının
sayının artmasını və beləliklə, türk
şeirində bir sıçrayış
yarandığını nəzərə
çarpdırır. Fazil Hüsnü "yeni
poeziyanın prinsiplərinə şərik olmaqla
yanaşı, onun bütün cərəyan və məktəblərindən
kənar olmağı çalışır", öz fərqli
poeziyasını yaradırdı. Onun "Uşaq
və Allah" ikinci şeirlər kitabı da bu fərqli
poeziyanı ortaya qoydu. Müəllif Allah, uşaq,
ölüm, tənhalıq, ölüm qorxusu
mövzularına daha çox müraciət edir, ancaq məsələ
heç də bu mövzularda deyildi, əsas o idi ki,
Dağlarcanın şeirlərində orijinal obrazlar,
metaforalar, ritm diqqəti cəlb edirdi. Məsələn,
ölüm haqqında bu misralara diqqət edin:
Kim
adlamış bu qədər insanı,
Ki
heç kim aldırmır ölümə.
Ölüm,
ey göylərdən böyük,
Sığdıra bilmirəm səni könlümə.
Necə həyatı
tərk edək, necə,
Bir məmləkətmi bu, bir əlbisəmi?
Mən
necə ölə bilərəm, anlamıram,
Dünya yox olur bəlkə.
Müəllif
yazır ki: ""Uşaq və Allah" kitabı
Türkiyənin ədəbi aləmində əsl sensasiya
oldu. Fazil Hüsnü dağlarcadan hər yerdə
danışır, onu axtarırdılar. Türk
tənqidi də kitabı diqqətdən kənarda
qoymadı". Qırxıncı illərdə
isə Fazil Hüsnünü şöhrətinin və ədəbi
uğurlarının sayı artır. Yeni
şeir kitabları işıq üzü görür. Amma ən əsası Türk şeirində Fazil
Hüsnü Dağlarca yeni bir liderə çevrilir. Onun poeziyasında ictimai motivlər getdikcə
artır, şeirlərinin auditoriyası genişlənir.
"Fazil Hüsnü bu şeirlərilə
ictimai ədalətsizlik zəncirlərini qırmağa
çalışan doğma xalqın həyatını, əzilmiş,
təhqir olunmuş insanların azadlıq və xoşbəxtlik
arzularını dilə gətirirdi". "Ana
torpaq" şeirlər toplusu türk kəndlisinin həyat və
məişətini, ağrılarını,
iztirablarını əks etdirən nümunələrlə
diqqəti cəlb edirdi. Əllinci-altmışıncı
illərdə Fazil Hüsnünün poeziyasında fəlsəfi
motivlər aparıcı xəttə çevrilir. "Asu" kitabında şair dünyada baş verən
ictimai-siyasi proseslər, Türkiyədə baş verən
hadisələr fonunda İnsanın mürəkkəb, daxili
ziddiyyətlərini əks etdirirdi. T.Məlikli
Fazil Hüsnü Dağlarcanın şeirlərində dil məsələlərinə
toxunur. Yazır ki, F.H.Dağlarca 1959-cu ildə on ədəbi
və ictimai-siyasi jurnalında "Türk dili səviyyəsində
yaşamaq" adlı şeir-manifestini çap etdirir və həmin
şeirdə şairləri arı türkcədə, yəni
yad sözlərdən təmizlənmiş türk dilində
yazmağa səsləyirdi:
Hara getsəm tapar məni arınmış sözlər.
Bir çağ ki axar ötələrə.
Bir tək...ki
uca atalar,
bir al...ki ulu oğullar,
Türkcəm, mənim səs bayrağım.
Və bu niyyətlə Fazil Hüsnü 1960-cı ildə
"Türkçe" adlı aylıq dərgi buraxmağa
başlayır, bir sıra tanınmış
yazıçı və alimləri öz ətrafında birləşdirir,
şeirdə təmiz türkcənin varlığını
sübut edir bu ziyalılar. Ümumiyyətlə,
Dağlarcanın şeirləri türk dilinin zərifliyini,
gözəlliyini əks etdirir, desək azdır, bu şeirlərin
əksəriyyəti türk düşüncənin necə
saf, təmiz olduğunu isbatlayır. Tofiq
müəllim onun şeirlərinin bir çoxunu azəriləşdirib,
amma o fərqi elə də hiss etmirik. Baxın:
Məndən sənə nə qala bilər.
Düşüncələrim
deyil,
O,
ağılın.
Çiçəklərim
deyil,
O, təbiətin.
Əsərlərim
deyil,
O,
insanlığın.
Nəfəslərim
deyil,
O,
azadlığın.
Məndən
sənə
Sevgim qala bilər.
O,
heç kəsin deyil
O, ancaq sənin.
T.Məliklinin kitabında Fazil Hüsnü
Dağlarcanın təkcə Türkiyədə deyil, onun
hüdudlarından çox-çox uzaqlarda da məşhur bir
şair, həm də son dərəcə müasir bir şair
kimi tanınmasından da söz açılır. Məlum olur
ki, 1967-ci ildə Amerikanın Pitsburq şəhərində
keçirilən beynəlxalq poeziya forumu ən məşhur və
nəhəng türk şairi adı uğrunda müsabiqə
elan etmişdi. Müsabiqənin şərtlərinə
görə, münsiflər heyətinə ən mötəbər
türk alim, tənqidçi və ədəbiyyatşünasları
daxil idilər. Onlar yekdilliklə bu beynəlxalq
mükafatı Fazil Hüsnü Dağlarcaya verməyi qərara
alırlar.
Fazil Hüsnü Azərbaycanda da olub (1969-cu ildə). O, bizdə olarkən Rəsul
Rza və Tofiq Məlikliylə birlikdə Şamaxı, Gəncə,
Göyçay və Göygöldə olmuşdur. Sonralar o, "Azərbaycan silsiləsi"ndən
gözəl şeirlər yazmışdır. Söhbətimi həmin şeirdən bu misralarla
bitirmək istəyirəm. Və professor Tofiq Məlikliyə
təşəkkür edirəm ki, görkəmli bir türk
şairinin dünyası ilə bizi tanış
edir.
Türkcə səslər gəlir yollardan.
Qaranlığı yox edir türkcə
işığı.
Bir az İzmirə bənzər,
Bir az İstanbula.
Səslənir
radiodan mahnılar
Bir budaqdan axar dilin.
Qovaqlarla,
çinarlarla, ardıclarla,
Təbiətin
eşiyinə
Daşar yaşılın.
Ta
içindəki bir yarpaq
Bakıda oyanmaq.
Son söz: Tofiq Məlikli insan kimi son dərəcə
səmimi və istiqanlıdır. Cəmi bir neçə dəfə
görüşüb söhbət etmişik. Onun gülər
üzü, mehriban baxışı var. Son görüşümüz bu il
iyul ayında Şuşada - Vaqif Poeziya Günlərində
oldu. Onun gözlərindəki hədsiz sevincin şahidi oldum -
bu, qələbə sevinci idi.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.10;11.