Adilikdə qeyri-adiliklər
Aydın
Tağıyevin 70 yaşına
Aydın Tağıyev Şabranda yaşayır. Hal-hazırda
Yazıçılar Birliyinin
Şabran filialının
rəhbəridir. Amma Aydın
Tağıyevi biz ədəbi
ictimaiyyət müasir
Azərbaycan nəsrinin
istedadlı bir nümayəndəsi kimi tanıyırıq.
O, lap əvvəldən hekayə
janrına xüsusi meyil edib. Deyim ki,
müasir nəsrimizdə
Aydın mikro hekayələr ustası kimi tanınır. Bu barədə Bəkir
Nəbiyev, Mövlud Süleymanlı, Əlibala
Hacızadə, Sadıq
Elcanlı kimi söz adamları fikir söyləyiblər.
Təvazökarlıqdan uzaq, mən
də Aydının hekayə və povestləri barədə vaxtilə bir neçə məqalə
yazmışam. Hər
dəfə qəzet və jurnal səhifələrində onun
təzə çıxan
hekayələrini oxuyur,
daxilən sevinirəm
ki, Aydın yaradıcılıq tempini
itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, yenə də həyatın, gerçəkliyin
adiliklərinə üz
tutur, amma bu adiliklərdə qeyri-adi nəsə tapır, lap kiçik bir hekayədə öz xarakterik cizgiləri ilə seçilən obraz yaratmağa səy göstərir.
Onun hekayələri,
ilk növbədə, təhkiyə
tərzinin şirinliyilə
diqqəti cəlb edir. Təsvirləri real və inandırıcıdır.
Elə
ilk cümləsindən oxucunu
ardınca çəkib
aparır. "Çiçəkli
çölün sarı
gülləri solmuşdu"
- "Kazım kişinin
əziz-xələf bir
oğlu ağacdan alma dərərkən bir ilanın ona tərəf süründüyünü görür
və uşaq qorxudan özünü o ağacdan yerə atır. Və bu, Kazım
kişiyə dərd gətirir. "Bir il sonra
bağdakı bütün
ağaclar yazda çiçəkləyib meyvə
gətirsələr də,
alma ağacı nə
çiçək açdı,
nə də bar verdi".
Aydın Tağıyevin bütün
hekayələri hadisədən,
mətləbdən obraza
doğru hərəkət
edən hekayələrdir. Hadisə tipik
və səciyyəvi
olduğu kimi, obraz da bədii
ümumiləşdirmə gücündədir.
Ancaq mən deməzdim Aydın bütün hekayələrini bu üsulla qurur, yəni real həyat hadisəsini və gerçəkliyin bu reallığını özündə
əks etdirən obrazları süjetə gətirir. Psixoloji anların təsviri,
mahiyyətə, alt qata
enmək məharəti,
dilin, təhkiyə tərzinin təbiiliyi və özünəməxsusluğu
da burada mühüm rol oynayır.
Budur, Aydının "Tanışlıq"
hekayəsi… Hekayə belə başlayır:
"Böyükağa müəllim
ilə Məmməd tanış deyildilər".
Hekayə
belə qurtarır:
"Böyükağa müəllim
ilə Məmməd beləcə tanış oldular".
Bu iki cümlə
arasında isə iki ömrün - Böyükağa müəllimin
və Məmmədin ömür yolunun qısaca, amma şirin təhkiyə üsulu ilə nəqli durur. Təsadüfən Məmmədin anasının
döşlərindən süd
əmən Böyükağa
çox imkanlı bir ailənin övladıdır. Ona görə
də bir-birindən tamam fərqli, bir-birinə zidd insan olurlar. Bu hekayədə Aydın
demək olar ki, heç bir hadisə təsvir eləmir, yalnız iki ömür yolunu gözlərimiz qarşısında
canlandırır.
"Əgər Böyükağa
müəllimi əsgər
aparsaydılar və
o, təsadüfən Məmmədlə
bir hissədə qulluq etmiş olsaydı, heç şübhəsiz, Məmmədlə
tanış olacaqdı,
ancaq Böyükağa
müəllimin "bronu"
vardı və heç vaxt ondan əsgər olmayacaqdı.
Böyükağa müəllim ilə Məmməd evləndikləri
qız tərəfindən
qohum olsaydılar, yəqin ki, bir-birlərini tanıyacaqdılar. Amma Məmməd
kasıb bir ailədən qız almışdı.
Böyükağa müəllim iş
yerinə hər gün avtobus ilə gedib-gəlsəydi,
hökmən Məmməd
ilə rastlaşardı
və çox mümkün idi ki, belə görüşlərin
birində tanış
da ola bilərdilər.
Bəlkə də Böyükağa
müəllim yerindən
qalxıb Məmmədə
oturmağa yer də təklif edərdi, çünki yaşıd olsalar da, Məmməd öz yaşından çox qoca görünürdü".
Diqqət yetirdinizmi, bu hekayədə bəlkə
də bir povestə, kiçik romana sığa biləcək hadisələr,
talelər işıqlandırılır. Deməli, damlada
dəryanı, anda zamanı əks etdirmək mümkündür
və bunu istedadlı yazıçı
Aydın Tağıyev
bacarır. Həmin hekayədə
bir-birini görməyən
Böyükağa müəllimlə
Məmməd, nəhayət,
gözlənilmədən "tanış olurlar".
İşdən yorğun qayıdan
Məmməd avtobus dayanacağında maşın
gözləyir. Elə bu
vaxt qarşıda bir "Volqa" dayanır, onun sahibi Böyükağa müəllim Məmmədə
müraciət edir ki, maşının təkərini dəyişsin.
Məmməd bu işi sevinə-sevinə görür.
Maşın yiyəsi isə
"budur, bu da zəhmət haqqın" deyib ona bir "Şirvan"
uzadır.
Vəssalam! Hekayə beləcə başa
çatır. Xatırladaq ki,
hekayənin əvvəlində
də bu pul haqq-hesabı vardı, sonunda da və bunun,
əlbəttə, simvolik
bir mənası var.
"Yay gününün uzun gecəsi" hekayəsində biz başqa
bir mətləblə
tanış oluruq. Aydın gözlənilməz situasiyaları hekayələrində
əks etdirməyi çox sevir və bunu bacarır.
Bu onun hekayələrinə
novella rəngi qatır.
Hekayədə otuz il öz
doğma kəndindən
aralı düşmüş,
əvvəl dustaq həyatı keçirib sonra uzaq-uzaq şəhərlərdə ömrünü
çürüdən bir
adamın - Aslanın kəndə gözlənilməz
gəlişindən söz
açılır. Aslan arvadına
teleqram vurur ki, gəlirəm. Amma bilmir ki, arvadı
başqasına ərə
gedib. Çünki ərə getməsəydi,
Aslanın namus üstündə qətlə
yetirdiyi Mədətoğlular
fitnə-fəsad törədəcəkdilər.
Otuz il.
İndi onun otuz üç yaşlı oğlu var. Təsirli bir görüş: "Oğlu
da ilk dəfə görsə də, adından yalnız bu gün sübh
çağı xəbər
tutduğu atası olan kişiyə sarıldı. İkisinin də gözünün
yaşı sel kimi axırdı".
Bəs qadın? "Düşən sərnişinlərdən
sonra qatara yeniləri minməyə başladı, yaşı
otuzu keçmiş cavan oğlan uzaq vaqonların birinə sarı boylandı və bir ayağı yerdə, biri vaqona qalxan bir
qadının göz yaşlarını gizlətməyə
çalışsa da,
xısın-xısın ağladığını
gördü". Fikirləşirsən ki, bu hekayə
başqa cür də bitə bilərdi. Kişi xəbər tuta
bilərdi ki, arvadı ərə gedib və ortaya
böyük bir qanqaraçılıq düşərdi.
Kişi gəldiyi kimi də geri qayıda
bilərdi. Amma Aydın
bundan sonra nə baş verə biləcəyini oxucunun ixtiyarına buraxır.
Aydın
Tağıyevin hekayələrində
hiss olunacaq dərəcədə
duyumlu, görümlü
milli kolorit naxışları nəzərə
çarpır. Təsadüfi deyil ki, onun
hekayələrinin qəhrəmanları
- qocalar, qarılar, el
ağsaqqalları-ağbirçəkləridir,
kənd müəllimləri,
çobanlar, müharibə
veteranları bu hekayələrdə rəğbətlə
təsvir olunur. Ancaq Aydın Tağıyev öz yazılarında ştampdan, stereotipdən qaçır, yeri gələndə ağsaqqalın
da, zəhmətkeş
çobanın da bir insan kimi
xarakterini mürəkkəbliyilə
təsvir edir.
"Çörək" hekayəsində Mədət
kişi ilə Səməd kişi arasında uşaq üstündə başlamış dava-dalaş
onların ata-baba dostluq, qonşuluq münasibətlərini az
qala heçə endirəcəkdi. Mədət
kişi əziz-xələf oğlunun
döyülməyinə daralıb
onu qabağına qatır, şikayətə
gedir. Ancaq mənzil başına
çatmamış əməlindən
peşman olur. Aclıq onlara güc gələndə oturub çörək yeyirlər.
"- Bu çörək nə yumşaqdır, - deyə oğlundan xəbər aldı, - bəyəm anan bu gün təndir
qalamışdı?
Uşaq
ağzındakı tikəni
aşıra-aşıra:
- Yox, - dedi, - səhər Püstə xala Cavadla yollamışdı
ki, isti çörəkdir!
Çeynədiyi loxma az
qala Mədət kişinin boğazında qalmışdı, kişi
ağzındakı tikəni
güclə uda bildi. "Lənət şeytana!..". Sonra da Mədət
kişi özünü də, arvad-uşağı da söyüb ölü-diri
qoymadı.
- Əl-üzünü yu! Düş qabağıma,
geri dönürük!".
Dəlisov ağlın, qızmış
ürəyin hirsini-hikkəsini
eldə müqəddəs
sayılan çörək
yumşaldır və
Aydın Tağıyevin
hekayələrində belə
ibrətli və təsirli səhnələr
çoxdur.
Aydının hekayələrində çox zərif və işıqlı bir yumor hissi də var və dərindən fikir verəndə bu yumorun içində güclü bir ironiya duyulur. Məsələn, Aydının həcmcə ən kiçik hekayələrindən biri olan "Çəpik" bu cəhətdən çox ibrətlidir...
Bu növbəti çəpik səhnəsində Nağının qolu sınır və məcbur olub onun qolunu dirsəkdən aşağı kəsib atırlar. Beləliklə, iclaslar, tədbirlər çəpiksiz qalır, Nağının gələcəkdə deputat olmaq arzusu ürəyində qalır. Çünki "Nağı yaxşı dərk edirdi ki, çəpik bilmədən bu dünyada yaşamaq çətin olacaq".
Aydın Tağıyevin digər hekayələri barədə də belə ürək açıqlığı ilə söz açmaq olar. Bu hekayələrdə də Aydın özünə sadiqdir, yenə də həyat həqiqətindən çıxış edir, yenə də müasiri olduğumuz insanları bədii sözün işığına çəkir. Və yaxın illərin ağrıları, məmləkətimizin düşdüyü çətinliklər, yurddaşlarımızın keçirdiyi sarsıntılar bu hekayələrin əsas qayəsini təşkil edir.
İstərdim ki, Aydının bundan sonra yazacağı hekayələrdə həyatın, gerçəkliyin daha mühüm problemləri əks olunsun. Onun gözləri qarşısında bəlkə bizim hiss etmədiyimiz, mahiyyətinə varmadığımız hadisələr, olaylar baş verir, o, əyalətdə yaşayan, müxtəlif qayğılarla, çətinliklərlə üzləşən insanlarla üz-üzə gəlir. Onların sevincini də, fərəhini də duyur. İstərdim ki, Aydın öz hekayələrində daha böyük mətləblərdən söz açsın.
Aydın Tağıyevin bu avqust ayında 70 yaşı tamam olur. Şabranın Dəvəçi qəsəbəsində dünyaya gəlmiş Aydın Tağıyev, zənnimcə, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.
V.YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.24.