“Artıq adamlar”
hekayə
Rus nasiri, dramaturqu, publisisti və xeyriyyəçilik fəaliyyəti
məşğul olmuş ictimai xadimdir.
İxtisasca
həkim olan yazarın əsərləri 100-dən çox
dilə çevrildiyi üçün o, haqlı olaraq dünya ədəbiyyatının
klassiki sayılır. Dünyanın 3-4 hekayə
ustasından biri kimi məşhurlaşan Çexov həm də
ən məşhur dramaturqlardan biridir. Ona bu şöhrəti
qazandıran isə son yüz il boyu dünya səhnələrindən
düşməyən dörd pyesidir - "Qağayı",
"Üç bacı", "Albalı bağı" və
"Vanya dayı".
Yaradıcılıqla
məşğul olduğu 25 il ərzində
ən müxtəlif janrlarda 500-dən çox əsərə
imza atdığı üçün o, həm də
dünyanın ən məhsuldar qələm adamlarından
biridir.
Artıq
adamlar
Bir iyun axşamıdır. Saat yeddidir.
Xilkovo stansiyasında qatardan təzəcə enən bir dəstə
yaylaq adamı qəsəbəyə tərəf üz tutub:
aralarında torbalar, çantalar və qadınlara aid karton
qutular daşıyan kişilər əksəriyyət təşkil
edir. Hamısının görkəmindən
yorğunluq, aclıq və hiddət yağır, sanki bu bərq
vuran günəş və yaşıl çəmən
onların heç vecinə də deyil.
Onu da
vurğulayaq ki, dairə məhkəməsinin üzvü Pavel
Matveyeviç Zaykin də onların arasındadır: bu
hündürboy, belibükük adam həm
əyninə ucuzvarı kətan köynək geyinib, həm də
kokardalı nimdaş tağalağı başındadır. Pörtüb-tərlədiyi üçün
heç eyni açılmır.
Narıncı
rəng şalvar geyinmiş bir yaylaqçı ondan
soruşur:
- Hər
gün bu cür yaylaq evinə gedib-gəlirsiniz?
Zaykin
qaşqabaqla cavab verir:
- Hər
gün yox. Arvadım və oğlum daimi burada
qalır, mən isə həftədə iki kərə onlara
baş çəkirəm. Hər gün gəlməyə
həm vaxtım çatmaz, həm də xərcim çox
çıxar.
Narıncı
şalvarlı adam köks
ötürüb deyir:
-
Haqlısınız, xərc çox çıxır. Şəhərdə
vağzala qədər piyada gedə bilmirsən, araba
tutmalısan, sonra da gərək hələ biletə qırx
iki qəpik verəsən... Bahalı qəzet
alırsan, meylin çəkirsə, hələ bir qədəh
də araq gillədirsən. Düzdür,
bütün bu məsrəflər qəpik-quruş tutur, ancaq
bütün yay mövsümü üçün iki yüz
rubla qədər yüksələ bilər. Əlbəttə,
təbiətin qoynunda dincəlmək bahalı həzdir - buna
söz ola bilməz... bir az xəyala
dalırsan və sair, ancaq bizim o məmur maaşımızla,
sizə də bəllidir ki, hər qəpiyə qənaət
etməliyik. Bircə qəpik artıq xərclədiyi gün
adamın yuxusu ərşə çəkilir... Hə-ə...
Nəcib cənab, sizin ad və ata adınızı bilmək
şərəfi hələlik mənə nəsib olmayıb,
mən ildə iki min rubla yaxın məvacib alıram,
özüm dövlət müşaviri olsam da, ikinci növ
tütün çəkirəm və bircə manat da kənara
qoya bilmirəm ki, böyrək daşlarına qarşı mənə
tövsiyə olunan o "Vişi" mineral suyunu ala bilim.
Bir qədər
susandan sonra Zaykin deyir:
- Hər
şey iyrəncdir. Cənab, məncə, bu
yaylaq həyatını şeytan və qadınlar icad ediblər.
Bunun icadı zamanı şeytana aşkar hiddət,
qadınlara isə əsl yelbeyinlik hissi hakim kəsilibmiş.
Siz də razılaşarsanız ki, bu, bir həyat tərzi
yox, katorqadır, cəhənnəmdir! Buralar
bürkülüdür, istidir, nəfəs almaq olmur deyə,
sən, lənətlənmiş biri kimi, oradan-oraya
sürünüb-durursan və rahatlanacağın bir guşəni
heç cür tapa bilmirsən. Orada, şəhərdə
isə nə fərli şəraitin var, nə də bir
qulluqçun... çünki hər şeyi
daşıyıb, yaylaq evinə aparıbsan... əlinə
düşəni yeyirsən, samovar dəmləyəcək
biri olmadığından çay da içə bilmirsən,
heç əl-üzünü də yumursan, buraya, təbiətin
qoynu sayılan guşəyə gələndə isə
toza-bürküyə rəğmən, payi-piyada yol getməyə
məcbursan... Tfu! Siz necə, evlisiniz?
- Hə-ə...
Üç uşağım var, - deyən narıncı
şalvarlı kişi köks
ötürür.
- Hər
şey iyrəncdir... Hələ də sağ
qaldığımıza sadəcə heyrətlənmək
qalır bizə.
Ən nəhayət, yaylaqçılar gəlib qəsəbəyə
çatırlar. Zaykin narıncı şalvarlı adamla
vidalaşıb, öz yaylaq evinə tərəf üz tutur.
Girdiyi ev dərin sükuta qərq olub. Təkcə mığmığaların
züyültüsü və hörümçək torunda
yemə çevrilən milçəyin yardım nalələri
eşidilir. Pəncərələrə
şəffaf pərdələr vurulub, onların ardında isə
ətirşahın solğun çiçəkləri
qızarır. Taxtayla üzlənən, rənglənməmiş
divarlarda, oleoqrafiyanın (yağlı boyalarla çəkilən
rəsmin litoqrafiya üsulu ilə çap olunan
versiyasının - A.Y.) böyründə milçəklər
mürgüləyir. Girişdə, mətbəxdə
və yemək otağında bir kimsə gözə dəymir.
Həm qonaq otağı, həm də zal
adlandırılan məkanda Zaykin özünün kiçik
oğlu, altı yaşlı Petya ilə rastlaşır.
Masa arxasında oturan və alt
dodağını önə uzadan Petya möhkəm
fısıldayaraq kartdakı kərpicxallı valeti
qayçı ilə kəsməkdən ötrü əlləşir.
Uşaq
geri qanrılmadan deyir:
- Hə,
ata, sənsən? Salam!
- Salam... Bəs anan hanı?
- Anam? O,
Olqa Kirillovna ilə teatr tamaşasının məşqinə
gedib. Tamaşa birisi gün olacaq. Məni də
aparacaqlar... Sən necə, gedəcəksən?
- Hm!.. Nə vaxt qayıdacaq o?
-
Axşama qayıdacağını demişdi.
- Bəs
Natalya haradadır?
- Anam Natalyanı da özüylə apardı ki,
tamaşa üçün geyinib-kecinməsinə kömək
eləsin, Akulina isə meşəyə göbələk
yığmağa yollandı. Atacan, ağcaqanadlar
adamı dişləyəndə onların qarnı niyə elə
qıpqırmızı olur?
- Nə
bilim... Yəqin, qan sorduqları
üçün də. Onda belə çıxır ki,
evdə heç kim yoxdur?
- Heçcə kim. Təkcə mən evdəyəm.
Kresloya çökən Zaykin bir dəqiqə boyu
küt-küt pəncərəyə tərəf baxır. Sonra soruşur:
- Bəs
bizə yeməyi kim verəcək?
- Bu
gün yeməyə bir şey yoxdur, ata! Anam elə
bildi ki, sən bu gün gəlməzsən, ona görə də
şam yeməyi hazırlamağı uyğun bilmədi.
Özü isə orada, məşqlər
zamanı Olqa Kirillovna ilə birgə şam edəcək.
- Ona hədsiz
minnətdaram. Bəs sən nə yemisən?
- Mən
süd doğramacı yedim. Altı qəpiyə
mənim üçün süd almışdılar. Atacan, bəs ağcaqanadlar niyə
qanımızı sorurlar?
Qəfildən
Zaykin hiss eləyir ki, nə isə ağır bir şey qara
ciyərinə hücum çəkir və onu içəridən
sorub-sümürməyə başlayır. Qanı qaralır,
inciklik hissinə qapılır, çətin nəfəs
alması və titrəməsi ona yamanca yer eləyir, istəyir
ki, yerindən sıçrayıb, ağır bir şeyi yerə
çırpsın, söyüşlər
yağdırsın, ancaq həkimin ona əsəbiləşməyi
qəti yasaqlaması o dəm yadına düşdüyü
üçün yerindən qalxır və canını
dişinə tutaraq, "Qugenotlar" melodiyasını fitlə
çalmağa başlayır.
O ara Petyanın sualı dəyir qulaqlarına:
- Ata, sən
teatrda tamaşa göstərə bilərsən?
- Eh,
öz sarsaq suallarınla başımı dəng eləmə!
- deyə Zaykin cırnayır. -
Yapışıb və əl çəkmir yaxamdan! Artıq
altı yaşın var ey, amma hələ də üç
yaşındakı ağıldasan... Axmaq və
başıboş gədə! Axı o
kartları sən niyə xarab eləyirsən elə? Niyə onları xarab e-dir-sən?!
Geri
qanrılan Petya deyir:
- Bu
kartlar səninkilər deyil ha. Onları mənə
Natalya verib.
Zaykin
getdikcə daha betər cırnayıb, özündən
çıxır:
- Yalan
deyirsən! Yalan deyirsən, vecəyaramaz uşaq! Sən elə
həmişə özündən bir yalan-palan uydurursan! Sənin
kimi çoşqanı qayışla yaxşıca döymək
lazımdır! Mən sənin o qulaqlarını dartıb
yerindən qopararam!
Yerindən sıçrayan Petya boynunu irəli uzadaraq,
atasının qəzəbdən pörtən
üzünü diqqətlə süzür. Bərələn gözləri
əvvəlcə tez-tez qırpılır, az
sonra onlar yaşla dolur və oğlanın üz cizgiləri əyilir.
Petya
ciyildəməyə başlayır:
- Axı
niyə məni belə söyürsən? Məndən
nə istəyirsən, ay dəli? Mən
heç kimə dəyib-dolaşmır, şuluqluq eləmir,
özümü yaxşı aparıram... sən isə... yenə
də hiddətlənirsən. Axı niyə
görə məni yerli-yersiz danlayırsan?!
Uşaq
necə inamla danışır və zülüm-zülüm
ağlayırsa, Zaykin bundan xəcalətə qapılıb,
düşünür: "Doğrudan ey, mən niyə onu belə
burunlayıram?!".
Sonra
oğlanın çiyninə toxunaraq deyir:
- Olur hərdən...
Olur... Günahkaram, Petyacan... bağışla. Mənim
elə ağıllı, sözəbaxan balam olduğun
üçün sevirəm də səni.
Petya köynəyinin qoluyla gözünün
yaşını silir, köks ötürərək
keçib bayaqkı yerində əyləşir və bu dəfə
də kartdakı qadın şəklini kəsməyə
girişir. Zaykin isə öz kabinetinə yollanır. Divana yayxanaraq, əllərini başının
altına qoyub fikrə gedir. Az əvvəl
uşağın axıtdığı göz yaşları
sanki onun qəzəbinə sərin su çiləyir, hətta
qara ciyərindəki o ağrı da nisbətən səngiyir.
Sadəcə yorğunluq və aclıq hissi onu
tərk eləmir.
Qapının
ardından səs gəlir:
- Atacan! Öz təzə həşərat kolleksiyamı sənə
göstərim?
- Göstər
görüm.
Kabinetə girən Petya uzun yaşıl qutunu atasına
uzadır. Hələlik qutunu qulağına aparmasa da, Zaykin
qutunun divarlarını cırmaqlayan hansısa zərif pəncələrin
səsini və həşəratların çarəsiz
vızıltısını eşitməyə
başlayır. Qapağı
qaldırınca, qutunun dibinə iynələrlə
sancılmış xeyli kəpənək, böcək,
çəyirtkə və milçək görür. İki-üç kəpənəyi çıxmaq
şərtiylə, qalan həşəratlar sağ
olduqlarından hələ də çırpınırlar.
Petya heyrətlənir:
- Çəyirtkə
hələ də ölməyib! Onu dünən
səhər tutmuşdum, ancaq hələ canı
çıxmayıb.
Zaykin
maraqlanır:
- Bəs
onları bu cür sancaqlamağı kim
öyrədib sənə?
- Olqa
Kirillovna.
Zaykin nifrət
hissiylə dillənir:
- O Olqa
Kirillovnanın özünü də bu cür sancaqlamaq
lazımdır! Götür, apar bunu! Heyvanlara işgəncə
vermək
günahdır.
Özündən
aralanan Petyanın ardınca baxıb düşünür:
"İlahi, necə də iyrənc tərbiyə
görür bu uşaq".
Yorğunluq və aclıq hissi Pavel Matveyeviçin
artıq tamamən yadından çıxıb, indi o, sadəcə
öz oğlunun gələcəyi barədə
düşünür. O ara pəncərənin ardından
süzülən gün işığı yavaş-yavaş
öləziyir... Dəstələr şəklində
axşam çimməyindən qayıdan yaylaq əhlinin səs-küyü
eşidilir. Yeməkxananın açıq pəncərəsi
önündə ayaq saxlayan birisi səslənir: "Göbələk
istəmirsiniz ki?" və sualına bir cavab
almadığı üçün yalın ayaqlarını
şappıldatmaqla, oradan uzaqlaşır... Qatılaşan
toran ucbatından tül pərdənin ardındakı ətirşahın
cizgiləri artıq seçilməz olanda pəncərədən
içəri sərin axşam mehi vurur, giriş qapısı
gurultuyla açılır, elə o an içəri girənlərin
danışığı və gülüşü
eşidilir...
Petya
sevincək deyir:
- Anacan!
Kabinetindən
bayıra boylanan Zaykin öz xanımını, həmişəki
kimi sağlam və pənbə üzlü Nadejda Stepanovnanı
görür... Üzü iri çillərlə örtülən,
arıq sarışın qadın olan Olqa Kirillovnadan başqa,
ev sahibinin tanımadığı daha iki
kişi isə qadınları müşayiət eləyir:
bunlardan biri hündürboy və cavan adamdır, kürən
qıvrım saçları və iri hülqumu var, digəri
isə tösmərək və enlikürək biridir,
bütün aktyorlar kimi üzü təmiz təraş olan bu
adamın əyrihal çənəsi qismən
göyümtülə çalır.
Paltarını
bərkdən xışıldadan Nadejda Stepanovna uca səslə
buyurur:
- Natalya,
haydı, samovarı qaynat! Deyilənlərə
görə, Pavel Matveyeviç də gəlib? Pavel, haradasan belə? Salam, Pavel! - deyə kabinetə qaçır və o ara nəfəsi
təngləşir. - Gəlibsən? Buna çox şadam...
İki nəfər pərəstişkarımız da bizə
qoşulub gəlib... gedək, səni onlara təqdim eləyim...
O hündürboylu Koromıslovdur... yaxşı mahnı
oxuyur, digəri, qısaboy isə... Smerkalovdur,
peşəkar aktyordur... əla qiraətçidir. Uf-f, əldən
düşdüm lap! İndi biz "Trombonlu sakin" və
"Qadın kişini gözləyir" əsərlərini
səhnələşdiririk... Tamaşa birisigün göstəriləcək...
Zaykin xəbər
alır:
-
Onları niyə bura gətirmisən?!
- Bu, vacib
idi axı, atası! Çay içəndən sonra biz
rolları təkrarlamalı və bəzi mahnıları
oxumalıyıq... Mən Koromıslovla duet ifa edəcəyəm...
Gərək bunu unutmayım! Əzizim,
Natalyanı göndər, qoy sardina, araq, pendir və daha nələrsə
alıb, gətirsin. Çox yəqin, onlar şam yeməyi
də yeyəcəklər... Ox, yorulmuşam!
- Hm-m!.. Üstümdə pul-zad yoxdur!
- Belə
etmə də, atası. Heç yeridir?! Məni
pərt eləyirsən axı!
Yarım saat sonra Natalya araq və məzə almağa
göndərilir. Çay içməklə, bütöv bir
fransız çörəyini yeyib-bitirən Zaykin yataq
otağına gedib, uzanır, Nadejda Stepanovna ilə
qonaqları isə deyə-gülə öz rollarının məşqinə
başlayırlar. Pavel Matveyeviç hələ
uzun müddət Koromıslovun o pəltək qiraətini və
Smerkalovun nidalarını dinləməyə məcbur olur.
Qiraətin ardınca başlanan uzun-uzadı
söhbət Olqa Kirillovnanın ciyiltili gülüşü
ilə ara-sıra kəsilir. Həqiqi aktyor sayılan
Smerkalov ötkəmlik və qızğınlıq sezilən
bir əda ilə rolların məğzini məclis əhlinə
izah eləyir...
Sonra duet
ifa olunur, bunun ardınca qab-qacaq cingiltisi eşidilir... Yarıyuxulu halda Zaykin eşidir ki, hamılıqla
Smerkalovdan "Günahkar qadın"ı oxumağı rica
edirlər, o da, ən nəhayət, onların
sözünü yerə salmır, bədii qiraətə
başlayır. Kişi o ara gah
fısıldayır, gah sinəsinə vurur, gah
hönkürür, gah da xırıltılı səslə qəhqəhələr
çəkir... Üz-gözünü
qırışdıran Zaykin isə başını
yorğanın altına dürtür.
Bir saatdan
sonra qulağına Nadejda Stepanovnanın səsi dəyir:
- Həm
hava qaralıb, həm də yolunuz uzaqdır. Bəlkə
bizdə qalıb, gecələyəsiniz? Koromıslov
burada, qonaq otağındakı divanda yatar, siz isə, Smerkalov,
Petyanın yatağında... Bu gecəlik Petya ərimin
kabinetində yatar... Ciddi sözümdür, qalın!
Nəhayət,
saat ikini vuranda hamının səsi kəsilir... Yataq otağının qapısı
açılır və Nadejda Stepanovna kandarda
görünür.
O
soruşur:
- Pavel,
yatmısan?
- Yox, necə
bəyəm?
- Əzizim,
sən get, kabinetindəki o divanda uzan, burada, sənin
çarpayında isə qoy Olqa Kirillovna üçün yer
salım. Get, canım-gözüm! Mən onu kabinetdə də
yatırdardım, təəssüf ki, o, tək yatmaqdan
qorxur... Hə, qalxsana!
Yerindən
qalxan Zaykin xələtini çiyninə salır və
yastığını da götürüb, öz kabinetinə
yollanır... Əl havasına öz
divanını tapır, kibrit yandırdığı zaman
görür ki, Petya artıq divanda uzanıb.
Oğlancığaz hələ də
yuxulamadığından bərəlmiş gözlərlə
kibriti süzərək soruşur:
- Atacan,
ağcaqanadlar gecələr niyə yatmırlar ki?
Zaykin
donquldanır:
- Ona
görə, ona görə... Ona görə ki, səninlə
mən bu evdə artıq adamlarıq... Heç yatmağa da
yerimiz yoxdur!
- Atacan,
Olqa Kirillovnanın üzü niyə elə çillidir?
- E-ey, əl
çək! Bezdirdin lap!
Bir az fikirləşəndən sonra Zaykin əynini
geyinir, havasını dəyişməkdən ötrü
küçəyə çıxır... Bomboz rəngdəki
sübh səmasına, hərəkətsiz buludlara baxır,
mürgülü çəkçəki quşunun tənbəl
çığırtılarına qulaq verir və sabahkı
gün barədə düşüncələrə dalır:
sabah şəhərə qayıtdıqdan
sonra məhkəmədəki işindən çıxıb
evə gələndə əl-ayağını uzadıb, necə
rahat yatacağı barədə düşünür... Küncdən qəfil bir insan qaraltısı
çıxır. Zaykin düşünür: "Yəqin,
qarovulçudur...".
Ancaq diqqət yetirincə və nisbətən
yaxınlaşdıqca, bu fiqurun onun dünən
rastlaşdığı o narıncı şalvarlı
yaylaqçı olduğunu anlayır. Ondan soruşur:
- Sizin də
yuxunuz qaçıb?
Narıncı
şalvarlı kişi köksünü
ötürür:
- Hə,
nəsə yuxum gəlmir... Təbiətdən həzz
alıram... Bilirsiniz, gecə qatarıyla bizə
əziz bir qonaq... arvadımın anası gəlib.
Yanında da mənim baldızım uşaqları... Ay
parçası kimi qızcığazlardır. Buna hədsiz
şadam, ancaq hava da... yamanca rütubətlidir! Yoxsa
siz də təbiətdən həzz almağa çıxıbsınız?
Zaykin
böyürərmiş kimi deyir:
- Hə,
mən də təbiət aşiqiyəm... Buralarda,
yaxın bir yerdə hər hansı meyxana və ya yeməkxana-zad
tanımırsınız ki?
Narıncı
şalvarlı kişi gözlərini
göyə zilləyir və dərin fikirlərə qərq
olur...
Tərcümə:
Azad Yaşar
Anton Pavloviç Çexov
(1860-1904)
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.20;21.