Hər yaxadan dostlara bir xarıbülbül baxır

 

 

Gəldi bizim arxa su...

 

 

Düşdü dəyirman işə,

            gəldi bizim arxa su,

Arxalı it-qurdların

            dəydi yerə arxası.

 

Millətimiz, xalqımız,

            baxdım, ayaq üstədir,

Taleyimə Gün düşüb,

            baxtım ayaq üstədir.

 

 

 

Hər kimə ərkim çatır,

            gördüm, ayaq üstədir,

Ölkəm ayaq üstədir,

            yurdum ayaq üstədir.

 

 

Ərgənokondan gələn

            Qurdum ayaq üstədir,

Düşməni şil-küt qovan,

Köpək qovan, it qovan

            ordum ayaq üstədir.

 

 

Yüz qaqaşım tankçıdır,

            min lələşim topçudur,

Ağzını marçıldadan

            düşmənimiz gopçudur.

 

 

Bığ yeri tər görməyib

            şir südü əmmişlərin,

Vaylarıdır hayların,

            mabədi var işlərin.

 

 

Ay pis adam, ay paxıl,

            bax Şuşaya, yan-yaxıl!

Hər yaxadan dostlara

bir xarıbülbül baxır...

 

Çaşbaş qalan

məğlub düşmənə

 

 

Biz sülhə çağırırıq,

Sən dava istəyirsən.

Sənə xəşil çalmışıq,

Sən halva istəyirsən.

Dur, gəl, Cıdır düzündə

Biz oynadaq səni.

İndi havan hansıdır?

hava istəyirsən?

 

 

 

Novruza çatmaq arzusu

 

 

Ölümlə qış zarafatı

Taqəti yox bu qışın da,

Yüngüldür qar da, sazaq da.

Məzarlıq kəndin başında,

Mən ondan azca uzaqda.

 

 

Ovcum içi - hər qarışı,

Ölçmüşəm, yüz on addımdır.

Kəndin o başı - bu başı

Qəm qanadlı bayatımdır:

 

 

Kəndim - evcik, alaçıq,

Alaçıqdan yol açıq.

Yatdın, durdun, ta bəsdir,

Ağasəfa, yola çıx.

 

 

Hörmətim sizdən artıqdır,

Ay hacılar, məşədilər.

Bildilər ki, yol üstəyəm,

Gəlib, gedəcəyim yola

İsti asfalt döşədilər.

 

 

Əzrayıla can borcum var,

Vermək olmur, şirindir can.

Bilir ki, ağrım-acım var,

Möhlət verib Novruzacan.

 

 

Həvəsliyəm... Novruz gələ...

Havasını udum yazın.

Telefonun o başında

Bir nəvəm qığıldasın.

 

 

...Novruzdan beş-on gün sonra

Məzarlığa gedən yolu

Ozan kimi, aşıq kimi

Şeir deyə-deyə gedəm.

Addım-addım...

Qədəm-qədəm...

Bir ərköyün uşaq kimi

Qoğal yeyə-yeyə gedəm...

 

 

Amma... Bir kimsə görməsin...

Təkcənə Əzrayıl qağam

Başını bulasın, desin:

"Dəli şair, dilim gəlmir

Bu gün deyəm rəhmət sənə.

Görürəm cəh-cəh vurursan,

Dön geri... Qayıt komana...

Get... Bir il möhlət sənə!"

 

 

 

Kəndin qışı

 

 

 

Bu kəndin baxtı gətirmir,

Arxası yoxdu... gətirmir...

 

 

Qapıda qar qalaqlanıb,

Qapanıb - içində qalıb.

Qapı üzünə bağlanıb,

Qapının içində qalıb.

 

Ağzı yoxuşa dirənib,

Kürəyini külək döyür.

Kotanı daşa dirənib,

Dəbərmir... Öküzü söyür...

 

 

Şəhər aparıb çoxunu...

Şəhər harda?

Burdan bura...

 

Başlanıb dağın çovğunu.

Evindən çıxan-çıxanı

Yel aparır bura-bura,

Çırpa-çırpa, vura-vura.

 

 

Şəhər nədir?

Gedərgəlməz...

Kəndi qoyub gedən gəlməz...

oyundur, nədən gəlməz?

Doğulduğum koma - ocaq...

Özüm burda, ruhum qaçaq...

 

 

Qar əriyir

Gildir-gildir, oyum-oyum...

Çıxım gedim...

Ürəyimi bu komada -

Burdaca bir küncə qoyum?

 

Necə qoyum?

Kəndin qışı,

Kəndin işi

Oyun... oyun...

 

 

Günəşdən gələn busələr

 

Hələ sönməyib odumuz...

Fırlandıqca Yer kürrəsi

Hopur qızıl sünbüllərə

Torpağın şəhdi-şirəsi.

 

Rüşvət deyil, halallıqdır

Bu həyatın dadı-duzu.

Hərəyə bir dilim çörək,

Bir az hava, bir içim su...

 

Dünya işıqlı dünyadır,

Nuru hamıya bəs elər.

Körpələrin qismətidir

Günəşdən gələn busələr...

 

 

Zəmanənin tünlüyündə

 

 

Dəm güdən, marıqda yatan

Şər mələyi - mamlımatan.

Hərdən mənə cırmaq atan

Dərdin gözünü eşirəm.

 

Acgözlərə çətir olan

Yalan... Yalan... Yalan... Yalan...

Hər gün kül altında qalan

Haqqın közünü eşirəm.

 

Dünya qalıb kor düyündə,

Ağıl azır gördüyündə.

Zəmanənin tünlüyündə

Didib, özümü eşirəm.

 

 

Gecə... Gündüz...

 

Ömür yolu goracandır,

Təklənmişəm, gör, haçandır.

Xırdacam, bapbalacamdır,

Səngərimdir, qalaçamdır

Komam dağın üstündə.

 

Dağda-daşda dolanıram,

Bu dünyaya allanıram,

Allandıqca hallanıram,

Gecə göydən sallanıram,

Gündüz torpağın üstündə...

 

AĞASƏFA

 

Ədəbiyyat qəzeti.- 2022.- 27 avqust.- S.18.