Yatmayanlar
üçün gecə qəzəli
Bu həyat
bir yumuruqdur, atılır hər kəsə doğru,
Başını
əymə, əzizim, ucalan hər səsə doğru...
Mən bu
izdiham içində, itmişəm məqsədi göstər,
Gəl
apar məni də, ey eşq, o əsas adresə doğru...
Dedim ey
yar, tut əlimdən, taqətim kəsildi hicrdən,
Dedi
yox-yox, elə aşiq beləcə titrəsə doğru...
Ey külək,
məndəki dərdi götürüb yayma cahana,
Allahın
dünyaya hissin bəndələr bilməsə doğru...
Elə məfhumdu
ki, Allah, onu dərk eyləməz insan,
Elə
Allahın yolunda belə dingildəsə doğru...
Musa
olsaydım inan ki, əsanı atıb gedərdim,
Ağlayan
xalqın amanın elə düşmən kəsə
doğru...
Yazılıbsa
nə gərəkdir, bu qədər zəhmət, əziyyət,
Hər
gün onsuz da bir az çox gedirik Məkbəsə
doğru...
Yuxuda
görmüşəm axşam gedirəm Təbrizə, ancaq,
Təbiri
budur ki, ömrüm yeriyir məhbəsə doğru...
Görünür,
yazıbdır Allah, qəribin alnına, Sayman,
Ki, Vətən
dərdi olanın gözləri gülməsə doğru...
***
İçində sevgi vardırsa cahan meyxanədir,
dostum.
O dağ,
o daş sənə saqi, için peymanədir, dostum.
Çalış gül ki, cahan gülsün. Cahanın dərdi
insandır,
Bu boyda dərdi ilə onsuz, cahan bu qəmxanədir,
dostum.
Bu
dünya sanki Allahın dilindən bir hekayətdir,
Bəşər
dastanın obrazı, həyat əfsanədir, dostum...
Təəccüb
etmə ki, yara niyə pərvanəyəm daim,
Günəş
də bir yekə şəmdir, cahan pərvanədir, dostum...
Bu sevgi
bir qumardir ki, sonunda qalib olmursan,
Uduzdunsa əmin
ol ki, oyun mərdanədir, dostum...
Ayıq
başla sevibsənsə, çalış tərk eylə
dastanı,
Bura aqil
girə bilməz, oyun məstanədir, dostum...
Nə
üstünsən nə də alçaq, nə varsa
dünyada birdir,
İnan, Allah da dünyada sənə həmxanədir,
dostum.
Çalış,
rəqs eylə hər daim, gəl olma dünyaya qaim,
Ki,
Tanrı eşqinə qarşı cahan rəqsanədir,
dostum...
Elə
meydandı ki, sevgi, soruşmurlar atan kimdir,
Kimin
vardırsa imanı o da dürdanədir, dostum..
İçində
imanın varsa, səni yandırmaz hicranı,
Oyan, Ya
Hu! - de İbrahim, narın gülxanədir,
dostum...
Haçansa
qəflətən kimsə, soruşsa kimidi bu Sayman,
De ki, Məcnun
kimi yerdə gəzən divanədir, dostum...
***
Mən
doğumdan ölümə ağrılı yol keçmiş
adam...
Qəlbini
Kəbə edib Allaha ev seçmiş
adam...
Allahın
cənnətini Həvvaya qurban eləyən,
Cənnətin
buğdasını sevgi üçün biçmiş adam...
Yeri
sürgün yeri yox, yar evi bilmiş dəlisov,
Hətta
imanı belə Həvva ilə ölçmüş adam...
İnan,
Allah da belə boşluğu doldurmadı, gəl,
Ey
içimdən çölümə nalə kimi
köçmüş adam!
Səni səhrada
susuz axtarır hər şamu səhər,
Leylinin
gözlərinin bəhrinə and içmiş adam...
Mənə
sirr söyləmə ki, gözlərim ifşa edəcək,
Saxlamaz
sirr, qapısın hər döyənə açmış adam...
Lütf
elə Saymanı da çarmıxa çək İsa kimi,
Sənin
olmaq diləyir, ta sənə dək qaçmış adam...
***
Ürəyin
çox sıxılanda, göyə bax, dərdin azalsın,
Evini
qüssə yıxanda, sükut et, qəlbin
ucalsın.
Elə
sus ki, səsə gəlsin, sükutunla bütün aləm,
Elə
yalvar ki, səmada günəşin rəngi saralsın...
Gecələr
çıx dağın üstə, kükrəsin dağ
dağın üstə,
Elə
hayqır ki, cahanı, kədərin heyrətə salsın...
Arabir
keç küçəsindən, ki, xəbər
çatsın o yarə,
Keçəcəksən
deyə hərdən, küçənin fikrinə
dalsın...
Adi bir
şeydi təbəssüm, çalış əksilməsin
üzdən,
Səni hər
gördüyü anda, rəqibin rəngi qaralsın...
Gedəcəksənsə
nə fayda, ətəyin boşla cahanın,
İstəyir
Cəngini çalsın, istəyir Vağzalı
çalsın...
Sən də
Babək kimi, Sayman, qorxduğun yoxdur ölümdən,
Bu cahan
çox görüb üzlər, sayma qoy ortada qalsın...
***
Səmadan
gəldi bir səs ki, müsəlman ol, müsəlman ol!
Ya gəl
vəhdət ipindən tut, ya da get, get pərişan ol!
İnandıq
o səsə verdik ürək İslamu insanə,
Məhəmməddən
nida gəldi: "gəl indi əhli Quran ol.
Salam əsrari
lahuta, salam ənvari Qurana,
Fəriqi əhli təzviru, təriqi əhli iman ol".
İbadət
paltarın geydik, itaət dünyasın qurduq,
Bizə
molla höküm sürdü, dedi gəl əhli fərman ol.
Cahanın
nəqdini verdik, nihanın nisyəsin aldıq,
Çağırdıq
Allahı, ya Rəbb: "özün bu dərdə dərman
ol.
Nə
dünyadan səmər gördük, nə uxradan xəbər
bildik,
Bizə şeytan xəbər saldı, nə ondan ol, nə
bundan ol".
Bizi
sardı bu ziddiyyət, dua etdik ki, pir göndər,
Dedi ki,
Şəmsi Təbrizi, gəl insan, əhli irfan ol.
Biz olduq əhli
irfanı, araşdırdıq bu dünyanı,
Dedik: ey
dünya dun olma, dedik ey müşkül asan ol.
Yüz
illər də bu dünyanı, biz irfanla səma etdik,
Ki, insan sən də dünyatək o mərkəzdən
gurizan ol.
Bir az sevgi, bir az həsrət bizə pay oldu
irfandan,
Bizə
süzdü meyi saqi, dedi: gəl əhli məstan ol.
Nə
mey, nə badə, nə saqi, həqiqətdən xəbər
verdi,
Bir az təskin verib sonra dedi: məşuqa qurban ol.
Dedi: su
axtarırsansa, susuzluq axtar ey insan,
Dedi: vəsl
axtarırsansa həmişə ağla, nalan ol...
Biz isə
tərk edib getdik, həm irfanı, həm imanı,
Ki,
dinü dünyanı tərk et, dəni
dünyada sultan ol.
İcazə
vermə ey insan ki, kimsə ruhunu alsın,
Özün özündən azad ol, özün
özünə zindan ol.
Bu
dünya, bir də nemətlər, sənin xoşbəxtliyinçündür,
Nə
olsan olginən ancaq, təbəssüm eylə, xəndan ol...
Na kafir nə
də ki, mömin, nə gibru nə müsəlman ol,
Çalış
Sayman, özün ol sən, çalış ey insan, insan ol!
***
Mümkünsə, imtina kədəru qəmnən etginən.
Allaha
etiraz qəmi aləmnən etginən...
Varsa
şikayətin yeri Adəmnən etginən...
Bir dost
var bu dünyada insan üçün: ömür!
Vardırsa
dostluğun onu bu dəmnən etginən...
Pərvanəyə
de: sevgi qumardır yananmasan
Varsa
qumarın ey kəpənək, şəmnən etginən...
Yusif kimi
gedirdim o axşam satılmağa,
Bir səs
dedi ki, imtina zəru dirhəmnən etginən.
Nə
sat, nə də satıl ki, bu dünya da nisyədir,
Nəqd
alveri o dünyada Hatəmnən etginən...
Bir
yaxşı sözdü dünyada dərmanı dərdlərin,
Az dərdlərin
dəvasını mərhəmnən etginən!..
Mən
ki, bacarmadım, özün ordan bir əl yetir,
Allah, məni
vəfalı bu qüssəmnən etginən...
Ey sevgi,
agah ol ki, cahandan üzülmüşəm,
Kövsər
əta elə məni Zəmzəmnən etginən...
Ey
dünyanı məhəbbət ilə xəlq edən Həbib,
Gəl,
Saymanın yolun bu cəhənnəmnən etginən...
Səlim Babullaoğluna ithaf
Gözündən
sil yaşı, dostum, bu dünya bunlara dəyməz,
İçindən çağlayan bu dərd, bu qüssə
o yara dəyməz.
Səsim
çatsaydı söylərdim ki, ey Mənsuri-biçarə,
Bu
xalqçün etdiyin işlər çəkildiyin dara dəyməz...
Qaranlıqla
döyüşməkdən uzaq dur, yoxsa məğlubsan,
Bacarsan
bir çıraq yandır, qaranlıq israra dəyməz...
Şərin
qarşında dur, amma üzündə gur təbəssümlə,
Nə
şər bitmir bu dünyada, nə pislik inkara dəyməz...
Beş-üç
günlük bu dünyanın baharın dərdə sərf
etdin,
Öləndə
anlayarsan ki, saçındakı qara dəyməz...
Dənizdən
ötrü, butimar, cavanlıq nəqdini verdin,
Əlindən
verdiyin ömrün, o ilğım ilqara dəyməz...
Tələb
mətlubdan ərcəhdir, bunu dərk eylə, ey aşiq,
Bütün
dünyadaki göllər, ölən butumara dəyməz...
Əminəm
ki, zaman dönsə, özünü nara
atmazsan,
Bu qafillərçün,
İbrahim, yanan o gülzara dəyməz...
Yalançı
bir əzizliklə, elə bilmə ki, xoşbəxtsən,
Misirdə
çəkdiyin Yusif, bu dirhəm, dinara dəyməz...
Çinara
söyləyin getsin köküylə aşina olsun,
Həyatçün
sinə verdiyi o viran divara dəyməz...
Nə
dünyanın işi Sayman, nə də peymani sabitdir,
Özün
sabit qədəm ol ki, bu yarımçıqlara dəyməz...
***
Əsas odur ki, cahanda məqsədin, niyyətin olsun.
Hansı yoldan gedə bilsən getginən, hümmətin
olsun.
Xırda
bir çınqıl üzündən, yolunu dəyişmə
heç vaxt,
Sənə
heç kimsə inanmaz, bax, buna diqqətin olsun!
Külək
əsdikcə bu bağda, əzilər yarpaq ayaqda,
Meyvə ol ki, yerə düşsən yenə də qiymətin
olsun.
Kim ki,
alverçidi, bil ki, satacaq səni də bir gün,
Ürək
əhlilə çalış ki, yaxın ünsiyyətin
olsun..
Su yerə
tökülsə qabdan, qaça bilməz tapdaq altdan,
Qabın
olsun çalış, ey dost, bəlkə mahiyyətin olsun.
Qabı
boydadır adamlar, qabını böyüt bacarsan,
Balaca Qara
Balıqtək, yekə keyfiyyətin olsun...
Gedilən cığırla getmə, cığır aç
özün özünçün,
Məqsədə
gedənlər içrə başqa şəxsiyyətin
olsun...
Xalq dilin
bağlamaz heç vaxt, neynəsən də xeyri yoxdur,
Deyilən
sözləri sayma, yeri get, cürətin olsun...
Ağrılar
çoxdusa, Sayman, məqsədə yaxınlaşırsan,
Ağrılar
ödün kimindir, ağrı ki, sürətin olsun...
Dedim bir
jestə bax, jestə!
Saçında
ağ tükün varsa payındır sevgi
bağından,
Sən
ordan vəsli yox, dərdi edibsən başda güldəstə...
Elə
içdən çəkirsən ah ki, sanki dünya
paprızdır,
Sən isə sinənə doğru, çəkirsən
gündə on bəstə.
Cahanın
karvanı, dostum, dayanmır heç zaman, heç vaxt,
Bu karvan xəlq
olan gündən gedir peyvəstə, peyvəstə...
Cibində
bir manat varsa çörəkçün xərcləmə,
dostum,
Onu ver
sevgi yolunda yol üstündə duran məstə...
Zaman bir
yükdü çiynində, ömür də pilləkən,
dostum,
Azaldıqca zaman sən də çıxırsan pilləkən
üstə.
Ömür
son pilləyə doğru, yaşım əlli olub artıq,
Bu
yaşdan sonra Allahdan gəl indi yaxşı gün istə...
Suda
gördüm ki, bir gəncin, saçı-saqqalı
ağarmış,
Başımı
tovladım, sonra dedim bir jestə bax, jestə!
Çalış
indi xoş ol, Sayman, sabahı nisyə ver getsin,
Yar
üçün yığdığın güllər solur
ahəstə-ahəstə...
***
Susmaginən
səsindəki qəmlərə vardır ehtiyac
Aç qolunu sinəndəki dəmlərə vardır
ehtiyac.
Mən də
təkəm sənin kimi, əl-ələ ver darıxmayaq,
Gözün yanında əbruyi-xəmlərə
vardır ehtiyac.
Silmə
gözündəki yaşı, qoy ki, yavaş -yavaş axa,
Səhər çağı leysana yox, nəmlərə
vardır ehtiyac.
Cahan
Hümayun oxuyur, biz isə şur nəğməsiyik,
Zilin yanında hər zaman bəmlərə vardır
ehtiyac.
Cahilə
vaxt sərf eləmə ağıllı etməkdən
ötür,
Zirvəni fəhm etmək üçün kəmlərə
vardır ehtiyac.
Nə
ağlayanda qəmli ol, nə də güləndə çox
sevin,
Çatmaq üçün bax beləcə çəmlərə
vardır ehtiyac.
Sayman,
yorulma heç zaman, lap sinədən alışginən,
Qaranlıqda
sənin kimi şəmlərə vardır ehtiyac...
***
Gecədən
gündüzə doğru yol alıb getmədəyəm,
Gecəni sübh ümidilə yenə incitmədəyəm.
Bir
ömürdür gəzirəm dünyanı Məcnun
sayağı
Özümü zorla yalan dünyanıza dürtmədəyəm.
Başqa
bir dünya gərək mən kimi divanələrə,
Sizlə paylaşdığımız dünyanı tərgitmədəyəm.
Mən o
kiprik ki, gözün sirrini hifz etmək üçün,
Gah haşa edirəm, gah da gözü örtmədəyəm.
Elə
sürətlidi ki, məndəki məqsəd həvəsi,
Hətta öz kölgəmi də tapdalayıb ötmədəyəm.
Soyulan
bircə tənəm amma ki, altmış milyon,
Babəkin dərdinə sadiq bədəni örtmədəyəm.
Min illərdir
qaçıram, Saymanı dərk etmək üçün,
Az
qalır, azca qalır, öz mənimə yetmədəyəm...
***
Cahan rəqs
eyləyir, biz durmuşuq, hey...
Həyatı
böyləcə durdurmuşuq, hey...
Günəş
də, Ay da, ulduz da səmada,
Biz isə
daşdan evlər qurmuşuq, hey...
Ağac
da, dağ da, daş da nəğməxandır,
Biz, amma karmışıq, biz kormuşuq, hey.
Bəşər
acizdi fəhmindən, İlahi,
Səni
biz kəlmədən uydurmuşuq, hey...
Bu boyda
dünyanın dərkindən aciz,
Savadsız
qolçomaq quldurmuşuq, hey
Elə
biganəyik meyxanələrlə,
Ki, saxta,
bilmədən bir mey vurmuşuq, hey...
Bizi
qışqırdılar "Mahur"un
üstə,
Biz, amma
coşduran bir "Şur"muşuq, hey...
Cahan onsuz
da ki, dövr eyləməkdə,
Hədər
biz cismi-canı yormuşuq, hey...
Cahandan
ibrət al, Sayman, səma et,
Səninçün
dünyanı burdurmuşuq, hey...
***
Allahın
niyyətinə şeytan inana bilməz,
Dünyanın
hikmətini aqil - dana bilməz.
Vaxtını
sərf eləmə cahilə anlatmaq üçün,
Hər kəsin
bir yeri var, ondan o yana bilməz.
Rəssamın
niyyətini rəsm necə bilsin ki, nədir,
Nə
üçün ya ki, nə vaxt gəlibdi cana,
bilməz
Xam adam top kimidir, kim hara vursa gedəcək,
Nə üçün göndərilibdir bu cahana bilməz.
Şəm
alışmazsa əgər eşqin adilə, inanın,
Dünya
pərvanə ola şəm kimi yana bilməz...
Gözü
kör, kimliyi yox, qəlbini satmış birinə,
Sevgidən söyləməyin, çünki o qana bilməz.
Ah, Sayman,
sən inan, Tanrı belə gəlsə yerə,
Əminəm ki, bu qədər dərdə dayana bilməz.
***
Qarşımızda
duran bilməz uca dağlar, hey, hey
Vulkanın gur nəfəsi zirvəni dağlar, hey, hey.
Oxşayıbdır
bahara, dünyada ölməzliyimiz,
Bizi dirçəltmək üçün buludlar
ağlar, hey, hey.
O şəhidik
ki, bizə sorğu-sual olmayacaq,
Bizə şahid duracaqdır Qarabağlar, hey, hey.
Hər
yanı dərd olanın mərhəmə olmaz diləyi,
Ağrıyanda qəmini dərdinə bağlar, hey, hey.
Sən susan Sayman, aman, anla suyun fəlsəfəsin,
Dəniz
olmaqdan ötrü bulaq da çağlar, hey, hey...
***
Eləsin axtarıram ki, mənə həmxanəlik
etsin.
Yapışıb dərdin əlindən mənə rəqsanəlik
etsin.
Darıxıb
hicran əlindən gecələr qəmdən oyansın,
Mənə
tay boş küçələrdə o da
divanəlik etsin.
Elə
saqi diləyim var ki, mənə çatdığı anda,
Meyi bitsin yenə, amma mənə məstanəlik etsin.
Ver
İlahi, elə bir dost ki, mənə qarşı da gəlsə,
Xəncərin sinəmə vursun belə mərdanəlik
etsin.
Dodağı
mey, gözü saqi, sinəsi Zəmzəmu Kövsər,
Yeri var ki, elə bir yar mənə meyxanəlik etsin.
Elə məst
idim o axşam ki, qədəh düşdü əlimdən,
Elə yar axtarıram ki, mənə peymanəlik etsin.
Çoxalan
zülmətə qarşı alışan bircə şəməm
mən
Kimsə haqqı diləyirsə, mənə pərvanəlik
etsin.
Sayman,
İbrahimə taysan, bu odu qaldır özündən,
Elə
bir eşq tələb eylə sənə gülxanəlik
etsin...
***
Ürək ki var, gözəlim, eşqə mübtəla
yeridir.
Ürək kədər, ürək həsrət, ürək
yara yeridir.
Elə
gedib ki, qərarı, xatırlamır ürəyim,
Sinəm,
dilim, dodağım, yoxsa ki, hara yeridir?..
Əl
üzmə məndən amandır ki, möhtacam duana,
Ovucların mən üçün bir xeyir-dua yeridir.
Gəl
istəyirsən əgər fərqli macəra, öpüşək,
Dodaqlarım dodağın üstə macəra yeridir.
Elə həmişə
deyiblər ki, söyləmə, yeri yox,
Səni
sevir bu ürək, dözmürəm daha, yeridir...
Toxunma qəlbimə
ey yad ki, bağlıdır qapısı,
Mənim
sinəm qərib olsam da aşina yeridir...
Sara gedən
o zamandan çoban kimi gəzirəm,
Sinəm
qoyun-quzu yox, yox, sinəm Sara yeridir...
Mənə
baxanda elə bax vurulmayım sıfıra,
Yəqin,
bilirsən özün ki, gözün bəla yeridir...
Unutma
qanunu, Sayman ki, harda aşiqsən,
Elə
ora vətənindir, elə ora yeridir...
***
"Möcüzə
yoxdu" - deyən güzgüyə baxsın, getsin
Yusifin
dastanını beyninə soxsun, getsin...
Sudur
insan, inanın! Dursa yəqin, iylənəcək,
Gərək
hər an yerisin, məqsədə
axsın, getsin!
İnananlardan ötür hər nə ki var,
möcüzədir.
İnamı
olmayana söylə buraxsın, getsin!
Gərək
İbrahim olub bütləri sındırsın adam,
Sonra da baltasını çiyninə taxsın, getsin.
Ya da Yəqub
sayağı göz yaşı töksün bir ömür,
Yusifin həsrətini
qəlbinə yaxsın, getsin...
O buludsan
ki, gərək hardasa çaxsın, getsin...
Sən
bacardıqca çalış gözləri açdır,
Sayman,
Ta əzəldən
düşməni insanın istedadıdır...
Aşiqin yox bir şeyi, məşuq onun hər
zadıdır.
Adəmi insan edən eşqin qazanmış
adıdır.
Kimsə
şəmin halına dünyada heç vaxt yanmadı,
Ta əzəldən
düşməni insanın istedadıdır...
Həqq
yaratdı eşq ilə bu dünyanı insan
üçün,
Gördüyün cənnət-cəhənnəm
insanın icadıdır.
Çıxdığın
hər pillə, Yusif, bir sınaqdır sən
üçün,
Düşdüyün hər bir quyun da imanın
iradıdır.
Babəkə
diqqətlə bax, gör ki, nədir həqq sevgisi,
Zəncir içrə dünyanın ən bərk gedən
azadıdır.
O qədər
mən qəlbimə, bil, sevgi dəfn etdim ki, dost,
Sinəm indi ölkənin viranə
eşqabadıdır.
Mən sənə
çox söylədim, Sayman, ki, duyma çox şeyi,
Daddığın
bu acılar duyduqlarının dadıdır...
***
Mən mən
deyil, bu mən deyil, məndəki mən də mən deyil,
Gələn
deyil, gedən deyil, doğan deyil, ölən deyil...
O
dünya da, bu dünya da nə ilk, nə sondu, bilginən,
Aşiqlərə,
inan mənə, bu dünyalar vətən deyil...
Mən ki, mənə inanmışam, "yox" vətənə inanmışam,
Nə ruh mənim "mən"im deyil, nə cism mənə bədən deyil...
Kim ki, sənin içindəkin duymadan sevsə, əlhəzər,
Rahatca tərk edib gedər, axıracan sevən deyil...
Yeddi dənə mən axtaran! Yetmişədək uzanginən,
Axtardığın o mənlərin heç biri doğru sən deyil.
Kimsəsizik bu dünyada əsl məni tapanmasaq.
Nə o sənin nənən deyil, nə bu sənin dədən deyil...
İlahi, göydən yerə gəl, ya da məni göyə apar,
Üzü soyuq bu torpağın heç yeri sən deyən deyil...
Ağlama, Sayman, döz hələ, bu gördüyün tanışların,
Göz yaşını nə dindirən, nə
də onu silən deyil...
Sayman ARUZ
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.14-15.