Nəslin nəğməsi - əsrin nəğməsidir
"Ədəbiyyat
qəzeti"nin baş redaktoru
Azər Turana
Hörmətli Azər müəllim!
Bu günlərdə tanınmış
şairimiz Ağasəfanın
80 yaşı tamam olur.
Atam Xalq şairi Nəbi Xəzrinin onun haqqında "Nəslin nəğməsi
- əsrin nəğməsidir"
yazısı "Ədəbiyyat
və incəsənət"
qəzetinin 30 noyabr
1984-cü il tarixli nömrəsində
çap edilmişdir.
Ağasəfanın 80 illiyi
ərəfəsində 48 il öncə yazılmış bu məqalənin yenidən qəzetinizdə çapını
görmək istərdim...
Bu həm atamın ruhuna ehtiram, həm də Ağasəfanın yaradıcılığına
böyük sayğı
olardı...
Hörmətlə,
Arzu Babayev
Nəslin
nəğməsi - əsrin
nəğməsidir
İllər sahillərə dəyib
qayıdan dalğalar kimidir... İllər də ömrün sahillərini döyür...
Həzin şırıltılı,
xoş ahəngli ləpələr kimi... Dəniz sahilində dayanırsan.
Ay işığında ləpələrin
sükutu pozan şirin nəğməsinə
qulaq kəsilirsən.
Hər dalğanın,
hər ləpənin nəğməsi sanki ötüb-gedən illərdən
gələn əks-sədadır...
...Lakin dalğalar eyni ahəngdə deyil. Hər dalğanın öz rəngi, öz nəğməsi, öz ahəngi var... Şairlər də belədir.
Eyni sahillərin ayrı-ayrı dalğası
kimi...
İllər, doğrudan da, necə qanadlıdır.
...Sabir adına Mərkəzi
Şəhər Kitabxanasında
ədəbiyyat həvəskarları
məni görüşə
çağırmışdılar. Əsl şeir haqqında cavanlar ciddi mübahisə edir, şeir-sənət barədə
qayğı ilə, məhəbbətlə, gənclik
hərarəti ilə
danışırdılar. Şeir oxuyurdular... Yeniyetmə bir oğlan da utana-utana ürəyini boşaltdı.
Şeiri
xoşuma gəldi, bir neçə gündən sonra orta məktəbi təzəcə bitirmiş,
buruqda fəhlə işləyən Ağasəfaya
"Ədəbiyyat və
incəsənət" qəzetində
uğurlu yol arzuladım.
O vaxtdan 20 ildən çox keçib... Nə tez ötüşür
illər!.. İndi əlimdə bir kitab var - "Günəşin dalınca
gedən oğullar".
Ağasəfanın "Yazıçı"
nəşriyyatında bu
il nəşr
olunmuş şeirlər
və poemalar kitabı. Oxuyuram və o uzaq
ildə zənnimdə
yanılmadığım üçün
sevinirəm. Sevinirəm ki,
fəhlə addımları
ilə şeirə gələn o yeniyetmə,
cavan oğlanın ürəyi Vətən nəğməsini oxuyur.
Ey Vətən! Sən məni doğma balan bil,
Qalmasın sinəmdə nə qəm, nə düyün.
Ürəyim köksümdə balaca
bülbül,
Vətən nəğməsini oxuyur hər gün.
Kitab və ürək! Misra-misra döyünən,
kəlmə-kəlmə çırpınan,
oxuduqca döyüntüləri
eşidilən, arzuları,
diləkləri aşkar
olan bir ürəkdir şeir kitabı... Hər şeir kitabını
şair ürəyi kimi oxuyursan. Bu da Ağasəfanın
ürəyidir. Oxuyuram...
Onun zahiri sakitliyini, daxili narahatlığını,
həyəcanını duyuram.
Görürəm ki, bu narahatlıq, bu səs, bu həvəs
onun özünə məxsusdur. Oxuduqca şairin
fəhləliyini, ağır
zəhmətini görürəm.
Şeirlərin özülünə, sözlərin düzümünə
baxıram. Görürəm ki, bu ürəyin
özülü dözümlüdür,
misraların düzümü
doğrudur, kəlmələrin
özəyi safdır.
Hər günümüz pillədir
Ucalığa, zirvəyə
Səadət yollarıdır.
Bu adi iş günləri.
Qəlbimizi quş kimi
Alır,
qaldırır göyə
Bu ucalıq günləri,
Bu yüksəliş günləri.
Xalqımızın ildən-ilə xeyir-bərəkət
gətirən əmək
uğurları, mənəvi
saflığı, əzəmətli
addımları şeirimizə
də ucalıq gətirir. Xeyirxah ana torpaq, onun bahadır oğulları, qəhrəman,
hünərvər qızları
həmişə sözümüzün
canı olmalıdır.
Ağasəfanın "Üzünü
ağ görürəm
açılan səhərlərin"
və "Üstündə
gəzdiyim torpaq" şeirlərini
də bu baxımdan qiymətləndirirəm.
Biz gərgin dövrdə
yaşayırıq. Yer kürəmizin
sinəsinə yaralar vurulur. Xeyirlə şər, yaxşılıqla
yamanlıq, işıqla
zülmət döyüşü
davam edir. Nağıllarda olduğundan fərqlidir
bu əsrin qorxunc qara qüvvələri.
Qədim
döyüşlərdə iki pəhləvan meydana çıxırdı.
İndi meydanda iki dünya var. Bəşəriyyətin işıqlı
gələcəyini qurmağa
çalışan dünyanın
insanları... Bir də ətəyində daş gəzdirən, qucağında ölüm
soraqlı raketlər uyudan sərsəmlər, qan-qan deyənlər dünyası... Əsrin dərdi başından aşır, övladlarını
itirmək qorxusunda olan ağbirçək, müqəddəs bir ana kimi...
Dünya bizim evimizdir. Bu ev dağılmasın
gərək!
Sahildə iki uşaq evcik qurur... Məhəbbətlə, sonsuz
həvəslə... İnsan ilkinlik
dövründən qurub-yaratmağa
çalışır. Ev-eşik qayğısı ilə həvəslənir. Sonra
böyük dünyanın
qayğıları başlanır...
İki uşaq evcik qurur...
Evcik qurur iki uşaq
qəlbində həvəs,
Evcik qurur iki uşaq...
Dağılmaz olsun!
Bu dünya da bir
evcikdir...
Biz neynirik bəs?
İki uşaq ağlı qədər
ağlımız
olsun!
Oxuyuram və görürəm ki, Ağasəfa xırda, cılız hisslərlə
yaşamır. Bu böyük
dünyamızın böyük
dərdlərini daşımağa
çalışır, misralarını
bu qayğılarla yükləyir, səsini zəmanəmizin sülhsevər
insanlarının səsinə
qatır. İnsanları
mehribanlığa, doğmalığa
mühakimələrlə, ürəyəyatımlı obrazlarla,
sərrast fikirlərlə
ucaldır səsini...
"Evcik qurur
iki uşaq" şeirində də belədir. "Yer kürəsi - qızıl
alma" şeirində də,
"Yarımçıq papaqçılar"da
da...
"Gül ağrısı"
şeirini oxuyuram... Görürəm ki, Ağasəfa
dünənlə bu günü, bu günlə sabahı bir-birinə möhkəm poetik tellərlə bağlaya bilir. Daşqalaq olunan Həllac Mənsurla Nəsiminin, Sabirin, Lorkanın, Viktor Xaranın tale qohumluğunu
tapa bilir, onları bir-birinə qovuşdura bilir.
Ölümə də qalib gəldi
nəğməsiylə,
Haqq məndədir! -
Oxuyurdu
Viktor Xara.
Yarıb
zülmət əsrləri
haqq səsiylə
Həllac
Mənsur yol
Gəlmişdi hardan-hara...
Şair yaxşıların, haqqın,
ədalətin, sülhün,
əmin-amanlığın tərəfində olanların,
mübariz insanların
vaxtsız ölümünə
yanır. Yana-yana da yazır...
O, insanları Yer kürəsinin keşiyində
durmağa səsləyir:
Gərək duraq keşikdə
biz,
Qəlbimizi fikir yeyə.
Dayaq olsun əllərimiz
Bu torpağa - bu kürəyə!
Ağasəfanın lirik qəhrəmanı həm də saf, büllur məhəbbətin, təmiz
eşqin keşikçisidir. Sevən
qəlb ilə... Gənclik atəşi, cavanlıq eşqi... Bu məhəbbət yanğısı xoşdur.
Bu ürək yanğısı bəşəri,
dünyəvi yanğıdır.
Ürəyim bənzəyir Göyçay
narına,
Qanım damla-damla nar giləsidir.
Ömrümün bəmbəyaz, ağ yollarına
Axıb gilə-gilə töküləsidir.
Bu qanın damarlarda
coşub-daşması, axması,
sətirlərə hopması
xoşdur, gərəklidir. Bu məhəbbət
ötəri deyil, daimidir, əbədidir:
"Ürəyimdir zər
yatağım, qızıl
xəzinəm".
Şeirlərin altındakı yazılma tarixinə baxıram. Hamısı təzə şeirlərdir.
Ağasəfanın bundan əvvəlki
altı şeir kitabçasına da bələdəm. Görürəm ki, o, hələ bircə şeirini də təkrar çap etdirməyib.
Bəlkə də kitablarının
həcmi buna imkan verməyib. Bəlkə çap olunmamış "ehtiyatı"
da var. Buna görə
də təvazökarlıqla
yazıb-yaradan, üstəlik,
tərcümə sahəsində
də ciddi çalışan, bizim kitabları da nəşriyyatda çox diqqətlə redaktə edən şair dostumuza qəlbimizdə hörmət və minnətdarlıq hissi doğur.
Bunları düşünə-düşünə
onun kitabındakı iki kiçik poemasını da oxuyuram... Yenə Ağasəfanı tanımağa başladığım
ilk günlərə qayıdıram.
O vaxt o, "Qırxikilər"
adlı bir şeir yazmışdı.
Öz yaşıdları
- müharibə illərində
doğulanlar haqqında...
Bəli,
o nəhs ilin yadigarıyıq,
Hərəmiz bir nəslin yadigarıyıq...
Bu misralar da o şeirdəndir. "Günəşin
dalınca gedən oğullar" poeması da həmin duyğuların,
həmin hisslərin xoşagələn davamıdır.
Hələ də qardaş
yolu gözləyən
bacıların, təsəllisini
nəvələrində tapan
ana-nənələrin kədərini
bir daha yaşadım.
Gördüm ki, Ağasəfa
öz nəslinin nəğməsini ürəklə
oxuyur... Ağasəfa,
sənə iyirmi
il əvvəlki kimi yenə də uğurlar diləyirəm! İstəyirəm ki, bu çətin səfərində
öz yolundan dönmədən, yorulmadan
irəliləyəsən. O vaxt da inanmışdım,
bu gün də inanıram sənə, sənətinə,
torpağa və vətənə bağlılığına.
"Ədəbiyyat və incəsənət" qəzeti,
30 noyabr 1984
Nəbi
Xəzri
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.19.