Quşlar bəlli
zamanlarda köç edir, Sənsə qəfil etdin bunu solmamışkən
çiçəklər...
İki damla göz yaşısan
Sıxsam gözlərimi dənizə
gəmilər boğulacaq
balıqların donu daralacaq
dərya yetim ayrılıqlar doğacaq
həsrət-həsrət baxışlar boylanacaq
küçələrin gözlərindən.
Qəhər tıxanacaq boğazına
yosunlar dolaşıq düşəcək
telləri əlçimlənəcək dalğaların
qağayılar sərgərdan olacaq
özgə ellər Vətən olmur
qaçqın uşağa.
Vətən yarımır naxələfdən oğul doğanda
noğullar kəsərsiz olur
oğullar fərsiz
olanda.
Arılar
bal yığammır
çiçəklər solanda.
Yağış ol, ələn üstümə
quruyum
gün çıxanda.
Artıq çox uzaqdasan...
Minlərlə kilometrlər uzanır aramızdan.
Yüzlərlə yol dirəkləri,
boylandıqca gözlərimi
qaraldır.
Yaşanıb bitənlərin Notr-Damısan
ağrın canıma
tüstün gözlərimə
dolub.
Sən unudulan deyilsən!
Bu gecə yuxumda
bir uşaq ağlayırdı...
Əlləri xınalı, telləri qıvrım.
Can deyib, haray çəkirdi.
Harayı dağ çəkirdi.
Gözündən od tökülürdü,
Alışıb-yanırdı dünya!
Bu gecə yuxumda bir uşaq ağlayırdı,
Əynində qırmızı don,
ayağı yalın.
Don vurmuşdu ayağını,
Ünü ərşə çatırdı.
Dizüstə çökmüşdü
Səcdədən qalxırdı, dünya!
Bu gecə yuxumda bir uşaq ağlayırdı,
Xocalıdan...
Gəlinciyi qucağında.
Cəsədi qar içində.
Yiyəsi
ölmüşdü,
Ortalıqda qalmışdı, dünya!
***
Tərsinə geyinmişəm əynimi
başıhavalı.
ayaqyalın dolanıram
küçəni o baş,
bu baş
qar havasında...
şaxta kəsir
ah-naləni
cınqırım belə
çıxmır...
Sən üşüyürsən?
Külək sovurur məni...
Qovuşsaq bir vətən olarıq.
***
Ovum-ovum ovulub
Bircə çimdik toz olmuşam.
Gülüm, gəl "Xəlvət"ində
gizlət məni...
Vətən bütövlənəndə
Qatarsan Araz suyuna!
Nağıl dünyası...
O dünyadan yazıram,
Darıxmaq yoxdur burda,
Əlin hər şeyə çatır.
Buludlar əlçim-əlçim
Ovcunda yağış
olur.
Dağ-dərə qucaqlaşıb,
Şirin-şirin yatırlar.
Nağıl danışan yoxdur.
Hər şey nağıl kimidir.
Burda da aralıyıq,
Kor gələn, elə kordur...
Əynimiz-başımız hamımızda eynidir.
Ləl-cəvahir üzdədir,
Suyun üzündə
axır.
Dindirib-danışdıran olmasa danışmırıq.
Yemək-içmək havayı...
Əyri
əllər kəsilib,
Burda isti çay olmur,
Ürəklər od içində isti olur həmişə...
Kitab oxuyan çoxdur,
Dəftər-qələm başaltda,
Kirayə
evlər yoxdur,
Qonşular maraqlanmır,
Qonaq gəlib-gedəndə,
Gələn-gedən olanda.
İşıq pulu, su pulu
Heç adın çəkən yoxdur.
Qanı
qara görməzsən
Hamının kefi kökdür,
Yeyən-içən adamlar
Burda qəhətə
çıxıb.
Bir loxma dağ aşırır.
Zikr, dua saxlayır
Yerin-göyün arasın.
Qar yağanda sevinən uşaqlar yoxdur burda
Hamı
eyni yaşdadır,
Hamı eyni başdadır.
Baharın sərin mehi
Hələ burda əsməyib,
Payızı görən yoxdur.
Qış da hələ gəlməyib.
Bir fəsildə doğulur,
Bir fəsildə ölürlər...
Nağıldan nağıl olmur
Yuxular nağıl kimi
Nağıllanır, əzizim!
***
Hələ də o küçədə
dayanıb boynubükük,
yenə gözləri dolub.
Göyün üzün aç,
Allah!
Üşüyür, Yağış
qadın!
***
Gəlməsən qınamaram
Heç küsmərəm də.
O qədər ayrılıqlar
var...
Bizimkinə şükür deyərəm...
...ayrılıqlar xarabasının
orta göbəyində
doğulmuşuq...
elə bilərəm...
Sarı
çiçək topladıq,
Çaydan çaya keçdik,
Yolumuz bitmədi.
Tikanlı çöldə itdik elə bilərəm.
Yuvamızdan perik düşdük...
Beş daş, yeddi şüşə, gizlənqaçım...
Dükan-dükan...
Evimizə gəlin gəlir...
Toy-toy oynadıq elə bilərəm...
Gəlməsən ağlamaram
Heç
darıxmaram da...
Qaçaqaçda uçquna düşdük...
Yarıcan olduq
Elə bilərəm...
Gəlməsən...
gözləmərəm...
Heç
yollara boylanmaram,
Gedər-gəlməzdəsən
Elə bilərəm...
Gəlməsən...
Dözərəm...
Ölmərəm ki,
Səbr
edərəm, səbr
dizimi yerə atıb,
son nəfəsiməcən
zikr edərəm,
Gəl,
deyərəm
gəl...
Qırmızı qərənfillər
ağlamaqdan yoruldu
Gözlərimdən boylanan
Qırmızı qərənfillər
Ağlamaqdan yoruldu.
Yolun kəsə başından
Qanrılasan geriyə...
Dönəsən gəlməzindən,
Sənsiz
ömrüm tez bitə
Tez gələsən
Tez, Gülüm.
***
Adım
düşüb dilindən
siqaretin külündə
üstüaçıq, üzüstə
yuxulayıb hərflər.
***
İlahi, bu dağ, nə
dağ?
Yarım gəlimmi, sən de.
Ətəyində gül gördüm,
Dərim gəlimmi, sən de.
***
Adını yazmışam nəlbəkimin
arxasına
İsti saxlasın çayımı.
Qurutmusan
Allahın göz yaşını
daha bizə yağmır yağış...
Dolu tökür, ardınca da qarlayır...
Soyuq olur evimiz.
Adın
isidir stəkanı qucaqlayan əllərimi...
Yuxumda yenə oxuyurdun...
"Təbrizin küçələri
dolanbadolan"
Qaragiləm, gəl silim gözün yaşın
bəri dolan!
Pəncərəsi qırıq küçələr
Pəncərəsi çiliklənib küçələrin
O tay, bu tay.
Çölə tökülüb,
üşüyür, evlərə
doluşur
pəncərəsi qırıq
küçələr...
İnildəyir yarası dərin
olanlar,
dalanlara, döngələrə
qısılır,
qaçqın, köçkün,
qərib olanlar.
O tay, bu tay olanlar
Hamısı bizim olanlar
körpə, cavan, ahıl küçələr
bizim küçələr...
Pəncərəsi qırıq küçələr...
***
Köçəri quş kimi gəldin ömrümə
Dimdiyində gətirdin xoşbəxtliyi.
Bu günümə dadızdırıb,
Tamarzı qoydun sabahımı.
Quşlar
bəlli zamanlarda köç edər,
Sənsə qəfil etdin bunu
Solmamışkən çiçəklər...
Bu gün yağış bizə yağır
Evimizə, küçəmizə.
Əlində əsir olduğum
həsrətin üzünə
baxıb,
Gülə yağır, gülə
yağır...
Sevincək olubdu yağış
Elə yağır, elə yağır...
Ayrı-ayrı adda elə
Bakıya, Təbrizə yağır.
Bizə
yağır, bizə yağır...
Bu gün yağış belə yağır,
Elə yağır, elə yağır...
***
Qırmızı buludların yuxusuyam,
Vətən!
kürəyində ağır
yük,
qəlbində o taydan,
bu taya
bu taydan o taya arzular daşıyan
qarışqalar oyaq...
odundan-ocağından qaçaq...
uzun, incə bir ağ yolam,
qovuşsaq, bircə!
Hardasan...
Bir yaz görüm necəsən?
Yarıcanım, hardasan?
Sağım, solum, bütünüm,
Sənsiz elə darıxdım.
Dolanıram başına
Dörd divarın səhərdən.
Gələn-gedən nəfəsim
Yenə
səssiz pıçılda
Gecənin qulağına.
Səni
çox istəyirəm,
Mehribanım, əzizim.
Yatmamışam gecəni
Oturub səhərəcən
Adını zikr etmişəm
Dilim ucu qabardı.
Səhv-düz, tələm-tələsik,
Qara-qura eybi yox.
Eləcə yaz ki, sağam.
Canım, gözüm, əzizim.
Bağışladığın güzgü
Əlimdən heç düşməzdi.
Dünən salıb qırmışam,
Topalayıb yığmışam,
Bərk
sıxıb saxlamışam
Ovucumun içində.
Qorxuram küsər, gedər
Bir ömür xatirələr...
Ayım,
günüm, əzizim
Yarıcanım, hardasan?
Köhnə şəhər, dar küçə
Külək, sazaq, dörd divar.
Yolun hansı yanadır?
Ordan boylanım sənə
Sağım, solum, bütünüm,
Yarıcanım, hardasan?
***
Həsrətindən hana qurub,
İlmə-ilmə arzular toxudum
Çiçəklərin al gülündən.
Vətən arzum, gül arzum
Hanadan gülən arzum,
Gül, üzümə, gül arzum.