Ürəyim
Ömrüm ötüb-keçdi harayla, küylə,
An kimi ötüşdü ilim, ürəyim.
Sonuncu sirrini aç mənə söylə,
Qoy mətləb
üstünə gəlim,
ürəyim.
Bir gün ötüb-keçər
kədər də, qəm də,
İndi dağ bildiyin dərd də, sitəm də.
Yetim bir quzuya dönmə
sinəmdə
Kükrəyib çağlayan dəlim -
ürəyim.
Sən qaçaq olubsan qeybət düşəndə,
Dəyərlər enəndə, qiymət düşəndə.
Həqiqi
sənətdən söhbət
düşəndə,
Səninlə uzundu dilim, ürəyim.
Demədin mən hara, bu sevgi hara?
Özün öz içində çəkildin dara.
Necə
dözə bildin sərt baxışlara
Ay kövrək ürəyim,
həlim ürəyim?!
Sənsən bu dünyada olub-qalanım,
Acı həqiqətim,
şirin yalanım.
Tanrımla aramda körpü
salanım,
Sərvətim, qızılım, ləlim
ürəyim.
Yanğım burum-burum tüstündə
qalıb,
Acı xatirələr
qəsdində qalıb.
İndi
təkcə sənin üstündə qalıb,
Hər şeydən
üzülən əlim,
ürəyim.
Ömrə yan almamış
bir qan, bir qada,
İlk öncə
mən səni atmışam oda.
Təkrar
olunmayıb heç vaxt dünyada
Mən sənə etdiyim zülüm, ürəyim!
Ürəyə xəyanət... bu
elə qəm ki,
Sevgisiz illərin gözləri nəm ki...
Mən sənə elə bir dağ çəkmişəm
ki,
Min illər soyumaz
külüm, ürəyim.
Uçurar ruhumu bir səda, bir səs,
Sənə darlıq edər dünya - bu qəfəs.
Musanın ömrünə qəfil,
təngnəfəs,
Səninlə gələcək ölüm,
ürəyim.
Gözəlliyə baxanda
Gözəlliyə baxanda yorğun
gözüm dincəlir,
Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir.
Qalxır
ərşi-əlaya, ruhum
göyə yüksəlir,
Bu vurğunluq Tanrıya can atmağımdı mənim.
Mənzilə çatdırmadı yollarımın kəcliyi,
Vədəsiz yola saldım rahatlığı, dincliyi,
Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi,
Ürəyimi yer-yerdən qanatmağımdı
mənim.
İndi
peşman, pəjmürdə
öz qəlbini dinləmək,
Bu sozalan yaddaşı
təzələmək, çinləmək.
Odu sönən illəri təzədən yelpikləmək,
Uyumuş duyğuları oyatmağımdı
mənim.
Gözümün vərdişidi bulaqtək
duru axmaq,
Qəlbi içdən közləmək,
ruhu yandırıb-yaxmaq.
Yaşımın bu çağında
gözəl qız sənə baxmaq,
Yanar lalə
üstünə qar atmağımdı mənim.
Sürəklərdə teylənib ovdan aralı qalan,
Ocağı öləziyən, gülü
saralı qalan.
Nə yarada bilər ki, yardan yaralı
qalan,
Bu andığım ağrılar
yaratmağımdı mənim.
Dördlüklər
Yuxutək yaşadım bu
məhəbbəti
Vüsal həsrətilə axır
qocaldım.
Sevgindən umduğum zövqü,
ləzzəti,
Adına yazdığım şeirdən
aldım.
***
Bir ömür çay kimi coşdum, çağladım,
Düşdüm sorağına qədirbilənin.
Dilim
"yar" deməkdən
yara bağladı,
Yerdə
tayı yoxmuş göydən gələnin!
***
Dərdi
yuvasında təkləmək
olar,
Tanrıdan xoş günlər bəkləmək olar.
İnsanlar ac nəfsə qul
olmasalar,
Dünyanı sevgiyə kökləmək
olar!
***
Ağrıyla, həsrətlə anır
keçmişi,
Xəyalı pəjmürdə, ürəyi
darda...
Bir vaxt kabinetdə pul sayan kişi,
İndi addımını sayır
bulvarda.
Qələm
Şeirsiz günüm gün
deyil,
Sovrulmuş samandı, qələm.
Yaşamağım mümkün deyil,
Rəhm elə, amandı, qələm.
İlham
kəssin amanımı,
Salsın məni çək-çevirə.
Üzümü çevir astara,
Görüm yenə mən sevirəm.
Üz tutduğum o Leylilər
Yenə məni Məcnun sansın.
Gözlərimdə bir gözəlin
Əksi yenə xumarlansın.
Sevgi deyib göylərə bax,
Qəlp sözün üstündən
adla.
Könüllərə süzülüb
ax,
Üzügülər bir ovqatla!
Gözlərini deş bu qəmin,
Daha ötkəm
çıxsın səsin.
Səni
mənim əllərimdən
Ölüm də ala bilmədin!
Atam, anam gedəli
Atam, anam gedəli
İtiribdir yaşamı.
O evdə yaşamırıq,
Heç
o ev də
yaşamır...
Sağikən haqlayıbdır
Bu dəlil-sübut onu.
Bir tabuta döndərir
Gecələr qatı zülmət,
Gündüzlər sükut onu!
Sahibini itirib,
Sinəsi dağlı qalıb.
Pəncərəsi pərdəli,
Qapısı bağlı qalıb.
Hörümçəklər tor salıb
Küncündə, divarında.
Aylar, illər əriyir
Dərdində, qübarında.
Həyətini ot basıb,
Yox çəpəri,
çalğısı.
Yetim evlər görəndə
Şair
gərək ağlasın,
Vətən gərək ağrısın!
Atam-anam
gedəli
İtiribdir yaşamı.
O evdə yaşamırıq,
Heç
o ev də
yaşamır!
Bu adam
Məcnun
səhrasında, Sənan
dağında
Çox
tufanlar dəf eləyib bu adam.
Həyatının ən önəmli
çağında
Yanlış yapıb, səhv
eləyib bu adam.
Alışdıqca günahının qorunda,
Çabalayıb vicdanının torunda.
Bu minvalla çətin yatar gorunda
Sağ canını məhv eləyib bu adam.
Yelpikləyib kömürünü, közünü,
Közərəndə deyə bilib sözünü.
Gah düşməntək dara
çəkib özünü,
Gah dost kimi əfv eləyib
bu adam.
İllər ötdü, ömür
keçdi yuxuda,
Canındadır bu yuxunun xofu
da.
Qəlbindəki əsintidə, qorxuda,
Cəsarəti dəfn eləyib
bu adam.
Ürəyindən baş qaldırar
bu sancı,
O sən olmaz, ay şüarçı, azançı.
Bu dünyadan dərd-qəm olub qazancı,
Göz yaşından nəf eləyib bu adam.
Olsun
Dünyanın qeylü-qalına,
Tərsinə ötən valına.
Gülüm, bu xəstə
halına,
Sağlam ruhum fəda olsun.
Səni
içdən öyənin
var,
Sinəsinə döyənin var.
"Qadan alım" deyənin var,
Çətin ki, bir qada
olsun.
Dərd
yaddısa xilqətinə,
Zaval yoxdu sən mətinə.
Həkimlərin şəfqətinə
Tanrıdan xoş səda olsun!
Vallah Tanrım qıymaz hələ,
Belə vaxtsız əcəl gələ.
Saf ürəkli sən gözələ,
Qoy bu inam əta
olsun...
Ağrılar itər anında,
Şəfa duyarsan canında.
Yoxdusa
Musa yanında,
İstəmir bir xəta olsun!
Xocalı
Qisasın alınmadı,
ağrı-acın bitmədi,
Ünüm sənə çatmadı,
Əlim sənə yetmədi.
Qəlbimizdə ilbəil
kömürləşən Xocalı.
Ömrü güdaza gedən,
ömürləşən Xocalı.
Mənim
şəhid şəhərim,
Sonsuz dərdim,
qəhərim.
Səndən söhbət açmağa,
Varmı tabım, təhərim?!
Qayım-qədim bir xalqın
ürəyinin yarası,
Lənətlə damğalanmış
tarixin üz qarası,
Bir əsrin göynəyini,
o bir əsrə yetirən,
Dünyanın töhmətini
indiyədək götürən.
Nəfəsi buz bağlayan,
qanı donan Xocalı.
Yaralı
heykəlini
özü yonan Xocalı.
Gecənin günortası
ahu kimi teylənən,
Bəyaz
qarın üstündə
qızıl qanı
sellənən
Saysız
cəsədlərindən
cələ quran şəhərim,
İçin-için ağlayan
ay hıçqıran səhərim.
Çingiz Mustafayevin
göynəkli hönkürtüsü,
İçimizin yanğısı,
başımızın tüstüsü.
Xocalı
sinə dağım,
qaysaq tutmaz yaramdı,
Qisasını almasaq
ömür bizə
haramdı!!!
Şairi
Ay adamlar, bir dinləyin,
Yetmişə yetən şairi.
Kaman kimi inildəyib
Qumrutək ötən şairi.
Dərbənd desin, Göyçə
desin,
Göynəyini göycə desin.
Sözü doğru, gerçək
desin,
Yurd oğlu,
Vətən şairi.
Gün əyilir, yetir qürub,
Şükür ayaq üstə durub.
Könüllərdə yuva qurub,
Gözlərdən itən şairi.
Tükənməz ağrı-acıyla,
Və bütövlük
amacıyla.
Öz köküylə, köməciylə
Torpaqda bitən
şairi.
Səsi
qalan, şuru qalan,
Üzündə gün nuru qalan.
Ömrü boyu duru qalan
Haqqa saf yetən şairi.
Yetər
ki, döydüm gözümü,
İçimdə boğdum sözümü.
Bir az da öyüm özümü,
Ötüm bir çətən
şairi...
Yazmalıyam
İlham
- ay bəxtimin tacı,
Çox düşünmə acı-acı.
Bu yaramaz ehtiyacı,
Sıxıb küncə yazmalıyam.
Mənimdir o batan gəmi,
Qurumaz gözümün
nəmi.
Göynədib dünya-aləmi,
Kövrək, incə yazmalıyam.
Tufan güclü, dərya sayıq,
Bir avarsız
qayıqdayıq.
Bir az sağlam,
bir az ayıq,
Düşününcə yazmalıyam.
Nə sonsuzmuş bu qayğılar,
Yox olsa, dünya dağılar.
Qəlbimdəki bu duyğular,
Tükənincə yazmalıyam.
Var olmasın bu varlıqlar,
Boğdu bizi qaranlıqlar.
Gözümüzdən toranlıqlar
Sökülüncə yazmalıyam.
Qoruyuram hələ canı,
Gözləyirəm o tufanı.
Torpağımda düşmən qanı
Tökülüncə yazmalıyam.
Boş ötüşdü qərinələr,
Nələr çəkdik, Allah, nələr...
Yer üzündən şər qüvvələr
Çəkilincə yazmalıyam.
Musa ƏLƏKBƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.-
27 avqust.-29.