Migel de Servantes
“Don Kixot”
Əvvəli ötən
sayımızda
...Don
Kixot bu mehmanxananı qəsr bilir... Sanço
Pansa ilə uzun mübahisədən sonra mehmanxananın həyətinə
girirlər. Sanço Don Kixotun dincəlməsini
istəyir. İstəyir ki, qoca dincələndən
sonra bəlkə anlaya ki, bu dünyada ədaləti bərpa
etmək mümkün deyil. Anlaya ki, adamlar
belə yaşamağa adət ediblər. Anlaya ki, malikanəyə
qayıdıb rahat həyat yaşamaq vaxtı çatıb!..
Lakin Don Kixot müxtəlif yoxsul təbəqənin
nümayəndələrini görən kimi yenə
alovlanır. Özünü təqdim edir. Mehmanxana
sakinləri onun törətdiyi əməllər barədə
eşitdiklərindən başlayırlar qocanı ələ
salıb lağa qoymağa.
- Bu
cür təlxəyi heç kral sarayında da tapmaq olmaz!
- Adam ona
baxanda gülməkdən ölür!
- Qoyun məzələnək!
Don Kixot:
- Əgər
qəsrdə bədbəxt, əzabkeş, zülmkarlardan əziyyət
çəkən varsa desin. Tale məni bu qəsrə
gətirib. Mən Qəmxar cəngavər
Lamançlı Don Kixotam!
Mehmanxana qulluqçusu Maritornes səs-küyə gəlir. Sakinləri
sakitləşdirir.
Maritornes:
- Nəyə
gülürsünüz?! Görmürsünüz
ki, o yorğundur, ayaq üstə güclə dayanır?!
Senyor, gedək, sizə otağınızı göstərim...
Don Kixot Maritornesi görüb heyrətlənir. Elə zənn
edir ki, onu qarşılayan qəsrdə yaşayan
qrafinyadır. Dulsineyanı tapa bilməyən
Don Kixot əslində ona mərhəmət göstərən,
diqqətli olan xanımları Dulsineya şəklində görür.
Onları əzizləyir, təriflər deyir.
Maritornes qocanı otağa aparır. Nəvazişlə yaralarını təmizləyib
bağlayır. Don Kixot bu nəvazişə
görə ona minnətdardır. Əgər o, bu nəzakəti
arzuladığı Dulsineyaya qovuşub ondan görsəydi,
lap xoşbəxt olardı...
Toboslu
Dulsineya!..
Senyor Don
Kixotun qəlbinin xanımı...
Bütün qadınlar kimi Maritornes də hansısa bir cəngavərin
qəlbinin xanımı olmağı həmişə
arzulayıb. Amma təəssüf ki, onu taleyin amansız oyunu yol
kənarındakı mehmanxanaya gətirib çıxarıb.
Və o, burada işləməli, yoldan keçən
ilxıçılarla gecələr əylənməli, bir
sözlə, birtəhər özünü
dolandırmalıdır!..
Hələlik isə o, Qəmxar cəngavər
Lamançlı Don Kixotla söhbətləşir, ona nəvaziş
göstərir.
Mehmanxana "sakinləri" Maritornesin məşuquna
sevgilisinin Don Kixotla əyləndiyini çuğullayırlar. Qısqanc məşuq
intiqam almaq hissi ilə otaqda peyda olur. Maritornesi
döyməyə başlayır.
Don Kixot
qısqanc məşuqu sehrbaz Frestona, Maritornesi isə
Dulsineyaya bənzədir! O, zənn edir ki, Freston Dulsineyanı
oğurlamaq istəyir... Qəmxar cəngavər
öz qəlbinin xanımını xilas etmək
üçün döyüşə atılır.
Don Kixot:
- Toboslu
Dulsineya uğrunda irəli!
Elə həmin anda da başından güclü bir zərbə
alaraq yerə sərilir, dəbilqəsi də ona kömək
etmir. Vəfalı
dostu Sanço onu birtəhər insan "sürüsü"nün
əlindən xilas etməyə nail olur...
Hadisə:
"İnsanlar çox qorxuludur".
Don Kixot:
- Sən
gördün ki, onlar tilsimdən necə əziyyət çəkirlər?
Sanço:
- İnanmaq istəyirəm, amma bacarmıram. Bizi ələ
salan, əziyyət verənlər ən adi adamlar idilər.
Don Kixot:
- Yalan demə!
Sanço:
- Mən
heç vaxt yalan danışmıram... İnsanların
törətdiyini də kabusların, sehrbazların adına çıxa bilmərəm. Bizim
başımıza oyun açanlar, bizi əzişdirənlər
ən adi adamlar idilər! Sehrbaz Freston heç
vaxt həmin qəsrdə gecələməyib. Eybi yox,
bircə qubernator olum... Mən bilirəm oradakıların
başına nə oyun açacağam!
Sanço, doğrudan da, inanır ki, Don Kixotun köməyi
ilə nə zamansa ədalət zəfər çalacaq?!
Və o, Don Kixot vəd etdiyi kimi, doğrudan da, qubernator
olacaq?!
Axı o,
çox yaxşı bilir ki, Don Kixot xəstədir!
Və o,
Don Kixota yazığı gəldiyi üçün onunla
şəhərbəşəhər gəzir, onu qoruyur, əzişdirilir,
təhqir olunur!
Bəs onda bu inam hardandır ki, Don Kixot onu qubernator təyin
edəcək?!
Axı
Sanço çox realistdir, romantika, xəyalpərəstlik
ona yaddır!
Ümid!
İnsanın
yeganə inandığı ümiddir!
Və
Sanço ümidini itirmir!
Bəlkə
də möcüzə baş verdi?!
Bəlkə...
Bəlkə...
Bəlkə...
Karrasko
Don Kixotu axtarmağa çıxanda evdə birinci əmri
"Kitabları yandırmaq lazımdır" olub! Və
hamı bir nəfər kimi Don Kixotun oxuduğu kitabları
yandırıblar! Sonra üz-gözünü
aktyorlar kimi qrimləyərək Don Kixotu axtarmağa
çıxıb. Ərəb geyimində gülməli
görünsələr də, var-dövlət qazanmaq eşqi ilə
alışıb-yanırlar. Nikolasdan daha
çox Karrasko özünü öldürür. Don Kixot onun üçün yeganə şansdır.
O, məhz Don Kixotu "əsir" alandan sonra var-dövlətə
sahib ola bilər. Və var-dövlətə
çatmaq üçün Karrasko nə desən edər!
Hətta
aktyorluq da!
O,
artıq "maska"lanıb!
Bəlkə
elə magistr təhsili ona maskalanmaqdan başqa heç nə
öyrətməyib!
Nəhayət,
"qohumlar" görüşürlər!
Nikolas
ağasını görüb diz çökür:
- Ey
qorxmaz cəngavər Lamançlı Don Kixot! Dünyada
ən talesiz və çarəsiz olan saqqallı şahzadə
xanıma kəmək edin.
Karrasko:
- Şahzadə Mikomikonaya kömək edin. O, uzaq Efiopiyadan kömək
istəyir.
Kömək!
İmdad!
Xilas!
Don Kixot nə
vəziyyətdə olur-olsun, kömək etməyə
hazırdır!
Don Kixot:
-
Gücüm çatan qədər məndən nə
asılıdırsa etməyə hazıram!
Don Kixot
hansı vəziyyətdə olur-olsun, ondan kömək umanlara
yardım etməyə hazırdır!
Karrasko:
- Gedək
bizimlə, ey cəngavər! Ey qorxmaz cəngavər! Şahzadə
Mikomikona əjdaha çəpgöz Pandafilandonun sehri ilə
tilsimə salınıb! Kim bu qəfəsə
girsə həmin sehri öz üzərinə götürərək
şahzadə xanımı xilas etmiş olur.
Bu sehrbaz
Don Kixota tanış deyil. İlk
dəfədir onun adını eşidir.
Əjdaha
Pandafilando!
Adətən əjdahalarla, sehrbazlarla döyüşmək
lazım gəlir. Bu xilas yolu isə ancaq qəfəsə girməkdən
ibarətdir! Bu "yeni" döyüş
növü Don Kixota maraqlı gəlir. Sehr
döyüşü. Don Kixot artıq
razılaşır. O, artıq özünü
ovsunlanmış zənn edir!
Sanço
isə şübhələnir! Necə yəni
elə qəfəsə girməklə sehrlənmiş
şahzadə xanım xilas olur?
O,
ömründə belə şey eşitməyib! Bu inanılmaz bir xahişdir. Belə şey ola bilməz! Və Sanço
şübhələnir.
Sanço:
- Deyin
görüm, nə qədər qəfəsdə qalmaq
lazımdır.
Karrasko:
- Qəfəsə
girən qorxmaz adam sakitcə oturub taleyin
hökmü ilə aparılan yerə getməlidir. Yalnız o vaxt şahzadə xanım amansız
sehrbazın pəncəsindən qurtara bilər.
Şübhələr
Sançonu rahat buraxmır!
Sanço:
- Sənədlərinizi
göstərin!
Nikolas:
-
Hansı sənədləri?
Sanço:
- Sizin həqiqətən
efiop olduğunuzu və həqiqətən şahzadə
xanım tərəfindən göndərildiyinizi təsdiq edən
sənədləri.
Don Kixot:
- Yaramaz! Yazıq qız xilas olması üçün
yalvarır, sən isə kral məmuru kimi sənəd tələb
edirsən?! Mən artıq ovsunlanmışam! Mən şahzadə xanımı məlun çəpgöz
Pandafilandonun sehrindən azad etməyə gedirəm.
Nikolas:
-
Eşitdin, silahdaşıyan, cəngavər ovsunlanıb, o,
şahzadə xanımı azad etməyə yollanır.
Və qəfəsə
qıfıl vurulur!
Qəhrəman
qəfəsdədir!
"Don
Kixot əməliyyatı" uğurla sona yetdi!
Həmişə
ağasını ən ağır vəziyyətdən xilas
etməyi bacaran Sanço bu dəfə iki
"maska"lanmışın qarşısında aciz
qaldı! Onu qoruya bilmədi.
Sanço:
- Bəs
mən nə edim?
Don Kixot:
- Sən
silahların keşiyini çək! Çox getməz mən
zəfərlə qayıdaram!
Və Don Kixot "efioplarla" birlikdə gözdən
itir.
Sanço:
- Mən
sizsiz nə edim, cənab? Senyor, dəbilqəni unutdunuz... Dəbilqə
yaddan çıxdı...
Təəssüf
ki, Don Kixot Sançonun fəryadını eşitmir!
Bu "dəbilqə"
üçün o özü də bilməsə adam qarət etmişdi və bu işdə
Sanço ona yardımçı olmuşdu. İndi həmin dəbilqə
yaddan çıxır!
Sançonu
düşündürən odur ki, əgər belə getsə,
ağasının hər şey yadından çıxacaq,
bir müddətdən sonra onun da kim
olduğunu bilməyəcək. Və belə olan surətdə
Sançonun bütün ümidləri boşa çıxa
bilər!
Hadisə:
"Uğurlu əməliyyat və ya son cəhd".
Don Kixot "qəfəs"dən çıxır. Sanki uzun
müddət qəfəsdə qalmış, sonradan
azadlığa buraxılan pişiyə dönmüş aslan
kimi, Don Kixot da o cür qəfəsdən çıxır.
Sınmış, əzilmiş. Onun üzünü Karrasko parça ilə örtsə
də, yolun yarısında Karrasko ilə Nikolasın
danışdığından senyor Kixano artıq
aldadıldığını başa
düşmüşdü. Odur ki, örpəyi
qəfəsin üstündən götürəndən sonra
Don Kixot heç nə demədən doğma evinə
keçir. Ətrafdakılar onu
sorğu-sual etsələr də kimsəyə cavab vermir, nəsə
axtarır.
Tereza:
-
Dayı, heç olmasa bir kəlmə söz deyin, axı mənim
sizdən başqa bir kimsəm yoxdur...
Don Kixot Terezanın saçlarını oxşayır. Yenə də dayanmayıb
otaqları ələk-vələk edərək nəsə axtarır...
Don Kixot:
-
Danışacam, övladım, səninlə də
danışacağam... İndi isə kitablar məni gözləyir...
Mən qiraətlə məşğul olmalı, oxumalı,
fikirlərimi toplamalıyam... (Sən demə
bayaqdan senyor Kixano kitablarını axtarırmış).
Bəs hanı mənim kitablarım? Hanı kitablar? Hanı Freston?
Karrasko
heç nə deməyərək geyindiyi paltarını dəyişir,
üz-gözünü silir...
Alba:
-
Günah hamısı ondadır, əlahəzrət. Uçub
gəldi, hay-küy saldı, tüstünü buraxdı,
fırfıra kimi fırlandı, sizin sevimli kitabları
götürərək uçub getdi...
Don Kixot
heyrət içindədir... Onun neçə
vaxtdan bəri oxuduğu kitabları Freston oğurlayıb.
O, diqqətlə ətrafındakılara baxır. Hamı nəzərlərini ondan
yayındırır. Nəzərlər
Karraskoya zillənir.
Karrasko:
- Siz məni
xatırlayırsınız?
Senyor Kixanonun yadına düşür ki, ən
maraqlı kitabları o, çardaqda gizlədib. Cəldliklə
çardağa çıxır. Karrasko
onu müşayiət edir.
Don Kixot:
- Hə...
Siz Samson Karraskosunuz, Bartolomeo Karraskonun oğlusunuz, tələbəsiniz.
Salamankada təhsil alırsınız. (Senyor Kixano özü bilərəkdən Karraskoya ətraflı
cavab verir. Çünki bilir ki, onu "dəli"
hesab edirlər).
Karrasko:
-
Düzdür. Artıq universiteti bitirmişəm,
tibb üzrə magistr kimi bura dönmüşəm. Bir çox kəşflərdən məlumatlıyam.
Mən sizi müalicə edəcəyəm.
Don Kixot:
- Kim bunu
sizdən xahiş edib?
Karrasko:
- Sizin
bacınız qızı, senyor Kixano.
Demək,
Tereza da dayısını dəli hesab edir!!!
Ən
yaxın adamı!
Don
Kixot:
- Mən
xəstə deyiləm, sadəcə olaraq bir az
zəifləmişəm!
Senyor Kixano axtardığını heç çardaqda
da tapa bilmir. Yoxa çıxıb. Onun
kitablarını atıblar. Freston ona əziz və
doğma olanları da sehrləyib...
Kixano yerdə
oturur...
Nəfəsi
daralır...
Karrasko:
- Sizin
müalicəyə ehtiyacınız var. Siz ağır xəstəsiniz.
Daha evdən də gedə bilməyəcəksiniz.
Don Kixot:
- Bir az özümə gələn kimi gedəcəyəm.
Mənim ləngiməyim bütün
insanlığa ziyan gətirir.
Çardaqdan yerə tullanır. Bu qoca adamda belə
güc haradandır?!
Görünür,
dünyanın axarını dəyişmək istəyi fiziki
gücsüzlüyü unutdurur!
Zəiflik
yaddan çıxır!
Əvəzində
mənəviyyat qalib gəlir!
Karrasko:
- Senyor, sərsəri
cəngavərlərin dövrü çoxdan bitib, yox olub!
Senyor
Kixano ancaq indi xatırlayır ki, ovsunlandığından dəbilqəsi,
nizəsi və qalxanını götürməyib!
O,
inanıb!
Don Kixot:
- Elə indi də, keçmişdə
də, lap qədimdə də bədbəxt adamlar həmişə
kömək diləyirlər, kömək umurlar, xoşbəxtlər
isə qulaqlarını yumurlar. Ona görə bizlər...
Karrasko:
- Siz
neçə nəfərsiniz?
Don Kixot:
- Saymaq mənim
işim deyil. Mənimki döyüşmək,
vuruşmaqdır!
Bir həmlə ilə Karraskonu yıxıb darvazanı
açıb çıxmaq istəyir. Karrasko onun
ayaqlarından yapışır.
Karrasko:
- Qoymaram!
İcazə vermərəm! Elmin son nailiyyəti
ağlını itirənlərlə qəddar
davranmağı tələb edir. Mən
sizi zəncirləyib qoruyacağam. Mən sizi Don Kixot dəliliyindən
xilas edəcəyəm, sağaldacağam...
Senyor Kixano nə qədər dartınsa da Karraskonun əllərindən
çıxa bilmir. Nikolas əvvəlcədən
hazırladığı zəncirləri gətirib, Kixanonun əl-qoluna
zəncir vurur. Hərə bir tərəfdən
dartaraq onu həyətə salırlar. Qoca
nə qədər çalışsa da quduzlaşmış
doğmalarının pəncəsindən qurtara bilmir.
Hadisə:
"Zəncirlənmiş aslan".
Gecədir...
Malikanədə hamı yatıb. Çoxdandır senyor Kixanonun qohumlarının, kənd
sakinlərinin yuxusu ərşə çəkilmişdir.
Axı ağaları, ağsaqqalları "dəli" olub
çöllərə düşüb "ədalət"
axtarışına çıxmışdı! "Ədalət"
deyilən bir müqəddəs məfhumu bərpa etməyə!
İndi hamı rahatdır. Karrasko
onu tutub gətirdi. Yalan deyib aldatsa da, hər
halda əsl qəhrəmanlıq göstərib ipə-sapa
yatmayan senyor Kixanonu evə qaytardı. Onu sağaldacağına
söz verdi... Və birinci müalicə
üsulu olaraq zəncirləyib həyətə saldı!
Axı
senyor "dəli"dir!
Dəlini də mütləq zəncirləmək
lazımdır.
Sonrasına
isə Allah kərimdir!
Kixano
lazım olan bütün sənədlərə imza atacaq!
Tereza
Karraskonun arvadı olacaq!
Və hər
ikisi yeganə varis kimi senyor Kixanonun var-dövlətinə
sahib olacaqlar!
Daha
doğrusu, Karrasko sahib olacaq!
Nə
yoğurdum, nə yapdım, hazırca kökə tapdım!
Hamı
rahatdır!
Karrasko
qalibdir! O, nəhayət, arzularına çatdı!
Gecədir...
Hamı yatıb... Bircə senyor Kixano
oyaqdır. Əl-ayağı zəncirlənmiş
bu qoca özünü alçalmış hesab edərək
it damının yanında mürgüləyir.
İnsanlara inanaraq aldadıldı! Yaxın adamları tərəfindən
zəncirləndi...
Bu vaxt
doğma bir pıçıltı onu mürgüdən
ayırır:
- Senyor!..
İlahi, bu səs yuxuda yox, həqiqətdə
olsaydı, senyor Kixano dünyanın ən azad və xoşbəxt
adamı olardı.
- Senyor, mənəm,
sizin silahdaşıyan.
Don Kixot:
-
Sanço...
Bu həqiqətdir!
Əfsanələrdə olduğu kimi silahdaşıyan öz
ağasının köməyinə gəlib!
Sonra da
deyirlər ki, əfsanələrə inanmaq olmaz!
Dostlar
görüşürlər...
(Davamı gələn
sayımızda)
Bəhram OSMANOV
Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.8-9.