Mən də belə yazıram
Hekayələr
Lap məəttəl qalmalıdır! Görürsən biri çıxır televiziyaya, onu belə təqdim edirlər: "İctimai xadim, filan idarənin sabiq müdiri, görkəmli tədqiqatçı, elmlər doktoru, professor, 20 kitabın, 400 məqalənin müəllifi... filankəs!".
Baxırsan, baxırsan, deyirsən ya Rəbb, niyə indiyədək mən bu boyda şəxsiyyəti tanımamışam! Öz-özündən şübhələnirsən ki, yəqin, çox geri qalmışam... Yaxud başqalarının məruzələrini, çıxışlarını üst-üstə yığıb kitablar nəşr etdirən adama deyirlər alim. Bir ağıllı adam da soruşmur ki, bu nə vaxtdan alim olub, elmə nə yeniliklər gətirib? Ən qəribəsi də burasıdır ki, elm adamı elm adamıdır, bunu başa düşürük, bəs bu elmi adın qarşısında tutduğu vəzifənin adını yazmaq nə deməkdir?
Keçmişdə torpaqlarımızın bir hissəsi düşmənə verildikdən sonra necə olubsa, bir neçə adam general olub. İndi xatirə söyləyir, hər kəlmə başı deyir "Mən bir general kimi vicdanıma and içirəm!". A kişi, vətən torpaqlarını verən adamın vicdanı olar? Sən olmayan bir şeyə necə and içirsən, hə?
Belə şeyləri eşidəndə, "Sabiqlər" əsərinin tüplərini xatırlamamaq olmur: "Mən nazir olanda...", "mən rəis olanda...", "mən direktor olanda...". Gördük də bu vəzifələrdə nə hoqqalardan çıxdığınızı, "hörmətli" sabiqlər!
Cəhənnəmə, mən də öz ad-familiyamın qarşısında belə yazıram:
"Yazıçı, satirik, dramaturq, ölkəmizin xaricdə sabiq elçisi, sabiq qəzet redaktoru, çoxlu kitabın, pyeslərin, minlərlə məqalənin müəllifi"...
Hə, necədir? Xoşunuza gəlir?
Tacir olmaq istəyirdim...
Bir dəfə yazmışdım ki, mən kimdən əskiyəm, nazir olmaq istəyirəm. Elə bildim mənimlə maraqlanıb çağıracaqlar yuxarılara ki, sən kimsən, nəkarəsən ki, nazir olmaq istəyirsən? Bu günə qədər gözləyirəm, görürəm çağırıb-eləyən, maraqlanan-filan yoxdur. Deyəsən, nazirlikdən yavaş-yavaş əlim üzülür. Özünüz görürsünüz ki, dolanmaq da gündən-günə çətinləşir, olur cəhənnəm əzabı!
Sizi "neyniyim", "necə eləyim?" - deməyəsiniz, gecə-gündüz fikirləşirdim neyniyim, necə eləyim? Çox götür-qoydan sonra qərara gəldim ki, tacir olum. Elə bildim tacir olmaq nazir olmaqdan asandır. Bu mənə belə gəlirdi ha! Odur ki, istədim bir mağaza açım, kasıbkarlığımı eləyim özümçün. Amma gərək bu işə də baş qoşmayaydım. İnandırıram sizi, bəlkə də nazir olmaq asanmış, nəinki tacir olmaq. Bu, başdan-ayağa əngəl-hoza imiş ki!
Nə başınızı ağrıdım,
bir-iki nəfər ticarət işçisi tapıb, fikrimi
onlara bildirdim. Dedilər, gərək əvvəlcə yer
tapasan. Yüz dənə boş yer göstərdim.
Güldülər, bildirdilər ki, gərək icra hakimiyyətinə
gedib, o yerin icazəsini alasan. Üz tutdum icra hakimiyyətinə.
Fikrimi bilən kimi, gördüm mənə bir cür
baxırlar. Gözlərindən oxudum ki, demək istəyirlər,
dəli-zad olmusan? Bəyəm, kim gəlsə ona yer verməliyik?
Soruşdum,
bəs neyniyim?
Dedilər, get, tacirlərdən soruş,
başa salarlar səni. Mən də getdim
soruşdum. Qırmızı-qırmızı
üzümə nə desələr yaxşıdır?
"Səndən ticarətçi olmaz!".
Soruşdum, niyə? Dedilər, sən adi
şeyləri bilmirsən... Maraqlandım,
yaxşı, tutaq ki, o "adi şey" dediyinizi elədim, bəs
sonra? "Sonrası uzun işdir" - deyə,
məni başa salmağa çalışdılar. Gərək
sənin nizamnamən, məramnamən ola
ki, mağazanı açmaqda fikrin nədir, orada nə satacaqsan,
hansı yollarla mal alacaqsan, xalqın güzəranını
yaxşılaşdırmaqdan ötrü nə edəcəksən
və sair və ilaxır. Hələ bu harasıdır, tutaq,
yer aldın, gərək özün material tapasan, usta tapasan,
mağaza tikdirəsən. Özü də gərək
mağaza qəşəng ola, uzaqdan
müştərilərin nəzərini cəlb eləyə. Heç bilirsən neçə yüz min pul
lazımdır? Mən də onları başa saldım
ki, heç mən neçə il bundan əvvəl
aldığım mənzili təmir etdirə bilmirəm,
mağazanı necə tikim? Dedilər, onda
camaatı ələ salmısan? Yeri, get, öz
iş-gücünlə məşğul ol, səndən ticarətçi
olmaz!
İndi qalmışam bir qələmin ümidinə. Bu yandan da
kağız getdikcə bahalaşır. Qorxuram
qəzeti də buraxa bilməyək. Bir də,
a kişilər, indi kimdi ey qəzet oxuyan, hamı pul qazanmaqla
məşğuldur. Fikirləşirəm,
neyniyim, necə eləyim? Sonqulu kimi
qazanclı yer axtarmaqdan abırım, həyam gedib. Bəlkə mənə bir yol göstərəsiniz,
hə?
İstəyirdim görəsən...
Yaşlı
bir kişi Həcc ziyarətinə getmək
istəyir. Bir az pulu varmış. Pulunu
saxlamaq üçün verməyə etibarlı bir adam axtarır. Qərara alır ki, məscidə
gedib axunda versin. Axundla görüşüb deyir:
- Axund
ağa, mən Həcc ziyarətinə getmək istəyirəm.
Bir az pulum var, onu sizə verim, saxlayın.
Başıma bir iş gəlsə, fəqir-füqəraya
paylayın. Sağ-salamat gəlsəm,
özümə qaytarın.
Axund
etibarlı adam olduğunu sübuta yetirmək
üçün belə bir iş görməyi məsləhət
görür:
- Mən
pulu səndən yalnız məscidin işçilərinin
şahidliyi ilə götürə bilərəm. Qoy sənin də ürəyin sakit olsun.
Axund məscidin bütün işçilərini -
möminləri, malları, təxminən yüz nəfəri
bir yerə yığıb, onların şahidliyi ilə əmanəti
qəbul edir.
Kişi Həcc ziyarətini başa vurub axundun yanına
qayıdır, ondan verdiyi əmanəti istəyir. Axund dillənir:
- A kişi, mən heç səni görməmişəm
və tanımıram. Nə əmanət, nə
pul?
Kişi təəccüblə:
- Axund ağa,
mən məscidin bütün mömin müsəlmanlarının
şahidliyi ilə sizə pul verdim ki, saxlayasınız. Yəni yadınızdan çıxıb?
Axund:
- Onda qoy
onları çağırım, soruşaq.
Camaat yığılır. Axund camaata üz tutub deyir:
- A
kişilər, bu adam gəlib mənə
deyir ki, Həccə gedəndə sizin şahidliyinizlə mənə
saxlamaq üçün pul verib. Mən də
deyirəm ki, pul görməmişəm, onu tanımıram.
Siz pul görmüsünüzmü, bu kişini
tanıyırsınızmı?
Hamı
bir ağızdan dillənir ki, "xeyir, biz nə pul
görmüşük, nə də bu adamı
tanıyırıq"!
Axund camaata:
-
Yaxşı, gedin, - deyir.
Adamlar gedəndən sonra axund qəzetə
bükülü əmanəti kişiyə qaytarır. Kişi lap mat qalır və
soruşur:
- Axund
ağa, bu nə həngamədir çıxarırsan? Pulu verirdin əvvəldən verəydin də.
Təzədən bu qədər adamı niyə
başımıza yığırdın?
Axund cavab
verir:
- İstəyirdim
görəsən ki, biz kimlərlə işləyirik...
Tikəcəyəm...
"KVN"çilər demişkən, "şəhəri
tikib çeviriblər". Tikə-tikə gedirlər.
Kimin pulu var, nə isə tikir, satır.
Mən mənzilimin divarından qopan bir yeri təmir etdirənə
kimi canım çıxır. Buna baxmayaraq, dedim, cəhənnəmə,
mən də ev tikəcəyəm. Amma tikintiyə -filana pulum yox idi. Gələcək sakinləri tapıb onlardan
yaşayacaqları mənzillərin dəyərinin otuz faizini
aldım. Beləliklə, əlimə sərmayə
toplayıb, işə başladım. Belə-belə
üç-dörd ev tikib, ikiqat qiymətinə
satdım.
Amma qədim binaları sökdürdüm, uca,
yaşıl ağacları qırdırdım, bir sözlə,
harada gəldi, tikdirdim. Qəzetlərdə haqqımda çox
yazdılar, efirlərdə çox dedilər. Nə
olsun, yazdılar, dedilər... Kimdir onların
yazılarını oxuyan, dediklərinə qulaq asan?.. Əlqərəz...
İndi yeni bina tikdirmək istəyirəm. Amma torpaq məsələsi
yaman çətinləşib. Qiymətlər
də bahalaşıb. Tikinti
materiallarının dəyəri dörd-beş qat artıb.
Qərara gəlmişəm ki, düz Akademik Teatrın
qarşısında bir yaşayış binası tikdirim. Amma şair
Füzulinin heykəli işə mane olur. O heykəli
sökdürmək mənim boynuma! Çoxdan sökülməli
idi, indiyə qalıb...
Şair
olmaqla deyil ey, bilirsiniz o kişi
ağzına yiyəlik eləyə bilməyib. Deyib
ki, "Salam verdim, rüşvət deyildir, almadılar".
Düz eləyib Füzulinin salamını almayıblar!
Alıb-verəydi, onun da salamını alaydılar! Odur ki, onun heykəlinin Füzuli meydanında
qalması məqsədəuyğun deyil. Mütləq
heykəli oradan götürüb, yerində yaşayış
binası tikdirmək mənə borc olsun!
Anlaqsız
(Olmuş əhvalat)
Xoruz döyüşdürənlər, it
boğuşduranlar, quşbazlar görmüşdük, amma
siçovulları "doğma balaları" hesab edən
görüb-eşitməmişdik.
Küçəmizdə
bir kişi vardı, adına "Krisa
Əli" deyirdilər. Çünki bu
adamın ailə-uşağı olmadığından gecə-gündüz
mənzilindəki siçovullara qulluq göstərir, onlara yemək,
su verir, onlarla bir yerdə yatırdı. Bir
sözlə, Əli bu siçovulları "öz
balaları" hesab edir, onların "nazı" ilə
oynayırdı.
Qonşu arvad görür ki, iri-iri siçovullar getdikcə
artır, həyəti başına götürür. Döşəməsilənlə
vurub onlardan dördünü öldürür. "Krisa Əli" "balalarının"
ölümünə dözə bilmir, bıçağı
götürüb cumur arvadın üstünə,
başını kəsir alır əlinə,
çıxır küçəyə. Polis
əməkdaşı bunu görüb heyrətə gəlir,
soruşur ki, əlindəki kimin başıdır? Əli də cavab verir ki, bu mənim dörd
balamı öldürüb, mən də başını kəsmişəm.
"Krisa
Əli"ni tutub basırlar "KPZ"-yə.
Bir neçə gündən sonra 8 Mart -
Qadınlar bayramı gəlir. "Siçovulların
atası", polis rəisinin yanına gəlib, bu münasibətlə
onu təbrik edir. Rəis "Krisa Əli"ni salır təpiyinin altına, o ki var,
döyür.
Nəhayət, məhkəmə olur. Hakim "Krisa Əli"ni göndərir ki, psixoloqlar rəy versinlər.
Onlar öz haqqını alandan sonra rəy verirlər
ki, bəs, bu Əli anlaqsızdır. Beləliklə,
"Krisa Əli" xeyli xərc-xəsarətdən sonra
qayıdır "balalarının" yanına...
Narahatam...
Tanıdığım vəzifəli şəxslərdən
biri mənə məktub göndərib. Məktubda nələr
yazsa yaxşıdır? Bir-bir ərz eləyim
qulluğunuza, görün beləsini görmüsünüz,
yoxsa yox?!
Yazır
ki, boş-bekar qalmışdım küçələrdə,
tanışlarımdan biri məni başa saldı ki, get bir
partiyaya üzv ol. Mən də onun sözünə
baxıb partiyalardan birinə üzv yazıldım.
Kaş, o gün başıma daş düşəydi!
Kaş, partiyaya gedən ayaqlarımı iflic vuraydı,
partiyasız qalaydım! Evim başıma uçaydı, evsiz
qalaydım! Durduğum yerdə, işsiş-gücsüz
ola-ola özümü işə saldım! Partiya üzvü
olan gündən oldum həmin partiyanın kəbinli
arvadı! Nə dedilər, məcbur olub yerinə
yetirdim. "Sür dərəyə"
dedilər, sürdüm dərəyə. "Öl"
dedilər, öldüm, "qal" dedilər, qaldım.
Bir də yan-yörəmə baxanda eşitdim
ki, hamı mənə yaltaq deyir. Öz-özümə dedim, əşşi, cəhənnəmə,
daha olan olub, keçən keçib...
Bir gün məni qoydular vəzifəyə. Vəzifə görməmiş
adam necə olar? Başladım
onu-bunu incitməyə. Adamlar məni
görəndə qorxurdular, çəkinirdilər. Müəllim olmaya-olmaya mənə "müəllim"
deyirdilər. Bir də eşitdim arxamca deyirlər:
"Görməmiş köpəyoğlu!".
Aylar
keçdi, il dolandı, işimə, evimə
xırda-xırda hədiyyələr gətirməyə
başladılar. Belə şeylərə necə öyrəşmişdimsə,
bir də gördüm olmuşam əliəyrinin, rüşvətxorun
birisi!
İşçilərim də əllərindən gələni
"beş qaba çəkirlərmiş". Nə istəyirlərmiş,
onu da edirlərmiş. Gəldilər,
yoxladılar, "zibillər" çıxdı ortaya.
Heç demə, mühasib də təsərrüfat
müdiri ilə birləşib idarənin büdcəsini
dağıdırmışlar...
İndi yoxlama materiallarını veriblər istintaqa. Qalmışam
təpəmə, gözümə döyə-döyə.
Mənə deyən gərək, ay zalım
balası, sən hara, partiya hara? Sən
hara, vəzifə hara?
Həmin
şəxs məktubunun axırında soruşur: "İndi
mən nə edim?".
Mən də
ona belə bir cavab göndərdim: "Yəqin, səni on-on
beş illiyə "şəfalı" bir yerə göndərərlər,
orada nə edəcəyini düşünməyə
vaxtın çatar!..".
Heç bilmirəm, cavabım onun xətrinə dəyər,
yoxsa yox? Bircə
bundan narahatam...
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.11.