Nikos KAZANTZAKİS
(1883-1957)
Osmanlı imperiyasının
Girit (Krit) vilayətinin İraklion şəhərində
dünyaya göz açıb. XX
yüzildə yaşayıb-yaratmış ən məşhur
yunan nasirlərindən biridir. Şair,
dramaturq, tərcüməçi və jurnalist kimi də
tanınıb. "Aleksis Zorbasın həyatı
və əməlləri" (1946), "Yunansayağı
ehtiraslar" (1948) və "İsanın son
çılğınlığı" (1955) romanları ilə
adını dünya ədəbiyyatının tarixinə
yazdırıb.
Ədəbiyyat üzrə
Nobel mükafatına namizəd göstərilib.
Sol təmayüllü siyasi
baxışlara malik bu yazarın "İsanın son
çılğınlığı" romanı Roma Katolik
Kilsəsi tərəfindən "Yasaqlanmış kitablar
siyahısı"na daxil edilsə də, 1988-ci ildə
dünya şöhrətli ABŞ kinorejissoru Martin Skorseze əsərin
motivləri əsasında eyniadlı bədii film çəkib.
Kazantsakis Fridrix Nitsşe fəlsəfəsinin
təsiri altında yazılan bir neçə pyesin müəllifidir. Gərgin tərcüməçilik fəaliyyəti
ilə də məşğul olan Kazantzakis 1932 və
1936-cı illərdə müvafiq olaraq Dante Aligyerinin
"İlahi komediya" və İohan Volfqanq Hötenin
"Faust" əsərini müasir yunan dilinə
çevirib.
Romanları əsasında
çəkilən filmlər Kazantzakisə dünya
şöhrəti qazandırıb. "Yunansayağı ehtiraslar" romanı əsasında
rejissor Jül Dassenin baş roluna məşhur yunan
aktrisası və müğənnisi Melina Merkurini çəkdiyi
"Ölümə məhkum biri" filmi (1957),
soydaşı Mixalis Kakoyannisin çəkdiyi və baş
rollarını Entoni Kuin ilə İren Papasa həvalə
etdiyi, musiqisini isə yunan bəstəkarı Mikis Teodorakisin
yazdığı "Yunan Zorba" (1964) filmləri bunun bariz
sübutudur.
Dünya şöhrətli hind mistiki
Bhaqvan Şri Rəcniş (OŞO) öz
mühazirə və kitablarında etiraf edir ki, onun fəlsəfi
dünyagörüşünün formalaşmasında
Kazantzakisin "Yunan Zorba" romanındakı baş qəhrəmanın
danılmaz rolu olub. Öz təlimini açıqlayarkən,
Oşo "Zorba" kod adı altında bəlli bir insan
tipini nəzərdə tutur və bu insan "nə cəhənnəmdən
qorxur, nə cənnətə can atır, sadəcə
ağız dadıyla və ürəyi istəyən kimi bir
həyat tərzi sürür, taleyin ona bəxş etdiyi
bütün əlyetən nemətlərdən - yemək-içməkdən
və qadınlardan həzz alır, iş gününü
başa vurduqdan sonra öz çalğı alətini
götürməklə, dənizin sahilində saatlarla
çalıb-oynayır, gülüb-şənlənir. Oşoya görə, ən ideal insan tipi də məhz
Zorba+Buddadır, yəni bu iki əks qütbü öz
varlığında birləşdirməyi bacaran kəsdir.
Möcüzə
hekayə
"Kəndimizin ağası Anaqnostisin evinə xoş gəlib,
səfa gətirmisiniz. Buyurub, keçin təamlardan dadın! Bu gün
çoşqaları axtalayıblar və xanım Anaqnostina
onlardan bizim üçün elə ləziz qovurma bişirəcək
ki, vallah, barmaqlarınızı yalayacaqsınız! Ancaq ev
sahibinin nəvəsi Minasa cansağlığı və
xoşbəxtlik diləməyi də gərək
unutmayasınız: axı bu gün oğlanın ad
günüdür!".
Krit
adasındakı hansısa kənd evinə qədəm basanda adam əbədiyyətin ta özüylə təmas
qura bildiyinə görə özünü necə də bəxtəvər
sanarmış: ocağın üstündə bir şamdan asılıb,
hündür sürahilər yağ və buğda ilə
doludur, divardakı taxçada isə ağzı ətirli
reyhan yarpaqlarıyla bağlanmaqla, içində bulaq suyu
saxlanan şüşə qablar düzülüb. Ətirli və
şəfalı otlar sayılan rozmarin (ətotu - A.Y.) və
zirədən hörülmüş çələnglər,
topa-topa bağlanmış nar və heyvalar sallanır
tavanın tirlərindən... Pilləkənlə
üç-dörd addım qalxdıqdan sonra artıq otağa
girirsən: qədim vaxtlardakına bənzər yüksək
yataq - taxt qurulub orada, onun üstündəki mübarək
ikonalar isə nöyüt lampasının
işığında göz oxşayır. İlk
baxışda insana bomboş görünən bu evdə əslinə
qalanda insanoğluna gərək olan hər şey tapmaq
mümkündür.
Əcəb
xoş hava var bu gün! Günəş işığına
qərq olmuş mülayim payız havası Tanrının
bizlərə bir lütfüdür, vallah! Evin
qarşısındakı bağçada budaqları pıtraq
kimi gətirən zeytun ağacının altında süfrə
açılıb bizə. O ağacın
gümüşüyə çalan yarpaqlarının
ardında, xeyli uzaqlarda isə dəniz sakitcə ləpələnir.
Başımızın çox-çox
üstündən uçan buludlar bizi gah günəşdən
gizləyir, gah ona göstərir; sanki bu yolla asiman gah sevinərək,
gah da kədərlə köksünü ötürür.
Bağın
o biri başındakı kiçik tövlədən o
axtalanan çoşqanın ətürpədici ciyiltisi gəlir
hələ də: evin qapıları açıq
qaldığı üçün köz üstə
qızardılan çoşqa xayalarının bihuşedici ətri
burnumuzun pərələrini durmadan
qıcıqlandırır.
Hərtərəfli
bələd olduğumuz və dəyişməz sayılan
mövzulardan söz salırıq: əkinlərdən,
üzüm bağlarından və yağışlardan. Kənd ağası ağır eşitdiyindən
hamımız uca səslə danışmağa məcburuq.
Anaqnostis ağa özündən arxayın tərzdə
və təmkinlə danışır, belə
görünür ki, onun nəzərində həyat - kimsəsiz
vadidə tənha ağac kimi öz varlığını
sürdürməyə bənzər bir şeydir. Doğulub-böyüyüb, evlənməklə,
dünyaya övladlar gətirib o, sonra nəvə sahibi olub,
daha sonra bunlardan kimlərsə ölüb, kimlərsə hələ
də həyatdadır, sağdır və bu qocaman nəsli məhz
odur ayaqda tutan, yaşadan.
Kritli bu qoca keçmişləri, öz atasını,
köhnə əyyamlarda yaşanan möcüzələri də
yada salır; axı keçmişdəki insanlar daha mömin
idilər, ən azı Tanrıdan qorxub-çəkinirdilər.
- Elə
bax, məni götürək! Dünyaya gəlməmə
əsl möcüzə səbəb olub. Hə, hə, əsl
möcüzə! İstəyirsiniz, bu barədə sizə də
danışım, onda görəcəksiniz ki, buna ancaq heyrətlənmək
və Uca Tanrıya şükür eləmək qalar bizə!
Sonra siz də mütləq monastıra gedib,
müqəddəs Məryəmin ikonası önündə
bir şam yandırarsınız.
Xaç
vurandan sonra qoca özünün təmkinli və qulaq
oxşayan səsiylə sözünə davam elədi:
- Deməli,
bizim kənddə varlı-hallı bir türk qadını
yaşayırdı... Bir gün onun doğum
sancıları başladı. Zavallı, eynilə inək
kimi, üç gün, üç gecə böyürüb,
dursa da, bundan heç bir nəticə hasil olmadı ki
olmadı! Qonşu qadınlardan biri ona məsləhət
gördü ki, Cəfərxanım, yaxşısı budur, sən
Məryəm anamızdan mədət istə. Türklər
də o mərhəməti bol olan müqəddəs Məryəmi
belə adlandırırlar axı!.. Ancaq o
qancıq Cəfərxanım ciyildəyərək demişdi:
"Ol-ma-z! Bunu etməz, ölməyi bundan üstün
tutaram!".
Ancaq ağrıları da səngimək bilmirdi. Aradan daha bir
gün, bir gecə keçdi, qadın yükünü
heç cür yerə qoya bilmədi. Əlindən
nə gələrdi axı?! Axırda dözməyib:
"Məryəm ana! Məryəm ana!"
- deyə acı fəryadlar qopardı.
Ah-naləsi göyə bülənd oldu, amma yenə də bir
şey alınmadı!
Qonşusu
ona dedi: "O sənin fəryadını eşitmir. Bəlkə
ona biz yunanlar kimi səslənəsən?".
Odur ki, hamilə qadın: "Müqəddəs Məryəm!
Müqəddəs Məryəm!" - deyə
çığırmağa başladı. Ancaq bunun
ardınca sancıları güclənsə də, yenə
heç bir yüngülləşmə olmadı...
Qonşusu
yenə ona ağıl verdi: "Sən düzgün müraciət
eləmirsən deyə, o da sənin imdadına yetişmir!". Belə olunca, o qancıq qadın təkrar:
"Ey Müqəddəs Məryəm!" - deyə
yalvardı və bətnindəki çağa bir quş xəfifliyi
ilə bu işıqlı dünyamıza təşrif buyurdu.
Bu hadisə baş verəndə bazar günü
imiş, aradan bir həftə ötür və mənim
anamın da doğum sancıları tutur. Ancaq o da
Müqəddəs Məryəmə durmadan yalvarmasına rəğmən,
öz övladını dünyaya gətirə bilmir ki bilmir.
Atam isə həyətimizin ortasında oturubmuş,
boğazından nə bir tikə çörək
keçirmiş, nə də bircə qurtum su - əzabdan lap
başını itiribmiş! Həm də Müqəddəs
Məryəmə acığı tutubmuş kişinin, hey
deyirmiş: "No-ol-du, o qancıq Cəfərxanım səndən
imdad istəyəndə nə tez onun köməyinə
çatdın, bizə gələndə isə... Eh-h!..".
Sancıların
dördüncü günü atamın səbri daşır,
düyünlü çoban çomağını da əlinə
alıb, düppədüz Müqəddəs Məryəm
(onun himayəsi başımızın üstündən bir an əskik olmasın!) monastırına üz
tutur. Kilsəyə qədəm qoyarkən adam
necə hikkəli imişsə, heç xaç-zad da vurmur,
qapını ardınca örtmədən düz gedib
ikonanın qabağını kəsdirərək
bağırır: "Hə, Müqəddəs ana! Sənə
də yaxşı bəllidir ki, arvadım Marulya hər şənbə
günü axşam çağı evdəki ikonanın
qarşısındakı lampaya yağ tökür, ancaq indi
o, düz üç gün, üç gecədir ki,
ağrınır, səndən imdad diləyir, yəni
heçmi o ah-naləni eşitmirsən?! Yəqin,
qulaqların tamam tutulub sənin! Ancaq o Cəfərxanım
kimi hansısa qancıq dara düşəndə onun köməyinə
əlüstü yetişməyə əcəb
hazırmışsan! Ancaq bir xristian qadın
üçün, mənim Marulyam üçün isə əlini
ağdan-qaraya vurmağa da ərinirsən! Özünü
karlığa qoyursan! Eh, əgər Müqəddəs ana yox,
adi arvad olsaydın, bax, onda bu dəyənəklə sənin
aşının duzunu yaxşıca verərdim!".
Ürəyini boşaltdıqdan sonra o, ikonaya təzim-filan
eləmədən oradan uzaqlaşmağa tələsib. Arxasını Müqəddəs
Məryəm ikonasına çevirdiyi an - şükür o
Uca Tanrının kəramətinə! - qəribə
bir cırıltı səsi qopub, sanki ikona ortadan
çatlayıb. Deyilənlərə görə, bir
möcüzə göstərəndən-göstərənə
ikonalar bu cür səs çıxarırmışlar! Atam nə
baş verdiyini anladığı üçün tez Müqəddəs
Məryəm ikonası önündə diz çökür
və xaç çəkərək: "Qarşında
günah işlətdim, məni əfv elə, ey Müqəddəs
ana! Bu səfərlik keç günahımdan! Az
əvvəl burada çərənlədiklərimi də
unut, getsin!" - deyə
bağışlanmasını diləyir.
Elə kəndə
çatmağını görür, yetən-yetən onu:
"Gözün aydın, ay Kostandis! Arvadın
oğlan doğub!" - deyə
muştuluqlayır. Həmin oğlan isə mən
imişəm - Anaqnostis. Anadangəlmə bu şoğərib
qulaqlarım ağır eşidir və bunda qəribə
heç nə yoxdur: axı atam dilinə küfr gətirməklə,
Müqəddəs Məryəmi kar
adlandırmışdı! Yəqin, o da qəzəblənərək,
kişidən hayıf alıbmış: "Deməli, belə
oldu, hə? Onda sənin də övladın qoy kar doğulsun
ki, bir daha kafircə davranıb, məni
aşağılamağı bilmərrə tərgidəsən!..".
Anaqnostis
təkrar xaç vurub, sözünə davam elədi:
-
Şükürlər olsun uca Tanrıya! Axı Müqəddəs
anamız məni kor da, dəli də, qozbel də eləyə
bilərdi, ya da - Tanrı qorusun! - qadın
kimi də doğula bilərdim! Eh, Tanrının mərhəməti
nə bir hədd tanıyır, nə də hüdud!
Bunu deyib,
o, stəkanlara şərab süzdü:
- Müqəddəs
ana qoy həmişə bizlərin həyanı olsun!
- Sənin
sağlığına, cənab Anaqnostis! Tanrı sənə
qoy yüz il ömür versin, hələ
kötücə görməyi də qismət eləsin!
Stəkanı
birnəfəsə başına çəkən qoca
bığlarına tumar çəkdi:
- Bu qədər
ki yaşamışam, elə o da bəsimdir! Nəvələrimi
gördüm, yetər! Hər şey əndazədə
gözəldir! Mənim möhlətim
daralıb artıq, canım da təpərdən
düşüb, hər şeydən
gözümü-könlümü, əl-əyəyimi
çəkmişəm. Əgər əkin-biçinə
də heyim qalmayıbsa, daha niyə yaşayım ki?!
Stəkanlara
təkrar şərab süzdükdən sonra bizi dəfnə
yarpaqlarına bükülmüş qoz-fındıq və
xurma kimi çərəzlərə qonaq elədi:
-
Varım-yoxum sayılan hər şeyi mən övladlarım
arasında ədalətlə bölüşdürmüşəm.
İndi heçcə nəyim qalmasa da, bu, zərrəcə
vecimə deyil! Çünki Tanrının da
xeyirxahlığı hər hansı hədd-hüdud
tanımır!
Zorbas
ağzını qocanın qulağına tutub,
bağırdı:
-
Tanrı xeyirxah olmağına xeyirxahdır ey, ancaq biz, bəndələr,
o cür deyilik! Görünür, o bizim də onun qədər
xeyirxah olmamızı arzulamır!
Qoca
qaşlarını çatdı:
- Ehey,
quda, bax ha, sənə belə sözlər yaraşmır!
Əsla küfr danışma! Bəyəm
İsa biz bəndələrindən ötrü azmı məhrumiyyətlərə
qatlaşıb?!
Ev sahibinin üzüyola və lal-dinməz davranan
xanımı Anaqnostina köz üstə yaxşıca
qovurduğu çoşqa yumurtaları yığılan
saxsı boşqabı və şərabla dolu mis sürahini gətirib
süfrəyə qoydu. Bunları masanın üstünə düzdükdən
sonra o, əlini sinəsində çarpazladı, qəddini
dikəldib, gözlərini yerə dikməklə, bir az aralıda dayanıb gözlədi.
Nə
gizlədim, mən bu süfrəyə gətirilən o nemətdən
bir az çiyrinirdim, hərçənd
ondan boyun qaçırmam da ayıb sayılardı. Məni
qıyğacı baxışlarla süzən Zorbas gülümsünərək
dedi:
-
Bütün dünyanı gəzsən, bundan daha ləziz bir
təam tapmazsan ha!
Anaqnostis
də qımışdı:
- Düz
deyir o! Bir dadına bax! Vaxtilə şahzadə Georgius da -
Tanrı onun ömrünü uzun eləsin! - buralara
gəlmişdi. Monastırın ziyarətindən
sonra, adətimiz üzrə, onun şərəfinə
süfrə açılır və qarşısına,
baxın, bu boyda şorba dolu kasa qoyulur. O da
qaşığı götürüb, şorbanın
içində bir az gəzdirəndən
sonra heyrət içində xəbər alır:
"Paxladır bunlar?" Qocaman rahib deyir: "Sən hələ
bunların bir dadına bax, sonra o barədə
danışarıq!".
Xörəkdən
əvvəlcə bir, sonra iki, daha sonra üç
qaşıq alan şahzadə az sonra
boşqabı tamamən boşaldır, ləzzətdən hələ
ağzını da yalayaraq soruşur: "Bu nə
möcüzədir belə? Əcəb ləziz
paxlalarınız varmış, vallah!".
Qocaman
rahib isə qəhqəhə çəkərək deyir ki:
"Bunlar paxla deyil, canım, yox, yox, paxla deyil bunlar! Zati-alilərinizə
layiqli təam hazırlamaqdan ötrü kilsəmizin xidmət
göstərdiyi bütün bu yaxın bölgədəki
xoruzları tutub, axtalamışıq!".
Danışdığı
əhvalata özü də qəhqəhə çəkən
Anaqnostis ləziz bir tikəni çəngələ taxıb
mənə uzatdı:
-
Vazkeçilməz təamdır bu! Haydı, ağzını
açsana!
Azca aralayan kimi o, həmin tikəni ağzıma qoydu. Təzədən
stəkanlarımız şərabla doldu və bu dəfə
biz onun nəvəsinin sağlığına qədəh
qaldırdıq. Qocanın gözlərinə
işıq gəldi sanki. Soruşdum:
- Cənab
Anaqnostis, nəvənizin necə biri olmasını istərdiniz?
Siz hər nə desəniz, biz də o uşağa məhz
bunları arzulayacağıq!
- Nə
deyə bilərəm ey, ay oğul?! Qoy o, nəcib bir insan kimi
böyüsün, ev-eşiyinə sahib çıxsın, layiqli
arvad və oğul-uşaq sahibi olsun! Qoy onun
övladlarından hansısa mənə bənzəsin, məni
tanıyan qocalar onu görəndə desinlər: "Bu balaca
oğlan eynən o qoca Anaqnostisdir ha durub! Tanrı özü
onun ruhunu şad eləsin, rəhmətlik əcəb də
xeyirxah insan idi!".
Arvadı
tərəfə üz tutmadan qoca ona səsləndi:
- Anazinyo!
Bizə yenə şərab gətir, Anazinyo!
Qəflətən tövlənin qapısı zərblə
çırpıldı və qatlaşdığı
ağrılardan ağlını lap itirdiyi üçün
şikayət dolu ciyilti qoparan çoşqa düppədüz
bizə tərəf qaçmağa başladı. Onun
xayalarından bişirilən qovurmanı yeyib, söhbətləşən
bu üç nəfərin qarşısında o zavallı
heyvan durmadan ora-bura vurnuxurdu. Zorbas canıyananlıqla
dilləndi:
- Canı
ağrıyır da yazığın!
Qoca ev sahibi qımışdı:
- Əlbəttə
ki, ağrıyar! Əgər eyni müsibət
sənin başına gətirilsəydi, bəyəm canın
ağrımazdı ki?!
Zorbas tez taxta masanı taqqıldatdı. Sonra isə təlaşla
donquldandı:
-
Ağzından yel alsın, qoca karcalı!
Xırda addımlarla ora-bura qaçan çoşqa hələ
də acıqla bizi süzürdü.
Artıq
qismən keflənən, xumarlanan qoca Anaqnostis uca səslə
dedi:
- Vay səni!
Sanki o, bizim məhz onun ətini yediyimizdən həqiqətən
də agahdır ha!
Beləcə,
biz, yəni özünü qarınqulu kimi aparan üç kişi, qarşımızdakı ləziz təamı
arın-arxayın dadır, üstündən şərab gillədirdik,
kefimiz kəllə-çarxa vurmuşdu. Həm
də zeytun ağacının gümüşü
yarpaqlarının ardından ara-sıra görünməklə,
qüruba enən günəşin pənbə rəngə
boyadığı o gözəl dəniz mənzərəsinin
həzzinə dalırdıq.
Kənd ağasının evini tərk etdiyimiz vaxt hava
artıq qaralmağa başlamışdı. Keflənmişdi
deyə, Zorbas da ürəyini mənə boşaltmağa dərin
ehtiyac duyurdu. Təmkinlə sözə başladı:
- Səninlə
əvvəlki söhbətlər heç yadındadır? Xatirinə gəlir, deyirdin ki, bu sadə xalqı
maarifləndirmək, onun gözünü açmaq vacibdir?
Buyur indi, aç gözlərini bu qoca Anaqnostisin! Yoxsa görmədin
arvadı azca aralıda: "Başqa bir istəyiniz
varmı?" deyərcəsinə necə
qaxılıb-durmuşdu? Bütün bunlardan sonra axı
onlara necə aşılayasan ki, kişi ilə
qadın bərabərdir, qarşında dayanıb
ağrıdan vurnuxan, ciyildəyən çoşqanın
ağ ətini yemək - əsl qəddarlıqdır?! Hətta
qarnın aclıqdan quruldasa belə, Tanrının
lütfündən, xeyirxahlığından dəm vurmaq
aşkar axmaqlıqdır! Sənin o maarifləndirici
söhbətlərin bu qoca kötüyü xatırladan
Anaqnostisə bəyəm təsir göstərər?! Hələ
onun arvadı Anaqnostinanı demirəm! Sən deyən kimi
davransalar, ərlə arvad davaya çıxar, toyuq xoruz kimi
banlamaq həvəsinə düşər, nəticədə
bir-birinin lələklərini yolub-tökərdilər... Sən,
gəl, bu insanlara baş qoşma, onları rahat burax, gözlərini
də açıb-eləmə! Guya gözləri
açılsa, nə görəcək axı bunlar?! Öz yoxsulluqlarınımı? Qoy onlar yenə
elə bu cür, yəni açıq gözlə röya
görməyə davam eləsinlər!
O susdu və
fikirli halda başını qaşıdı.
- Bax, əgər
sadəcə... Hə, əgər sadəcə...
- Desənə,
nə deyəcəksən!
- Əgər
sadəcə gözləri açılsaydı, onda sən
onlara başqa, yəni daha yaxşı bir dünyanı
göstərə bilərdin!.. Ancaq buna necə
nail olasan axı?!
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.28-29.