Viktoriyanın sirri
Siyasi-erotik novella
"Siyasi-psixoloji tipajlar" silsiləsindən
Fransanın müdafiə naziri Anri
Düpui istefa verdiyi günün axşamı, son beş ildə tez-tez onu girinc edən
azadlığın dadını çıxartmaq
ehtirasının qarşısında ciddi maneə
olmadığı qənaətinə gəldi. Beşulduzlu
hotellərdəki lüks xidmətlər, hovuzlar, saunalar, masajlar,
– bu şeylər bəzən gecəyə qədər davam edən
beynəlxalq konfransların gərginliyindən sonra əldə
etdiyi ləzzət növləri olmuşdu onunçün,
üstəgəl məzuniyyətlərdə ailəsiylə
ekzotik kurortlarda keçirdiyi günlər. Amma skandal, reputasiya məsələsinə görə,
fahişə və potensial məşuqələrdən həmişə
uzaq durmuşdu.
Ard-arda uğursuzluqlar səbəbindən son illəri gərgin
keçirdi. Malidə əl-qaedəçilər sülhməramlıların
bazasına hücum edib on iki fransalı əsgəri qətlə
yetirəndə, prezident onu baş qərargah rəisiylə
bir yerdə kabinetinə çağırıb hər ikisini
danlamışdı. Az sonra Mali
prezidentinin, Rusiyanın başkəsən muzdluları “Vaqner”
hərbi özəl şirkətini öz ölkəsinə dəvət
etməsi Düpuiyə ikinci zərbə olmuşdu. Öncə istefa vermək istəmişdi, bunun cəmiyyətdə,
üzv olduğu siyasi komandada zəiflik, məsuliyyətdən
qaçma kimi qəbul olunacağını
düşünüb vaz keçmişdi fikrindən.
Rusiya
Ukraynaya hücum edəndən on beş
gün sonra prezidentin qəbuluna düşən Düpui
bunları demişdi: “Ukraynaya mütləq hərbi yardım
etmək lazımdır. Rafael qırıcıları
vermiriksə, heç olmasa uzaq mənzilli raketlər verək.
Ukraynanın uduzması Avropa üçün
strateji təhlükə deməkdir”. Düpuinin
bu sözləri tək onun Ukraynaya sevgisiylə bağlı
deyildi, o, həm də zərbə almış
karyerasını xilas etmək istəyirdi. Prezidentsə
etiraz etmişdi: “Nə Rafael, nə raket? Amerikanlar
rusların qorxusundan Zelenskiyə F-16 verməyə cürət
etmir, almanlar illərlə anbarlarda paslanan köhnə Leopard
tanklarını vermir, sən onlardan qabağa
düşmüsən. Ukraynaya bu şeyləri
vermək Rusiyanın azğınlaşması,
dağıntıların, ölüm saylarının son həddə
çatması deməkdi, başa düşürsən?
Mən hələ taktiki nüvə
silahının istifadəsindən danışmıram”.
Arada gah
ABŞ-ın, gah da Böyük Britaniyanın müdafiə
nazirləri Düpuiyə zəng edib dil tökürdülər:
“Anri, başa düş, Ukraynaya artilleriya sistemləri, 155
millimetrlik mərmilər hava-su kimi lazımdı,
ukraynalılar ikinci Mariupol yaşamamalıdı. Siyasət bir yana, bu, ən azından, beynəlxalq
vicdan məsələsidi, başa düşürsən?”
– ABŞ-ın müdafiə naziri telefonda ona demişdi. Həm
o tərəfdən, həm bu tərəfdən tez-tez
eşitdiyi “Başa düşürsən?” sualından
qıcıqlanan Düpui amerikalı həmkarına
acıqlı tonda demişdi: “Mən əlimdən gələni
edirəm, amma siz yaxşı bilirsiz ki, xarici siyasətdə
son sözü bizdə prezident deyir”. Axırda “Le Figaro” qəzeti
üçün “X-2”[i] imzasıyla “Ukraynaya silah-sursat verməyimiz
strateji seçim olmalı” başlıqlı köşə
məqaləsi yazmışdı, üstəlik, yazıda
prezidentin adını çəkmədən onun cəsarətsizliyinə
yüngülvarı eyham vurmuşdu. İki gün sonra daxili kəşfiyyat
vasitəsilə məqalənin müəllifinin kim olduğunu bilən prezident onu kabinetinə
çağırıb salamsız birbaşa suala
keçmişdi: “Le Figarodakı məqaləni sən
yazmısan? – “Bəli, cənab prezident”. – “Fransanın Corc Kennanı olmaq iddiasındasan?
Hansı üzlə?” – “Cənab
prezident, xahiş edirəm, məni düz anlaya...” – “Bir dəyqə.
Malidə heç nə edəmmədin,
axırda rusların başkəsənlərini ora
çağırdılar. Amma məqaləndə
mənə sataşırsan. Məni hər
şeydən öncə Fransa maraqlandırır, başa
düşürsən? Sonra Avropa
İttifaqı, Frankofoniya ölkələri, ondan sonra Ukrayna”.
“Başa düşürsən?” sualından, işindəki
uğursuzluqlardan bezən, həmin anlar əsəbdən
gicgahları döyünən müdafiə naziri kabineti tərk
etməzdən öncə prezidentə demişdi: “Mən
artıq qəti olaraq istefa vermək qərarına gəlmişəm.
Amma Ukraynanın maraqları üçün əlimdən
gələni edəcəm. Bunu lap lobbiçilik kimi də
başa düşə bilərsiz”. –
“Fransanın milli maraqlarını unutmamaq şərtiylə nə
istəsən edə bilərsən,” – prezident ona tərəf
baxmadan donquldanmışdı.
İstefasından bir həftə
sonra Düpui bu dəfə öz adıyla yenə “Le Figaro”da
“Sonra gec olacaq” adlı məqaləsində birbaşa prezidentə
müraciət edərək, onu Ukraynaya heç olmasa, CAESAR
artilleriya sistemləri verməyə
çağırmışdı.
Keçən əsrin
altmışlarında Sorbonna universitetinin hüququnu əla
qiymətlərlə bitirən Anri o vaxt ölkədə on
minlərlə tələbənin iştirak etdiyi etiraz hərəkatına
qoşulmamışdı. Dostlarıyla söhbətlərdə
etirazçıları “faydasız boşboğazlar”, təzə-təzə
meydana çıxan seksual inqilab tərəfdarlarını isə
“acgöz primitivlər” adlandıran Anri bir dəfə dostu
Rişara demişdi: “Parisdə az qala hər üç
küçədən birində fahişə tapmaq olar. Axı bizdə seksual inqilaba nə ehtiyac var”. Sonucda “Güclü dövlət, hüququn aliliyi,
anarxiyaya yox” sözlərini sevən Düpui karyerasında
buna əməl etmişdi. İllərlə işlədiyi
dövlət qurumlarında reputasiya məsələsinə
xüsusi fikir vermişdi: sədaqətli ər imici, sağlam
həyat tərzi (yayda üzgüçülük,
qışda xizək sürmə), üzv olduğu partiyaya sədaqət.
Hələ iki il əvvəl
arvadı sağ olanda, Anrinin beynində cücərən
“azadlığın ləzzəti”, “azadlığın
dadı” yenidən boy verməyə başlamışdı. Öncə kaskadyorluq kurslarına getmək
ağlına gəlmişdi, ən çox maşını dərin
uçuruma tərəf sürüb, ora çatana yaxın
qapını açıb otluğa tullanmaq, sonra ayağa durub
qayalara dəyən maşının partlamasından yaranan səs
və qaranlıq uçurumda parlaq işıq effektindən həzz
almaq istəmişdi. Qorxu ləzzət istəyinə
qalib gəlmişdi. Sonra Bunuelin “Azadlığın
kabusu” filmində çoxmərtəbəli binanın otuzuncu
mərtəbəsindən snayper tüfəngiylə
küçədə gedən adamları öldürən
intelligent Bernar Levassördən fərqli olaraq,
yağışlı gündə gizli bir yerdən
küçədə gedən qadınların çətirlərinin
gövdəsini (qırılıb başlarına
düşsün deyə), avtomobillərin ön güzgülərindən
asılan amuletləri, kafelərdə masaların
üstündəki siqaret qutularını gülləylə
vurmaqla adamları qorxutmaq eşqinə
düşmüşdü. “Birdən güllə
kiməsə dəyər, polis, məhkəmə, advokat,
türmə. Mənə lazımdı bu?
Əlbəttə yox”. Bu
sevdasından da tezcə soyumuşdu.
İstefa verdiyi
günün səhərisi feysbukda özünə Şarl
Düval adlı saxta profil yaratdı. Şəkil
qalereyasında eşələnib beş il
öncə daxili işlər naziri işlədiyi vaxtlar,
Nitsada, çimərlikdə şezlonqda uzanıqlı, qara
gözlükdə, saqqalda, şlyapasının kölgəsi
alnına düşən halda çəkilən şəklini
profilinə qoydu. Sonra feysbukda ukraynalıların qrup səhifələrində
xeyli gəzişib Milanda yaşayan iyirmi beş
yaşlı, sarışın, uzun ayaqlı ukraynalı
Viktoriya Savçenkonu gözü tutdu və başladı onu
izləməyə. Bu qız gecə-gündüz
Ukraynanın müdafiəsi, ölkəsinə humanitar
yardımlar üçün paylaşımlar edirdi, müharibəni
dəstəkləyən ruslarla, qeyri-ruslarla tez-tez mübahisələrə
girirdi. “Həm gözəl, həm də əsl
vətənpərvər qızJ” – ilk
tanışlıqları “Şarlın” onun şərhinin
altında yazdığı bu cümlədən, cümləyə
qoyulan “ürək” işarəsindən başladı.
Az sonra Viktoriya ona dostluq göndərdi, dostluğu qəbul edən
“Şarl” onun inboksuna “alqış” işarəsi yolladı və
başladılar ingiliscə yazışmağa. “Şarl” özünü daşınmaz əmlak sahəsində
çalışan menecer kimi tanıtdı, qızsa dediyinə
görə, Milandakı butiklərin birində zinyət əşyaları
üzrə satış meneceri işləyirdi. Profilinə ticarət mərkəzində,
sırğa və boyunbağıların və arxada divardan
asılmış Ukrayna bayrağının fonunda çəkdirdiyi
şəklini qoymuşdu.
Tanışlıqlarının
ikinci günü Viktoriya müharibə təzə
başlayanda, qaldıqları binanın qonşu blokunun raket zərbəsi
nəticəsində dağılmasından, səkkiz nəfərin
ölməsindən, atasıyla anasının üç
gün sonra Milana, onun kirayə tutduğu ikiotaqlı mənzilə
gəlməklərindən, qardaşı Oleqin isə
hazırda Xarkov ətrafında ruslara qarşı
vuruşmasından danışdı. Msn-də
yazışa-yazışa on günün içində
bir-birinə isnişdilər. Bir müddət
sonra müharibə mövzusundan uzaqlaşıb, – artıq
dünya ictimaiyyətində müharibə, insan itkiləri
adiləşmişdi, – keçdilər romantik
mesajlaşmağa.
Bir yandan, azadlığın
dadını çıxartmaq istəyi, o biri yandan, bir-birinə
göndərdikləri pıçıltılı səs
mesajlarının, öpüş smayliklərinin
yaratdığı ehtirasdan sonra Anri anladı ki, artıq
görüşməyin vaxtıdır, gün, vaxt təyin
edib Milanın qıraq yerlərindən birində yerləşən
üçulduzlu oteldə görüşməyə qərar
verdilər.
Anri qapını açanda
qızın cingiltili səsi dəhlizə yayıldı:
“Vauu! Şaarl, bu nədii?! Sən
neynəmisən?!” – iki addım geri
çəkilən, heyrətdən qaşları yuxarı
qalxan Viktoriya onu içəri çağıran
lümlüt, qara gözlüklü Düpuiyə baxıb qəhqəhəylə
gülməyə başladı, eyni zamanda içəri
keçməyə tərəddüd etdi. “Viktoriya,
əzizim, başa düş, mən manyak deyiləm, keç
içəri”. – “Axı, niyə?” – “Niyəsiz. Bir vaxtlar insanlar elə
bu cür olublar, paltarsız, öz təbii hallarında.
Bir də, axı biz bir-birimizi kifayət qədər
yaxşı tanıyırıq. Elə
deyil?” – “Şarl, məncə, bu dəlilikdir,”
– “Dəlilik yox, azadlıq”. Qız yenə
qəhqəhəylə güldü. Anri nəhayət,
azadlığın ləzzətini almışdı, “içəri
keç” desə də, bu ləzzəti uzatmaqçün
Viktoriyanın bir neçə dəqiqə dəhlizdə
dayanıb ona beləcə matdım-matdım baxmasını,
sonra yenidən qəhqəhəylə gülməsini, heyrətlənməsini
istəyirdi. Eks nazir o dərəcədə
vəcdə gəlmişdi ki, həmin mərtəbədə
xidmət edən ofisiant onların yanından keçib bu səhnəni
görsəydi, vecinə almazdı.
Anrinin hədsiz
sevincinin üstünə qəfil seksual ehtiras gəldi.
Viktoriyanın əlindən tutub cəld hərəkətlə
onu özünə tərəf çəkdi,
ayağının ucuyla qapını itələyib
örtdü, qızı divara söykəyib vəhşi
ehtirasla boynunu, üzünü, çılpaq çiyinlərini
öpməyə başladı, dodaqlara keçəndə, gənc
ikən gələcək arvadıyla diskotekada həzin rəqs
edə-edə öpüşdüyü kimi yavaş tempdə
öpüşməyə başladı. “Ahh, Viktoriya, səndən
əla ətir qoxusu gəlir. Bunun adı nədi?”
– sağ qulağına
pıçıldayaraq o biri qulağının yumşaq
yerini sığalladı. – “Viktoriyanın sirri,” – qız
ehtiraslı iniltiylə cavab verdi. Victoria’s
Secret adda ətirin olmasından bixəbər Anri yenə onun
qulağına pıçıldadı: “Ahh, anladım səni,
əzizim. Gözəl qadınların sirrini
bilməməyin öz ləzzəti var”. Ehtirasın pik
həddə yaxınlaşdığını hiss edən
Anri istəmədi, ayaqüstə inildəyib qurtarsın,
öpüşə-öpüşə onu çarpayıya tərəf
çəkdi, uzadıb özünü üstünə
salanda, axının qarşısını ala bilmədi, bir
neçə saniyə inildədi, alnını qızın
çiyninə söykəyərək narazı-narazı
köks ötürdü. Qız onun başını
sığallayaraq xısın-xısın güldü.
“Əzizim, narahat olma, belə şeylər istənilən
kişidə olur,” – dedi. Anri ona süni gələn bu təsəllidən
qıcıqlansa da büruzə vermədi, cəld bir hərəkətlə
ayağa durdu, bununla dilxor olmadığını qıza
çatdırmaq istədi, kresloda oturub üzbəüz
kreslonu göstərərək dedi: “Otur. Nə
sifariş verim?” – “Steyk. Bordo şərabı və portağal”.
Düpui restorana zəng edib sifarişləri verdi.
“Ha-ha-ha, ofisiantı belə
qarşılayacaqsan?” – Viktoriya kresloya yayxanaraq
soruşdu. “Niyə də yox? – Düpui
tövrünü pozmadan cavab verdi, hələ
də hirsliydi, fikirləşdi ki, bəlkə, ofisiantı
heyrətləndirməklə hirsi keçər, vaz keçdi
fikrindən, ayağa durub xalatını geyindi. Və həmin
an altmış il öncə Fransada seksual inqilab tərəfdarları
haqda dostu Rişara “acgöz primitivlər” deməyi yadına
düşdü, “Rişar bu qızı lüt şəkildə
qarşılamağımı görsəydi, gülüb deyərdi
ki, yadında, o vaxt seksual inqilab tərəfdarlarına lağ
edirdin, indi oteldə sən özünçün mini inqilab
etdin”. Nəhayət, Anrinin sifətinə təbəssüm
qondu.
Ofisiant gedən kimi xalatını
çıxardıb enerjili bir jestlə yerə atan Anri şərab
dolu badəni qaldırdı: “Sənin sağlığına,
Viktoriya. Mənim Ukraynaya, sizin xalqa böyük hörmətim
var. Siz axı tək özünüzçün yox, həm də
Avropa üçün vuruşursuz. Slava Ukraini”
(Yaşasın Ukrayna) – “Qeroyam slava” (Qəhrəmanlara eşq
olsun) – Viktoriya ənənəvi şüarı deyib badəsini
onunkuyla toqquşdurdu.
Beşinci qədəhdən sonra
Anri Ukraynanın maraqları üçün lobbiçilik
etdiyini dedi, halbuki, bununla bağlı beynində heç ilkin
plan-filan yox idi. “O nə deməkdi?” – Viktoriya soruşdu. “Hmm, belə deyim, yarırəsmi, amma qanuna uyğun
hər hansı bir ölkəyə dəstək”. – “Maraqlıdı. Hərbi dəstək?”
– qız maraqla soruşdu. “Tək
hərbi yox”. – “Nəticə varmı?”
– Viktoriya işvəylə soruşdu. “Əminəm ki, ölkənizçün
edəcəyim işlərin mütləq nəticəsi
olacaq,” – deyib Anri şərabdan bir qurtum aldı,
qaşlarını çatıb sifətinə ciddi ifadə verdi. – “Əzizim, inanıram ki, sən
uğur qazanacaqsan,” – deyib Viktoriya onun qucağında oturdu,
öpüşməyə başladılar. “Şarl, msn-də səndən
soruşmamışdım. Elə bilirəm,
indi... hmm, – dodaqlarını dişlədi. – Sən evlisən?”
sualı Anrinin xoşuna gəlməsə də,
özünü məcbur edib quru tonda “Yox” cavabı verdi. Viktoriya başa
düşdü ki, əlavə sual verməyə ehtiyac yoxdur.
Anri isə hiss etdi ki, çox içdiyindən ehtirası
ölüb, qız ona nə etsə, alınmayacaq, pərt
olacaq. Sonda özünə təsəlli verdi:
“Əsas məqsədim epataj yaratmaq idi, buna nail olmuşam. Məncə, Viktoriya əla məşuqə olacaq.
Seks Milanda alınmaz, Parisdə alınar”.
Hiss etdi ki, son fikir özünə
təsəlli verməkdən başqa bir şey deyil, istəmədi
impotent kimi görünsün, az sonra
“Viktoriya, Ukrayna mütləq qələbə çalacaq. Sənin
adın qələbə deməkdi, ölkəniz mütləq
qələbə çalacaq” komplimentlərə əl atan
Anri cinsi zəifliyindən yaranan acizliyini ört-basır etməyə
can atırdı, eyni zamanda qorxurdu ki, qız nəhayət,
ayağa durub onu çarpayıya tərəf çəkə
bilər.
Altıncı qədəhdən
sonra Anri zəifliyini, pərtliyini gizlətməkçün
yenə jest etmək qərarına gəldi, qıza
üç yüz avro verib dedi ki, bunu ata-anası üçün
xərcləsin. Qız xeyli təşəkkür
etdi. Kresloya oturan Anriyə elə gəldi,
ukraynalı qız onun seksual böhrana
düşdüyünü hiss edib, sadəcə, üzə
vurmur, vəziyyəti öpüşlərlə yola verir.
Sonda Anri belə nəticəyə gəldi: “Bu da mənim kimi
çox içib deyə, seks həvəsində deyil”.
Viktoriya telefonunu götürüb
yenə Anrinin qucağında oturaraq nazla dedi: “Mən şelfi
istəyirəm,” – “Mən də,” – Anri həvəslə dilləndi.
Viktoriya öncə özünün, sonra Anrinin
telefonuyla hər ikisi ekrana baxan, öpüşən anlarda bir
neçə şəkil çəkdi. Şəkillərə
baxdılar, hər ikisi başını tərpədib
“Yaxşıdı” dedi. İçkidən başı hərlənən
Anri artıq əminiydi ki, çarpayılıq iş
alınmayacaq, ayağa durub iki dəfə “Slava Ukrainı” deyə-deyə,
bir təhər özünü çarpayıya
çatdırıb üzüqoylu uzandı.
Gecəyarısı
yuxudan oyanan Anri səsli əsnədi, gözlərini
ovuşdurdu, ayağa durub ətrafına baxdı, o dəqiqə
anladı ki, Viktoriya yoxdur. Mobil telefonunun
yanında yazılı kağız görəndə, bunun
yad, ziyanlı bir şey olduğunu fəhmən hiss etdi.
Otaqda gəzişə-gəzişə, bir gözü kağızda
öz-özüylə danışmağa başladı:
“Aydındı, telefona çəkdiyi şəkillərlə
şantaj edir məni və ən azı iki yüz min avro istəyir.
Bu qəhbə lobbiçiliyi ancaq pul mənasında
başa düşüb. Ha-ha-ha! – isterik
halda güldü, – Halbuki mən bunun ölkəsi
üçün... Axx, mən axmaq niyə buna
lobbiçilikdən danışdım?! Çünki
donuz kimi içdim”. Badəni
götürüb zərblə divara vurub çilik-çilik
elədi.
Bir neçə saat
öncə azadlığın dadından istədiyi ləzzəti
almış, karyerası dövründə nə şəxsi,
nə siyasi skandalla üzləşmiş eks nazir lüt vəziyyətdə
son dərəcə miskin və bədbəxt
görünürdü. “Bu qız butikdə menecer
işləmir, oğrudu, fırıldaqçıdı,
pullarımı oğurlayıb, yəqin yazıb ki,
bağışla, ehtiyac məni məcbur etdi” versiyası
ağlından keçəndə sifətinə acı təbəssüm
qondu, qərara gəldi ki, əgər Viktoriya onun
pulqabısındakı min üç yüz avrosunu
oğurlamış olsa, (“Bircə bank kartlarımı
oğurlamaya”) buna göz yumacaq, polisə ərizə
yazmayacaq. Tələsik pulqabısını
yoxladı, pullar, bank kartları yerindəydi. Kresloya
oturub gicgahlarını ovuşdurmağa başladı, bir az sakitləşdi. “Bəlkə mənə
vurulub, şantaj edir ki, onu alım?”, qərara gəldi, elə
olsa, öz saxta profilinə girib ona yazacaq ki, əzizim, mənə
bir az vaxt ver, bu barədə düşünüm, bir müddət
onunla ünsiyyətdə olacaq, lazım olsa, yenə
görüşəcək, pul verəcək, sonra
yavaş-yavaş münasibətlərə son qoyacaq. Sevincək telefonundan öz feysbuk profilinə girib
inboksdan ona yazmaq istəyəndə, gördü ki, qız onu
bloklayıb, rəngi qaraldı, “Axı nə baş verir?”
– fikirləşdi və nəhayət,
qorxa-qorxa əlini kağıza tərəf uzatdı.
“Anri, telefondakı
şəkillərə bir də baxarsan. Bundan
sonra Ukraynaya silah lobbiçiliyi etsən, şəkilləri
bütün dünya görəcək, başa
düşdün? Öpürəm.
Şərti ad: Viktoriya. Slava Rossii (Yaşasın Rusiya)”.
29 may,
2022 – 22 oktyabr, 2022
Bakı
[i] Bu adı seçməklə, o, 1947-cı ildə ABŞ-ın “Foreign Affairs” jurnalında “ X” psevdonimi ilə “Sovet davranışının mənbələri” məqaləsini nəşr etdirən məşhur amerikalı diplomat, “soyuq müharibə”nin ilk ideoloqlarından olan Corc Kennana işarə edir.
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.30-31.