Əsgər
Davanın şirin yerində
Qarşı təpədən
Bir əsgər qəfil
Papağını atdı göyə,
Biz hələ səngərdəydik,
Osa özünü
vururdu göyə.
Qaça-qaça,
Uça-uça gəlirdi,
Ağlayırdı,
Gülürdü.
Çıxarıb pencəyini
Yağışın ağzına atdı.
Əynində nə vardı
Hamısını islatdı,
Gölməçəyə uzandı,
Palçıqda batdı.
Nə vardı əynindən
Çıxarıb palçığa atdı.
Bir dəri qaldı,
Bir sümük,
Bir də ağzında səs.
Qaçırdı bizə tərəf,
Biz nə bilək, nə deyir,
Gah yıxılır,
Gah yüyürür,
Gah yeriyir.
Ağzında bir səs qalıb
Bir dənə də söz,
Müharibə qurtardı - dedi.
Başladı oynamağa
Ay alagöz, alagöz...
Oğulsansa gəl buna döz.
Şəhid
Görəsən, oyansan, nə eşidərsən?..
Gözlərin yumulanda
Güllə uğultusuydu,
Güllə səsiydi
İlk eşidilən.
Gördüyün nə idi, gözlərin bağlananda,
Yəqin
ki, qan...
Qan idi səni isidən.
Bir də dostların səsi,
Səni
çağırırdılar,
Uşaq
kimi ağlayırdılar,
Yaranı bağlayırdılar.
Bu şəkillərlə kilidləndi gözlərin.
Bu səslərlə susdu qulaqların,
Su kəlməsiylə
Tərpəndi dodaqların.
İndi
bu saat gözlərini
açsan
Nəyi
xatırlarsan,
Nəyi görərsən?
Bu dünyadan görəsən
Nə qalıb
yadında?
Güllə
O günü torpaqda lalə qızardı,
Utana-utana baxdı lalələr.
Bir qarış torpaqda bahar ağladı,
Arzunu, sevgini güllələdilər.
Milyonlar
qalxaydı o gün ayağa,
Bir barmaq nə idi, ləngidəydilər,
Bir güllə
nə idi, söndürəydilər.
Yağdı ürəyindən lalə
yağışı,
Torpağın sinəsi islandı güllə.
Şair
sorağında gəzir
dünyanı,
Dantesin Puşkinə
atdığı güllə.
Qəribə xasiyyətim var...
Axşam-səhər kinolara baxıram
Təyyarə və gəmi qəzasına.
Ya da pələnglərin
Ceyranları parçalamasına...
Mənə deyirlər,
Nə daş ürəyin var.
Ya beyninə qan sızar,
Ya ürəyin
dayanar.
Belə
şeylərə baxma,
Kompüteri bağla.
Get həyətdə
Bir doyunca ağla.
Deyirəm hardan biləsiniz
Nə çəkirəm,
nə?
Həmin
faciələrdə
Mən də ola
bilərəm -
Çıxış yolu axtarıram.
Top kimi
Hələ yanımızda
Uşaqlar ölürsə,
Biz ancaq dəfn etməyi bacarırıqsa,
Sonra heç nə olmamış kimi
Hələ mahnı oxuyuruqsa
Demək
sevmək yalanmış...
Anaların döşündə ağlayır
Və ağrıyır
süd.
İtir,
diyirlənir evin içində
Süd şüşələri,
Dərindən fikir versən
Südün uşaq üsyanı
Daha ciddidir,
Bizim
Mənasız şeirlərimizdən.
Balaca körpələr, əgər
bilsəydilər,
Müharibə nədir,
Vuruşan ölkələrin adı
nədir?
Məni
bu qədər yandırmazdı,
Bəlkə.
Onlar elə bilirlər ki, bu, bir
oyundu,
Bir-birinə top atmaq yəni.
Sonra da o topu qaytarmaq yəni.
Oyuncağım üçün
Əllərim üzüləndə göydən,
Bir çiçək ləçəyindəki
şehdən yapışıb,
Bir çiçək
üzündən əsən
mehə ayılıram.
Uşaq
bağçasında əsən
uşaq səsinə,
Ya da onun addımlarının
yerlə oxunuşuna,
Əllərinin sevdiyi əşyalara
toxunuşuna
Mən də böyüyürəm.
Gülməyin mənə,
Mən hələ
böyüməmişəm.
Böyüməmişəm
Əsgərlərin əl-ələ
tutub
Nəğmə oxumasına.
Böyüməmişəm, tankların
Sobalarda
əridilib
Uşaq oyuncaqlarına çevrilməsinə.
Mən hələ də uşaq qalmışam,
Tankın
tırtılında gedən
Oyuncağım üçün...
Uşaq bağçasında
düzələn sıra
Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin
əlindən, gedir.
Bir az isti-isti
əsir küləklər,
Öpüb körpələrin telindən,
gedir.
Körpə cərgəsinə baxıb
dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar,
Uşaq əllərindən, uşaq
gözündən.
İlahi,
nur elə, gur işıq elə,
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla,
Tanrım,
Böyük adamların günahlarını.
Alıb
əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat
durub.
Əgər
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim
sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla!
Ayaqların xatirəsinə
Mən susdum, sən susdun, biz
susan kimi,
Ayaq izlərimiz qarışqalartək
Dırmaşdı dağlara...
Qayalara,
Qayaların başındakı
çalalara...
Orda yuva qurdular.
Daha mehriban oldular.
Bilirsən, tanklar gəlirdi
Ayaq izlərimizi ayaqlamağa...
Mən susdum,
Sən susdun,
Biz susduq
Tankın
adamlardan əvvəl
ayaq izlərini öldürməsinə.
Tək bir əsgər ayaqqabısı
qalmışdı.
Yolun tən ortasında,
Amma ayaq izləri
Quş dəstəsi kimi
Göy üzünə
Çoxdan uçmuşdular.
Bax o vaxtdan durna qatarı
Göy üzündə
Ayaq izlərinə
oxşayır.
Sanki göylər
Abidə
qoyub
Ayaqların xatirəsinə...
Allahşükür Ağa
Ədəbiyyat qəzeti.- 2022.-
3 dekabr.- S.31.