Gənclərin roman müsabiqəsinin II
seçim mərhələsinin nəticələri
açıqlanıb
“TEAS
Press” nəşriyyat evinin gənc yazıçılar
üçün təşkil etdiyi roman müsabiqəsinin
ikinci seçim mərhələsinin nəticələri bəlli
olub.
Nəşriyyat
evindən Edebiyyatqazeti.az-a bildirilib ki, münsiflər heyəti
ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib.
İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”,
Əşrəf Əşrəfovun “Gecənin ən
qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə
aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və
Pərvin İsmayılovun “Xanədan” əsərləri daxil
edilib.
Müsabiqənin
yekun mərhələsində iştirakçılar
arasından üç qalib seçiləcək və onlar
ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaq.
Birinci yerin sahibinə 2000 (iki min) AZN məbləğində
pul mükafatı veriləcək, müəllifin əsəri
“TEAS Press” nəşriyyat evi tərəfindən çap
olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində
həmin kitabın təqdimatı keçiriləcək.
İkinci yerin sahibinə 1500 (min beş yüz),
üçüncü yerin sahibinə isə 1000 (min) AZN məbləğində
pul mükafatı veriləcək.
Müsabiqənin
nəticələri dekabrın 15-də təşkil olunacaq
mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək
ki, “TEAS Press” nəşriyyat evinin bu layihəni həyata
keçirməkdə əsas məqsədi yeni imzaların
üzə çıxarılmasına və gənc
yazıçıların tanıdılmasına dəstək
olmaqdan, həmçinin ümumbəşəri dəyərləri
təbliğ edən mövzuları roman janrı vasitəsilə
oxuculara çatdırmaqdan və ədəbi rəqabət
mühitinin inkişafına töhfə verməkdən ibarətdir.
Ədəbiyyat qəzeti.- 2022.- 3
dekabr.- S.32.