Azərbaycanzadə
bir şeir:
“Heydərbabaya salam”
Şuşalı mühacir Abay Mirzənin
"Heydərbabaya
salam" haqqında yazısı
Nəsiman Yaqublunun təqdimatında
Görkəmli mühacir, əslən
Şuşadan olan Abay Mirzənin (Dağlının) çox
zəngin yaradıcılıq irsi vardır. A.Mirzə
1906-cı ildə Şuşada doğulub, şair, dramaturq və
publisist kimi tanınmaqdadır. Azərbaycanda
yaşadığı dövrdə Cəmil Ağayev kimi
tanınıb. 1941-ci ildə Almaniya - SSRİ müharibəsinə
gedib və bir daha Azərbaycana qayıtmayıb. 1989-cu ildə
Türkiyədə vəfat edib. Özündən sonra zəngin
yaradıcı irs qoyub. Onun 1958-ci ildə İstanbulda nəşr
edilən "Mücahid" jurnalının 14-cü
sayında çap edilmiş maraqlı bir yazısını
ilk dəfə olaraq oxuculara təqdim edirəm. Bu yazıda
böyük Azərbaycan şairi S.M.Şəhriyarın
"Heydərbabaya salam" əsəri
araşdırılıb. Qeyd edim ki, bu əsər haqqında
ilk məqaləni 1954-cü ildə M.Ə.Rəsulzadə
yazıb və Ankarada nəşr edilən "Azərbaycan"
jurnalında çap etdirib. Bu, mühacirətdə həmin əsər
haqqında yazılan ikinci məqalədir.
Abay Mirzə
Azərbaycanzadə bir şeir:
"Heydərbabaya salam"
Yazan: Seyid Məhəmməd
Hüseyn Şəhriyar
Naşiri: Hasani Təkvimi. Təbriz
"Heydərbabaya
salam" kitabının yeni bir nüsxəsini Təbrizdən
aldıq. Bu parlaq əsər Türkiyəmizdə artıq
tanınmışdır. Əsər haqqında mültəci
(qaçqın) mətbuatımız geniş
ölçüdə nəşriyyat yapdı. Nəşriyyat
yapılmasa belə, əsəri oxuyan hər kəs onun
müstəsna dəyərini həmən qərarlaşdırır.
Hər kəs oxuduqdan sonra əsər haqqında bir mədhiyyə
yazmaq istər. Biz də böylə bir istəklə
"Mücahid" sütunlarında və
"Mücahid"in bütün yazı ailəsi adına
işıqlı Doğuya, qardaş İrana və doğma
(öz) Azərbaycanımıza doğru səsləniyoruz.
Əsər
haqqında qənaətimizi həmən sıra ilə
açıqlayalım:
1.
Coşqun bir yurd sevgisinin məhsuludur.
2. Ana
dilinə qarşı bir könül sevgisinin ifadəsidir.
3.
Şeirdə ana dilini ustaca qullanmanın örnəyidir.
Şeirin
Ana yurdu - İran Azərbaycanıdır. Könül
misralarını doğulduğu bir məntəqənin, bu məntəqədəki
Heydər Baba adlı bir dağın şərəfinə
yazmışdır. "Heydərbabaya salam"
başlığı altında yazılıyor və hər
parçada Heydərbabaya xitab ediyor. Əsəri İranda və
Türkiyədə oxuyub incələyənlər şairin kəndi
çocuqluq həyatını nasıl
xatırladığını, xatırladığı
adamları nasıl təsvir etdiyini və şeirdə
nasıl bir hünər göstərdiyini ətraflıca
açıqlamışlar. Biz əsərin bilxassə yurd
sevgisiylə ilgili tərəflərini və başqa şairlərimizin
də bu konuda yazdıqlarını xatırlatmaq istiyoruz.
Şair hər
şeydən əvvəl, çocuqluğunda
yaşadığı yurd parçasını
xatırlıyor. Bu misraları bərabərcə oxuyalım:
Heydərbaba,
kəkliklərin uçanda,
Kol dibindən
dovşan qalxıb qaçanda.
Bağçaların
çiçəklənib açanda,
Bizdən
də bir mümkün olsa yad elə,
Açılmayan
ürəkləri şad elə.
Quşları,
heyvanları və çiçəkləriylə sevilən
bir yurd parçası. Öylə bir yurd parçası ki,
açılmaz ürəkləri də şad eliyor. Bu
misraları da xariqüladədir:
Heydərbaba,
quru gölün qazları,
Gədiklərin
sazah çalan sazları.
Ket -
köşənin payızları, yazları.
Bir sinəma
pərdəsidir gözümdə,
Tək
oturub seyr edərəm özüm də.
Daşlı
bulaq, daş-qumnan dolmasın,
Bağçaların
saralmasın, solmasın.
Ordan
keçən atlı susuz qalmasın.
Dine: bulaq
xayrun olsun, axarsan,
Üfüqlərə
xumar-xumar baxarsan.
Şair
yurd gözəlliyini təsvir edərkən, bir sinema pərdəsi
kimi xatırladığı bu təbii gözəlliyin
davamını, xeyirli olmasını və hətta irəlidə
bir az daha gözəlləşməsini
arzulamışdır.
İdeolojilərin
şiddətlə çarpışdığı bir zamanda
yaşıyoruz. Yeni Türkiyəmizdə və qardaş
İranda coşqun yurdsevərliyə qarşı bir vətənsizlər
əşqiyası çalışıyor. Vətəni
bütün gözəllikləriylə, milləti və dini
bütün gələnəkləriylə bərabər inkar
ediyorlar. Yurdsevər bir yazarın qüvvətli kəlamı
bütün bu zəhərli fikirləri çürütmək
üçün ən önəmli bir silah ola bilir. Möhtərəm
Şəhriyarımız iştə böylə bir silah
qullanıyor. Gözəl yurd parçasını, onun milli və
dini gələnəklərini, düyün və
bayramlarını sevə-sevə xatırlıyor. Baxınız
nasıl:
Heydərbaba,
kəndin toyun tutanda,
Qız-gəlinlər
həna, piltə satanda.
Bəy gəlinə
damdan alma atanda,
Mənim
də o qızlarında gözüm var,
Aşıqların
sazlarında sözüm var.
Yumurtanı
göyçək, güllü boyardıq,
Çaqqışdırıb,
sınanların soyardıq.
Oynamaqdan
bircə məgər doyardıq.
Əli mənə
yaşıl aşıq verərdi,
İrza mənə
novruzgülü dərərdi.
Həqiqi
yurdsevər yurdun həm gözəlliyini, həm də yara və
dərdlərini görüb göstərirlər. Möhtərəm
Şəhriyarımız bu məsələdə də parlaq
bir örnək vermişdir. Yurd qonusunu, keçmişin dadlı
xatirələri, təbiətin gözəlliyi və
zamanın yaralarıyla birlikdə ələ alıyor. Yəni
sıcaq bir məhəbbət və səmimi bir şikayət.
Əcəba
şikayəti nədir? Əsər haqqında mükəmməl
bir təhlil yapmış olan rəhmətlik ustadımız
M.Ə.Rəsulzadə bu məsələyə təmas edərkən
şöylə yazmışdı: "Şair
yaşadığı günlərin behişti cəhənnəmə
döndərən gedişindən şikayətçidir"
("Azərbaycan" dərgisi, sayı 40-41, səh. 5).
Şimdi
yenə möhtərəm şairimizin kəndisini dinləyəlim:
Heydərbaba,
şeytan bizi azdırıb,
Məhəbbəti
ürəklərdən qazdırıb.
Qara
günün sərnöviştin yazdırıb.
Salıb
xalqı bir-birinin canına,
Barışığı
bələşdirib qanına.
Göz
yaşına baxan olsa qan axmaz,
İnsan
olan xəncər belinə taxmaz.
Amma,
heyif, kor tutduğun buraxmaz.
Behiştimiz
cəhənnəm olmaqdadır,
Zilhiccəmiz
məhərrəm olmaqdadır.
Heydərbaba,
göylər bütün dumandı,
Günlərimiz
bir-birindən yamandı.
Bir-birivüzdən
ayrılmayın, amandı.
Yaxşılığı
əlimizdən alıblar,
Yaxşı
bizi yaman günə salıblar.
Demək,
qəlblərdəki məhəbbətin yox olmasından
şikayətçidir. Yurddaşları arasında bir təsanüd
görüyor və bir-birinizdən ayrılmayınız, deyə
nəsihət ediyor. Xəncər məsələsiylə hər
halda qan davası güdənləri xatırlatmaq istəmişdir.
Ümumi düşmənimizə qarşı
silahsızlanmayı təsəvvür etməz, zənnindəyiz.
Böyük
şairlərin dərdi ümumun dərdi olur. Qəlbləri
hər dərdlə dolu olan şairlərimiz bütün
Türk aləmində hayqırdılar. Böyük Namiq
Kamalımız "Bəxtı qara mədər" - deyə
Vətən qonusundan ayrılmadı. Və:
"Baisi
şekva bizə hüzni-ümumidir Kamal. Kəndi dərdi
könlümün billah gəlməz yadına" - deyə qəlbindəki
dərdin nə olduğunu göstərdi.
Möhtərəm
Şəhriyarımızın "Heydərbabaya
salam"ı, Qafqasiya Azərbaycanından Əhməd
Cavadın "Göygöl" şeirini də bizə
xatırlatdı.
Arazın
bir tərəfində Heydərbaba dağı, bir tərəfində
Göygöl. Bu vətən dilbərləri haqqında iki
şeir. Hər iki şeirdə də təbiət gözəlliyinin
və zamanın təsviri.
"Göygöl"dən
sadəcə bir parça oxuyub keçəlim:
Dumanlı
dağların yaşıl qoynunda,
Bulmuş
gözəllikdə kəmalı, Göygöl.
Yaşıl
gərdən kəndi gözəl qoynunda,
Əks
etmiş dağların cəmalı, Göygöl.
Əsərin
dili ana dili sevgisinin bir ifadəsidir, demişdik. Bu xüsusda
bir kaç söz söyləyəcəyiz.
Möhtərəm
Şəhriyarımızın kəndi ana dili haqqında
şöylə bir açıqlaması var:
"Uzun
müddət Tehranda iqamət etmiş olmam hesabıyla Azərbaycan
köylülərinin yerli ləhcəsini və bilxassə bu
ləhcədəki təbirlərin lətafətini həmən-həmən
yadırğamış bulunuyordum".
Şair
böylə yazıyor. Bir də onun dili haqqında başqa
bir yazıya baxınız. Əsərə bir müqəddimə
yazan Təbriz maarifçilərindən Ağayi Mehdiyi
Roşenzamir bu hökmü veriyor:
"Təbrizdə
yüz il yaşamış birisi yerli ləhcə ilə bu səlasətdə
söz söyləməsini bacarmaz, qaldı ki, şeir
söyləyə". Şair hər halda Tehran mühitində
çox qullanmadığı sözləri
"yadırğadım" diyor. Fəqət bu sözlər
onun qəlbində yaşamışdır. Ana dilində
yazdığı şeir, ana dilinin təbii ahəngi ilə
axıb gediyor. Biz Türkcəmizi mədh edərkən:
"Annemin südüdür ağzımda Türkcəm"
- diyoruz. Dilimiz möhtərəm Şəhriyarın da
ağzında bir ana südüdür. Türkcəmizin Azəri
ləhcəsi onun qüvvətli qələmindən dupduru sular
kimi axmaqdadır.
Bir
çox dastanlar və nağıllarımız kimi "Heydərbabaya
salam" da artıq dillər əzbəridir. Nədən?
Çünki bu müstəsna şeirdə xalq kəndi dilini
və zövqünü, kəndi halını və gələnəklərini
görüyor. Başqa bir sözlə - şeir Türk Azərbaycanının
ta kəndisidir. Azər yurdunun suyu və torpağıdır. Onun
canıdır, qanıdır və bütün
xalqıdır. İştə bu səbəblərdir ki, biz
bu naciz yazımızı Azərbaycanzadə bir şeir
başlığı altında yayınlıyoruz.
Əvət,
Azərbaycanzadə bir şeir!
"Mücahid" jurnalı, il:
3, haziran (iyun) - 1958,
cild: 2 - sayı: 14
Ədəbiyyat qəzeti.- 2022.- 3
dekabr.- S.27.