Kukla Teatrının səhnəsində
"Zəfər zəngi" səsləndi
Noyabrın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesində
böyük canlanma vardı. Uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi, tanınmış
yazar və pedaqoq, professor Zahid Xəlilin "Zəfər zəngi" mənzum pyesinin motivləri əsasında
səhnələşdirilən tamaşanın premyerası
keçirilirdi. Kiçik
izləyicilərlə yanaşı,
tanınmış uşaq
yazarlarından Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm
İsabəyli, Eyvaz Zeynalov, Tariyel Ümid, Dayandur Sevgin və digərlərinin qatıldığı
tamaşada Qələbə
sevinci yenidən yaşandı.
"Zəfər zəngi"
pyesi Zahid Xəlilin ötən ildə qələmə aldığı "Dəmir
yumruq" dastanının
ikinci hissəsidir. Tarixi zərurətdən yaranmış
"Dəmir yumruğ"un süjeti 44 günlük II Qarabağ savaşı zamanı baş verən mühüm hadisələri
çevrələyir. Düşmənə qarşı birliyimizin simvolu olan "Dəmir yumruq"da xalqın ümumi mübarizəsi, qazanılmış
qələbə, bu qələbədə payı
olan hər kəs böyük qürur hissi, sevgi ilə dastana dönür. Ali Baş Komandan
başda olmaqla, dastanda adıkeçən
qəhrəmanların hər
biri, hətta 13-14 yaşlılar belə, fərdi məziyyətləri
ilə yadda qalır. El müdrikliyindən
güc alan
dastanda mərdlik, xeyirxahlıq, ləyaqət,
cəsurluq, inam və əqidə bu gənclərə xas xüsusiyyətlərdəndir.
Ümumilikdə dastanın
21 "boy"undan "Dəmir
yumruğ"un ətrafına
toplaşmış qalib
Xalq obrazı aydın görünür. Zahid Xəlil bütün
yaradıcılığında olduğu kimi, burada da folklordan
gələn poetik gözəlliyi qoruyub saxlamağa nail olmuşdur.
Mühüm səciyyəvi hadisələri
epik lövhələr,
rəngarəng formalarda
düzüb-qoşan, uşaq
səmimiyyətini qoruyub
saxlayan 80 yaşlı
Zahid Xəlilin - Qoca Şairin öz obrazı da dastanda görünür.
Dünya
görmüş el ağsaqqalı,
müdrik qoca hərbi xidmətə yola düşən gənclərə öyüd-nəsihət
verir, uğur diləyir. "Kitabi-Dədə Qorqud"
dastanında Dədə
Qorqudun döyüşə
gedən igidləri sözlə-qopuzla yola saldığı kimi.
Dastan elementləri əsasında,
bədii sözə sevgi ilə qələmə alınmış
əsərin yeni nəslin vətənpərvərlik
və ideya estetik tərbiyəsindəki
böyük əhəmiyyəti
danılmazdır.
"Zəfər zəngi"
pyesi də "Dəmir yumruq" dastanındakı ideyaları
davam etdirir. Eyniadlı pyes
əsasında yaranan səhnə əsərinin
quruluşçu rejissoru
Əməkdar artist Qurban
Məsimov, quruluşçu
rəssamı Rəvanə
Yaqubova, musiqi tərtibatı Həmidə
Rüstəmovaya aiddir.
30 dəqiqəlik birhissəli
sözsüz tamaşa dahi bəstəkar Fikrət Əmirovun müxtəlif həcmli əsərlərindən
musiqi parçaları
ilə gözəl harmoniya yaratdı. Təbii ki, hər bir
rejissor dramaturji mətnə müəyyən
dəyişikliklər edir.
"Zəfər zəngi" bu baxımdan xüsusilə yadda qaldı. Pyesdə ötəri adı çəkilən Ağsaqqal
obrazı tamaşanın
aparıcı simasına
çevrilməyi bacardı.
Əsərin səhnə variantı
başlığa çıxarılan
adı daha çox ehtiva edirdi. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Belə ki,
tamaşa zamanı zalda çox böyük səssizlik hökm sürürdü.
Baxmayaraq
ki, ilk sıralarda oturanlar kiçik yaşlı məktəblilər
idi. Uşaqlara hansısa mesajı
çatdırmaq, onların
diqqətini cəlb etmək daha çətin və məsuliyyət tələb
edən məqamdır.
Tamaşanı həvəslə izləyən zalda səssizlik hakim idi, kiçik pıçıltı
belə eşidilmirdi.
Uşağa nəyisə məcburən
etdirmək olmaz.
Bu cəhəti tamaşanın başlıca
uğuru hesab edirəm. Ümumiləşmiş Qoca obrazı
pantomim elementlərlə
hisslərini, duyğularını
bəyan edirdi. Təbii və içdən yaradılmış bu obraz düşünürəm
ki, həm uşaqları, həm də böyükləri inandıra bildi. Qoca obrazını teatrın aparıcı aktyoru Rəhim Rəhimov canlandırırdı. Əsas ağırlıq
onun üzərində
idi. Aktyor çalışırdı ki, kuklanın səssiz hərəkətləri
vasitəsilə izləyicilərə
mövzunu, əsas ideyanı anlada bilsin. Monotamaşa zamanı səhnədə
tək ifa etmək, həm də səssiz ifa etmək daha çətin və məsuliyyətlidir.
Bu, tamaşaçı ilə üz-üzə qalan istedadlı aktyorun qabiliyyətini hansı səviyyədə
göstərməsindən asılıdır.
Səhnə tərtibatı ilə seçilən tamaşada
hadisələrin zaman
baxımından keçmişlə
bu gün arasındakı əlaqə
və səciyyələndirmələri
müəllif ideyasını
bütün qabarıqlığı
ilə ortaya qoyurdu. Sinəsi dağlı
şəhid atasının
- Qocanın xatirələri,
xatırlamaları arxa
fonda kuklaların
təqdimatında ötən
zamanlara keçidlər,
"Mən bütün
varlığımla // Bu torpağa
bağlıyam", - deyən
Ağabəyim ağanın
əsrlər sonra yenidən Şuşaya qayıtması xalqın mənəvi oyanışı
ilə səsləşir.
44 günlük Zəfər
tariximizlə bağlı
müəyyən məqamların
Kukla Teatrı səhnəsində yeni, fərqli və maraqlı quruluşda həm əyləndirici, həm də düşündürücü olması diqqətçəkici
idi. Finalda çoxdan susmuş
telefonunun zəngi - Zəfər zəngi səslənir. Sükutu
pozan "Zəfər
zəngi" 1992-ci ildə
şəhid olan oğulun yadigarından böyük intizarla xəbər gözləyən
Qocanın dilini açır, ilk və son
dəfə ağzından
çıxan "Can baba"
kəlməsi musiqinin
sədaları altında
daha da əzəmətli
səslənir. Uşaqların sirli nağıllar dünyasına uyğun quruluşda, hərəkətli
dekorasiyalarla təqdimi,
maraqlı kukla texnikası ilə tərtibi tamaşanın üstünlüklərindəndir. Müxtəlif tərtibatlı,
estetik cəhətdən
gözoxşayan səhnədə
- arxa fonda
Xan qızı, yad torpağa uyğunlaşmayan xarıbülbül,
durna və sair elementlər vətən sevgisi yaradır, xalqın gücünə inam, cəsarət, qətiyyət
formalaşdırırdılar.
Kiçik tamaşaçılara vətənpərvərlik
ideyasının ötürülməsində
Ramiz Qəmbərov, Yasin Abbasov və
digər aktyorlar da epizodik rollarda
olmasına baxmayaraq, böyük şövqlə
iştirak edirdilər. Zəngin
repertuarı ilə balacaların zövqünü
formalaşdıran Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrında uşaq və gənclərə mənalı
bir gün hədiyyə olundu. Hamı tamaşa zalını böyük məmnunluqla tərk edirdi.
İlhamə AĞAZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
3 dekabr.- S.26.