Nizami Gəncəvinin cəsarət
anlayışı
“Yeddi gözəl” məsnəvisinin
“Bəhramın iki şir arasından tacı götürməsi”
adlı bölməsinin şərhi
GİRİŞ
Nizami Bəhram şah obrazının inşası
üçün onun ağıl, iradə gücünü,
siyasi, diplomatik, hərbi bacarığını
addım-addım tanıtdı. O, zalım atası öləndən
sonra monarxiya sistemini pozaraq İranda hakimiyyəti ələ
keçirmiş siyasi elitadan haqqını geri almaq məqsədilə
siyasət və diplomatiyasının arxasına hərbi
qüvvəsini qoydu, böyük bir ordu ilə Yəməndən
İrana doğru hərəkət etdi. Bəhramın hakimiyyəti
savaşla geri almaq imkanı olsa da, şah taxtına
oturacağı ölkədə - o buna əmindir, gücü
var, monarxiya nizamına görə şahlıq onun
haqqıdır -qan tökülməsini istəmədi, güzəşt
etdi, diplomatik yolu seçdi, bu şərti
açıqladı: kim ac, vəhşi, itipəncəli,
acıqlı, alovlu ağzından tüstü çıxan,
nərildəyən iki şirin arasından tacı
götürsə, o, şah olacaq, bu mərasim meydanda təşkil
ediləcək, ordu meydanı dairəyə alacaq – qaçmaq
imkansızdır...
İranın
qoca şahı qorxaraq hakimiyyətdən əl çəkmək
istəsə də, siyasi çevrəsi buna imkan vermədi,
dedi ki, Bəhram tacı götürərkən ölə bilər,
bu zaman hakimiyyət sənə - bizə
qalır. Nəticədə, şah və İranı idarə
edən siyasi elita Bəhramın şərtinə razı
olurlar...
“Yeddi gözəl” məsnəvinin “Bəhramın iki
şir arasından tacı götürməsi” adlı bölməsi
orijinalda iyirmi səkkiz, tərcümədə iyirmi doqquz
beytdir. Nizami
bölmədə Bəhramın cəsarətini önə
çıxarır, bu ölçüləri tanıdır:
cəsarət böyük nemətdir, dəyərdir;
ağıl ilə cəsarət birləşsə, hakimiyyət gələr,
sıxıntılar həll olunar;
cəsarət xalqın sevgisini qazandırar, düşməni qorxudar;
cəsarət şahın, şahlığın – dövlət idarəçiliyinin
özəlliklərindən, əsaslarından biridir;
Nizami cəsur şah obrazını
bu yollarla inşa edir:
iki
şir arasından tacı götürmək təklifini Bəhram
verir, bu addımı cəsur insan ata bilər;
vaxtında və
doğru qərar vermək cəsarətdir;
ilk
addımı Bəhram atır – iki şir arasından tacı
öncə Bəhram götürəcək;
tacgötürmə mərasiminə xalq şahid olacaq –
xalq kimin cəsur, kimin qorxaq olduğunu görəcək,
xalqın şahid olduğu hadisə qorxağın hakimiyyət
iddiasını bitirər, cəsuru hakimiyyətə gətirər;
mərasimin keçirildiyi meydanı əsgərlər mühasirəyə
alacaqlar – yarış/savaş
iştirakçılarının azğın şirlərdən
qaçmaq imkanı yoxdur – hakimiyyət ölümü
gözə alana verilər;
Nizami Bəhramın
cəsarətinin ifadəsi üçün şirlərə
böyük önəm verir: iki şir olacaq, ikisi də ac
olacaq, vəhşi, itipəncəli, acıqlı, alovlu
ağızlarından tüstü püskürən, nərildəyən,
səsi insanı titrədən, qorxuya salan iki şir var;
tac iki
şirin məhz arasında olacaq;
iyirmi səkkiz
beytlik məsnəvi cəsarət adlı dəyəri
inşa etmək üçün iki məsələni önə
çıxarır: a) qorxunc şirlərin təsviri; b) cəsur
Bəhramın tanıdılması;
BİRİNCİ
BEYTİN ŞƏRHİ:
QIZIL TACLI
SÜBH
بامدادان که صبح زرین تاج
کرسی از زر نهاد و تخت از عاج
Səhər
çağı qızıl taclı sübh,
Qızıl
kürsüsünü və şirmayi taxtını quran kimi...[1]
Nizami “Yeddi gözəl” məsnəvisinin cəsarət
anlayışını, cəsur şah obrazını
inşa edən bölməsinə sübhün
açılmasının təsviri ilə başlayır. Səbəbləri
sıralayaq: birincisi, iki azğın şir arsından tacı
götürmə mərasiminin sübh çağı
keçirilməsi Bəhramın tələblərindən
biridir, o, İranda hakimiyyəti zorla ələ keçirənlərin
elçilərinə deyir ki, mərasim səhər vaxtı
olacaq, məqsədləri var: a) şirlər çox ac,
qarınları boş olacaq ki, qəzəb son sınıra
çatsın; b) ac şirlərlə savaşmaq kimin cəsur,
kimin qorxaq olduğunu üzə çıxaracaq; c) Bəhram
bilərəkdən şərtləri çətinləşdirir
ki, qarşı tərəfi qorxutsun, cəsarəti ilə
özünü atasının zülmünə görə
onu qəbul etməyən xalqa sevdirsin, bu dönəmdə
onun xalqla bağ qurmasının başqa bir yolu yoxdur,
zalım şahın oğlunun vədlərinə kimsə
inanmaz, o, şah da deyil, xalqın
sıxıntılarını həll etmək imkanından məhrumdur,
əlində üç gücü var: ordu, ağıl, cəsarət,
Bəhram savaş yolunu seçmir, şah olacağına
inandığı xalqın qanının tökülməsini
istəmir, cəsarət yolunu seçir, şərtləri
ağırlaşdırır ki, xalq kimin kim olduğunu
görsün, eşitməsin, məhz görsün, şahid
olsun ki, inansın, Bəhram şah olar desin, qorxaqlardan imtina
edib ona yönəlsin, xalq güclünü/gücü
görməsə, zəifdən/zəiflikdən imtina etməz,
ölçü budur: cəsarət və ağıl
xalqın qəlbinə yol açar;
İkincisi,
məsnəvinin sübh çağının təsviri ilə
başlaması dəyişimi ifadə edir, qaranlıq gedir,
nur gəlir, Günəş doğulur, zülmət yox olur,
olan budur: haqq gəldi, batil yox oldu, yox olmağa məhkumdur.
İndi bu mənanı siyasi anlayışa çevirək: Bəhramın
gəlişi ədalətin gəlişidir, o, zülmü
öldürəcək, yoxsulluq, qarışıqlıq,
didişmə, parçalanma bitəcək, ölkəyə zənginlik,
bolluq, bərəkət, xeyir, hüzur, barış – nur gələcək,
Bəhram İran xalqının ədalət Günəşidir;
Üçüncüsü,
köklü dəyişim ağrılı, acılı,
sancılı olur, mütləq müqavimətlə
qarşılaşır, bədəl istəyir, liderə
ehtiyacı olur, o liderdə bu özəlliklərin olması
şərtdir: ağıl, cəsarət, iradə, ədalətə,
mərhəmətə bağlılıq – Bəhram bu dəyərləri
təmsil edir;
Dördüncüsü,
Nizami deyir ki, dəyişimin güc qaynaqlarından biri cəsarətdir;
Beşincisi,
bölmənin Günəşin çıxmasının təsviri
ilə başlaması ümidi, müjdəni, xeyri təmsil
edir, ey məzlum İran xalqı, cəsur Bəhram - ədalət,
mərhəmət, rifah gəlir;
Nizami
saydığımız mesajların verilməsi
üçün vasitələr seçir:
ağıl,
cəsarət, iradə və əməyin yol
açacağı dəyişimin tanıdılması
üçün özəl vaxt seçir, “bamdaran”, “sobh” – “səhər”,
“sübh”, “dan yeri ağaranda”, “şəfəq sökülən
vaxt”, bu ən gözəl zaman dilimidir, təmizliyi, dincliyi,
ümidi, işığı, Günəşin
doğuluşunu ifadə edir, müjdə verir, cəsur Bəhram
gəlir, ədalət, mərhəmət gətirir;
“ke” / “ki”, o səhər
çağı ki, onda Günəş var;
Nizami
Günəşə sübhün
qızılı/qızıldan – zərrin tacı
adını qoyur, nur hakimiyyətə gəlir,
qaranlığın ağalığı bitir, misrada Günəş
xeyirli hakimiyyətin, ədalətin, mərhəmətin
simvoludur;
şair
beyti hakimiyyət rəmzləri olan sözlərlə doldurur:
Günəş, tac, taxt;
tac
qızıldan, taxt fil sümüyündəndir, fil
sümüyündən hazırlanmış taxt ağappaq,
parlaq olur, işıq saçır;
beyt
işıqlı sözlərlə doludur: sübh, səhər,
qızılı, şüa, fil sümüyü (ya da
dişi) – bu nurlu sözlər deyir ki, ey İran xalqı,
zülm, zülmət bitir, işıq, ədalət, mərhəmət
gəlir, öz-özünə gəlmir, bu nemətləri cəsur
Bəhram, cəsarət gətirir;
Nizami
Günəşin – yeni hakimiyyətin doğuluşunu möhtəşəmlik,
güc, iqtidar ifadə edən təsvirlərlə
tanıdır: səhər vaxtı sübhün
qızılı tacı – Günəş zərli/qızılı
(beytdə iki “qızıl” sözü var, “zərrin”, “zər”
biçimlərində, dəyəri, nuru ifadə edir),
qızıldan olan kürsüsünü qoydu. “Kürsü”
sözü ərəbcədir, bu mənaları əhatə
edir: “taxt”, “ucalıq”, “tribuna”, “bir araya toplayan”, “bir şeyin əsli”,
“toplu”, “mülk”, “hakimiyyət”, “güc”. Bu
söz beytdə Günəşin şüalarını –
nurunu, gücünü, hakimiyyətini ifadə edir.
Gözünüz önündə canlandırın: “Göy
üzündə taxt qurmuş, taxtı göy üzü olan
bir Günəş var, hakimiyyəti, gücü, nuru,
şüaları kainatı əhatə edir, hökmü hər
yerdə keçərlidir - ədalət, mərhəmət,
ağıla bağlı cəsarət insanlığın dəyərləridir,
bu nemətlərə hər kəsin ehtiyacı var, Günəş
olmasa, qaranlıq olar, bu dəyərlər maddi, mənəvi
hakimiyyətdən getsə, insanlıq ölər, Günəş
həyatını varlığa fəda etdiyi kimi Bəhram da
ömrünü insanlığı yaşadan dəyərlərə
həsr edəcək;
“və” - Günəş böyük
hakimiyyətini göstərən bir addım da atdı, fil
sümüyündən olan, ağappaq, parlaq taxtını
qurdu, qırmızı nur – Günəş ağ
işığa – taxta oturdu;
seçilən
zaman dilimi – sübh, səhər, kainatın soltanı olan
Günəş, rənglər – qızılı, ağ,
hakimiyyət rəmzləri – tac, taxt, qiymətli nemətlər
– qızıl, fil sümüyü, nur – bunların hamısı
deyir ki, cəsarət böyük dəyərdir, o,
ağılla birləşəcək, gücə çevriləcək,
qan tökmədən hakimiyyətin, xalqın sevgisinin, ədalətin,
dəyişimin, inkişafın yolunu açacaq;
İKİNCİ
BEYTİN ŞƏRHİ: İŞ BUYURANLAR
کار داران و کار فرمایان
هم قویدست و هم قویرایان
Buyruqçu
və iş buyuranlar,
Qolu
qüvvətlilər və rəyi qüvvətlilər...[2]
Nizami ilk
beytdə obrazlı, təsirli danışdı ki, hədəfləri
doğru anlaşılsın, açıq görünsün,
mesajını Günəşin doğuluşu üzərindən
verdi: cəsarətin gücünü, cəsur Bəhramın
dəyərini, dəyişimi, müjdəni
açıqladı, dedi ki, qaranlıq gedir, nur gəlir,
zülmün yerini ədalət tutur, yeni siyasi lider doğulur,
dövlət idarəçiliyi anlayışı dəyişir,
bu sancılı dəyişim hərəkatının iki ana
güc qaynağı var: ağıla bağlı cəsarət,
cəsur Bəhram, ölçü budur: cəsarət, cəsur
lider olmasa, dəyişim gerçəkləşməz...
Bəhram azğın şir arasından tacgötürmə
mərasiminin səhər olmasını istəmişdi, iki
şərti də var, məkan geniş, şahidlərin
sayı çox olmalıdır. Şərh olunan beytdə
də şahidliyi, çoxluğu ifadə edən sözlər
seçilib. Nizami bir addım da atıb,
çoxluğun xalqın ayrı-ayrı kəsimlərindən
təşkil olunduğunu, fərqliliyi göstərib.
Sual budur: Bəhram niyə məkanın geniş, şahidlərin
sayının çox və fərqli kəsimlərdən
olmasını istəyir, başqa sözlə, bu beytin məsnəvidə
hansı işi/rolu var? (Nizami özü dediyi kimi usta zərgərdir,
qızıl külçələri ilə deyil,
zərrələri ilə iş görür, çox səbirlidir,
əməyi sevir, hər sözü yerinə qoyur, onda boş
söz yoxdur). Suala cavab vermək üçün Bəhramın
halını, hədəflərini doğru oxumalıyıq:
birincisi, ona zalım atasından ağır miras qalıb,
atası İran xalqına o qədər zülm edib ki, hər
kəs Bəhramın nəslinə nifrət edir, Bəhram
xalqın zalım atası ilə onu eyniləşdirən
anlayışını qırmalıdır, inanır ki, bu
anlayışı cəsarətlə dəyişmək olar,
o, cəsur addım atacaq, xalq da bunu görəcək, fikri dəyişəcək.
İkincisi,
xalq Bəhramı tanımır, ya da yanlış
tanıyır, İranda hakimiyyəti qanunsuz ələ
keçirmiş siyasi elita fars-ərəb
qarşıdurmasından (nifrətindən) yararlanır, Bəhramın
Yəməndə - ərəblərin içində,
onların tərbiyəsi ilə böyüdüyünü əsas
götürərək o, ərəb təəssübkeşidir,
ərəb düşüncəli birisi İranı idarə
edə bilməz deyir, Bəhramı xalqın gözündən
salırlar, onların Bəhrama qarşı təbliğatının
bir tezisi də var: Bəhram da atası kimi zalımdır,
İran xalqına zülm edəcək, bir də xalqa deyirlər
ki, Bəhram qisasçıdır, hakimiyyətə gəlsə,
atasına nifrət edən İran xalqından intiqam alacaq – Bəhram
xalqın bu yanlış anlayışlarını dəyişmək
üçün cəsarət yolunu seçir, şahidlərin
çoxluğuna təbliğat vasitəsi kimi baxır, fərqli
kəsimlər onun cəsarətini görəcək, hər
yerdə danışacaq, Bəhramla bağlı doğru təsəvvür
formalaşacaq, hakimiyyətə gəlmək üçün
ictimai rəy hazır olacaq.
Xalq
üç məsələni dəqiq bilir: a) hakimiyyət Bəhramın
haqqıdır – bu onun güclü yönüdür, belə
bir haqqı olmasa idi, siyasi-diplomatik deyil, hərbi yol seçərdi;
b) Bəhramın çox güclü ordusu var, ordu
sınırda gözləyir – siyasi imkanın arxasında hərbi
güc dayanır, yoxsa siyasət bir işə yaramaz; c) Bəhram
ağıllıdır – dəlili bunlardır: o, haqqı olan
hakimiyyəti savaş yolu ilə deyil, arxasında hərbi
güc olan siyasi – diplomatik yolla almağa qərar vermiş, məktub
yazmış, atamdan fərqliyəm demiş, ümid, vəd
vermiş, İran siyasi elitasını çıxılmaz vəziyyətə
salan təklif irəli sürmüşdür – bu üç
imkana cəsarət də artırılsa, xalq Bəhramın
qarşısıalınmaz güc olduğuna inanacaq, hər
yerdə ondan danışacaq. Bu, Bəhramın heyrətə
salaraq inandırma üsuludur – cəsarət heyranlıq,
heyranlıq təslimiyyət oyandırar, o da qəbullanmağa
- itaətə yol açar;
Üçüncüsü,
Bəhram İranın şahı olacağına əmindir, ancaq
hakimiyyəti şahı olacağı ölkəni xaraba
qoyaraq, qan tökərək əldə etmək istəmir, belə
ki, hərbi yol xalqı Bəhramdan daha da uzaqlaşdırar,
onun mərhəmətinə, ədalətinə, insan, Vətən
sevgisinə kölgə salar, ölkədəki siyasi, iqtisadi
vəziyyət daha da ağırlaşar, xalq olan-qalan
imkanını da itirər, məktubda xalqa verilən vədlərin
inandırıcılığı qalmaz, kimsə onun
atasının zülmünə görə üzr istəməsinin
səmimiliyinə inanmaz, daxili, xarici düşmənlər
güc qazanarlar. Bəhram qan, göz yaşı, nifrətlə
deyil, xalqın könlünü qazanaraq hakimiyyətə gəlmək
istəyir – xalqı İran siyasi elitasının əlindən
alıb özünə bağlamağın yolu ağıl,
siyasət, cəsarət, mərhəmətdir;
Dördüncüsü,
Bəhram iki şir arasından tacgötürmə mərasiminin
şahidlərinin çox olmasını ona görə istəyir
ki, xalqın gözü önündə İran siyasi
elitasına dərs versin, onları xalqın dəstəyindən
məhrum etsin, onlar Bəhramın yolundan çəkilməyə
məcbur olsunlar – düşmənin iradəsini
qırmağın yolu cəsarətdir, ağlı, ordusu,
siyasəti, cəsarəti, mərhəməti ilə xalqı
özünə bağlayan Bəhramın qarşısında
kim dura bilər ki? Xalqın dəstəyindən məhrum
olmuş siyasi elitanın sağ qalmaq üçün itaətdən
başqa yolu yoxdur;
Dedim ki, Bəhram
ağlının, cəsarətinin şahidinin çox və
fərqli kəsimlərdən olmasını, meydanın
genişliyi istəyir (sonuncu ölçü sıradakı
beytdə açıqlanacaq), səbəblərini
də sıraladım. Nizami də beyti bu açar
anlayışlara uyğun qurmuşdur:
beytdə
çoxluq, fərqlilik mənalarını daşıyan səkkiz
vasitə var;
“kar daran”, bu söz cəmdədir (çoxluq), toplumun bir
kəsimini ifadə edir – beytdəki dörd təbəqədən
biridir, əslində, xalqın üç kəsimini birləşdirən
sözdür: a) iş sahibləri - orta təbəqə,
onların hansı siyasi gücün yanında olması
çox önəmlidir; b) inanılmış, bir işə
vəkil edilmiş, məsləhətçi, məşvərətçilər
– dövlətin yüksək səviyyəli məmurları,
məmur kimindirsə, dövlət də onundur; c)
işçilər, əməkçilər, sıravi vətəndaşlar
– onların rəy formalaşdırmaqda önəmli yeri var,
xalq kütlələrini təmsil edirlər;
“və” bağlayıcısı mətndə
sayı çoxaldır, çeşidi göstərir,
sıralayır;
“kar fərmayan” – bu söz də cəmdədir,
ölkənin hərbi rəhbərlərini, əsgərdən
tutmuş nazirədək ordu bürokratiyasını təmsil
edir – ordu kimin yanındadırsa, hakimiyyət də onundur, əsgərin
dəyər verdiyi ən önəmli nemət də cəsarətdir;
“həm” – iştirak
bağlayıcısıdır, iştirakçıların
çoxluğunu, çeşidini göstərir;
“qəvidəst” – önündə “həm”
bağlayıcısı olduğuna görə təkdədir,
əqidəli, əxlaqlı, nüfuzlu, xalqın güvəndiyi
kimsələrdir, sözlərinin gücü var, xalqı
toplamaq, ictimai rəyi yönəltmək imkanına sahibdirlər;
“və” – çoxaldır, sıralayır,
çeşid var deyir;
“həm” – ikinci iştirak
bağlayıcısıdır, iki bağlayıcı (“və”,
“həm”) ard-arda gəlmiş, çoxluğun,
çeşidin daşıyıcısına
çevrilmişdir;
“qəvirəyan” – söz cəmdədir (beytdə iki “qəvi”
sözü var, təsirli gücü bildirir), sözlərinin
hökmü var, qənaət öndərləridir, əşirətləri
onların sözü ilə hərəkət edərlər,
sözü sözdür, qanundur, kimə “hə” desə,
onlara inananlar da “hə” deyərlər, din adamları da bu
qrupda yer alırlar;
Bəhramın
hədəfi ağıl, cəsarəti ilə iş sahiblərini,
işçiləri, əsgəri və dövlət məmurlarını,
əqidəli, istedadlı insanları, əşirət
ağalarını, din xadimlərini özünə
bağlamaq, İranın siyasi elitasını xalqın dəstəyindən
məhrum edərək hakimiyyətin qapısını dinc
yolla açmaqdır.
ÜÇÜNCÜ
BEYTİN ŞƏRHİ: DÖYÜŞ MEYDANINA YOLLANDILAR
از عرب تا عجم سوار شدند
سوی شیران کارزار شدند
Ərəbdən
Əcəmə qədər atlara minib,
Aslanların
döyüş meydanına yollandılar.[3]
Nizami cəsarət
anlayışını, cəsur şah obrazını
inşa edir, bu iki dəyəri dövlət idarəçiliyinin
əsasları sırasına qoyur, deyir ki, cəsarət dəyişimə,
inkişafa, ədalətə, ümidə yol açar...
Bəhram
siyasi hədəflərinin (onları saydıq) gerçəkləşməsi
üçün bu şərtlərin olmasını istəyir:
tacgötürmə mərasiminin vaxtı səhərdir, iki vəhşi
şir olacaq, tac onların düz
ortasına qoyulacaq, şahidlərin sayı (çoxluq) önəmlidir,
onlar xalqın fərqli kəsimlərini təmsil edəcəklər,
mərasim meydanda keçiriləcək (məkan genişliyi),
əsgərlər meydanı çevrələyəcəklər.
Şərh
olunan beyt məkan genişliyini təsvir edir (öncəki beyt
say çoxluğunu, çeşidini tanıtdı), Nizami hər
sözü (işarəni) böyük məkan
anlayışına uyğun seçir:
məkan
genişliyi (xatırlayın: taxtı göy üzü,
hakimiyyət məkanı kainat olan Günəş doğulur
– bu, ədalətin, mərhəmətin, nurun məkanıdır)
hadisənin böyüklüyünü ifadə edir, bir
imperatorluğun qədəri dəyişir, qaranlıq, şər,
zülm gedir, işıq, xeyir, ədalət gəlir, bu dərəcədə
nəhəng hadisə insanları, dövlətləri
maraqlandırmazmı? Hər kəs nəfəsini tutaraq hadisənin
nəticələrini gözləməzmi?;
Nizami “əz-ta”
deyir, başlanğıc və son nöqtəni göstərir:
ərəbdən əcəmədək, ərəblər ərəb
olmayanlara “əcəm” deyirdilər - ərəblərin
yaşadığı coğrafiya, üstəgəl ərəb
olmayanların yaşadığı yerlər. Bəhramın
dönəmində Yəmən də İran
imperatorluğunun içində idi, bu dərəcədə
böyük məkandan tacgötürmə mərasiminin
keçirildiyi yerə axın var;
“atlandılar” (“səvar şodənd”), söz cəmdədir,
çoxluğu bildirir, məkanın genişliyini ifadə
edir, yaxın olsa idi, atlara ehtiyac qalmazdı, sürət (hərəkət)
var – bu, məkanın böyüklüyünü, hadisənin
dəyərini, marağı, bir də imkanı göstərir;
“tərəf”, istiqaməti, bir məkandan
başqa bir yerə hərəkəti bildirir, insanlar uzaq məsafələrdən
mərasimin olacağı meydana doğru axışırlar;
“şiran” – şirlər, Nizami üç
şiri nəzərdə tutur, iki vəhşi şir, bir də
cəsur Bəhram şir;
“karzar” – döyüş / savaş, şair məhz bu
sözü seçir: a) hadisənin xarakterini açır,
xeyirlə şər arasında ölüm – dirim
savaşı var; b) savaş, ciddi, ağır mücadilə
olmasa, cəsarət üzə çıxmaz, cəsarət
sözünü deməsə, hakimiyyətin, xeyrin, bərəkətin
yolu açılmaz;
elə
buna görə də bu köklü dəyişim
savaşına şahid olmaq üçün fərqli kəsimlərə,
irqlərə aid insanlar ərəbdən əcəmədək
olan məkandan şirlərin savaş meydanına doğru at
çapdılar;
beytin rədifi
var “olmaq” feilidir, cəmdədir, içində çoxluq var,
hərəkətdir, dəyişimi bildirir: a) məkan dəyişimi;
b) siyasət, qədər, anlayış dəyişimi;
cəsarət xeyir uğrunda hərəkətdir, sadəcə istəmək
deyil, olmaqdır, işdir, saleh əməldir;
DÖRDÜNCÜ
BEYTİN ŞƏRHİ:
VURUŞ
YERİNƏ SÜRDÜLƏR
شیرداران دو شیر مردم خوار
یله کردند بر نشانه کار
Şir
saxlayanlar iki adamyeyən şiri,
Müəyyən
olunmuş vuruş yerinə sürdülər.[4]
Məsnəvinin süjet xətti yeni mərhələyə
keçir.
Nizami cəsarət anlayışının, cəsur şah
obrazının inşası üçün Günəşin
doğuluşu ilə müjdə verdi – cəsarət
dəyişimə - nura yol açacaq, şahid
çoxluğunu, məkan genişliyini təsvir etdi. Sıra şirlərin özəlliyinin
tanıdılmasına çatdı. Şirlər nə
dərəcədə vəhşi olsa, cəsarətin, cəsur
şahın dəyəri o dərəcədə üzə
çıxacaq:
məsnəvinin öncəki bölməsindən şirlərlə
bağlı bu məlumatları bilirik: onların sayı
ikidir, vəhşi, itipəncəli, acıqlıdırlar,
alovlu ağızlarından tüstü püskürürlər,
nərildəyirlər, yırtıcıdırlar;
“şirdaran” – şirəbaxanlar / şir
qoruyucuları, söz cəmdədir, çoxdurlar, sayları
dəqiq bilinmir, say çoxluğu şirlərin vəhşiliyini
ifadə edir – onları meydana gətirmək asan iş deyil,
şirlərlə davranış üsulunu bilən özəl
insanlara ehtiyac var;
Nizami
şirlərə bir özəllik də artırır,
“adamyeyən iki şir” – insanları cəzalandırmaq
üçün şirlər saxlayır, günahkarı onun
qarşısına atırdılar, yəni bu iki şir
çöldən gətirilməyib, zalım şahın cəza
sisteminin bir parçası olan şirlərin işi adam yeməkdir;
tərcümədə
“vuruş yeri” ifadəsi var, dəqiq deyil, məna pozuntusuna yol
açır, belə ki, şair “kar” (“iş”)
sözünü seçib, onu “neşane” (“işarə”, “iz”,
“hədəf”, “əsər-əlamət”, “nişan”)
sözü ilə birlikdə işlədib, yəni Nizami
şirləri böyüdüb – vəhşiləşdirib,
şirəbaxanlar iki şiri vuruş yerinə sürmürlər,
onlara görə vuruşa ehtiyac yoxdur, kimsə bu iki şirlə
vuruşa bilməz. Bu iki şirin işi nədir?
Adam yemək, onlar iş yerinə gedəcək, Bəhramı
parçalayacaqlar, şirlər o qədər
güclüdürlər ki, Bəhramın onlara qarşı
çıxmaq imkanı yoxdur (“hədəf / iş yeri” ifadəsini
İranın / hakimiyyətin taleyinin / işinin həll
olunduğu məkan kimi də oxuya bilərik);
“sürdülər” (“yəle kərdənd”) –
bu, şirləri meydana gətirmək biçimi / üsuludur,
şirlər vərdiş ediblər (indiyədək çox
adam yeyiblər), şirəbaxanları tanıyır, onlara
toxunmur, adam yeməyə getdiklərini bilirlər. “Sürmək”
idarə etməyi bilmək, şirlərin dilini anlamaqdır,
özəl işdir, təcrübə, cəsarət,
bacarıq istəyir;
BEŞİNCİ
BEYTİN ŞƏRHİ:
GOR
QAZMAĞA BAŞLADILAR
شیر با شیر درهم افکندند
گور بهرام گور میکندند
Şirləri
şir üstünə atdılar,
Bəhram
Gura gor qazmağa başladılar.[5]
Şərhdən
öncə birinci misranın tərcüməsindəki
yanlışlığı düzəldək: tərcümə
deyir ki, şirləri şir üstünə atdılar, burada
ən azı üç şir var, deyə bilərsiniz ki, o
bir şir də Bəhramdır, məsələ belədir
ki, Bəhram hələ meydanda yoxdur. Nizami tərcümədəki
kimi deyil, “şir ba şir” (“şir ilə şir”, “şir ilə
şiri”) biçimində yazır...
Nizami cəsarət anlayışının, cəsur
şah obrazının inşasının
üçüncü mərhələsində şirləri
böyütdükcə böyüdür, ən vəhşi
biçimdə tanıdır, məqsədi cəsarətin dəyərini,
Bəhramın gücünü göstərməkdir, imtahan nə
qədər ağırdırsa, ağıl, iradə, cəsarət
də o qədər böyükdür. Şair şiri
böyütmək üçün yeni vasitələr
seçir:
zalım
şahın cəza sisteminin bir parçası olan şirlərə
baxanların, onları meydana gətirənlərin sayı
çoxdur, feillərin cəmdə olması çoxluğu
ifadə edir, çoxluq deyir ki, şirlər çox
qorxuludur, onlarlı meydana gətirmək tək adam işi
deyil;
şirəbaxanlar seçilmiş, təcrübəli, bacarıqlı
insanlardır, bu üç özəllik deyir ki, şirlər
çox təhlükəlidir;
“atdılar” feili deyir ki, iki şiri özəl
bir vasitə ilə, məsələn, qəfəsdə (araba
üstündə qəfəs) gətirdilər – şirlərin
gətiriliş biçimi ciddi təhlükədən xəbər
verir;
“atdılar”, yerləşdirdilər, qoydular
deyil, məhz “atdılar” – iki şiri iş yerinə
atdılar, səliqəyə, nizama imkan yoxdur, təhlükə
var – şirlər şirəbaxanları da parçalayarlar;
Nizami sadəcə
“atdılar” demir, təhlükənin
böyüklüyünü göstərmək
üçün bir söz də seçir: “dərhəm”
(“qarışmış”, “qarışıq”, “sistemsiz”, “əlaqəsiz”)
– qarışıq biçimdə şir ilə şiri
(üst-üstə, bir-birinin üzərinə) atdılar –
nizamsızlıq ölüm qorxusu, həyəcan var deyir, tez,
necə gəldi at, uzaqlaş;
Nizami
bölmədə ilk dəfə Bəhram Gur deyir, şirəbaxanların
anlayışını ifadə edir: onlar iki şiri
böyüdür, Bəhramı kiçildirlər, onun
şah ola biləcəyini
ağıllarına belə gətirmirlər, əmindirlər
ki, bu vəhşi şirlər onu parçalayacaq, ələ
salırlar, o kimdir ki, gur (çöl eşşəyi) ovlayan
Bəhramdır, şirlər gur ovçusunu ovlayacaqlar;
beytdə
“gor” sözü var, fars dilində “gor” sözü ilə “gur”
sözü eyni hərflərlə yazılır – onlar Bəhram
Gura gor qazırdılar. Ölməmiş insana
gor qazmaq nə deməkdir? Bu da şirləri
böyüdərək cəsarətin təqdiminə yol
açmaq siyasətinin tərkib hissəsidir. Şirlər
o qədər güclü, vəhşidirlər ki, şirəbaxanlar
Bəhramın sağ qalmaq imkanının
olmadığına inanır, ona gor qazırlar;
Bəhram
bu dərəcədə qorxunc olan iki şirlə
savaşmalıdır – mesaj var: qorxunu, qorxunc gücü məğlub
etməyin yolu cəsarətdir, hakimiyyət çox
böyük nemətdir, cəsarəti olmayana verilməz,
xalqın sevgisini qazanmaq çətin işdir, xalq cəsarəti
olanın arxasınca gedər;
ALTINCI
BEYTİN ŞƏRHİ: ARASINA QOYDU
شیر داری ازان میانه دلیر
تاج بنهاد در میان
دو شیر
Şirsaxlayanlardan
biri cəsarətlə çıxıb,
Tacı
iki şirin arasına qoydu.[6]
Nizami
şirləri böyütmək yolu ilə cəsarət
anlayışının, cəsur şahın dəyərini
ifadə edir, bu beytdə iki yeni vasitə seçir:
“dəlir” sözünə yer verir, bu sözün
“şücaətli”, “cəsarətli”, “cəsur” anlamları
var, sifətdir, ancaq tərcümədə zərf kimi verilib
– “cəsarətlə”, üstəlik, “çıxıb”
feilinə aid edilib. Birincisi, orijinal mətndə “dəlir”
sözü sifətdir (zərf olsa idi, “dəlirane” olardı),
ikincisi, orijinalda “çıxıb” feili yoxdur,
üçüncüsü, “cəsur” / “şücaətli”
sözü hərəkətə deyil, insana
bağlıdır, cəsur olan şirəbaxanlardan biridir –
onların arasından cəsur olan biri – başqalarının
cəsarəti çatmadı;
“cəsur”/ “igid” sözü hansı məsələni
həll edir? İki şiri böyüdür, çox qorxulu,
azğındırlar, onlara yaxınlaşmaq cəsarət istəyir,
şirlər böyüdükcə Bəhramın cəsarəti
də böyüyür;
beytdə
təhlükəni böyüdən ikinci açar söz də
var: “arasına” – o cəsur şirəbaxan tacı düz iki
şirin arasına qoydu, Bəhramın işini çətinləşdirdi,
tacın yerini müəyyən edən Bəhramdır, şərt
onundur, belə ki, tacı iki azğın şirin düz
arasından götürmək daha qorxuludur, daha böyük cəsarət
tələb edir – bu da cəsarətin, cəsur şahın dəyərini
göstərmək imkanı verir;
beytdə
“dəlir” / “cəsarətli” sözü qafiyə mövqeyindədir,
mesajın ağırlıq mərkəzi onun üzərindədir:
şirəbaxanlardan birini önə çıxaran da, Bəhram
yolunu açan da cəsarətdir – cəsarət nemətlərin
yolunu açan dəyərdir;
YEDDİNCİ
BEYTİN ŞƏRHİ: BİR AY İDİ
تاج زر در میان
شیر سیاه
چون به کام دو اژدها یک ماه
Qızıl
tac iki qara şirin arasında,
(Elə
bil) iki əjdahanın ağzına (düşmüş) bir
Ay idi.[7]
Nizami cəsarətin,
cəsur şahın dəyərini yeni bədii vasitələrlə
tanıdır: iki şiri də, hakimiyyət nemətini də
böyüdür:
“qızıl tac” - hakimiyyət simvoludur,
bunları deyir: hakimiyyət çox böyük, çox dəyərli
nemətdir, böyük nemət həm də böyük təhlükə
deməkdir, o iki azğın şirin, iki əjdahanın
düz arasında, məhz ağzındadır, onu əldə
etmək çox çətindir, cəsarəti olmayana
hakimiyyət verilməz, böyük nemət böyük cəsarət
tələb edir. İfadədəki “qızıl” sözü
hakimiyyət nemətinin dəyərini göstərmək
üçün seçilib – qızıl tac
/ hakimiyyət qızıl cəsarət istəyir;
bu
qızıl tac – böyük hakimiyyət neməti qara
şirin (iki qara şirin) ortasındadır – misrada təhlükənin
böyüklüyünü göstərən iki açar
söz var: a) “ortasında” – qızıl tac iki şirin düz
ortasında - ən qorxulu yerdədir, onu böyük cəsarəti
olan götürər; b) “qara” – şirlərin rəngi
qaradır, iki azğın, qara şirin ortası, “qara”
sözü qorxunu böyüdür, psixoloji təzyiqi
artırır, dirəniş gücünü azaldır – cəsarət
öncə düşüncədəki qorxu zəncirini
qırmaq, ağılı, ruhu, qəlbi, iradəni qorxunun
köləliyindən xilas etməkdir, cəsarət hər
şeydən öncə əqli, mənəvi-ruhi
gücdür;
Nizami nemətin
və qorxunun birinci misrada təqdim etdiyi
ölçüsünü bir az da böyüdür ki, cəsarətin
dəyəri ortaya çıxsın, ikinci misrada birinci misradakı
ölçünü açıqlayır, təşbehə
yer verir, “çon” (“kimi”) deyir, bənzədir: a) qızıl
tac, işıq saçan tac, böyük hakimiyyət neməti
bir Ay kimidir – hakimiyyət nurdur, işıq kimidir,
qaranlıqları – zülmü yox edir (hakimiyyət çox
xeyirli nemətdir, belə ki, xeyri yaymaq imkanı çoxdur, bu
gözəl neməti şərə çevirən
insandır, o, mahiyyətcə şər deyil, şər ondan
hansı niyyətlə istifadə zamanı ortaya
çıxır); b) sıra qorxunu böyütməyə
çatdı: iki əjdaha var, əjdaha böyük
ilandır, deyilənə görə, yüz il yaşayan ilan əjdaha
olur, ağzından alov püskürür, nəfəsi ilə
varlıqları udur, çox başı var, sehrli xəzinələri
qoruyur... O bir Ay, burada “bir” sözünü bütöv/tam Ay
kimi oxuya bilərik, belə ki, bütöv Ay hakimiyyət nemətinin
böyüklüyünü daha gözəl ifadə edir. O
bir Ay iki əjdahanın ağzındadır, əsir, kölədir,
nurunun üstü örtülmüşdür, onu bu qorxunc əjdahaların
ağzından - ən təhlükəli yerdən qurtaracaq
nemətin adı cəsarətdir, iki qara şirin ortasına
qoyulmuş qızıl tac – hakimiyyət
iki əjdahanın ağzına düşmüş
(udulmuş) bütöv Ay kimidir;
bədii
təzad var: hakimiyyət qızıl taca, bütöv Aya, təhlükə
iki qara şirə, iki əjdahaya bənzədilmiş,
“qızıl”, “tac”, “Ay” sözləri neməti, “qara”, “ara”,
“ağız” sözləri qorxunu daha da
böyütmüşdür;
Nizami
mesajın çatdırılması üçün bir
inancdan da yaralanmışdır: insanlar inanırdılar ki, Ay
tutulanda onu əjdaha udur;
cəsarət hakimiyyət adlı böyük neməti iki qara
şirin arasından, iki əjdahanın ağzından
götürməkdir, o, dəyərlidir, cəsurları,
uğrunda ölümü gözə alanları sevir,
özünü onlara təslim edir;
SƏKKİZİNCİ
BEYTİN ŞƏRHİ: QOLUN VƏ QILINCIN GÜCÜ
İLƏ
مه به آواز طشت رسته ز میغ
نه به طشت تهی به طشت و به تیغ
Ay
teştin səsi ilə buluddan xilas oldu,
(Ancaq)
boş teşt ilə deyil, qolun və qılıncın
gücü ilə.[8]
Bu, öncəki beytin davamıdır. Dedik ki, Nizami mesajın ifadəsi
üçün xalq inancından istifadə etmişdir: Ay
tutulanda avam insanlar inanırdılar ki, onu əjdaha udub,
Ayı əjdahanın əsarətindən xilas etmək
üçün teşti döyəcləyir, onun
qurtulacağını düşünürdülər...
Nizami bu
beytdə də cəsarət anlayışının, cəsur
şah obrazının inşası üçün iki
şiri (təhlükəni) böyüdərək Bəhramı
(cəsarəti) böyütmək yolunu seçmiş,
uyğun bədii vasitələrə yer vermişdir:
Ay, iki
şirin arasına qoyulmuş qızıl tac - hakimiyyət
teştin (tas, ləyən) avazı ilə - Nizami məhz
“avaz” (səs, mahnı, təranə) sözünü
seçir, belə ki, insanlar Ayı əjdahanın
zülmündən azad etmək üçün teştlərə
bəlli bir ritmlə vururdular, nəticədə, Ay buluddan
(“ze miğ”, bu sözün duman mənası da var), onun əsarətindən
qurtulurdu;
“nə” – inkar anlamı yüklənir, deyir
ki, Ayı əjdahanın ağzından boş teştin
avazı ilə xilas etmək əfsanələrdən olur;
gerçək həyatda isə qızıl tacı iki azğın
şirin arasından, götürmək, Ayı iki əjdahanın
ağzından xilas etmək, yəni hakimiyyət nemətinə
qovuşmaq iki şərtə bağlıdır:
“teştlə” – beytdə üç “teşt”
sözü var, iki dəfə teşt, ləyən, tas mənasında,
bir dəfə isə məcazi anlamda fələk, göy
üzü, ilahi güc mənasında işlənmişdir. Nizami deyir ki, hakimiyyət böyük nemətdir, onu
əldə etmək çox çətindir, ilahi yardıma
ehtiyac var, onsuz olmaz. Bəs ilahi yardım kimə gələr?;
“və” bağlayır, sıralayır,
hakimiyyəti qazanmağın ikinci şərtini
açıqlayır: “be tiğ” (“qılıncla”) – Bəhramın
qılıncının gücü ilə, “qılınc”
sözü Bəhramın cəsarətini, əməyini,
gücünü ifadə edər: ağıl, cəsarət, əmək
birləşsə, güc olar, nəticədə, ilahi
yardımın yolu açılar, hakimiyyət neməti əldə
edilər. Burada hərəkət səndən, bərəkət
Allahdandır ölçüsü var, deyir ki, ilk
addımı insan atmalıdır, ağılı, cəsarəti,
əməyi olmayana ilahi yardım gəlməz, cəsarət
sadəcə xalqın sevgisini qazandırmaz, nemətə
qovuşdurmaz, bir də ilahi yardımı cəlb edər;
beytdə
dörd “ilə” qoşması var, deyir ki, hakimiyyət nemətinə
teştin boş səsi ilə deyil, ağıl ilə, cəsarət
ilə, güc ilə, ilahi yardım ilə qovuşmaq olar;
DOQQUZUNCU
BEYTİN ŞƏRHİ: YERƏ VURURDULAR
میزدند آن دو شیر کینه سگال
بر زمین چون دو اژدها دنبال
O iki qəzəbli
yırtıcı şir,
Əjdaha
kimi quyruqlarını yerə vururdular.[9]
Nizami şirləri, qorxunu, çətinliyi
böyüdür ki, cəsarətin, cəsur şahın, cəsarətsiz,
zəhmətsiz rəhmət, hakimiyyət yoxdur ölçüsünün
dəyəri anlaşılsın. Şair yeni vasitələr
seçir:
Nizami iki
şirin təhlükəsini böyütmək
üçün onlarla bağlı hər incəliyi
ustalıqla dəyərləndirir: halı, özəllikləri,
onları meydana gətirənləri, gətiriliş, yerə
atılış biçimini, tacın iki şirin arasına qoyuluşunu,
tacın əlamətlərini, şirlərin rəngini, əjdahaya
bənzədiklərini bir-bir təsvir edir – hər addım
qorxunu, ona uyğun olaraq da cəsarəti, cəsur şahı
böyüdür...;
misra hərəkət
bildirən sözlə başlayır, iki şirin qəzəbli
halını tanıdır, yəni hərəkət təhlükəni
böyüdür (görünüş, rəng, xarakter, səs
necə böyüdürsə, o cür), “vururdular”, feil
keçmiş davamedici zamandadır, şirlər dayanmadan
quyruqlarını yerə vururlar;
hansı
şirlər? Nizami onları barmaqla göstərmək
ehtiyacı duyur: o iki şir-qorxunc, azğın o iki şir;
quyruğunu durmadan yerə vuran iki şir niyə belə edir? Kinli, ac, qəzəblidirlər, düşməni,
ovu gözləyirlər, səbirləri çatmır,
halları ilə gəl səni parçalayaq deyirlər, kimsən
ki, bizi gözləməyə məcbur edirsən? Kinin,
qəzəbin səbəbi gecikmə, gözlətmədir;
misrada
“seqal” sözü var, “niyyət”, fikir, “qəsd” mənalarını
daşıyır: o iki kinli şir qəzəbləndiyi
üçün, düşmənliyini göstərmək
niyyəti ilə quyruğunu yer vururdu;
Nizami
meydandakı şirin sayının iki olduğunu davamlı
olaraq vurğulayır, doqquz beytdə dörd dəfə “iki
şir”, bir dəfə “iki əjdaha”, bir dəfə “şir
ba şir” qəlibinə yer verir, təhlükəni
böyüdür;
“vururdular”, hara vururdular? Yerə, sərt
torpağa, bu söz kinin, qəzəbin təsirli ifadəsi
üçün seçilib, şirlər o dərəcədə
qəzəblidirlər ki, quyruğun yerə davamlı
vurulmasından bədənləri əziyyət çəksə
də, bunu hiss etmirlər (insan da, heyvan da qəzəbli olanda
özünü/halını anlamaz);
quyruğun
vurulduğunun səbəbi bilindi, davamlı vurulduğu da
göründü, hara vurulduğu da anlaşıldı, indi Bəhramı
gözləyən təhlükənin ifadəsi
üçün necə vurulduğunu (vuruluş biçimini)
göstərmək ehtiyacı var (şir qəzəblənəndə
etdiyi hərəkətlərdən biri quyruğunu davamlı
yerə vurmaqdır – hərəkətin təkrarlanması qəzəbin
şiddətini göstərir) – vurulan quyruqdur, yer sərt
torpaqdır, hərəkət davamlıdır, vuruluş səbəbi
kindir – hamısı qorxunu, cəsarəti böyüdür, cəsarət
anlayışının test olunması üçün ciddi
qorxuya ehtiyac var;
Nizami bu məqamda
– quyruğun vuruluş biçimini ifadə edərkən təşbehə
ehtiyac duyur, “çon” (“kimi”) deyir, şirlərin yerə quyruq
vuruşunu iki əjdahanın – qoca ilanın (sayın iki
olması önəmlidir, qorxunu artırır) quyruğunu yerə
vurmasına bənzədir, qorxunu böyüdür, quyruq əjdahanın
həm də silahıdır, ehtiyac olanda ovunu quyruğu ilə
(sürətli hərəkət) vurub öldürür. Beləliklə,
quyruğun vuruluş biçimi də təhlükənin
böyüdülməsinə - cəsarət
anlayışının, cəsur şah obrazının
inşasına xidmət edir;
o iki qəzəbli
şirin quyruğu da, onların davamlı vurulması da, kin
duyğusu ilə vurulması da, iki əjdahanın quyruğunu
vurduğu kimi vurulması da, təhlükəni, cəsarəti,
cəsur Bəhramı böyüdür;
ONUNCU
BEYTİN ŞƏRHİ: KİM QARƏT EDƏ BİLƏR?
یعنی این تاج زر ز ما که برد
غارت از شیر و اژدها که برد
Elə
bil (deyirdilər): “Bu qızıl tacı bizdən kim ala bilər?
Şir və
əjdahadan kim qarət edə bilər?”[10]
Bu, öncəki beytin davamıdır, iki kinli şirin
iki əjdaha kimi quyruğunu durmadan yerə vurmasının səbəbini
açıqlayır. Nizami şirləri böyüdərək cəsarət
anlayışını, cəsur şah obrazını
inşa etmə ölçüsünə uyğun hərəkət
edir:
yəni”,
tərcümədə “elə bil” kimi verilmişdir, doğru
deyil, “yəni” bağlayıcı, “elə bil” modal
sözdür, “yəni” açıqlayır, “elə bil”
münasibət bildirir, Nizami münasibət bildirmir,
açıqlayır: a) öncəki beyti; b) iki şirin
quyruğunu yerə vurmasının səbəbini;
Nizami
şirləri danışdırır, iki şirin quyruğunu
yerə vurmasına anlam yükləyir, onların
halını oxuyur, hal dil ilə (quyruğu dayanmadan yerə
vurmaq) mesaj verir, iki şiri böyüdür;
iki
şirin “nitqi” meydanoxuma üzərində qurulmuşdur,
güclü, özünə əmin olan meydan oxuyar, burada təkəbbür
var – şirlər özlərini böyüdür, meydanoxumada
kiçiltmə var, Bəhramı kiçildir, ələ
salırlar, məqsəd qorxutma, gözünün odunu
almaqdır;
meydan
oxumaq təkəbbürdür dedik, təkəbbür
korluqdur, iki şir özünə o qədər
arxayındır ki, Bəhramı görmədən, görməyə
ehtiyac duymadan meydan oxuyur, onu yox sayır, kiçiltdikcə
kiçildirlər, gəl səni parçalayaq deyirlər;
iki
şir hal (quyruq) nitqində meydan oxumaq üçün
öncə tacı – hakimiyyəti böyüdür, bu məqsədlə
üç vasitədən istifadə edir: a) “bu” (“in”) deyir,
iki şirin arasında olan tacı göstərir, meydan oxuyur,
gülürlər – onu aramızdan - ən qorxulu yerdən
götürmək istəyən kimdir/varmı?; b) şirlər
“qızıl tac” deyir, hakimiyyət nemətini
böyütdükcə böyüdürlər – onu
aramızdan götürmək istəyənin canını
alar, ancaq vermərik; c) “biz” - iki olduqlarını ayrıca
vurğulayırlar – çoxuq, güclüyük, əzərik
– hakimiyyət böyük nemətdir, böyük nemət
böyük bədəl istəyir, cəsarət hakimiyyəti
– tacı iki azğın şirin arasından götürməkdir;
d) “bizdən” (“ze ma”), o bizimdir, mülkümüzdür, kimsəyə
vermərik – zalımlar hakimiyyətə mülkiyyət kimi
baxarlar, onu qorumağın yolu iddiası olanı qorxutmaqdır
– zalımın əsir etdiyi hakimiyyət nemətini qurtaracaq dəyərin
adı da cəsarətdir;
şirlər meydan oxumağın dərəcəsini artırır,
hal nitqində bədii suala yer verirlər: kim ala/apara bilər?
Bu qızıl tacı bizdən kim
ala/aramızdan apara bilər? Buna cəsarəti
çatan biri varmı, bu, mümkündürmü? Bədii
sual imkansızlığa, o, şəri böyütməyə,
o da cəsarətin dəyərini ifadəyə yol
açır;
şirlər
məhz “qarət” (talan, soyğunçuluq) sözünü
seçirlər, bu söz mesajı çatdırmaq
imkanları açır: a) “qarət” sözü deyir ki, tac –
hakimiyyət bizim – şirlərindir; b) onu ələ
keçirmək istəyən quldurdur, oğrudur – ev/mülk
sahibi oğruya necə yanaşarsa, biz də elə
yanaşacaq, canını alacağıq; c) “qarət”
sözü ölümü, gücü, şiddəti, cəsarəti
ifadə edir, şirdən güclüsü, cəsurur
varmı? Tacı qarət etmək istəyəni
parçalayarıq; d) qarət haqqı olmayan bir şeyi zorla ələ
keçirməkdir – tac/hakimiyyət şirlərin
haqqıdır – ölümü gözə alan
varsa, gəlsin, biz şirik, haqqımızdan əl çəkmərik,
tac vermərik, tac alarıq;
şirlərin hal dili qorxunu bir az da böyüdür: qızıl
tacın/hakimiyyət adlı böyük nemətin sahibini
tanıdır, mesajı tacın qoyulduğu yer (iki şirin
arası) üzərindən deyil, mülkiyyət üzərindən
verir, mülkiyyət duyğusu ən güclü
duyğulardan biridir, savaş, ölüm səbəbidir,
üstəlik, bu, hakimiyyət adlı mülkiyyətdir, onu
kimsə kimsəyə verməz. Şair bu fikrin ifadəsi
üçün “əz” (-dan2) deyir, onlardan, hakimiyyəti
mülkiyyət zənn edənlərdən danışır,
hakimiyyət istəyən bu neməti onlardan qarət etməlidir
– mülkiyyəti almağın bir yolu varsa, o da qarətdir;
mülkiyyətin sahiblərini tanıtmaq qorxunu, bu yolla cəsarəti
böyütməyə xidmət edir, eyni varlıq iki fərqli/qorxunc
adla təqdim olunur: “şir” (iki şir), “əjdaha” (ilan), arada
bir “və” bağlayıcısı da var, sıralayır,
bağlayır, çoxaldır, böyüdür, qorxudur;
yenə
bədii sual gəlir, rədif mövqeyinə keçir, eyni
sual təkrar olunur, təkrar təsiri artırır: kim
ala/apara bilər, tacı – hakimiyyəti şir və əjdahadan
kim qarət edə bilər? Bədii sual bunları önə
çıxarır: a) gücü, qorxunu böyüdür –
hakimiyyət / tac iki şirin /əjdahanın – heyvanların
şahının əlindədir; b) kiçildir, acizliyi
bildirir - onu bizdən alacaq kim var ki?; c)
imkansızdır deyir – tacı iki şirdən kimsə ala
bilməz; d) təkəbbürü göstərir – tacın
sahibi bizik;
ON
BİRİNCİ BEYTİN ŞƏRHİ:
XƏBƏRLƏRİ YOX İDİ
آگهیشان نه ز آهنین جگری
شیرگیری و اژدها شکری
Onların
o dəmir ciyərli,
Aslan
basan, əjdaha şikarçısından xəbərləri
yox idi.[11]
Məsnəvinin süjet xətti yeni mərhələyə
keçdi.
Nizami cəsarət anlayışının, cəsur şah
obrazının inşası üçün bu
addımları atdı: Günəşin doğuluşu
müjdə verdi, ey İran xalqı, qaranlıq – zülm
gedir, ədalət gəlir, şəri, pisliyi, yoxsulluğu
öldürən, xeyri, yaxşılığı, bolluğu
dirildən nemətin adı cəsarətdir, sonra iki
azğın şir tanıdıldı, Nizami onların hər
halını, rəngini, səsini, hərəkətini cəsarətin,
cəsur şahın tanıdılmasına yönəltdi,
qorxunu böyüdərək cəsarəti böyütmək
yolunu seçdi, sonra hakimiyyət nemətinin dəyərini
ifadə etdi, bu məqsədlə iki vasitəyə yer verdi:
a) hakimiyyətin böyük nemət olduğunu göstərən
sözlərdən yararlandı: “qızıl tac”,
“bütöv Ay”; b) o böyük neməti cəsarətlə
əldə etmək olar ölçüsünün
tanıdılması üçün onun qoyulduğu yeri
göstərdi: “İki azğın şirin arası”, “İki
əjdahanın ağzı”; Sonra da təkəbbürlü
iki şir meydan oxudu, Bəhramı kiçiltdi, ələ
saldı, əzdi...
Məsnəvinin
süjet xətti yeni mərhələyə keçdi dedik, cəsarət
anlayışının inşası üçün
sıra Bəhramın tanıdılmasına çatdı:
şərh olunan beyt iki şirin meydan oxumasına cavabdır;
“xəbərləri yox idi”, Nizami misraya bu qəliblə
başlayır – şirlər cahil və təkəbbürlü
idi, bu onları həqiqəti görmək imkanından məhrum
etmişdi, elə buna görə də düşmənlərini
tanımadan onu kiçildirdilər. Onlar zır cahil idilər,
Nizami bu mənanın ifadəsi üçün “aqahi”
sözünü seçib, inkarda işlədib, yəni
şair onlar bilmirdilər demir, heç xəbərləri də
yox idi – cahil cəsur olar – onların cəsarəti cəhalətə,
Bəhramın cəsarəti ağıla bağlı idi.
Şair şirlər zır cahil idilər fikrinin ifadəsi
üçün bir vasitəyə də yer verir: xəbəri
olmamağı bildirmək üçün feil seçmir,
feil hərəkətdir, ağılın hərəkəti
düşünməkdir, sifət seçir “aqah” (“xəbərdar”,
“məlumatlı”), sonra onu ismə çevirir: “aqahi” (“xəbərdarlıq”),
feil hərəkətli, isim dəyişməz/sabitdir – cahil
düşünməyən, tanımayan, düşünmədən,
tanımadan qərar verən adamdır, şirlər də
tanımadıqları Bəhrama ölüm hökmü kəsirlər;
Şirlər nədən xəbərsiz idilər? Nizami bu anda cəsarəti,
cəsur Bəhramı tanıtmaq fürsəti qazanır,
şahın üç özəlliyini açıqlayır:
a) “dəmir ciyərlidən” – şair Bəhramın
adını çəkmir, bu yolla onu böyüdür, yəni
o, ortada - meydanda yox ikən ondan danışır, o,
haqqında danışılan adamdır, Bəhram
özünü tanıtmır, tanıdan Nizamidir, Bəhramın
özəlliyi adı olmuşdur, Nizami şahın özəllikləri
sırasına öncə cəsarəti yazır – “dəmir
ciyərli/ürəklidən”. Bu deyim indiki Azərbaycan
türkcəsində “ciyərli/ürəkli adam” biçimində
işlənir, cəsur, igid, qorxmaz adamı tanıdır, cəsarətlə
ürək/ciyər arasında bağ qurur, belə ki, cəsarətin
ağılla olduğu kimi, ürəklə də bağı
var, idealizmin – duyğuların meyvəsidir, içində fədakarlıq,
sevgi, adanmışlıq var. Nizami deyimin cəsarəti ifadə
etmə gücünü bir az da artırır: “dəmir ciyərli/ürəkli”
deyir – Bəhramın elə bir cəsarəti var ki, kimsə/nəsə
onu qıra bilməz – iki şir bundan xəbərdar olsa idi,
danışmazdı; b) “ze şirgiri”/ “şir tutandan” – Bəhram
mahir, cəsur ovçu idi, o, şirin üstünə gedir,
savaşır, məğlub edirdi. Nizami “Yeddi gözəl” məsnəvisinin
öncəki bölmələrində Bəhramın cəsarətini,
ovçuluq məharətini belə tanıdır: “... Elə
ki bir qədər də böyüdü, Şirlərin pəncəsini,
qurdların boynunu sındırırdı, Sübhün
qılıncı (Günəş) o süvarinin nizə
oynatmağı qarşısında, Öz qalxanını yerə
atırdı, O, qranit daşları oxla bir-birinə elə
tikirdi ki, Heç ipəyi, tirməni də elə tikmək
olmazdı, O, bir nişanla ox atarkən, Qovluqdakı
bütün oxları bir (eyni) nöqtəyə vururdu, O,
daşın başına qılınc vurarkən, Daş da od
rəngli suya dönürdü, Onun nizəsi qabağına
darı da çıxsa, Nizənin ucu ilə onu halqa kimi
götürərdi, Onun nizəsi şirin boynundan
xaltasını çıxarırdı, Onun
qılıncı xəzinə qıfılının
halqasını açırdı, O, sərrast ox atır,
oxunu qıldan keçirirdi, Uzaqdan hər nəyi görsə
idi, Kölgə, ya da işıq da olsa, onu vururdu, O, görmədiyi
nişana ox atan zaman, Onun bəxti lazım biləndə (oxu) hədəfə
vururdu, Sürülərin keşiyini şir kimi çəkənlər,
Həmişə onun şirliyi ilə öyünürdülər,
O gah bəbir üstünə at çapırdı, Gah da
qızmış şir ilə oynayırdı... Təkəbbürlü
iki şir qızmış şir ilə oynayan Bəhramdan xəbərdar
olsa idi, meydan oxumazdı; c) “əjdaha ovlayandan” – bu, Bəhramın
üçüncü özəlliyidir, Nizami iki şirin cəhalətə
bağlı cəsarətinə qarşı Bəhramın
ağıla, ürəyə bağlı cəsarətini,
azğın şirlərə qarşı şir tutan Bəhramı,
əjdahalara (ilanlara) qarşı əjdaha ovlayan Bəhramı
qoyub: Ağ tuz ağacından olan oxu kamana qoydu, Qara əjdahanı
nişan aldı, Əjdaha gözlərini geniş açan
kimi, Haça ox şahın kamanından çıxdı,
Oxun hər iki ucu əjdahanın gözlərinə girib,
Dünyanı görmək yolunu (ona) bağladı,
Şahın oxunun iki ucu ilə, Qara əjdahanın gözləri
deşildi, Meydan əjdaha üçün dar olan kimi, Şah
nəhəng kimi əjdahanın üstünə
atıldı, İgidcəsinə xəncəri
boğazına soxdu, Elə bil şir (öz pəncəsini)
gurun bədəninə yeritdi, Onun xəncəri əjdahanın
ağzını, boğazını, Səkkiz qarış
cırıb ciyərini, böyrünü yırtdı, əjdahadan
dəhşətli bağırtı qalxdı, Və o,
ağac sütunu kimi yerə sərildi, Şah onun nərəsindən
və cüssəsindən qorxmadı, Bulud məgər
dağ təpəsindən qorxarmı? O, xəncərlə əhrimənin
başını kəsdi, Düşmənin
öldürülmüşü və başı kəsilmişi
yaxşıdır! – İki şir/iki əjdaha şir tutan, əjdaha
ovlayan Bəhramı tanısa idilər, ona meydan oxumazdılar;
mətndəki “və” bağlayıcısı Bəhramın özəlliklərini
sayır, çoxaldır, sıralayır, bir-birinə
bağlayır: dəmir ciyəri / ürəyi, cəsarəti
olan şir tutar, əjdaha ovlayar, kimsə onu məğlub edə
bilməz;
ON
İKİNCİ BEYTİN ŞƏRHİ: YAXINLAŞMIRDI
گرد بر گرد آن دو شیر عظیم
کس یک آماجگه نگشت از بیم
O əzəmətli
aslanların ətrafına,
Hər kəs
qorxusundan bir ox mənzili (məsafəsində)
yaxınlaşmırdı.[12]
Nizami iki
şirin meydan oxumasına Bəhramı tanıdaraq cavab verdikdən
sonra qorxunu böyüt ki, cəsarət, cəsur şah
böyüsün ölçüsünə qayıdır,
yeni vasitələr seçir:
“gerd” sözünü iki dəfə
işlədir, araya “bər” ön qoşmasını qoyur:
“gerd bər gerd” – “dövrə üzərinə dövrə”,
bu qəlib iki məqsədə xidmət edir: a) qorxunu
böyütmək üçün məkanı
böyüdür; b) insanların sayını
çoxaldır – savaşın olacağı böyük
meydanın ətrafı insanlarla doludur, dairə üstünə
dairə var, hər kəs ölkənin qədərini dəyişdərəcək
hadisəyə şahid olmaq istəyir;
Nizami
şirləri böyüdür, iki vasitəyə yer verir: a)
“o” deyir, işarə əvəzliyi uzaqda olan iki şiri
göstərir, şirlər o dərəcədə qorxuncdur
ki, “əvəzlik onlara yaxınlaşa bilmir”, “bu” deyib
yaxında olanı deyil, “o” deyib uzaqda olanı göstərir;
b) şair ərəbcə olan “əzim” sözündən
istifadə edir, onu qafiyə mövqeyinə yerləşdirir,
meydandakı çox böyük, əzəmətli, o iki
şir;
“kəs”, “kimsə”, “heç kim” –
böyük meydanın ətrafında çevrə-çevrə
insanlar var, ancaq onlardan heç biri, bircəsi belə, biri də...;
Nizami məkanı
böyüdərək qorxunu artırmaq üçün “yek
amacqah” / “amacqəh” qəlibinə yer verir, “amacqah”
sözünün mənası hədəf, nişangahdır,
bir hədəf məsafəsini, atılan oxun gedə biləcəyi
məsafəni ifadə edir;
“nə gəşt”, “yaxınlaşmırdı” /
“getmirdi”, meydan çox böyükdür, ətrafı
insanlarla doludur, meydanın ortasında iki nəhəng şir
var, o insanlardan heç biri, bircəsi də şirə
yaxınlaşa bilmir, onlardan bir ox məsafəsi uzaqda dururdu,
yəni şirlər bu dərəcədə qorxunc, qorxu bu qədər
çoxdur;
insanlar
niyə uzaqda dururdular? Səbəb qorxudur, Nizami “bim”
sözünü seçir, qafiyəyə, açar sözə
çevirir, mesajı ona yükləyir – minlərlə insan
var, ancaq hər biri / hamısı o iki böyük şirdən
qorxur, bircə istisna var, o da Bəhramdır, qorxunu məğlub
edən, Bəhramı seçən, üstün qılan dəyərin
/ nemətin adı cəsarətdir;
çoxluq, böyüklük, məkan, uzaqlıq qorxunun dərəcəsini,
o da cəsarətin dəyərini ifadə edir;
ON
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: YOLLANSIN
فتوی آن شد که شیر دل بهرام
سوی شیران کند نخست خرام
Qərar
belə oldu ki, aslan ürəkli Bəhram,
Əvvəl
şirlərə tərəf yollansın.[13]
Məsnəvinin süjet xətti yeni mərhələyə
keçir. Nizami iki şiri – böyük qorxunu tanıtdı,
indi Bəhramı – böyük cəsarəti təqdim edir, Bəhramın
cəsarətinin əlamətlərini bir-bir saymağa
başlayır, deyir ki, hakimiyyət nemətinə gedən
yolun adı cəsarətdir.
“fətva” deyir, bu söz ərəbcədir, “f-t-v”
kökündəndir, dini anlayışdır, “əmr”,
“qanun”, “hökm” anlamlarını daşıyır, fətva
vermək dini / siyasi bir məsələnin hökmünü
açıqlamaqdır, qanundur, icrası məcburidir, tərəflərə
məsuliyyət yükləyir, hökmü yerinə yetirilməsə,
cəzası var (fətva verənə “müfti”, onu istəyənə
“müstəfti”, “fətva” vermək işinə də “ifta”
deyilir);
Nizami niyə məhz “fətva” sözünü
seçir? Səbəbləri
sıralayaq: a) Bəhram hərbi gücü olsa da,
şahı olacağı ölkədə qan tökülməsini
istəmir, hakimiyyəti dinc yolla əldə etmək yolunu
seçir, İran hakimiyyətinin elçilərinə şərtlərini
açıqlayır, hakimiyyəti qanunsuz ələ
keçirənlər bu şərtləri qəbul etməyə
məcbur olurlar. Şərtlər bunlardır: mərasim
meydanda olacaq, iki şir olacaq, mərasimin vaxtı sübh
çağıdır – şirlər ac olan vaxt, vəhşi,
itipəncəli, acıqlı, alovlu ağzılarından
tüstü çıxan, nərildəyən şirlər
olacaq, meydana çox adam yığışacaq, onlar xalqın
fərqli təbəqələrini, fərqli bölgələri
təmsil edəcəklər, meydanı əsgərlər
çevrəyə alacaqlar (təhlükəsizliyi təmin
etmək üçün), Nizami fətvanın şərtlərindən
birini də indi açıqlayır; b) fətva hökm, əmr,
fərmandır, yazılıdır, məcburidir,
qaçış yeri, fərqli yorum imkanı yoxdur, şərtlərinin
pozulması savaş səbəbidir – Bəhram cəsurdur, əmindir,
istənilən halda (dinc yolla, savaşla) qalib gələcəyinə
inanır; c) şərtləri qoyan, fətvanı verən Bəhramdır
– bu da onun gücünü, cəsarətini göstərir;
fətvanın açıqlanmayan şərti hansıdır? Fətva
o oldu ki – Nizami qərarın önəmini vurğulamaq
üçün “o” deyir, göstərir, görün Bəhram
nə dərəcədə cəsurdur anlamı yükləyir,
bunu ondan başqa kim edə bilər ki?;
“şirdel” / “şir ürəkli” – Nizami bu
anda niyə belə bir təyinə ehtiyac duyur? Öncə
də dəmir ciyərli / ürəkli demişdi. Fətvanı
böyüdür, fətva böyüdükcə iki şeyi
də böyüdür: qorxu, cəsarət. Yəni bu elə
bir fətvadır ki, onu ancaq şir ürəkli olan verə
bilər;
belə
bir insan varmı? Nizami məsnəvinin bu bölməsində
ilk dəfə birbaşa Bəhramın adını çəkir
– Bəhram cəsarəti ilə bu şərəfi haqq edir –
onu qafiyə mövqeyinə yerləşdirir, beytin
ağırlıq mərkəzi Bəhramdır, bu çox
ciddi, İranın qədərini dəyişdirəcək fətvanı
verən (qarşı tərəfin işi
razılaşmaqdır) şir ürəkli Bəhramdır;
fətvanın dəyərini bu dərəcədə artıran bənd
/ maddə hansıdır? Şirlərin
arasından tacı götürmək addımını
öncə Bəhram atacaq – böyük cəsarət həm
də böyük risq almaqdır. Bəhram
bu işi, məsələn, püşklə həll edə
bilərdi, etmir, belə ki, o zaman cəsur Bəhram
obrazını inşa imkanı azalardı, ya da ilk
addımı qarşı tərəf atacaq şərtini
qoyardı, bu şərtdən də imtina edir. Niyə? İki səbəbi var: a) cəsarətinə
kölgə düşər, qarşı tərəf ürəklənər,
ona (atasına) nifrət edən xalqın qəlbini qazanmaq
çətinləşərdi; b) qarşı tərəf
bunu qəbul etməz, şavaşın yolu
açılardı. Bu da Bəhramın hakimiyyəti
dinc yolla qazanmaq anlayışına uyğun deyildi, o əsla və
əsla şahı olacağı ölkəni xaraba qoymaq istəmir.
Bəhram ilk addımı mən atacağam deyir, cəsarəti
ilə savaşdan öncə rəqiblərini, xalqı heyrətə
salır – inandırmağın, çəkindirməyin, məğlub
etməyin yolu heyrətə salmaq, heyrətə
salmağın yolu da cəsarətdir;
şirlərə tərəf öncə (nəxost) Bəhram gedəcək.
Nizami bu anda cəsarət
anlayışını inşa edən bir söz də
seçir, onu məhz qafiyə mövqeyinə yerləşdirir,
gücləndirir, baxın, görün deyir. Şair
“getsin” demir, məhz “xəram” / “xoram” sözünə yer
verir. Bu söz “xəramidən” feilinin köküdür,
yeriş biçimini ifadə edir, bu hər yeriş deyil, zərif,
incə, gözəl, nazla yerişdir, cəsarətin yol
açdığı ruh halının, güvənin,
tarazlığın ortaya çıxardığı hərəkət
biçimidir, hər ruh halının fiziki göstəriciləri
olur, qorxaq adam ölümün – iki azğın şirin
üzərinə nazlı yerişlə gedə bilməz,
ayaqları titrəyər, donar, yerə mıxlanar, ürəyi
partlayar. Bəhram ölümün üzərinə
nazlı yerişlə gedir, xalqı, rəqiblərini, iki
şiri dəhşətə salır, meydan oxuyur. Bəhramın
cəsur, əmin yerişi deyir ki, ey azğın şirlər,
sizi öldürməyə gəlirəm, ey xalq, cəsur Bəhramı
tanı, onun tərəfinə keç, ey rəqiblər, Bəhramın
hakimiyyət yolundan çəkilin – qorxunun dərmanı cəsarətdir;
ON
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: ONUN OLSUN
گر ستاند ز شیر تاج اوراست
جام زرین و تخت عاج اوراست
O,
tacı sirlərdən alarsa, (tac) onun
olsun,
Qızıl
cam və şirmayı taxt onun olsun.[14]
Bəhram
İranda hakimiyyəti qanunsuz ələ keçirənlərlə
danışıqlar yolunu seçdi, şərtlərini
açıqladı, onları qəbul etdirdi –
diplomatiyasının arxasında hərbi gücü var –
Nizami bu şərtləri açıqlayır, şərtləri
cəsarət anlayışının, cəsur Bəhram
obrazının inşasına yönəldir: Bəhram deyir
ki, tacı iki şir arasından götürmək
üçün ilk addımı mən atacağam, şərt
şirlərin arasından keçmək deyil, daha çətindir
– tacı götürməkdir, şirlərin üzərinə
atla deyil, piyada gediləcək (bu sıradakı beytlərdə
bəlli olacaq), Bəhram tacı götürsə, İran
şahının da eyni addımı atmasına ehtiyac
olmayacaq, Bəhram tacı götürə bilməsə,
sağ qalsa, ikinci haqqı olmayacaq, Bəhram tacı
götürməyi bacarmasa, İran şahı tacı
götürmək üçün addım atmayacaq, hakimiyyət
onun olacaq – bu şərtləri Bəhram müəyyən
edir, ən çətin yolu seçir, cəsarətin
dövlət, insan, xalq, şah – dövlət
başçısı üçün önəmini göstərir.
Mesajları var: a) hakimiyyət cəsur olanın
haqqıdır; b) ey İran xalqı, imkanım – hərbi
gücüm olsa da, qan tökmək istəmirəm; c) sizi idarə
edənlər qorxaqlardır; d) onlardan imtina edin, mənimlə
bağ qurun; e) Bəhram elə şərtlər qoyur ki, rəqiblərinin
gözü qırılsın;
Nizami
ölçünü belə tanıdır:
“gər” / “əgər”, şərt
bağlayıcısı seçir, “götürsə” deyil, məhz
alsa, tac-hakimiyyət iki azğın şirin əlində -
arasındadır, “almaq” feili mətndə savaşı,
ağır mübarizəni, çətin işi ifadə edir
– cəsarətin təqdiminə yol açır (“almaq”
feilinin çətinliyi ifadə gücü var: “torpaq almaq”,
“könül almaq”, “söz almaq”, “dərdini almaq”, “yol almaq”...
hamısında gərgin əmək var). Bəhram
tacı – hakimiyyəti iki şirdən nə ilə alacaq?
Cəsarəti ilə - neməti almağın
yolu cəsarətdir. “Almaq” feili deyir ki, iki düşmən
tərəf var – bu da qorxunu, cəsarəti böyüdür;
Nizami niyə
“alacaq” demir, “əgər alsa” deyir? Şərt mücadilənin
ağırlığını göstərir, qarşı tərəfi
böyüdür, qorxunu artırır, cəsarət nemətdir
ölçüsünün inşasına yol açır;
Kimdən alsa? Şirdən (şirlərdən) – Nizami əgər
alsa, desə idi, məna anlaşılardı, ancaq “şir”
sözünü, demək olar ki, hər zaman mətndə
(beytlərdə) tutur, bu yolla qorxunu böyüdür ki, cəsarətin
dəyəri anlaşılsın, şirsiz – qorxusuz beyt yoxdur;
Nəyi alsa? Nizami neməti böyüdür, tac
– hakimiyyət deyir, alsa, tac onundur – böyük nemət
böyük cəsarət istəyir, bədəlsiz
ödül yoxdur;
“onundur” (Bəhramındır) sözü rədif
mövqeyindədir, yiyəlik haldadır, sahiblik bildirir,
tacın sahibi cəsarəti olandır;
Nizami cəsarətin
dəyərini artırmaq üçün neməti
böyüdür, nemət hakimiyyətdir, ancaq şair onu əlamətləri
ilə tanıdır ki, nemət görünsün,
anlaşılsın, öncə “tac” dedi, indi də
“qızıl cam” deyir, dəyəri artıran vasitənin biri
qızıl, biri camdır. Şair cama özəl anlam
yükləyir: a) hakimiyyət rəmzidir; b) ancaq hər
hakimiyyətin deyil, Cəmşidin üzərində yeddi xətt
olan, ya da Key Xosrovun (böyük şahın) camıdır,
bu camın üzərinə nücum (astronomiya) elminin
hökmləri yazılmışdı, dünya hakimiyyəti
anlayışının rəmzidir – Key Xosrov İran əfsanələrinin,
Firdovsinin “Şahnamə” eposunun qəhrəmanlarından
biridir. Yəni Bəhramın böyük hədəfi var,
dünya şahı – imperator olmaq, ədaləti, mərhəməti
yaymaq istəyir – bunun yolu cəsarətdir;
“və” bağlayıcısı hakimiyyət
nemətinin əlamətlərini sıralayır,
bağlayır, böyüdür;
nemətin dəyərini göstərən bir əlamət də
var: fil sümüyündən olan taxt-ağappaq, parlaq, qiymətli
taxt (tərcümədə “şirmayı” kimi verilib);
beytdə
böyük nemətin – hakimiyyətin üç əlaməti
var: iki şirin arasında olan tac, qızıl cam, fil
sümüyündən olan taxt, üçü də qorxunu
(təhlükəni), neməti böyüdür ki, cəsarət,
cəsur Bəhram böyüsün – böyük olmayan dəyər
olmaz (dəyər hamını əhatə edir, xeyri hamıya
çatır, bütün zamanlara aiddir, heç vaxt qiymətini
itirməz: azadlıq, ədalət, mərhəmət, cəsarət);
ON
BEŞİNCİ BEYTİN ŞƏRHİ: ƏLİNİ
ÜZSÜN
ورنه از تخت رای بردارد
روی بر سوی جای خویش آرد
Ala bilməsə,
onda taxtdan əlini üzsün,
(Və)
öz yerinə üz qoyub (getsin)...[15]
Beyt Bəhramın
İranda hakimiyyəti ələ keçirənlərə qəbul
etdirdiyi şərtlərin sonuncusunu açıqlayır,
şərtləri cəsarət anlayışının, cəsur
şah obrazının inşasına yönəldir:
“vər” (“və+əgər”) – “və”
bağlayıcısı öncəki beytlə bağ qurur, “əgər”
– Bəhram tacı iki şirdən ala bilməsə/almasa –
“almasa” feili beytdə yoxdur, nəzərdə tutulduğu
öncəki beytdən anlaşılır, “nə” qəlibi
feili inkara çevirir, Nizami ehtimalla / şərtlə
danışır, bu yolla iki şirin nə dərəcədə
təhlükəli olduğunu göstərir, qorxunu, cəsarəti
böyüdür, bir də ki bu, anlaşmanın şərtidir,
orada bütün ehtimallar açıq göstərilməlidir;
“əz təxt”, taxtdan/hakimiyyətdən - ən
böyük nemətdən;
rəyini,
niyyətini, fikrini götürsün, əlini üzsün / əl
çəksin – Bəhram məğlub olsa, hakimiyyət fikrini
bir də ağlına belə gətirməsin, hakimiyyət
iddiasından imtina etsin – cəsarət itirməkdən
qorxmamaqdır, qorxan itirər;
rəy
götürmək / əl çəkmək – əlini üzmək
məcazdır, qətilik bildirir, cəsarəti, verilən
sözə sədaqəti ifadə edir – Bəhram məğlub
olsa, hakimiyyətin halal haqqı olmasına, böyük
ordusunun varlığına baxmayaraq, bir daha hakimiyyət
haqqında düşünməyəcək;
bəs
nə edəcək? Bu anlaşmanın yerinə
yetiriləcəyinin bir təminatı olmalıdır. Bəhram
qarşı tərəfdən təminat istəmir, yəni
tacı alsam, sizin hakimiyyəti dinc yolla verəcəyinizin təminatı
nədir demir. Buna ehtiyac duymur, belə ki, onların şərti
pozmaq imkanları yoxdur: a) məsələni xalqın
gözü qarşısında cəsarət həll edəcək;
b) daha önəmlisi Bəhramın böyük ordusu
hazırdır, özünə o dərəcədə əmindir,
o qədər cəsurdur ki, məğlub olacağı halda
şərtləri yerinə yetirəcəyi ilə
bağlı təminat verir, anlaşmanın bir bəndini bu məsələyə
həsr edir;
anlaşma deyir ki, Bəhram məğlub olsa, üz tutacaq / üz
tutsun;
haraya?
“Öz yerinə tərəf” – Bəhramın yeri Yəməndir
– öz yeridir, belə ki, uşaqlığının, gəncliyinin
keçdiyi yerdir, O, ordusu ilə Yəmənə gedəcək
– imperatorluğun mərkəzindən uzaqlaşacaq;
beyt
deyir ki, Bəhram cəsur, əmin, sadiq insandır – hakimiyyət
haqqınız, çox böyük ordunuz var, ancaq siz məğlub
olacağınız halda haqqınızdan birdəfəlik
imtina edəcəyinizə söz verirsiniz – hakimiyyətin
adını tutmayacaqsınız;
feillər qafiyə mövqeyindədir, əmr biçimindədir,
anlaşma / rəsmi sənəd üslubuna uyğundur;
anlaşma Bəhramın tacı ala bilməyəcəyi, ancaq
sağ qalacağı halda ortaya çıxacaq vəziyyətlə
bağlı hökmü tanıdır, onun ölməsi halında
nə olacaq sualına cavab verilməmişdir, belə ki, buna
ehtiyac yoxdur;
ON ALTINCI
BEYTİN ŞƏRHİ:
ŞİRLƏRƏ
TƏRƏF YÖNƏLDİ
شاه بهرام ازین قرار نگشت
سوی شیر آمد از تنیزه دشت
Bəhram
şah bu qərardan dönmədi,
Düzəngah
tərəfdən şirlərə yönəldi.[16]
Məsnəvinin
süjet xətti yeni mərhələyə keçir, ancaq
mövzu dəyişmir, Nizami cəsarət
anlayışının, cəsur Bəhram obrazının
inşası üçün yeni vasitələr seçir,
bu məqsədlə iki addım atır: a) Bəhramın
anlaşmaya münasibətini açıqlayır; b) məkanı,
iki şirə doğru hərəkəti təsvir edir;
“şah Bəhram” – Nizami on altı beytdə ilk dəfə
“şah Bəhram” deyir, “şah” sözünü addan əvvəl
yazır, şahlığı önə çıxarır,
şah olmayana şah adını verir: a) hakimiyyətə -
şahlığa gedən yolun ən önəmli mərhələsi
çatmışdır; b) o, şah olacaq; c) şah olmadan da
şah kimi hərəkət edir – şah cəsur olar, verdiyi
sözü yerinə yetirər;
“əz in qərar” – “bu qərardan”,
anlaşmanın şərtlərindən - ən önəmli
məsələdən;
“nə gəşt” – dönmədi / dəyişmədi,
feil şühudi keçmiş zamandadır, qətilik,
şahidlik, əminlik bildirir – anlaşmanın şərtlərini
olduğu kimi yerinə yetirmək cəsarət və sədaqətdir,
bir şaha yaraşan da budur, elə bu səbəblə də
Nizami ona şah Bəhram deyir – o, sözünün,
duyğularının, halının şahıdır,
onları idarə edir, meydandakı qorxunc vəziyyəti
görəndə sözünü, halını, qərarını
dəyişmir;
şirə - iki şirə tərəf gəldi, meydana tərəf
deyil, məhz şirə tərəf, Nizami meydanı deyil,
şiri-qorxunu, ölümü önə çıxarır,
cəsarətin ifadəsinə yol açır, Bəhram o iki
azğın şiri gördü, ancaq halı dəyişmədi,
tərəddüd etmədi, dayanmadı;
Nizami cəsarətin
təqdimi üçün bir vasitəyə də yer verir: Bəhramın
haradan şirə tərəf gəldiyini
açıqlayır: “əz tənize dəşt” – səhranın,
çölün, düzəngahın ətəyindən/aşağısından.
Məkan anlayışı cəsarətin inşası
üçün bu imkanları açır, deyir ki: a) Bəhram
şah kimi gəlir; b) dağdan, dərədən – gizlənə-gizlənə
deyil, düzənlikdən gəlir, o, şirləri, şirlər
də onu görürlər; c) meydan oxuyur, şirlərə
deyir ki, sizi öldürməyə gəldim; d) qəfil,
sürətlə gəlmir (öncə deyilmişdi ki,
nazla/saymazyana gəlir), düzənliyin aşağısından - xeyli uzaqdan gəlir, şirlərin
onu görmək, hazırlaşmaq, hücum etmək imkanı
var;
səhnəni
gözümüz önündə canlandıraq: sübh
çağıdır, meydanda iki ac, vəhşi, itipəncəli,
acıqlı, alovlu ağzından tüstü çıxan,
nərildəyən, yırtıcı, qara, quyruğunu
davamlı yerə vuran, meydan oxuyan, böyük şir var,
insanlar onlardan bir ox məsafəsi uzaqda dayanmışlar – Bəhram
isə düzənlikdən (açıq-aşkar) əmin
addımlarla o iki şirə tərəf gəlir / gəldi;
ölüm qorxusuna baxmayaraq, sözünü yerinə yetirmək və
məkan təsviri deyir ki, Bəhramda iki dəyər var: sədaqət,
cəsarət, cəsarət olmasa, sədaqət olmaz, xəyanətin
səbəbi qorxaqlıqdır;
ON
YEDDİNCİ BEYTİN ŞƏRHİ: BİR ŞİR
ÖLDÜRMƏSİN
در در و دشت هیچ پشته نبود
که بران پشته شیر کشته نبود
Dərə
və düzəngahlarda elə bir cığır yox idi,
Ki, həmin
cığırda o, bir şir öldürməsin.[17]
Nizami cəsarət anlayışının, cəsur Bəhram
obrazının inşası üçün anlaşmanın
şərtlərindən yararlandı. Bu beytdə cəsarətlə
təcrübə arasında bağ qurur, təcrübə
anlayışının içində təkrar var – bir
şey təkrar olunur, çoxluq var – eyni iş dəfələrlə
yerinə yetirilir, fərqlilik var – bir iş fərqli
biçimlərdə, yerlərdə icra olunur. Təkrarda
ağıl – şir ovlamaq ağıl işidir, əmək –
ov çətindir, iradə - hədəfindən əl
çəkməmək, səbir – dirəniş gücü
var. Təkrar ustalaşdırır, təcrübə
qazandırır, işi, duyğuları idarə etməyi
öyrədir, həyəcanı azaldır. Nizami deyir ki, Bəhramın
təcrübəsi cəsarətini artırırdı, o nəyi,
necə, nə zaman edəcəyini bilirdi, tərəddüdü
yox idi – qərarsızlıq cəsarəti öldürər,
duyğularına hakim idi:
“dərə və düzəngahda” – fərqli məkanlarda,
aradakı “və” bağlayıcısı da çoxaldır,
fərqi göstərir, sıralayır, təcrübə var
deyir – Bəhram bu işi (açıqlanacaq) fərqli yerlərdə
dəfələrlə təkrar etmişdi. Nizami iki fərqli
məkanı ona görə özəlliklə
vurğulayır ki, dərədə ov etməklə düzənlikdə
ov etməyin xarakteri bir-birindən seçilir – onun təkcə
ov təcrübəsi deyil, məkan təcrübəsi də
var idi;
“hiç” / “heç” – bu qəlib istisnaya yer
qoymur – məkan istisnası yox idi, Bəhram hər yerdə /
şəraitdə özünü sınamış, təcrübə
qazanmışdı, o, usta idi;
“poşte” – söz beytdə iki dəfə işlənsə
də (iki misrada da), fərqli anlamlar yüklənmişdir,
burada cığır (arxa yol) mənasını
daşıyır, hər ov yerini tanımağı ifadə
edir – tanımaq cəsarəti artırır, incəlikləri
ifadə edir, dərədə, düzənlikdə heç
bir cığır yox idi / olmadı – Bəhram cəsarətini
hər yerdə / şəraitdə sınamış,
böyük təcrübə qazanmışdı, ov onun
işi idi – cəsarət işi öyrənməyi, təcrübəni
tələb edir;
rədif
mövqeyində olan “olmadı” / “yox idi” qəlibi də
bütün istisnaları sıradan çıxarır, deyir
ki, tanı, bil, öyrən, təcrübə qazan ki, cəsarətin
çoxalsın – cəsarət öyrənilən nemətdir;
“ke” / “ki” – misraları bir-birinə
bağlayır, birinci misradakı ölçünü
açıqlayır;
“orada” – dərə və düzənlikdə
elə bir cığır yox idi / olmadı ki, orada ...;
“poşte” sözü yenə gəldi, tərcümədə
ikisi də cığır kimi verilib, doğru deyil, belə
ki, “poşte” sözünün bu mənaları da var: “qucaq”,
“bağlama”, “şələ”, “yığın”, “topa”, “qalaq”,
“təpə”. Söz ikinci misrada çoxluq bildirən “topa”,
“qalaq”, “yığın” mənalarını daşıyır,
deyir ki, təcrübə var, Bəhram bir dəfə deyil, dəfələrlə,
çox sayda (bir yığın);
“şir” – Bəhram çox, fərqli heyvanlar ovlayıb,
Nizami bu anda məhz, ancaq şiri önə
çıxarır – Bəhram iki şirlə savaşacaq,
şir öldürmək təcrübəsi çox idi,
şiri tanıyır, onu ovlamağın yolunu bilir, bu da cəsarətini
artırırdı – Nizami cəsarəti anadangəlmə dəyər
kimi deyil (toxum var), tərbiyə olunmuş, ağıl, əmək,
iradə, təcrübə ilə qazanılmış nemət
kimi tanıdır;
“öldürməmiş olsun” – dərədə,
düzənlikdə bir yığın şir öldürmədiyi
cığır yox idi / olmadı – şir ovunu hər məkanda
/ şəraitdə sınaqdan keçirmişdi;
ON
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:
YENİCƏ TAMAMLANMIŞDI
سر صد شیر کنده بود زیال
بود عمرش هنوز بیست و دو سال
Yüzlərcə
şirin başını boynundan ayırmışdı,
(Baxmayaraq
ki) iyirmi iki yaşı (yenicə tamamlanmışdı).[18]
Beyt Bəhramı tanıdır, təcrübəsi ilə
cəsarəti arasında bağ qurur. Bəhram çox
ağıllıdır, o, hakimiyyəti dinc yolla qazanmaq yolunu
seçərkən (bu da ağılın göstəricisidir)
təsadüfən iki şir arasından tacı götürməyi
təklif etməyib, gözəl bildiyi bir işi seçib –
doğrunu bilmək nemətdir, ancaq bilinən doğru əmələ
çevrilməsə, bir işə yaramaz, doğrunu
(anlayışı) əmələ daşımaq cəsarətdir
(əməlin hərəkətdən fərqi var: əməl
şüurlu hərəkətdir, heyvanın hərəkəti
var, əməli yoxdur)...
Nizami təcrübə
ilə cəsarət arasında bağ qurarkən üç
vasitə seçir:
Birincisi, sayı çoxaldır, yüz dəfə /
yüzlərcə dəfə - qeyri-müəyyənlik də
çoxluqla / təkrarla təcrübənin bağını
göstərir, sayı-hesabı bilinmirdi – “yüz” sayı
çoxluqdan kinayədir.
İkincisi, Bəhramın şiri öldürmə
biçimini tanıdır – yüz / yüzlərcə (ov yerlərinin
tanıdılmasından sonra ov sayı, ovu öldürmə
biçimi gəlir, üçü də deyir ki, təcrübə
var, cəsarət təcrübəyə də
bağlıdır) şirin başını - ən təhlükəli
yerini boynundan (yalından) qoparmışdı. Nizami təcrübə və
cəsarətin ifadəsi üçün Bəhram
şiri/şirləri ovlamışdı, oxla vurmuşdu,
başını kəsmişdi demir, ustalıq, cəsarət
anlayışlarını açıq biçimdə
göstərən “kəndən” (“kənde”) feilini seçir,
cəsarəti, təcrübəsi olmayan biri şiri oxla
öldürə bilər, ancaq əsla şirin
başını boynundan qopara bilməz – Bəhram şirlə
üzbəüz gəlir, onunla savaşır, Nizami deyir ki, Bəhram
“qızmış şir ilə oynayırdı” (“kəndən”
feilinin bu mənaları da var: “qazmaq”, “çıxarmaq”, “dərmək”,
“kəsmək”, biz niyə “kəsmək” deyil, “qoparmaq”
anlamını seçmişik? Mətndə “ze” / “əz”
ön qoşması var, çıxışlıq halı
bildirir- “boynundan”, şirin başını boynundan kəsmək
yox, qoparmaq olar, Azərbaycan türkcəsində
başını boynundan qoparmaq / ayırmaq ifadəsi işlədilir,
mətnin mesajına uyğun qəlib də budur, “kəsmək”
deyil, “qoparmaq” feili cəsarəti, gücü, təcrübəni
dəqiq göstərir, heyrətə salır, Bəhramı
böyüdür.
Üçüncüsü,
Nizami cəsarətin təcrübə ilə bağı var
ölçüsünü Bəhramın yaşına –
ömrünə yükləyir, yaşı kiçildir ki, təcrübə
və cəsarət böyüsün, kiçildici vasitə
olan “hənuz” (“hələ”, “təzəcə”, “yenicə”, “cəmisi”)
sözünü seçir, vur-tut iyirmi iki yaşında idi.
Bu qədər az yaş, bu dərəcədə
böyük cəsarət, təcrübə. Bu
necə mümkün olur? Ağıl, istedad, müəllim,
tərbiyə, əmək, iradə, təcrübə birləşir
– bu dəyərlər cəsarəti mayalayır, o da qorxunu
öldürür, hakimiyyətin yolunu açır;
Cəsarətlə
qohum anlayışlar bunlardır:
ağıl – ağıla bağlı olmayan cəsarət dəlilikdir;
istedad –
cəsarət bacarıqdır, cəsarət toxumunu
böyüdən tərbiyədir;
qəlb
– cəsarətin duyğu ilə də bağı var,
duyğusuz cəsarət olmaz, ağıl cəsarəti
gerçəkliyə, duyğu idealistliyə bağlayır, cəsarətin
iki qanadı var: ağıl, duyğu;
iradə
- seçdiyin yolu sonadək getməkdir, yorulma, yıxılma,
yıxılsan, qalx, , bezmə, əl çəkmə,
uğursuzluq var, imtina yoxdur;
fədakarlıq – cəsarət dəyərdir, ciddi əmək, zaman,
qaynaq tələb edir;
müəllim – işi ustasından öyrənmək şərtdir;
inanmaq /
güvənmək – özündən əmin olan cəsur
olar;
sevgi –
varlığını işinə həsr etməkdir;
hədəf – gücü toplayır, çalışdırır,
iradəni, əzmi artırır, böyüdür;
təcrübə - cəsarətin dostu, qorxunun düşmənidir, bilən,
sınaqdan keçirən, öyrənən cəsur olar;
çətinlik / acı – cəsarəti tanıdan, üzə
çıxaran, böyüdən, tərbiyə edən
acılardır;
səbir
– dirəniş gücüdür, gözlədiyinin, istədiyinin
gəlməsi üçün çalışmaqdır,
beş dəfə yıxılsan da, altı dəfə
qalxacaqsan, bədəlini ödəmədiyin heç bir dəyər
səni böyütməz, qorumaz, anlam qazandırmaz, sənin
olmaz;
ON
DOQQUZUNCU BEYTİN ŞƏRHİ:
ZƏLİL OLA BİLƏRMİ?
آنکه صد شیر ازو زبون باشد
او زبون دو شیر چون باشد
O (igid)
ki, yüzlərcə şir onun qabağında zəlil
olmuşdu,
İki
şirin qabağında zəlil ola bilərmi?[19]
Bu,
öncəki beytin davamıdır, Bəhramı
tanıdır, təcrübə ilə cəsarət
arasında bağ qurur, deyir ki, Bəhram iki şirə qalib gələcək,
səbəblər sırasında bu da var: o, təcrübəlidir,
usta ovçudur. Nizami Bəhramı, təcrübəni, cəsarəti
bu yollarla təqdim edir:
“an ke” / “o ki” – “ki” gücləndirici ədatdır,
Bəhramın mövqeyini gücləndirir: iyirmi iki
yaşı olmasına baxmayaraq, Bəhram o cəsur, o təcrübəli
igiddir ki – o dərəcədə cəsarətli, təcrübəlidir
ki…;
sonra zəfəri
təmin edəcək cəsarət və təcrübənin
dərəcəsi açıqlanır: “yüz şir”, burada
yüz sayı çoxluqdan kinayədir, əslində,
yüzlərcədir, qeyri-müəyyənliyi bildirir,
çoxluq cəsarət və təcrübənin təqdiminə
yol açır;
“əz u” – ondan, beytdə üç o əvəzliyi
var, üçü də Bəhram deyir, onun cəsarətini,
təcrübəsini böyüdür – Bəhram o igiddir ki,
onun cəsarəti, təcrübəsi (nəticəsində);
yüz/yüzlərlə
şir zəbun oldu/olsun – “zəbun” sözünün bu mənaları
var: “zəif”, “süst”, “xar”, “zəlil”, “bədbəxt”, yəni
Bəhram yüzlərlə şiri məğlub edən cəsarətə,
təcrübəyə sahibdir;
təcrübə və cəsarət iki azğın şirlə
savaşın nəticəsini də müəyyən edəcək,
təcrübə və cəsarət deyir ki, Bəhramın məğlubiyyəti
qeyri-mümkündür. Nizami imkansızlığın ifadəsi
üçün bədii sual seçir: (Bəhram) yüzlərlə
şirin onun qarşısında zəbun (məğlub)
olduğu kimi o da iki şirin qarşısında zəbun
olarmı, zəbun olsun? Belə bir şey ola bilərmi?;
beytdə
imkansızlığı ifadə edən bir vasitə də
var: yüzlərlə şirlə iki şir leksik antonimdir: fərqli
məkanlarda yüzlərlə şirin başını
boynundan qoparmış, qızmış şirlərlə
oynamış, cəsur, təcrübəli Bəhramın
qarşısında cəmisi iki şir var, bu savaşın nəticəsi
öncədən bəlli deyilmi?
İYİRMİNCİ
BEYTİN ŞƏRHİ: ÜSTÜNƏ CUMDU
در کمر چست کرد عطف قبا
در دم شیر شد چو باد صبا
Donunun ətəyini
kəmərinə sancıb,
Səba
yeli kimi şirlərin üstünə cumdu.[20]
Bəhramın
uğuruna yol açan əsaslar açıqlandı:
ağıllıdır – gerçəyi bilir, iradəlidir – qərar
verir, cəsarətlidir – hərəkətə keçir, təcrübəlidir
– işin üsulunu öyrənmişdir…
Şərh
olunan beytdən başlayaraq Bəhramın iki şiri məğlub
etmək yolu/üsulu tanıdılır, çeviklik və
sürət önə çıxarılır, Nizami bu vasitələri
seçir:
Bəhram
atlı deyil, piyadadır, özünə
güvənir, cəsurdur – qaçış imkanını rədd
edir, düzənlikdən gəlir, şirlər onu
görürlər, əmin yerişlə (nazla) gəlir,
aradakı məsafə azalanda sürəti artırır;
sürətli / cəld hərəkət üçün
yüngüllük əsasdır, qəbasının (tərcümədə
“don” kimi verilib), qəba uzunqollu, bir az uzun (ətəyi var),
geniş (rahat hərəkətə mane olmur), yüngül
kişi paltarıdır. Nizami Bəhramın geyim biçimini
onun cəsarətinin, təcrübəsinin tanıdılmasına
yönəldir: bəlli olur ki, onun qorunma vasitələri
(zireh, dəbilqə…) yoxdur, bunun iki səbəbi var: a) cəsurdur,
özünə güvənir, meydan oxuyur; b) təcrübəlidir,
bilir ki, şirlərlə savaşda əsas olanlardan biri də
yüngüllük, cəldlikdir;
Bəhramin
oxu, yayı da yoxdur – bu da şərtlərdən biridir,
şirləri uzaqdan oxla vurub öldürmək olmaz, onların
üzərinə gedəcək, savaşacaq, məğlub edəcək,
tacı götürəcəksən;
Bəhramın
qılıncı, xəncəri belə yoxdur, əliyalındır,
bu, əlbəyaxa savaşdır, cəsarət, təcrübə,
çeviklik, sürət əsasdır – iki azğın
şirin üzərinə əliyalın gedən Bəhramı
görmək insanı heyrətə salır;
Bəhram
qəbasını (ətəyini) kəmərə - kəmər
beli sıxır, paltarı sıx/kip tutur, onun hərəkətə
mane olmasına imkan vermir, gücü toplayır, çeviklik,
sürət imkanını artırır;
qəbasını (“ətəyini”) kəmərə keçirtdi (tərcümədə
“sancdı” / “sancıb” kimi verilib, doğru deyil, ətək kəmərə
sancılmaz), iç tərəfinə soxdu, birləşdirdi
– “ətf” sözünün bu mənaları var:
“dönüş”, “birləşdirmə”, “sitat gətirmə”
– belə etdi ki, geyimi onun sürətli, çevik hərəkətinə
mane olmasın;
misrada
sürətli/çevik hərəkətin zəruriliyini ifadə
edən bir qəlib də var: “çost” – “tez”, “cəld”, “zirək”,
“çevik”, Bəhramın şirlərin üzərinə
sürətli hərəkətdən öncə ilk işi
geyimini bu hala uyğunlaşdırmaqdır – bu anda həlledici
olan sürət və çeviklikdir;
“şirin ağzına doğru” – misrada “dəm”
sözü var, bu mənalarda işlənir: “yan”, “nəfəs”,
“an”, “üfürmə”, “qan”, “ağız”, tərcümədə
şirlərin üstünə kimi verilib, dəqiq deyil, belə
ki, nəzərdə tutulan mənanı yetərincə
daşımır. Nizami Bəhramın şirlərin onu
gördüyü biçimdə (arxadan, yandan deyil), – üz
(ağız) tərəfdən onlara doğru getdiyinin bilinməsini
istəyir, belə ki, bu, cəsarətin ifadəsinə yol
açır, o düz şirlərin üzünə doğru
hərəkət edir, gəlirəm deyir, meydan oxuyur;
hərəkət
sürəti, çeviklik çox önəmlidir dedik, Nizami
hərəkət biçiminin ifadəsi üçün bir
vasitə də seçir: səba yeli kimi oldu (tərcümədə
“cumdu” sözü var, sürəti ifadə etsə də,
orijinalda yoxdur), şair mesajı daşıyan dəqiq ifadə
seçir; a) səba yeli şərqdən əsir, xeyirlidir –
Bəhram da xeyirli iş üçün “əsir”; b) müjdə
gətirir – hərəkət Bəhramın zəfərini
müjdələyir; c) səba yeli yüngüldür – Bəhram
da quş kimi idi, uçurdu, düşüncəsində, hərəkətində
rahatlıq, əminlik, sürət var idi;
Nizami təşbehdə tərəflər
arasındakı məsafəni / bənzəyişi ən aza
endirmişdir.
O, Bəhram səba yeli kimidir demir, səba yeli kimi oldu deyir – fərq
qalmadı, Bəhram səba yeli idi, o dərəcədə
yüngül, çevik, sürətli hərəkət
edirdi, külək kimi iki şirin ağzına / üzünə
doğru əsirdi;
İYİRMİ
BİRİNCİ BEYTİN ŞƏRHİ: TACI QAPDI
بانگ بر زد به تند شیران زود
وز میان دو شیر تاج ربود
Tez
qızğın şirlərə bir nərə çəkdi,
Və iki
şirin arasından tacı qapdı.[21]
Nizami cəsarət
anlayışının, cəsur Bəhram obrazının
inşası üçün cəsarətlə təcrübə
arasında bağ qurdu, Bəhramın hərəkətini (əmin,
sürətli, çevik), geyimini (yüngül, rahat),
seçdiyi məkanı (düzənlik, böyük,
görünən yer), istiqamətini (düz şirlərin
üzünə doğru) incəliklə təsvir etdi, bu
anlayışlara uyğun obrazlara yer verdi. Sıralama davam edir,
şair Bəhramın şirləri məğlub etmək
üsulunun yeni əlamətlərini tanıdır:
o, sürətlə
şirlərə yaxınlaşdı, bu an ən zəruri
addımı atdı: “nərə çəkdi” (“bang zəd”),
“bang” sözünün mənaları var: “səs”, “nalə”,
“şivən”, “fəryad”, “bang zədən” qorxunc səslə
bağırmaqdır. Bəhram bu anda niyə məhz
nərə çəkir? İki şiri qorxudur,
onları şoka salır, çaşdırır, diqqəti
yayındırır, şirlərə tacı unutdurur,
şirlər öz canlarının hayında qalırlar,
hücum mövqeyindən müdafiəyə keçirlər,
onlar toparlanadək, nə baş verdiyini anlayanadək Bəhramı
tacı götürür, zaman çox önəmlidir,
üç şey Bəhrama zamanı ən doğru
biçimdə dəyərləndirmək imkanı verir:
böyük sürət, işi bir göz
qırpımında həll edən çeviklik, qorxunc səs;
Bəhram
ona zaman qazandırmağa mane olan hər şeydən imtina
edir: düz yer/məkan seçir, zirehi, silahı yoxdur, geyimi
yüngüldür, qorxu tanımır – qorxu tərəddüdə,
o da zaman itkisinə yol açır;
“üzərinə nərə çəkdi” –
yaxınlaşdı, ən yaxın məsafədə iki
şirin qulağını kar edəcək dərəcədə
qorxunc səslə bağırdı, səslə
“öldürdü”, onların gücünü əlindən
aldı, bir anlıq hərəkətsiz qıldı – səs
gücdür, psixoloji silahdır – gözəl səs ruh,
güc, hüzur verir, qorxunc səs onları alır;
Bəhramın
fiziki, mənəvi silahları var: bədəni
güclüdür, geyim, hərəkət, sürət,
çeviklik, yüngüllük, səs, ağıl, təcrübə,
cəsarət, iradə, əmək, məntiq, səbir;
Nizami bu
anda Bəhramın cəsarət və təcrübəsini,
işinin çətinliyini ifadə etmək üçün
təhlükəni böyüdür, “be tond şiran” deyir,
iki vasitə seçir: a) “şir” sözünü cəmdə
işlədir, Nizami bir sıra beytlərdə “şir”
sözünü təkdə işlədərək cəmi nəzərdə
tutur, burada – bu anda isə məhz “şirlər” deyir; b) “tond” sözündən
istifadə edir, bu sözün “tez”, “iti”, “bərk”,
“şücaətli”, “acı”, “tünd”, “yandırıcı”,
“zəhərli”, “kobud”, “sivri” mənaları var –
acıqlı, qəzəbli, qızğın şirlər, Bəhram
nərə çəkir, bağırır, nərəsi ilə
güclüyəm, öldürərəm deyir, meydan oxuyur,
qorxudur;
Niyə nərə çəkir? Bir açıqlaması da
budur: heyvan sözdən anlamaz, səsdən anlayar, heyvanı
məğlub etməyin yolu danışmaq deyil,
bağırmaqdır, qorxutmaqdır – insanın üzərinə
qışqırmaq onu heyvan yerinə qoymaq, dəyərini
öldürməkdir;
Misranın
sonunda – qafiyə mövqeyində “zud” sözü var, “tez” –
sürəti, çevikliyi bildirir, Bəhram qızğın
şirlərə yaxınlaşan kimi ilk işi tez nərə
çəkmək oldu, əsla gecikmək olmaz, qorxunc səslə
iki şiri çaşdırmaq şərtdir;
Bəhram
sayılan yollarla tacı götürmək imkanı
qazandı: “vəz” (“və” + “əz”), miralar bir-birinə
bağlanır, işlər sıralanır. Zaman çox az, qısa, bircə andır. Nizami
bu anlamı – bir nəfəslik zaman dilimini necə
tanıdır? “Və”, “əz” demir, “vəz” deyir, saiti artır,
qısaldır, deyilişdə uzanmaya da imkan vermir, tez
keçir – zaman gücdür, silahdır, zəfərin əsaslarından
biridir;
Bəhram
bir göz qırpımında iki şirin arasından – burada
“ara” sözü önəmlidir – tac/hakimiyyət ən təhlükəli
yerə - iki qızğın şirin arasına qoyulub, təhlükə
böyüdükcə cəsarət də böyüyür,
təcrübənin dəyəri, Bəhramın əqli,
fiziki gücü, imkanı anlaşılır – nemət nə
qədər böyükdürsə, təhlükə də
o dərəcədə böyükdür, onu əldə etmək
böyük ağıl, iradə, əmək, cəsarət
istəyir;
Nizami
hakimiyyətin/tacın qazanılması üçün zəruri
olan sürət, zaman, çeviklik adlı dəyərlərin
tanıdılmasında bir yol da seçir, məhz “robud” feilinə
yer verir, onu qafiyə mövqeyinə qoyur, gücləndirir:
“robudən” (kökü “roba”, “robud” – “qaçırdı”,
“oğurladı”, “qapdı”, üçü də mətndə
ən qısa zaman dilimini, çevikliyi, sürəti, təhlükəni,
cəsarəti, təcrübəni ifadə edir: a) “tacı
qaçırdı” – qap, qaç, gecikmək
ölümdür, qapıb qaçmaq cəsarət, təcrübə,
çeviklik, sürət istəyir; b) “tacı
oğurladı” – oğru zamanla yarışar, ən uyğun
vaxtı seçər, tələsər, qapar, qaçar,
yoxsa, ölər; c) “tacı qapdı” – tac/hakimiyyət iki
azğın şirin mülkiyyətidir, verməzlər,
onların əlindən/arasından qapılmalıdır,
qapmaq bir işi ən qısa zaman dilimində, sürətlə,
çevik etməkdir, qapmaq üçün öncə çaşdırmağa
ehtiyac var, iki şir neməti verməz, öncə
sayıqlığın itirilməsi təmin olunmalıdır,
bunun yolu da qorxutmaqdır, Bəhram nərə çəkir,
qorxudur, tacı qapır;
Beytin
qafiyəsi “zud” (“tez”), “robud” (“qapdı”) sözləridir,
zamanı, sürəti, çevikliyi, cəsarəti, təcrübəni,
təhlükəni, hakimiyyət nemətini tanıdır,
deyir ki, bu dəyərlərin varsa, nemət sənindir – feil
şühudi keçmiş zamandadır, şahidlik, qətilik
bildirir – göstərilən ölçünün
doğruluğuna əmin ol, inan – Bəhram etdi, örnək
oldu, sən də edə bilərsən!;
İYİRMİ
İKİNCİ BEYTİN ŞƏRHİ: ŞİRLƏR
GÖRDÜ
چونکه شیران دلیریش دیدند
شیرگیری و شیریش دیدند
Şirlər
onun şücaətini görüb,
Aslan
basmağını və aslanlığını
görüb…[22]
Bəhram
tacı qapdı, məsnəvinin süjet xətti yeni mərhələyə
keçdi, Nizami indiyədək cəsarət
anlayışının cəsur Bəhram obrazının
inşası üçün bunları təsvir etdi: Günəşin
doğuluşu, meydanın tutumu, fərqli təbəqə və
yerləri təmsil edən insanların meydana gəlişi, şir
saxlayanların tanıdılması, şirlərin meydana gətiriliş
biçimi, tacın/hakimiyyətin dəyəri, tacın
qoyulduğu yer, şirlərin rəngi, əjdaha ilə
müqayisə, şirlərin halı, hərəkətləri,
daxili nitqi, Bəhramın tanıdılması, insanların
savaş yerindən uzaqlığı, anlaşmanın şərtləri,
Bəhramın yaşı, seçdiyi məkan, meydana gəliş
biçimi, təcrübəsi, duyğuları, geyimi, sürəti,
səsi, hərəkəti…
Bəhram
tacı götürdü, sıra şirlərin cavabına
çatdı, Nizami bu imkandan yararlanaraq cəsarət
anlayışını, cəsur şahı tanıdır,
uyğun vasitələr seçir:
“çonke”, “elə ki”, “o vaxt ki” – bu zaman yüklü qəlib
deyir ki, Bəhramın hərəkəti, sürəti, səsi
şirləri heyrətə saldı, onlar nə baş
verdiyini anlamaqda gecikdilər, elə buna görə də Bəhram
tacı götürən an ona reaksiya verə bilmədilər.
Şirlərin gecikməsinin bu səbəbləri də var:
a) çox təkəbbürlüdürlər, belə deyirlər:
“Bu qızıl tacı bizdən kim ala bilər,
Şir və əjdahanı kim qarət edə bilər?” Təkəbbür
tədbiri, sayıqlığı, hərəkəti yox edər;
b) özlərindən o dərəcədə
razıdırlar ki, Bəhramı görsələr də,
yerindən durmaq, gələnə doğru getmək
ehtiyacı hiss etmirlər, gələcək,
ağzımıza düşəcək deyirlər - indiyədək
kimsə onların əlindən canını qurtara bilməyib
– təkəbbür, saymazlıq arxayınlığa, tənbəlliyə
yol açar; c) Bəhramı tanımırlar – cəhalət
ölümdür;
ağıllı, tədbirli, təcrübəli, cəsur Bəhram
hakimiyyəti / tacı təkəbbürlü şirlərdən
aldı – təkəbbür nemətin itirilməsinə səbəb
olar;
elə
ki “gördülər” / “didənd” – “görmək” feili rədif
mövqeyindədir, anlamaq mənasını daşıyır
(heyvan anlamadığına görə “görmək” feili
seçilmişdir) – təkəbbür görməyi –
düşünməyi gecikdirir, təkəbbürlü hər
şeyi bildiyini zənn edir, o düşünməz ki! Nəticə nə oldu? Hakimiyyət / tac neməti itirildi. Bundan sonra şirlər
tacı qorumaq üçün deyil, onu geri almaq uğrunda
savaşacaqlar;
şirlər nəyi, kimi gördülər, “anladılar”? Bu sual cəsarətin,
cəsur Bəhramın tanıdılmasına yol
açır: a) Nizami Bəhramı şirlərin gözü
ilə tanıdır, bu yol Bəhramı daha da böyütmək
imkanı verir, heyvanların şahı Bəhramı necə
tanıyır?; b) Bəhram onları heyrətə salıb,
“o” deyirlər (“onun”), heyrətin/dəhşətin əlaməti
böyütməkdir, adını bilmir, tanımırlar, “o”
deyirlər, həm də “o” şəxs əvəzliyi
bitişən əvəzlik biçimində iki dəfə (əslində,
üç dəfə) işlədilib; c) Bəhramın
kimliyini tanıdan üç özəllik sayılır,
aradakı “və” bağlayıcısı, sıralayır,
bağlayır, çoxaldır: 1) “onun cəsarətini –
igidliyini – şücaətini” gördülər – söz isim
biçimindədir - “dəliri” (cəsarət, igidlik), feil dəyişər,
isim dəyişməz – cəsarət Bəhramın xarakteri,
fitrəti, adıdır – qorxunu məğlub edən dəyər
cəsarətdir; 2) şirlər onun “şir tutmasını”
gördülər, o, şir tutan, basan, ovlayandır, Nizami məhz
“tutmaq” feilini seçir, şiri tutmaq deyir, ovlamaq,
öldürmək demir, bu feil Bəhramı, cəsarəti o
qədər böyüdür ki – o, qızmış şirlərlə
oynayan adamdır, şirin üstünə silahsız gedir, onu
tutur, boynunu qırır; 3) şirlər onun “şirliyini”
(“şiriəş”) gördülər, şirlik cəsarət,
güc deməkdir, əsl şir Bəhramdır – təkəbbür,
cəhalət şirliyi (cəsarəti, gücü)
öldürər, ağıl, elm, tədbir şirliyi
böyüdər;
Beytdə
beş “ş” səsi var, şir deyir,
şirlər gördülər, anladılar, bildilər ki, Bəhram
şirdir;
Bəhramı
tanımayan, cahil, təkəbbürlü şirlər hərəkətsiz,
tədbirsiz idilər, elə ki onu anladılar/tanıdlar,
gördülər… Anlayan nə edər? Hərəkətə
keçər, hərəkətə keçdilər
(sıradakı beytdə), cəhalət və təkəbbür
hakimiyyət/tac nemətinin itirilməsinə səbəb oldu,
indi neməti qorumaq deyil, onu geri almaq uğrunda savaş olacaq,
bu da cəsarəti, cəsur şahı tanıtmaq imkanı
verəcək;
şir
olmayanın şirliyi – ağlı, iradəsi, cəsarəti,
əməyi, tədbiri olmayanın hakimiyyət nemətini
qorumaq, ona qovuşmaq imkanı olmaz;
İYİRMİ
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: HÜCUM
ETDİLƏR
حمله بردند چون تنومندان
دشنه در دست و تیغ در دندان
Pəhləvanlar
kimi ona hücum etdilər,
Ki, pəncələri
xəncər, qılınc dişləri ilə…[23]
Bəhram
sürətlə hərəkət etdi, nərə çəkdi,
iki qızğın şiri heyrətə saldı – dəhşətə
düşürdü, çaşdırdı, diqqətini
yayındırdı, tacı/hakimiyyəti qapdı, ancaq
savaş bitmədi, şirlər özünə gəldi…
Cəsarət anlayışının, cəsur Bəhramın
kimliyinin inşası üçün yeni imkanlar ortaya
çıxdı, savaşın həlledici mərhələsi
başladı.
Nizami bu anda öncə tacı qorumaq imkanını itirmiş
şirləri tanıdır, onları böyütdükcə
böyüdür ki, cəsarət də, cəsur Bəhram da
böyüsün:
məğlubiyyətin acısı iki şiri daha da qəzəbləndirir,
var gücünü toplayır, Bəhramı parçalamaq
üçün hərəkətə keçirlər. Nizami qorxulu iki şir obrazının inşası
üçün öncə onların hərəkət
biçimindən yararlanır, savaş yüklü söz
seşir, məhz “həmlə/hücum etdilər” feilinə
yer verir. “Həmlə” sözü ərəbcədir,
“h-m-l” kökündəndir, bu kökdən törəyən
sözlərin ana mənası “daşımaqdır”
(“qışqırtmaq”, “hamilə qalmaq” anlamları da var) – iki
şir bütün gücünü, qisas duyğusunu,
acığını, sürətini, qəzəb dolu səsini
Bəhramın üzərinə daşıdı;
misra “həmlə
etmək” feili ilə başlayır, hərəkət,
savaş, sürət var;
Nizami
şirlərin hərəkətini qorxunu, cəsarəti
böyütmək imkanına çevirmək
üçün bir vasitə də seçir, təşbehə
yer verir, “çon” (“kimi”) deyir, sonra təşbehin ikinci tərəfini
tanıdır: “tənuməndan”, sözün bu mənaları
var: “güclü”, “iri”, “cüssəli”, “boylu-buxunlu”,
“canlı” (tərcümədə “pəhləvan” kimi verilib).
Şair sözün enerjisini, gücünü, təsir
imkanını artırmaq üşün bir addım da
atır, onu cəmdə işlədir: “güclülər”,
iki qızğın şir güclülər kimi həmlə
etdilər;
güclülərin həmləsinin özəlliyi nədir,
onlar mənfi enerjini, qorxunc görünüşü,
qulaqbatırıcı səsi, alovlanmış qəzəbi,
sürətli hərəkəti – fiziki, psixoloji gücü
düşmənin üzərinə necə
daşıyırlar?;
Nizami
savaş səhnəsi təsvir edir, suala cavab vermək
üçün qəzəbli şirlərə aid iki özəllik
tanıdır (birinci əlamət “həmlə etmək” -
daşımaqdır): a) güc, görünüş, səs,
cəsarət, sürət şirin savaş
silahlarıdır, ancaq ən önəmli silahlarından biri
güclü, deşici pəncəsidir, şair də qorxunu, cəsarəti
böyütmək üçün şirin məhz pəncəsini
tanıdır – önə çıxarır: “əlində xəncər”
deyir, şirin xəncəri pəncəsidir, pəncənin
ölçüsü xəncərin ölçüsünə
uyğundur – qısadır, yəni şirin xəncər kimi pəncəsi
var idi; b) şirin ikinci önəmli silahı dişləridir
– “dişlərində qılınc”, xəncər deşir,
qılınc kəsir, şirin dişləri qılınc kimi
iti, kəsici idi, hər diş bir qılınc idi;
aradakı “və” bağlayıcısı şirin əlamətlərini
sıralayır, çoxaldır, qorxunu böyüdür;
İYİRMİ
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:
İŞİNİ
BİTİRSİNLƏR
تا سر تاجور به چنگ آرند
بر جهانگیر کار تنگ آرند
Tacdarın
başını öz cənglərinə keçirib,
Cahan
fatehinin işini bitirsinlər.[24]
İki
qızğın şir Bəhramın cəsarətini,
şir tutmağını, şirliyini gördü, dəhşətə
gəldi, çaşdı, tacı itirsə də,
özünə gəldi, güclülər kimi hərəkətə
keçdi, acığını çıxmaq
üçün xəncər pəncə, qılınc
dişlərlə ölümü Bəhrama
daşıdı…
“ta”, o məqsədlə ki – qorxunc savaş iki
böyük güc – şirlərlə Bəhram
arasındadır, Nizami şirləri tanıtdı, qorxunu
böyütdü, indi də Bəhramı tanıdır ki, cəsarəti
böyütsün;
Nizami məsnəvinin
süjet xəttində Bəhramı mətnin tələbinə
görə tanıtmış, ona yerinə görə Bəhram
Gur, şirtutan, əjdaha ovlayan, dəmir ciyərli, şir
ürəkli, Bəhram şah, o, cəsur, şir/şirlik
kimi ad və təyinlər seçmişdir;
Bəhram
iki şirin arasından tacı götürəndən – zəfərin
ilk böyük addımını atandan sonra şair ona iki
yeni ad seçir, bu adlar şirlər Bəhramı
öldürmək üçün hücum edəndə
tanıdılır: a) deyir ki, Bəhrama ölüm
daşıyan şirlər ölümə gedir; b) müjdələyir
– Bəhram artıq şahdır; c) böyüdür –
böyük cəsarət böyük nemətin – hakimiyyətin
yolunu açmışdır;
Nizaminin Bəhrama
verdiyi ilk yeni ad “tacur”dur (“tacvar”, “tacdar”), tac/hakimiyyət sahibi
– Bəhram tacı iki şirin arasından götürdü
tacur oldu, cəsarət onun adını dəyişdirdi: o,
tacurdur;
“ta”, iki şir o məqsədlə hücum etdi ki, tacurun
başını cənginə/pəncəsinə
keçirsin / “başını qoparsın” – “başı cənginə
keçirmək” ifadəsinin öldürmə biçiminin
dörd mesajı var: a) şirlərin qəzəbini, intiqam
duyğusunu göstərir; b) qorxunu böyüdür; c) deyir
ki, amansız savaş olacaq; d) cəsarət
anlayışının, cəsur şah obrazının
inşasına yol açır;
tac Bəhramın
başında olduğuna görə - hakimiyyət ona
keçdiyi üçün şirlər də onun
başını qoparmaq istəyir, tacı geri almağın
bircə yolu var, o da Bəhramı öldürməkdir – bu,
ölüm-dirim savaşıdır;
Nizaminin
bu anda – şirlərin tacı geri almaq, Bəhramı
öldürmək üçün hərəkətə
keçdiyi məqamda ona verdiyi ikinci ad birincidən daha
böyükdür: “cəhangir” – dünyanı tutan/fəth edən,
fateh, bu söz öncəki söz kimi məhz ad kimi işlənmişdir
– İran bir imperatorluqdur, ona hakim olan dünyaya hakim olar;
“tacur” (tac sahibi), “cəhangir” (dünya fatehi) tacı
götürəndən sonra Bəhrama verilən bu iki ad deyir
ki, ilk uğurdan sonra Bəhramın güvəni, cəsarəti,
gücü, döyüş əzmi daha da artmış,
üstünlüyü ələ keçmişdir, o artıq
fateh kimi döyüşəcək;
savaşın xarakteri dəyişmişdir: qızğın, ilk
addımda məğlub olmuş, intiqam duyğusu ilə
alışıb yanan, xəncər pəncəli,
qılınc dişli iki şirlə uğur qazanmış,
tac sahibi, dünya fatehi Bəhram arasında son
döyüş olacaq;
“ta”, iki şirin məqsədi o idi ki,
dünya fatehinin işini dar etsinlər – işini bitirsinlər;
iki
şirin son həmləsi zamanı (məhz o anda) Bəhrama
“tacur”, “cəhangir” adının qoyulması bu mənaları
da əhatə edir: a) Nizami Bəhrama ilk addımda məğlub
olmuş şirlərin gözü ilə baxır – məğlub
qalibi böyüdər – ağlında, qəlbində,
gözündə böyüdər; b) hakimiyyət uğrunda
döyüş bitməmiş mən tac sahibiyəm, dünya
fatehiyəm demək rəqibi qorxudar, gözünü
qırar, iradəsini sındırar, ruhdan salar, ey şirlər,
siz artıq dünya fatehi ilə savaşırsınız,
dünyanı tutan sizi də tutacaq;
beytin rədifi
ölüm daşıyan feillərdir, “pəncəsinə
keçirmək” / “başını qoparmaq”, “işini bitirmək”
– iki şirin bircə məqsədi var: Bəhramı
öldürmək;
İYİRMİ
BEŞİNCİ BEYTİN ŞƏRHİ:
AYAĞI
ALTINA BASDI
شه به تادیبشان چو رای افکند
سر هردو به زیر پای افکند
Şah
onları cəzalandırmaq üçün,
Hər
ikisinin başını ayağı altına basdı.[25]
Nizami Bəhramı
böyütdükcə böyüdür – cəsarət
anlayışını tanıdır, cəsarətin yol
açdığı nəticələri sıralayır,
uyğun vasitələr seçir:
rəsmi
olaraq şah elan edilməmiş Bəhrama “tacur”, “cəhangir”
adını qoydu, indi də “şah” deyir;
Nizami
şirləri ələ salmaq yolunu / üslubunu – dilini
seçir, şahın işinin biri tərbiyə etmək, cəzalandırmaqdır,
o, Bəhram şirlərlə
savaşdı demir, artıq ilk məğlubiyyətdən
sonra savaş anlayışını şirlərə layiq
görmür, iki tərəf var: şah/hakim, bir də yolunu
azmış iki cinayətkar;
Nizami bu mənanın
ifadəsi üçün görün hansı sözü
seçir: “tədib”, “tərbiyələndirmə”, “ədəbləndirmə”,
“tənbeh”, “qulaqburması”, “cəzalandırma”;
“tədibeşan” – onları ədəbləndirmək
üçün, onları ədəbləndirməyə…;
elə ki
qərar verdi – o, şahdır, üsyünkarları cəzalandırmaq/tərbiyə
etmək üçün hökm çıxartdı – Nizami Bəhram
savaşmaq qərarına gəldi demir, nəticəni öncədən
elan edir, artıq savaş yoxdur, şahın günahkarlara ədəb
öyrətməsi var – “rəy əfkəndən”, fikrə,
qərara gəlmək anlamını daşıyır, tərcümədə
nəzərə alınmamışdır;
əliyalın (heç bir silahı, qoruyucu vasitəsi yoxdur) Bəhram
onu öldürmək istəyən iki xəncər pəncəli,
qılınc dişli şiri necə ədəbləndirdi? O,
təcrübəlidir, şir tutmağın yolunu gözəl
bilir: öncə hər iki şirin başını – önəmli
olan başdır, şirin başını ələ
keçirən onu məğlub edər – eyni anda
ayağının altına qoydu/atdı;
Nizami bu
anda “səre hər do” – “hər ikisinin başı” deyir, hər
iki şirin başı demir, belə ki, artıq şirlikdən
əlamət qalmayıb, şah onlara şir deməyi
özünə sığışdırmır, indi meydanda
bircə şir var, o da Bəhram şahdır;
Nizami
şah onları əlləri ilə tutdu, boğdu demir,
onları ələ layiq görmür, başlarını
ayağının altına atdı deyir, rəzil edir,
kiçildir, ələ salır, başın – bədənin ən
dəyərli hissəsinin, ən uca yerin ayağın
altında olması ölümdür, dəyərin sıradan
çıxmasıdır (bu zaman şahın əlləri ilə
iş görmək imkanı da olur) – cəsarət
düşməni rəzil edər;
İYİRMİ
ALTINCI BEYTİN ŞƏRHİ: XİLAS ETDİ
پنجهشان پاره کرد و دندان خرد
سرو تاج از میان
شیران
برد
Pəncələrini
parçalayıb, dişlərini əzdi,
Başını
və tacı şirlərin arasından xilas etdi.[26]
Bəhram
güclü ayaqlarını şirlərin başının
üzərinə qoydu, onları hərəkətdən məhrum
etdi – hərəkət, sürət silahdır – indi də son
addımı atır, şirləri öldürmür,
onların əsas silahlarını əllərindən
alır:
o,
şirlərin xəncər pəncələrini
parçaladı, qırdı, onların hərəkət etmək,
rəqibə zərbə vurmaq imkanı qalmadı;
qılınc dişlərini əzdi, parçalamaq, yemək
imkanını sıradan çıxardı – pəncələri
qırılmış, dişləri əzilmiş şir
ölü şirdir;
Bəhram
iki şirin başını ayağının altında
tutaraq, pəncələrini qıraraq, dişlərini əzərək
ona baxan, savaşın nəticələrini qorxu ilə
gözləyən rəqiblərinə - hakimiyyət
haqqını ələ keçirmiş siyasi eltaya da mesaj
verir – iki şirin aqibətindən ibrət alın, itaətdən
başqa yolunuz yoxdur.
Nəticə nə oldu? Bəhram
başını – şirlər onun başını qoparmaq
istəyirdilər və tacı – şirlər hakimiyyət nemətini
geri almağa can atırdılar, şirlərin arasından (ən
təhlükəli yerdən) xilas etdi (götürdü,
daşıdı) – cəsarət ölümdən qurtarar, nemətə
qovuşdurar.
Nizami pəncələri
qırmaq, dişləri əzmək hadisəsini təsvir edərkən
“şir” sözünə yer vermir, “onların pəncəsi,
dişləri” deyir – iki şir rəzil olmuşdu, onlarda
şirlikdən bir əlamət qalmamışdı, savaş
və siyasət meydanında bir şir var, o da Bəhramdır.
Beytdə iki “və” bağlayıcısı var, iki
işi, əməyi, iki nəticəni sıralayır,
çoxaldır, böyüdür.
Mətndə
iki feil var, ikisi də şühudi keçmiş
zamandadır, qətilik, şahidlik, əminlik bildirir,
böyük ağılı, əməyi, cəsarəti, iradəni,
əzmi, təcrübəni, onların nəticələrini –
qurtuluş və zəfəri açıqlayır, deyir ki, bədəlsiz
ödül yoxdur.
İYİRMİ
YEDDİNCİ BEYTİN ŞƏRHİ:
TAXTA ƏYLƏŞDİ
تاج بر سر نهاد
و شد بر تخت
بختیاری چنین نماید بخت
Tacı
başına qoyub taxta əyləşdi,
Bəxt
belə bir bəxtiyarlıq göstərdi![27]
Bəhramın
böyük zəfərinin səbəbləri bunlardır:
fitri
istedadı var - liderlik imkanı ilə doğulmuşdur;
tərbiyə
- uşaqlıqdan seçilmiş müəllimlərdən dərs
alıb, siyasəti, dövlət idarəçiliyini,
diplomatiyanı, savaş sənətini, dini, ovçuluğu,
elmləri, bir neçə dili öyrənib, tərbiyə
imkanlarını üzə çıxarıb – heç bir
uğur təsadüf deyil, arxasında ağıl, əmək,
iradə, səbir, zaman, qaynaq var, Nizami deyir ki, dövlət
başçısı tərbiyənin məhsuludur;
əməyi çox sevir - sistemli çalışır, əməksiz
dəyər olmadığına inanır, İran
şahının oğluyam deyib tənbəllik, ərköyünlük
etmir;
hakimiyyət halal haqqıdır – haqlı olmaq gücü
artırır;
ağıllıdır - ağlından istifadə etməyi,
düşünməyi bacarır, çıxış yolu
göstərir, öz imkanlarını bilir, düşməni
tanıyır;
siyasəti – idarə etməyi gözəl bilir, hər şeyi
hesablayır, savaş yolunu deyil, siyasi-diplomatik yolu – xalqın
qəlbini qazanmaq yolunu seçir;
diplomatiya
ustasıdır - sözü, işi tanıyır,
diplomatiyasının arxasına hərbi güc qoyur, bilir ki,
ordu ilə dəstəklənməyən sözün təsiri
olmaz;
iradəlidir – hədəfi var, ona çatmaq üçün hər
çətinliyə hazırdır;
cəsurdur – ağıla bağlı cəsarəti var,
seçdiyi yolda ölümün də olduğunu bilir, qəbul
edir;
Allaha
inanır – inanc ona güc verir;
səbirlidir – dirəniş gücü var, aktiv gözləməyi
bacarır, ruhdan düşməz, hədəfindən
yayınmaz;
çətin yolu seçir – insanı böyüdən nemətin
adı çətinlikdir, zəhmətsiz rəhmət yoxdur;
risk etməyi
almağı bacarır – risk almayan zəfər qazanmaz, itirməkdən
qorxmur, qorxan itirər, qorxanın qorxunu idarə etmək
imkanı olmaz – cəsarət qorxmamaq deyil, qorxunu idarə etməkdir;
hakimiyyət nemətini qazanmağın yolunu bilir: ağıl, iradə,
cəsarət, güc;
təcrübəlidir – təcrübə gücdür,
qorxunu azaldır, işi tanıyan, bilən, sevən,
çalışan uğur qazanar;
tədbirlidir – planlı hərəkət edir;
şirlərin məğlub olmasının iki səbəbi var: təkəbbür,
cəhalət – təkəbbürlü həqiqəti görməz,
tədbir hazırlamaz, cahil tanımaz, bilməz, nəticədə,
təkəbbür və cəhalət məğlubiyyətə
yol açar;
Bəhram
iki şiri məğlub etdi, Nizami sıradakı
addımları açıqlayır:
məsnəvinin
süjet xətti sürətlənir, Bəhram gecikmədən,
kimsə ilə məsləhətləşmədən
şahlığını elan edir: a) şərtləri yerinə
yetirmişdir; b) hər kəs onun cəsarətinə, zəfərinə
şahid olmuşdur; c) hakimiyyət elə bir nemətdir ki, onu
bir an belə nəzarətsiz qoymaq, düşmənlərə
fürsət vermək olmaz;
Nizami Bəhramın
şahlığını tanıtmaq üçün hakimiyyət
anlayışı daşıyan iki söz, hərəkət
seçir: a) tacı başına qoydu – özəl mərasimlə
kimlərsə qoymadı, özü qoydu: gecikmək olmaz, indi
mərasim deyil, iş vaxtıdır; b) taxta oturdu;
şair
ikinci misrada bu halı “bəxtiyarlıq” adlandırır, bəxtiyarlıq
anlayışının içində bu mənalar var: Bəhram
şirləri məğlub etdi, ağıl və cəsarət
qazandı, hakimiyyət dinc yolla əldə olundu, İran
xalqının bəxtiyar günlərinin yolu
açıldı, zülm getdi, ədalət gəldi;
həm
də “belə”, “bu cür”, elə bir bəxtiyarlıq ki,
“çenin” sözü bu bəxtiyarlığı seçir,
üstün qılır, o, özəldir, hər insana nəsib
olmaz deyir;
misrada bəxtiyarlığın
dərəcəsini artıran bir ifadə də var: bəxt
göstərdi, belə bir bəxtiyarlığı bəxt
göstərdi, verdi, bəxt Bəhrama kimsəyə vermədiyi
bəxtiyarlıq qazandırdı;
Nizami bəxt deyərkən Allahın qədər qanunu
nəzərdə tutur. Bu ölçünü haradan
çıxarırıq? Birincisi, bəxt adlı bir
güc yoxdur ki, kiməsə nəsə versin. İkincisi,
Allahın təsadüf adlı qanunu yoxdur.
Üçüncüsü, Allahın qədəri var, qədər
alın yazısı deyil, ilahi ölçüdür, qanundur
(dindəki adı sünnətullahdır), hər şey bir
qanunla işləyir: ağılın, ürəyin, qaraciyərin,
böyrəyin, çiçəyin, böcəyin, suyun,
Günəşin fəaliyyət qanunu var.
Dördüncüsü, hakimiyyət nemətinin də qanunu
varmı? Var, Allah o böyük neməti hakimiyyət
qanununa uyğun çalışana verər. Beşincisi, Allah Bəhramı təsadüfən
seçmədi, Bəhram hakimiyyətə gəliş qanununa
əməl etdi, ilk addımı o atdı, Allah da onu
seçdi. Altıncısı, tərcümədə
olan ancaq istifadə etdiyimiz orijinal mətndə olmayan
sıradakı beyt belədir: Tanrı hər kəsə
kömək etsə, O, bütün düşmənlərinə
qalib gələr;
Nizami bəxtiyarlığı – hakimiyyət nemətinə
qovuşmağı niyə bəxtə, qədərə,
Allaha bağlayır? Səbəbləri sıralayaq: a) hərəkət səndən,
bərəkət Allahdandır; b) zəfər əxlaqın/anlayışın
olsun – Allahsız iş görmə; c) zəfəri
özündən bilsən, bu, təkəbbürə yol
açacaq, nəticədə, nemət geri alınacaq; d) zəfəri
özündən bilsən, sən hakimiyyəti deyil, hakimiyyət
səni idarə edəcək, nəticədə, ədalət
deyil, zülm gələcək; e) hakimiyyət nemətinin
şükrü bunlardır: nemətin sahibi Allahdır,
mülkiyyət deyil, əmanətdir, hər kəsə ədalət,
hər kəsə mərhəmət, hər kəsə əmniyyət,
hər kəsə rifah;
Allahın hakimiyyət nemətinə yol açan
qanununun içində nələr var? Kimliyini tanı, fitrətinə
uyğun iş gör – hər kəs şah, həkim, alim,
müəllim, şair ola bilməz, özəlliklərini tərbiyə
et, oxu, öyrən, çalış, böyük
ağıl, güclü iradə, sarsılmaz cəsarət, səbir-dirəniş
gücü, tədbirli olmaq – bu dəyərlər olsa,
Allahın yardımı gələr, Bəhram ilahi qanuna
uyğun hərəkət etdi, nəticədə, Allah hakimiyyət
nemətinin yolunu açdı;
İYİRMİ
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: YERƏ
YIXDI
بردن تاجش
از میان دو شیر
روبهان را ز تخت کرد به زیر
Onun iki
şir arasından tacı götürməsi,
Tülküləri
taxtdan yerə yıxdı.[28]
Bəhramın iki şirlə savaşı İranda
monarxiya qanunlarını pozaraq hakimiyyəti ələ
keçirmiş siyasi elita ilə savaşdır, şirlərin
məğlubiyyəti siyasi elitanın məğlubiyyətidir. Məsnəvinin son beyti bu
siyasi mücadilənin nəticəsini açıqlayır,
Nizami uyğun vasitələr seçir:
xatırlatma
üsuluna yer verir, mübarizənin
ağırlığını daşıyan sözlərlə
- nöqtə atışlarda nə və necə baş
verdiyini yada salır, sonadək canlı tutur, cəsarəti, cəsur
Bəhramı unutma, örnək götür, hakimiyyət nemətini
qazanmağın yolunu öyrən deyir:
Bəhram nə etdi? “Tacını”, tərcümədə
“tac” sözünün sonundakı “əş” qəlibi nəzərə
alınmayıb, məna pozulub. Nizami “tacı” demir,
“tacını” (“tacəş”) deyir: a) İranda monarxiya
nizamı var; b) tac/hakimiyyət Bəhramın soyunun
haqqıdır; c) Bəhram haqqı olmayan hakimiyyəti deyil, qəsb
edilmiş halal haqqını geri aldı, o bir quldur kimi hərəkət
etmədi, soyunun şərəfinə, misrasına sahib
çıxdı – Bəhramın cəsarətinin,
gücünün bir qaynağı da halallıq,
haqlılıqdır;
Nizami hakimiyyət
uğrunda savaşın ağırlığını
üç vasitəyə yükləyir, qorxunu böyütmək
yolu ilə cəsarəti böyüdür: a) “bordən”
feilini seçir: “aparmaq”, “daşımaq”, “udmaq” – hakimiyyət
qəsb edilmiş çox ağır yük idi, o bu
yükü ağlı, cəsarəti, iradəsi, əməyi
ilə daşıdı, savaşdı, aldı; b) iki şirdən
aldı/daşıdı – ölümlə üz-üzə gəldi;
c) tacı/hakimiyyəti iki şirin arasından - ən qorxulu
yerdən aldı/daşıdı;
gerçək
şir – Bəhram taxtda oturdu: “tülküləri” – Nizami
hakimiyyəti zorla ələ keçirənlərə məhz
bu adı qoyur: a) tülkünün işi oğurlamaqdır –
onlar hakimiyyəti oğurladılar; b) tülkü qorxaqdır
– onlar da Bəhramla savaşmaqdan qorxdular; c) tülkü hiyləgərdir
– İranın siyasi elitası da Bəhrama tələ qurdu, məktub
yazdı, vədlər verdi, onu aldatmağa
çalışdı;
tacını
iki şirin arasından daşıması, götürməsi
tülküləri taxtdan saldı/aşağı
saldı/atdı – Nizami bədii təzadlara yer verir: Bəhram
tək, onlar çoxdurlar, Bəhram
şir, onlar tülküdürlər, Bəhram cəsur, onlar
qorxaqdırlar, Bəhram yuxarıda – taxtda, onlar
aşağıda – yerdədirlər, Bəhram
ağıllı, onlar hiyləgərdirlər, Bəhram halal,
onlar haram uğrunda savaşırlar, Bəhram qalib, onlar məğlubdurlar;
Mesaj var:
zəfər ağıllı və cəsurlarındır, cəsarət,
cəsur gəlsə, qorxaqlıq, qorxaqlar gedər, qorxaqlar
hakimiyyətə gələ bilər, ancaq onu qorumaq
imkanları olmaz, hakimiyyət neməti cəsarətlə
qazanılar, cəsurlara verilər;
NƏTİCƏ
“Yeddi gözəl” məsnəvisinin “Bəhramın
tacı iki şirin arasından götürməsi” adlı
bölməsi iyirmi səkkiz beytdir (tərcümədə
iyirmi doqquz beyt var, bir beyt istifadə etdiyimiz orijinal mətndə
olmadığından şərh etmədik, ancaq sonda beyti
yazacağıq).
Nizami Bəhramın
kimliyini addım-addım inşa edir, bu məqsədlə cəsarət
anlayışını tanıdır:
bədii
təzada yer verir, hər xəstəlik ziddi ilə sağalar,
hər anlayış ziddi ilə tanınar
ölçüsünü tətbiq edir: qorxu və cəsarət;
cəsarətin tanıdılması üçün qorxunu – təhlükəni
böyüdür, nemət böyükdür, hakimiyyətdir,
qorxulu gücün əlindədir, cəsur olan geri alar;
Nizami cəsarət
anlayışını dövlət idarəçiliyinin,
güclü şəxsiyyət olmağın əsaslarından
biri kimi tanıdır;
ədalət, mərhəmət, hakimiyyət istəyən cəsur
olmağa məcburdur;
cəsarət xalqın sevgisini qazandırar;
ictimai rəyə
güclü təsiri olan nemətlərdən birinin adı cəsarətdir;
köklü dəyişim cəsarətsiz gerçəkləşməz;
ağıl və cəsarət nemətlərə yol açar;
dəyişimin cəsur liderlərə (siyasi, mənəvi) ehtiyacı
var;
hər
köklü dəyişim ağrılı, acılı,
çətin olur, bədəl istəyir, əmək, zaman,
qaynaq tələb edir;
cəsarət, cəsur lider (lər) olmasa, dəyişim gerçəkləşməz;
cəsarət nemətə, xeyrə, bərəkətə, saleh əməllərə
yol açar;
hakimiyyət çox böyük nemətdir, cəsurları sevir;
xalq cəsarəti
olanın arxasınca gedər;
cəsarət ölümdən qorxmamaq deyil, ölümün
varlığını bilə-bilə üstünə getməkdir;
cəsarət təhlükə qarşısında ağıl və
duyğuları idarə etməkdir;
cəsarət ağılı, qəlbi, ruhu, iradəni qorxunun köləliyindən
azad etməkdir;
azad
olmayan cəsur olmaz;
cəsarət mənəvi gücdür;
cəsarət Allahın yardımına yol açar;
cəsarətin sınaqdan keçirilməsi üçün
böyük qorxuya – təhlükəyə ehtiyac var;
cəsarət risk almaqdır, risk içində həyat və ölüm,
qazanc və itki olan anlayışdır, risk etməyən
böyüməz;
həqiqəti görmək, onunla üzləşmək, qəbul etmək
cəsarətdir;
cəsarət itirməkdən qorxmamaqdır, qorxan itirər;
xəyanətin səbəbi qorxaqlıqdır;
təcrübə, inam, güvən cəsarəti gücləndirir;
rəqibi/düşməni tanımaq cəsarəti
artırır;
cəsarət duyğulara hakim olmaq, onları idarə etməkdir;
cəsarətlə qohum anlayışlar bunlardır: ağıl, iradə,
duyğu, sədaqət, səbir, fədakarlıq, inanc, əmək,
güvən, bacarıq, müəllim, hədəf, təcrübə,
sevgi, haqlı olmaq, mənəvi təmizlik;
işi
bilmək cəsarət verir;
Nizami cəsarəti
anadangəlmə (hazır) dəyər kimi tanıtmır (o,
toxum kimi var), ağıl, iradə, səbir, tərbiyə, əmək,
təcrübə, bilgi ilə qazanılmış nemət
kimi tanıdır;
nemət
nə qədər böyükdürsə, təhlükə
də o dərəcədə böyükdür, neməti əldə
etmək böyük ağıl, iradə, cəsarət, səbir,
əmək, təcrübə istəyir;
təkəbbür tədbiri yox edər;
təkəbbür, cəhalət, təcrübəsizlik məğlubiyyətə
yol açar;
təkəbbür nemətin geri alınmasına səbəb olar;
çətinlik, acı, imtahan öyrədər, tərbiyə edər,
seçər, üstün qılar, böyüdər;
hər
kəs fitrətinə, yaradılış təyinatına
uyğun işlə məşğul olmalıdır,
uğurun açarı bunlardır: özünü tanı,
uyğun olduğun işi seç, çalış, cəsur
ol;
məğlublar qalibləri böyük görər;
Nizami
deyir ki, dövlət başçısı ciddi tərbiyənin
məhsuludur, onu özəl müəllimlər yetişdirməlidir;
Allahın
hakimiyyət qanunu/qədəri var, O, böyük neməti
haqq edənə verər;
cəsarət başına tac qoyanda qorxaqlıq taxtdan düşər;
Mətndə
bir xalq inancına yer verilmişdir: insanlar inanırdılar ki,
Ay tutulanda onu əjdaha udur, teşti döyəcləyirdilər
ki, Ay xilas olsun.
Məsnəvidə
bu frazeoloji birləşmələr var:
“ciyərli/ürəkli olmaq”;
“əl çəkmək” / “rəyini
götürmək”;
“üz tutmaq”;
“işini bitirmək” / “işini daraltmaq”;
Mətndəki
açar sözlər bunlardır (təkrarlar nəzərə
alınmamışdır): səhər, sübh,
qızılı/qızıldan, tac, kürsü,
qızıl, taxt, fil sümüyü, işçi,
işbuyuran, qolugüclü, rəyigüclü, ərəb, əcəm,
atlanmaq/ata minmək, şirlər, döyüş, şirəbaxanlar,
şir, adamyeyən, iş, hədəf, gor, Bəhram Gur, ara,
cəsur, Ay, avaz, teşt, azad olmaq, bulud/duman, boş,
qılınc, kinli, niyyət, yer/torpaq, quyruq, biz, qarət, dəmir,
ciyər, şirtutan, əjdahaovlayan, ətraf, əzim/böyük,
amacqah/hədəf, qorxu, fətva, şirürəkli, Bəhram,
birinci/ilk, yeriş, cam, rəy, üz, yer, şah, qərar, ətək/aşağı,
səhra/düzənlik, baş, yüz, ömür, iyirmi iki,
zəbun, kəmər, tez/cəld, qəba, səba yeli,
ağız, nərə, tünd/iti, qapmaq, cəsarət,
şir tutmaq, şirlik, həmlə, güclü, xəncər,
əl, diş, tacur, çəng/pəncə, cahangir, dar, ədəb,
atmaq, alt, ayaq, pəncə, paralamaq, əzmək, xilas etmək,
bəxtiyarlıq, bəxt, tülkülər,
aşağı/alt;
Tərcümədə
olan, orijinalda olmayan beyt budur:
Tanrı
hər kəsə kömək etsə,
O
bütün düşmənlərə qalib gələr.
[1] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[2] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[3] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[4] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[5] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[6] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[7] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[8] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[9] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[10] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[11] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[12] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[13] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[14] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[15] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86
[16] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 86-87
[17] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[18] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[19] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[20] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[21] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[22] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[23] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[24] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[25] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[26] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[27] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
[28] “Yeddi
gözəl”, göstərilən qaynaq, s. 87
Siracəddin Hacı
Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.12-15; 18-21.