Migel de Servantes “Don Kixot”
Tamaşa hazırlığı barədə
mülahizələr
(Əvvəli
ötən sayımızda
Sanço:
- Onlar
sizi cinayətkar kimi zəncirləyiblər.
Don Kixot:
- Samson
Karrasko məni bu yolla müalicə etmək istəyir.
Sanço, əgər biz yola düşməsək mən dəli
olacağam!
Sanço:
-
Heç mən özüm də boş dayana bilmirəm...
Qeyd:
Sançonun məqsədi təkcə qocanı zəncirlərdən
xilas etmək yox, eyni zamanda puç olmuş "ümidi"
geri qaytarmaqdır!
Don Kixot:
- Bilmirəm
ovsundandır, yoxsa vicdanımdır, hər gecə məzlumlar
məndən kömək istəyirlər.
Nəhayət,
zəncirlərdən Sançonun köməyi ilə azad olan
Don Kixot malikanədən qaçmaq istərkən Karrasko
onların başının üstünü alır! Və
bir qaraqışqırıq salır ki, malikanədəki
otaqların işıqları yanır.
Karrasko:
- Kömək
edin! Senyor, siz nə qədər inadkar olsanız da, mən
inadımdan dönən deyiləm.
Don Kixot:
- Əl
çək!
Karrasko zəncirlərdən
yapışıb qışqırır:
-
İmdad!
Adamlar həyətə
toplaşır. Hərə bir tərəfdən Karraskoya
kömək edir, lakin qocada elə bil aslan gücü var. O, o
yan, bu yana vurnuxaraq təslim olmaq istəmir. Karraskonun
qışqırığı həyətə soxulan
atlıların və çalınan şeypurların səs-küyünə
qarışır.
- Məşhur
cəngavər Lamançlı Don Kixot harada yaşayır?
Hamı
heyrətdən donub qalır.
Sanço
gizləndiyi yerdən çıxır:
- Burada
yaşayır, lap vaxtında gəlmisiniz.
Carçı
yerdə uzanıb qalmış toz-torpağa bulaşan qocaya
yaxınlaşaraq:
-
Lamançlı Don Kixot sizsiniz, senyor?
Don Kixot ədayla
yerdən durur, üst-başını təmizləyir:
- Bəli,
mənəm...
Onu
tanıyırlar!
Onun
yanına atlı dəstə gəlib.
Ətrafdakılar
heyrətdədirlər.
Carçı:
- Sizə
bənd olan gözəllər gözəli senyora qəsrinizdə
sizinlə görüşməyi özünə şərəf
bilərək hüzurunuza təşrif buyurmaq istəyir.
Demək,
gələn Dulsineyadır. O, nəhayət, onun "qəhrəman"lıqları
barədə eşidərək özü onun hüzuruna təşrif
buyurub!
Senyor
Kixano yaxınlıqdakı içi su ilə dolu vedrəni
götürüb tökür başına. Bununla ona elə gəlir
ki, toz-torpaqdan təmizləndi...
Amma bu
görkəmdə o, necə gülünc görünür!
Don Kixot:
- Gəlsin!
Bu vaxt həyətdə
Altisidora görünür. Hamı ona baş endirir. O, düz
Don Kixotun yanına gəlib qarşısında təzim edir!
Ola bilməz!
Axı o, Dulsineyanı gözləyirdi!..
Bəs
Altisidora haradan çıxdı?!
Pərt
olmuş senyor Kixano:
- Mənimlə
əylənməyə gəlmisiniz?
Altisidora
gülməkdən özünü güclə saxlayır. Bu
qoca, doğrudan da, əsl təlxəkdir.
Altisidora:
- Bəzən
məhəbbət xanımı ağılsız hərəkətlərə
sövq edir. Senyor, mən bizim hersoqa sizin cəsurluğunuzdan
və sədaqətinizdən danışmışam. Məşhur
cəngavərlə üzbəüz görüşmək
naminə o, məni sizin hüzurunuza göndərib. Sizi
hersoqun şəhərkənarı qəsrində gözləyirlər.
Karrasko:
- Senyora,
biz onu üç gündür birtəhər sakitləşdirmək
istəyirik.
Altisidora:
- Hersoqun
istəyi qanundur...
Bunlardan
can qurtarmaq lazımdır. Bəlkə hersoqla
görüşdən sonra ədalət və ədalətsizlik
barədə bir razılığa gəlmək mümkün
oldu?! Əsas odur ki, zəncirdən xilas olaq!
Don Kixot:
- İrəli!
Atlılar
irəlidə, Don Kixot Altisidora ilə birgə karetada,
Sanço Pansa karetanın arxasında əyləşib tozanaq
qopararaq gözdən itirlər.
Karrasko və
ətrafdakılar məəttəl-məəttəl
onların arxasınca baxırlar...
Hadisə:
"Hələ ümid var".
Hersoq:
- Bayram təntənəli
olmalıdır. Tabut! Şamlar! Hamısı olsun!
Hersoq
hamya əmrlər verir. Əvvəlcədən
düşünülmüş karnavalın baş qəhrəmanı
Don Kixotdur! Lamançlı Qəmxar cəngavər! O, bir azdan
sarayda peyda olacaq və əyləncə başlayacaq. Ölkədə
nə baş verirsə versin, əsas odur ki, əylənməyə
səbəb olsun. Səbəb isə göz
qabağındadır. Bütün ölkəni öz "qəhrəmanlığı"
ilə sarsıdan Don Kixot sarayda peyda olacaq. Və öz "qəhrəmanlığı"
ilə bu dəfə saray adamlarını heyrətləndirəcək.
Onun silahdaşıyana verdiyi vəd də yerinə yetiriləcək!
O, bayram davam edənə qədər qubernator təyin olunacaq
və onun əmri müzakirəsiz yerinə yetiriləcək.
Ən vacibi odur ki, məşhur Don Kixot gəlsin!..
Və Don
Kixot sarayda peyda olur!
Sarayın
həşəməti onu heyrətləndirir!
İnsanlar
zülm içindədir, saray isə əlvanlıqdan, bəzəkdən
alışıb-yanır!
Bu
inanılmazdır!
Və nə
olur-olsun, mütləq hersoqla təkbətək
görüşüb onu inandırmaq lazımdır ki, belə
olmaz! Xalqı yaddan çıxarmaq olmaz!
Hersoq:
- Əylənəndə
gərək ürəkdən əylənəsən, dərd-qəmi
yaddan çıxarasan. Dəniz quldurları dənizdəki gəmilərimizi
ələ keçirir, meşələrdə brakonyerlər
ağalıq edir, ölkədə hərc-mərclik hökm
sürür... Buna baxmayaraq axmağın birisi ilə məzələnmək
ən gözəl əyləncədir...
Don Kixot
bu bəzəkli, lələkli, yarıçılpaq kişi
və qadınlara baxaraq heç nə başa
düşmür. O, anlaya bilmir ki, saraydakı adamlar nəyə
sevinir. Şən musiqi müşayiəti ilə niyə
atılıb-düşürlər... Onlara baxa-baxa gözləri
hədəqəsindən çıxır.
Hersoginya:
- Gözlərinə
baxın! Sanki günahsız körpənin
baxışlarıdır.
Hersoq:
- Əyləşin,
cəngavər. Siz o qədər xeyirxah işlər
görmüsünüz ki, nəhayət indi dincələ bilərsiniz.
Don Kixot:
- Təəssüf
ki, zati-aliləri, olmaz. Ölkəmiz hələ də məzlum
və yoxsullarla doludur!
O, nəhayət
dedi. Etirazını bildirdi.
Və bu
etiraz Sançonun xoşuna gəlmədi. Axı hərdən
dincəlmək də lazımdır. Axı saray onları
tanıyıb, qəbul edib. Demək işlər düzələ
bilər. O, qubernator ola bilər. Nəhayət qarındolusu
yemək yeyə bilər! Arzuların bircə anda çin
olacağı vaxtda etiraz etmək lazım deyil! Hersoq inciyə
bilər!
Hersoginya:
- Əziz
cəngavər, unudun məzlumları, bədbəxtləri.
Siz bizim qəsrdə qonaqsınız, dostlarla əhatə
olmusunuz...
Və
yarıçılpaq xanımlar Don Kixotu əhatəyə
alıb ona güclə şərab içirirlər!
Şənlik
qızışır.
Hersoq:
-
Sanço, deyirlər siz qubernator olmaq istəyirsiniz?
Sanço:
- Düz
onluğa vurdunuz! Çox istəyirəm qubernator olum.
Hersoq:
- Senyor Sançoya
bir yer tapın! Sanço Pansa - qubernator!
Nökərlər
Sançonu çiyinlərinə alıb aparırlar!
Ətrafdakılar
onu alqışlayır, fit çalırlar.
Don Kixot
isə şərab gölündə fəryad edir!
Saray
adamları bəxtəvərdirlər!
Onlar
çoxdan bu cür əylənməmişdilər.
...Don Kixot
nə qədər sərxoş olsa da, öz qəlbinin
xanımı Dulsineyaya sədaqətli qalır. Onu heç bir
qadına dəyişmir... Sarayda qadın kişiyə,
kişi qadına qarışsa da Don Kixot əqidəsində
möhkəmdir...
Məzədən
sonra qazandığı növbəti ayama da olur - "Dəli".
Hadisə:
"Dəli".
Don Kixot
harayla silahdaşıyanı Sançonu axtarır:
-
Sanço, sən hardasan?..
...Sanço
isə kənddə sözün əsl mənasında
qubernatorluq edir. Ədalətli əmrlər verir, şikayətlərə
baxır. Əmrlərə riayət etməyənləri cəzalandırır.
Bir sözlə o, əsl qubernatordur!
Ədalətli!
...Don
Kixot "Dəli" ayaması qazanandan sonra əyləncə
darıxdırıcı olduğuna görə hersoq
karnavalın bitdiyini elan edir. Sarayda hərə öz işinə
qayıdır. Və oyun bitdiyi üçün Sançonun
da qubernatorluğu bitir:
- Hersoqun əmrinə
görə zarafata son qoyulur. Don Kixot və Sanço Pansa
adadan qovulurlar!
Hadisə:
"Ədalət oyunu bitdi!".
...Tobosa
gedən yol.
Dostlar
bir-birini harayladıqdan sonra nəhayət
tapışırlar. Doğma adamlar kimi görüşürlər.
Don Kixot:
- Mənim
vəfalı Sançom!
Sanço:
- Atam...
Doğmaca atam! Mən qubernatorluqdan istefa verdim! (o yenə də
ədasından qalmır). Senyor, son vaxtlar bütün
keçməkeşləri, dərd-səri sizinlə bölməyə
elə adət etmişəm ki...
Don Kixot əziz
silahdaşıyanı ilə birləşəndən sonra yenə
qəhrəmanlıq eşqinə düşür. Qoca əqidəsinə
sadiqdir.
Don Kixot:
- Yetər,
Sanço! Ağlamaq yox, sevinmək lazımdır! Biz səninlə
daha azadlıqdayıq! Azadlıq naminə hər şeyə
sinə gərmək olar. Qul kimi yaşamaq isə əzabdır!
İrəli, Sanço! Freston hələ də mövcuddur!
Ona qalib gəlib dünyanı azadlığa çıxarmaq
lazımdır. İrəli! Bircə addım da geriyə
çəkilmək olmaz!
Əslində
Don Kixot azadlığı da kitablardan oxuyub. Onun azadlıq
prinsipləri kitablardan formalaşıb, püxtələşib...
Bədii ədəbiyyat isə reallıqdan daha çox
romantika ilə bağlıdır. Qəddar qəhrəmanlar
uydurulmuş sehrbazlardırlar ki, kimdəsə peyda olub,
sonradan qeyb olurlar. Bəlkə də məhz buna görə
onları məhv etmək mümkün olmur!
Amma Don Kixota görə qəddar sehrbazlar mütləq məhv olmalıdırlar. Bu, Don Kixotun qərarıdır. O, mütləq qəddar sehrbazı tapıb məhv etməlidir! Bəlkə də bu məqsədinə görə o hər şeydə Frestonu görür.
Budur!
Yel dəyirmanı!
Bu qəddar
Frestondur!
Don Kixot
bir saniyədə yel dəyirmanının üstünə
çıxır. Sanço nə qədər
çalışsa da Don Kixotu dəyirmanın yelpələnglərindən
aşağı sala bilmir. Yelpələng qocanı fırladır.
Qoca əl-qol atsa da qorxmur! Az keçmir qoca yerə
yıxılır. Sançoya görə qoca çoxdan
ölməli idi. Amma möcüzə! Qoca inildəyir!
Qoca
sağdır!
Sanço
ona yaxınlaşır, qucaqlayıb ayağa qaldırır.
Sanço bəlkə də qocanı bu qətiyyətinə
görə çox istəyir. Çünki onun ətrafında
olanlar da, o özü də bu qətiyyətə malik deyillər.
Sanço:
-
Möcüzəyə bax! Siz sağsınız! İndi əmin
oldunuz ki, bu, yel dəyirmanı idi?
Don Kixot:
- Sənə
görə bu yel dəyirmanıdır. Mən isə Frestonla
döyüşdüm... Təəssüf ki, o hələ də
sağdır.
Sanço:
- Yoxdur,
senyor. Nə cadugərlər axtarın, nə də cəngavərlər...
Yoxdur! Bizdən başqa dünyada səyyar cəngavərlər
yoxdur...
Hadisə:
"Reallığa qayıtmaq lazımdır".
Qoca bəlkə
də Sançonun dediklərinə inanacaqdı əgər cəngavər
peyda olmasaydı!
Bu cəngavər
elə bil yerdən peyda oldu!
Bu cəngavər
ona Lamançlı Don Kixot deyərək müraciət etdi.
Don
Kixot:
- Bəli!
Qəmxar cəngavər Don Kixot mənəm!
- Sən
cəngavər yox, şeytansan!
Bu şəxs
kimdirsə, onu qıcıqlandırır. Onu döyüşə
çağırır. Və Don Kixot bu döyüşü
qəbul edir.
Şərtlər
aşağıdakı kimidir:
Əgər
Don Kixot məğlub olsa, cəngavərin bütün əmrlərini
yerinə yetirəcək!
Əgər
cəngavər məğlub olsa, Tobosa gedib gözəllər
gözəli Dulsineyanı, Don Kixotun qəlbinin
xanımını tapıb, qarşısında diz
çöküb əfv diləyəcək.
Döyüş!
Bir-iki həmlə!
Və Don
Kixot məğlub olur!
Bu təbiidir!
O, çoxdan gücdən düşüb!
Peyda olan
cəngavər dəbilqəsini çıxarır və...
Və bu
şəxs Karrasko imiş!
Karrasko
növbəti oyunla senyor Kixanonu məğlub edir!
Karrasko:
- Mən
qalib gəldim. Mən sizi ancaq bu vasitə ilə xilas edə
bilərdim. Ağlınızı başınıza
yığın. Bu gün səyyar cəngavərlər
heç kəsə lazım deyil... Gəlin rahat yaşayaq...
Hamı kimi... Dərdsiz-qəmsiz...
Senyor
Kixano ağır da olsa bu reallığı qəbul etmək
məcburiyyətindədir. Çünki cəngavər
qayda-qanunlarına hörmətlə yanaşmaq cəngavərlərin
borcudur!
Senyor
Kixano anladı ki, o, insanlara kömək etmək istəsə
də, insanların onun köməyinə ehtiyacı yoxdur.
Çünki insanlar onun cəngavər qaydaları ilə
yaşamaq istəmirlər... Çünki yaşam
qaydaları dəyişib. Senyor Kixano Don Kixot cildinə girib
yeni ədalətli cəmiyyət qurmaq istəyirdi!
İnsanların şüurunu dəyişmək istəyirdi.
Lakin məğlub oldu! Senyor Kixano anladı ki, insanlar dəyişmək
istəmirlər. Onlar artıq yalanla, riya ilə, ədalətsizliklə
doğmalaşaraq rahat yaşayırlar. Hər kəs
narazılıq, ahu-zar etsə də, öz real həyatını
qurub. Və bu həyatı dəyişmək istəmir!
İnsanlar
Don Kixotu arzulasalar da, kimsə Don Kixot olmaq istəmir!!!
Baş
hadisə: "Senyor Kixanonun Don Kixot olub insanlığı
azad etmək istəyir".
Migel de Servantes
Təqdim etdi:
Bəhram OSMANOV
Ədəbiyyat qəzeti.- 2022.- 10
dekabr.- S.11.