Heydər Əliyevin ədəbiyyat meyarı:

millilik, tarixilik və müasirlik  

 

Siyasət və ədəbiyyat! Maraqlıdır ki, çox az rəhbərlərin sığa bildiyi bu kontekstə Heydər Əliyev asanlıqla, haşiyəsiz-boyasız sığır. Bu gün insana qarşı zorakılığın və təcavüzün, silah və gücün meydan suladığı bir vaxtda elmin, ağlın üstünlüyü sanki ikinci, üçüncü dərəcəli nəsnə kimi önəmini itirməyə meyillənir. Hakimiyyət, hökmranlıq iddiası insanı lazımsız şeyə çevirir. Belə situasiyaların bəşər tarixində sərgiləndiyi məqamlar az olmayıb. Nə bilmək olar, bəlkə dünyada ilk şeir parçası, sonradan ədəbiyyat sayılacaq ilk yazı nümunəsi insanın insan, təbiət və dünya üzərində ağalığına müxalif ovqatdan ərsəyə gəlib. Gücə qarşı insan amilini qoyub, insanı, insaniyyəti vəsf ediblər: "Kim ki, insanı sevir, aşıqi hürriyyət olur, / Bəli, hürriyyət olan yerdə də insanlıq olur" (M.Ə.Sabir). Hansı ki, sonradan bu ideya zaman-zaman bir çox ədiblərimizin yaradıcılıq qayəsində dayandı. M.Füzuli "Padişahi-mülk" qitəsində aqilliyi tərənnüm etməklə şahlara eyni dərsi verir, yaxud M.S.Ordubadi qılınc və qələmin mübarizəsində ikincinin üstünlüyünü göstərirdi. Hüseyn Cavid Peyğəmbərimizin obrazı ilə bunu deyir, yaxud İ.Hüseynov "Məhşər" romanında amansız şah ideallarının iflasını və ona əks kontekstdə - Nəsiminin humanist şeiri nümunəsində insana və şeirə marağı tarixi-fəlsəfi planda bədii nəsrə ötürürdü. Bu elə bir mövzudur ki, ədəbiyyatın mayasında durur və Böyük insan ideyası şəklində daim bədii düşüncənin mərkəzinə çəkilir.

Minlərlə buna uyğun nümunələr gətirmək mümkündür. Dünya tarixi hökmdar və sənətkar münasibətlərinin sonsuz sayda nümunəsini tanıyır. Zamanın insana xidməti ondan başlayır ki, onun sükanını idarə edən şəxs zamanla yol getməyi bacarır. XX əsr daxilində iki dəfə milli insanla bahəm milli ədəbiyyatın da bəxti onda gətirdi ki, həmin dönəmin "idarəetmə funksiyası" Əlahəzrət Zaman Heydər Əliyevə həvalə etdi.

1990-cı illərin dumanlı dönəmində Heydər Əliyevin ədəbiyyatda yerinə yetirdiyi missiya baxımından özəlliyi nədə idi? Məmləkətimiz bir yana, doğrudanmı Heydər Əliyev ədəbiyyatımız üçün də "son şans" səciyyəsi daşıyırdı?! Ədəbi-tarixi mətnlərə vararkən, istər-istəməz, bu məqamlar üzərində düşünməli olursan...

1990-cı illərdən başlayaraq Azərbaycan gerçəkləri ardınca elə mövzular gətirir ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşırdı. Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurur, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxarırdı: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şərtləndirirdi. Həmin dönəmin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmədi. Heydər Əliyevin siyasətçi kimi gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasında.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin ədəbi mənzərəsinə qısa bir ekskurs etsək, cavabı tarixi-ədəbi mətnlərdə tapacağıq. Bu illərdə hər bir ziyalı ədəbiyyatda yaranmış durğunluqdan müəyyən narahatlıq izhar edir, çıxış yolu kimi mübarizənin lazım olduğunu vurğulayırdı. Lakin bir neçə ildən sonra, ədəbiyyatda ciddi bir sıçrayışın, nəzərə çarpacaq dəyişikliyin və irəliləyişin baş verməməsi zəminində həyəcan daha da artır, bundan əlavə ötən onilliklər ərzində qazanılan mədəni-əxlaqi məziyyətlərin erroziyaya uğramaq təhlükəsi nigarançılığa səbəb olurdu. Əlbəttə, keçid dövrü həmişə mürəkkəbliyi, ictimai, bədii və elmi dəyərlərin yenidən qiymətləndirilməsi ilə seçilir. Bədii-estetik düşüncə də, onun elmi-tənqidi dərkinin meyarları da əsaslı dəyişikliklərə məruz qalır. Belə qarışıq zamanlar isə bildiyimiz kimi, fikrin, təfəkkürün dramatikliyi ilə müşayiət olunur. İnsanların təfəkküründə xaos yaranır. 1990-cı illərdən başlayaraq düşüncə sistemini elə paradiqmalar müəyyənləşdirməyə başladı ki, onları sovet dövrünün elmi-nəzəri yanaşmaları, estetik mündəricəsi ilə, qapalı kulturoloji struktur sistemlərlə bağlamaq mümkün olmadı. Mətn oxunuşu və bununla bağlı funksionallıq qazanan nəzəri postulatlar ədəbiyyatşünaslıqda ədəbi fakta, ədəbi prosesə yanaşmada dominanta çevrilirdi. Postmodernizm müasir dünyanın qavrama və dərketmə prosesini idarə etməyə başladı. Uzun müddət qapalı münasibətlərdə olduğumuz universal baxış sistemləri düşüncə strukturumuza mexaniki tətbiq olunduğundan, süni imitasiya təsiri bağışlayırdı. Bu təmayülün nəticəsində klassik ictimai-mənəvi dəyərlər daha çox çağdaş siyasi meyarlar çərçivəsində dəyərləndirilməyə başlandı.

Digər tərəfdən, keçid dövrü kimi xarakterizə olunan 1990-cı illər nihilist meyillərin meydana çıxdığı dövr idi. Bütün postsovet məkanı ölkələrində olduğu kimi, Azərbaycan ədəbiyyatında da klassiklər, ədəbiyyat tarixinin bir çox dəyərli simaları konyuktur yanaşmanın predmetinə çevrilmişdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən anladı ki, zamanın qırılmış bağlarını bərpa etmək missiyasını bütöv bir tarix sırası yaratmış xalq ona həvalə edib və indi bu missiyanın realizə imkanları ilk növbədə, tarixə qayıdış, onu diriltmək, bu günə ötürməkdən başlamalıdır. Əvvəla, məlumdur ki, klassik irs yeni ədəbi və mədəni quruculuq, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri o zaman qorunub saxlana bilir ki, xalq keçmişin milli-mənəvi sərvətlərini, ədəbi irsini zamanın sərt sınaqlarından, fəci və dramatik olaylarından uğurla çıxara bilir. Əgər çıxara bilmirsə, dövlətin bütövlüyünü də, millətin tamlığını, "xalq və mən" şüurunun mövcudluğunu da təhlükə qarşısında qoyur! Bu mənada, 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edir. Bu ülfət gücünü xalqın öz keçmişindən, onda kodlaşan etnik-ontoloji yaddaşından alırdı: "Qoy dünya bilsin ki, xalqımızın çoxəsrlik, zəngin, tarixi mədəniyyəti var. Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə əsaslanır" (Heydər Əliyev).

Həmin illərdə "Kitabi-Dədə Qorqud" dastanının tədqiqi çox böyük, heç bir mərhələdə olmayacaq qədər geniş vüsət aldı. "Kitabi-Dədə Qorqud"un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm oğuznamə haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. "Kitabi-Dədə Qorqud" körpüdür. Mifdən yazıya, "eposdan kitaba" və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, onunla çağdaş dövrün təmasını, rabitəsini yaratmaq, 1990-cı illərdə qırılmış zamanın bağlarını birləşdirmək, onun bütövlüyünü bərpa etmək üçün lazım idi. Hər halda 1990-cı illərin geriyə fırlanan çarxında və bir çox şəxsiyyətlərin yaradıcı milli dühasında yaradılacaq bu bütövlüyə, "böyük sintez işi"nə ilk nümunəni "Kitabi-Dədə Qorqud" abidəsi verdi. Bu mənada, Heydər Əliyevin yeni epoxada ədəbiyyatın üzünü yaddaşa çevirən tarixə - özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə çevirməsi ilk növbədə, onda sənədləşən mənəvi və psixoloji arxetipin çağdaş əxlaq və mənəviyyatda davamına rəvac vermək, tarixi yaddaşımızı öz varlığında görükdürmək, bütünlükdə zamanla - həm keçmiş, həm də gələcəklə körpü səciyyəsi daşıyan bu mənəviyyat nümunəsini  xalqa qaytarmaq məqsədi güdürdü: "Əgər indi biz "Kitabı-Dədə Qorqud" dastanının 1300 illiyini qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır" (Heydər Əliyev).

Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilməsi barədə sərəncəmlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, "Respublikamızın bu ağır dövründə böyük yubileylərin keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik."

Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi. Heydər Əliyevin Füzuliyə diqqətinin başlıca səbəbi XX əsrdə parçalanmış türk dünyasını, pərən-pərən düşmüş türk cümhuriyyətlərini birləşdirmək amalı ilə bağlı idi. Heydər Əliyev bütün türk xalqlarını bir araya cəm etmək üçün yalnız siyasi yolu əsas bilmirdi, həm də mənəvi yolu, bu yolu nişan verən bütün mənəviyyat, fikir adamlarının meydana qoyduqları irsi intixab edirdi.

Heydər Əliyevin klassikləri dünyaya tanıtma məramının kökündə xalqın minillik tarixi yaddaşının olduğunu isbatlamaq meyli dayanırdısa, yubileyləri keçirilən İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və başqa ədiblər onunçün "dil hadisəsi" kimi önəm kəsb edirdi. Çünki Heydər Əliyev üçün milli dil siyasəti də Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi kimi önəmli sıralarda dayanan amil idi. Bu mənada, onun müasiri olduğu şair və yazıçılara verdiyi dəyərin zəminində həm də dil amilinin dayandığını görmək çətin deyil. Sonradan bu istiqamətdə atacağı addımın - "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan Respublikasında dövlət dili haqqında" 30 sentyabr 2002-ci il tarixli fərmanların zəminində dayanan əsas səbəb xalqın milli varlığını müəyyən edən başlıca amilin ana dili olmasını rəhbər kimi dərk etməsi idi. Yaxud Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı 29 oktyabr 1997-ci il tarixli sərəncamı ilə Heydər Əliyev yalnız içindəki Şəhriyar sevgisini sərgiləmirdi, həmişə amalına çevirdiyi bütöv Azərbaycan idealının gerçəkləşməsinə doğru növbəti əhəmiyyətli addımlardan birini həyata keçirirdi.

Yetmiş il hökmfərmalıq etmiş sovet dövrü bitdikdən, süquta uğradıqdan sonra bu dövr ədəbiyyatını qiymətləndirmək, onun tarixi dəyərini vermək zərurəti meydana çıxmışdır. Bu çətin, olduqca ziddiyyətli və mürəkkəb mərhələnin təhlili, ədəbiyyatımızda bütöv bir epoxa kimi dərki məsələsi çox böyük kəskinliklə 90-cı illər ədəbiyyatında şərh olunur, ona obyektiv elmi yanaşmalardan tutmuş nihilist yanaşmaya qədər hər cür münasibətlər hakim olmuşdu. Heydər Əliyev problemə münasibətdə obyektiv qanunauyğunluqlardan, sabit elmi dəyərlərdən çıxış etməyi vacib bilərək demişdir: "Biz hamımız dövrün, zəmanənin övladları olduğumuzdan onun stereotiplərindən kənara çıxa bilmirdik. Çıxmağa imkan da yox idi, çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola bilməz. Ona görə də indi kiminsə döşünə döyməsi mənasızdır. Belələrinin özləri də o zaman bu cür yazmışlar. Bu, bizim tariximizin reallığıdır. Onu təhrif etmək olmaz... O dövrdə yaşayan və Azərbaycanın mədəniyyətini, ədəbiyyatını inkişaf etdirən adamlara indi irad tutmaq olmaz, bu, günahdır".

Bu fikirlər səmimi etiraf olmaqla yanaşı, həm də Sovet dövrü Azərbaycan ədəbiyyatını obyektiv təhlil etməyi, bu ədəbiyyatı XX əsr Azərbaycan tarixi daxilində və bədii ədəbiyyatın ümumi inkişaf kontekstində qiymətini verməyi təməl prinsip kimi irəli sürürdü: "...əgər kimsə 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə də Süleyman Rüstəmin dırnağı qədər ola bilməzlər".

1990-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi "yaradıcılıq" missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu; yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin dövlət başçısının xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı. Heç bir şair və yazıçının fəaliyyətinə biganə qalmayan, onların yubiley, anım mərasimlərində iştirak edən Heydər Əliyevin ədəbiyyat, sənətlə bağlı elədiyi çıxışlar mükəmməlliyi ilə seçilir, şeirdən danışanda poeziyanın, nəsrdən danışanda prozanın dərin bilicisi təəssüratı doğururdu. Ədəbiyyatşünas-alim Yaşar Qarayev bu məqamı dəqiq xarakterizə edib: "...onun ifasında və icrasında siyasət də sənət, siyasətçi də sənətkar səviyyəsinə qalxa bilir. Daha doğrusu, siyasətçi də sənətkara çevrilir, filosof təcəssümü, mütəfəkkir obrazı, alim statusu ala bilər. Bütün bunlar Heydər Əliyevin fəaliyyətindən həm də bir sənət və sənətkarlıq hadisəsi kimi danışmağa imkan verir..."

"Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma", - demişdi çıxışlarının birində Heydər Əliyev. Xalqın dəyərləri, dünəni, keçmişi onun üçün dövləti idarəetmə strukturunun episentrində dayanan amillər idi. Həm çıxışlarında, həm də şair-yazıçılarla olan görüşlərində bu məqama diqqət yönəltməyi sevir, qələm əhlini, ziyalıları da bu məqama həssas yanaşmağa çağırırdı.

Heydər Əliyev ədəbiyyatı! Bu faktdır, tarixdir, hamımızın keçib gəldiyi, dürüstlüyünə vaqif olduğumuz gerçəklər sırasıdır. Necə ki, bütöv bir epoxa yazarlar nəsli öz yaradıcılığında Heydər Əliyev dühasının rolunu dönə-dönə vurğulamış, səmimi etiraf anlarından tutmuş alt-fəlsəfə məqamlarının işləndiyi yerlərə qədər bu dühanın rolunu önəmsəməyə çalışmışlar.

Heydər Əliyev "Zamanı"ı! O, nəinki dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu, həmçinin sözümüzün "yaddaş sirri"nə çevrilən, cəmiyyətimizlə bahəm ədəbiyyatda da başlanan yeni epoxanın təməlini qoyan, onun gəlişməsinə təkan verən tarixi şəxsiyyət kimi seçilməyi bacardı. Bu ali statusu Heydər Əliyev öz ömür bioqrafiyası ilə qazandı. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə sonda gözlərimiz önündə böyük əqidə və amal daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı... Zaman keçir, bu gün Azərbaycanda inkişaf edən, qurulan, böyüyən, intişar tapan hər şeydə, eləcə də zəfər təntənəsini yaşayan Azərbaycanın hər qarışında Heydər Əliyevin qırx illik siyasi yaradıcılığının möhkəm təməlləri görünür. Bəli, "zaman - əbədi davam edən keçmiş deməkdir". Amma yalnız tarixə və yaddaşa çevrilən keçmiş bütün zamanlarda "var" olmaq gücünü saxlayır, əbədiləşir və həyatın sonrakı axarına daxil olur. Dahi şəxsiyyət Heydər Əliyev ömrü kimi!

 

Elnarə AKİMOVA

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.2-3.