Sən hər gülümsəyəndə
Sən
hər gülümsəyəndə
bütün
ağaclar çiçək açır.
Yaxınlıqdakı
o qoca, o çopur,
o
zavallı küknar belə...
Dağılır
həyatımın toranlığı
Gözümə
işıq gəlir,
İçim
isinir, oğlum.
Uşaqlığımdakı
o balaca,
o
qaradinməz qız belə gülümsəyir,
Xoşbəxt olur bir anlıq.
Üzündə təbəssüm donanda
Qəfildən külək qopur,
Ləçəyi tökülür çiçəklərin.
Yaxınlıqdakı o qoca, o çopur,
o zavallı küknar
Bir az da miskinləşir.
Bir az da tündləşir
Həyatımın toranlığı.
Gözlərimə qaranlıq çökür,
İçim qaralır, oğlum.
Uşaqlığımdakı o balaca,
o qaradinməz qız
bir az da tökür qaşqabağını.
Bütün həsrətlərin
canı cəhənnəm,
oğlum,
Bütün uzaqlıqların.
Bu dünyada olmasam belə,
Sən hər gülümsəyəndə
Göylərdə qanad açacaq ruhum.
Səhər Əhməd
Ədəbiyyat qəzeti.- 2022.-
10 dekabr.- S.31.