Şəmşad Rza

 

Şəmşad Rza-85

 

Yaşasaydı, bu il Şəmşad Rzanın 85 yaşı tamam olacaqdı. Ömrünün 62-ci ilində ağır xəstəlikdən vəfat etdi. Təzə əsr yeni başlanırdı, hələ 2000-ci il idi. Bir sıra arzuları yarımçıq qaldı, yeni əsrin havasına köklənən şeirlərini, nəsr əsərlərini yazacaqdı.

Şəmşad Rzanı yetmişinci illərin əvvəllərində, o zamankı gənc şairlərin toplaşıb şeir oxuduqları bir ədəbi məclisdə görmüşəm. O da öz şeirlərini oxudu onun iki şeirini daha çox bəyəndim. Cəmi altı misradan ibarət olan "Qartal" şeiri dinləyicilərin hamısının xoşuna gəldi.

 

Üzünə qaldırdı ovçu tüfəngi,

Güllənin uçuşu aldı qartalı.

Məni o yandırdı,

o yandırdı ki...

Ömründə zirvəyə qalxa bilməyən

Zirvədən aşağı saldı qartalı.

 

Bu kiçik şeirdə Şəmşad üç obraz yaratmışdı. Qəddar, namərdlik mücəssəməsi olan Ovçunu, dağların vüqarı Zirvəni, bir o zirvənin yaraşığı Qartalı. Şeir o zaman uzunömürlülük qazanr ki, onda ifadə olunan fikir öz müasirliyini həmişə qoruyur, hifz edir. Biz illər boyu namərd, vicdanı yox "ovçuların" təbiətdə , cəmiyyətdə , gerçək dünyamızda da neçə-neçə qartalı vurub yerə saldıqlarının, məhv etdiklərinin şahidi olmuşuq. elə Şəmşad Rza kimi buna təəssüflənmişik.

"Koroğlu dağı" şeiri Şəmşadın oxuduğu şeirlər içərisində seçilirdi. O şeiri oxuyandan sonra hiss etdim ki, Şəmşad Rza təbiəti yaxşı duyur mənalandırır. Mən onun təsvir etdiyi Koroğlu dağını görməmişdim, amma o şeirdə o dağın şair əliylə çəkilmiş poetik rəsmini gördüm.

 

Koroğlu dağıdır, sivrilənərək,

Göylərin bağrını dəlir az qala.

Yanından keçəndə sanki bir nəhəng

Adamın üstünə gəlir az qala.

Qəlbi tarixlərin sözüylə dolu,

Nələr xəyalından keçir birbəbir:

Elə bil dağ özü - dəli Koroğlu

Təpələr onun dəliləridir.

 

Şəmşad Rzanın ilk şeirlər kitabı olan "Düşüncələr"də, eləcə digər şeir kitablarında ("Səni dinləyirəm", "Ömrün yolu", " gül, qırmızı gül, bir ..", "Danışan ürəyim" s.) onun dağlar, zirvələr, qartallar, ağaclar şairi olduğunu gördüm. Amma mən onu sırf təbiət şairi kimi təqdim etmək fikrində deyiləm, doğrudur, Şəmşad Rzanın əksər şeirlərində təbiət öz sözünü deyir, amma təbiət onun atributları epitetlər, təşbihlər, metaforalarla gözlərimiz qarşısında canlanır. 60-80-ci illərin poeziyasında şairlər ənənəvi mövzulara yeni poetik üsullarla, vasitələrlə yanaşırdılar. Şeirdə obrazlılıq, dil səlisliyi, bədii təsvir vasitələrinin orijinallığı ön plana keçirdi Şəmşad Rza da dəstədən geridə qalmırdı.

 

bulud dağların yapıncısı,

Duman yamaclara örpək olubdur.

Budaqlar o qədər həzinləşib ki,

Yarpaqlar uşaqdan kövrək olubdu.

Axır çiçəklərdən yaş gilə-gilə,

Bahar şəbnəmidir, o nədir belə?

Quzeylər qızarır küləklər ilə,

Güneylər sapsarı çiçək olubdur.

Şəlalə səsləri nəğmədi, sözdü,

Bulaqlar oxuyan ürək olubdu.

 

60-80-ci illərin əksər şairləri kimi, o da kənddən gəlmişdi. Amma o şairlərin bir çoxu şəhər mühitinə alışa bilmirdilər, dağların, kəndlərinin, ata-analarının, sevgililərinin həsrətini çəkirdilər, Şəmşad Rza isə doğulduğu kəndin gözəlliklərini, atası - aşıq Hüseyni, onun dilləndirdiyi sazı dönə-dönə yad edirdi. Şəmşad Rza Tovuzun Bozalqanlı kəndində dünyaya göz açmışdı. O kənd ki, Aşıq Hüseyn Bozalqanlı kimi (1868-1941) ustad bir sənətkar yetirmişdi. Böyük ustad Aşıq Ələsgərin müasiri olan, onunla üzbəüz oturub dərslənə mənimsəyən Hüseyn Bozalqanlının sözü, sənəti indi yaşamaqdadır. Aşıq poeziyamızın zirvələrindən biri kimi. Baxın:

 

Səhər-səhər çıx qarşıma,

Dur, başına dolandığım.

Oğrun gözlə qıyqacı bax,

Gör, başına dolandığım.

 

Tellərin dönüb kəməndə,

Gözəllər olub şərməndə.

Qara saçın dal gərdəndə,

Hör, başına dolandığım.

 

Hüseynin aldın canını,

Apardın din, imanını,

Əsirgəmə müjganını,

Vur, başına dolandığım.

 

Şəmşadın atası dəmirçi idi, amma bu gün onu aşıq kimi xatırlayırlar. Deməli, Şəmşad Rza Bozalqanlının bu saz-söhbətindən təsirlənməməyi mümkün deyildi. Sonralar o, Aşıq Hüseyn Bozalqanlının şeirlərini (1974), dastan hekayətlərini (1988) toplayıb, tərtib edib, ön söz yazıb çap etdirməyi, atası Hüseyn haqqında da şeirlərində söz açmağı ustadları qarşısında mənəvi borcu sayılır. Atası Aşıq Hüseyni şeirlərində dönə-dönə yad edirdi:

 

Kim vurdu mizrabı zərif tellərə?

Deyin ki, o mahnı yarımçıq olmaz.

Qaldırın atamı sonuncu kərə

Dilqəmdən söz açıb danışsın bir az.

 

Şəmşad Rza ədəbiyyata fəhləlikdən gəlmişdi. APİ-nin Dil-Ədəbiyyat fakültəsinin axşam şöbəsində təhsil almışdı. Amma ona qədər Bakı Elektrik Maşınqayırma Zavodunda fəhləlik etmtişdi. 1963-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunan ilk şeirinin adı da "Fəhlə əlləri" idi. İnstitutun son kursunda oxuyarkən onu "Ədəbiyyat incəsənət" qəzetində ədəbi işçi kimi işə götürdülər (1966-1971). Sonra isə ömrünün sonunadək Dövlət Radio Televiziya Şirkətində çalışdı, bir şöbənin baş redaktorluğuna qədər yüksəldi. Amma heç bir gün şeiri unutmadı, hələ nəsr əsərləri yazdı.

Bu yazı ilə əlaqədar mən Milli Kitabxanamızda Şəmşad Rzanın çap olunan bütün şeir nəsr kitablarını vərəqlədim. Onu yenidən bir şair kimi tanıdım, özünəməxsus şair olduğunu hiss etdim. Şəmşad Rzanın elə şeirləri var ki, onlar həm onun yaradcılığında, həm ötən illərin poeziyasında yaşarılıq qazanıb. Onu da qeyd edim ki, sovet dövrünün bir sıra şablon mövzularına şeirlərində rast gəlmədim. O da bütün şairlərimiz kimi Vətənə şeirlər həsr etmişdi, Azərbaycanın tarixi keçmişindən, igid oğullarından, böyük sənətkarlarından söz açırdı. Vətənpərvərlik duyğusu ona kökdən, yaşadığı ata ocağından, elindən-elatından başlamışdı.

 

Muğamla deyirik hər dərdimizi,

Bax belə yaradıb bu torpaq bizi.

Yandırar Üzeyirin nəğməsi, sözü

Yerisə üstünə qoşun, Qarabağ.

 

Şəmşad Rza da bizim poeziyanın daimi mövzularından olan Cənub həsrətinə, Araza, ayrılığa şeirlər həsr etmiş, bu ayrılığın uzun sürməyəcəyinə inamla boylanmışdı.

 

Bu tayın bir odu o taya düşdü,

Bir lələk qırılıb o taya düşdü,

Sərhədlər qışqırıb haraya düşdü,

Üçtelli durnam.

Qəfildən küləyə qarışıb axdın,

Ürəkdən ürəyə qarışıb axdın,

Köksündən yaralı Araza baxdın,

Üçtelli durnam.

Orda dəniz-dəniz göz yaşlarım var,

Orda igid-igid qardaşlarım var,

Əllər bir-birinə həsrət, qovuşar

Üçtelli durnam.

 

Bu yazıda Şəmşad Rzanın digər şeirlərindən söz aça bilərəm. Amma "görünən kəndə bələdçilik", onun şeirləri hansı mövzuda olur-olsun, bu şeirlərdə Şəmşad Rza odundan bir zərrə var. Təbii, inandırıcı, səmimi şeirlərdir.

Şəmşad Rza şeirlə yanaşı, nəsr əsərləri yazırdı mənim fikrimcə, o, şeirlərində deyə bilmədiyi sözləri, təsvir edə bilmədiyi hadisələri daha geniş planda, daha əhatəli şəkildə povest hekayələrində ifadə etmişdi. Onun ona yaxın povesti və neçə hekayəsi çap olunub. Şəmşad Rza nə qədər şəhərdə yaşasa da, buranın ab-havasına nə qədər öyrəşsə də, fikrimcə, mənən əsl kənd adamıydı. Çünki onun nəsr əsərlərinin bütün mövzuları kənddən gəlirdi, kənd adamlarının həyat tərzi, İkinci Dünya müharibəsi və ondan sonrakı illərin kəndindən bəhs edir. "Ata ocağı" povestində o, müharibə illərinin uşaqlarından kasıb ailələrdən söz açmışdı. O povestdə Şəmşad Rzanın özünü də görmək olar. Çünki bu yaşantıları o da görmüşdü. "Həyat səhifələri" povestində isə kənd-şəhər həyatı müştərək təsvir edilir. Onun qəhrəmanları safdır, mənən yetkin olmağa çalışırlar. "Alapaça" povestində isə sovet dövrünün kolxoz kəndindən söz açılır. Və bu povestlərin hamısında Ş.Rzanın koloritli bir nasir olduğunu görürəm. Amma onun bir povesti var ki, bütün nəsr əsərlərindən seçilir. "Gözlə, gələcəyəm" povestində müəllif müharibə illərinin insanların taleyində oynadığı dəhşətlərdən söz açılır. Nadirənin əri Mehbalı müharibədən qayıtmayıb, amma Nadirə - onun arvadı onu gözləyir, ürəyi ona deyir ki, sənin ərin ölməyib. Nadirə həyətlərində şaftalı və nar ağacları əkir, elə hesab edir ki, bunlar Mehbalının yadigarıdır. Qonşusu, vaxtilə onu sevən Mirmöhsun ona "gəl, birlikdə yaşayaq" desə də, əvəzində ona "qardaşım" deyir, Seyfi kimi bir əxlaqsız adam ona təcavüz etmək istəyəndə Nadirə onun başını yarır. Amma bir gün onun şaftalı və nar ağaclarını xain əllər sındırır, qırır və bundan sonra Nadirə dəli olur, az sonra ölür... Bütün kənd ona matəm saxlayanda Mehbalı qayıdır. Bu povest əsl məhəbbət dastanını - bir qadının sədaqətini, öləndə belə öz məhəbbətinə dönük çıxmamasını əks etdirdiyini nəzərə çarpdırır və Azərbaycan qadınının ümumiləşdirilmiş bir obrazı kimi diqqəti cəlb edir.

Şəmşad Rzanın ölümündən 22 il keçir. Amma o, çoxlarının xatirəsində yaşayır. Bir şair kimi də, nasir kimi də. Onu yaşadan isə bu günoxuduğumuz gözəl əsərləridir.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.29.